Azərbaycan hava yolları. Azərbaycan Respublikasında sərnişin aviadaşımalarının tarixi bizi 1923-cü ilə, Bakı ilə Tiflis arasında Almaniyada istehsal olunmuş 2Yunkers” tipli hava gəmilərlə sərnişindaşınma uçuşlarının yerinə yetirilməsi başlanan vaxta gətirib çıxarır. Azərbaycan Respublikasının 1991-ci ildə əldə etdiyi müstəqillliyindən əvvəl “Azərbaycan Hava Yolları” (AZAL) “Aeroflot”-un bir hissəsi idi. Indi isə müstəqil Azərbaycanın milli aviaşirkəti kimi “Azərbaycan Hava Yolları” beynəlxalq aviadaşımalar bazarında öz müştərilərinə İCAO və İATA-nın standartlarına və təkliflərinə uyğun olan yüksək səviyyəli xidmət göstərir. Coğrafi mövqe üstünlüyünə və yüksək səviyyəli xidmətlərinə görə Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı sürətlə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit və transfer uçuşlarının gərgin qovşağına çevrilməkdədir.
Bazar iqtisadiyyatının tələblərinə uyğun dəniz nəqliyyatının və mülki aviasiyanın fəaliyyətinə nəzarətin və dövlət tənzimlənməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanları ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası yaradılmışdır.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın müddəalarına əsasən sərnişin və yük daşınma xidmətinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildə Gəncə hava limanının yenidənqurulması layihəsi çərçivəsində buraxılma qabiliyyəti saatda 300 sərnişin olan ən ağır təyyarələri qəbul edə bilən 3300 metr uzunluğunda uçuş-enmə zolağı ilə təchiz edilmiş Gəncə aeroportu istifadəyə verilmişdir. Hava limanını Gəncə-Qazax magistralı ilə birləşdirən avtomobil yolu tikilmişdir. Azərbaycan mülki aviasiyasının inkişaf strategiyasının əsasını uçuşların təhlükəsizliyinin təmin edilməsi və Beynəlxalq Mülki Aviasiyanin normativ sənədlərə uyğun sərnişinlərə yüksək səviyyəli xidmətin göstərilməsi, ekoloji tələblərə və müasir standartlara cavab verən uçuş vasitələrinin tətbiqi və hava limanlarının yenidənqurulması təşkil edir.
Mülki aviasiya donanmasının yeniləşməsi və modernləşməsi məqsədilə yaxın gələcəkdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan “Aerobus”, “Boinq”, ATR tipli təyyarələrin alınması nəzərdə tutulmuşdur. 2008-2011-ci illərdə Lənkəran, Zaqatala, Şəki, Yevlax, Naftalan və Gəncə limanlarının, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limaninda Boeinq-747, Boeinq-787, A-380 təyyarələrini qəbul etmək üçün uçuş-enmə zolağının yenidənqurulması layihələri başa çatacaqdır.
Rabitə və informasiya texnologiyaları. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, 1995-cü ildən başlanan inkişaf və tərəqqi, beynəlxalq arenaya inteqrasiya rabitə sistemində də uğurla davam etməkdədir. Ölkə iqtisadiyyatının rəqabətə dözümlülüyünün artırılmasında, onun dünya iqtisadi sisteminə inteqrasiyası imkanlarının genişləndirilməsində, idarəetmənin bütün səviyyələrində səmərəliliyinin artirilmasında informasiya və kommunikasiya texnologiyaları (İKT) həlledici rol oynayır. Bu sektor iqtisadiyyatın inkişafının lokomativi olmaqla bərabər, eyni zamanda digər sahələrdə də iqtisadi proseslərə müsbət təsir edir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı haqqında (2004-2008-ci illər)”, “Azərbayca Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiyaları ilə təminatı Proqramı”, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Prezident fərmanları və sərəncamları rabitə və informasiya texnologiyalarının inkişafına məqsədyönlü xarakter vermişdir.
Qısa bir zamanda İKT sektorunun inkişafı üçün zəruri olan “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “Poçt rabitəsi haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Telekommunikasiya haqqında” zəruri qanunlar qəbul edilmişdir. Sahə üzrə son 3 ildə gəlirlərin artım tempi 35-40 % təşkil edərək ümumdünya orta göstəricisini təqribən 2-3 dəfə qabaqlayır. Bu sahəyə birbaşa investisiya qoyuluşu ildə təxminən 130-150 mln. ABŞ dolları həcmində olur və bunun da 11-12 %-ini xarici investisiyalar təşkil edir.
Ümumiyyətlə, yaxın perspektivdə telekommunikasiya sektorunun modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi, o cümlədən kabel televiziyasının, yüksək sürətli İnternetin və geniş zolaqlı xidmətlərin, informasiya infrastrukturlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq mövcud ATS-lərin elektronlaşdırılması və yeni nəsil texnologiyalar əsasında yeni ATS-lərin tikilməsi sürətlə gedir. Hazırda Respublikada 10000-ə qədər abunəçi geniş zolaqlı rabitə xidmətindən, o cümlədən bir xətt üzərində eyni zamanda həm telefon, həm yüksək sürətli İnternet və həm də televiziya xidmətlərindən istifadə edirlər.
“Aztelekom” İB-nin şəbəkəsini genişləndirmək, respublikanın rayon və kəndlərində əhalinin rabitə xidmətlərinə olan tələbatını ödəmək, Bakı şəhəri ilə regionlar arasında mövcud olan rəqəmsal fərqi aradan qaldırmaq məqsədi ilə 2004-2006-cı illərdə bir çox əhəmiyyətli layihələr həyata keçirilmişdir. Son 3 ildə (2005-2007-ci) sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini təqribən 2-3 dəfə qabaqlamış, investisiya qoyuluşunun həcmi dinamik olaraq artmış və bu sektorun yeni bir prioritet sahə kimi inkişafına, elmi-texnoloji tutumlu innovasiya layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. İKT-nin ümumi daxili məhsulda payı artmağa meyl etmiş və hal-hazırda iqtisadi hesablamalara görə, 4-5 % arasında tərəddüd edir. Bunun nəticəsidir ki, Azərbaycan 2006-2007-ci illər üçün qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə 122 qabaqcıl ölkə sferasında 71-ci yeri tutmuşdur. Azərbaycan bu cədvəldə Rusiyadan sonrakı sıranı tutaraq bir çox nüfuzlu ölkələri, o cümlədən Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan və Moldova kimi ölkələri arxada qoymuşdur. Sahə üzrə inkişafı xarakterizə edəcək makro göstəricilər üzrə hal-hazırda respublikada hər 100 nəfər əhaliyə düşən telefon aparatlarının sayı təxminən 15 ədəd, mobil telefonların sayı 50, ATS-lərin elektronlaşdırılması səviyyəsi ölkə üzrə 76. 7 %, o cümlədən Bakı şəhəri üzrə 83. 8 %, regionlar üzrə 69. 8 % təşkil edir. İnternet qrafikinin giriş-çıxış həcmi 40 dəfə artaraq 6 Gb/saniyə olmuş, internet xidmətlərindən istifadə haqları 7 dəfə azalmış, istifadəçilərin sayı isə 3 dəfə artmışdır, beynəlxalq danışıqlar üzrə tariflər orta hesabla 2-3 dəfə aşağı salınmışdır. Geniş zolaqlı rabitə xidmətindən istifadə edənlərin sayı da ildən-ilə artır. Azərbaycan poçtu bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda bərabərhüquqlu üzv qismində təmsil olunur. O cümlədən Regional Rabitə İttifaqının, Ümumdünya Poçt İttifaqının üzvüdür. Bir sıra ölkələrlə əməkdaşlıq haqqında ikitərəfli sazişlər bağlanmışdır. Artıq “Azərpoçt” DM 40-a yaxın dövlətlə birbaşa, digərləri ilə isə tranzit vasitəsi ilə poçt mübadiləsi aparır. Azərbaycan Respublikasının Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov yaxın gələcəkdə Azərbaycanın tranzit informasiya mərkəzinə çevriləcəyi haqqında ciddi işlər getdiyini göstərərək qeyd etmişdir ki; Məqsədimiz Azərbaycanı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycan fibro-optik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşir. Biz yaxın perspektivdə Xəzər dənizinin dibi ilə yeni fibro-optik kanal buraxmaqla, Azərbaycanı Şərqlə-Qərb arasında əlverişli tranzit məkanına çevirə biləcəyik. Tədqiqatlar göstərir ki, hazırda əsas informasiya resursları Qərbdə yerləşdiyi halda, Şərqdə istifadəyə tələb çoxalır. Bu gün Qərbdən alınan informasiyaya görə itirilən məsrəflərin təxminən 90 %-i yol xərcinə sərf olunur. Əgər biz Qərbdəki informasiyanı gətirib Azərbaycanda yerləşdirsək, Şərq üçün informasiyaların qiyməti bir neçə dəfə aşağı düşəcək. Obrazlı desək, Bakı “İnformasiya Dubayı” missiyasını həyata keçirə bilər. Bununla əlaqədar, “Azərbaycan informasiya məkanı kimi” adlanan bir layihə hazırlanır. Qərb şirkətləri ilə aparılan danışıqlar nəticəsində konsorsium yaradılması və həmin konsorsium tərəfindən həyata keçirilməsi planlaşdırılır. Bu gün respublikamızın ərazisindən həmçinin Avropa-Asiya telekommunikasiya xətti keçir.
Beləliklə, XXI əsrdə Azərbaycanda İnformasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökümətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində sosial-iqtisadi inkişafın yüksəldiməsi prioritet məsələlərdən birinə çevrilmişdir. Müasir dövrdə və gələcək perspektivlər üçün İKT-nin əhəmiyyəti ön plana keçmiş, ölkənin milli fəaliyyət və elektron strategiya sahəsindəki proqramların əsas müddəalarını təşkil etmişdir. Ölkə rəhbərliyi tərəfindən İKT sektorunun inkişafı neft və qaz sənayesindən sonra ikinci prioritet sahə kimi müəyyən edilmişdir.
İKT-nın 2008-2011-ci illərdə inkişaf strategiyasının əsasını İKT-nın Milli Strategiyaya (2003-2012-ci illər) uyğun olaraq İKT-dən geniş istifadə etmək, sahənin gələcək inkişafı üçün islahatların aparılmasının effektiv mexanizminin formalaşdırılması və qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi təşkil edir.
Bu strategiya aşağıdakı vəzifələri əhatə edir:
- vətəndaşların və sosial institutların məlumat almaq, onu yaymaq və istifadə etmək kimi hüquqlarının təmin edilməsi üçün müvafiq mühitin yaradılması;
- effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünü idarəetmənin həyata keçməsi üçün Elektron Hökümətin yaradılması;
- inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, informasiya xidmətlərinin genişləndirilməsi;
- ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi və Elektron Hökümətin infrastrukturunun baza komponentlərinin yaradılması;
- ölkənin ümumdünya elektron informasiya məkanına inteqrasiyası;
- milli proqram vasitələrinin yaradılması, informasiya-kommunikasiya texnologiyaları məhsulları istehsalının (İKT sənayesinin) inkişaf etdirilməsi;
- dövlət qulluqçularının informasiya texnologiyaları üzrə hazırlıq səviyyələrinin artırılması.
İKT sahəsinin inkişafı mərkəzində “Elektron Hökümət” Dövlət Proqramının həyata keçirilməsi, Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmsal televiziya yayım sisteminin tətbiqi və inkişafı, yüksək texnologiyalar üzrə regional iqtisadi zonaların yaradılması, “Azərpoçt” DM-in poçt şöbələrində yeni bank-maliyyə xidmətlətinin göstərilməsi, Azərbaycanın milli peykinin orbitə buraxılması ilə əlaqədar təkliflərin hazırlanması və təqdim edilməsi, yeni nəsil mobil, simsiz, data və s. Telekommunikasiya xidmətlərinin tətbiqinin sürətləndirilməsi və rəqabət prinsipləri nəzərə alınmaqla lisenziyaların verilməsi, 2009-cu ildən başlayaraq beynəlxalq səs xidmətləri göstərilməsi hüquqlarının digər operatorlara verilməsi, rabitə və informasiya texnologiyaları fəaliyyəti sahəsində dövlətin səlahiyyətində olan müstəqil tənzimləmə qurumunun yaradılması, tarif tənzimlənməsinin sərbəstləşdirilməsi üzrə effektiv bazar rəqabətinin formalaşdırılması durur.
İnformasiya texnologiyalarının inkişafı istiqamətləri. İnformasiya Kommunikasya Texnologiyaları (İKT) cəmiyyətin inkişafına müsbət təsir etmək imkanlarına malik olan mühüm bir vasitədir. Müasir dünyanı informasiya texnologiyalarından (İT) təcrid olunmuş təsəvvür etmək mümkün deyil. O, dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, iqtisadi, biznes və sosial sektorlarla yanaşı həm də elm, təhsil, mədəniyyət sahələri və insanların gündəlik həyatına öz təsirini göstərir. Biz informasiya əsrində yaşayırıq. Hər bir sahədə meydana çıxan məlumatların toplanmasında, emalında və ötürülməsində İKT-nin çox böyük rolu vardır. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişlər və beləliklə də dünya mədəniyyətinin gələcəyinə aparan yolun İKT-nin cəmiyyətdə geniş tətbiqindən keçdiyi artıq heç kimdə şübhə doğurmur. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir.
İnformasiya axınının güclənməsi çoxlu elmi, texniki, texnoloji, iqtisadi, sosioloji və siyasi aspektlərdən ibarət kompleks bir prosesdir. Bu prosesi müvəffəqiyyətlə başa vurmaq üçün tələb olunan ehtiyatlardan (məsələn, insan, proqram təminatı, texniki, maliyyə resursları, real operativ imkanlar və üstünlüklər) düzgün istifadə etmək, yerinə yetirilən fəaliyyəti koordinasiya etmək və təmizləmək vacibdir.
Dünya təcrübəsi göstərir ki, İKT-dən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcüd olan probremlərin həll olunması və yoxsulluğun azaldılması üçün tutarlı vasitələrdəndir. Dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur və ümumiyyətlə, gələcəkdə ölkələrin rəqabət aparmaq qabiliyyəti onların İKT-dən səmərəli istifadəsindən asılı olacaqdır.
İKT-dən istifadə nəticəsində informasiya ən çox fayda verən əmtəəyə çevrilir. Bunun nəticəsidir ki, İKT-yə giriş imkanı zəif olan ölkələr daha da kasıblaşır, güclülər isə daha da varlanırlar. Informasiyaya, biliyə giriş imkanının olması cəmiyyətinin inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Təbii ki, İKT ən zəruri həyati tələbat malları siyahısında birinci deyildir. Lakin biliyə, informasiyaya, İKT-yə lazimi girişin olması ilə zəruri tələbat mallarını əldə etmək çox asanlaşır.
Ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər) təsdiq olunması ilə ölkənin rabitə və informasiya texnologiyaları kompleksində yeni mühüm mərhələnin əsası qoyulmuş, bu sahənin yaxın 10 il müddətində inkişafının prioritet istiqamətləri müəyyənləşdirilmişdir. Strategiyanın məqsədləri aşağıdakılardan ibarətdir:
● ölkənin demokratik inkişafına yardım göstərmək;
● ölkədə vahid informasiya zonası yaratmaq;
● ölkənin informasiya təhlükəsizliyini təmin etmək;
● iqtisadi, sosial və intellektual potensialı gücləndirmək;
● tələb olunan təşkilati, texnoloji və hüquqi mühit yaratmaq;
● mülkiyyət formasından asılı olmayaraq bütün sahələr üçün bərabər imkanlar yaratmaq;
● ölkəni bütövlüklə dünya birliyinə inteqrasiya etdirmək;
● 2011-ci ilədək intensiv informasiya-vətəndaş cəmiyyətinə keçid üçün əlverişli şərait yaratmaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti davam etdirərək, Milli Strategiyanın həyata keçirilməsinə, Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsinə, respublikamızın regionda lider ölkəyə çevrilməsinə xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərə BMT-nin mandatı altında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Samitində iştirakla başlamışdır. Bu Sammitdə “qara qızılı insan qızılına çevirək” bəyanatı ilə çıxış edən dövlət başçısı İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahə elan etmişdir.
2004-cü ilin fevralında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı və nazirliyin qarşısında çox mühüm vəzifələr qoyuldu. Azərbaycan Respublikasında rabitə və İnformasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) hazırlandı və təsdiq edilir. Bu sektorun inkişafını təmin edəcək qanunvericilik bazası təkmilləşdirilir, “Elektron imza vəelektron sənəd haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Telekommunikasiya haqqında”, “Poçt rabitəsi haqqında” kimi mühüm qanunlar, “Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı” qəbul edildi.
İKT sahəsində əməli addımların həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə (2005-2008-ci illər)” Dövlət Proqramı hazırlanmışdır. Bu sənəd Azərbaycanın İkişafı Naminə İKT üzrə Milli Strategiyanın əsas müddəalarına və İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Cenevrə mərhələsində qəbul edilmiş Prinsiplər Bəyannaməsinə və Fəaliyyət Planına tam uyğundur. Dövlət Proqramının məqsədi Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisinə xidmət göstərmək, İKT-nin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsini təmin etmək, orada müəyyənləşdirilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdırmaq, icra etmək və “rəqəmsal uçurum”u zəiflətmək. Proqramın həyata keçirilməsi nəticəsində, faktiki olaraq, Azərbaycanda rabitə və informasiya texnologiyaları infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması və ölkənin ümumi inkişafına, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına təkan verməsi, rabitə və informasiya texnologiyaları sənayesinin Azərbaycanın qeyri-neft sektoruna aid olan iqtisadi sahələr arasında aparıcı olması, cəmiyyət tərəfindən yeni texnologiyaların mənimsənilməsi və onların insan inkişafına xidmət göstərməsi, informasiya cəmiyyətinə keçidin əsaslarının yaradılması mümkün olacaqdır.
Bu gun Azərbaycan regionda yeganə ölkədir ki, İKT sahəsində qanunvericilik aktlarının tam paketi qəbul olunmuşdur və eyni zamanda Cənubi Qafqazda İKT üzrə Milli Strategiyanı qəbul etmiş ilk dövlətdir.
Milli strategiyanın əsas fəaliyyət istiqamətlərinə daxil olan elektron iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi aşağıdakıları nəzərdə tutur:
● elektron ticarətin həyata keçirilməsi, elektron ödənişlərin geniş miqyasda istifadəsi üçün əlverişli şəraitin yaradılması;
● informasiya xidmətləri sahəsinin inkişaf etdirilməsi üçün əlverişli mühitin yaradılması;
● informasiya və kommunikasiya texnologiyalarının iqtisadiyyatın dövlət və özəl sektorunda geniş tətbiq olunmasının stimullaşdırılması;
● biliklərə əsaslanan iqtisadiyyata kecid üçün şəraitin yaradılması.
Bütün bunlar İKT sektorunda davamlı və dinamik inkişafın əsasını qoydu. Son 3 ildə sahə üzrə gəlirlərin artım tempi ümumdünya inkişaf tempini təqribən 2-3 dəfə qabaqlamışdı. “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na (2004-2008-ci illər) uyğun olaraq Mingəçevir şəhərində Qafqazda və Mərkəzi Asiyada ilk konveyer üsulu ilə kompüter istehsal edən “KÜR” elektron avadanlıqları zavodu işə salınmışdır.
Hazırda Azərbaycanda informasiya cəmiyyətinə keçidin təmin olunması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, elektron hökümətin qurulması və intelektual potensialın inkişafı sənayesində sosial-iqtisadi inkişafın yüksəldilməsi prioritet məsələlərdən birinə çevirməkdədir.
Ölkəmizdə İKT-nin geniş tətbiqi və internet istifadəçilərinin sürətlə artımı nəticəsində ölkəmizdə elektron ticarətin yaranmasına və inkişaf etməsinə zəmin yaratmışdır.
QLOBALLAŞMA PROSESİNDƏ AZƏRBAYCANIN XARİCİ TİCARƏT ƏLAQƏLƏRİNDƏ ARTAN DİNAMİZM
Azərbaycan sərbəst iqtisadiyyat yolu ilə gedir, dünya iqtisadiyyatı ilə gündən-günə sıx inteqrasiya olmağa cəhdlər göstərir və bu sahədə artıq bizim naliyyətlərimiz var. Azərbaycanda qəbul olunmuş qanunlar, fərmanlar və sərəncamlar əsasında idxal-ixrac xarici ticarət sərbəstləşdirilibdir. Azərbaycana xarici investisiyaların artmasını biz bütün vasitələrlə həvəsləndiririk və bunun üçün geniş şərait yaradırıq. Azərbaycan iqtisadiyyatının xarici ticarət vasitəsilə dünya iqtisadiyyatı ilə daha sıx bağlanması üçün lazımi tədbirlər həyata keçiririk.
Heydər ƏLIYEV
7. 1 Müasir iqtisadiyyatda xarici ticarətin rolu haqqında nəzəri baxışların təkamülü.
Dövlət müstəqilliyinin bərpası və bazar iqtisadiyyatına keçid ölkənin yeni iqtisadi inkişaf mərhələsinə keçməsi və bunun əsasında əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün geniş imkanlar açmışdır. Bu imkanların reallaşmasında müasir mərhələdə xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin rolu sürətlə artır. Xarici ticarət bütün dünyada, o cümlədən Azərbaycanda yüksək dinamiklik göstərir.
Tarixi inkişafın müasir mərhələsində öz qarşısında duran həyati əhəmiyyətli məsələləri həll etmək üçün ölkəmiz qlobal iqtisadiyyata onun xammal əlavəsi kimi deyil, dünya sivilizasiyasının bərabərhüquqlu üzvü kimi inteqrasiya etməlidir. Amerikan iqtisadçısı M. Kastelsin göstərdiyi kimi, «qlobal iqtisadiyyat yüksək dərəcədə dinamikdir, eksklyuzivdir və bununla yanaşı milli sərhədlər baxımından yüksək dərəcədə sabit sistemdir. » [187, s. 114]. Bu sabitliyi və milli mənafeləri qorumaq və dünya iqtisadiyyatına bərabərhüquqlu üzv kimi inteqrasiyanı təmin etmək üçün bu proseslərdə xarici ticarətin rolu haqqında nəzəriyyələri nəzərə almaq olduqca vacibdir.
İqtisadi inkişafda xarici ticarətin rolu siyasi iqtisad klassikləri Adam Smit və David Rikardo nəzəriyyələrində əsaslandırılmış və onlardan sonra gələn alimlər tərəfindən isə inkişaf etdirilmişdir. İsveç iqtisadçıları F. Hekşer və B. Ohlin XX əsrin 30-cu illərində beynəlxalq ticarət axınlarının istiqamətləri və strukturunun hansı amillərlə müəyyən edilməsi haqqında müasir anlayışların əsasını qoydular.
Hekşer və Ohlin nəzəriyyəsinə görə ölkələr arasında istehsal xərclərindəki nisbi fərqin əsasını istehsal amillərinin dünyada qeyri-bərabər bölgüsü təşkil edir. Həmin nəzəriyyənin mahiyyəti Ohlinin öz sözlərinə görə aşağıdakından ibarətdir: ”Hər hansı bir ölkə malik olduğu bol istehsal amillərindən intensiv sürətdə istifadə olunan malların istehsalını təşkil etməklə üstünlük qazanıb. Digər tərəfdən, nisbətən az və ya heç olmayan istehsal amilləri intensiv istifadə edilən malların istehsalında isə üstünlüyə malik deyildir. ” [304, s. 57].
Başqa sözlə ölkələr bol amillərin intensiv istifadə olunması ilə istehsal edilən malları ixrac və onlar üçün kəsirli istehsal amillərinin intensiv istifadəsilə hazırlanan malları isə idxal edirlər. Burada hər şeydən əvvəl bol istehsal amilləri və ondan intensiv istifadə olunma anlayışını aydınlaşdırmaq lazımdır. Adı çəkilən alimlərin fikrincə məsələn, ölkənin malik olduğu işçi qüvvəsi o zaman izafi hesab edilir ki, onun miqdarı ilə digər istehsal amilləri arasında nisbət bütün başqa ölkələrdən yüksəkdir. Məhsul o zaman əmək tutumlu hesab edilir ki, onun dəyərində işçi qüvvəsinə çəkilən xərclərin payı digər məhsulların dəyərində olduğundan çoxdur.
Məlum olduğu kimi hər hansı iki ölkədə, qarşılıqlı ticarət başlanana qədər bu və ya digər malın qiymətindəki müxtəliflik çox müxtəlif səbəblərlə: həmin malın istehsal texnologiyasındakı fərqlə, ona olan tələbatın xarakteri, iqlim fərqi, və s. ilə izah edilə bilər. Lakin Hekşer və Ohlin hesab edirdilər ki, tələb və texnologiyada olan fərqlər beynəlxalq aləmdə qiymətlərdəki bütün fərqin hamısını real həyatda izah edə bilməz. Onlar göstərirdilər ki, müqayisəli xərclərin fərqinin mənbəyi istehsal amillərinin fərqidir. Əgər A ölkəsində 1 vahid mahud istehsalı 2 vahid buğdaya, və başqa ölkələrdə isə 1 vahid buğdadan da az xərcə başa gəlirsə bunun səbəbi aşağıdakıdır: A ölkəsində başqa ölkələrə nisbətən buğda istehsalında intensiv istifadə olunan amillər çox, mahud istesalında istifadə olunan amillər isə azdır. Fərz edək ki, buğda istehsalında intensiv istifadə olunan amil “torpaq”, mahud istehsalında isə - ”əməkdir”. Həmçinin fərz edək ki, buğda və mahudun istehsal xərcləri yalnız “kapital” və “əmək” xərclərindən ibarətdir. Bu halda əgər A ölkəsi buğdanı ixrac və mahudu idxal edirsə, bu Hekşer-Ohlin nəzəriyyəsinə görə mahudun əmək tutumlu, buğdanın isə “torpaq tutumlu” olmasının nəticəsidir.
Belə vəziyyət (bütün digər eyni şərtlər daxilində) onu göstərir ki, torpağın icarəsi başqa ölkələrə nisbətən ucuz başa gəlir, bu isə işçilərə başqa ölkələrə nisbətən çox əmək haqqı verilməsi üçün şərait yaradır. Torpağın ucuz olması əkinçilikdə xərclərin mahud istehsalına nisbətən az olmasını şərtləndirir. Və əksinə, işçi qüvvəsinin çatışmazlığı A ölkəsində mahud istehsalının bahalı olmasına səbəb olur. Hekşer və Ohlin ticarət əlaqələri yaranana qədər qiymətlərdə olan fərqi məhz bununla izah edir. Həmin nəzəriyyəyə əsasən, istehsal amilləri ilə nisbi təmin olunan və onlardan istifadə olunma dərəcəsi ticarət aləqələri yarandıqdan sonra A ölkəsində mahudun deyil, buğdanın ixracını şərtləndirir. Hekşer və Ohlin nəzəriyyəsinə görə hər bir ölkə müqayisəli üstünlüyə malik olduğu mal istehsalı üzrə ixtisaslaşaraq, onu ixrac edir. İxracat bu malın istehsalı üçün istifadə olunan malların tələbatını artırır. Digər tərəfdən ölkədə nisbətən az olan amillərlə istehsal edilən mallar idxal edilir ki, bu amillərə olan qıtlığın azalmasına səbəb olur. İxracat nəticəsində ölkədə bol olan istehsal amillərinə tələb artdığı üçün onların qiymətləri də artacaqdır. Digər tərəfdən idxalat ilə ölkədə qıt və bahalı olan amilə tələb azalacağı üçün qiymətlərdə azalma özünü göstərəcəkdir. Həmin nəzəriyyəyə görə xarici ticarət ölkələrin malik olduqları izafi amillərin qiymətini aşağı salaraq, ölkələr arasında istehsal amillərinin qiymətlərinin tənzimlənməsinə gətirib çıxarır. Məlum şərtlər daxilində istehsal amilləri qiymətlərin tənzimlənməsinə yönəlmiş bu proses, əslində qiymətlərdə tam bərabərlik təmin edilənə qədər davam etməlidir. Lakin real iqtisadi həyatda özünü qoruyub saxlaya bilməsi ölkələr arasında istehsal amilləri qiymətlərinin tam olmasını təmin edə bilmir. Bundan başqa ölkələr arasında istehsal funksiyalarının fərqli olması, istehsal amillərinin eyni tipli olmaması, xarici ticarətin tarif və kvotalar ilə məhdudlaşdırılması və inhisarların mövcudluğu kimi amillər qiymətlərin tam tənləşməsinə mane olur.
Klassik iqtisadi məktəb bir sıra fərziyyələr qəbul edərək ölkələrin xarici ticarətlə məşğul olma səbəblərini izah etməyə çalışmış və məsələni yalnız təklif baxımından araşdırmışlar. Hansı mal hansı miqdarda və hansı xərclərlə istehsal edilməli və bu mallar bir-biri ilə necə mübadilə olunmalıdır? Klassik iqtisadçıların cavab axtardıqları bu suala neoklassik və sonra gələn iqtisadçılar daha geniş və həyata daha uyğun şəkildə aydınlaşdırmağa çalışmışlar.
Qeyd edildiyi kimi, klassik iqtisadçılar müqayisəli üstünlüklər nəzəriyyəsini izah edərkən məhsul istehsalında istehsal amili kimi yalnız əməyi əsas götürmüşdülər. Sonralar neoklassik iqtisadçılardan, məsələn, Dc. Vayner məhsulun hazırlanmasında əməkdən başqa digər istehsal amillərinin də iştirak etdiyini nəzərə alaraq D. Rikardo nəzəriyyəsini araşdırmış və eyni nəticəyə gəlmişdir. Q. Xaberler isə alternativ istehsal xərcləri anlayışını irəli sürərək xarici ticarət məsələlərini daha geniş əsaslara bağlamışdır. Onun görüşünə görə xarici ticarətə daxil olan malların müqayisəli qiymətləri istehsal xərclərində olan fərqlərlə müəyyən edilir. Lakin bu istehsal xərcləri D. Rikardoda olduğu kimi yalnız əmək sərfindən ibarət deyildir. Bu zaman istehsal xərclərini həmin malı istehsal etmək üçün idxal nəticəsində istehsalından imtina olunan malın istehsal xərcləri müəyyən edir. Başqa sözlə, bu görüşə görə alternativ istehsal xərcləri (bu bəzən yaradılmış yeni imkan da adlandırılır) xaricdə müqayisəli üstünlüyə malik olan və idxal olunan malın ölkədə istehsalından imtina edilməsi nəticəsində qənaət edilmiş bütün istehsal amillərinin ümumi istehsal xərcləri deməkdir. Burada mal istehsalında istifadə olunan istehsal amillərinin miqdarı artıq arxa plana keçir. Yəni artıq bizim üçün hər hansı bir malın istehsalında istifadə olunan amillərin miqdarı deyil, bu amillərlə başqa hansı malları nə qədər istehsal etmək məsələsi əhəmiyyətlidir.
Xarici ticarət vasitəsi ilə yaradılan yeni imkanlar istehsal imkanları əyrisi ilə daha da aydınlaşdırılır. Bu əyri vasitəsilə hər bir ölkə üçün onun ehtiyatlarından tam və səmərəli istifadə olunduğu hallarda müxtəlif mal buraxılışı həcminin çoxsaylı kombinasiyalarını əks etdirmək mümkündür. Başqa sözlə istehsal imkanları əyrisi hər bir ölkənin məlum texnologiya və mövcud istehsal amilləri istehsal edə biləcəyi mal və xidmətlərin maksimum miqdarını göstərir. Bu əyri müəyyən mənada hər bir ölkədə “istehsalın hüdudunu” da əks etdirir. [Bu haqda ətraflı məlumat üçün bax: 103, s. 50-54]
Texnoloji üstünlük və beynəlxalq ticarət. Xarici ticarət nəzəriyyələri sonralar iqtisadçı alimlər tərəfindən daha da zənginləşdirilərək müasir dünyanın reallıqlarına uyğunlaşdırılmağa çalışılmışdır.
Aydındır ki, günümüzdə 200-dan çox müstəqil dövlət arasında gedən milyonlarla mal və xidmət ticarəti sadələşdirilmiş şəkildə müqayisəli üstünlüklər nəzəriyyəsi ilə bir-iki dövlət və bir-iki mal və xidmət mübadiləsi əsas götürülməklə izah edilə bilməz. Beynəlxalq ticarət inkişaf etdikcə qarşıya yeni-yeni suallar çıxır. Məsələn, ABŞ nə üçün böyük miqdarda avtomobil, videokamera və s. ixrac edir və eyni zamanda nə üçün eyni növ malı idxal edir? İqtisadçılar beynəlxalq ticarət sahəsində araşdırmalarını davam etdirir. Bu zaman nəzərə almaq lazımdır ki, istehsal amilləri anlayışı həyatın reallıqlarına uyğun olaraq “elmi-tədqiqat işləri”, ”işçi qüvvəsinin keyfiyyəti” və “istehsalın fiziki imkanları” anlayışları ilə genişləndirilmişdir.
Müasir dünyada durmadan artan elmi-texniki tərəqqi beynəlxalq ticarətdə aparıcı amilə çevrilmişdir. Dünya ölkələri, hər şeydən əvvəl sənayecə inkişaf etmiş ölkələr beynəlxalq ticarət kanallarına getdikcə daha çox yeni və mürəkkəb məhsullar daxil edirlər. Hal-hazırda dünya ticarətinin yarısından çoxunu kənd təsərrüfatı məhsulları və xammal deyil, məhz sənaye məhsulları təşkil edir. Hər hansı bir ölkədə sənaye məhsullarına əsaslanan ixracatın sürətli inkişafı bu sahədə qabaqcıl texnologiyanın intensiv tətbiq edilməsinin nəticəsidir.
Yeni texnologiyanın xarici ticarətdə tətbiqi ilə əlaqədar nəzəriyyə Pozner tərəfindən 1961-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyə idarəçilik texnikasında, istehsal prosesində və ya əmtəələrdə müxtəlif ölkələrdə müxtəlif dərəcələrdə meydana gələn texnoloji yeniliklərin beynəlxalq ticarətdə doğurduğu nəticələrin izahına yönəlmişdir.
Texnoloji yenilik istehsalda müxtəlif ölkələr arasında fərqlilik yaradır və yeniliyin tətbiq edildiyi mal üzrə həmin ölkə mühüm müqayisəli üstünlük əldə edir. Həmin yenilik digər ölkələrə yayılana qədər istehsal olunan mallar bu yeniliyə malik olmayan digər ölkələrə ixrac edilir. Onu ixrac edən ölkə isə bu sahədə inhisar vəziyyətində olacaqdır. Bu inhisar vəziyyətinin ömrü həmin yeniliyi başqa ölkələr mənimsəyənə qədər davam edəcəkdir. Texniki tərəqqi durmadan davam etdiyi və bazarlara daim yeni-yeni mallar daxil olduğu üçün texnoloji üstünlük bir maldan başqa mala, bir ölkədən başqa ölkəyə keçir və həmişə davam edir.
Texnoloji inkişaf və elmi tədqiqatlara sərf edilən xərclər arasında sıx əlaqə vardır. Bir qayda olaraq texnoloji sıçrayışlar elmi tədqiqat işlərinə əhəmiyyət verən və çox vəsait sərf edən ölkələrdə özünü göstərir. M. Poznerin texnoloji üstünlük modelinə görə hər hansı bir ölkədə kəşf edilmiş texnoloji yenilikdən ticərət edən hər iki ölkə iqtisadi fayda əldə edir. Onun görüşünə görə hətta yeni texnika digər ölkələrdə də yayıldıqca az inkişaf etmiş ölkə daha çox fayda əldə edir, yenilikçi vəziyyətində olan ölkə isə getdikcə bu yenilik üzrə öz üstünlüyünü itirir. Lakin elmi-texniki tərəqqinin lideri yeniliklər hazırlanması işini daim davam etdirməklə digər ölkələri həmişə qabaqlaya bilər. [303, s. 107-110].
Məhsulun həyat dövrü nəzəriyyəsi. Elmi-texniki tərəqqinin mühüm istehsal amillinə çevrilməsi dinamik xarakter daşıyan beynəlxalq ticarətin bir sıra qanunauyğunluğunu aşkar etməyə imkan verir.
Raymond Vernon texnoloji üstünlük nəzəriyyəsinə bənzər məhsulun həyat dövrü nəzəriyyəsini ortaya atmışdır. O göstərirdi ki, hər hansı bir məhsulun istehsalında istifadə edilən müxtəlif istehsal amillərinin müqayisəli üstünlüyü müxtəlif ölkələrdə müxtəlifdir. Bunun nəticəsində məhsulun həyatı boyunca onda istifadə edilən istehsal xərclərinin dəyişməsinə paralel sürətdə onun müqayisəli üstünlüyü də dəyişir. Məlum olduğu kimi hər malın həyatı üç mərhələdən ibarətdir: yeni məhsul, yetkin məhsul və standart məhsul. Hər bir məhsul yeni yaradıldıqda əvvəlcə az miqdarda müxtəlif firmalar tərəfindən istehsal edilir. Bu mərhələdə malın keyfiyyəti və mahiyyəti müxtəlif olur. Lakin sonrakı mərhələdə məhsul kütləvi istehsal edildikcə malın keyfiyyətində standartlaşdırma özünü göstərir. Bu halda məhsul çox ölkələr tərəfindən istehsal edilməyə başlayır. Başqa sözlə, qabaqcıl texnologiyaya əsaslanan məhsul əvvəlcə sənaye cəhətdən inkişaf etmiş ölkələrdə kəşf edilir. Sonralar isə bu malların istehsal texnologiyası satın alınmaq nəticəsində inkişaf etməkdə olan ölkələrə keçir. Vernon belə nəticəyə gəlir ki, inkişaf etmiş ölkələr daha çox standartlaşmamış, inkişaf etməkdə olan ölkələr isə başlıca olaraq standartlaşmış məhsulları istehsal edirlər.
Məhsulun yenilik dövrü yeni bir məhsulun yaşamağa başlaması dövrüdür. Bu dövr məhsulun texnologiyasının və məhsulun özünün formalaşması dövrüdür. Bu zaman müxtəlif variantlar mövcud ola bilir. İstehsal adətən qısa müddətli perspektiv üçün nəzərdə tutulur. İstehsalda əmək, xüsusən yüksək ixtisaslı texniki kadrlar kapitala nisbətən daha çox istifadə edilir. Eyni zamanda nəzərə almaq lazımdır ki, istehsalçı məhsulun ilk mərhələsində ona olan aşağı tələb elastikliyi ilə qarşılaşır. Bu elastiklik vaxt keçdikcə başqa firmaların eyni məhsulları da bazara daxil olduqda yüksəlir. Lakin məhsulun ilk mərhələsində istehsalçının qarşılaşdığı aşağı tələb (qiymət) elastikliyi sonrakı mərhələdə ona qiymətləri yuxarı qaldırmağa imkan verə bilir.
Yenilik dövründə yaşayan məhsula tələb bir qayda olaraq özünü çox gəlirli əhali təbəqəsi arasında göstərir. Məhsulun sonrakı mərhələlərində bu tələbə yavaş-yavaş orta gəlirli təbəqələr də daxil ola bilər.
Bir sözlə, yenilik dövrü adlanan dövrdə məhsul sınaqdan keçir, geniş istehsal üçün hazırlıq işləri gedir, tələbin həcmi və alıcıların münasibəti aydınlaşdırılır.
Məhsul yetkinlik dövründə laboratoriyalardan keçmiş və geniş istehsal üçün hazır vəziyyətə gəlmiş olur. Bu zaman ilk mərhələyə nisbətən daha çox kapital istifadə olunur; əmək tutumluluğu kapital tutumluluğu ilə əvəz olunmağa başlayır; istehsal prosesinin texniki üstünlükləri artır; yeni məhsulu bazara çıxaran firmaların sayı çoxalır; elastikliyi yüksəlir. Məhsulun son mərhələsində istehsal texnologiyası geniş yayılır və standartlaşdırma gedir. İstehsal prosesi sadələşdirilir, bir-birini tamamlayan hissələrə bölünür. İstehsalda yüksək ixtisaslı əmək öz əhəmiyyətini itirir, kapital tutumluluğu artır, firmalararası rəqabət artır, bunun nəticəsində isə bu sahədəki firma sayı azalmağa başlayır. Rəqabət istehsal xərclərinin azalması uğrunda gedir. İstehsal xərclərinin azaldılması zərurəti və onun tərkibində əmək tutumluluğunun artması həmin məhsulun istehsalının əmək ehtiyatları bol və ucuz olan inkişaf etməkdə olan ölkələrə keçməsinə yol açır. Göründüyü kimi, məhsul inkişaf etmiş ölkələrdə meydana gəlir, standartlaşma dövründə isə onun istehsalı işçi qüvvəsi ucuz olan inkişaf etməkdə olan ölkələrə keçir. Həmin proses müasir mərhələdə “sənayenin beynəlxalq aləmdə yenidən bölgüsü“ adı ilə geniş yayılmışdır.
Sənayenin beynəlxalq aləmdə yenidən bölgüsü prosesində həlledici rolu transmilli şirkətlər oynayır. Onlar məhsulun standartlaşma dövründə ucuz işçi qüvvəsindən üstünlük əldə etmək üçün istehsalı dünya miqyasında yenidən yerləşdirirlər.
Beynəlxalq ticarətin mahiyyəti və strukturunun daha aydın başa düşülməsində məhsulun həyat dövrü adlanan nəzəriyyənin gətirdiyi yenilik ondan ibarətdir ki, bu nəzəriyyə ilə artıq əsas təhlil obyekti kimi ayrı-ayrı ölkələr deyil, transmilli korporasiyalar ön plana çəkilmişdir.
Bu məsələ Amerika tədqiqatçıları S. Fobok və G. Simmonds tərəfindən belə əsaslandırılmışdır: “Ənənəvi ticarət nəzəriyyəsinin çatışmazlığı istehsalın beynəlmiləlləşməsi prosesinin getdikcə artan əhəmiyyəti və perspektivini göstərərkən qismən məsələnin düzgün qoyulmamasından irəli gəlir. Ticarət nəzəriyyəsi sualı belə qoyur: Nə üçün millətlər ticarət edir? Bu dəqiq sual deyil. İş adamları ticarət edir və çoxlu miqdarda məhsul ölkədən ölkəyə daşınır, ancaq bu zaman həmin məhsullar bir firma sərhəddindən kənara çıxmır. Ona görə də sual belə qoyulmalıdır: Mal və xidmətlər nə üçün ölkələr arasında daşınır? Həmin suala cavab verərkən aydın olur ki, qərar qəbul edən vahid millət deyil kommersiya müəssisəsidir. ” [103, s. 61].
Həqiqətən, araşdırmalar göstərir ki, xarici ticarət əməliyyatlarının mühüm hissəsi firma daxili mübadilədən ibarətdir. Belə ki, statistik məlumatlardan məlum olur ki, dünya ticarətinin təxminən 70%-i, satılan patent və lisenziyaların 80-90%-i və kapital ixracının isə 40%-i firma daxilində baş verir.
Beynəlxalq rəqabət gücü. Amerika iqtisadçısı M. Porter neoklassik beynəlxalq ticarət nəzəriyyəsini firmanın xarici ticarət fəaliyyəti haqqındakı nəzəriyyəyə uyğunlaşdırmağa çalışmışdır. O 80-cı illərin axırlarında “millətlərin beynəlxalq rəqabətqabiliyyətliliyi” adlı nəzəriyyə hazırlamışdır. [bax: 202]. Alim həmin nəzəriyyədə dünya bazarlarında ölkələrin rəqabət qabiliyyətini müəyyən edən və qarşılıqlı əlaqədar olan dörd əsas parametri göstərmişdir. Bu parametrlər: amillərin şərtləri; tələb şərtləri; qohum və xidmət sahələri; firmanın strategiyası və rəqabətdən ibarətdir.
M.Porter nəzəriyyəsində də istehsal amillərinin əhəmiyyəti qəbul edilir, lakin onların sayı yeniləri ilə artırılır. O, neoklassik məktəbdən fərqli olaraq, hesab edir ki, bu amillər millətə hazır şəkildə miras qalmır, geniş təkrar istehsal prosesində yaradılır. Məsələn, torpaq kimi vacib amilin çatışmaması Yaponiyada yığcam texnoloji prosesin yaradılmasına səbəb oldu, buna isə dünya bazarında tələb yarandı.
İkinci parametr - tələb şərtləri - firmanın inkişafını müəyyən edən daxili bazarın tələbidir. Bu tələb şirkətin fəaliyyətinə mühüm təsir göstərir. Məsələn, nisbətən kiçik otaqlarda yaşayan yaponlar enerjiyə qənaət edən kiçik kondisionerlərə meyl göstərirlər. Bunun nəticəsində Yapon sənayesi onu istehsal etməyə başladı. Sonralar bütün dünya belə kondisionerlərə maraq göstərdi ki, bu da onu dünya bazarına çıxarmağa imkan verdi. Yeməyi tez hazırlayan amerika sistemi də bütün dünyada eyni qayda ilə şöhrət qazanmışdır.
Üçüncü parametr - qohum və xidmət sahələrinin mövcudluğu - əlverişli istehsal mühitinin olduğunu göstərir və firmaların fəaliyyətinə bilavasitə təsir göstərir. Məsələn, İtaliyada zərgərlik sənayesi ona görə yaxşı inkişaf etmişdir ki, bu ölkə qiymətli metal və daşları emal edən maşınların istehsalı üzrə dünya lideridir.
Sonuncu parametr - firmanın strategiyası və rəqabət - firma strategiyası və onun təşkilat strukturudur. Şübhəsiz, firmalarda idarə sistemi eyni deyildir. Mebel, işıq texnikası qurğuları, qablayıcı maşınlar istehsal edən İtaliya sənaye sahələrinə sərt idarəçilik forması deyil, tez dəyişə bilən dinamizm xasdır. Əksinə, optika, dəqiq maşınqayırma ilə məşğul olan alman sənayesində isə sərt mərkəzləşdirilmiş idarə sistemi mövcuddur. Firmanın dünya bazarında rəqabətqabiliyyətliliyinin yüksək olması üçün daxili rəqabətin mövcudluluğu şərtdir.
İqtisadi inkişaf və xarici ticarət. Klassik və neoklassik iqtisadçılar xarici ticarət nəzəriyyəsini statik baxımından nəzərdən keçirmişlər və ümumi iqtisadi inkişaf problemlərinə ayrıca diqqət yetirməmişlər. Lakin həyat daim dinamizm göstərir, istehsal amilləri, texnoloji struktur və ictimai zövqlərdə, tələb və təklifin quruluşunda dəyişikliklər baş verir. Günümüzdə iqtisadi artım və iqtisadi inkişaf iqtisad elmində və iqtisadi siyasətdə ən çox diqqət çəkən problemlərə çevrilmişdir. Ona görə də, iqtisadi inkişaf və beynəlxalq ticarət arasında mövcud olan qarşılıqlı əlaqələr diqqətlə öyrənilməlidir.
İstehlak və xarici ticarət. İqtisadi inkişaf cəmiyyətin zövqündə və mallara üstünlük verilməsində dəyişikliklər yaradır. Xarici ticarətə açılan ölkələrin əhalisi əvvəllər ölkədə mövcud olmayan mallar ilə qarşı-qarşıya çıxır və onları istehlak etməyə başlayırlar. Başqa sözlə, xarici ticarət yeni ehtiyatlar yaradır və onların təmin olunması zərurətini doğurur. Beynəlxalq ticarət müasir istehlak standartının zəif inkişaf etmiş ölkələrdə yayılmasına yol açır. Bütün bunlar isə ölkə istehsalının daxili strukturunda da dəyişikliklərə meydan verir. İdxalata əsaslanan istehlakın artması xarici ticarət həcminin artmasına, əksinə, ixracat yönlü inkişaf modeli isə xarici ticarətin həcminin azalmasına səbəb olur. Məlumdur ki, adambaşı hesabı ilə gəlirin artma prosesi əhalinin fərdi istehlakının quruluşunda dəyişikliyə səbəb olur və bu zaman adətən tələbin xarakterində iki qanunauyğunluq özünü göstərir.
Hər şeydən əvvəl, fərdi gəlirlər artdıqca əhalinin müxtəlif növ mal və xidmətlərə olan tələbi qeyri-bərabər artır. Gəlirlər artdıqca tələbin ümumi həcmində şərti olaraq ilkin tələbat malları adlanan mal qrupunun payı azalır, firavanlıq malları adlanan digər mal qrupunun payı artır. Alman iqtisadçısı Enqelin adı ilə adlanan bu qanunauyğunluqda ilkin tələbat mallarına ərzaq, firavanlıq malları isə uzun müddətli istifadə olunan mallar (soyuducu, televizor və s. ) aid edilmişdir. Bu qanuna görə qiymətlər və demoqrafik dəyişikliklər (ailənin tərkibi və sayı) sabit qaldığı halda gəlirlərin artımı ərzağa olan istehlak xərclərinin payının azalmasına gətirib çıxarır. Bu zaman ərzağa olan tələb artır, lakin bu artım gəlirlərin artımından geri qalır. Ailə büdcəsinin tədqiqi nəticəsində yaranmış həmin qanun istər ayrı-ayrı ailə, istərsə də bütöv bir ölkə üzrə real həyatda özünü doğruldur. Yəni, gerçək həyatda iqtisadi inkişafın nəticəsi olaraq adambaşına gəlirin artması tələbin strukturunda dəyişiklik yaradır. Bu dəyişiklik isə gəlirləri az elastikliyə malik olan ərzaq, hər şeydən əvvəl taxıl istehsalçılarının əleyhinə olur.
Enqel qanunu belə bir nəticəyə gəlməyə imkan verir ki, göstərilən qanunauyğunluq firavanlıq malları və ilkin tələbat malları qiymətlərinin dəyişməsinə səbəb olur. Gəlirin artması lyüks mallarına olan tələbi və müvafiq olaraq onların qiymətlərinin nisbi artmasına gətirib çıxarır. Bu isə həmin malların idxalatı üzrə ixtisaslaşmış ölkələrin sürətli inkişafına yol açır. İlkin tələbat malları istehsal edən mülkiyyətçiləri və ölkələri isə həmin mallara olan tələbin və müvafiq sürətdə qiymətlərin nisbi olaraq azalması prosesi gözləyir.
İstehsal amillərinin dinamikası və xarici ticarət. Həyat dinamizmi istehsal amillərinə də aiddir. Zaman keçdikcə onlar kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalırlar. Hər hansı bir ölkədə, məlum olduğu kimi, iqtisadi artım: istehsal amillərinin miqdarca artımın və ya istehsal texnologiyasında tətbiq olunan yeniliklərin nəticəsində baş verir. İstehsal amillərindən kapital və kadrların ixtisasları sürətlə artır. Əmək ehtiyatları nisbətən yavaş, lakin sabit olaraq artır. Hətta kənd təsərrüfatı üçün yararlı torpaqların sahəsi və istifadə olunası faydalı qazıntıların miqdarı da artma meyli göstərir. Bəs bunlar beynəlxalq ticarətə necə təsir göstərir?
Hər bir ölkədə müxtəlif istehsal amillərinin artımı müxtəlif proporsiyalarda özünü göstərə bilər. Bu fərqin xarici ticarətə təsirini aydınlaşdırmaq üçün əvvəlcə, həqiqətdə mümkün olmayan, belə fərziyyə qəbul edək ki, guya bütün ölkələrdə istehsal amilləri tamamilə eyni sürətlə artır. Bu fərziyyəni təhlil edən S. B. Linder belə nəticəyə gəlir ki, bu halda ölkələrarası ticarət axınının şərtləri və dünya qiymətlərinin nisbəti dəyişməz qalardı. Yalnız istehsalın və xarici ticarətin mütləq həcmi dəyişərdi. Xarici ticarətə istehsal amilləri baxımından təsir göstərən əsas cəhət istər bu amillərin müxtəlif növlərinin və istərsə də onların ölkələr arasındakı artım sürətinin arasındakı fərqdir.
Bu fərqli artım vaxt keçdikcə ölkənin malik olduğu müqayisəli üstünlüyün dəyişməsinə səbəb olur. Məsələn, keçən əsrin ikinci yarısında ABŞ daha çox dağ-mədən sənayesi məhsulları ixrac edən bir ölkə idi. Hal-hazırda isə bu ölkə həmin məhsulların hamısını xaricdən gətirir. Başqa sözlə, ölkə keçən əsrdə daha çox torpaq tutumlu mal ixrac edən ölkədən, əmək-kapital tutumlu mal ixrac edən ölkəyə çevrilmişdir. Bu proses ona görə baş vermişdir ki, bu ölkədə torpaq amilinin artımı çox yavaş, əmək-kapital amilinin artımı isə çox sürətli olmuşdur.
İstehsal amillərinin artım sürəti arasındakı fərqin xarici ticarətə göstərdiyi təsirin kanalları çoxsaylıdır. Bu təsir özünü həm tələb, həm də təklif vasitəsilə büruzə verir. Bu zaman müəyyənedici məsələ istehsal amillərinin hansı sahələrdə daha sürətlə artmasıdır: idxal ilə rəqabət vəziyyətində olan sahələrdə; yoxsa ixracat sahələrində. Həmin fərqli artımı amerikan alimi P. X. Lindert “Dünya təsərrüfat əlaqələrinin iqtisadiyyatı” kitabında aydın izah edir. [183].
İdxalı əvəz edən sahədə artım. Bu prosesi izah etmək üçün hər şeydən əvvəl fərz edək ki, məsələn, ABŞ-da kapital amili sürətlə inkişaf edir və idxal ilə rəqabət vəziyyətində olan (yəni həmin mal həm xaricdən idxal edilir, həm də ölkədə istehsal edilir) mahud istehsalında bu amildən intensiv istifadə edilir. Eyni zamanda fərz edək ki, ixrac malı olan buğda istehsalında əkilən torpaq və digər amillərin miqdarı dəyişmir. Bu zaman idxal (mahud) sahəsində intensiv istifadə olunan kapitalın artımı bu kapitalın gəlirliliyini azaldır. Kapital ucuz olduğu üçün təbiidir ki, istehsalçılar istehsalın həcmini genişləndirməyə çalışırlar. Lakin istehsalın artım sürəti müxtəlif sahələrdə (yəni mahud və buğda istehsalında) eyni dərəcədə olmayacaqdır. İstehsal xərclərinin tərkibində kapital amilinin xüsusi çəkisi mahud istehsalında buğda istehsalına nisbətən çox olduğu üçün kapitalın ucuzlaşması mahud istehsalçıları üçün daha əhəmiyyətli olacaqdır. Bunun nəticəsində isə bu ölkədə mahud istehsalı buğda istehsalına nisbətən daha sürətlə artacaqdır. Mahud istehsalının artımı isə həmin malın idxalını azaldacaq, daha doğrusu idxalı əvəz edəcəkdir. Bununla da ölkənin dünya bazarından bu məhsul üzrə asılılığı azalacaqdır. Bu proses əgər böyük miqyasda həyata keçmiş olarsa dünya ticarətinə (müvafiq olaraq qiymətlərin, habelə onun ticarətinin azalmasına) da təsir göstərəcəkdir.
Dünya iqtisadi konyukturuna təsir edə bilməyən kiçik iqtisadi potensiala malik olan ölkələrdə idxalı əvəzetmə siyasətinin elmi əsaslarla aparılması bu ölkədə beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə edilməsi və iqtisadi inkişafın sürətləndirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycan kimi keçid dövründə olan və beynəlxalq əmək bölgüsünün üstünlüklərindən keçmişdə səmərəli şəkildə istifadə olunmamış ölkələrdə idxalı əvəzetmə siyasətinə daha böyük ehtiyac vardır. Məsələn, zəngin təbii sərvətlərə və əlverişli iqlim şəraitinə malik olan bir sıra inkişaf etməkdə olan ölkələrdə əhalinin istehlak mallarına olan ehtiyacının böyük əksəriyyətinin qiymətli valyuta ilə xaricdən alınması, yalnız təsərrüfatsızlığın nəticəsidir və ölkənin iqtisadi inkişafını sarsıdan başlıca amillərdən biridir. Bu vəziyyət yalnız məqsədyönlü və elmi əsaslara dayanan idxalı əvəzetmə siyasəti vasitəsilə aradan qaldırıla bilər. [179, s. 256-259].
İxracatın genişləndirilməsi sahəsində artım. İndi fərz edək ki, ixracat sahəsində, yəni buğda istehsalında istifadə olunan yaxşı torpaq sahəsində artım mövcuddur. Bu zaman tutaq ki, kapital və digər amillərin təklifi dəyişməz qalmışdır. Aydındır ki, əlavə torpaq sahələri icarə haqqının azalmasına səbəb olacaqdır ki, bu da fermerləri buğda sahələrini genişləndirməyə sövq edəcəkdir. Belə vəziyyətdə ölkədə buğda istehsalının artımı mahud istehsalına nisbətən sürətli olacaqdır. Əlavə istehsal olunan buğdanın müəyyən hissəsi ixraca yönələcəkdir. Bu vəziyyət buğdanın istehsal xərcləri dünya qiymətləri səviyyəsinə qədər yüksələnədək davam edəcəkdir. İxrac olunan buğda istehsalının ABŞ-da artması (əgər bu böyük miqyasda olarsa) dünya ticarətinin həcmini genişləndirəcək və buğdanın dünya qiymətlərinin aşağı düşməsinə səbəb olacaqdır. Az iqtisadi potensiala malik olan ölkələrdə də ixracı genişləndirmə siyasəti dünya miqyasında müqayisəli üstünlüklərdən səmərəli şəkildə istifadə olunması nəticəsində bu ölkələrin iqtisadi inkişafının (digər amillərin sabit qalması şartilə) sürətləndirilməsinə gətirib çıxaracaqdır.
Bu zaman belə bir cəhəti nəzərə almaq lazımdır: dünya təsərrüfat sistemində getdikcə daha layiqli yer tutan yeni sənaye ölkələrinin təcrübəsi göstərir ki, ixracat potensialının genişləndirilməsi siyasəti yeridilərkən o dövlətlər daha çox iqtisadi nəticə əldə edir ki, bu dövlətlər bütün qüvvələri yalnız hər hansı bir mal növünün ixracat potensialının genişləndirilməsinə yönəltmirlər. Daha çox mal qrupunun ixracının genişləndirilməsi inkişafın daha zəmanətli inkişafı üçün əlverişli şərait yaradır. [179, s. 260].
Dostları ilə paylaş: |