Cari və uzunmüddətli struktur valyuta siyasəti mövcuddur.
Cari valyuta siyasəti cari valyuta konyukturasının, valyuta bazarı fəaliyyətinin gündəlik, operativ şəkildə tənzimlənməsidir. Belə tənzimlənmənin məqsədi tədiyə balansı müvazinətinin dəstəklənməsi, milli və dünya valyuta sistemin fəaliyyət mexanizminin nizamlanmasıdır. Cari valyuta siyasəti maliyyə nazirlikləri, mərkəzi banklar, valyuta nəzarəti orqanları tərəfindən həyata keçirilir. Bu siyasət milli pul və valyuta sistemi elementlərinə təsir göstərir. Uzunmüddətli valyuta siyasəti beynəlxalq valyuta mexanizmində özünü göstərən uzunmüddətli birlikləri, məsələn, Avropa Birliyi daxilində valyuta tənzimlənməsidir.
Valyuta siyasətinin əsasını rəsmən qəbul edilmiş nəzəri doktrinalar təşkil edir. Valyuta siyasəti hüquqi cəhətdən valyuta qanunvericiliyinə, yəni ölkədə və onun sərhədləri xaricində valyuta dəyərləri ilə əməliyyatlar aparılması qaydalarını tənzimləyən hüquqi normalar toplusu, habelə valyuta normaları üzrə dövlətlər arasında ikitərəfli və çoxtərəfli müqavilələrlə rəsmiləşdirilir. Müasir valyuta sazişlərinin tarixi sələfi Latın sikkə ittifaqı (1865-1926-cı illər) olmuşdur. Məqsədi-üzv ölkələrdə vahid pul vahidi müəyyən edilməsi idi. Sonra, 1922-ci ildə çağırılmış Qenuez konfransı qızıl-valyuta standartı yaradılmasını rəsmiləşdirdi. 1944-cü il Bretton-Vuds konfransı və sazişi müvafiq valyuta sisteminin əsasını qoydu. Yamayka valyuta sazişi BVF-in nizamnaməsində dəyişiklik etdi və müasir dünya valyuta sistemini yaratdı. Regional qruplaşmalar çərçivəsində də valyuta sazişləri bağlanır.
Valyuta siyasətinin həyata keçirilməsi vasitələrindən biri dövlət tərəfindən beynəlxalq hesablaşmaların və valyuta əməliyyatlarının aparılması qaydalarının reqlamentləşdirilməsidir. Valyuta tənzimlənməsi milli, dövlətlərarası və regional səviyyədə həyata keçirilir. Birbaşa valyuta tənzimlənməsi qanunvericilik aktları vasitəsilə dolayı valyuta tənzimlənməsi isə bazarın iqtisadi agentlərinin davranışına iqtisadi, o cümlədən maliyyə-kredit üsulları ilə təsir göstərmək yolu ilə həyata keçirilir.
Valyuta siyasətinin aşağıdakı əsas formaları mövcuddur: diskont, məzənnə siyasəti və onun növləri olan: valyuta intervensiyası, valyuta ehtiyatlarının diversifikasiyası, valyuta məhdudlaşdırmaları, valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi, valyuta məzənnəsi rejimi, devalvasiya, revalvasiya.
Diskont siyasəti - Mərkəzi bankların iqtisadiyyatın tənzimlənməsinə yönəldilmiş pul-kredit siyasətinin formalarından biridir. Ölkədə kredit həcminə, inflyasiya səviyyəsinə, tədiyə balansı vəziyyətinə, valyuta məzənnəsinə və bütün bunların nəticəsində isə iqtisadiyyata təsir göstərmək məqsədilə uçot dərəcələrinin rəsmi aşağı salınması və ya yüksəldilməsi yolu ilə həyata keçirilir. Faiz dərəcələrinin rəsmi yüksəldilməsi pul kütləsi və kredit həcminin məhdudlaşdırılması, tədiyə balansının yaxşılaşdırılması üçün xarici kapitalın ölkəyə axınının stimullaşdırılması, valyuta ehtiyatlarının qorunması və valyuta məzənnəsinin dəstəklənməsi məqsədini güdür.
Faizlərin aşağı salınması - (ucuz pul) siyasəti kredit ekspansiyasını təşkil edir və kapitalın ölkədən getməsinə səbəb olur.
Müasir mərhələdə diskont siyasətinin səmərəliliyi azalmışdır. Bu hər şeydən əvvəl daxili və xarici məqsədlər arasında olan ziddiyyətlərlə əlaqədardır. Əgər faiz dərəcələri konyukturanı canlandırmaq üçün aşağı salınırsa, bu kapitalın xaricə axmasına səbəb olur, ödəniş balansına mənfi təsir göstərir. Faiz dərəcələrinin tədiyə balansının yaxşılaşdırılması məqsədilə yüksəldilməsi isə iqtisadiyyat durğunluq vəziyyətində olarsa, ona mənfi təsir edir. Diskont siyasətinin nəticə verməsi ölkəyə xarici kapitalın cəlb edilməsindən asılıdır. Lakin qeyri-sabitlik şəraitində faiz dərəcələri heç də həmişə kapital hərəkətini müəyyən etmir. Aparıcı dövlətlərin diskont siyasəti bəzən rəqib dövlətlərin vəziyyətinə mənfi təsir edir, çünki sonuncular milli mənafeyə uyğun olub-olmamasından asılı olmayaraq, birincilərin yeritdiyi siyasətə uyğunlaşmağa məcbur olurlar. Faiz dərəcələri (müharibələri) bu baza əsasında yaranır.
Məzənnə siyasəti - dövlət orqanları tərəfindən valyuta bazarına müdaxilə etməklə valyutanın alınıb-satılması yolu ilə milli valyutanın məzənnəsinə təsir etmə üsuludur.
Milli valyutanın məzənnəsinin yüksəldilməsi məqsədilə mərkəzi banklar xarici valyutanı satır, aşağı salmaq məqsədilə isə milli valyutanı satın alır. Məzənnə siyasəti başlıca olaraq göstərilən valyuta müdaxiləsi şəklində, yəni milli valyuta məzənnəsini tənzimləmək üçün xarici valyutanın alınıb-satılması əməliyyatları ilə həyata keçirilir. Bu əməliyyatın əsas fərqləndirici cəhəti tətbiq edildiyi qısa müddət ərzində iri miqyaslı olmasıdır. Valyuta müdaxiləsi rəsmi qızıl-valyuta ehtiyatları, yaxud da mərkəzi bankların milli valyutada banklararası (svop) razılaşmaları üzrə qısamüddətli qarşılıqlı kreditləri hesabına həyata keçirilir.
Valyuta müdaxiləsi siyasəti hələ XIX əsrdə tətbiq edilməyə başlanmışdır. Qızıl monometalizm ləğv edildikdən sonra bu əməliyyatlar genişləndi. 1929-1933-cü illərdə (böyük depressiya) dövründə mərkəzi banklar valyuta dempinqinə təsir göstərmək üçün öz valyutalarının məzənnələrini aşağı salmaq məqsədilə intervensiyasını tətbiq edirdilər.
Bretton-Vuds valyuta sistemi dövründə təsdiq olunmuş valyuta məzənnəsini dəstəkləmək üçün mütəmadi olaraq valyuta müdaxiləsi tətbiq edilirdi. Üzən valyuta məzənnəsi sisteminə keçilməsi ilə valyuta müdaxiləsi kəskin məzənnə dəyişmələrinin qarşısının alınmasına yönəldilir.
70-ci illərin ortalarından bir sıra ölkələrin mərkəzi bankları tərəfindən kollektiv valyuta müdaxiləsi həyata keçirilir. 1974-cü ilin may ayında ABŞ, AFR, İsveçrə (sonra Fransa da birləşdi) tərəfindən kollektiv valyuta intervensiyası haqqında Bazelsk sazişi bağlandı. Rambuye müşavirəsində (1975-ci il) altı ölkə başçıları birgə valyuta siyasəti və qarşılıqlı dəstəkləmə haqqında razılığa gəldilər. 1975-ci ilin dekabrından isə (on ölkə qrupu) (svop) razılaşması əsasında birgə valyuta müdaxiləsini tətbiq edirlər.
1985-ci ildən etibarən isə beş inkişaf etmiş sənaye ölkəsi aparıcı valyutaların məzənnələrini tənzimləmək məqsədilə dövri olaraq birgə valyuta müdaxiləsini həyata keçirirlər. Məzənnə siyasəti valyuta məzənnəsinə böyük təsir göstərir, lakin müvəqqəti və məhdud miqyasdadır. Valyuta müdaxiləsinə çəkilən külli miqdarda məsrəflər, əgər məzənnə formalaşdıran bazar amilləri dövlət tənzimlənməsindən güclüdürsə sabitliyi heç də həmişə təmin etmir.
Valyuta siyasətinin mühüm formalarından biri valyuta ehtiyatlarının diversifikasiyasının təmin olunmasıdır. Valyuta ehtiyatlarının diversifikasiyası - valyuta ehtiyatlarının tərkibinə beynəlxalq hesablaşmaları təmin etmək, valyuta müdaxiləsini aparmaq və valyuta itkilərinin qarşısını almaq məqsədilə müxtəlif valyutaların daxil edilməsi yolu ilə valyuta ehtiyatlarının strukturunu tənzimləmək sahəsində dövlətlərin, bankların, transmilli şirkətlərin yeritdiyi siyasətdir. Bu siyasət adətən qeyri-sabit valyutaların satılması və sabit valyutaların, habelə beynəlxalq hesablaşmaların aparılması üçün lazım olan valyutaların alınması yolu ilə həyata keçirilir. Valyuta pariteti və valyuta məzənnəsi rejimi də milli və dövlətlərarası tənzimləmə obyektidir. Bretton-Vuds və Yamayka valyuta sistemlərində valyuta pariteti və valyuta məzənnəsi rejimləri əvvəlki fəsillərdən məlumdur. Burada əvvəlcə valyuta məzənnəsi rejimi seçilərkən əsas götürülən meyarların nəzərdən keçirilməsini lazım bilirik.
Yamayka sazişi çərçivəsində valyuta məzənnəsi rejimi seçilərkən ölkə İki alternativdən birini seçir.
1. Öz valyutasının sərbəst dəyişməsi, yaxud da 2. onun hər hansı bir valyutaya (bağlanması) haqqında qərar qəbul edir. Hər iki alternativin də öz növbəsində bir neçə alternativi mövcuddur. Məsələn, ölkə üzən valyuta sisteminə üstünlük verərsə aşağıdakı üç variantdan birini seçməlidir. 1) valyuta məzənnəsini müstəqil dalğalandırır, 2) öz valyutalarını digər ölkələrin valyutaları ilə birlikdə dalğalandırır, və ya 3) valyuta məzənnəsini nisbi inflyasiya dərəcələri əsasında müəyyən edilmiş formullar ilə tənzimləyir. Ölkə öz valyutasını (bağlamaq) siyasətini qəbul edirsə onu hər hansı tək bir valyutaya, yaxud bir neçə valyutadan ibarət valyuta səbətinə, ya da qızıla (bu variant keçmişdə mövcud idi) bağlanması kimi alternativlərdən birini seçməlidir.
BVF-in üzvlərinin bir çoxunun öz valyutalarını bu və ya digər valyutalara (bağlamasına) baxmayaraq əsas sənaye ölkələrinin valyutaları 1973-cü ildən bu yana Nəzarətli üzən valyuta məzənnəsi sistemi (VMS) əsasında fəaliyyət göstərirlər.
VMS seçilərkən əsas götürülən meyarlar.
1. Ölkə iqtisadiyyatının xarici açıqlıq dərəcəsi. VMS-i seçilərkən bu amil çox mühüm rol oynayır. Xarici açıqlıq dərəcəsi bir qayda olaraq ixracatın məcmu milli məhsula nisbəti ilə müəyyən edilir. Nisbətən qapalı hesab edilən xırda ticarətçi ölkələr adətən üzən valyuta məzənnəsi sisteminə, xarici çox açıq olan böyük ticarətçi ölkələr adətən sabit məzənnəyə üstünlük verirlər. Çünki sabit məzənnə sistemində xarici ticarət kəsirinin aradan qaldırılması məcmu tələbdə ziddiyyətli tənzimlənmələri şərtləndirə bilər. Məlumdur ki, müvazinət yaradan tənzimləmə dərəcəsi ölkənin idxalat həcmi ilə tərs mütənasibdir.
Az idxalatı olan nisbətən qapalı ölkələr ticarət balansı kəsirini aradan qaldırmaq üçün ölkə daxilində məcmu tələbi ciddi tənzimləmək məcburiyyəti qarşısındadır.
Əlbəttə yüksək idxal həcminə malik olan «açıq» ölkələrdə belə məcburiyyət yoxdur. ABŞ kimi xarici ticarət bölməsi nisbətən «kiçik» olan ölkələr sabit valyuta məzənnə sistemini seçmirlər. Çünki bu halda xarici ticarət kəsirini ləğv etmək üçün böyük miqyasda ölkə daxili tənzimləmələr aparılmalıdır.
1. Ölkənin ixracat mallarının çox və ya az çeşidli olması VMS-nin seçilməsinə təsir edən mühüm amillərdəndir. Adətən ixracat malları çox çeşidli olan ölkələr üzən məzənnə sistemini seçirlər. Çünki ixrac mallarının növlərinin çox olması ölkənin hər hansı bir mal ixracından asılılığını azaldır. Bu malların qiymətləri və miqdarının artıb azalması bir-birini qarşılıqlı olaraq neytrallaşdırır və valyuta məzənnəsində baş verə biləcək dalğalanmalarla əlaqədar itkilərin də qarşısını ala bilər. Bunun əksinə, ixracatı məhdud saylı maldan ibarət olan ölkələr ixracat gəlirlərinin iqtisadiyyata mənfi təsirini azaltmaq məqsədilə sabit valyuta məzənnəsi sisteminə üstünlük verirlər.
2. Digər amillər. Ölkələr arasında qısamüddətli kapital hərəkətlərinin rolu sabit və ya üzən məzənnə sistemlərinin seçilməsinə təsir edən amillərdəndir. Kapital hərəkəti nisbətən çox olan ölkələrdə sabit məzənnələri müdafiə etmək üçün dövlət müdaxiləsini həyata keçirmək çətindir. Bununla əlaqədar olaraq, məsələn, Belçika, ödəniş balansına mənfi təsiri aradan qaldırmaq məqsədilə kapital hərəkəti əməliyyatlarına üzən məzənnə, mal və xidmət əməliyyatları üçün isə sabit məzənnə tətbiq edir. Burada şübhəsiz ölkənin böyük ticarət partnyorları olan ölkələrdəki inflyasiya səviyyəsi nəzərdə tutulur. Əksinə, inflyasiya səviyyəsi az-çox bir-birinə yaxın olan ölkələr sabit məzənnə sistemini seçirlər. İnflyasiya səviyyəsi əgər bir ölkədə partnyor ölkələrə nisbətən aşağıdırsa, bu zaman sabit məzənnə, əks halda isə üzən məzənnə siyasəti tətbiq edilir.
Ölkələr xarici ödəmələrdə müvazinəti təmin etmək üçün müxtəlif tədbirlərə əl atırlar. Sərbəst dəyişən məzənnə sistemində xarici müvazinət valyuta məzənnələrinin tələb təklif şərtlərindən asılı olaraq sərbəst dalğalanması ilə təmin edilir. Elastikliyə malik məzənnə sistemində valyuta məzənnələri sərbəst dəyişmədiyi üçün xarici müvazinət, onun hökumət qərarı ilə dəyişdirilməsi yolu ilə təmin edilir. Bu zaman hökumət xarici ödəmələrdə özünü göstərən kəsirləri ödəmək üçün əvvəlki fəsildə göstərildiyi kimi tədbirlər görməyə məcbur olur. Elastikliyə malik olan sabit məzənnə sistemində xarici müvazinətin təmin olunmasında yuxarıda gördüyümüz kimi ən təsirli valyuta məzənnəsinin tənzimlənməsidir. Bu sistemdə digər tədbirlər kompleksi ilə yanaşı dövlətlər qəbul etdikləri qərarla milli valyutanın xarici alıcılıq qabiliyyətini aşağı salır və ya yüksəldir. Belə məzənnə tənzimlənməsi sərbəst dəyişkən məzənnə sistemində də fərqli şəkildə özünü göstərir. Ona görə də onların üzərində ətraflı dayanmaq lazımdır.
Devalvasiya (latınca de-aşağı salmağı və valeo-dayanmışam mənalarını əks etdirir.) - milli pul vahidinin qiymətdən düşməsi deməkdir və öz ifadəsinin onun məzənnəsinin xarici valyutalara və ya beynəlxalq hesab vahidlərinə, keçmişdə isə qızıla nisbətən aşağı salınmasında tapır. Lakin bu zaman pulun qiymətdən düşməsi ilə onun dəyərinin direktiv şəklində aşağı salınmasını bir-birindən fərqləndirmək lazımdır. Məsələn, ölkə daxilində qiymətlərin davamlı olaraq yüksəlməsi nəticəsində hər milli valyuta vahidinə satın alınan mal və xidmətlərin miqdarı əvvəlki dövrə nisbətən azalır ki, buna da valyutanın ucuzlaşması deyirlər. Bu halda pul öz dəyərini daxili inflyasiya ilə əlaqədar itirir. Devalvasiyada isə, pulun dəyərinin qanunla aşağı salınması nəzərdə tutulur. Aşağı salınan, dəyər isə onun xarici dəyəri, alıcılıq qabiliyyətidir. Bəzi hallarda milli valyutanın həqiqi olaraq aşağı düşmüş xarici dəyərinin hökumət tərəfindən qəbul edilməsi də devalvasiya hesab edilir. Devalvasiya müəyyən mənada valyuta məzənnəsinin yüksəldilməsi deməkdir.
Devalvasiya sərbəst dəyişən valyuta məzənnəsi sistemində bazarda hər gün kortəbii olaraq özünü göstərir və milli valyuta məzənnəsinin xarici valyutaya nisbətən dəyişməsi vaxtaşırı olaraq rəsmən təsdiq edilir. Devalvasiya iki səbəblə əlaqədardır:
1. İxracatı təşviq etmək və idxalatı məhdudlaşdırmaqla xarici ticarət balansının və müvafiq olaraq tədiyə balansının kəsirlərini ləğv etmək və ya azaltmaqla;
2. Daxili qiymətlərlə xarici qiymətlər arasında yaranmış qeyri-mütənasibliyi aradan qaldırmaq zərurətləri ilə.
Devalvasiya ölkənin tədiyə balansına ciddi təsir göstərir. Bu təsir devalvasiyanı həyata keçirən ölkə ilə digər ölkələrdəki tələb və təklifin vəziyyətindən asılıdır. Devalvasiya edildiyi zaman xarici valyutalara nisbətən ixrac qiymətləri nisbətən aşağı düşür. İxrac malları qiymətinin azalması ilə əlaqədar olaraq ölkə mallarına xarici tələb artır. Bu tələb artımı, ixrac malları qiymətlərini devalvasiyadan əvvəlki səviyyəyə doğru apardığı halda, idxal malların bahalaşdığı üçün idxal tələbi məhdudlaşır. Bu yol ilə xarici ticarət balansının müvazinəti təmin edilir.
Bununla yanaşı, devalvasiya xarici ticarət şərtlərini ölkə əleyhinə çevirə bilər. Çünki devalvasiya ümumiyyətlə ixrac malları qiymətlərini aşağı salmaqla, idxal qiymətlərini yüksəldir. Bu vəziyyət ixracatı idxalatdan daha çox olan ölkələrdə açıq şəkildə görünür. Yəni, artan ixracat dünya bazarı qiymətlərini aşağı saldığı halda, azalan idxalat eyni şəkildə qiymətləri azalda bilmir. Beləliklə, xarici ticarət şərtləri devalvasiyanı edən ölkənin əleyhinə çevrilir.
Devalvasiyanın tədiyə balansına təsirini yuxarıda göstərildiyi kimi müəyyən etmək üçün tələb və təklif elastikliyini nəzərə almaq lazımdır:
1. İdxal və ixrac mallarına olan tələb elastikliyi: idxal mallarının tələb elastikliyi nə qədər yüksəkdirsə, aparılan devalvasiya da o dərəcədə faydalıdır. Çünki bu vəziyyətdə idxal malları bahalaşdığı üçün tələb mahdudlaşır. Bununla da idxal miqdarı azaldığı üçün tədiyə balansı kəsirinə müsbət təsir edir.
İdxal mallarının tələb elastikliyi azdırsa valyutaya qənaət olmur. Bu halda qənaət edilən valyutanın miqdarı bütünlüklə elastiklik dərəcəsindən asılıdır.
İxrac mallarına olan tələb elastikliyi sıfırdan başlayaraq böyüdükcə valyuta itkisi azalır və elastiklik 1-ə bərabər olana qədər davam edir. Elastiklik 1 olduqda ixrac mallarına yenə də əvvəlki qədər valyuta sərf edilir. Bu vəziyyətdə devalvasiyadan qazanc və ya zərər yoxdur. Devalvasiyanın ixrac yolu ilə valyuta qazanclarını artıra bilməsi üçün mütləq ixrac mallarına olan tələb elastikliyi 1-dən böyük olmalıdır, yəni xarici tələb tam elastik olmalıdır.
2. İdxal və ixrac mallarının təklif elastikliyi 1-dən böyükdürsə, yəni təklif elastikdirsə, devalvasiya ilə əlaqədar qiymətlərdə dəyişiklik görünməyəcəkdir, əks halda isə azalma olacaqdır. Bazarda idxal tələbinin daralması nəticəsində əgər qiymətlər azalarsa, valyuta qazancının olması mümkün deyildir. İdxal malları qiymətlərinin aşağı düşməsi, devalvasiya nisbətini real olaraq aşağı salır və bununla əlaqədar olaraq mümkün olan valyuta yığımı minimum səviyyəyə enir. Əgər idxal malları qiymətləri devalvasiya səviyyəsindən aşağı düşərsə devalvasiyanın təsiri tamamilə aradan qalxacaqdır, yəni valyuta qazancı əldə edilməyəcəkdir.
İxrac mallarının təklif elastikliyi, əgər sonsuzluqdan azalmağa başlayırsa, (təklif sabit qiymətlərlə artırıla bilirsə) təklifin artırılması qiymətləri də artıracaq və bunun nəticəsində valyuta qazancı azalacaqdır. İxrac mallarının təklif elastikliyi 1-ə bərabər olduqda, devalvasiyanın əhəmiyyətli təsiri olmayacaqdır. Təklif elastikliyi 1-dən böyük olduğu halda devalvasiya valyuta qazancını artırır.
Devalvasiyanın tədiyə balansına əhəmiyyətli təsir göstərə bilməsi üçün Marşal-Lerner şərtlərinin yerinə yetirilməsi vacibdir.
Devalvasiyanın məqsədi tədiyə balansındakı kəsiri ləğv etməkdir. Bunun üçün daxili qiymətlərin səviyyəsinin yüksəlməməsi vacibdir. Daxili qiymətlər yüksəldiyi təqdirdə ixrac mallarının ucuzluğu aradan qalxır. Nəticədə idxal malları daxili mallara nisbətən bahalı olmaqda uzun müddət davam edə bilməz. Devalvasiyanın müvəffəqiyyəti daxili qiymətlərin səviyyəsinin sabit saxlanılmasından asılıdır.
Revalvasiya-hökumətin qərarı ilə milli valyutanın xarici məzənnəsinin yüksəlməsidir. Belə tədbir, adətən sabit məzənnə sistemində tətbiq edilir. Lakin sərbəst məzənnə sistemində dövlət öz ehtiyatlarını artırmaq üçün davamlı olaraq valyuta bazarlarından valyuta satın alır və yaxud xalis kapital axınına icazə verir və bu yolla valyutaya tələbi artırır. Bu tədbir valyuta məzənnəsi lazımi səviyyəyə yüksələnə qədər davam edir. Nəticədə tədiyə balansının müsbət qalığı artır.
Revalvasiya heç də devalvasiyanın tam əks nəticəsini vermir. Çünki tələb və təklifin qiymətlərin yüksəlməsinə göstərdiyi həssaslıq, qiymətlərin aşağı düşməsinə göstərdiyi həssaslıqla eyni deyildir.
Revalvasiya daxili qiymətləri yüksəldərək ixracatı azaldır, xarici malların qiymətini aşağı salaraq, idxalatı artırır. Başqa sözlə, revalvasiya ixrac malları qiymətlərini xarici valyuta ilə yüksəldir, idxal mallarının qiymətlərini milli valyuta ilə ucuzlaşdırır. Bunun nəticəsində ölkənin tədiyə balansının müsbət qalığı azalır. Amma burada sözsüz ki, tələb və təklifin qiymət elastikliyindən çox şey asılıdır. Revalvasiya ixracat həcmini və ölkəyə kapital daxil olmasını və müvafiq olaraq tədiyə ehtiyatları və daxili tələb səviyyəsini azaldır. Bu yolla ölkədə məşğuliyyət, qiymət və əmək haqqı səviyyəsi aşağı düşür. Tədiyə balansında müsbət saldoya malik ölkələrə BVF revalvasiya keçirilməsini təklif edir.
8. 4. Keçid iqtisadiyyatı şəraitində valyuta siyasətinin formalaşması və inkişafı problemləri.
XX əsrin son onilliyinin mühüm xüsusiyyətlərindən biri keçmiş sosialist blokuna daxil olan ölkələrin əksəriyyətində inzibati-amirlik sisteminə əsaslanan iqtisadi sistemin tədricən bazar iqtisadiyyatı sistemi ilə əvəz olunmağa başlamasıdır. Mülkiyyət münasibətlərinin dəyişməsinə əsaslanan bu proses ağır və ziddiyyətli şəkildə keçir. Bazar münasibətlərinin formalaşmasında və inkişafında valyuta və valyuta məzənnəsi siyasəti mühüm rol oynayır. İqtisadiyyata və xarici ticarətə dövlət müdaxiləsinin məhdudlaşmasını, İnzibati-amirlik üsullarından istifadə edilməsini tələb edən iqtisadiyyatın liberallaşdırılması prosesi sərbəst valyuta bazarının yaradılmasını, taraz valyuta məzənnəsinin müəyyən edilməsini və milli valyutanın dönərliyinin təmin edilməsini nəzərdə tutur.
Mərkəzdən planlaşdırılan iqtisadiyyatda xarici iqtisadi fəaliyyət üzərində dövlət inhisarı mövcud olduğu bir şəraitdə valyuta ehtiyatlarının bölüşdürülməsi üzərində nəzarət də daxil olmaqla bütün idxal-ixrac əməliyyatları üzərində sərt valyuta nəzarəti həyata keçirilirdi. İxracatçılar əldə etdikləri valyuta ehtiyatlarını məcburi olaraq müəyyən edilmiş məzənnə ilə dövlətə təhvil verirdi. Bu zaman müxtəlif xarici iqtisadi fəaliyyət növləri üçün müxtəlif məzənnə tətbiq edilirdi ki, bu da müxtəlif ixracatçı və idxalatçıları qeyri-bərabər vəziyyətə salırdı. Milli valyutanın dönərliliyi mümkün deyildi.
Rəsmi məzənnə şişirdilmişdi və «qara bazar» qiymətindən bir neçə dəfə çox idi. Bütün valyuta siyasəti SSRİ-yə daxil olan respublikalarda mərkəzləşdirilmiş qaydada həyata keçirilirdi. Müstəqil milli valyutadan məhrum olan həmin respublikalarda müstəqil valyuta siyasətindən heç söhbət də gedə bilməzdi.
Mərkəzi hökumət tərəfindən idxalatın kəmiyyətcə məhdudlaşdırılması, idxal lisenziyalarının inzibati-amirlik üsulları ilə bölgüsü qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ilə yanaşı daxili qiymətlərin dünya qiymətlərindən kəskin sürətdə fərqlənməsinə, ticarətdə müqayisəli üstünlüyün itməsinə, milli istehsalçıların xarici tərəfdaşlar ilə rəqabətdən təcrid olunmasına gətirib çıxarmışdır.
Qiymətlərin sərbəstləşdirilməsi, idxal rejiminin liberallaşdırılması prosesinin başlanması və ixracat üzərindən dövlət nəzarətinin azaldılması, dövlət sifarişinin ləğvi, milli pul-kredit sisteminin yaranması valyuta siyasətini makroiqtisadi siyasətin aparıcı istiqamətlərindən birinə çevirmişdir. Keçid iqtisadiyyatında onun yeni rolu aşağıdakı amillərlə əlaqədardır.
Birincisi, xarici ticarətin liberallaşdığı, miqdar məhdudlaşdırılmasından tarif məhdudlaşdırılmasına keçildiyi bir şəraitdə sabit valyuta məzənnəsi xarici ticarət sahəsindəki islahatların mənfi nəticələrini azaldır. Milli valyutanın dəyərdən düşməsi idxal mallarını bahalaşdırır. İkincisi, tədiyə balansı və hər şeydən əvvəl cari əməliyyatlar balansının tarazlaşdırılmasında əsas ağırlıq məhz valyuta məzənnəsi üzərinə düşür. Əgər cari əməliyyatlar balansının pisləşməsinin əsas səbəbi daxili qiymətlərin sürətlə artması nəticəsində ölkənin xarici bazarlarda rəqabət gücünün itirilməsidirsə, milli valyutanın revalvasiyası ölkənin rəqabət gücünün bərpa olunmasına yardım edir. Bu prosesə keçid iqtisadiyyatı şəraitində olan ölkələrin hamısında təsadüf edilir. Üçüncüsü, valyuta məzənnəsi, valyuta bazarına olan tələb və təklifin tarazlaşması islahat dəyişikliklərinin ilk mərhələsində keçid dövrünə xas olan daha bir funksiyanı yerinə yetirir: o nisbi qiymətlərdəki İnzibati-amirlik sistemindən miras qalmış eybəcərlikləri aradan qaldırır. Dördüncüsü, valyuta məzənnəsinin nisbi sabitliyi milli valyutanın ümumi sabitliyi və ona etibarın artması üçün baza yaradır.
Cədvəl № 8. 1.
1994-1997-ci illərdə MDB ölkələrində 1 ABŞ dollarına düşən milli valyuta vahidi. (orta hesabla il ərzində)*
|
1994
|
1995
|
1996
|
1997
|
Azərbaycan manatı
|
1169
|
4417
|
4295
|
3987
|
Ermənistan dramı
|
288, 35
|
406, 93
|
413, 47
|
490, 70
|
Belarus rublu
|
3592
|
11517
|
13673
|
26378
|
Gürcüstan larisi
|
1099
|
1, 29
|
1, 26
|
1, 30
|
Qazaxıstan tanqası
|
35, 92
|
60, 93
|
67, 28
|
75, 41
|
Qırğızıstan somu
|
10, 34
|
10, 82
|
12, 81
|
17, 37
|
Moldova leyi
|
4, 07
|
4, 50
|
4, 60
|
4, 62
|
Rusiya rublu
|
2204
|
4554
|
6124
|
6785
|
Tacik rublu
|
2204
|
107, 59
|
292, 89
|
560, 64
|
Türkmən manatı
|
19, 05
|
110, 42
|
3509
|
4143
|
Özbək somu
|
9, 95
|
29, 81
|
40, 15
|
66, 43
|
Ukrayna qrivnası
|
31, 7
|
147, 3
|
1, 87
|
1, 862
|
* [234, s. 112]
Keçid iqtisadiyyatı şəraitində olan ölkələrdə İnzibati-amirlik sistemi dağıldıqdan sonra valyuta məzənnəsi rejiminin seçilməsi problemi bir sıra amillərin təsiri altında çətinləşmişdir. Əslində tamamilə yeni valyutanın buraxılması ilə əlaqədar olaraq mahiyyətcə yeni valyuta məzənnəsi rejiminə keçilməsi vəzifəsi qarşıda dururdu, valyuta dönərliliyi təcrübəsi yox idi, valyuta bazarı yenicə yaranmağa başlamışdı, bazar islahatları aparan ölkələrə etibar dərəcəsi çox aşağı idi. Bu ölkələrdə daxili iqtisadi vəziyyəti istehsalın kəskin azalması, real həyat səviyyəsinin aşağı düşməsi, qiymətlər liberallaşdırıldıqdan sonra yüksək inflyasiya, hiperinflyasiya ilə xarakterizə edilirdi (bax: cədvəl 8. 1. ) Xarici iqtisadi fəaliyyət sahəsində bu ölkələrin çoxunda ticarət şərtləri pisləşmiş, real valyuta məzənnəsi artmış, rəqabət gücü aşağı düşmüş, ödəniş balansının gərginliyi artmış, ənənəvi bazarlar itirilmiş, iqtisadi əlaqələr pozulmuş, MDB məkanında rubl zonası iflasa uğramışdır.
Yeni valyuta tətbiq edilməyə başlarkən 90-cı illərin əvvəllərində bu ölkələrdə çoxsaylı valyuta məzənnəsi sistemləri milli valyutaların devalvasiya edilmələrinə baxmayaraq saxlanılırdı. Onların bəziləri isə bir sıra idxal-ixrac əməliyyatları üçün üzən məzənnə tətbiq etməyə başladılar. Lakin çoxsaylı valyuta məzənnələri sisteminin saxlanılması ixracatçıları çox ağır vəziyyətə salmaqla, onları əldə edilən valyuta gəlirlərini gizlətməyə məcbur edirdi. Bu isə ölkənin valyuta ehtiyatının azalmasına, «qara» valyuta bazarlarının fəallaşmasına səbəb olurdu. Hal-hazırda bu ölkələrin çoxu, Belarusiya, Özbəkistan, Türkmənistan və Tacikistandan başqa həmin sistemdən imtina etmişlər. Çoxsaylı valyuta məzənnəsi sistemindən imtina edilməsi və valyuta məzənnəsinin vahid şəkilə salınması xarici ticarətin liberallaşması ilə yanaşı «qara» valyuta bazarının ləğv olunmasına, valyuta gəlirlərinin gizlədilməsinin qarşısının alınmasına, iqtisadi agentlərin valyuta bazarında bərabər fəaliyyət göstərməsinə, ayrı-ayrı idxalatçılar və ixracatçıların çoxsaylı valyuta məzənnəsi sistemindən sui-istifadə etməsi hallarının aradan qaldırılmasına, daxili qiymətlərin dünya qiymətlərinin səviyyəsinə yaxınlaşdırılmasına imkan verdi.
Bu ölkələrin çoxunda çoxsaylı valyuta məzənnələri sisteminin əvəzinə çevik valyuta məzənnəsi bəzi ölkələrdə sərbəst üzən valyuta məzənnəsi, digərlərində isə (valyuta ehtiyatları imkan verdikdə) «idarə olunaraq üzən» valyuta məzənnəsi sistemi kimi özünü göstərdi. Sonuncu sistem valyuta məzənnəsinin arzuolunmaz istiqamətdə dəyişməsinin qarşısının alınması üçün valyuta bazarına mərkəzi bankın müdaxiləsinə imkan verir. Belə valyuta məzənnəsi rejimini Estoniyadan başqa keçmiş SSRİ-yə daxil olan bütün respublikalar, habelə Şərqi və Mərkəzi Avropa ölkələri (Macarıstan, Polşa, Slovakiya, Çexiya və Xorvatiyadan başqa) tətbiq edirlər [199].
Çevik valyuta məzənnəsi siyasəti bu ölkələrin əksəriyyətinin məruz qaldığı ağır xarici iqtisadi təsiri (ticarət şərtlərinin pisləşməsi, rəqabət qabiliyyətinin azalması, ənənəvi bazarların itirilməsi və yeni bazarlar tapılması çətinliyi nəticəsində xarici ticarət dövriyyəsinin kəskin olaraq azalması) nisbi yüngülləşdirməyə az da olsa imkan verirdi. Beynəlxalq kapital hərəkəti məhdud olduğu və kapital axınının valyuta bazarına təsiri çox az olduğu keçid iqtisadiyyatı ölkələrində məhz rəqabətqabiliyyətliliyi və cari əməliyyatlar balansının vəziyyəti haqqında göstəricilər valyuta məzənnəsi siyasəti seçilərkən əsas meyar kimi götürülür.
Çoxsaylı valyuta məzənnələri sistemindən imtina edilməsi ilə yanaşı keçid iqtisadiyyatı şəraitində olan ölkələr valyutanın dönərliliyini özünəməxsus şəkildə tətbiq etməyə başladılar. Burada dönərlilik deyəndə valyuta dəyişdirilməsi sövdələrində məhdudiyyətin olmaması nəzərdə tutulur. Valyutanın dönərliliyinə mövcud olan məhdudiyyət dərəcəsindən asılı olaraq üç növ dönərlilik mövcuddur: daxili dönərlilik, cari əməliyyatlar hesabı üzrə dönərlilik və kapital hərəkəti hesabı üzrə dönərlilik.
Daxili dönərlilik dedikdə, rezidentlərə aktivlərin bəzi növlərinin (məsələn, nəgdi və bank depozitlərini) əldə etməsi və saxlanılması üçün imkan verilməsi nəzərdə tutulur. Cari əməliyyatlar hesabı üzrə dönərlilik isə mal və xidmət idxalı ilə əlaqədar əməliyyatlar üzrə valyuta dəyişdirilməsinə məhdudiyyətin olmamasını nəzərdə tutur. Kapitalın hərəkəti hesabı üzrə dönərlilik isə milli sərhədlərdən kapital hərəkətinə və müvafiq olaraq belə əməliyyatlar zamanı valyuta dəyişdirilməsinə məhdudiyyətlərin olmaması deməkdir. Lakin valyuta dəyişdirilməsi əməliyyatlarına məhdudiyyətin olmaması, heç də xarici ticarət məhdudiyyətlərinin olmaması demək deyildir. Tam dönərlilik istər valyuta dəyişdirilməsi üzrə sövdələrə, istərsə də beynəlxalq ticarətə məhdudiyyətlərin olmamasını nəzərdə tutur.
Bazar islahatlarının həyata keçirilməyə başlandığı ilk mərhələdə bu ölkələr daxili dönərliliyə icazə verdilər. Bu tədbirlə onlar rezidentləri əllərində olan nəğd valyutaları satmağa, yaxud da depozitə çevirmək üçün vadar etməyə, bununla da valyuta ehtiyatlarını banklara yönəltməyə, habelə, «qara bazarla» rəsmi iqtisadi strukturu inteqrasiya etməyə çalışırdılar. Bu ölkələrin çoxunda xaricə gedən turistlərə valyuta dəyişdirilməsində məhdudiyyət var idi.
90-cı illərin ortalarında Mərkəzi və Şərqi Avropa ölkələri, Baltikyanı dövlətlər, Rusiya, Azərbaycan, Qırğızıstan, Moldova, Gürcüstan, Ermənistan cari əməliyyatlar hesabı üzrə valyuta dönərliliyini tətbiq etdilər. Bu, həmin ölkələrdə iqtisadiyyatın daxili sabitliyi təmin edildikdən, bazar mühiti yaradıldıqdan, nisbi qiymətlərin dünya strukturuna keçildikdən, xarici iqtisadi əlaqələr sahəsində nisbi sabitlik yarandıqdan sonra mümkün oldu. Bütün bunlar valyuta məzənnəsini daimi qalxıb-düşmələrdən xilas etdi, onları sabitləşdirdi və milli valyutaya etibarı yüksəltdi. Kapital hərəkəti hesabı üzrə dönərliliyin tətbiq edilməsi bu ölkələrdə hələlik həyata keçirilmir (tam dönərliliyin tətbiq edildiyi Baltikyanı ölkələr və Slovakiya istisna olmaqla). Çünki bu tədbir müasir şəraitdə həmin ölkələrdə kapitalın xaricə axmasına gətirib çıxara bilər.
Müstəqillik əldə edildikdən dərhal sonra - 15 avqust 1992-ci ildə milli valyuta - manatın tədavülə buraxılması və rubl zonasından çıxılması Azərbaycan Respublikasının iqtisadi istiqlaliyyətə nail olunması yolunda ən mühüm addımlardan biri oldu. Milli valyutanın buraxılması və idarə olunmasında, onun sabitliyinin təmin olunmasında təcrübə olmadığına və bu sahədə buraxılan çoxlu nöqsanlara baxmayaraq, bu tədbir Azərbaycan üçün taleyüklü idi. 70 il ərzində mövcud olmuş iqtisadi sistemin iflası və ənənəvi xarici iqtisadi əlaqələrin alt-üst olması nəticəsində Respublikada yaranmış dərin iqtisadi böhran tədavülə buraxılmış gənc milli valyutanın iqtisadi bazasını sarsıdaraq uzun müddət hiperinflyasiya vəziyyəti yaratmışdır. Təsirli gömrük çəpərlərinə malik olan milli bazarın formalaşmaması, müstəqil xarici ticarət mexanizminin yaranmasındakı çətinliklər bu vəziyyəti daha da dərinləşdirirdi.
Valyutanın idarə olunması haqqında hüquqi bazanın olmaması da eyni qəbildən idi. Xarici ticarətin inkişafında və respublika valyuta ehtiyatlarının yaradılmasında inzibati-amirlik sisteminin təcrübəsinin uzun müddət saxlanılması gənc milli valyuta üçün ciddi problemlər yaradırdı.
Bu sahədə mərkəzləşdirilmiş vahid valyuta fondunun yaradılması təcrübəsini xüsusilə qeyd etmək lazımdır.
Milli valyuta tədavülə buraxılarkən onun dəyərinin rubla bağlanması (1:10 nisbəti ilə) ağır böhran keçirən rublun xəstəliklərinin avtomatik olaraq manata da sirayət etməsi ilə nəticələnirdi. Bu bağlılığın aradan qaldırılması və manatın məzənnəsinin "dəyişkən" valyuta sistemi əsasında müəyyən edilməsi milli valyutamızın sağlamlaşması üçün böyük əhəmiyyət kəsb etdi.
Respublikamıza yeni prinsiplər əsasında valyuta mexanizminin yaradılmasında və milli valyutamızın sabitliyinin təmin olunmasında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 21 oktyabr 1994-cü ildə qəbul olunmuş "Valyuta tənzimi haqqında" qanun" [25] mühüm addım oldu. Qanunda Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsipləri, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətləri və funksiyaları, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək qaydaları müəyyən edilir.
Azərbaycan Respublikasında rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir məhdudiyyət qoyulmadan aparılır. Qeyri rezidentlər tərəfindən milli valyutanın əldə edilməsi və ondan istifadə edilməsi isə ARMB tərəfindən müəyyən edilmiş qaydalar əsasında aparılır. Milli valyutanın və milli valyutada ifadə edilmiş qiymətli kağızların rezidentlər və qeyri-rezidentlər tərəfindən respublikadan çıxarılması və göndərilməsi isə ARMB-nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin birgə müəyyən etdiyi qaydada həyata keçirilir.
Daxili bazarda xarici valyutanın rezidentlər tərəfindən alınıb-satılması ARMB-nin müəyyən etdiyi qaydada həyata keçirilir. Qara bazar əməliyyatlarının qarşısının alınması üçün xarici valyuta alqı-satqısına məhdudiyyət qoyulmuş və bu əməliyyatların yalnız müvəkkil banklar vasitəsilə ARMB-nin müəyyən etdiyi qaydada həyata keçirilməsinə icazə verilir. Bu əməliyyatlar qanunla fəaliyyət göstərən valyuta birjaları vasitəsilə də icra edilə bilər.
Milli Bankın yürütdüyü valyuta siyasətinin qarşısında duran əsas məqsədlər aşağıdakılar olmuşdur:
-milli valyutanın məzənnəsinin sabit saxlanılması, manatın mübadilə məzənnəsinin gözlənilən inflyasiya səviyyəsinin qarşısını almaq vasitəsi kimi istifadə edilməsi;
-respublikanın daxili valyuta bazarının inkişafının təmin edilməsi, həyata keçirilən valyuta əməliyyatlarının əhatə dairəsinin genişləndirilməsi;
-gələcəkdə cari valyuta əməliyyatları üzrə manatın tam dönərliliyinə keçid üçün lazımi şəraitin yaradılması;
-qızıl-valyuta ehtiyatlarının yerləşdirilməsinin etibarlılığını və əlverişli gəlirlilik şərti ilə likvidliyini təmin etmək məqsədi ilə respublikanın qızıl-valyuta ehtiyatlarının səmərəli idarə edilməsi.
Milli valyutanın sabitliyini təmin etmək məqsədi ilə ARMB xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edir və satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoyur. 1995-1996-cı illərdə hiperinflyasiyanın dayandırılmasında və milli valyutanın sabitliyinin yaradılmasında bu tədbirlər mühüm rol oynamışdır.
Valyuta ehtiyatlarının formalaşması və ondan istifadə edilməsi. Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsinin təmin edilməsi üçün müstəqil pul-kredit və valyuta siyasəti yeridilir.
Respublikanın valyuta ehtiyatları - milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı ehtiyacları ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədilə yaradılan mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir. Bu ehtiyatlar respublika büdcəsinin valyuta gəlirlərindən və sabitləşdirmə fondundan ibarətdir. Onların formalaşması qaydası Respublika Prezidenti tərəfindən müəyyən edilir. Sabitləşdirmə fondu manatın məzənnəsinin sabitləşdirilməsini təmin etmək məqsədi ilə yaradılır və ondan istifadə olunması barədə sərəncamı ARMB verir.
Rezident və qeyri-rezident olan hüquqi şəxslərin valyuta vəsaiti - xarici iqtisadi fəaliyyətdən, daxili valyuta bazarında valyuta alınmasından, valyuta kreditləri formasında və qanunvericiliyə uyğun digər şəkildə əldə edilən valyuta hasilatı hesabına formalaşır.
Dostları ilə paylaş: |