8. 6. Xarici iqtisadi tarazlığın təmin edilməsinin nəzəri əsasları.
Bütün ölkələrdə xarici iqtisadi əməliyyatlar çoxsaylı firma, maliyyə vəsaiti qoyuluşçusu və dövlət təşkilatları tərəfindən həyata keçirilir. Bu baxımdan xaricdən daxil olmalarla, xaricə ödəmələrin hər an bir-birinə bərabər olmasını gözləmək olmaz. Xarici ödəmələrdə müvazinət pozulduqda dövlətlər müxtəlif üsullardan istifadə edirlər. Ən sadə üsul kəsirlərin maliyyələşdirilməsi mənbələrinin tapılması, digər üsul isə profilaktik tədbirlərin görülməsidir. Birinci üsuldan kəsirlər müvəqqəti xarakter daşıdıqda istifadə edilir. Kəsiri doğuran səbəblər müvəqqətidirsə və az sonra öz-özünə aradan qalxacaqsa, köklü iqtisadi tədbirlər həyata keçirməyə ehtiyac qalmır.
Lakin mütəmadi xarakter daşıyan kəsirlərin ehtiyatlardan istifadə etməklə aradan qaldırılması iqtisadi cəhətdən məqsədəuyğun deyildir. Çünki hər şeydən əvvəl ölkənin xarici ehtiyatları hüdudsuz deyildir. Ona görə də belə hallarda başqa üsullardan istifadə edilir. Bu üsullardan biri, xarici ticarət və valyuta məhdudlaşdırmaları tətbiq etməklə, kəsirlərin birbaşa nəzarət altına alınmasıdır. Bu məqsədlə gömrük tarifləri, kvotalar və digər məhdudlaşdırıcı tədbirlərlə idxalat azaldılır və ölkə xaricinə kapital çıxmasına mane olunur. Lakin təcrübə göstərir ki, bu yolla kəsiri ləğv etmək çətindir. Bu tədbirlər firmaların qanunlara nə dərəcədə riayət etmələrindən və dövlətin öz qərarlarını nə dərəcədə yerinə yetirməyə qadir olmasından asılıdır. Qısamüddətli dövr üçün bu tədbirlər ziddiyyətli xarakter daşıyır. Çünki yerli istehsalçılar üçün «isti rejim» yaradır, xarici investorların ölkədəki marağına xələl gətirilir, qısa və uzunmüddətli kapitalın ixracı azalır. Belə tədbirlər adətən yerli firmaların işlərini çətinləşdirir və pis qarşılanır. Belə tədbirlər həmçinin dünyada gedən xarici iqtisadi əlaqələrin liberallaşdırılması meylinə də ziddir. Xüsusən, QATT, yəni ÜTT-nın üzvü olan ölkələrin beynəlxalq öhdəliklərinə uyğun olaraq, belə tədbirlərin həyata keçirilməsi mümkün deyildir.
Dünya təcrübəsi göstərir ki, tədiyə balansı kəsirinin aradan qaldırılmasında ən yaxşı yol «müalicəvi» xarakterli üsulların həyata keçirilməsidir. Bu üsullara aşağıdakılar daxildir: valyuta məzənnəsinin tənzimlənməsi, milli gəlir və qiymət mexanizmindən istifadə olunması, məcmu məsrəf amili, pul-kredit xarakterli tədbirlərin həyata keçirilməsi və xüsusi dövlət tədbirləri. [115, s. 78-82].
1. Valyuta məzənnəsinin tənzimlənməsi. Sərbəst dəyişən məzənnə sistemində valyuta məzənnəsi valyuta bazarında tələb və təklif qüvvələrinin təsiri altında formalaşır. Həmin sistemin ən ideal məntiqinə görə valyuta bazarına dövlət müdaxilə etmir, sistem öz-özünə işləyir. Belə ki, valyutaya olan tələb təklifdən çox olduqda, yəni xarici ödənişlərdə kəsir olduqda məzənnə yüksəlir və bu yüksəliş müəyyən bir nöqtəyə, yəni tələb və təklif tarazlaşana (kəsir ləğv edilənə) qədər davam edir və dayanır. Tələb təklifdən az olduqda isə hadisələr əks istiqamətdə davam edir.
Lakin təcrübədə belə tam sərbəst məzənnə sistemi mövcud deyildir. Bir çox ölkələrdə «idarə olunan sərbəst» (managed floating) məzənnə sistemi, yəni müəyyən çərçivədə sərbəst sistem tətbiq edilir. Bu zaman ölkə valyutası hər hansı bir böyük ölkənin valyutasına, ya da valyuta səbətlərinə (Avro, SDR) bağlanaraq, hökumətin müdaxilələri ilə bu məzənnələrlə böyük valyutaların məzənnələri arasındakı müəyyən nisbət təmin edilir. Bu məqsədlə dövlət müdaxilələrinin dərəcəsi artdıqca, sistem xarici müvazinəti avtomatik təmin edən sərbəst dəyişən məzənnə sistemindən uzaqlaşılır və sabit məzənnə sisteminə yaxınlaşılır. Sabitliyi süni olaraq təmin edilmiş məzənnə sistemində tədiyə balansı kəsirinin (və ya müsbət qalığının) olması, onun nəticəsidir ki, hökumət müdaxilələri milli valyutanın məzənnəsini struktur dəyişiklikləri yaradaraq ifrat dərəcədə artırmışdır (və ya azaltmışdır). Məzənnə tələb və təklif arasındakı müvazinəti təmin edən səviyyədən nə dərəcədə aşağı saxlanırsa, milli valyutanın dəyəri bir o qədər ifrat olur və tədiyə balansının kəsiri böyüyür.
Sabit və idarə olunan sərbəst məzənnə sistemlərində xarici iqtisadi müvazinətin tarazlaşdırılması üçün valyuta məzənnəsinin tənzimlənməsi (exchange rate adcustment) üsulundan geniş istifadə edilir. Sabit məzənnə sistemində məzənnə tənzimləmələri tədiyə balansı kəsir verən ölkədə hökumətin qərarı ilə məzənnənin yüksəldilməsi (milli valyutanın xarici alıcılıq qabiliyyətinin aşağı salınması), müsbət qalıq verən ölkədə isə aşağı salınması şəklində həyata keçirilir. Məlum olduğu kimi bunlardan birincisi devalvasiya, ikincisi isə revalvasiya adlanır. Nəzərə almaq lazımdır ki, bu terminlərdən sabit məzənnə sistemlərində istifadə edilir.
Valyuta məzənnəsi istər hökumət qərarları ilə, istərsə də bazarda sərbəst şəkildə tənzimlənsin, onun yüksəlməsi və ya aşağı düşməsi hər iki halda eyni iqtisadi nəticələr verir: məzənnənin aşağı düşməsi (devalvasiya) ixracatı təşviq edir və idxalatı azaldır, yüksəlməsi (revalvasiya) isə əksinə - ixracatı ləngidir, idxalatı təşviq edir.
Lakin hələ klassik iqtisadçılar da göstərirdilər ki, valyuta məzənnəsinin dəyişməsi xarici iqtisadi müvazinətin təmin olunması valyuta məzənnəsinin dəyişməsi qədər, bəlkə ondan da çox dərəcədə ixracat mallarına olan xarici tələbin və idxal mallarına olan daxili tələbin elastikliyindən asılıdır. Elastiklik baxımından yanaşma tərzi (elasticity approach) valyuta məzənnəsi dəyişmələrinin tədiyə balansı müvazinətini təmin edə bilən şəraiti yarada bilən şərtləri müəyyən etməkdir. Bu şərtlər ilk dəfə Marşall və Lerner tərəfindən formula şəklinə salınmışdır.
2. Milli gəlir və qiymət mexanizmi. Keynsin milli gəlir nəzəriyyəsinə görə hər hansı bir iqtisadiyyatda milli gəlir müvazinəti məcmu məsrəflərlə məcmu milli istehsalın tarazlaşdığı səviyyədə özünü göstərir. Açıq iqtisadiyyatda dövlət bölməsi də nəzərə alındıqda milli gəlir (Ü) müvazinəti aşağıdakı kimi ifadə edilə bilər:
Y=C+C+G+(X-M)
Burada S-istehlak, C-kapital qoyuluşu, G-dövlət məsrəfləri, X-ixracat və M idxalatı göstərir. Bu zaman məsrəf maddələrindəki artım milli gəlirə artırıcı, azalma isə azaldıcı təsir göstərir. Bu maddələrdən özəl kapital qoyuluşları (Y), xüsusən dövlət məsrəfləri siyasətdə bir alət kimi istifadə edilir. Hökumət dövlət məsrəflərini artırıb azaldaraq, öz siyasi məqsədlərinə çatmağa çalışır.
Digər tərəfdən, məlum olduğu kimi, idxalatın həcmi milli gəlirin həcmindən asılıdır. Milli gəlirin artması idxalatı da artırır və ya əksinə. İdxalat ilə milli gəlir arasında düz mütənasib olan əlaqəyə idxalat funksiyası (import function) deyilir və belə riyazi düstur ilə ifadə edilir: M=m(Y). Burada m-milli gəlirdə bir vahidlik dəyişikliyin idxalatda yaratdığı dəyişikliyi ifadə edir və marginal idxalat meyli (marginal propensity to import - MPM) adlanır.
Hökumət xarici ticarət balansı müvazinətini təmin etmək məqsədilə milli gəlirdəki dəyişikliklərdən makro-iqtisadi siyasət məqsədi ilə istifadə edə bilir. Məsələn, xarici iqtisadi əlaqələrdə kəsir olduqda maliyyə tədbirləri ilə, yəni məsrəfləri məhdudlaşdırıb, vergiləri artıraraq idxalatı və milli gəliri azaltmağa nail ola bilər.
Bu istiqamətdə həyata keçirilən digər makroiqtisadi siyasət vasitəsi pul amilidir. Belə ki, xarici iqtisadi əlaqələrdə kəsir olduqda sərt pul-kredit siyasəti ilə pul təklifi məhdudlaşdırılır və faizlər yüksəldilir. Bu isə özəl kapital qoyuluşu məsrəflərinin və müvafiq olaraq milli gəlir və idxalın azalmasına səbəb olur.
3. Ticarət balansı müvazinətinin təmin olunmasında məcmu məsrəf amili. Məcmu məsrəf yanaşma tərzi (absorption approach) milli gəlirin standart formalaşma modelinin xarici iqtisadi əlaqələrə tətbiq olunma formasıdır. Bu yanaşma tərzi ilə xarici ticarət müvazinəti iqtisadiyyatın ümumi işləmə mexanizminə bağlanır.
Məcmu məsrəf yanaşma tərzinə görə ölkənin xarici ticarət balansının kəsiri olması, həmin ölkənin öz istehsal imkanlarından kənara çıxması deməkdir. Başqa sözlə, özəl istehlak, kapital qoyuluşu və ya dövlət məsrəfləri ölkənin milli istehsalı həddindən çox olmuşdur. Əgər ölkə məcmu istehlakı milli istehsal həcmi ilə məhdudlaşdırırsa, xarici ticarət balansı müvazinətli olur və əksinə olduqda müvazinət pozulur.
Bunun üçün yuxarıda verilən əsas milli gəlir düsturunu aşağıdakı şəklə salaq:
Y=A+(X-M) və ya Y-A=X-M
Burada A=C+C+G-dir. Başqa sözlə, A məcmu daxili məsrəfləri, ya da istehlakı (absorption) ifadə edir. Ona görə, əgər məcmu daxili istehsal məcmu məsrəflərdən (istifadədən) çoxdursa, yəni Y>A isə ölkə istehsal artıqlığını xarici dünyaya ixrac etmiş və nəticədə aradakı fərq qədər xarici ticarət balansının müsbət qalığını əldə etmiş olacaqdır. Əgər əksinə, məcmu daxili istifadə daxili istehsaldan böyükdürsə Y-A mənfi olacaq, yəni xarici ticarət balansı kəsir verəcəkdir.
Həqiqətən iqtisadiyyatda tam məşğulluğun olması və yaxud orada istifadəsiz qalan mənbələrin olması baxımından məcmu məsrəflər yanaşma tərzi vasitəsilə təhlillər iki qrupa bölünür. İqtisadiyyatda tam məşğulluq mövcuddursa ixracatı artırmağın yeganə yolu məcmu istehlakın azaldılmasıdır. Çünki yalnız bu halda zəruri istehsal mənbələri sərbəst saxlanılmış olur. Halbuki iqtisadiyyatda işsizlik mövcud olduqda Y maksimum səviyyədə deyildir və müvafiq olaraq məcmu daxili istifadəni azaltmadan, xarici bazarlara satış yolu ilə Y-ni artırmaq imkanı vardır. Bu mexanizm özünü aşağıdakı şəkildə göstərir. Fərz edək ki, iqtisadiyyatda istehsal güclərindən tam istifadə olunmur. Devalvasiya özünün yaratdığı nisbi qiymət təsiri ilə ölkənin ixracat sahəsinə olan xarici və idxalata rəqib olan sahələrdə daxili tələbi artırır. Başqa sözlə, devalvasiya xarici ticarət sahələrinə yönələn daxili tələbi hərəkətə gətirir. Bu isə göstərilən sahələrdən başlayaraq, bütün iqtisadiyyata dalğavari yayılaraq məcmu istehsal və məsrəflərin genişlənməsinə səbəb olur. İstehsalın artımı iqtisadiyyatda istifadəsiz mənbələrin istifadə olunması ilə təmin edilir. Daxili istehsalda yaradılan artım isə, nəticədə məcmu istehsal ilə məcmu məsrəflər arasındakı fərqi, yəni U-A-nı örtür və xarici ticarət müvazinətini təminedici rol oynayır. Nəzərə almaq lazımdır ki, daxili istehsalın artımı daxili məsrəfləri də müəyyən dərəcədə artırır. Ancaq istehsalın artımı məsrəflərin artmasından daha çox olduğu üçün, bu halda devalvasiyanın xalis təsiri müvazinəti təminedici mahiyyət daşıyır.
İqtisadiyyatda tam məşğulluq mövcud olduqda devalvasiya ticarət balansı müvazinətini təmin etməkdə o qədər təsirli ola bilmir. Çünki xarici ticarətə yönəlmiş tələbin artımı, iqtisadiyyata yayılır, Lakin məcmu daxili istehsalı artırmır. Səbəbi isə istehsalda istifadə olunmalı sərbəst mənbənin olmamasıdır. Bu zaman artan tələb qismən idxalatla ödəndiyi halda, qiymətlərin artmasına da ciddi təsir göstərir. Qısa deyilsə - tam məşğulluq şəraitində devalvasiya xarici ticarət balansının müvazinətini daha da pozur və eyni zamanda inflyasiyanı sürətləndirir.
4. Xarici müvazinətin təmin olunmasında pul-kredit amillərindən istifadə edilməsi. Xarici müvazinətin təmin olunmasına elastiklik və məcmu məsrəf baxımından yanaşma tərzi yalnız mal ticarəti ilə əlaqədardır və beynəlxalq kapital və maliyyə hərəkətini nəzərə almır. Halbuki dövrümüzdə beynəlxalq maliyyə bazarları sürətlə inkişaf edir və dünya iqtisadiyyatında beynəlxalq kapital və maliyyənin hərəkəti getdikcə daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan beynəlxalq iqtisadi əlaqələri tam mənası ilə dərk etmək üçün beynəlxalq mal axınları ilə yanaşı, maliyyə axınlarını da nəzərə almaq lazımdır. Onunla əlaqədar olaraq, 70-ci illərdən etibarən xarici iqtisadi müvazinətinin təmin olunmasında pul amillərindən daha çox istifadə edilməyə başlanmışdır.
Pul amilləri baxımından yanaşma tərzi tədiyə balansının kəsir və ya müsbət qalığını pul sahəsində müvazinətin pozulması ilə, başqa sözlə xalqın tələb etdiyi pul kütləsi ilə mərkəzi bankın təklif etdiyi pul kütləsi arasındakı uyğunsuzluqla əlaqələndirir. Sadə ifadə etsək, əgər mərkəzi bank bazara xalqın əldə etmək istədiyindən çox pul kütləsi buraxarsa, xalq bu «artıq» pulu xarici məsrəflərə sərf edəcəkdir, əksinə, mərkəzi bank tələbdən daha az pul buraxarsa, bu kəsir xaricdən gələn pul axınları ilə təmin ediləcəkdir.
Bütün bu deyilənlərin sonunda, pul amilləri konsepsiyası baxımından bəzi dəyişən amillərin xarici ödəmələrdəki müvazinətə necə təsir göstərdiyini nəzərdən keçirək. Bunlardan devalvasiya, milli gəlir səviyyəsinin artımı, faizlərin dəyişməsi və müstəqil qiymət artımına diqqət yetirmək vacibdir.
Devalvasiya idxal mallarının qiymətini yüksəldir və iqtisadiyyatda qiymətlərin ümumi artım səviyyəsini sürətləndirir. Qiymətlər yüksəldikdə xalqın əlindəki pul məbləğlərinin alıcılıq qabiliyyətinin sabit saxlanılması üçün nominal pul tələbi artır. Əgər mərkəzi bank pul tələbinə bu artımı daxili kreditlər emissiyanı artıraraq təmin edirsə xaricdən ölkəyə valyuta daxil olmağa başlayır. Pul tələbi bu yolla ödənildikdə ölkəyə daxil olan valyutalar tədiyə balansına müsbət təsir edir. Ancaq bir müddət sonra devalvasiyanın inflyasiya səviyyəsini yüksəltməsi nəticəsində göstərilən mexanizmin yaxşılaşdırıcı təsiri müvəqqəti xarakter daşıyır.
Digər tərəfdən milli gəlirin real artımı (Md pul tələbi tənliyində y) əhalinin pul tələbini real olaraq artırır. Bunun xarici müvazinətə təsiri yenə də mərkəzi bankın siyasətindən asılıdır. Əgər mərkəzi bank daxili kreditlərlə maksimum pul kütləsini artırmazsa, xaricdən ölkəyə valyuta daxil olması sürətlənər, nəticədə tədiyə balansının müsbət qalığı yaranar. Çünki nəzəriyyəyə görə milli gəlirin artması idxalatı da çoxaldaraq ticarət balansında kəsirin meydana gəlməsinə yol açar.
Daxili faiz dərəcələrindəki artım isə borc pul əldə edilməsi məsrəflərini artıraraq real pul tələbini azaldır. Bu da pul təklifi «artıqlığını» yaradır və bu «artığın» bir hissəsi xarici bazarlara yönəlir. Beləliklə, bütün bunlar tədiyə balansına mənfi təsir göstərir.
Qiymətlərin ümumi səviyyəsinin aşağı düşməsi isə nominal pul kütləsinin alıcılıq qabiliyyətini aşağı salır. Fərdlərin pul kütləsinin real dəyərinin sabit saxlanması üçün pul tələbi artır. Bu da, mərkəzi bank daxili kredit həcmini artırmadıqda, ölkəyə valyuta daxil olmasının çoxalmasına səbəb olur. Yenə də göstərilən nəzəriyyənin əksi olan bir nəticə alınır. Çünki həmin nəzəriyyəyə görə qiymət artımı rəqabət gücünü azaldaraq, xarici ödəmələrdə kəsiri çoxaldır.
Beləliklə, göstərilən üsullardan hansının tətbiq edilməsinin məqsədəuyğun olması ciddi analitik tədqiqatlar aparılmaqla müəyyən edilməlidir.
5. Xarici iqtisadi müvazinətin təmin olunması üçün xüsusi dövlət tədbirləri. Bu tədbirlər tədiyə balansının əsas maddələrinin (ticarət balansı, «görünməyən» əməliyyatlar, kapital hərəkəti) formalaşması prosesi ilə əlaqədardır. Dövlət tənzimlənməsinin mühüm obyekti ticarət balansıdır. Müasir mərhələdə dövlət tənzimlənməsi yalnız tədavül sferasını deyil, həm də ixracat malları istehsalını da əhatə edir. Malların satışı mərhələsində ixracatın təşviq olunması qiymətlərə təsir göstərilməsi (ixracatlara vergi, kredit güzəştləri edilməsi, xüsusi valyuta məzənnəsinin tətbiq edilməsi və s. ) yolu ilə həyata keçirilir. Dövlət mal ixracına və xarici bazarların ələ keçirilməsinə ixracatçıların uzun müddətli marağını yaratmaq üçün məqsədli ixracat kreditləri verir, onları iqtisadi və siyasi riskdən sığortalayır, əsas kapitalın güzəştli amortizasiya sistemini tətbiq edir, müəyyən ixracat proqramının yerinə yetirilməsi öhdəçiliyi müqabilində digər maliyyə-kredit güzəştləri edir.
Dünya bazarlarında rəqabət mübarizəsinin kəskinləşməsi ilə əlaqədar olaraq ixracatyönlü istehsalda milli firmaların xarici şirkətlərlə sahədaxili ixtisaslaşması və kooperasiyası təşviq edilir. Beynəlxalq ixtisaslaşmanın artırılması üçün dövlət kiçik və orta firmaların ixracat fəaliyyətini təşviq edir. «Yaşıl neft» hesab edilən kənd təsərrüfatı məhsulları ixracının artırılması üçün tədbirlər görülür. Maşın və avadanlıq ixracına yardım edilir. İxracatın dövlət tənzimlənməsi xarici bazarların öyrənilməsindən başlayaraq xaricdə satışdan sonrakı xidmətə qədər mal hərəkətinin bütün mərhələlərini əhatə edir.
İxracatın təşviq olunması üsulları getdikcə daha çox kompleks şəkildə tətbiq edilir. Onlar ixracatçılara valyuta, kredit, maliyyə, təşkilati, reklam, informasiya, kadr hazırlığı və s. sahəsində dəstək verilməsi yolu ilə həyata keçirilir. Kapital ixracı da hələ çoxdan ixracatın təşviqi məqsədilə istifadə edilir. Tədiyə balansının passiv qalığı olduqda idxalın əvəz olunması üçün analoji məhsulların milli istehsalının təşviq olunması yolu ilə idxal mallarına valyuta sərfi ixtisar edilir, qeyri-tarif məhdudlaşdırmaları tətbiq olunur.
AZƏRBAYCANDA MALİYYƏ SEKTORUNUN İNKİŞAF PROBLEMLƏRİ
9. 1. Azərbaycan Respublikasında pul-kredit siyasətinin
əsas istiqamətləri.
Müasir bazar iqtisadiyyatı eyni zamanda pul iqtisadiyyatı deməkdir. Dövlətin pul tədavülü sahəsində həyata keçirdiyi tədbirlər kompleksi pul-kredit siyasəti adlanır. Həmin siyasət ya kredit və pul emissiyasının (kredit ekspansiyası) təşviqinə, ya da onların məhdudlaşdırılmasına (kredit restriksiyası) yönəldilir. İstehsal azaldıqda və işsizlik artdıqda Mərkəzi banklar krediti genişləndirmək və faiz normasını artırmaqla konyukturanı canlandırmağa çalışırlar. Əksinə, iqtisadi yüksəliş çox vaxt birjada möhtəkirliyin artması, qiymətlərin yüksəlməsi, iqtisadiyyatda disproporsiyaların artması ilə müşaiyət olunur. Belə hallarda Mərkəzi banklar kreditlərin məhdudlaşdırılması, faiz dərəcələrinin yüksəldilməsi, ödəmə vasitələri emissiyasının azaldılması və s. yolu ilə konyuktura qızğınlığının qarşısının alınmasına çalışırlar. Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən radikal iqtisadi islahatlar adekvat pul-kredit siyasətinin də aparılmasını tələb edirdi. Belə bir siyasət dövlət müstəqilliyi əldə edildikdən dərhal sonra başlanmışdır. Ölkədə müstəqil valyuta və pul-kredit siyasətinin formalaşmasında «Azərbaycan Respublikası milli valyutasının tətbiqi haqqında» 12 iyul 1992-ci il tarixli Fərman, 1992-ci ilin avqust ayında qəbul olunmuş «Milli Bank haqqında», «Banklar və bank fəaliyyəti haqqında» qanunlar mühüm rol oynamışdır.
Prezident Fərmanı ilə 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası (manat) dövriyyəyə buraxılmış və 1 manat 10 rubl nisbəti ilə onun rublla yanaşı ödəniş vasitəsi kimi istifadəsinə icazə verilmişdir. [114, s. 285].
1993-cü ilin dekabr ayında imzalanmış Prezident Heydər Əliyevin Fərmanı ilə manat 1994-cü il yanvarın 1-dən Azərbaycan Respublikası ərazisində yeganə ödəniş vasitəsi funksiyasını yerinə yetirməyə başlamışdır. Həmin tarixi müddəa 1995-ci ildə qəbul edilmiş Konstitusiyada öz əksini tapmışdır. Konstitusiyanın 19-cu maddəsində təsbit edilmişdir:
1. Azərbaycan Respublikasının pul vahidi manatdır.
2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Milli Banka mənsubdur. Azərbaycan Respublikasının Milli Bankı dövlətin müstəsna mülkiyyətindədir.
3. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Keçmişdə birbaşa Moskvaya tabe olan Sənaye İnvestisiya, Aqrar Sənaye, Əmanət və Xarici İqtisadi bankların Azərbaycan şöbəsinin bazasında nəzarət - səhm paketi dövlətə məxsus olan Azərbaycan Respublikasının Sənaye investisiya, Aqrar-sənaye Əmanət və Beynəlxalq səhmdar kommersiya bankları təsis edilmişdir.
Bazar iqtisadiyyatına keçidin ilk illərində ticarət sürətlə inkişaf etməyə başladı. Geniş «küçə ticarəti» onun yalnız bir hissəsi idi. Ticarətin artması pul köçürmələri və kreditlərin artması üçün əlverişli şərait yaratdı. Həmin dövrdə qəbul olunmuş qanunvericilikdə ilk kommersiya banklarının yaradılmasına icazə verilmişdir. Qısa müddət ərzində ölkəmizdə çoxsaylı kommersiya bankları yarandı və fəaliyyətə başladı. 1994-cü ilin sonunda ölkədə artıq 240 səhmdar-kommersiya bankları fəaliyyət göstərirdi. Onların bir hissəsi qanuni, digər qismi isə qeyri-qanuni fəaliyyət aparırdı. Bazar iqtisadiyyatı «hər küçədə bir bank» demək deyildir. Bu banklar ölkədə pula olun tələbin artmasında və inflyasiyanın daha da dərinləşməsində də mühüm rol oynayırdılar.
İnflyasiya və mal çatışmazlıqları girdabında boğulan əhalinin güzəranını həmin bankları yaradan və işlədən maliyyə fırıldaqçıları daha da ağırlaşdırırdı. «Qara bazar» da nəzərə alınsa pul-kredit sahəsində tam özbaşınalıq hökm sürdüyü göz qabağında idi. Pul-kredit sferasında ciddi dövlət tənzimləmələri yalnız 1995-ci ildən, yəni siyasi və iqtisadi sabitlik təmin edildikdən sonra Heydər Əliyevin rəhbərliyi ilə başlandı.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən pul-kredit siyasəti Milli Bankın səlahiyyətinə aid edilmişdir. Pul-kredit siyasətinin əsas istiqamətləri Milli Bank tərəfindən cari dövrdə yaranmış iqtisadi vəziyyət və həll olunması zəruri olan problemlər kompleksi nəzərə alınmaqla Milli Bank haqqında Qanuna uyğun olaraq hazırlanır və həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatda maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında» 15 iyun 1994-cü il tarixli fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 28 iyun 1994-cü il tarixində qəbul etdiyi «1994-cü il üçün pul-kredit siyasətinin başlıca istiqamətləri haqqında» qərarı proqram sənədləri olaraq pul-kredit siyasətinin uzun bir dövr üçün yeni mərhələsinin başlanğıcını qoydular.
Yeni pul-kredit siyasətinin əsas mahiyyətini kredit siyasətini sərtləşdirmək, əsassız və ucuz pul-kredit emissiyasının qarşısını almaq, nəticə etibarilə pul kütləsinə nəzarəti gücləndirmək, maliyyə sabitliyinin əsas göstəricisi olan inflyasiya tempinin minimuma endirilməsinə və Azərbaycanın milli valyutası olan manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin möhkəmlənməsinə nail olmaq təşkil etmişdir.
Sabitləşdirmə proqramı BVF ilə birlikdə hazırlanmışdır. Bu proqramın ən mühüm məqsədi valyuta məzənnəsini sabitləşdirmək idi. 1993-cü ilin əvvəllərində manatın məzənnəsi: 1 dollar = 118 manat idi. İnflyasiyanın dərinləşməsi nəticəsində 1995-ci ilin əvvəllərində paritet 4326 manata yüksəlmişdi. Görülən tədbirlər nəticəsində 1998-ci ilin əvvəlində 1 dollar = 3906 manat ətrafında sabitləşməyə başladı, inflyasiya isə 4, 2%-ə qədər aşağı salındı.
Həmin nəticələrə Milli Bankın 1995-ci ildən sonra həyata keçirdiyi sərt pul-kredit siyasəti vasitəsilə nail olunmuşdur. Sabitliyin təmin olunmasında manatın məzənnəsinə müdaxilə mühüm rol oynamışdır. Həmin dövrdə ölkə idxalatdan asılı olduğu və ölkə iqtisadiyyatı struktur böhranını qısa bir zamanda aradan qaldırılmasının mümkün olmadığı üçün nisbi sabit məzənnə siyasəti sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Hətta manatın məzənnəsi inflyasiya tempindən nisbi yüksək səviyyədə saxlandı. Bu siyasət ölkəyə mal axınını artırdı, mal bolluğu yaratdı, qiymətləri sürətlə aşağı saldı və nəticədə sabitlik yaratdı. Bu siyasətin mənfi nəticəsi idxalın sürətlə artması və cari ödəmələr balansının kəsirinin çoxalması oldu. Xarici ticarət balansının kəsirləri BVF-dan alınan kreditlər hesabına ödənildi. [302, s. 62].
1998-ci ildən sonra yeridilən pul-kredit siyasətinin başlıca istiqamətləri də 1994-cü ildən başlayaraq yeridilən yeni pul-kredit siyasətinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi, irsiliyini saxlayaraq yeni reallıqları, iqtisadiyyatda, xüsusilə maliyyə-kredit sferasında baş verən dəyişiklikləri, əldə olunmuş nailiyyətləri nəzərə almaqla yeni konkret tədbirlərlə bu siyasətin daha da təkmilləşməsinə yönəlmişdir.
1998-ci ildən sonra respublikada həyata keçirilən pul-kredit siyasətinin əsas məqsədi davamlı maliyyə sabitliyinə və bank sisteminin inkişafına nail olmaq, milli valyutanın məzənnəsini çevik tənzimləməklə onun sabitliyini qorumaq, beynəlxalq normalara uyğun xarici valyuta ehtiyatları yaratmaq və bu əsasda respublikada hökumət tərəfindən ümumi daxili məhsulun artımının davamlı xarakter almasına, iqtisadiyyatda struktur dəyişikliklərinə nail olunmasına yönəlmiş genişmiqyaslı iqtisadi islahatların uğurlu aparılmasına daha əlverişli ümumi iqtisadi şərait yaratmaqdan ibarət olmuşdur. Milli Bank qeyri-neft sektoruna da kreditlər verməyə başladı. İqtisadi inkişafın sürətlənməsi və onun yaratdığı yeni konyuktura ilə əlaqədar 1999-cu ilin avqustunda manat 6% səviyyəsində devalvasiya edildi.
90-cı illərin ikinci yarısında pul-kredit siyasətinin başlıca məqsədi əldə olunmuş maliyyə sabitliyini qorumaq olmuşdursa, 1999-cu ildən sonra deflyasiyanın qarşısını almaq kimi məqsəd ön plana çəkilmişdir. Bu zaman maliyyə sabitliyinə xəta yetirmədən pul kütləsini artırmaq və bunun üçün pul parametrlərini lazımi həddə çatdırmaq nəzərdə tutulmuşdur. Deflyasiya problemi həll olunduqdan sonra, Milli Bank pul-kredit siyasətində yeni strategiyalar izləməyə başladı.
Ümumiyyətlə hədəflərindən və bu hədəfə nail olmaq yollarından asılı olaraq pul siyasəti müxtəlif strategiyalara və ya rejimlərə ayrılır. Təcrübədə pul siyasətinin pul kütləsinin hədəflənməsi, valyuta məzənnəsinin hədəflənməsi, inflyasiyanın birbaşa hədəflənməsi və s. kimi rejimləri vardır.
Müasir mərhələdə Azərbaycan Milli Bankının pul siyasətinin son məqsədini qiymətlərin sabitliyinin təmin olunması təşkil edir. Təcrübə göstərir ki, Mərkəzi bank tərəfindən dayanıqlı iqtisadi artımın dəstəklənməsinin ən optimal yolu qiymətlərin sabitliyinin təmin edilməsidir. «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Qanunun 4-cü maddəsinə görə «Milli Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir».
Pul siyasətinin son məqsədlərinə aralıq hədəflər vasitəsilə nail olunur. Azərbaycanda inflyasiya üzrə hədəfə nail olmaq üçün pul siyasətinin aralıq hədəfi kimi pul kütləsindən istifadə edilir. Hədəf götürülən inflyasiya səviyyəsindən asılı olaraq tələb olunan pul kütləsinin artım həddi təyin edilir və bu göstərici pul siyasətinin tətbiqi üçün istiqamət rolunu oynayır.
Milli bankın hesabatlarında göstərildiyi kimi Azərbaycanda pul siyasətinin aralıq məqsədləri arasında pul kütləsinə daha çox üstünlük verilməsi uzunmüddətli dövrdə inflyasiyanın dinamikasının əsasən məhz pul kütləsindən asılı olması ilə əlaqədardır. Bunu ekonometrik metodların tətbiqi ilə aparılmış tədqiqatlar da təsdiq edir.
Funksional əhatəsini (pulun funksiyalarını daşıyan bütün maliyyə aktivlərini əhatə etmə dərəcəsi) və siyasətə yararlılıq dərəcəsini nəzərə alaraq Milli Bank aralıq məqsəd kimi milli valyutada geniş pul kütləsi olan - M2 pul aqreqatından istifadə edir.
Manatın məzənnəsi tənzimlənən üzən məzənnə rejimində formalaşdığından, məzənnə və faiz dərəcələri pul kütləsinin dəyişimindən asılı olaraq dəyişir.
Son məqsədlə yanaşı pul kütləsinin həm də pul siyasətinin operativ hədəfi ilə sıx qarşılıqlı əlaqədə olması onun aralıq hədəf kimi yararlığını daha da artırır. Azərbaycanda pul siyasətinin taktiki və ya operativ hədəfi pul bazasıdır.
Pul bazası üzrə operativ hədəfdən asılı olaraq pul siyasəti alətlərinin kəmiyyət parametrləri, o cümlədən açıq bazar əməliyyatlarının həcmi, banklara veriləcək kreditlərin məbləği və s. müəyyənləşdirilir.
Operativ və aralıq hədəflərə nail olunması baza inflyasiya üzrə müəyyən olunmuş hədəfə nail olmağa imkan verir.
2003-cü ilin sonlarından etibarən müstəqil dövlətimizin inkişafında yeni dövr başlamış, ölkə iqtisadiyyatında yeni keyfiyyət meylləri güclənmişdir.
Yeni dövr iqtisadi inkişafın sıçrayışlı fazaya daxil olması, iqtisadiyyatda sahəvi-regional diversifikasiyanın start götürməsi, durmadan artan neft gəlirlərini mühüm sosial və iqtisadi layihələrə fəal yönəldilməsi və əhalinin maddi rifahının əhəmiyyətli yaxşılaşması ilə səciyyəvidir.
Nəzəriyyədən bəllidir ki, qiymətlərin dəyişməsi ilk növbədə bazar iqtisadiyyatının əsas qanunu olan - tələb-təklif qanununa əsaslanır. Tələb təklifi üstələdikdə iqtisadiyyatın hərarəti yüksəlir, xərclər artır, istehsal (təklif) isə buna gec reaksiya verir, təklif lazımi sürət götürənə qədər inflyasiya baş verir. Bu 2005-ci ilin ilk aylarından Azərbaycan iqtisadiyyatı üçün də səciyyəvi olmuşdur.
Belə ki, davamlı iki rəqəmli iqtisadi artım şəraitində iqtisadiyyatda məcmu xərclərin bütün kanalları - istehlak, investisiya, dövlət xərcləri, xarici tələb (xalis ixrac) üzrə yüksək artım dinamikası formalaşmışdır. İqtisadi-işgüzar fəallıq özünün ən «qaynar nöqtələri»nə yaxınlaşmışdır. ÜDM-in istehsalı 2005-ci ildə 1990-cı ildəki səviyyəni 11% ötmüşdür. Ölkə iqtisadiyyatında məcmu tələbin qeyri-ənənəvi elementləri (mənzil alışı, minik avtomobili, mobil telefonlar, qeyri-ərzaq malların alışı və s. ) genişlənmişdir. ÜDM-in artım sürəti 2005-ci ildə 26, 4%, 2006-cı ildə 34, 5% və 2007-ci ildə isə 25% təşkil etmişdir.
Bütün bunlar inflyasiyaya qarşı mübarizə sahəsində pul-kredit siyasətinin daha da təkmilləşdirilməsini tələb edir.
Dostları ilə paylaş: |