Dövlət Miqrasiya Xidməti vətəndaş forumu keçirib
14.12.2015
Dövlət Miqrasiya Xidməti dekabrın 14-ü Hacıqabulda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” — vətəndaş forumu keçirib. Forumda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən söz açan xidmət əməkdaşı deyib ki, əvvəlki qanunvericilik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma Miqrasiya Məcəlləsinin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılıb: “Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi alınması tələb olunmur”.
Tədbirdə o da diqqətə çatdırılıb ki, ötən il oktyabrın 17-də Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasında 3 gündən deyil, 10 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir.
Migration.gov.az xəbər verir ki, forumda vətəndaşsızlıq hallarının aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı görülmüş işlərdən də söhbət gedib, DMX-də informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası barədə təqdimat olub. Bildirilib ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.
Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 3,8 faiz azalma var
14.12.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, ciddi nəzarətin həyata keçirilməsi ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin sayının azalması ilə müşahidə olunur: “Ötən ay bu yardımı alan ailələrin sayı oktyabr ayı ilə müqayisədə 4291 ailə və ya 3,8 faiz azalaraq 108094-ə enib. Həmçinin yardım ödənilən ailə üzvlərinin sayı 19947 nəfər (4,1 faiz) azalmaqla 466131 nəfər təşkil edib. Noyabr ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizədək artaraq 153,22 manat olub.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin 47,6 faizi, yəni 222 028 nəfəri yaşı 18-dək olan şəxslər, onlardan 5178 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmçinin bu yardımları alan ailələrin 30442-si (28,1 faiz) tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 5441 nəfər 1 yaşadək uşaq var, onların hər birinə görə əlavə olaraq aylıq sosial müavinət də ödənilir”.
Bu il 128 jurnalist öldürülüb
14.12.2015
2015-ci ildə dünyanın 31 ölkəsində 128 jurnalist həyatını itirib. Məlumatı “Press Emblem Campaign” təşkilatı dekabrın 14-də yayıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, ən çox qurban Suriyada qeydə alınıb. Bu ölkədə 11 jurnalist öldürülüb. Suriyanın ardınca hər birində 10 jurnalistin həlak olduğu İraq və Meksika gəlir. Fransa, Liviya və Filippində 8, Braziliya, Hindistan, Cənubi Sudan və Yəməndə 7, Pakistan və Somalidə 6, Hondurasda 5, Kolumbiya və Ukraynada 4, Qvatemalada 3, Əfqanıstan və ABŞ da isə 2 jurnalist həyatını itirib.
Tədqiqatın nəticəsinə əsasən, KİV-lərin fəaliyyəti üçün ən təhlükəli yer 2015-ci ildə 38 jurnalistin həlak olduğu Yaxın Şərq regionu sayılır. Onun ardınca isə Latın Amerikası (31), Afrika (18) və Avropa (13) gəlir.
“Press Emblem Campaign” təşkilatının statistika apardığı 2006-cı ildən bəri dünyada 1177 KİV əməkdaşı qətlə yetirilib. Məruzədə son beş ildə təkcə Suriyada 86 jurnalistin öldürüldüyü qeyd olunur.
2004-cü ildə yaradılan və Cenevrədə jurnalistlər arasında qurbanların sayı barədə məruzə dərc edən “Press Emblem Campaign” təşkilatının BMT yanında məşvərətçi statusu var.
Cəbhədə yeni gərginlik: Azərbaycan əsgəri şəhid oldu
15.12.2015
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dekabrın 14-ü qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrin əsgəri Rəhimli Nihad İltifat oğlu həlak olub.
Rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 96 dəfə pozub. Azərbaycan Silahlı Qüvvələri isə düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş zərbəsi endirib.
Partiya sədrinin qohumlarına hökm oxunub
15.12.2015
Sabirabad Rayon Məhkəməsi müxalif Xalq Partiyasının sədri Pənah Hüseynin 7 qohumunun işi üzrə prosesi başa çatdırıb. “Yeni Müsavat” qəzetinin yazdığına görə, dekabrın 14-də keçirilən prosesdə hökm oxunub. 2014-cü ilin avqustunda rayonun Qaraqaşlı kəndində baş vermiş davada, xuliqanlıq hərəkətlərində təqsirli bilinən İxtiyar Sərxoşova 3 il şərti cəza verilib. Sərxoş Sərxoşov, Adil Hüseynov, Vasif Hüseynov, Mansur Hüseynov, Qaşqay Hüseynov və Xalid Sərxoşov 2 il islah işləri cəzası alıblar. Qarşı tərəfdən təqsirləndirilən Rəsul Dəmirova da 2 il islah işləri cəzası kəsilib.
Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 1993-cü ildən sonra bir neçə dəfə həbsdə yatıb. 2005-2010-cu illərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.
Dostları ilə paylaş: |