AKKREDİTASİYA (accreditation) – Yazılı (qəzet, dərgi, informasiya agentliyi) və elektron media (TV və radio) nümayəndəsinin daha dolğun, ardıcıl və sistemli informasiya fəaliyyəti ilə məşğul olması üçün dövlət qurumlarında (tutalım, parlamentdə, Xarici İşlər Nazirliyində, Prezident Aparatında), idarə, müəssisə və təşkilatlarda, ictimai birliklərdə qeydə alınması mənasına gəlir. A. jurnalistlərə məlumat toplamaq və yayma fəaliyyəti ilə daha tutumlu və dəqiq məşğul olmaq imkanı yaradır.
Xarici ölkələrdə davamlı çalışmalar zamanı da jurnalistlər A.-dan yararlanırlar. A. həm qeydə alanın, həm də qeydiyyatdan keçənin daha davamlı iş birliyinə imkan verir, eyni zamanda KİV materiallarının dəqiq xəbərləmə imkanlarını genişləndirir.