AGENT(agent) – Hər hansı tapşırığı yerinə yetirən; başqasının göstərişi ilə iş görən şəxs, vasitəçi və ya tərəf-müqabili. Reklam agenti – reklam agentliyini və ya KİV-i təmsil edən, onun adından danışıqlar aparan, təşkilatlarla əlaqələr yaradan, reklam sahəsi və ya reklam xidməti satan şəxs.
AGENTLİK (agency) – İri təşkilatların reklam, təşkilat, ictimaiyyətlə əlaqə və s. məsələlərə dair sifariş və tapşırıqlarını yerinə yetirən qurum; hər hansı idarə və müəssisənin nümayəndəliyi; KİV və s. üçün məlumat toplayan müəssisə. Reklam agentliyi – reklamın planlaşdırılması və reklam sifarişinin icrası üzrə tam, yaxud məhdud miqyasda xidmətlər göstərən təşkilat. A. təklif etdiyi xidmət növlərinə görə universal və ya ixtisaslaşmış ola bilər.