ELÇİLİK (GƏLİN İSTƏMƏK)
Colan Türkmanlarında elçiliyə gəlin istəmək deyilir. Qızın ailəsi öz yaxın qohumlarına bildirər ki, gəlin istəmək üçün gələcəklər. Qız tərəfdən bir neçə yaşlı və mötəbər ağsaqqal qız evinə toplaşaraq oğlan evindən gələcək qonaqları gözləyər. Oğlan evindən də bir neçə yaşlı və mötəbər ağsaqqal qızı istəməyə gedər. İki tərəf bir araya gəlincə, qızın atası qonaqlara: “Xoş gəldiniz” deyərək oturacaqları yeri göstərər. Oğlan tərəfi əyləşdikdən sonra söhbətə: “biz sənin yanına gəldik Allahu-tala'nın izni péxambər əfəndimizin kavliylə falan ğızını bizim falan oğlumuza istiyərik nə dérsin?” deyərək oğlanın atası söhbəti açmış olur. Qızın atası tam olaraq könlü olsa da, oturanlara: “kərəminizdən ğızdan sorlaşım da sizlərə cavabı vérrim” cavabını verər. Sonra da durub qızın fikrini öyrənmək üçün qonşu otağa keçər və qızına deyər: falan adam falan oğluna səni istəməyə gəlmiş... nə dérsin, ğızım? Qız da atasına: “Vallah ya buba sən bilirsin. Sən nə dérsən bən dédigin kimiyim” cavabını verər. Bu da qızın razılığı sayılar. Ata qonaqlar əyəşən otağa dönərək: “Allah vérmişsə, bən də vérdim” deyirsə, bu, razılıq sayılır. Orda oturanlardan birisi: “Əl-fatiha” deməklə Əl-fatiha surəsini oxuyarlar.
Bundan sonra başlığı “ğalın”ı müəyyənləşdirmək üçün oğlanın atası: “nağadar ğalın istiyərsiniz?” deyə qızın atasından soruşar. Qızın atası da: “bu ğadar... bu ğadar” deyə bir məbləğ söylər. Oğlanın atası “falandan ötrü bunça éndirin” deyər. Qızın atası razilaşarsa, “tamam bélə olsun” deyər. Oğlanın atası “falan için bunça da kəsin”, qızın atası “tamam bu ğadar oldu” deyər. Razılaşmazsa, orta məxrəcə gələnədək müzakirə edərlər. Beləcə başlıq (ğalın) büyük rəqəmlərdən cüzi bir rəqəmə enər. Təkrar Fatihə oxuduqdan sonra toyun nə zaman olacağını müəyyənləşdirərlər.
Bu münasibətlə bəy tərəfındən quzu və qoçlar kəsilir, yemək hazırlanır, zılğıtların6 səsləriylə dəvətlilərə qonaqlıq verilir.
Dərhal qızın qadın qohumları və rəfiqələri zılğıt çalaraq bir şənlik başlayarlar. Oğlanın dostları və yoldaşları içərdən oğlanı alaraq bayırda halay vurar, oynayar, şənlənərlər.
TOYA HAZIRLIQ
Nişandan toyadək olan arada bayramlar düşərsə, oğlan evi qız evinə hədiyyələr göndərir. Toydan bir neçə gün öncə (7 – 5 gün arası) bütün Türkman kəndlərinə dəvətçilər göndərilir və filankəsin oğluna filankəsin qızın alacaqlarını, toy gününü bildirirlər.
Toy olacaq evi bildirmək üçün bəyin (güvegi) evinin üstünə Allah, Muhamməd deyərək bəzəkli ağ bayraq, gəlinin yaşadığı evin üstünə isə qırmızı bayraq taxırlar.
Dostları ilə paylaş: |