Mövzu 1. Mülki müdafiənin anlayışı, yaranma tarixi, rolu və vəzifələri. Mülki müdafiənin idarəetmə sistemi. Mülki müdafiə qərargahları və onların əsas vəzifələri.
Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri. 1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı Corc Sent-Pol “Cenevrə regionu” Assosiasiyasını yaratmışdır.
Bu təşkilatın əsasını qoyanların məqsədi ondan ibarət idi ki, bütün ölkələrdə ikitərəfli və çoxtərəfli müqavilə əsasında əhalinin bəzi kateqoriyaları (qadınlar, uşaqlar, xəstələr və qocalar) üçün təhlükəsizlik zonaları yaradılsın.
1937-ci ildə vəfat edən general Sent-Polun vəsiyyəti ilə Assosiasiya Parisdən Cenevrəyə köçürülmüş və generalın məsləkdaşı Henri Corc Assosiasiyaya başçılıq etmişdir. Onun təşəbbüsü ilə Assosiasiya tərəfindən İspaniyada 1936-cı ildə baş verən vətəndaş müharibəsi zamanı əhalinin bəzi qrupları üçün Madriddə və Bilbaoda, 1937-ci ildə isə Yaponiya və Çin münaqişəsində Şanxayda bitərəf zona yaradılmış, dinc əhalini qorumağın mümkünlüyü nümayiş etdirilmişdir.
Henri Corc 1947-ci ildə “Müasir müharibədə mülki əhalinin mühafizəsi” adlı kitabını dərc etdirir. Bu kitab Assosiasiyanın manifesti idi. Burada “Cenevrə regionu” adı altında təhlükəsiz zona yaratmaq üzrə Beynəlxalq Konvensiyanın layihəsi öz əksini tapmışdır. Həmin manifestin ideyası və prinsipləri 1949-cu ilin avqustunda çağırılan Cenevrə diplomatik Konfransında qəbul edilən sənədlərin əsasını təşkil etdi. Konfransda ilk 3 Cenevrə Konvensiyasına baxıldı və müharibə dövründə mülki əhalinin qorunması ilə əlaqədar dördüncü Konvensiya qəbul olundu. Əgər “Cenevrə regionu” üzrə Konvensiyada yaralıların, xəstələrin, qadınların, uşaqların və qocaların mühafizəsi üçün böyük zonalar yaratmaq nəzərdə tutulurdusa, indi diplomatik konfrans bu layihəni iki hissəyə böldü. Konfransda yaralı və xəstə əsgərlər üçün “Qırmızı Xaç” emblemi ilə mühafizə olunan hospital yaradılması təsdiq edildi və əlavə olundu ki, xəstələr, qocalar, əlillər, 15 yaşınadək uşağı olan qadınlar üçün təhlükəsiz zonalar yaradılmalıdır.
1951-ci ildə doktor Milan Bondi Baş Katib vəzifəsində Henri Corcu əvəzlədi. Bu elə bir dövr idi ki, Koreya müharibəsinin Dünya müharibəsinə çevrilməsi təhlükəsi reallaşırdı. Cenevrə Konvensiyası ilə verilən səlahiyyətlərdən istifadə edərək “Cenevrə regionu” Assosiasiyası potensial təhlükəsiz zona axtarmaq və hazırlamaq üçün əməli fəaliyyətə başladı. Müxtəlif Avropa dövlətlərinin hökumətləri ilə birlikdə əhalinin təhlükəsiz rayonlara köçürülməsi üçün planlar tərtib olundu. Müharibə zamanı əhalinin mühafizəsi üçün neytral zonaların yaradılması məsələsi ilə əlaqədar 1954-cü ildəBerlində Mülki Müdafiə üzrə ilk Beynəlxalq Konfrans keçirildi.