Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə Məhkəmə kollegiyasına



Yüklə 382.06 Kb.
tarix19.12.2016
ölçüsü382.06 Kb.
Bakı Apellyasiya Məhkəməsinin

Cinayət işləri və inzibati xətalara dair

işlər üzrə Məhkəmə kollegiyasına

________
Səbail Rayon Məhkəməsinin 1(009)-281/09 saylı iş üzrə 11 noyabr 2009-cu il tarixli hökmündən Emin Paşa oğlu Abdullayevin və Adnan Hikmət oğlu Hacızadənin vəkilləri Elton Quliyevin və İsaxan Aşurovun

Apellyasiya şikayəti


20 noyabr 2009-cu il


A.Faktların ifadəsinə dair
Hörmətli məhkəmə
1. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi, sədrlik edən cənab Araz Hüseynov) mübahisələndirilən hökmü ilə Emin Paşa oğlu Abdullayev Azərbaycan Respublikası CM-nin 127.2.3. və 221.2.1. maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə, Adnan Hikmət oğlu Hacızadə eyni cinayətləri törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilibləp.
2. Birinci instansiya məhkəməsinin bu hökmü:

a. məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;

b. onun gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;

c. iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;

d. cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, onu qanunsuz, əsassız və qeyri humanist hesab edirik.

Nəzərə alınmalıdır ki, bu şikayət məhkəmə iclas protokolu və məhkəmə iclaslarının çəkiliş lentləri tanış olmaq üçün təqdim edilmədiyindən, hökumdə göstərilən müddəaların protokola uyğunluğu yoxlanmadan tərtib olunub.


3. 08 iyul 2009-cu ildə saat 19.30 radələrində Bakı şəhəri H.Z.Tağıyev küçəsi, 12 saylı ünvanda yerləşən «Lebonese» restoranının «Pub» zalında Vüsal Saleh oğlu Məmmədovun hücumu nəticəsində bədən xəsarətləri alan Emin Abdullayev və Adnan Hacızadə faktiki qurbanlar olduğu halda cinayət təqibi orqanının və onun xəttini davam etdirən birinci instansiya məhkəməsinin şübhələrinə əsasən məhkum ediliblər.

Emin Abdullayevin və Adnan Hacızadənin hadisə barədə başqa sübutlarla

təsdiq edilən versiyası («Lebonese» restoranında baş verən hadisələr)
4. «OL!» Azərbaycan Gənclər Hərəkatının təsisçisi (həmin Hərəkatın İdarə Heyətinin üzvü və xarici əlaqələr üzrə koordinatoru) Adnan Hikmət oğlu Hacızadə və «AN» şəbəkəsinin təsisçisi Emin Paşa oğlu Abdullayev 8 iyul 2009-cu ildə saat 19.00 radələrində öz tanışları cənab Orxan Qafarov, Nurəddin Babayev, Ülvi Həsənli ilə birlikdə Bakı şəhəri H.Z.Tağıyev küçəsi 12 saylı ünvanda yerləşən «Lebonese» restoranında görüşüblər. A.Hacızadədən bir qədər sonra onu müşaiyət edərək restorana Vüsal Saleh oğlu Məmmədov və Babək İslam oğlu Hüseynov daxil olublar. Onlar qonşu masalardan birinin arxasında əyləşiblər. Restoranın «Pub» zalında bu şəxslərdən başqa müştərilər olmayıb.
5. Söhbət zamanı tanışlarından biri «Bəs bunlara görə kim günahkardır - deyə Emin Abdullayevə müraciət edib. E.Abdullayev cavab verib ki, - «Əlbəttə, hökumət». B.Hüseynov E.Abdullayevin bu cavabından hiddətlənərək: «Ə... siz orada danışırsınız?» - deyib və ardınca nalayiq formada söyüş söyüb. Emin Abdullayev, Adnan Hacızadə və onlarla masa arxasında oturan digər şəxslər B.Hüseynova və onun dediklərinə heç bir reaksiya verməyiblər. V.Məmmədov bundan qəzəblənərək oturduğu masanın arxasından qalxaraq E.Abdullayevə yaxınlaşıb və «sizə sual verildi, niyə cavab vermirsiniz?» - deyib gözlənilmədən kəllə ilə E.Abdullayevin sifətinə zərbə endirib. Emin Abdullayevin yerə çökdüyünü və V.Məmmədovun onu vurmaqda davam etdiyini görən Adnan Hacızadə dərhal yerindən qalxıb Emini qorumaq üçün onların arasına keçib. Bu zaman V.Məmmədov kəllə ilə Adnanın burun-alın nahiyəsinə zərbə endirib. Adnan Hacızadə müvazinətini itirərək yerə yıxılıb. V.Məmmədov bundan sonra da həm Eminə, həm də Adnana təpik və yumruqla zərbələr endirməkdə davam edib.
6. Emin və Adnan Vüsal Məmmədovun zərbələrinin səngidiyini hiss edib, bu fürsətdən istifadə edərək restorandan çıxmağa nail olublar. Bundan sonra onlar birbaşa yaxınlıqda yerləşən 39-cu Polis Bölməsinə gediblər. Onların mobil telefon vasitəsilə əlaqə saxladaqları yaxınları da 39-cu Polis Bölməsinə gəliblər. Bölmənin növbətçi hissəsində restoranın yerləşdiyi ərazinin dislokasiya üzrə 9-cu Polis Bölməsinə aid olduğunu bildirdikdən sonra Emin və Adnan öz yaxınları ilə 9-cu Polis Bölməsinə gediblər.
7. Bölməyə çatandan sonra A.Hacızadə döyülmələri barədə şikayət ərizəsi yazıb və onu növbətçi hissəyə təqdim edib. Orada olan əməkdaşlardan biri Eminə və Adnana tibbi yardım göstərilməsi üçün Təcili Tibbi Yardım briqadası çağırıb. Polis bölməsinə gələn həkim Adnanın burnundan axan qanı dayandırmaq üçün suda isladılmış pambığı onun burnuna tıxayıb. Bundan başqa Adnanın aldığı zədənin nəticələrini müəyyən etmək üçün heç bir başqa müayinə aparmayıb və bunun üçün heç bir tədbir görməyib.
8. Bir qədər sonra polis əməkdaşları V.Məmmədov və B.Hüseynovu «Lebonese» restoranından tutaraq 9-cu Polis Bölməsinə gətiriblər. Adnan və Emini onlarla birlikdə apararaq sərxoşluğa dair müayinədən keçiriblər.
9. Müayinəni aparan həkim-ekspert cənab Səmədovun tərtib etdiyi 8 iyul 2009-cu il tarixli 1/5911 saylı protokolda şəxsiyyəti təsdiq edən sənədi təqdim edilmədiyindən, Məmmədov Vüsal Saleh oğlunu «Sabir oğlu» kimi göstərib. Protokolda qeyd edilib ki, V.Məmmədovun bədənində heç bir xəsarət və yaxud yaralanma aşkar edilməyib, özü də zədələri olmadığını bildirib. Bundan başqa V.Məmmədovda nistaqm əlamətləri, hərəkətlərində ləngərləmələr müşahidə edilməyib, Romberq vəziyyətində sabit olub. Həkim-ekspertin rəyinə əsasən onun huşu aydın, nitqi əlaqəli olub.
10. Cənab Səmədovun eyni tarixdə tərtib etdiyi 1/5914 saylı protokolda Adnan Hacızadənin alın səthində zədələrin olması qeydə alınıb. 1/5910 saylı protokola əsasən Babək Hüseynovun bədən səthində zədələrin olmadığı qeyd edilib (cild 1, i.v. 11, 12, 14).
11. Müayinədən sonra Emin, Adnan, V.Məmmədov və B.Hüseynov 9-cu Polis Bölməsinə qaytarıılıblar. Narkoloci Dispanserdən alınan müayinə protokolları 9-cu Polis Bölməsinə gələn Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi cənab Ziya Əliyevə təqdim olunub. E.Abdullayev, A.Hacızadə, V.Məmmədov və B.Hüseynov da Ziya Əliyevə təhvil verilib.
12. Müstəntiqin həmin şəxsləri aparmaq üçün 9-cu Polis Bölməsinə təşrif buyurmasının izahı çətindir və çoxlu suallar doğururdu. Birincisi, həmin vaxt o, məzuniyyətdə idi, digər tərəfdən isə müstəntiqin həmin yerə gəlməsini zəruri edən qanunun tələb etdiyi hər hansı bir hal (hadisə yerinin müayinəsi, təxirəsalınmaz digər hərəkətlərin aparılması) mövcud deyildi.
13. Müdafiə sonradan cinayət işinin materialları ilə tanış olarkən Adnan Hacızadənin 9-cu Polis Bölməsinə təqdim etdiyi ərizənin müəmmalı şəkildə yoxa çıxdığını, ümumiyyətlə, ərizənin təqdim edilmə faktının saxtakarcasına danıldığını, A.Hacızadənin təqdim etdiyi ərizənin əvəzinə iş materiallarında Vüsal Məmmədovun adından yazılan ərizənin peyda olduğunu aşkar etdi.

Dərhal cinayət işi başlanması və ilkin dindirmələrə dair
14. Ziya Əliyev heç bir ilkin yoxlama aparmadan, hətta Emin Abdullayevi və Adnan Hacızadəni dinləmədən, onların hər ikisinin güya qərəzli xuliqanlıq hərəkəti törətməsinə dair Azərbaycan Respublikası CM-nin 221.2.1. maddəsilə dərhal cinayət işi başlayıb. Müstəntiq sifətindəki zədələr aşkar surətdə görünən Hacızadəyə və ayağı kəsilmiş vəziyyətdə olan Abdullayevə tibbi yardım göstərilməsi üçün heç bir tədbir görmədən onları əvvəlcə şahid, sonra isə cinayət törətməkdə şübhəli şəxs qismində dindirib.
15. Dindirmənin gedişində Babək və Vüsal Adnan və Eminə müraciət edərək barışmalarını təklif edib. Onlar Adnana deyiblər ki: «Həyatda hər şey olur, ərizəni götür, bu işi qurtaraq». Eminlə məsləhətləşən Adnan mobil telefonla Vüsal və Babəkin bu təklifini atası Hikmət Hacızadəyə çatdırıb. Hikmət Hacızadə ona barışmağı, ərizəsini götürməyi və polis idarəsini mümkün qədər tez tərk etməyi məsləhət görüb. Adnan Babək və Vüsala barışığa hazır olduqlarını bildirdikdən sonra bu barədə müstəntiq Ziya Əliyevi də məlumatlandırıblar. Lakin müstəntiq Z.Əliyev tərəflərin barışması qərarını qəti rədd edərək Adnan və Emini həbs edəcəyini bildirib. Bundan sonra A.Hacızadə mobil telefonla atasına və dostlarına zəng edərək vəkil İ.Aşurovu müdafiəçi qismində dəvət edib. Ancaq Ziya Əliyev vəkilin polis idarəsinin inzibati binasına daxil olmasını əngəlləyib.
16. Dərhal cinayət işi başlanması üçün ağlabatan fakta və məlumata malik olmayan müstəntiqin 8 iyul 2009-cu il tarixli qərarında göstərilirdi:

«Abdullayev Emin Paşa oğlu tanışı Hacızadə Adnan Hikmət oğlu şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birgə 8 iyul 2009-cu il tarixdə saat təxminən 18.00-19.00 radələrində Bakı şəhəri, Səbail rayonu H.Z.Tağıyev küçəsində yerləşən «Lebonese» restoranında ucadan söyüş söyüb nalayiq ifadələr işlətməsinə görə ona irad tutulduqda, o, özünü Məmmədov Vüsal Saleh oğlu Hüseynov Babək İslam oğlu üzərində, habelə onların simasında digər cəmiyyət üzvlərinin qarşısında üstülnlüyünü nümayiş etdirərək (?) heç bir əsaslı səbəb olmadan orada ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək qəsdən Məmmədov Vüsal Saleh oğlu Hüseynov Babək İslam oğlunun bədəninin müxtəlif nahiyyələrinə zərbə endirməklə onlara fiziki zor tətbiq etmiş bu cür fiziki zorakılığın tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərə (?) yol verməklə xuliqanlıq etmişdir».


17. Sonralar müstəntiq bu mətni olduğu kimi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarına və hər iki şəxs haqqında həbs qətimkan tədbiri tətbiq olunmasına dair prokurora ünvanladığı vəsatətə köçürmüşdür.
18. Z.Əliyev 9-cu Polis Bölməsindən götürdüyü Narkoloci Dispanserin rəylərində Adnan Hacızadənin bədənində xəsarətlər olduğunun, Babək Hüseynovda və Vüsal Məmmədovda isə heç bir xəsarət aşkar edilmədiyinin qeyd edildiyini bildiyi halda, heç bir faktiki və hüquqi əsasa malik olmadan V.Məmmədovu və B.Hüseynovu dərhal zərərçəkən kimi tanıyıb və onları bu qismdə dindirib.
19. Müstəntiq hətta onların şəxsiyyətini təsdiq edən sənədləri də tələb etməyib. Qeyd etmək vacibdir ki, ilkin istintaq hərəkətlərinə başlandığı andan ibtidai araşdırmanın sonunadək cinayət işinin materiallarında Vüsal Məmmədovun və Babək Hüseynovun şəxsiyyətini təsdiq edən hər hansı sənəd əks etdirilməyib.
20. Emin Abdullayevin və Adnan Hacızadənin haqqında müvafiq qərar olmadığı halda, onların tutulması haqqında protokol tərtib edən müstəntiq tutmanın əsası kimi Azərbaycan Respublikası CPM-nin 148-ci maddəsinə (müvafiq bəndləri göstərmədən) əsasən Hacızadənin və Abdullayevin istintaq və məhkəmədən (?) qaçıb gizlənə biləcəyinə və onların əvvəllər dəfələrlə məhkum olunmasına (!) istinad edib. Halbuki Emin Abdullayev və Adnan Hacızadə heç vaxt hər hansı hüquqazidd əmələ görə məhkum edilməmişdilər. Onlar cinayət təqibi orqanının çağırışlarından da heç vaxt yayınmamışdılar.
21. Emin Abdullayev və Adnan Hacızadə ifadələrində göstərdikləri dəlillərə heç bir məhəl qoyulmadığını, işin hallarının kobudcasına saxtalaşdırıldığını görüb buna etiraz etsələr də müstəntiq onların etirazlarını cavabsız qoyurdu. Müstəntiq onların istədikləri müdafiəçilərin polis idarəsinə dəvət edilməsindən imtina etdikdən dərhal sonra özünün münasib bildiyi vəkili dəvət edib və bu vəkili E.Abdullayevin və A.Hacızadənin iradəsi əleyhinə onlara müdafiəçi təyin edib. Emin Abdullayev və Adnan Hacızadə etiraz əlaməti olaraq bu barədə tərtib olunan protokolları imzalamaqdan imtina ediblər. Beləliklə, Adnan Hacızadənin və Emin Abdullayevin ilkin ifadələri və onların tutulması özlərinin dəvət etdiyi müdafiəçilərin iştirakı ilə deyil, faktiki olaraq müstəntiqin hikkələrini müdafiə edən vəkilin iştirakı ilə həyata keçirilib.
22. 09 iyul 2009-cu ildə gecə saat 01.30 radələrində A.Hacızadə və E.Abdullayev qolları bir-birinə qandallanmış vəziyyətdə Səbail Rayon Polis İdarəsindən çıxarılaraq müvəqqəti saxlama təcridxanasına apırılıblar. Həmin gün saat 12 radələrində yenə də A.Hacızadə və E.Abdullayev qolları bir-birinə qandallanmış vəziyyətdə Səbail Rayon Polis İdarəsinə qaytarılıblar. Orada onlara CM-nin 221.2.1. maddəsilə ittiham elan edilib.
23. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən E.Abdullayev və A.Hacızadə müstəntiqin ittihamını qəbul etməyərək işin hallarının saxtalaşdırıldığını bildirməklə hüquqlarının pozulmasını və təqibə məruz qalmalarını təsvir ediblər. Onların irəli sürdükləri dəlilləri yoxlamağa heç bir həvəs göstərməyən müstəntiq cinayət işi başlanmasına dair yuxarıda iqtibas gətirilən qərarı vəsatətə köçürərək Səbail rayon prokurorundan məhkəməyə hər iki şəxs barəsində həbs qətimkan tədbiri tətbiq olunmasına dair təqdimat verməsini xahiş edib. Səbail rayon prokuroru cənab Şirxan Adıgözəlov mətni müstəntiq tərəfindən əvvəlcədən hazırlanan və vəsatətin avtomatik köçürülməsindən ibarət olan təqdimatı imzalayaraq məhkəməyə göndərib.
24. Adnan Hacızadənin və Emin Abdullayevin Konstitusiya və beynəlxalq müqavilələr əsasında malik olduqları hüquqların pozulmasına dair həmin gün vəkillərin təqdim etdiyi şikayətə prokuror heç bir münasibət bildirməyib və hər iki şəxsi dinləməkdən imtina edib.
25. Müstəntiqin vəsatətinə və prokurorun təqdimatına baxan Səbail Rayon Məhkəməsinin hakimi cənab Rauf Əhmədovun 4(009)-611/2009 saylı iş üzrə 10 iyul 2009-cu il tarixli qanunsuz və əsassız qərarı ilə E.Abdullayevin və A.Hacızadənin barəsində həbs qətimkan tədbiri seçilib və həbsdə saxlama müddəti 2 ay müəyyən edilib.

B. Hüquq məsələləri
26. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 6(1) maddəsinə əsasən «hər kəs, onun mülki hüquq vəzifələri müəyyən edilərkən ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli açıq araşdırılması hüququna malikdir». Lakin istisnasız olaraq bütün prosessual mərhələlərdə Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiyanın 6(1) maddəsi əsasında malik olduğu ədalətli və qərəzsiz məhkəmə araşdırması hüququ kobud şəkildə pozulub.
27. Müdafiə milli qanunvericiliyin aşağıda sadalanan normalarının pozulmasını hər iki şəxsin 6(1) maddə əsasında malik olduğu hüquqa qəsd edilməsinin ayrı-ayrı elementləri kimi qiymətləndirir.

Mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması
28. Araşdırmanın ilk günündən başlayaraq birinci instansiya məhkəməsi cinayət təqibi orqanından asılılıq və onlara təəsübkeşlik nümayiş etdirərək qarşı tərəfə nisbətdə müdafiəni əlverişsiz vəziyyətə salıb. Məhkəmənin belə qərəzli və ədalətsiz yanaşması aşağıdakı hallarda əksini tapıb:

  • İttiham tərəfinin sübutlar siyahısı müzakirəsiz qəbul edildiyi halda, müdafiə tərəfinə belə səxavət göstərilməyib. Müdafiənin təqdim etdiyi sübutlar siyahısı məhkəmə tərəfindən qanunsuz olaraq müzakirəyə çıxarılıb və heç bir əsas olmadan rədd edilib. Məhkəmənin «Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında» 4 sentyabr 2009-cu il tarixli qərarına əsasən müdafiənin sübutlar siyahısı ittiham tərəfindən asılı vəziyyətə salınaraq təmin edilməyib və bir-iki cümlə ilə belə əsaslndırılıb:

«Müdafiə tərəfinin şahid qismində dindirmələri üçün təqdim etdikləri şəxslərin məhkəmə iclaslarına çağırılması barədə vəsatətləri təmin edilməsin. Belə ki, həmin şəxslərin dindirilməyə çağırılması üçün CPM-nin 323- maddəsinə əsasən təqdim olunan vəsatətləri həll etmədən həmin şəxslərin məhkəmə baxışında dindirilmələrini əsaslı hesab etmək olmazVəsatətdə göstərilən müşaiyət kameralarındakı qeydiyyatların götürülməsi, zərərçəkmiş şəxsin barəsindəki tibbi sənədlərin, o cümlədən təqsirləndirilən şəxslərin istintaq təcridxanasına qəbul edilərkən şəxsi müayinə sənədlərinin götürülməsi barədə hissəsi təmin edilməsin».

  • Məhkəmənin belə qərəzli yanaşması nəticəsində araşdırmanın ilkin mərhələsindən başlayaraq müdafiə işə qeyd-şərtsiz olaraq ittiham tərəfinin sübutları çərçivəsində hərəkət etməyə məcbur edilib;

  • Hər iki təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair müdafiənin vəsatəti tamamilə əsassız olaraq rədd edilib. Hakim həbsin davam etməsinə mütləq zərurətin olmadığını nəzərə almadan, Konvensiyanın normalarının və Avropa Məhkəməsinin presedent qərarları ilə müəyyən edilən testlərin ziddinə olaraq (vəsatətdə onlara istinad edilməklə sadalanan müvafiq risklər mövcud olmadığı halda) həbs qətimkan tədbirini dəyişdirməyib. Qeyd edilən qərarında bu məsələyə məhkəmənin münasibəti belə olub:

«Müdafiəçilərin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətləri rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 155-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cinayət prosesini həyata keçirən orqandan gizlənməsini, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olmalarını, digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən cəza çəkməkdən boyun qaçırmalarını, məhkəmə hökmünün cra edilməsinə maneə törətməsinin qarşısını almaq məqsədilə təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini törədilmə şəraitini, iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza edilə bilən cinayətin törədilməsində ittiham olunmalarını nəzərə alaraq barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlansın».

  • Əvvəla, iş materiallarında Emin Abdullayevin və Adnan Hacızadənin cinayət prosesini həyata keçirən orqandan gizlənməsini, proses iştirakçılarından hər hansı birinə qanunsuz təsir göstərməklə məhkəmə baxışının normal gedişinə mane olacaqlarını təsdiq edən fakt və ya məlumat mövcud olmayıb. Digər tərəfdən, hakim tamamilə qanunsuz olaraq hər iki şəxsin barəsində ittiham hökmü çıxaracağına bəri-başdan mütləq inamını ifadə edib və həbs qətimkan tədbirinin dəyişdirilməməsini gələcək hökmün sərtliyi ilə əlaqələndirib. Bundan başqa, məhkəmə müdafiənin Konvensiyanın 5(1) maddəsinin «c» bəndinə və «Smirnova Rusiyaya qarşı» iş üzrə Avropa Məhkəməsinin qərarına istinad etməklə verdiyi vəsatətdə göstərilən halların hər hansı birinə münasibət bildirməyib.

  • Məhkəmə araşdırmasının sonrakı mərhələsində müdafiənin vəsatətini qismən təmin edərək hadisə günü hər iki təqsirləndirilən və eləcə də zərərçəkən kimi tanınan şəxslərin mobil telefonlarına daxil olan və çıxan zənglərə və sms-lərə dair «Azercell» MMC-dən izahlı faktura alan məhkəmə bu gərəkli sübutu müdafiə tərəfinə verməkdən imtina edib.

  • Məhkəmə səbəbini göstərmədən müdafiə tərəfinin şahidləri kimi təqdim edilən siyahı üzrə 11 nəfər şahiddən yalnız birinin ifadəsinin dinlənilməsini qərara alıb. Hakim bununla əlaqədar proses iştirakçılarına bildirib ki, «bu siyahıdan bir nəfərin dindirilməsi kifayətdir». Halbuki, həmin şahidlər məhkəmədə müxtəlif hallara aid faktları təsdiq etmək üçün dəvət edilirdi. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin şahidi qismində təqdim etdiyi xanım Pərvanə Persiyaninin notariat qaydada təsdiq olunan ərizəsini qəbul etsə də, ərizədə göstərilən faktların araşdırılması üçün heç bir tədbir görməyib.



Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin

işin faktiki hallarına uyğun olmaması və onun tərəfindən

müəyyən edilən halların sübuta yetiriilməməsi
29. Emin Abdullayevin və Adnan Hacızadənin təqsirliliyi barədə məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayıb və onlar məhkəmə iclasında tədqiq edilən sübutlara əsaslanmayıb. Cinayət təqibi orqanının tərtib etdiyi ittiham aktının xırda dəyişikliklə köçürüldüyü məhkəmə hökmündə deyilir:

«Abdullayev Emin Paşa oğlu Hacızadə Adnan Hikmət oğlu bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etmiş xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşlar. Belə ki, Abdullayev Emin Paşa oğluHacızadə Adnan Hikmət oğlu ilə birgə 8 iyul 2009-cu il tarixdə saat təxminən 19.00 radələrində Bakı şəhəri, Səbail rayonu, H.Z.Tağıyev küçəsi, 12 ünvanda yerləşən «Lebonese» restoranında ucadan söyüş söyüb nalayiq ifadələr işlətmələrinə görə onlara irad tutduqda buna məhəl qoymadan özlərinin Məmmədov Vüsal Saleh oğlu Hüseynov Babək İslam oğlu üzərində, habelə onların simasında digər cəmiyyət üzvlərinin qarşısında üstünlüyünü nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan orada ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək qəsdən Əlizadə İlkin Rizvan oğluna məxsus ümumən 50 manat dəyərində qədəh, şüşə qabda pivə içkisi stəkandan ibarət əmlakı məhv etmişlər, habulə Məmmədov Vüsal Saleh oğluna Hüseynov Babək İslam oğlunun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirməklə sonuncuya sağlamlığa zərər vurma dərəcəsi təyin olunmayandöş qəfəsinin sol yarısının qançırı, sol mil-bilək nahiyyəsinin sıyrığı ilə nəticələnən fiziki zor tətbiq etmiş bu cür fiziki zorakılığın tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişlər, habelə xuliqanlıq niyyəti ilə qədsən V.S.Məmmədova baş-alın-təpə nahiyyələrinin hematoması, baş-beyin silkələnməsi, astionevrotik vəziyyət, travmatik servikakraniyalgiya (baş boyun ağrıları), sağ qulaq pərdəsinə qansızma, kürək nahiyyəsinin qançırları, sağ saidin sıyrılmış səthi yarası ilə nəticələnən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirmişlər».
30. Emin Abdullayevin və Adnan Hacızadənin «Lebonese» restoranında ucadan söyüş söyüb nalayiq ifadələr işlətməsi, Əlizadə İlkin Rizvan oğluna məxsus 50 manat dəyərində əmlakı məhv etməsi zərərçəkən kimi tanınan şəxslərin qərəzli ifadələri istisna olmaqla digər hər hansı fakta və sübuta, onların Vüsal Məmmədovu və Babək Hüseynovu döymələri isə qanunun tələblərinə uyğun qaydada alınan mötəbər sübutlara əsaslanmır.
31. Məhkəmədə ittiham tərəfinin şahidləri kimi çıxış edən xanım Gülşən Əliyeva və Rizvan Əlizadə Emin və Adnanın söyüş söyməsi və nalayiq ifadələr işlətməsini təsdiq etməyiblər. Zahiri xuliqanlıq görüntüsünün başlanğıcı kimi bu epitetlərdən gen-bol istifadə edən məhkəmə biri digərinə uyğun gələn və bir-birini tamamlayan sübutlara deyil, faktiki olaraq cinayət məsuliyyətinə cəlb edilməli olan Vüsal Məmmədovun və Babək Hüseynovun başqa şəxslərin ifadələri ilə təkzib olunan versiyasına istinad edib.
32. Birinci instansiya məhkəməsi Vüsal Məmmədovun eləcə də polisdən tam asılı olan restoran əməkdaşlarının, Emin və Adnanı güya «Lebonese» restoranından tutub aparmalarını göstərən polis əməkdaşlarının və qeyri-rəsmi gözətçi işləyən Daşqın Abbasovun ifadələrinə tənqidi yanaşmayıb və ifadələr arasındakı ziddiyyətlərin aradan qaldırılmasına nəinki səy göstərməyib, əksinə mane olub. Birinci instansiya məhkəməsi xüsusən Babək Hüseynovun restoranda güya iki nəfər kənar qadın olmasına və guya onların Adnan və Eminin söyüşlərindən narahatlıq keçirmələrinə dair həqiqətə uyğun olmayan ifadəsinin ittiham və müdafiə tərəfinin şahidləri ilə yanaşı Vüsal Məmmədov tərəfindən təkzib olunmasını belə nəzərə almayıb.
33. 2009-cu il oktyabrın 9-da müdafiə tərəfi Vüsal Məmmədov barəsində verilmiş məhkəmə-tibb ekspertizasının 432 saylı rəyinin qanunsuz və əsassız olduğu, bu rəydən sübut kimi istifadə olunmasının qeyri-mümkünlüyünə dair vəsatət təqdim etdi. Vəsatətdə Narkoloci Dispanserin ekspertinin tərtib etdiyi protokolda göstərilən məlumatlara istinadən Vüsal Məmmədovda baş beyin silkələnməsinin olmadığı sübuta yetirilirdi. Eyni zamanda hətta bu diaqnoz qəbul edildiyi təqdirdə, məhkəmə tibbi ekspertizaların keçirilməsinə dair qüvvədə olan «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»nın (2001-ci il yanvarın 10-da Azərbaycan Respubliksının Prokurorluğu, Ali Məhkəmə və Daxili İşlər Nazirliyilə razılaşdırılaraq Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunub) III fəslinin 20-ci bəndinin 5-ci altbəndinə əsasən «baş beyin silkələnməsinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmayva aid olduğu bildirilirdi.
34. Buna baxmayaraq hakim məhkəmə-tibb eksperti Məcid Məmmədovun qanunların tələbinə uyğun gəlməyən rəyini, eləcə də məhkəmə iclasında verdiyi qərəzli və ziddiyyətli ifadəsini mötəbər sübut kimi qəbul edib. Halbuki məhkəmə iclasında dindirilən Məcid Məmmədov Vüsal Məmmədovun restorandan kənarda bədən zədəsi ala bilmə və zədələrin onun başqa şəxsləri kəllə ilə vurması vaxtı yarana bilmə ehtimallarını inkar etməmişdir.
35. Birinci instansiya məhkəməsi «Lebonese» restoranının sahibi kimi təqdim olunan (iş materiallarında bu faktı təsdiq edən hər hansı mötəbər sənəd yoxdur) İlkin Əlizadənin atası cənab Rizvan Əlizadənin və onunla işgüzar münasibətdə olması iddia edilən xanım Şahzeynəb Rüstəmovanın hadisədən sonra polis əməkdaşları tərəfindən zorla Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılmasının səbəblərini araşdırmayıb və bu faktla onların cinayət təqibi orqanının istəyinə uyğun ifadə verməsi arasında səbəbli əlaqə olduğuna diqqət yetirməyib.
36. Məhkəmə qərəzli və ədalətsiz mövqe nümayiş etdirərək hökmdə məhkəmə istintaqı zamanı tədqiq edilən sübutları təhrif etməkdən də çəkinməyib. Hökmdə deyilir ki,

«məhkəmə baxışında şahid Allahverdiyev Araz Kərim oğlu ifadəsində şahidlər G.Əliyevanın R.Əlizadənin göstərdiyi xüsusatları təsdiq edərək onlarla eyni məzmunlu ifadə verdi».


37. Halbuki cənab Araz Allahverdiyev nə ibtidai araşdırma dövründə, nə də məhkəmə istintaqında restoranda baş verən hadisəni görmədiyini, hadisənin baş verdiyi zala daxil olandan sonra müşahidcə etdiklərinin bir dəqiqəyədək davam etdiyini bildirmişdir.
38. Restoran əməkdaşlarının məhkəmədə verdikləri ifadələr son dərəcə ziddiyyətli idi. Məsələn, onlar Adnan və Eminin zalda söyüş söyməsini və orada iki nəfər kənar qadının olmasını inkar etdilər.
40. Müdafiənin təqdim etdiyi sübutlarla –fotoşəkillər, şahid ifadələri ilə Adnan və Eminin özlərinin 39-cu polis bölməsinə getməsi birmənalı olaraq təsdiq edildi. Fotoşəkillər obyektiv sübutlar idi və onların hər hansı şəkildə başqa cür şərhi mümkün deyildi. Bununla belə restoran əməkdaşları Gülşən Əliyeva, Rizvan Əlizadə, polis əməkdaşları Qasımov Emin Əcdər oğlu, Daşdəmirov Zahid Eyyub oğlu, Bəşirov Bəşir Firuddin oğlu Emin və Adnanın bilavasitə restoranda tutulmalarına dair istintaqın qondarma versiyasını təsdiq etdilər. Məhkəmə faktlara uyğun gəlməyən bu subyektiv xarakterli ifadələri əsas götürdü. Qeyd etmək lazımdır ki, məhkəmə hökmündə istinad edilməsə də, polis əməkdaşları tərəfindən zorakılıqla polis bölməsinə aparılan Şahzeynəb Rüstəmovanın istintaqda dindirilməsinə dair protokolda da bu versiya yazılıb.
41. Bundan başqa, müdafiənin şahidlərinin göstərdiyi kimi, Gülşən Əliyeva və Rizvan Əlizadə isə restorana yetirilən ziyana görə Adnan və Emindən pul alınmasından imtina edərək onların zərərçəkən olmasını bildiriblər.
42. Məhkəmə açıq-aşkar tərəfkeşlik göstərdiyi ittiham tərəfinin ziddiyyətli sübutlarını müzakirəsiz qəbul etdiyi halda müdafiə tərəfinin sübutlarının rədd edilməsinin qanunların tələbindən irəli gələn səbəblərini göstərməyib və belə halda əsasən qanun normalarına yanlış istinad edib.
43. Vüsal Məmmədovun Emin Abdullayevə və Adnan Hacızadəyə hücum edərək onlara kəllə, təpik və yumruqla zərbələr endirməsi nəticəsində bədən zədələri almalarına dair ifadələri müvafiq tibbi sənədlərlə, təqdim edilən fotoşəkillərlə, şahid ifadələri və hətta məhkəmə-tibb ekspertizasının rəyləri ilə təsdiq edilir. Bu zədələr Eminin və Adnanın bədənlərinin müxtəlif nahiyələrində aşkar edilib. Lakin məhkəmə hökmündə onlara xəsarətlərin kim tərəfindən yetirilməsi barədə heç nə deyilmir. Təbiidir ki, öz xarakterinə və lokalizasiya əlamətlərinə görə bu xəsarətlərin Vüsal Məmmədov tərəfindən özünümüdafiə şəraitində yetirilməsi mümkün deyildi. Bu sırf döymə əlamətləri idi. Məhkəmə nəinki bu xüsusatlara qiymət verməkdən, hətta onları şərh etməkdən belə yayınıb.
44. Müdafiənin təqdim etdiyi fotoşəkillərin sübut kimi qəbul edilməməsinin səbəbi məhkəmə hökmündə belə göstərilib:

«Məhkəmə baxışında müdafiə tərəfi məhkəməyə təqsirləndirilən şəxslərin fotoşəkillərini təqdim edərək, hadisə günü təqsirləndirilən şəxslər dostları tərəfindən Səbail RPİ-nin 39-cu PB- çəkildiklərini bildirmiş sübut kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin vəsatətlə bağlı fikrini dinləyərək belə qərara gəlir ki, təqdim edilmiş fotoşəkillərin Azərbaycan Respublikası CPM-nin 125.2.5. 125.2.8-ci maddəsinə əsasən prosessual hərəkəti aparmaq hüququ olmayan şəxs tərəfindən əldə olunması onların həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındığı əsası ilə sübut kimi qəbul edilməsinə yol verilmədiyindən həmin fotoşəkillər sübut kimi rədd edilməlidir».


45. Hakimin bu müddəası nonsensdir. Hüquq normaları ilə bu cür manipulyasiyalar yolverilməzdir və ədalətli mühakimə icraatının məqsədlərilə uzlaşmır. 39-cu Polis Bölməsinin inzibati binası ətrafında və onun daxilində fotoşəkil cinayət təqibi üzrə icraat həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq məqsədilə çəkilməyib və qanunun müəyyənləşdirdiyi istintaq hərəkətlərinə aidiyyəti olmayıb. Bununla belə bu fotoşəkillər mövcuddur və iş üzrə əhəmiyyətli halların təsdiq edilməsi üçün istifadə oluna bilər.
46. Adnan Hacızadə həmin fotoşəkillərin onun mobil telefonunun rəqəmsal kamerası ilə özü və dostu Nurəddin Babayev tərəfindən çəkildiyini göstərib və bu faktı N.Babayev təsdiq edib. Fotoşəkillərin həqiqiliyi, yaranma mənbəyi və əldə edilməsi halları heç bir şübhə doğurmur. İttiham tərəfi də onların həqiqiliyini təkzib etmək üçün heç bir arqumentə malik deyil. Bu şəkillərin çəkilmə vaxtı bəllidir. Onlarda Adnan Hacızadənin və Emin Abdullayev in bədənlərindəki xəsarətlər də əks etdirilir. Şəkillər çəkiləndən sonra hal-hazıra kimi onlar həbsdə olublar. Belə olan halda, hakimin CPM-nin 125.2.5. və 125.2.8. maddələrinə istinad etməsi yersiz və məntiqsizdir.
47. Məhkəmənin düşüncəsinə görə gərək müstəntiq Ziya Əliyev Emin və Adnanı 39-cu Polis Bölməsinə etap edib orada şəkillərini çəkəydi ki, onları sübut kimi qəbul etmək mümkün olsun.
48. Məhkəmə hökmündə daha sonra deyilir:

«Məhkəmə təqsirləndirilən şəxslər A.Hacızadə E.Abdullayev ifadə verərkən, ölkədə mövcud ictimai-siyasi vəziyyətlə bağlı söhbət edən zaman Babək Hüseynovun buna sərt reaksiya göstərərək, onları təhqir etməsi sonradan V.Məmmədovun yaxınlaşaraq əl ayaqla vurmasına dair göstərdikləri xüsusatları özünümüdafiə xarakteri kimi qiymətləndirir».


49. Əvvəla, məhkəmə hökmünün iqtibas gətirilən hissəsində qeyd edildiyi kimi, A.Hacızadə və E.Abdullayev ibtidai araşdırma və məhkəmə baxışı vaxtı Vüsal Məmmədovun tək əl və ayaqla deyil, həm də əvvəlcə kəllə ilə vurduğunu göstəriblər. İkincisi, A.Hacızadə və E.Abdullayevin bu ifadəsi digər şahidlərin (Qafarov Orxan Nadir oğlu, Atayev Pərviz Elşad oğlu və digərlərinin) ifadələri ilə də təsdiq edilir və işin faktiki hallarına tam uyğun gəlir.
50. Əksinə, Vüsal Məmmədovun Emin Abdullayev və yaxud Adnan Hacızadə tərəfindən vurulduğunu onun özündən, dostu Babək Hüseynovdan və müstəntiq Ziya Əliyevdən başqa heç kim təsdiq etmir.
51. Hakim öz qənaətlərini möhkəmləndirməkdən ötrü hadisəni bilavasitə müşahidə etmiş şahidlərin ifadələrinə belə münasibət bildirir:

«Məhkəmə şahid qismində dindirilmiş Qafarov Orxan Nadir oğlu, Atayev Pərviz Elşad oğlu, Əhmədli Bəhram Nazir oğlu, Babayev Nurəddin Azər oğlu Həsənov Ülvi Fəxrəddin oğlunun təqsirləndirilən şəxslərlə münasibətlərini nəzərə alıb, onların ifadələrinə qiymət verərək hesab edir ki, 08 iyul 2009-cu il tarixdə «Lebonese» restoranında təqsirləndirilən Abdullayev Emin Paşa oğlu Hacızadə Adnan Hikmət oğlunun V.Məmmədov B.Hüseynov tərəfindən döyülmələrini bu kimi göstərdikləri (?) xüsusatlar işin halları ilə, yəni digər şahid zərərçəkmiş şəxslərin ifadələri məhkəmə-tibb ekspertizasının rəyləri ilə inkar olunduğundan onların ifadələri qeyri-səmimi olmaqla təqsirləndirilən şəxsləri müdafiə xarakteri daşımışdır».


52. Bu fikirlə əlaqədar ilk olaraq onu qeyd etmək lazımdır ki, məhkəmə qüsurlu ənənəsinə sadiq qalaraq növbəti dəfə də işin hallarını təhrif etməkdən çəkinmir. Belə ki, nə Adnan Hacızadə və Emin Abdullayev, nə də ki digər şahidlər ifadələrində Babək Hüseynov tərəfindən döyüldüklərini göstərməyiblər. Hökmün iqtibas gətirilən hissəsində isə Babək Hüseynovun adı nədənsə Vüsal Məmmədovla eyni sırada çəkilir. Hökmdə qeyd edilən «bu kimi göstərdikləri xüsusatlar» dedikdə, məhz hansı xüsusatların nəzərdə tutulduğu aydınlaşdırılmır.
53. Bununla yanaşı hakimin ittihamları təkzib edən bütün ifadələrə Emin Abdullayevi və Adnan Hacızadəni «müdafiə xarakterli» hesab etməsi də anlaşılmazdır. Hadisəni görən və iş üzrə dindirilən hər bir şəxs yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilib. Onların hər biri bu məsuliyyəti dərk edərək məhkəmə önünə çıxıb və gördüklərini sərbəst ifadə ediblər. Bu şahidlərin ifadələrilə təqsirləndirilən şəxslərin ifadələri arasında ziddiyyət və işin faktiki halları ilə uyğunsuzluq olmayıb. Bu ifadələrin yalnız istintaqın gəldiyi nəticələri təkzib etdiyinə görə «özünümüdafiə» xarakterli hesab etmək ən azı qərəzlilik kimi qiymətləndirilməlidir.
54. V.Məmmədov və B.Hüseynov da rəfiqdirlər və onların da ifadələri cüzi fərqlərlə bir-birinə uyğun gəlir. İstintaqla sübuta yetirilməyib və məhkəmədə də təsdiq edilməyib ki, bu şəxslər özünümüdafiə instinktindən məhrumdurlar. Lakin məhkəmənin onların ifadələrini ehkam kimi qəbul etməsi, əksinə heç bir əsas olmadan müdafiənin şahidlərinin ifadələrini rədd etməsi qəbuledilməzdir. Məhkəmə ifadələrə bu cür qiymət verərkən nəzərə almayıb ki, Emin və Adnan restoranda onlarla bir masa arxaında əyləşən şəxslərlə heç də yaxın dost münasibətində olmayıblar və bəzilərilə elə orada tanış olublar. Həmin şəxslərin cinayət cəzası təhdidi altında yalan ifadə verərək Emin və Adnanı müdafiə etmələri mümkün deyildi.


Hüquq normalarının düzgün tətbiq edilməməsi
55. Birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan cinayət qanunu normasını tətbiq edib. Şikayətin əvvəlki bəndlərində göstərildiyi kimi, ibtidai araşdırma və məhkəmə baxışı vaxtı 8 iyul 2009-cu ildə axşam saat təxminən 19 radələrində «Lebonese» restoranında Adnan Hacızadə və Emin Abdullayev tərəfindən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasının mətnində göstərilən «ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər» törədilməsi halı baş verməyib və sübut edilməyib.
56. Cinayət məsuliyyətindən yayınmaq məqsədilə qərəzli ifadə verən və işin nəticəsi ilə maraqlı olan Vüsal Məmmədovdan və Babək Hüseynovdan başqa heç kəs restoranda söyüş söyülməsi və nalayiq ifadələr işlədilməsi halını təsdiq etməyib. Babək Hüseynovun ifadəsində göstərdiyi güya restoranda iki nəfər kənar qadının olması və onların narahatlıqla Vüsala və ona baxması halı digər şahid ifadələri, o cümlədən Vüsal Məmmədovun ifadəsi ilə ilə tamamilə təkzib edilib.
57. Vüsal Məmmədovun və Babək Hüseynovun hadisə vaxtı xəsarət alması təsdiq olunmur. O cümlədən, Adnan Hacızadə və Emin Abdullayev tərəfindən onlara nəinki xəsarət yetirmələri, heç müqavimət göstərmələri belə sübuta yetirilməyib.
58. Digər tərəfdən, Vüsal Məmmədovun hadisənin ertəsi günü «Baş beyin silkələnməsi» diaqnozu ilə xəstəxanaya müraciət etməsi sənədlərlə təsdiq olunsa da, bu xəsarətin harada və hansı şəraitdə aldığı da sübuta yetirilməyib. Eyni zamanda baş beyin silkələnməsi tamamilə yanlış olaraq səhhətə az ağır zərərvurma kimi qiymətləndirilib.
59. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tövsif məsələsində də səhvə yol verərək Adnan Hacızadənin və Emin Abdullayevin Azərbaycan Respublikası CM-nin 221.2.1. və 127.2.3. maddələrində nəzərdə tutulan cinayətləri törətməsinə dair yanlış nəticəyə gəlib. Beləliklə, məhkəmə Adnan Hacızadə və Emin Abdullayevin əməllərini qiymətləndirərkən işin hallarını nəzərə almayıb və tətbiq olunmalı olmayan maddi hüquq normalarını tətbiq edib.
60. Müdafiə tərəfi hesab edir ki, məhkəmə tətbiq olunmalı prosessual hüquq normasını tətbiq etməyib. Həm Adnan Hacızadə, həm də Emin Abdullayevə münasibətdə CPM-nin 42.1.2-ci maddəsi tətbiq olunmalı və onlra bəraət verilməli id.

Proosessual-hüquq normalarının digər pozuntuları
61. Bu iş üzrə hökmün tərtib edilməsində CPM-in normaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuşdu. Ali Məhkəmənin həmin qərarında deyilir:

«Hökmdə işin məhkəmə tərəfindən müəyyən edilən halları, o cümlədən, edilmiş əməlin motiv və məqsədi, habelə məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə müttəhim barəsində və ya müttəhimin bir neçə cinayət etməkdə ittiham olunduğu işlər üzrə işə baxılarkən , məhkəmə sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək hər bir ittiham üzrə və hər bir müttəhimin barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bu sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır».


62. Birinci instansiya məhkəməsi isə təqsirləndirilən şəxslərin lehinə verilən ifadələri əsassız olaraq rədd edib, məhkəmədə tədqiq olunan sübutları məcmu şəklində təhlil etmədən və onlara obyektiv qiymət vermədən, çıxardığı hökmü Vüsal Məmmədovun və Babək Hüseynovun işin faktiki hallarına uyğun olmayan qərəzli və ziddiyyətli ifadələri, habelə ekspert Məcid Məmmədovun qanunların tələbinə zidd qaydada verdiyi rəyi ilə əsaslandırıb.

Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiya əsasında malik olduqları

hüquqların pozulması
63. İbtidai araşdırma gedişində Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiyanın 5(1) maddəsinin «c» altbəndi, həmin maddənin 3 və 4-cü bəndləri, 6(2) maddəsi, 6(3) maddəsinin «b» və «c» altbəndləri, habelə 3-cü maddə əsasında malik olduqları hüquqların pozulması ilə əlaqədar təqdim edilən şikayətlər səmərəsiz olub və onlara uğur gətirməyib. Milli məhkəmələr həmin hüquqların pozulmasını tanımaqdan imtina edib və qeyd edilən maddələr üzrə ölkədaxili müdafiə vasitələri tükənib.
64. Bununla belə müdafiə tərəfi həmin pozuntuları işi tam həcmdə araşdıran birinci instansiya məhkəməsinin də nəzərinə çatdırıb və güman edib ki, məhkəmə ittihamlarla yanaşı Adnan Hacızadəyə və Emin Abdullayevə münasibətdə Konqvensiya hüquqlarının pozuntusu faktlarını da araşdırmağa səy göstərəcək. Lakin məhkəmə bu pozuntularla əlaqədar arqumentlərin tədqiqindən imtina edib. Əvəzində məhkəmə təqsirləndirilən şəxslərə münasibətdə yeni pozuntulara yol verib.
65. Konvensiyanın 6(3) maddəsinin «d» altbəndinə əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırılması dindirilməsi hüququna malik olmalıdır». Avropa Məhkəməsinin qərarlarına əsasən 6(3) maddənin «d» altbəndinin tələbləri təkcə şahidlərlə məhdudlaşmır, o, həm də sənədlərə şamil edilir.
66. Şikayətin əvvəlki əndlərində göstərildiyi kimi, birinci instansiya məhkəməsi:

  • Müdafiənin şahidləri qismində təqdim edilən 11 nəfər şəxsdən öz seçiminə əsasən yalnız birinin dindirilməsi ilə kifayətlənib, belə qərarın dəlilləri barədə müdafiə tərəfinə ağlabatan izah verməyib, digər 10 nəfərin dindirilməsindən nəyə görə imtina etməsinin səbəblərini açıqlamayaıb;

  • «Azercell» MMC-dən alınan mobil telefon danışıqlarının izahlı fakturasının surətini müdafiə tərəfinə verməkdən imtina edib və həmin fakturada qeyd edilən çoxsaylı telefon zənglərinin təqsirləndirilən şəxslərlə birgə təhlil olunmasına şərait yaratmayıb və vaxt vermədən məhkəmə iclası gedişində bu məsələyə münasibət bildirməyi tələb edib;

  • Araşdırmanın ilkin mərhələsindən başlayaraq Emin Abdullayevin və Adnan Hacızadənin Konvensiya və milli qanunvericilik əsasında malik olduğu hüquqları pozan və işin faktiki hallarını təhrif edən müstəntiq Ziya Əliyevi dindirməkdən imtina edib.


67. Qeyd edilən hər üç halda hakimin mövqeyi ədalət mühakiməsinin maraqlarına uyğun gəlmir və onlara xidmət etmirdi. İttiham tərəfinin təqdim etdiyi siyahı üzrə bütün şahidləri dindirən məhkəmə 6(3) maddənin «d» altbəndinin mətnində göstərilən «eyni olan şərtlər» prinsipini pozaraq tərəflərə bərabər münasibət göstərməyib. Belə yanaşma hər iki şəxsin Konvensiyanın 6(3) maddəsinin «d» bəndi əsasında malik olduqları hüququ pozurdu.
68. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz vəzifəsini heç də ittihamları obyektiv, tam və hərtərəfli araşdırmaqda, tərəflərin dəlillərini tədqiq etməkdə deyil, ittiham tərəfinin gəldiyi nəticələri nəyin bahasına olursa-olsun təsdiq etməkdə və təqsirləndirilən şəxsləri cəzalandırmaqda görüb.
69. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsasları müəyyənləşdirən 3-cü maddəsinə əsasən «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibini bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyəti yaradır». Həmin Məcəllənin 7.1. maddəsinə əsasən «yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət ya hərəkətsizliyə) onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə cəzalandırıla bilər».
70. Nəhayət, məhkəmə ölkədəki məhkəmə təcrübəsinə zidd olaraq cəza siyasətinin ümumi müddəalarına riayət etmədən, cinayət qanununun humanizm prinsipinin əleyhinə gedərək, zərər çəkən Babək Hüseynovun şikayətinin olmadığını və hadisənin faktiki nəticələrini nəzərə almadan təqsirləndirilən şəxslərə sərt cəzalar tətbiq edib.
71. Azərbaycan Respublikası CPM-nin 39.1.2. maddəsi əməldə cinayət tərkibi olmadıqda, cinayət təqibini istisna edir. Həmin Məcəllənin 42.1.2. maddəsinə əsasən «əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində bəraət hökmü çıxarılır». İşin faktiki hallarına və göstərilən normaların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq Emin Abdullayev və Adnan Hacızadə haqqında ittiham hökmü çıxarıb.
72. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.9.17 və 381.1.1-ci maddəsinə əsaslanaraq, həmin Məcəllənin 385 və 387-ci maddələrinin müəyyən etdiyi qaydada,
xahiş edirik:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.1, 399.1.2, 399.1.3 və 399.1.4-cü maddələrinə uyğun olaraq birinci instansiya məhkəməsinin mübahisələndirilən ittiham hökmünü ləğv etməklə:

  • əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Emin Paşa oğlu Abdullayev və Adnan Hikmət oğlu Hacızadə barəsində bəraət hökmü çıxarasınız;

  • onların Konvensiyanın 6(1) maddəsi və həmin maddənin 3-cü bəndinin «d» altbəndi əsasında malik olduqları hüquqların pozulmasını təsdiq edəsiniz.

Elton Quliyev İsaxan Aşurov

Əlavə: apellyasiya şikayətinin 5 sayda nüsxəsi.










Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə