Bakı Dövlət İqdisadiyyat və Humanitar Kolleci Sərbəst iş №: Adı: Elcan Soyadı: Bağırov



Yüklə 32,44 Kb.
tarix02.01.2022
ölçüsü32,44 Kb.
#41740
Bank statistikasının mahiyyəti(Elcan Bağırov)




Bakı Dövlət İqdisadiyyat və Humanitar Kolleci

Sərbəst iş №:

Adı: Elcan

Soyadı: Bağırov

İxtisas: Mühasibat uçotu

Qrup: 278

Kurs: 1

Fənn: Statistika

Mövzu: Bank statistikasının mahiyyəti



Ədəbiyyat: Natiq Cavadov «Statistika»

Əyyubova Natəvan «Statistika ümumi nəzəriyyə»

Hər hansı ölkənin maliyyə-bank sektorunun vəziyyətini analitik təhlil etmək üçün bir neçə əsas parametrə - maliyyə dərinliyi, maliyyə effektivliyi, maliyyə sabitliyi, maliyyə əlçatanlığı və ya inklüzivliyi kimi geniş maliyyə kateqoriyalarına nəzər yetirmək zəruridir. Bu kateqoriyaların özlərinin də bir neçə çoxsaylı subindikativ kateqoriyaları (özəl sektora kredit/ÜDM, depozit/ÜDM, özəl sektora kredit/depozit, faiz spredi, bank sektorunun kövrəklik indeksi, dövriyyənin kapitalizasiyaya nisbəti, hər min nəfərə düşən depozitorların sayı və s.) mövcuddur və bunlar dərin diaqnostik qiymətləndirmələrin aparılmasını tələb edir. Bu indikativ göstəricilərin nəticələri arasında bəzən ziddiyyətli nəticələr də ortaya çıxa bilər və burada inkişafın hansı parametr üzrə qiymətləndirilməsi daha çox həmin ölkənin maliyyə siyasətinin məqsəd və niyyətlərindən asılıdır. O da məlumdur ki, "resurs lideri iqtisadiyyat"larda xarici sektora bağlı makroiqtisadi transfersal risk məsələsi mövcuddur və mən maliyyə sektoruna da bu konteksdən baxmanın tərəfdarıyam. Ancaq bir neçə parametr vardır ki, hazırda bank sektorunun mövcud inkişaf dinamikası barədə təsviri təsəvvür yaradır. Məsələn, cari ildə bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı göstəriciləri üzrə dinamik trendlər ötən illə müqayisədə yüksəkdir. Belə ki, hazırkı tarixə sektorun aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 faiz artım nümayiş etdirib. Bütün çağırışlara baxmayaraq, bank sektoru rentabelli şəraitdə öz fəaliyyətini qura bilib və son bir ayda bank sisteminin xalis mənfəəti 15 faiz artaraq iyul ayının sonuna 428 milyon manata çatmışdır. Preventiv tədbirlərin nəticəsi olaraq, lisenziyası geri çağırılmış banklarla bağlı bu ilin əvvəlindən maliyyə əlçatanlığı parametrlərindən bank filial, şöbə, nümayəndəlik, xidmət vasitələrinin sayının, həmçinin maliyyə sabitliyinin elementlərindən sektorda işçi sayının azalması ilə müşahidə olunan resessiv trendlər stabilləşmiş və inkişaf fazasına qədəm qoymuşdur. İlin ilk 7 ayının nəticələrinə əsasən, maliyyə inklüzivliyi parametrlərindən müştərilərin bank hesablarının sayı Azərbaycanın bankçılıq tarixində ilk dəfə 20 milyonu ötmüş, bank müştərilərinin sayı isə 8 milyon 547 min 197 nəfərə çatmışdır. Bu göstəricilərin qeydə alınmasına anti-pandemiya tədbirləri çərçivəsində ödənilən müavinətlərin bank kartları vasitəsilə verilməsinin də təsiri olduğunu qeyd edə bilərik. İlin ilk 7 ayının göstəricilərinə əsasən, bankların kredit portfelinin həcmi 14 milyard 585 milyon manat ətrafında sabitləşib. İlin əvvəli ilə müqayisədə ümumi kredit portfellərinin həcmindəki azalma isə lisenziyası geri çağırılan banklarla əlaqədardır. Bununla belə, maliyyə bazarlarında sanasiya tədbirlərinin nəticəsi olaraq kredit portfellərinin keyfiyyət əmsallarında müsbət siqnallar qeydə alınıb.

- Kredit portfelinin ümumi həcmində qeyri-işlək kreditlərin miqdarı (NPL əmsalı) kredit portfellərinin ən əsas kvalitativ göstəricilərindən hesab olunur. İlk 7 ayın göstəricilərinə əsasən, qeyri-işlək kreditlərin ümumi kredit portfellərində xüsusi çəkisi 1 faizə yaxın azalmaqla 7,28 faizə enib. Qeyd edək ki, bu göstərici Azərbaycanda 2015-ci ilin neft böhranından sonra qeydə alınmış ən yaxşı göstəricidir və sektorun sağlamlaşdırılmasının əsas siqnallarından olmaqla yanaşı, bank sisteminin kredit portfellərinin risk yükünün və ümumi kredit faizlərinin azalmasına müsbət təsir edən amillərdəndir. Bu göstərici, həmçinin, 2017-ci ilin "neqativ bumu" ilə müqayisədə 2 dəfəyə yaxın azalma deməkdir ki, bu da öz növbəsində bank sisteminin kredit xərclərinin azaldılması və nəticədə aşağı kredit faizlərinin formalaşmasına, daha sağlam kredit hesabatlığı mədəniyyətinin formalaşmasına müsbət təsir edəcək. Əlbəttə, bu göstəricilərə uzunmüddətli və davamlı fəaliyyətin nəticəsi olaraq nail olmuşuq. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi gələcəkdə daha da yaxşı nəticələrə çatmağımıza səbəb olacaqdır və bunun üçün bank sisteminin kifayət qədər inkişaf potensialı mövcuddur.

- Bu ilin ilk 7 ayında banklarda yerləşdirilmiş depozitlərin həcmi 22,5 milyard manat ətrafında stabilləşmə nümayiş etdirir, fiziki şəxslərin əmanətlərinin həcmi isə 7 milyard 774 milyon manata yaxındır. Onu da qeyd edək ki, həm hüquqi şəxslərin depozitləri, həm də fiziki şəxslərin əmanətləri üzrə mart və aprel aylarında qeydə alınmış azalmanın əsas səbəbi lisenziyası ləğv olunmuş banklarla bağlıdır. Ötən il müşahidə olunan əmanətlərin və kredit portfellərinin dedollarizasiyası prosesi bu il də davam edib. Təkcə iyul ayı ərzində depozitlərin tərkibində manatın xüsusi çəkisi 1 faiz artmaqla 41 faizə çatıb ki, bu da xarici valyuta risklərinin kritiklik səviyyəsini zərərsizləşdirən vacib amillərdən hesab olunur.

- Son dövrlər bank sistemində ən mühüm islahat tədbirləri kimi Ani Ödənişlər Sisteminin (AÖS) pilot rejimində istifadəyə verilməsini, eləcə də kredit skorinqi xidmətinin istismara verilməsini qeyd edə bilərik. AÖS-nin pilot rejimində istismara verilməsinin monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən aparılan "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda icrası nəzərdə tutulmuş tədbirlərdəndir. Bu mexanizmin istismara verilməsi ölkədə yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi, ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədi daşıyır. Bu sistemlə fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında rəqəmsal ödəniş əməliyyatları 24/7/365 rejimində aparılacaq. AÖS-nin yaratdığı imkanlar iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, nağdsız cəmiyyətin formalaşdırılmasına təkan verəcək. Digər mühüm bir yenilik isə beynəlxalq metodologiyalara əsaslanan yeni Kredit Skorinqinin tətbiq olunmasıdır. Bu, kreditləşmə prosesləri üçün avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin tətbiqinə imkan verəcək.

Hər iki mexanizmin tətbiqi elə bir inkişaf prosesidir ki, bank xidmətlərindən istifadə edən hər bir kəs ödəniş və kredit ekosistemi üzrə xidmətlərin keyfiyyətinin artmasını öz həyatında birbaşa hiss edəcək.

- 2020-ci ildə pandemiyanın bankların kapital dayanıqlılığına mənfi təsirlərinin azaldılması məqsədilə prudensial çərçivə nisbətən yumşaldılıb, tənzimləyici nəzarət prosesləri üzrə güzəştlər verilib, kredit ekspansiyasına şərait yaradılması, rəqəmsallaşmanın təşviqi üzrə tədbirləri əhatə edən dəstək proqramı qəbul edilıb. Buna müvafiq olaraq bank sistemi də fəaliyyətini yeni şəraitə uyğun qura bilib. Həmçinin, pandemiyanın bank sisteminə təsiri bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini göstərir. Bununla belə, pandemiyanın yaratdığı yeni paradiqmalar bütün dünya ölkələri üçün rəqəmsal transformasiya istiqamətində daha sürətlə irəliləyən, əsaslı baza bank xidmətlərinə malik, dəyişikliklərə çevik uyğunlaşa, proqressiv inkişaf texnologiyalarını ölkəyə transfer edə biləcək bank sistemi dizayn etməyin həlledici əhəmiyyətə malik olduğunu göstərdi.

2014-cü ilin sonlarından dünya əmtəə bazarlarında neftin ucuzlaşması bu resursdan asılı olan ölkələrdə makroiqtisadi sabitliyi böyük risk altında qoydu. İqtisadiyyatında əhəmiyyətli diversifikasiyaya nail olmuş ABŞ, Birləşmiş Krallıq, Norveç, Kanada kimi ölkələrdən fərqli olaraq neftdən asılılığı yüksək olan ölkələr neft gəlirlərinin azalması fonunda iqtisadi böhran mərhələsinə qədəm qoydu. Rusiya, Venesuela, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Azərbaycan kimi ölkələr çox böyük çətinliklərlə üzləşdi: milli valyutaları dəyərsizləşdi, inflyasiya nəzarətdən çıxdı, maliyyə sektoru dayanıqlığını itirdi, valyuta ehtiyatları əridi və s. Bu ölkələr ilk dövrlərdə milli valyutasını və makroiqtisadi sabitliyini qorumaq naminə valyuta ehtiyatlarını sərf etdi, sonra isə bu ehtiyatı qorumaq üçün milli valyutasını ucuzlaşdırmalı oldu.   

İki dəfə kəskin devalvasiyaya getmək məcburiyyətində qalan Azərbaycanda 2015-ci ildə milli valyutanın məzənnəsi 50% ucuzlaşaraq 1 manat üçün 1.28 dollardan 0,65 dollara qədər düşdü. Sonrakı dövrdə milli valyutanın üzən məzənnəyə keçidi elan olunmaqla onun yumşaq ucuzlaşması davam etdirilsə də, 2017-ci ilin aprelindən faktiki olaraq 1 manatın rəsmi məzənnəsi 0,59 dollar səviyyəsində sabitləşib.

Devalvasiya ilk növbədə bank sektoruna zərər vurdu. Xarici valyutada götürülmüş kreditlərin geri qaytarılmasında yaranmış çətinlik bank sektorunun aktivlərinin pisləşməsinə gətirib çıxardı. Ölkədə fəaliyyət göstərən hər üçüncü bank və hər beşinci bank olmayan kredit təşkilatı bağlanaraq bazarı tərk etdi. Ölkənin ən böyük bankı olan, bank sektorunun 40%-ni təşkil edən Beynəlxalq Bank müflisləşmə təhlükəsi ilə üzləşdi. Dövlətin milyardlarda manat vəsaiti hesabına bu bankın aktivlərinin əhəmiyyətli hissəsi sağlamlaşdırıldı, xarici borc öhdəliklərini isə dövlət öz üzərinə götürdü. Dövlətin banklara müəyyən dəstəyi olsa da, dollar kreditlərinin qaytarılmasını banklarla müştərilərin üzərinə qoydu, nəticədə problemli kreditlər sürətlə artıb maliyyə sektorunu çətin vəziyyətə saldı.

Devalvasiyadan öncəki dövrdə kreditləşmənin artması sonradan azalma ilə müşahidə olunub. Artımın əsas səbəbi təkcə kreditin valyuta strukturunun dollarlaşması deyil, həmçinin bankların aktiv maliyyələşmə aparması ilə bağlıdır. Ancaq azalmaya səbəb problemli kreditlərin artması səbəbindən bank aktivlərinin qeyri-işlək hala düşməsi, müştərilərin dollar kreditlərinə marağının azalması, həmçinin manatın dollara münasibətdə nisbətən bahalaşmasıdır. Məsələn,  ticarət və xidmət sektoru üzrə kreditləşmədə 34,5%, inşaat və əmlak sektoru üzrə 82,2%, sənaye və istehsal sektoru üzrə 68,1%, nəqliyyat və rabitə sektoru üzrə 23,1%, kənd təsərrüfatı və emal sektoru üzrə 15,5%, istehlak kreditləşməsi üzrə 45,1% azalma qeydə alınıb. 



Kredit qoyuluşu həm milli, həm də xarici valyuta üzrə azalıb. Devalvasiya gözləntisi bankları milli valyuta üzrə kreditləşməni məhdudlaşdırmağa vadar edib. 2014-cü ilin sonlarından manatla kredit qoyuluşu azalmağa başlayıb, birinci devalvasiyadan sonra isə azalma daha da sürətlənib. Kredit qoyuluşunun dollarlaşması ilkin dövrdə xarici valyutada olan kreditlərin artımını şərtləndirsə də, devalvasiyanın bankların aktivlərini pisləşdirməsi kredit təşkilatlarını xarici valyutada olan kreditlərə məhdudiyyət qoymağa sövq etdi. Üstəlik, Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak krediti verilməsini xırda istisnalarla banklara qadağan etdi. Bank aktivlərinin əsas gəlir mənbəyinin – kredit qoyuluşunun azalması onların mənfəətinin də azalmasına gətirib çıxardı. Məlumat üçün bildirək ki, aktivlərdə kreditlərin payı 2013-cü ildə 73,5% olduğu halda, 2017-ci ildə bu göstərici 41,5%-ə qədər azalıb. Bu, o deməkdir ki, devalvasiyadan öncə bank sektorunun sahib olduğu hər 100 manatdan 73 manat 50 qəpiyi iqtisadiyyatın kreditləşdirilməsinə yönəldilirdisə, hazırda bu göstərici 41 manat 50 qəpiyə enib. Kreditlərin aktivlərə nisbətində kəskin düşmə bank sektorunun iqtisadi inkişafda, real sektorun dəstəklənməsində iştirak potensialının məhdudlaşdırılmasını nümayiş etdirir.  
Yüklə 32,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin