Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s.
İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər.
Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar.
B.e.ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr).
Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.
Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” (rusca “цифровая вычислительная машина”), “Elektron Hesablama Maşını — EHM” (rusca “Электронная Вычислительная Машина” — ЭВМ) və ya “hesablama maşını — HM” söz birləşmələrindən istifadə olunurdu.
Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946-cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır.
İlk dəfə olaraq məşhur fransız alimi Blez Paskal 1642-ci ildəcəmləyici maşın hazırlamışdır;
1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini (toplama, çıxma, vurma, bölmə) yerinə yetirən mexaniki arifmometr yaratmışdır. XIX əsrdən başlayaraq arifmometrlərdən geniş istifadə olunmağa başlandı.