NƏQLİYYAT AXINININ TƏRKİBİNİN EYNILƏŞDİRİLMƏSİ Nəqliyyat axınının tərkibinin eyniləşdirilməsi hərəkət sürətinin və yolun
buraxma qabiliyyətinin artmasına səbəb olur.
Bu məsələnin həll edilməsi üsullarından biri çox zolaqlı magistralların
hərəkət zolaqlarının xüsusiləşdirilməsi və marşrut nəqliyyatı üçün xüsusi hərəkət
zolağının ayrılmasıdır. Ancaq döngələrdə hərəkət zolaqlarını dəyişmək lazım
gəldiyindən və sürücülər qoyulmuş qaydaya əməl etmədiyindən zolaqlar üzrə tam
eyni tipli nəqliyyat axını yaratmaq mümkün olmur. Ona görə də nisbətən gərgin
istiqamətlərdə magistralları differensiallaşdırmaq lazım gəlir. Aydındır ki, bu üsulla
hərəkəti o vaxt təşkil etmək mümkün olur ki, küçə-yol şəbəkəsinin sıxlığı və
əvəzedici küçələrin sayı kifayət qədər olsun. Bundan başqa, magistralların
differensiallaşdırılması yük və sərnişin yaradan məntəqələrin yerləşməsindən
asılıdır. Göstərilən məsələnin həll edilməsi üsullarından biri də şəhərin mərkəzi
hissələrində yük avtomobillərinin hərəkətinin qadağan edilməsidir.
Bu məsələni həll etmək üsullarından biri də müxtəlif tipli avtomobillərin
konstruksiyalarının və istismar keyfiyyətlərinin bir-birinə yaxınlaşdırılmasıdır. Bu
məsələ, zolaqların differensiallaşdırılmasının mümkün olmadığı şəhərdən kənar
avtomobil yollarında, daha çətin həll olunur.
Bu sahədə avtomobillərin texniki vəziyyətlərinə daimi nəzarətin də böyük
əhəmiyyəti vardır.
Nəqliyyat axınının tərkibinin eyniləşdirilməsi məsələsinə baxdıqda, nəinki
müxtəlif hərəkət tərkiblərinin eyniləşdirilməsinə, həmçinin yerinə yetirilən
manevrlərin də eyniləşdirilməsinə baxmaq lazımdır. Məsələn, eyni zolaqda yol
ayrıcına gələn nəqliyyat vasitələri müxtəlif manevrlər etdikdə hərəkət sürəti və
hərəkətin təhlükəsizliyi azalır. Onun üçün də yol ayrıclarına girişlərdə yerinə
yetirilən manevrlərə görə hərəkət zolaqlarının xüsusiləşdirilməsi də göstərilən
məsələnin həlli üsullarındandır.
Nəqliyyat vasitələrinin hərəkət sürətinin eyniləşdirilməsi üsullarından biri də
yoxuşların sonunda kiçik sürətli nəqliyyat vasitələri üçün xüsusi zolağın
ayrılmasıdır. IN və Q-na görə əlavə zolaqlar o zaman inşa edilir ki, yoxuşun
mailliyi 40
0
/
00
-dən, uzunluğu isə 500
m -dən çox olsun.
Nəqliyyat axınının tərkibinin getmə məqsədinə görə eyniləşdirilməsi üsulu
da istifadə edilir. Bu məqsədlə, nəqliyyat axınının tərkibində yerli və tranzit
axınlarını ayırmaq lazım gəlir. Bu iki tip nəqliyyat axınlarını müxtəlif yollar və ya
müxtəlif hərəkət hissələri ilə buraxmaq lazım gəlir.