Yalanlar. Azərbaycan şifahi xalq yaradıcılığının öyrənilməmiş janrlarına da az da olsa rast gəlinir. Bunların biri də yalanlardır. Folklorda yalan problemi öz stereotiplərinə görə başa düşülən və başa düşülməyən, mənaaltı, sətiraltı və s. xüsusiyyətlərə malikdir. Məsələn, nağıllarda rast gəlinən «göydən üç alma düşdü» ifadəsi başa düşülən yalandır. Başa düşülməyən yalan isə həqiqət kimi verilir, mənaaltı xüsusiyyətə malik olur. Məsələn, nağıllarda keçəlin həqiqətəuyğun danışdığı yalanlara padşah inanr. Yalanlara folklorun əksər janrlarında rast gəlinir. İlk yalanların nağıllarda yer alması bu janrın əyləndirmə funksiyasından irəli gəlir. Yalan da əyləndirmək üçün söylənilir. Hətta təlxəklərin söylədiyi yalanlar da bu məqsədə xidmət etmişdir (Nağıllardakı keçəl ilə təlxəyin funksiyası eynidir).
Yalan da xalq yaradıcılığının öyrənilməmiş janrlarından biridir. Folklorda yalana ən çox nağıllarda rast gəlinir. Yalanın əsas mayası xalq gülüşüdür. Nağıllarda yalan xeyirxah məqsədlərə xidmət edir. Yalanın bir xüsusiyyəti də qarşı tərəfi inandırmaqdır. Yalanın əyləndirmək xassəsi ilə keçəl, təlxək obrazlarının dili ilə mətnlərdə funksiyalaşır. Xalq yaradıcılığında yalanı janrlaşdıran xüsusi mətn tipləri vardır.
Dualar. Tam öyrənilməmiş janrlardan biri də dualardır. Dualar iki və ikidən artıq alqışın birləşməsindən yaranan folklor janrıdır. Dualar öz funksiyasına görə müxtəlif ola bilər: xeyir-dua vermək, yaxşılıq arzulamaq, uğur, xoşbəxtlik gətirmək və s. məqsədlərlə bağlı olur. Bundan başqa dini dualar da bəd-nəzərdən qorunmaq, xoşbəxtlik gətirmək üçün istifadə olunur. Bütün duaların kökündə inam durur. Onun ən bariz nümunələrinə «Kitabi-Dədə Qorqud»da rast gəlinir. Dədə Qorqudun yumlarındakı alqışlar birləşərək dua şəklində ifadə olunur.
Dua sözü bir neçə məqamlarda işlənə bilir. Məsələn, xeyir-dua vermək mənasında, yaxşılıq və uğur diləmək mənasında, yas mərasimində dua vermək mənasında və s. Bunlarda duanın konkret mənası aydın başa düşülür, onun funksiyası izah olunur. Dua ikidən artıq alqışın birləşməsindən əmələ gələn janr kimi qiymətləndirilir. Bu isə həmin janrın mürəkkəb quruluşa malik olmasını da göstərir. Alqışla duanın sərhədlərinin müəyyən olunması janrın öyrənilməsinə kömək edər. Belə demək olar ki, alqışda bir arzu ifadə olunursa, dua çoxlu arzuların birləşməsi, bir məzmunda ifadə olunması nəticəsində əmələ gəlir. Lakin alqışdan duaya keçid də baş verə bilər. Məsələn, «Səni görüm xoşbəxt olasan» kimi ifadələrdə alqışla duanın sərhədini məzmuna görə fərqləndirmək mümkündür. Əgər ata qızına «Səni xoşbəxt olasan» deyib xeyir-dua verirsə, bu zahiri cəhətdən dua olsa da, atanın alqışıdır. Bu isə alqışla duanın arxaik mənasının eyni olduğunu göstərir.
Cadu. Caduya da folklorun kiçik janrlarından biri kimi yanaşmaq olar. Cadunun məzmununda insan psixikasına təsir göstərmək, onun semantikasında kiminsə iradəsindən asılı olmaq kimi mənfi hallar görünür. Cadu qara magiya ilə birbaşa bağlıdır. Folklor mətnlərində cadu kiminsə dilini-ağzını bağlamaq, onu neytrallaşdırmaq və s. xüsusiyyətlərə malikdir. Xüsusi olaraq cadu mətnləri vardır ki, onlar da dualar adlanır. Deməli, dua öz struktur funksiyasına görə cadu ilə də bağlıdır. Məsələn, «Qurd ağzı bağlamaq» üçün xüsusi duaların mətnləri vardır. Bu mətnlərdə dua cadunun janriçi funksiyasına daxildir. Bu da duanın janriçi (əfsun, alqış, cadu və s.) əlaqələrdə də rol oynadığını göstərir (əfsun-dua, alqış-dua, cadu-dua).
Caduların ilkin təsəvvürdə qəbul olunmuş magik xüsusiyyətləri onların bənd edildiyi fetişlərlə bağlıdır. Cadularda fetişin rəmzi kimi predmetin özü iştirak edir. Məsələn, araya ayrılıq salmaq üçün qurd yağından istifadə olunur. Deməli, qurd yağının fetişin rəmzi kimi istifadə olunması qurdun totem olmasını işarələyir. Yaxud qəbiristanlıqdan 40 günlük ölünün başdaşı tərəfdən torpağın götürülməsi və hər hansı qapı ağzına basdırılması həmin ailəyə cadu edilməsi kimi başa düşülür. Burada ölü kultuna olan işarə ilə həmin ailəyə bədbəxtlik gətirilməsi istənilir. Deməli, ölü, başdaşı cadunun rəmzləşmiş ünsürüdür. Lakin mifoloji təsəvvürlərdə də rəmzlər həm müsbət, həm də mənfi çalarlı olub özünün ənənəvi strukturunu yaratmışdır. Rəmzlərin sistem təşkil etməsi onun poetikləşməsinə də təkan olmuşdur. Cadu özünün poetikası ilə simvollaşır. Məsələn:
Ey Əqrəb bürcü,
Bu cavanın gözünün işığını
Balıq bürcündən al qaytar özünə
Qoy gözləri anadangəlmə olsun.
– misralarında Balıq bürcü zülmətin, qaranlığın simvolu, Əqrəb bürcü isə insanların dostu, hamisidir. İki simvolun qarşılaşdırılması mətnin poetik imkanlarını da artırır (poetik simvollar sətiraltı mənalardadır).
Azərbaycan folklorunun kiçik janrlar üzrə təhlil edilməsi imkanları janrın funksionallığının başqa metodlar üzərində də tədqiqinə yol vermiş olar. Tədqiqatlardan da aydın olur ki, ilkin əməklə bağlı yaranan nəğmələr və məişət həyatı ilə bağlı yaranan nəğmələr struktur-semantik funksiyalarına əsasən seçib, modellər üzrə qruplaşdırıb təhlil etmək olar. Kiçik nəğmə janrlarının spesifikası və inancların, andların, alqış və qarğışların, əfsun və falların, duaların, türkəçarələrin, cadu və yalanların semantikasındakı yaxınlıq tədqiqata yeni metodların tətbiqini tələb edir.
Ümumiyyətlə, folklor janrlarının geniş strukturu, növ və tipləri vardır. Əgər belə demək mümkün olarsa, hər yaşa uyğun olan janr tiplərinə Azərbaycan folklorunda rast gəlmək mümkündür. Azərbaycan folklorunun janr özünəməxsusluğunu nəzərə alıb uşaq folklorunun janr xüsusiyyətlərindən də danışmağı məqsədəuyğun hesab edirik.
Yuxu. Etnopsixoloji düşüncədə yuxunun dərk edilməsinin tarixi ən qədim mifoloji dövrlərə gedib çıxır. İlk dövrlərdə yuxunun ibtidai insanlar tərəfindən şüurda kortəbii proseslərin əks-sədasının nəticəsinə əsaslanırdı. Belə yuxular bədii düşüncədən keçərək özünəməxsus təhkiyə yolu ilə psixoloji dərketmənin izahına gətirib çıxarırdı. Bu zaman insan şüurunda yaranan qorxu hissi bu prosesin – yuxunun təsirli olmasına səbəb ola bilirdi. Qorxu və hiss-həyəcanlar ibtidai insanlar üçün hər hansı fövqəladə qüvvəyə inam hissini əmələ gətirirdi. Müasir dövrdə yuxunun izah olunmasında psixoloji, tibbi, ruhi və s. yollar əsas rol oynayır. Yuxugörmə daha çox beyinlə bağlı olduğu üçün onun izahında da bioloji biliklər, insan anatomiyası həlledici rol oynayır. Bununla bərabər psixologiya elminin son illərdə qazandığı nailiyyətlər də yuxugörmənin başvermə səbəblərini öyrənməyə kömək edir. Xüsusi olaraq ekstrasenslərin, hipnozçuların beyin qabığına təsir etmə bacarığı da fenomenal hadisələrin baş verməsinin tibbi-bioloji səbəblərinə aydınlıq gətirir. Təbii yolla yuxugörməyə təsir edən səbəblərlə hipnoz yolu ilə yatan insanın beyin qabığında əmələ gələn kənar qıcıqlandırıcı təsir arasında hansısa bir əlaqənin olması düşündürücüdür.
İlk sözün yaranmasına qədərki dövrdə insanların ünsiyyət vasitəsi psixoloji səslər və müəyyən titrəyişlər idisə, fikrin ifadəsi vasitəsi ideoqram, piktoqram və s. idi. Qədim insanı onu əhatə edən təbiətlə ilk təması müəyyən həyəcanların, hisslərin və psixoloji səslərin, ən qədim yazı növlərinin yaranması və s. kollektiv yaradıcılığa təkan verirdi. İlk «dilin», «nitqin» bütün mədəniyyətlərdə eyni olması insan təfəkkürünün sosial-tarixi inkişafının eyni səviyyədə getməsi demək idi. İlk ibtidai insanların genetik-folklor xüsusiyyətləri kollektivçilik ənənəsində inkişaf edərək etnososial mahiyyət alana qədər instinktiv şüura əsaslanmışdır. Bu proses Azərbaycan təbii-tarixi mühitində də olmuşdur. Təkcə onu qeyd edək ki, Azıx mağarasının geoloji təbəqələrində ilk Azıx insanının şüurunun məhz bu səviyyələrdə olması barədə dəfələrlə deyilmişdir. İbtidai insanların ilkin folklor görüşlərinin öyrənilməsi də məhz onların mağara dövrünün «incəsənəti»nin öyrənilməsini nəzərdə tutur.
İlk insanlar yuxunun mənasını izah etmək üçün sözdən istifadə etmişlər. Bu, ən qədim dövrlərdə insan şüurunun psixikasının doğurduğu hiss-həyəcanları ifadə etmək üçün «ilk sözə» ehtiyacdan irəli gəlirdi. Belə nəticəyə gəlmək olar ki, sözyaranma prosesi psixoloji durumla bağlı olmuşdur. Bizə belə gəlir ki, ən qədim dövrlərdə yuxugörmə prosesi ilə onun nəql edilməsi arasında müəyyən zaman çərçivəsi olmuşdur. İlk insan gördüyü yuxunu sözlə ifadə edənə qədər təhtəlşüurun zaman çərçivəsində olmuşdur. Bu zaman çevrəsində o, yuxudakı hadisələri obrazlaşdırmış, ona öz təfəkküründə inanc formalaşdırmış və nəqletmə ehtiyacı yarananda bildiyi ilk söz və hərəkətlərdən istifadə etmişdir.
İlk insanların gördükləri yuxuları sistemləşdirmək sonrakı dövrlərin işidir. Bu zaman onları bu yuxuları mövzu və məzmuna görə qruplaşdrır, yuxuyozma ilə məşğul olurdular. Bu, artıq qəbilə quruluşunun tam formalaşdığı zamana düşür. İlk mifoloji biliklər də qəbilə həyatı dövründə yaranmağa başlayır.
İlk yuxunun görülməsi tarixi bəlli olmasa da, yuxunun fizioloji səbəbi kimi həyatda olan səs, söz və hərəkət prosesinin insan yuxuda olarkən doğurduğu rezonansı göstərmək olar. Belə demək olarsa, yuxu psixi, ruhi, fiziki, bioloji və s. proseslərin məhsuludur. Yuxugörmənin səbəbləri isə həddindən artıq çox olduğuna görə onun qruplaşdırılması da çətindir. İnsan kosmik varlıq olduğu üçün təbiətdənkənar yuxuları, məsələn, «kosmik yuxuları» yuxu – paralel dünya ilişgiləri ilə bağlamaq olar. Bu isə qədim insanın təhtəlşüurunda yatıb qalan gen informasiyasının doğurduğu əks-səda kimi maraq doğurur. Yəni ibtidai insanın mənşəyinin başqa qalaktikadan olduğunu söyləyiriksə, onda belə yuxuların da səbəbi həmin gen informasiyasıdır.
Yuxugörmənin strukturunda bir çox elementlər iştirak edir ki, bunların da ən birincisi gözdür. İnsan gözünün yuxu prosesində oynadığı rol bu orqanın bir çox bizə məlum olmayan sirləri ilə bağlıdır. Fenomenal bir hadisə kimi göz yaddaşının yuxugörmədə oynadığı rol hələ açıqlanmamışdır. Ola bilər ki, gözün yaddaşında insanın həyatındakı hadisələr müəyyən zaman çərçivəsində qorunub saxlansın. Əgər insanın bioşüuru 30 – 40 ilin hadisəsini qoruyub saxlaya bilirsə, bu proseslərin gözdə də qalması mümkündür.
Yuxugörmədə əsas faktor ruhun fəaliyyətidir. İnsan yatarkən yuxugörmə zamanı onun ruhu bədəndən ayrılır, məkansızlıq və zamansızlıq şəraitində dövr edir. Bunu təsdiq edən çoxlu folklor mətnləri də vardır. Belə mətnlərin birində birisi yuxuda olarkən dostu onun burnundan bir milçəyin çıxıb uçduğunu, bir müddətdən sonra yenə qayıdıb buruna girdiyini, onu oyadarkən yoldaşına yuxu gördüyünü, yuxunun yarımçıq olduğunu söyləyir.
Yuxu zamanı şüur fəaliyyətdə olmur, insanın psixikası şüursuzluq vəziyyətində öz funksiyasını davam etdirir. Yuxu zamanı insanın ruhu və şüuru özündə olmursa, deməli, «Dədə Qorqud»da deyildiyi kimi, bu, kiçik ölümdür.
Yuxuya fasiləsizlik və təkrarlanmaq xassələri xasdır. Yuxunun bütün modelləri insan şüurunun alt qatında yatıb qalmaqdadır. Bizim gördüyümüz bütün yuxuların kiçik modelləri şüurumuzun alt qatında donmuş vəziyyətindədir. Gündəlik həyatda həmin kiçik modellərə uyğun nəsə baş verirsə, alt qatdakı modelləşmiş yuxu informasiyası beyinə ötürülür və gündüz baş verən hadisəyə uyğun şəkil alır.
Yuxunun vacib bir funksiyası da xəbərvermədir. Yuxu həyatımızda nəyinsə baş verəcəyindən bizi xəbərdar edir. Bu isə yuxunun qabaqcadan psixoloji dərketmə imkanına bağlı olduğunu göstərir.
İslam dinində yuxugörmənin izahı tamam başqa cürdür. Yuxular Allahın iradəsi ilə insanların yuxusuna göndərilir. Onlara həyatda necə yaşamağı başa salır. Peyğəmbərimiz (s) Məhəmməd Mustafaya yuxuda vəhylər göndərilmişdir ki, bunlar da quranda təsbit olunmuşdur. Belə yuxulara peyğəmbər yuxuları da deyilir.
İnsanın gördüyü yuxular rəngarəngdir. Yuxunun növləri arasında aydın görünən yuxular və tutqun görünən yuxuları da qeyd edə bilərik. Yuxulardakı informasiya sıxılmış informasiyadır. Yuxudakı hadisələr bəzən insanın həyatında günlərlə davam etsə də, yuxugörmədə bu prosesin çox qısa zaman ərzində başa çatmasının şahidi oluruq. Bu halı daha çox məişətimizlə bağlı olan yuxularda hiss edirik. Məişətimizlə bağlı olmayan, izahı çətin olan kənar yuxularda isə bu sıxılma zamandan kənar olan təsirə əsaslanır. Belə yuxularda da sıxılma vardır, lakin bu sıxılmış informasiya daha dərinliklərlə bağlı olub, 3 – 5 qat, bəlkə də daha artıq sıxılmadır.
Aydın görünən yuxularda sıxılma bir qat ola bilirsə, tutqun yuxularda bu sıxılmanın ölçüsü dəfələrlədir. Bu cəhətdən, yəni informasiyanın sıxılması səbəbindən yuxu ilə mif arasında da bağlılıq görünür. Bildiyimiz kimi, mifdə informasiya sıxılmış vəziyyətdədir, vaxt ölçüsünə görə də yuxu ilə mif arasında zaman müddəti çox yaxındır. Mifi də söz izah edir, yuxunu da sözlə ifadə edirlər. Yuxunun fizionomiyası ilə mifin fizionomiyası arasında da bizə bəlli olmayan oxşarlıqlar vardır.
Yuxu sinkretik bir hadisədir. Əvvəlcə yuxunun görülməsi üçün sosial şərtlər hazırlanır. Sonra lazım olan bilgilər yuxu informasiyaları şəklində beyinə ötürülür. Bu informasiyalar beyində şəkilləşir və göz yaddaşına verilir, elektromaqnit və ya dalğavari şüalarla əks olunur. Bu, yuxunun fiziki quruluşunu təyin edir. Yuxunun maddi-mənəvi quruluşu isə onun izah olunması, nəyi əks etdirməsi, uğurlu və ya uğursuz olması, söylənməsinin mümkün olub-olmaması kimi xüsusiyyətlərlə bağlıdır.
Yuxu insan şüuruna tabe olmayan fizioloji hadisədir. Ruhun ikinci bir fəaliyyət sferası fiziki cisimdən ayrılandan sonra doğmalarını pozitiv və neqativ hadisələrdən xilas etmək üçün informasiyaları yuxu vasitəsilə ötürməsi ilə bağlıdır. Yuxu vasitəsilə verilən bu informasiyalar söz materialına çevrildikdən sonra bədii təhkiyə yolu ilə folklor mətni şəklini alır.
Yuxular folklor mətni olsa da, kollektiv yaradıcılıq süzgəcindən keçmir və fərdi xarakter daşıyır və şifahi xalq ədəbiyyatı nümunələrindən yaradıcılıq üslubuna görə fərqlənir. O, kollektiv ifadan əvvəlki mərhələnin xüsusiyyətlərini saxlayır.
UŞAQ FOLKLORU
Hər bir folklor nümunəsi estetik zövqün inkişaf etdirilməsinə xidmət göstərir. Folklorda estetiklik xüsusi kateqoriyadır. Estetik zövqün inkişaf etdirilməsində uşaq folkloru da böyük önəm daşıyır. Folklorun böyüklər üçün nə dərəcədə estetikliyə malik olması uşaqlara da aid ola bilər. Estetika həm də tərbiyə ilə bağlıdır. Uşaq folklorunun da uşaqların tərbiyəsində rolunun müəyyənliyi onun estetiklik dərəcəsindən asılıdır. Məsələn, laylanın estetik gözəlliyi onun lirizmində, poetikasındadır, ifadə etdiyi mənəvi dəyərlərlə ölçülür.
Uşaq folklorunun ən zəngin nümunələri lirik, epik və dramatik növlər üzrə yaranmışdır. Uşaq folklorunun yaranması, xüsusiyyətləri, üslubu, forması və s. cəhətlərinin öyrənilməsi rus folklorşünaslığında elmi təhlilini almışdır.
Uşaq folkloru nisbi anlayışdır. Belə folklor nümunələrini də böyüklər yaradır. Uşaq folkloru adı altında sistemləşdirilən bədii yaradıcılıq nümunələrini ayırmaq, janr xüsusiyyətlərini tədqiq etmək, növlər üzrə təyin etmək bir qədər çətinlik törədir. Məsələn, lirik növdə yaradılan uşaq folkloru janrı sadə xüsusiyyətələrə malikdir, amma uşaq oyunlarını hansı növə aid etmək, onun janr xüsusiyyətlərini tapmaq isə mürəkkəb məsələdir. Uşaq oyunlarının xüsusiyyətləri orada primitiv də olsa, dramatik ünsürlərin olduğunu aydın göstərir. Uşaq oyunları Azərbaycan folklorunda geniş yayılmışdır. Buna görə də oyunları ayırarkən belə qənaətə gəlirlər ki, həm oyunlarla bağlı bədii mətnlər, həm də bunlardan asılı olmayaraq uşaq repertuarında ifa olunan nümunələr vardır.
Azərbaycan uşaq folklorunun hər üç növündə uşaqlar üçün janr təsnifatını aparmaq olar. Lakin uşaq janrlarında özüməxsusluq vardır. Onlara digər janrlarda rast gəlmək olmur. Buna görə də uşaq folklorunu böyüklərin uşaqlar üçün yaratdığı folklor və uşaqların özlərinin yaratdığı folklor (bu ifadə dəqiq səslənməsə də, kiçik janrların, uşaq oyunlarının məzmununu əhatə etdiyi üçün şərti mənada işlədirik) kimi baxa bilərik. Prof. A.Nəbiyev də V.P.Anikinin təsnifatına əsaslanaraq uşaq folklorunu üç qrupa bölür:
1. Böyüklərin uşaqlar üçün yaratdığı nümunələr;
2. Böyüklər tərəfindən yaranıb zaman keçdikcə uşaq folkloruna çevrilmiş nümunələr;
3. Uşaqların özləri tərəfindən yaradılmış nümunələr.
Uşaqlar üçün yaradılan nümunələr içərisində elələri vardır ki, onları şərti olaraq uşaq folkloru adlandırırlar. Məsələn, laylalar, şamalar analar tərəfindən balarına oxunan kiçik həcmli nəğmələrdir. Bu tipli nəğmələrin funksiyası uşağı tərbiyə etmək, onlara ana sevgisi, Vətən məhəbbəti və s. aşılamaqdır. Rus tədqiqatçılarından N.İ.Kravtsov, S.Q.Lazutin isə yalnız uşaqların özləri tərəfindən yaradılan və ifa olunan bədii yaradıcılıq nümunələrini uşaq folkloru hesab edirlər. Bu fikrə bir çox mütəxəssislər də şərik çıxırlar (N.P.Andreyev, V.İ.Çiçerov).
Rus folklorşünaslığında «böyüklərin uşaqlar üçün yaratdığı nümunələrin» uşaq folkloruna aid edilməsinə Q.S.Vinoqradov, N.P.Andreyev, N.İ.Kravtsov, S.Q.Lazutin etiraz edərək laylaları, oxşamaları uşaq folkloru nümunəsi yox, sərbəst yaradıcılıq hesab edirlər. A.Nəbiyev isə V.P.Anikinin yuxarıdakı təsnifatını Azərbaycan uşaq folkloru üçün dəyərli hesab edərək onların qarşılıqlı öyrənilməsini vacib hesab edir və yazır ki, böyüklərin uşaqlar üçün yaratdığı laylalar, oxşamalar və düzgülərdə onları əzizləmə duyğusu nəzərə çarpır. Azərbaycan uşaq folklorunda ikinci qrupa aid edilən böyüklər tərəfindən yaranıb zaman keçdikcə uşaq folkloruna çevrilmiş nümunələr çox zaman birinci qrupa aid edilərək böyüklərin uşaqlar üçün yaratdığı nümunələri geridə qoyur. Belə ki, ikinci yaranan nümunələr böyüklər üçün adiləşir, uşaq təfəkkürünə daxil olur. Çünki belə nümunələr müəyyən inkişaf mərhələsində böyüklər tərəfindən həyatı dərketmə prosesində yarandığından, onların şüurlu fəaliyyəti nəticəsində öz ilkinliyini itirir, uşaqların fiziki, əqli, zehni, mənəvi inkişafını şərtləndirən nümunələr kimi dildə qalır. Belələrinə sanamalar, sayqaclar, yanıltmaclar, çaşdırmalar və s. misal ola bilər.
Lakin diqqətlə yanaşılsa, böyüklərin uşaqlar üçün yaratdığı nümunələrdə uşağın yaşına və yaş psixologiyasına uyğun gələn stereotiplər vardır. Və müəyyən zaman keçdikdən sonra bu nümunələr uşaq hafizəsinə keçir, əzbərlənir, müəyyən məqsədlər üçün istifadə olunur. Azərbaycan uşaq folklorunun təsnif edilməsində də məhz bu xüsusiyyətlər əsas götürülərək onlara uşaq folkloru janrı kimi yanaşmağa əsas verir. Belə nümunələrə Azərbaycan folklorunda çoxlu sayda rast gəlinir, laylalar, oxşamalar, əzizləmələr və arzulamaları çıxsaq, düzgülər, yanıltmaclar, sanamalar, tapmacalar böyüklər tərəfindən yaradılsa da, onları yaşadan, ifa edən balacalardır. Çünki burada subyekt və obyekt əlaqələri vardır. Böyüklər özləri üçün layla yaratmamışlar, laylanın obyekti körpə uşaqdır, bu fikri o biri janrların hər birisi üçün demək olar. Böyüklərin uşaqlar üçün yaratdığı bu nümunələrdə bir əzizləmə duyğusu, motivi vardır. Bu əzizləmə arxasında ananınmı, bacınınmı, babanınmı uşağa sonsuz qayğısı, məhəbbəti, onu sağlam, xoşbəxt, böyük və gözəl, ağıllı və qeyrətli görmək istəyi əks olunmuşdur. Uşaqların yaş səviyyəsinə uyğun gələn folklor nümunələri içərisində elələri vardır ki, onların janr xüsusiyyətlərinə görə təsnif edəndə yuxarıdakı bölgü dəyişir. Məsələn, oyun və nağıllarda daha ilkin dövrlərlə səsləşmə olduğundan uşaq təfəkkürünü inkişaf etdirmək baxımından və uşaqlar üçün əhəmiyyətinə görə onları xüsusi təsnif kateqoriyasına daxil etmək lazım gəlir. Bu da ondan irəli gəlir ki, bəşəriyyətin ilkin çağlarındakı bu nümunələr mifoloji ədəbiyyatda adlandırıldığı kimi, «uşaqlıq dövrünün məhsulu»dur. Bu, xüsusilə uşaq nağıllarına aid bir prosesi özündə əks etdirir. A.Nəbiyev yazır ki, «çünki bu nümunələrdə, xüsusən oyun və nağıl tiplərində daha ilkin təsəvvürlərin mühafizə edilmiş izləri nəzərə çarpır. Vaxtilə böyüklər tərəfindən yarananlar bəlkə də ibtidai insanın özünün inkişaf prosesində yaratdığı ilk nəğmələr, nağıllar və oyunlardır» (23, s.13).
Bütün bunlara rəğmən, ilkin uşaq folklorunun janrları içərisinə yaxın olan laylalar, oxşamalar və əzizləmələri beşik nəğmələri adı altında qruplaşdırmaq olar. A.Nəbiyevin fikrinə görə, «beşik nəğmələrindəki ahəng və ritmlərdə milli düşüncənin ilkin notları, ladları vardır. Bu nidalar altında tərbiyələnən körpələr hələ gözünü açmamış, qəhrəmanlıq, saflıq, doğruçuluq, düzgünlük kimi dəyərlər sisteminin sədaları altında böyüyür, bu səslər sistemi uşaq xarakterini formalaşdırır» (23, s.12).
Uşaq folklorunun yaranma prosesi iki yolla inkişaf edir: 1) kortəbii yaradıcılıq prosesi vasitəsilə. «Bu o deməkdir ki, uşaq folklorunun bir sıra nümunələri müəyyən əmək və oyun prosesində ayrı-ayrı uşaqlar tərəfindən oyunun, görülən işin ümumi ritminə, ahənginə uyğun yaranır, elə oradaca uşaqlar arasında yayılır, təkrar olunur. Təkrar prosesində yeni-yeni variantlar düzəlir və beləliklə coşğun yaradıcılıq prosesi başlanır» (23, s.16).
İkinci inkişaf yolu fərdi yaradıcılıqla bağlıdır. Həyatda ən çox sevilən, məişətdə insanları əhatə edən heyvan, quş, predmet və s. haqda bir şəxsin qoşduğu bədii nümunənin cilalanaraq hamı tərəfindən qəbul edilən şəklə salınması nəticəsində meydana çıxan nümunələr uşaq folklorunun inkişafında əhəmiyyətli rol oynaya bilər. Bura uşaq şairlərinin şeirləri də daxil ola bilir.
Uşaq folklorunda əsas obyekt uşaqdır, uşaq folklorunun özünəməxsus özəllikləri, obyekti, mövzusu vardır. Bütün bu xüsusiyyətlər onun janryaratma qabiliyyətini də üzə çıxarmağa kömək edir. Janrlar isə lirik, epik və dramatik növ içində formalaşır. Bu növlərdə yaranan janrlar bir-birindən tamamilə fərqlənir, həm şəkli cəhətdən, üslub cəhətdən, həm də forma cəhətdən janrları bir-birindən asanlıqla fərqləndirmək olur. Uşaq folklorunda köhnə janrlar yeni janrları da əmələ gətirə bilir. Lirik və epik növdə janrlar müxtəlif tipli janrlar silsiləsini formalaşdırır, dramatik növün janrları bir tipli nümunələri əhatə edir. Bunlar, əsasən, oyunlardır. Epik növdə isə janryaratma zəif hiss olunur. Epik növün janryaratma funksiyası lirik və dramatik növ arasında ortaq, müştərək mövqeyin yaranması ilə xüsusiləşir, belə janrların xüsusiyyətinə həm lirik, həm də dramatik üslubda nümunələr yaratmaq qabiliyyəti daxildir. Bu tipli janrın izlərini uşaq nağıllarının da içərisində araya bilərik. Bu isə onu göstərir ki, uşaq folkloru janrları ilə folklor janrları arasında qarşılıqlı əlaqə də mövcuddur. Uşaq folkloru janrlarına iri janrların tərkibində də rast gəlmək mümkündür. Məsələn, nağılın içində laylaya, oxşamaya rast gəlinməsi janrlararası əlaqəni tədqiq etmək üçün yetərli ola bilər. Nağılın içində sabitləşən uşaq folkloru daha arxaik ibtidai təsəvvürü əks etdirdiyindən onun nağıldan ayrılaraq müstəqil janr kimi formalaşmasını və böyüklər tərəfindən yaranıb sonradan uşaq düşüncəsinə ötürüldüyünü güman etmək olar. «Uşaq folklorunun janr sistemi göstərir ki, ümumiyyətlə, xalq yaradıcılığının janrlar sistemində bir törəmə qanunauyğunluğu mövcuddur» (23, s.20). A.Nəbiyev həmin qanunauyğunluğu nəzərə alaraq əvvəlcə kiçik janrların yaranmasını, bir janrdan başqa bir janrın törəməsini, sonra onların bir-birini assimilyasiya edərək paralel yaşadıqlarını, yeni janrların bu yolla əmələ gəldiyini göstərir. Beləliklə, janrlar zəncirvari yolla bir-birini törədə-törədə ağız ədəbiyyatının janr sistemini əmələ gətirmişlər. Buna görə də ağız ədəbiyyatının inkişaf yollarını öyrənmək üçün kiçik janrları tədqiqata cəlb etmək lazımdır. Çünki ibtidai insanların bədii şüuru ilk dövrlərdə kiçik ölçülü bədii parçaları yaratmağa qabil olmuşdur, sonradan mürəkkəb tərkibli söz və ifadələrdən istifadə olunması praktikası özünü göstərmişdir. Beləliklə, təsəvvür etmək olar ki, uşaq folklorunun bir sıra janrları vaxtilə böyüklər tərəfindən yaranıb sonradan uşaq düşüncəsinə verilmişdir (23, s.20).
Azərbaycan uşaq folklorunun janrlarını bir-biri ilə birləşdirən əlaqələr mövcuddur. Bu janrları qruplar şəklində birləşdirsək, oxşamalar, arzulamalar, əzizləmələr və laylaları bir-birinə yaxın, sanamaları, uşaq nəğmələrini, düzgüləri, acıtmaları da bir-birinə yaxın qruplar, yanıltmacları, tapmacaları və uşaq nağıllarını müstəqil qruplar kimi ayırmaq olar.
Azərbaycan uşaq folklorunun araşdırıcısı kimi Azad Nəbiyevi, Qara Namazovu, Zahid Xəlilovu, Ramazan Qafarlını və başqalarını göstərmək olar. Bu araşdırmaçıların elmi fəaliyyətində uşaq folklorunun obyekti, nümunələri, janr, ideya, məzmun xüsusiyyətləri aparıcı yer tutur. Əksər tədqiqatlarda oyunlarla əlaqələndirilən, oyunlardan kənar və oyunlar daxilində götürülən uşaq folklorunun bir çox nümunəsi janr xüsusiyyəti nəzərə alınmadan təhlil edilmişdir. Azərbaycan uşaq folklorunun həm lirik, həm epik, həm də dramatik növlər üzrə yarandığını, janr əmələ gətirdiyini görürük. Burasını da qeyd etmək lazımdır ki, uşaq folklorunun janr tərkibini əvvəlcə kiçik janrlar əmələ gətirmişdir. Kiçik janrlar sadə olduğuna görə onun başa düşülməsi də asan olmuşdur. Zaman fasiləsi nəticəsində uşaq folkloru bədii təfəkkürün geniş formaları ilə zənginləşmişdir.
Bəşəriyyətin uşaqlıq çağı folklordan başlayır. Xalq folklorunu öyrənə-öyrənə yaşa dolur. Bu yaşa dolma prosesində folklor cilalanır, yaşlıların sinəsinin əzbəri olur. Onlar folklor nümunələrini nəvələrinə danışdıqca folklor da uşaqlarla bir yerdə uşaqlaşır, uşağın yaddaşında təzədən yaşamağa başlayır. Danışılan hər bir folklor nümunəsi uşağın milli ruhda böyüməsi üçün vacib şərtdir. Bu baxımdan uşaq folklorunun da öyrənilməsi günün aktual məsələlərindəndir. Azərbaycanda da uşaq folklorunun öyrənilməsinə XIX əsrin axırlarından başlanmışdır. Bu sahədə A.O.Çernyayevski, M.Mahmudbəyov, F.Ağazadə, R.Əfəndiyev, A.Səhhət, A.Şaiq, F.Köçərli böyük işlər görmüşlər. Bu dövrdə uşaq folkloru materialları toplanmış, «Məktəb», «Babayi-Əmir», «Dəbistan», «Rəhbər» kimi jurnallarda çap edilmişdir. 1912-ci ildə F.Köçərli «Balalara hədiyyə» kitabını nəşr etdirmişdir. Azərbaycan alimlərindən N.Seyidov, P.Əfəndiyev, V.Vəliyev, A.Nəbiyev, R.Qafarlı, S.Aslanov, S.Axundova və başqaları uşaq folklorunun toplanması, nəşri və tədqiq edilməsində mühüm işlər görmüşlər.
Dostları ilə paylaş: |