Mövzu: Azərbaycan dilinin və Azərbaycan xalqının formalaşması.
BAKI 2023 XX yüzilliyin sonunda yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.
Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı öz torpaqlarında zəngin və çoxşaxəli mədəniyyətlə yanaşı dövlətçilik ənənələri də yaratmışdır.
Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi regionuna daxil idi. Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.
Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməklə e. ə. IV minilliyin sonu - III minillikdə təşəkkül tapmış Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.
Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Aratta – Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu olmuşdur. Arattanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. "Tarixin atası" Herodotun (e. ə. V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir.
İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərdən uğurla müdafiə etmişdilər. Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran-Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək özündən qat-qat güclü olan yadelli qoşunlarını e. ə. 530-cu ildə darmadağın etmişdi. "Məğlubedilməz", "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.
Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə yanaşı, hüquq normalarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.
Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e. ə. 27 - eramızın 14-cü ili) diplomatik danışıqlar aparmışdılar.
Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.
Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı. Aya, Göyə, Günəşə sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.
Öz dövrü üçün möhkəm və mükəmməl dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.
Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə ölkənin müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslan Malazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın edərək qəti qələbə çaldı. Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk və qeyri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsi oldu. Sadə və anlaşıqlı Azərbaycan dili məhdud dairədə fəaliyyət göstərən dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan dilində nadir ədəbi incilərin meydana gəlməsi üçün zəmin yaratdı.
Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.
XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.
Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu dövləti bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. O, dövrün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı oğuznamə yazdırmışdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası - o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.
Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin onun bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.
Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı və Azərbaycan xalqının soyqırımına məruz qoyulması siyasətinə start verildi.
1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya qanunun qəbul olundu və dekabrın 8-də SSRİ dövlətinin süqut etdi.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Bundan başqa, Həsənoğlunun qəzəlləri, “Dastani Əhməd Hərami” və bu qəbildən olan əsərlərin dil xüsusiyyətləri Azərbaycan ədəbi dilinin çox-çox qədimlərdən fəaliyyət göstərdiyini bir daha təsdiq edir. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə - əski və yeni dövrlərə bölünür. Əski dövr təxminən XIII-XVII əsrləri, yeni dövr isə XVII əsrdən sonrakı mərhələni əhatə edir.