Vəba – ağır gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi vəba vibrionları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1-3 gündür. Əsas əlamətləri – qusma, ishal, qıcolmadır. Orqanizm sürətlə mayesini və çəkisini itirir, temperatur 35-dən aşağı düşür. Ağır hallarda ölüm baş verir.
Sibir xorası əsasən kənd təsərrüfatı heyvanlarının yoluxduğu kəskin infeksion xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu ilə yoluxur və müvafiq olaraq xəstəliyin dəri, ağciyər və bağırsaq formaları ayırd edilir. Sibir xorasının ağciyər forması ağciyərlərin spesifik iltihabı, hərarətin yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olunur. Ürək fəaliyyəti zəifləyir və müalicə olunmadıqda 2-3 gündən sonra ölüm baş verir. Sibir xorasının bağırsaq formasında bağırsaqda xoralar əmələ gəlir, qarında kəskin ağrılar, qanlı qusma, ishal qeyd olunur. 3-4 gündən sonra ağır hallarda ölüm baş verir. Dəri formasında, əsasən, dərinin açıq hissələri (əl, üz, boyun, ayaqlar) zədələnir. Mikrobların düşdüyü yerdə qaşınan ləkələr əmələ gəlir. Bu ləkələr 12- 15 saatdan sonra içərisində bulanıq və ya qanlı möhtəviyyat olan suluqlara çevrilir. Bu suluqlar partlayır və onların yerində dərin qara xoralar əmələ gəlir. Bu xoraların diametri bəzən 6-9 sm-ə çatır. Xoralar çox ağrılı olur, ətrafında ödem əmələ gəlir. Əlverişli hallarda 5-6 gündən sonra sağalma baş verir, hərarət aşağı düşür.