Balalar-Az. Com Nəğmələr. Əmək nəğmələri. Sayaçı sözləri



Yüklə 38.95 Kb.
tarix30.06.2017
ölçüsü38.95 Kb.

Balalar-Az.Com

Nəğmələr. Əmək nəğmələri.
Sayaçı sözləri
***
Salaməleyk say bəylər,
Bir-birindən yey bəylər!
Saya gəldi gördünüz,
Salam verdi aldınız.
Alnı təpəl qoç, quzu,
Sayaçıya verdiniz.
Siz sayadan qorxmursuz,
Səfa olsun yurdunuz!
Ulamasın qurdunuz!
Ac getsin avanınız,
Tox gəlsin çobanınız.
Bu saya yaxşı saya,
Həm çeşməyə, həm çaya.
Həm ülkərə, həm aya,
Həm yoxsula, həm baya.
Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm ata gələndə,
Qızıl öküz duranda,
Qızıl buğda bitəndə,
Dünya binnət olanda.
Musa çoban olanda
Şişliyimiz erkəcdi.
Onun dərdli uludu,
Aşıqlığı qurudu.
Ucası qiymətlidi,
Qabırğası dadlıdı.
Qabırğa içi pərdə,
Salmaz adamı dərdə.
Pərdəsi iki rəngdi,
Böyrək ona dirəkdi,
Altimış arşın bağırsaq,
Bir-birinə ulğaşıq.
Qoyun baxar dağlara,
Sel tək axar dağlara.
Arandan dönən sürü
     Yayda çıxar dağlara.
***

Gözəl keçsin halınız,


Artsın qara malınız.
Avanınız yox olsun
Tox gəlsin çobanınız.

***


Gözəl keçsin halınız,
Artsın qara malınız.
Avanınız yox olsun
Tox gəlsin çobanınız.

***


Qoyunun üzü gəldi,
Dolandı düzü gəldi.
Çobanın qucağında
Bircə cüt quzu gəldi.

***


Qoyunun üçü gəldi,
Dolandı köçü gəldi.
Sürünün qabağında
Bir ala keçi gəldi.

***


Nənəm qoyunun gəlini,
Avşara gəlməz yelini.
Onu sağan gəlinin
Xınalayım əlini.

***


Tut qoyunun belini,
Ələ gəlmir yelini.
Bir doyunca görəydim
Onu sağan gəlini.

***


Dağları, dərələri,
Daşları, bərələri.
Oturun, qoyun sağın
Bol olsun, kərələri.

***


Nənəm o xallı keçi,
Məməsi ballı keçi.
Uca qaya başında
Tutubdu yallı keçi.

***


Nənəm o qatar keçi,
Qayada yatar keçi.
Qışı soyuq gələndə
Balanı axtar keçi.

***


Nənəm qoyunun ağı,
Dolandı gəldi dağı.
Çobana çarıq bağı,
     Qızlara cehiz ağı.

***


Canım qoyunun ağı,
Gedib dolanar dağı,
Otlar qara qiyağı,
İçər sərin bulağı.
Acı olar dırnağı,
Şirin olar qaymağı.
Qarılar tutar yağı
Gəlin yeyər qaymağı.
Qızlara cehiz olar
Çobana çarıq bağı,
Uşağa bələk bağı.

***


Saya yaxşı sayadı,
Yeri-yurdu qayadı.
Onun gözəl sözləri
Yatanları oyadı.

***


Bayrama day nə qaldı,
Nə qaldı, nə qalmadı?
Bir əllicə gün qaldı.
Əlli günü say ötür,
Qarmala quzu götür.
Əlli günü, gecəsi,
Sağmal subay seçəsi.
Sayan yağış yağası
Sarmaşıq ot bitəsi.
Quzu təlkə tutası
Çəpiş irtmək atası.

***


Ellərin xan çobanı,
Sürünün yan çobanı,
Qoyun arxacda qalsa
Oyadar ban çobanı.
Gəlinin dodağı bal,
Durub qabağında lal.
Gəlin tez ol, pay gətir,
Sayaçını yola sal!

***


Altı bulaq içərəm,
Üstü zəmi biçərəm.
Bir şişəyin yolunda
Candan-başdan keçərəm.

***


Açdım yazılar gördüm
Nə tamarzılar gördüm.
Çoban dağdan enəndə
Çoxlu quzular gördüm.

***


Qoyunlu evlər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya bənzər.

***


Yerin dağ olsun, çoban,
Kefin çağ olsun, çoban,
Sürünü yaxşı saxla
Üzün ağ olsun, çoban.

***


Saya-saya sayadan,
Qoyun gəlir qayadan,
Sayaçıya pay verin
Damazlığı mayadan.

***


Saya, saya sayadan,
Damazlığı mayadan.
Sürülər dağdan gəlir,
     Keçi gəlir qayadan.

***


Kərəsindən, ağından,
Öldürmüsüz sağından.
Qoyun nədən hasildi?
Kimya yarpağından.
Bir bizə də gətirin
Şişliyindən, yağından
Bir bala qab sağından.

***


Qoyunu qoyun getsin,
Dərisin soyun getsin,
Balası çox mələyir,
Anasın qoyun getsin.

***


Sürüdə var az qoyun,
Kef-damağı saz qoyun.
Çoban qurddan çəkinsə
Çölə çıxammaz qoyun.

***


Nənəm boz-ala qoyun,
Yolda ovzala qoyun
Yiyən sənin sayanda
Gedib qız ala qoyun.
Çoban ağna düzlərə,
Qoyma az ola qoyun.

***


Nənəm o qaşqa qoyun,
Minibsən eşqə qoyun.
Yiyən sənin sayana,
Çıxıbdı köşkə qoyun.

***


Canım o saçaq qoyun,
Bərədən qaçaq qoyun.
Sənə əyri baxanın
Gözünə bıçaq qoyun.

***


Nənəm qarala qoyun,
Bənzər marala qoyun.
Çoban yununu qırxıb,
Basar xarala, qoyun.

***


Nənəm o Göyçə qoyun,
Gedirsən öycə qoyun.
Yiyən sənin sayava
Dolanır bəycə, qoyun.

***


Nənəm o nazlı qoyun,
Qırqovul gözlü qoyun.
Pendiri kəsmə-kəsmə,
Qatığı üzlü qoyun.

***


Nənəm o xallı qoyun,
Məməsi ballı qoyun.
Sürü dağdan enəndə,
     Tutarıq yallı, qoyun.

***


Nənəm o şişək qoyun,
Yunu bir döşək qoyun.
Bulamanı tez yetir,
Ağlaşır uşaq qoyun.

***


Canım o şəkil qoyun,
Belində kəkil qoyun.
Qaranlıq gecələrdə,
Arxaca çəkil, qoyun.

***


Nənəm o qızıl qoyun,
Yollara düzül qoyun.
Kəsilməsin damazlıq
Yollara düzül, qoyun.

***


Nənəm o dəli qoyun,
Dolanıb gəli qoyun.
Gəlinlər güzəmindən
Toxuyar xəli, qoyun.

***


Nənəm o gəlin qoyun,
Gətirər yelin qoyun.
Arxacda səni sağar,
Bir gözəl gəlin, qoyun.

***


Nənəm qaraqaş qoyun,
Qarlı dağlar aş qoyun.
Ay qaranlıq gecədə,
Çobana qardaş qoyun.

***


Nənəm a narış qoyun,
Yunu bir qarış qoyun.
Çoban səndən küsübdü,
Südü ver barış qoyun.

***


Nənəm yad alı qoyun,
Qanlı-qadalı qoyun,
Yiyən sənin ucundan,
Böyük ad alı qoyun.

***


Nənəm a sarı qoyun,
Ayaqla qarı qoyun.
Qapımda bol eləsin,
Nəslini tarı, qoyun.

***


Nənəm o qəmər qoyun,
Quzunu əmər qoyun.
Yiyən sənin ucundan
     Bağlayıb kəmər, qoyun.

***


Nənəm a təkcə qoyun,
Yunu var göycə qoyun.
Yiyən sənin ucundan,
Dolanar bəycə qoyun.

***


Canım o gəlin qoyun,
Qovzana telin qoyun.
Yiyən sənin ucundan,
Gətirib gəlin, qoyun.

***


Sürünün gözü qoyun,
Dolan gəl düzü qoyun.
İldə bir əkiz gətir
Sevindir bizi qoyun.

***


Təkəm, təkəm üç qoyun,
Bizim bağı keç qoyun,
Sürünü sal otlağa
Birin elə beş qoyun.

***


Kərəsini qoyunun,
Kürəsini qoyunun,
Aclıqdan biz gəzərik
Dövrəsini qoyunun.

***


Sizin canız sağ olsun,
Payız buğda, yağ olsun.
Hamınız ellikincə,
Damağınız çağ olsun.

***


Qoyun həyətə dolsun,
Altına qab qoyulsun.
Yağından pay verənin,
İkinci oğlu olsun.

***


Qoyun gəlir yol olsun,
Yolun sağı sol olsun.
Yaxşı otar sürünü
Südü, yağı bol olsun.

***


Toğlu kəssən ət olar,
Çobana fürsət olar.
Sürüdən ayrı düşən
Boz qurda qismət olar.

***


Qoyun var kərə gəzər,
Qoyun var kürə gəzər,
Gedər dağları otlar,
     Gələr evləri bəzər.

***


Ağ qoyun aya bənzər,
Dağ aşar çaya bənzər.
Qoyunlu evlər gördüm,
Qurulmuş yaya bənzər.

***


Qoyun gələr, naz gələr,
Sürü nədən az gələr?
Ağartısı bol olsa,
Elin günü saz gələr.

Yeyər-yeyər gərnəşər,


Ayağıyla yer eşər.
Gəzər dağlar döşünü,
Buynuz vurar döyüşər.

***


Nənəm qoyunun uzunu,
Döşündə bəslər quzunu.
Soluna yatar bozdar,
Sağına baxıb gözlər.
Əli çanaqlı qızlar
Qoynunun yolun gözlər.
Çoban qoyun götürəsi,
Onu bərəyə yetirəsi.
Ağ biləkli gəlinlər,
Sağım-sağım deyəsi.
Ağ birçəkli qarılar,
Balığım-balığım deyəsi,
Bu oğlumun deyəsi,
Bu qızımın deyəsi.
Sarı suyu çalanda
Boz köpəyə tökəsi.
Ucu yanıq kösöv ilə
Boz köpəyi döyəsi,
Yeri qoyuna deyəsi.
Can quzu, canım quzu,
Tükü qalır qırmızı.
Əbrişim telli quzu,
Qonurdu onun gözü.
Artıb çoxalsın sayı
Biri kəlinin olsun,
Biri çobanın payı.
Eşit sayaçı sözünü:
Ərsəyə çatdır quzunu
Qoyunu yaxşı saxla
Ağ elə öz üzünü.



Balalar-Az.Com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə