4
Giriş
Peşə etikası, adından da göründüyü kimi təhsil alan tələbələr üçün son dərəcə
əhəmiyyət kəsb edən baza modullarından biridir. Bu modulu bitirdikdən sonra hər bir tələbə
peşəkarlığın nə olduğunu aydınlaşdıracaq, vaxtın əhəmiyyətini dərk edərək ondan yüksək
səviyyədə necə faydalanacağını biləcək, qrup daxilində işləmə bacarığı və iş yerində davranış
qaydalarını bilməklə gələcək kariyerasına hazırlıqlı olacaqdır.
Modul özündə dörd təlim nəticəsini birləşdirir. Hər təlim nəticəsinin müxtəlif
fəaliyyətlərlə dəstəklənməsi, tələbələrin mövzunu daha səmərəli qavramasına şərait yaradır.
Birinci təlim nəticəsini tamamladıqdan sonra tələbə peşəkarlığın nə olduğunu, kariyera
inkişafında rolunu və əsas prinsiplərinin nə olduğunu bilir. Peşəkarlıq yolunda atılacaq
addımların nə olduğunu, öz istisasında mütəxəssis olmağın əhəmiyyətini və işəgötürənlərin
peşəkarlıq yönündəki tələbləri ilə tanış olur.
İkinci təlim nəticəsini bitirdikdən sonra tələbə vaxt anlayışının əhəmiyyətini,
vacibliyini dərk edir. Fərdi plan qurma bacarığına yiyələnməklə həm şəxsi, həm də sosial
həyatında vaxtdan səmərəli istifadə edir. Vaxtdan səmərəli istifadədə qarşıya çıxan
əngəllərlə necə mübarizə aparacağını aydınlaşdırır. Vaxtın idarə olunmasında əsas
yanaşmaların nə olduğunu bilir.
Üçüncü təlim nəticəsini bitirdikdən sonra tələbə qrup daxilində səmərəli işləmə
bacarığının gətirdiyi üstünlükləri və iş həyatında tətbiq olunma yollarını dərk edir.
Dördüncü təlim nəticəsini bitirdikdən sonra tələbə iş yerində davranış qaydalarını təhlil
etməklə, müəssisə üçün ən faydalı davranış formasını seçir. Müəssisədaxili və müəssisə
xaricində olan qruplarla necə davranacağını, sosial öhdəliklərin nə olduğunu və ümumilikdə
iş etikası anlayışını ayırd edir. Fərdi davranışın iş etikası qaydalarının formalaşmasında nə
kimi rolu olduğunu dərk edir.