Uçot metodu dedikdə hesablama metoduna əsaslanan Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartında və kassa metoduna əsaslanan Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartında müəyyən edilən mühasibat uçotunun hesablama və kassa metodu nəzərdə tutulur.
İllik büdcə dedikdə bir il üçün təsdiq edilən büdcə nəzərdə tutulur. O, nəşr edilən ilkin hesablamaları və ya büdcə dövründən kənar müddət üzrə proqnozları əhatə etmir.
III FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ GƏLİR VƏ XƏRCLƏRİNİN DÖVLƏT XƏZİNƏDARLIQ AGENTLİYİ VASİTƏSİLƏ KASSA İCRASININ UÇOTU
Dövlət büdcəsinin kassa icrasının təşkilində Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələri və rolu, 3.2. Dövlət xəzinədarlığının təşkilinin zəruriliyi, 3.3. Dövlət xəzinədarlıq sisteminin hüquqi əsasları və son dövrlərdə aparılan islahatlar, 3.4. Dövlət büdcəsinin kassa, hesablama və modifikasiya metodlarının xüsusiyyətləri, 3.5. Xəzinədarlığın hesab kitabları və mühasibat hesabatları, 3.6. Xəzinədarlıq sistemində dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması qaydası, 3.7. Xəzinədarlıq sistemində malların (iş və xidmətlərin) alışının xəzinə uçotu.
Dövlət büdcəsinin kassa icrasının təşkilində Dövlət Xəzinədarlığı Agentliyinin vəzifələri və rolu
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəlikləri qəbul edən, Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirir.
Agentlik vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə rayon və şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları vasitəsilə həyata keçirir.
Bir çox dövlətlərdə ölkənin iqtisadi vəziyyətindən, tarixi və mədəni amillərdən, iqtisadiyyatın idarəedilməsi məsələləri üçün məsuliyyət daşıyan qurumun imkan və qabiliyyətindən asılı olaraq xəzinədarlığa büdcə və maliyyənin idarə edilməsinin ümumi makroiqtisadi siyasət həddində büdcə və vergi siyasətinin
hazırlanması, büdcənin tərtib edilməsi, büdcənin icrası, büdcənin icrası ilə əlaqədar olan maliyyə əməliyyatları, büdcənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi, auditor xidməti kimi əsas funksiyaları həvalə edilir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək, büdcənin icrasına dair hesabat sənədlərini hazırlamaq və dövlət büdcəsinin kassa icrasını həyata keçirmək;
dövlət büdcəsinin icrası üzrə xəzinə əməliyyatlarının uçotu və hesabatı işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək;
dövlət büdcəsinə bütün daxilolmalar, büdcədənkənar haqlar (ödənişlər), büdcədənkənar dövlət fondları (Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri, əməliyyat xərcləri, beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla), məqsədli büdcə fondları, dövlət büdcəsinin kəsirinin bağlanması üçün dövlət təminatı ilə alınmış kreditlər üzrə maliyyə əməliyyatlarını və digər dövlət maliyyə əməliyyatlarını qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirmək;
büdcəyə daxilolmaların vəziyyətindən asılı olaraq və büdcə kəsiri nəzərə alınmaqla (müdafiə olunan xərc maddələri istisna olmaqla) təsdiq edilmiş dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirmək;
dövlət büdcəsi vəsaitinin idarə edilməsinin, o cümlədən mərkəzləşdirilmiş xərclər üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirmək;
müəyyən olunmuş qaydada, lakin dövlət büdcəsinin təsdiq olunmuş göstəricilərindən artıq olmamaq şərtilə büdcə xərcləri üzrə dövlətin adından büdcə
təşkilatları qarşısında öhdəlik götürmək, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətləri xəzinə uçotuna qəbul etmək və kassa xərcləri aparmaq;
ehtiyat fondlarından vəsaitin Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi təyinatlar üzrə yönəldilməsini təmin etmək;
dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişi və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsait həddində maliyyələşməsini həyata keçirmək;
dövlət büdcəsində büdcə kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə etmək;
dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparmaq;
dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlamaq;
dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üzrə ayrılan vəsaitlərdən təyinatı üzrə istifadə olunmasına, habelə büdcədənkənar vəsaitlərin təsdiq edilmiş smetaya uyğun istifadəsinə dövlət büdcəsinin kassa icrası prosesində cari nəzarəti həyata keçirmək;
rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarında və regional (zona) xəzinədarlıq orqanlarında xəzinə işlərinin müvafiq qaydalara uyğun qurulmasına, büdcə vəsaitinin hərəkətinin xəzinə hesablarında düzgün əks etdirilməsinə, mövcud kredit resursu və büdcə limiti həddinin gözlənilməsi prinsipinə əməl edilməsinə, ödəniş üçün əsas olan təsdiqedici sənədlərin mövcud qanunvericiliyə uyğunluğuna operativ nəzarəti təmin etmək;
– xəzinə işlərinin normativ sənədlərin tələblərinə uyğun təşkilinin və aparılmasının icra vəziyyətini yoxlamaq;
qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Agentliyin fəaliyyətində elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
Agentlik tərəfindən xidmət göstərilən büdcə təşkilatları ilə rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturları və regional (zona) xəzinədarlıq orqanları arasında hərəkət edən maliyyə resurslarının dövri üzləşdirilməsini həyata keçirmək;
qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;
rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının proqram vasitələri ilə təmin olunmasına əməli köməklik göstərmək;
büdcə təşkilatları tərəfindən alınan mal, iş və xidmətləri xəzinə hesab kitablarında uçota almaq;
dövlət xəzinədarlığının idarəedilməsi sahəsində normativ tənzimləmənin
həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
mərkəzləşdirilmiş xərclərin kassa icrası prosesində öz səlahiyyətləri daxilində cari nəzarətin həyata keçirilməsi, maliyyə planlaşdırılması və dövlət büdcəsindən xərclərin maliyyələşdirilməsi üçün büdcə təşkilatlarından zəruri sənədləri almaq;
dövlət büdcəsinin icrası ilə əlaqədar olaraq yerli və ya mərkəzləşdirilmiş xərclərdən maliyyələşən nazirlik, komitə, şirkət, baş idarə və idarələrdən hesabatların vaxtında təqdim edilməsini tələb etmək və onları icmallaşdırmaq;
rayon, şəhər üzrə maliyyə idarələrinin və şöbələrinin xəzinədarlıq strukturlarının və regional (zona) xəzinədarlıq orqanlarının xəzinə əməliyyatlarının aparılmasına bank xidməti göstərilməsi üçün müvafiq qaydada seçilmiş Agent- Banklarda tranzit hesabları açmaq;
ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi aşkar olunduğu, habelə vəsaitin xərclənməsinə dair müvafiq hesabatlar təqdim edilmədiyi hallarda müvafiq büdcə təşkilatının rəhbərliyini xəbərdar etməklə, həmin təşkilatın maliyyələşdirilməsinin məhdudlaşdırılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təkliflər vermək;
qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qərarlarına və hüquq- mühafizə orqanlarının müraciətlərinə əsasən idarə, müəssisə və təşkilatlarda aparılan təftiş və yoxlamalarda, habelə bu təşkilatların maliyyə- təsərrüfat fəaliyyətinin təhlilində iştirak etmək;
dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabı açmaq və ya belə hesabdan istifadə etmək üçün yazılı icazə vermək, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada əvvəllər verdiyi icazəni geri çağırmaq;
büdcə təşkilatlarından və dövlət büdcəsindən maliyyə yardımları alan digər təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə, müəyyən olunmuş qaydada, aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və təşkilati təsnifat üzrə hesabatlar almaq;
fəaliyyət göstərdiyi sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fıziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
Dövlət xəzinədarlığının təşkilinin zəruriliyi
Qədim zamanlardan dövlət büdcəsinin icrası funksiyası ölkənin idarə edilməsinin ən vacib elementi, sosial-iqtisadi proseslərə təsir göstərilmənin ən vacib aləti hesab olunur. Bütün dövrlərdə dövlət maliyyəsinin səmərəli idarə edilməsi əsas problem və ölkənin inkişafına aktiv təsir göstərən başlıca amil kimi xüsusi əhəmiyyətə malik olmuşdur.
Müxtəlif dövrlərdə büdcənin icra təsirini artırmaq və onun təşkili səmərəliliyini yüksəltmək üçün fərqli metodlardan istifadə olunsa da, beynəlxalq təcrübə dövlət maliyyəsi üzərində zəruri ilkin nəzarətin və vəsaitlərdən effektiv istifadənin təmin edilməsi üçün bütün inkişaf etmiş ölkələrdə alternativ olmayan icra mexanizminin – büdcənin kassa icrasının xəzinədarlıq vasitəsilə həyata keçirilməsinin zəruriliyini təsdiq etmişdir.
Xəzinədarlıq bütün ölkələrdə maliyyə resurslarını, maliyyənin mərkəzləşdirilmiş dövlət mənbələrini özündə əks etdirir.
Xəzinədarlıq sistemi (Treasury system) – maliyyə planlaşdırılması, büdcənin icra edilməsi, nağd dövriyyənin idarə olunması, kassa əməliyyatları, maliyyə uçotu, daxili audit, daxili və xarici borcların idarə edilməsi funksiyalarını icra edən bütün təşkilati qurumların məcmusudur. Bu sistem çox mürəkkəb informasiya axınlarının idarə edilməsi sistemidir. Həmin sistemin ən mühüm xüsusiyyəti onun xəzinədarlıq hesabı açmaq hüququna malik olmasıdır. Ölkədə olan digər dövlət idarələrindən heç birinin belə hüququ yoxdur. Xəzinədarlıq sisteminin yaradılmasında əsas məqsəd büdcə təşkilatlarının fərdi maliyyə hesablarına daimi nəzarəti həyata keçirməkdir.
Bu halda artıq faktiki xərclənmə əksər hallarda büdcənin tərtibi zamanı buraxılmış nöqsanlarla əlaqədar olur.
Bir çox hallarda artıq faktiki xərclənmə, həmçinin vəsaitlərin böyük həcmdə kəsrlə xərclənməsi büdcə və proqramların tərtibi zamanı bütün amillərin nəzərə alınmaması ilə bağlıdır. Şişirdilmiş büdcə və gəlirlərin qeyri-real proqnozları icra
zamanı büdcəyə yenidən baxılmasına və "büdcənin dəfələrlə işlənilməsi" adlanan arzuolunmaz praktikanın tətbiq edilməsinə gətirib çıxarır. Büdcə təsdiq edildikdən sonra Maliyyə Nazirliyi büdcənin icrasını onun tərtibi zamanı özünün formalaşdırdığı xüsusi qiymətləndirməyə əsasən həyata keçirir. Xəzinədarlıq isə büdcənin icrasını gəlirlərin səviyyəsi ilə müqayisə edir və faktiki daxilolmaların vəziyyətindən asılı olaraq dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin istifadə edilməsinə icazə verir. Beləliklə, vəsaitlər Maliyyə Nazirliyi və xəzinədarlıq tərəfindən müəyyən edilmiş proseduralara uyğun büdcədən silinir.
SSRİ dağıldıqdan sonra müstəqil Azərbaycan Respublikasında büdcə vəsaitlərinin bank uçotu ciddi zəifləmişdir. Beləliklə, fəaliyyətdə olan maliyyə resurslarından istifadə edilməsi mexanizmi müasir iqtisadi şəraitə az uyğunlaşmışdır. Belə ki, bu mexanizm büdcənin şəffaflığını və büdcə vəsaitlərinin məqsədli və rasional istifadəsinə effektiv nəzarətin həyata keçirilməsini təmin edə bilmirdi. Kassa xərclərinin həcminin müəyyən edilməsinə və dövlət maliyyə resurslarının çatışmazlığı şəraitində onlardan səmərəli istifadə edilməsinə imkan vermir və onların qeyri-məqsədli istifadə edilməsinə şərait yaradırdı.
Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin hakimiyyətə gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının bütün sahələrində davamlı fəaliyyət mexanizmlərinin yaradılmasına, ciddi və kəskin struktur dəyişikliklərin aparılmasına, dövlət idarəetməsini həyata keçirmək üçün zəruri olan qanunvericilik bazasının yaradılmasına başlanıldı və bütövlükdə hüquqi dövlətin bünövrəsi qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə həyata keçirilmiş uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri nəzərə alınmaqla, növbəti illərdə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatı yaradır.
Müstəqil Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçid dövründə dövlət üzərinə düşən funksiyaları daha ardıcıl və dayanıqlı yerinə yetirmək üçün iqtisadiyyatın bütün sahələrində olduğu kimi maliyyə sektorunda da özünün əsas
təsir alətlərindən daha geniş istifadə olunmağa başlanıldı. Sərt monetar və fiskal siyasətin həyata keçirilməsi, bu siyasətlərin icrasında zəruri dövlət nəzarətinin təşkil edilməsi özünün ilkin bəhrəsini verdi və həmin dövrlərdə ölkə iqtisadiyyatı üçün xarakterik olan hiperinfilyasiya və istehsalın staqnasiya vəziyyətini nisbətən yumşaltmaq, sonradan tədricən də olsa ardıcıl aradan qaldırmaq mümkün oldu. Respublikada çoxşaxəli iqtisadi islahatların və struktur dəyişikliklərinin ardıcıl surətdə həyata keçirilməsi təmin edildi, makroiqtisadi sabitlik və yüksəliş əldə olundu. Ölkədə əlverişli iqtisadi mühitin formalaşmasına, ölkə iqtisadiyyatına böyük həcmdə xarici investisiyanın qoyulmasına və sahibkarlığın inkişafında canlanmaya şərait yarandı.
Həmin dövrdə dövlət sektorunda aparılan qlobal iqtisadi islahatlar maliyyə sektorunda da ciddi islahatların həyata keçirilməsini tələb edirdi. Bu isə öz növbəsində bazar münasibətlərinin formalaşması zamanı dövlətin iqtisadiyyata əsas təsir mexanizmi və əsas maliyyə bazası kimi istifadə etdiyi büdcə sisteminin təkmilləşdirilməsini, səmərəli və tarazlaşdırılmış büdcə siyasətinin hazırlanmasını sürətləndirdi.
Respublikamızda bazar münasibətlərinin daha da gücləndirilməsi zərurəti ilə əlaqədar olaraq mövcud iqtisadi mühitə uyğun olan və aparılan iqtisadi siyasəti tamamlayan real dövlət büdcəsinin tərtibi, onun icrası zamanı dövlət vəsaitlərinin səmərəli idarəedilməsinin təşkili ən zəruri həyati məsələlərə çevrildi.
Beynəlxalq təcrübə və respublikamızda maliyyə sistemi mövcud vəziyyətdə bu məsələlərin düzgün və beynəlxalq standartlara uyğun həll edilməsi üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini və praktiki olaraq alternativ olmayan təşkilati qərarın qəbul olunmasını tələb edirdi. Bu qərar Respublika Maliyyə Nazirliyinin nəzdində Dövlət Xəzinədarlığının yaradılması idi.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borclarının ödənilməsini həyata keçirir;
dövlət büdcəsinin icrasını yerinə yetirməklə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin vahid büdcə təsnifatına uyğun olaraq ünvanlı istifadəsini təmin edir;
dövlət xəzinədarlığının inkişafını, vahid xəzinə hesabının idarə edilməsini və bu hesabdan vəsaitin silinməsinə sərəncam verilməsini təmin edir.
Respublikamızda xəzinədarlıq sisteminin tətbiq edilməsi nəticəsində dövlət maliyyə vəsaitlərindən istifadə olunmasının səmərəli mexanizminin formalaşdırılması, bu vəsaitlərin birbaşa son təyinatına çatdırılması və onunla bağlı əməliyyatların yalnız xəzinə hesabları vasitəsilə aparılması üçün hüquqi baza yaradıldı. Dövlətə məxsus maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə edilməsinin təşkili, bütün dövlət xərclərinin, o cümlədən büdcədənkənar fondların əməliyyatlarını büdcə vasitəsilə həyata keçirilməsi, dövlət daxili və xarici investisiyalarının xəzinə nəzarətinə cəlb edilməsinə başlanılmasına, öhdəliklər sistemini tətbiq edərək büdcə təşkilatları tərəfindən yeni borclanmanın qarşısının alınmasına və xərclərin icrasının maliyyə planlaşdırmaları əsasında həyata keçirilməsinə nail olunmuşdur.
Dövlət xəzinədarlıq sisteminin hüquqi əsasları və son dövrlərdə aparılan islahatlar
Respublikamızda bazar münasibətlərinin daha da gücləndirilməsi ilə əlaqədar olaraq mövcud iqtisadi mühitə uyğun olan və aparılan iqtisadi siyasəti tamamlayan real dövlət büdcəsinin tərtibi, onun icrası zamanı dövlət vəsaitlərinin səmərəli idarəedilməsinin təşkili ən zəruri həyati məsələlərə çevrildi.
Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması və xərclənməsi üçün daha çevik nəzarət mexanizmini yaratmaq, dövlət borclarının, zəmanətlərin və alınmış kreditlərin uçotunu yaxşılaşdırmaq və respublikada qiymətli kağızlar bazarının formalaşmasını sürətləndirmək məqsədi ilə "Azərbaycan Respublikasında dövlət xəzinədarlığının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 oktyabr tarixli 398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı, Naxçıvan Muxtar Respublikasında, respublikanın şəhər və rayonlarında onun ərazi orqanları yaradılmışdır. Bununla da Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının yaradılması ilə əlaqədar olaraq respublika büdcəsinin, büdcədənkənar dövlət fondlarının, büdcədən maliyyələşdirilən idarə və təşkilatların vəsaitləri Baş Dövlət Xəzinədarlığının hesablarında cəmləşdirilmişdir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 1997-ci il 1 yanvar tarixindən Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin I mərhələsinin tətbiqinə başlanılmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli 1-19 saylı əmri ilə "Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin I mərhələsinin tətbiqi üçün metodik vəsait" təsdiq edilmişdir. Xəzinədarlıq sisteminin yaradılmasında əsas məqsəd dövlətin malik olduğu maliyyə resurslarının optimal idarə edilməsinə zəmin yaratmaq və onu təmin etmək idi. Xəzinədarlıq, maliyyələşmə xərclərini minimuma endirməklə və dövlət
büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətini tənzimləməklə həmin təşkilatlara vaxtında və zəruri resurslar əldə etməyə imkan verir.
«Azərbaycan Respublikasında dövlət xəzinədarlığının fəaliyyətinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 16 may 1997- ci il tarixli 568 nömrəli Sərəncamına uyğun olaraq xəzinədarlıq sistemi respublikada mərhələlərlə tətbiq olunmuş və son nəticədə bütün respublikanı əhatə etmişdir. Bununla da, respublikada dövlət maliyyə vəsaitlərindən istifadə olunmasının səmərəli mexanizminin formalaşdırılması, bu vəsaitlərin birbaşa son təyinatına çatdırılması və onunla bağlı əməliyyatların yalnız xəzinə hesabları vasitəsilə aparılması üçün zəruri hüquqi baza yaradılmışdır.
1997-ci ilin may ayında Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin tətbiqinin II mərhələsinə başlanılmışdır. "Azərbaycan Respublikasında Xəzinədarlıq sisteminin tətbiqi Qaydaları (II mərhələ)" Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 31 avqust 1997-ci il tarixli 1-136 saylı əmrlə təsdiq edilmişdir. Respublikamızda tətbiq olunan I mərhələ Xəzinədarlıq sisteminin II mərhələsi üçün hazırlıq fazası olub, I mərhələdə büdcənin icrası üzrə əməliyyatların uçotu Xəzinə Hesab Kitablarında (XHK-da) mövcud uçot sistemi ilə paralel aparılmışdır. Nəzərə almaq lazımdır ki, I mərhələdə aparılan uçot II mərhələdə davam etdirilə bilməzdi, çünki I mərhələ sınaq dövrü hesab edilirdi. II mərhələdə isə I mərhələdən fərqli olaraq bank tərəfindən büdcənin icrası üzrə əməliyyatların uçotunun aparılması və hesabatın hazırlanmasına ehtiyac olmamışdır. Bununla da bu işlər Xəzinədarlığın və Maliyyə Nazirliyinin birbaşa vəzifələrinə çevrilmişdir.
Xəzinədarlıq sisteminin bütövlükdə formalaşdırılmasında II mərhələ yeni bank qaydaları və maliyyələşmə mexanizminin yaradılması ilə əlaqədar olaraq manatla, qəpiklə mövcud olan bütün büdcə və büdcədənkənar bank hesabları bağlanılmış, hər bir rayonda Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklarda Xəzinədarlığın Tranzit Hesabları (XTH) açılmış və həmin filiallar Agent-Bank (AB) adlanaraq Yerli Xəzinədarlıq Orqanlarının (YXO)
əməliyyatlarını həyata keçirmişlər, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığının maliyyə əməliyyatlarını həyata keçirmək üçün Mərkəzi Bankda (MB) Xəzinədarlığın Vahid Hesabı (VXH) açılmış və bu hesab Xəzinədarlığın Cari Hesabı (XCH) adlandırılmışdır. Xəzinədarlığın II mərhələsi zonalar üzrə mərhələlərlə tətbiq edildikcə müvafıq rayonların ərazilərində yerləşən bütün respublika və yerli büdcə təşkilatlarının hesabları bağlanılmışdır. Bank hesablarının bağlanması nəticəsində YXO-lar hər bir büdcə hesabı üçün Xəzinədarlığın hesab Kitabını (XHK) açmışdır. MB-nin
12 zona hesablaşma-kassa mərkəzləri (ZHKM), həmçinin Dövlət Səhmdar- Kommersiya Banklarının baş idarələrində yerləşən hesablaşma-kassa mərkəzləri vasitəsilə XHT ilə Vahid Xəzinədarlıq hesabı arasında gündəlik hesablaşma aparılaraq XTH hər gün sıfır balansla bağlanılırdı. Bank hesabları bağlanılaraq qalıqların XTH-yə köçürülməsi ilə əlaqədar olaraq maliyyələşmə mexanizmində də əhəmiyyətli dəyişikliklər aparılmışdır. Ümumiyyətlə, Xəzinədarlığın II mərhələsi XTH-lər və XCH arasında gündəlik hesablaşmanı, həmçinin yeni maliyyələşmə mexanizmini nəzərdə tuturdu.
Zona Xəzinədarlıq Orqanları (ZXO) həm YXO kimi öz əməliyyatlarını icra edirdilər, həm də həmin ərazidə yerləşən YXO-ların işlərini əlaqələndirərək zona üzrə İcmal Hesabatları tərtib edirdilər.
Əvvəlcədən Baş Dövlət Xəzinədarlığı tərəfindən təyin olunmuş Xəzinədarlığın II mərhələsinin başlandığı gün XTH-lərin qalıqlarına aid gündəlik hesablaşma əməliyyatlarını həyata keçirmək üçün Baş Dövlət Xəzinədarlığı MB- nin Əməliyyat İdarəsində Xəzinədarlığın Cari hesabını açdı.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətini bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq və dövlət maliyyəsinin idarə edilməsi sistemini təkmilləşdirmək məqsədilə Maliyyə Nazirliyi haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 04 fevral tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Baş Dövlət Xəzinədarlığının fəaliyyətinin bu Əsasnamənin tələblərinə uyğunlaşdırılmasını həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 noyabr tarixli 203 nömrəli Qərarı ilə "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı haqqında Əsasnamə" təsdiq edilmişdir.
1999-cu ildən başlayaraq Respublikada öhdəliklərin xəzinə uçotuna qəbul edilməsi və maliyyə planlaşdırılması kimi mexanizmləri əhatə edən xəzinədarlığın üçüncü mərhələsi tətbiq olundu. Bu mərhələdə dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması, maliyyə planlaşdırılması, mədaxil və məxaric əməliyyatları üzrə pul dövriyyələrinin tərtibi nəzərdə tutulmuşdur.
Xəzinədarlıq sisteminin dördüncü mərhələsində büdcə təşkilatlarının maliyyə əməliyyatlarına müvafiq nəzarətin qəbul edilmiş öhdəliklərlə yanaşı müqavilələrdə nəzərdə tutulmuş şərtlər daxilində alınacaq malların (iş və xidmətlərin) satınalınması zamanı tətbiq olunması üçün 1 avqust 2000-ci il tarixdən büdcədən maliyyələşən kredit sərəncamçıları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin xəzinə uçotuna qəbul edilməsi mexanizmi tətbiq olundu.
"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yeni strukturu və yeni yaradılmış agentlik və xidmətlərin əsasnamələri təsdiq edilmişdir. Bununla da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi yaradıldı.
Belə ki, 1994-cü ildən etibarən BVF Azərbaycan Respublikasının xəzinədarlığı üçün siyasət və geniş proqram layihəsi üzrə tövsiyyələrini bildirmişdir. 1994-cü ildən etibarən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi güclü maliyyə-büdcə islahatları proqramına başlamışdır. Beynəlxalq Valyuta
Fondunun (BVF) və Dünya Bankının (DB) nəzarəti altında Maliyyə Nazirliyi
şəffaflığın təkmilləşdirilməsi və ən yaxşı beynəlxalq təcrübənin tətbiq edilməsi məqsədilə aşağıdakılar daxil olmaqla bir neçə mühüm tədbirlər həyata keçirmişdir:
Büdcə öhdəliyi və verifikasiya kimi vacib xərc mərhələlərinin həyata keçirilməsi;
Yerli hakimiyyət orqanlarının xərc və gəlir bank hesablarının bağlanılması;
Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) yerləşən icmallaşdırılmış Vahid Xəzinə Hesabının yaradılması.
1997-ci ildə BVF Azərbaycan Respublikasının Xəzinədarlığı ilə birgə fəaliyyət göstərən ilk uzunmüddətli məsləhətçilər təyin etmişdir.
Dünya Bankı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin fəaliyyətini dəstəkləmiş və Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi üçün informasiya texnologiyasının və telekommunikasiyaların alınması üçün maliyyə vəsaitləri ayırmışdır.
Müasir kompüter, rabitə və şəbəkə avadanlığının alınması və inteqrasiyası, həmçinin Maliyyə Nazirliyinin layihə işçi qrupuna, rayon xəzinədarlıq idarələrindən son istifadəçilərə və ölkə daxilində xəzinədarlıq sistemi üzrə müvafiq işçilərə texniki məsləhətçilər tərəfindən keçirilən təlim proqramları Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi layihəsi çərçivəsində USAİD tərəfindən maliyyələşdirilmişdir.
Layihənin məqsədi dövlət büdcəsinin idarəedilməsi və icrasının avtomatlaşdırılması və xəzinədarlıq funksiyalarında əsas işgüzar sahələrinin genişləndirilməsidir.
Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi Azərbaycan Respublikasının əsas Elektron-Hökumət sistemindən ibarət olacaq. Bu sistem digər dövlət təşkilatları ilə etibarlı və effektiv məlumat mübadiləsinə imkan yaradır və
Azərbaycan Respublikasının büdcə və maliyyə məlumatlarının saxlanılması və nəzarəti üçün geniş məlumat bazasının yaradılmasına köməklik edir.
Dövlət büdcəsinin kassa, hesablama və modifikasiya metodlarının xüsusiyyətləri
Uçot və hesabat sistemi büdcənin idarəedilməsi, maliyyə uçotunun qurulması və siyasi qərarların qəbul edilməsi üçün böyük əhəmiyyətə malikdir. Dövlət vəsaitlərinin qorunması və onların müvafiq qaydada istifadə edilməsi məqsədli vəsaitlərin xərclənməsi üzrə hər bir mərhələdə təxsisatın hərəkəti izlənilməlidir. Hazırda qəbul edilən qərarların gələcək təsirlərinin nəzərə alınması dövlət idarəetmə orqanlarını öhdəliklər üzrə hesabatları təkmilləşdirməyə vadar edir, cari əməliyyatların səmərəli təşkili isə həyata keçirilən ayrı-ayrı layihələrin tam dəyərinin qiymətləndirilməsi, dövlət aktivlərinin uçotu və onların istifadəsi üzrə sistemlərin yaradılmasını stimullaşdırır.
Uçotun əsasları dedikdə maliyyə hesabatlarının əsasını təşkil edən, əməliyyat və hadisələri müəyyən edən uçot prinsipləri başa düşülür.
Hazırda praktikada geniş çeşidli uçot bazaları mövcuddur ki, onun bir tərəfində kassa uçotu durursa, digərində tam hesablanma metodu əsasında aparılan uçot yerləşir. Aralıqda isə kassa, yaxud hesablanma metodu üzrə modifikasiya edilmiş uçot variantları vardır. Əksər ölkələrin uçot sistemi kimi praktikada kassa və hesablanma metodunun qarışığından istifadə edilir.
Dostları ilə paylaş: |