Fotosintez təsiri yaşıl bitkilərdə dalğa uzunluğu 300...800nm olan şüalar udulduqda özünü biruzə verir. Nəticədə üzvü birləşmələr sintez edilir. Nəzəriyyədə fotosintezin FİƏ 25...27%-ə çata bilir, praktiki olaraq bitkilər süni şəraitdə yetişdirildikdə, o 7...8% təşkil edir. Təbii şəraitdə FİƏ 1...2% olması ətraf mühitin bütün faktorlarının qeyri optimal olması ilə izah olunur.
İşıq təsiriinsanın görmə orqanlarında dalğauzunluğu 380...760 nm olan şüalar udulduqda özünü biruzə verir. Bu təsirdən görmə hissi yaranır. İnsanda görmə effekti spektrin görünən sahəsində şüalanma 10-4Vt/m2 olduqda müşahidə edilir. Lakin insan gözü adaptasiya (uyğunlaşma) hesabına, şüalanma 150 Vt/m2 qədər olduqda işləyə bilir. Görmə komfortu (rahatlığı) 0,1...10 Vt/m2 hüdudlarında olmaqla, şüalanmanın spektral tərkibindən asılıdır.