Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə2/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

Şeyx Məhəmməd Əbdül Vəhhab Nəcdinin həyatı


Vəhhabi məzhəbinin banisi Əbdul Vəhhabın oğlu Şeyx Məhəmməd Nəcdidir. Elə ona görə də, vəhhabi məzhəbi onun atasının adını daşıyır. Bəzi alimlər bu məzhəbin “Məhəmmədiyyə” adlanmasının səbəbini vəhhabilərin bu addan sui-istifadə etdikləri ilə əlaqələndirirlər. Çünki vəhhabilik Peyğəmbərin (s) adı ilə adlandığına görə, onlar öz əməllərini Peyğəmbər (s)-ə aid edə bilərdilər.

Şeyx Məhəmməd Hicri-qəməri tarixinin 1115-ci ilində (1695-ci il-miladi tarixi) Nəcd vilayətinin Üyeynə adlı şəhərində anadan olmuşdur.

Atası bu vilayətin qazısı olub. Məhəmməd uşaqlıqdan təfsir, əqaid və hidis kitablarını oxumağa böyük həvəs göstərmişdir. Əbdül Vəhhab Hənbəli alimlərindən olduğu üçün Məhəmməd Hənbəli fiqhini elə atasından öyrənib. O elə cavanlıqdan Nəcd əhalisinin dini əqidəsinin bir çox qayda-qanunlarını qəbul etmirdi. Məhəməd səfərlərin birində Allah evini ziyarət etdikdən sonra Mədinə şəhərinə yola düşür. Orada xalqın (camaatın) Peyğəmbər (s) qəbrinə təvəssül etməsini inkar edir.

Nəcdə qayıtdıqdan sonra Şama (indiki Süriyaya) səfər etmək niyyəti ilə Bəsrə (İraq şəhərlərindən biri) şəhərinə yola düşür. Bir müddət Bəsrə şəhərində qalır və burada əhalinin fikir və əqidəsinə müxalif çıxır. Elə bu səbəbdən də Bəsrə əhalisi Məhəmmədi şəhərdən qovur. O, Bəsrə və Zübeyr şəhərləri arasında susuzluqdan və piyada yol getməkdən əziyyət çəkirdi. Lakin Zübeyr əhlindən olan bir kişi Məhəmmədi ruhani paltarında görüb ona kömək etməyə çalışır, su verir və öz miniyinə mindirib həmin şəhərə gətirir. Məhəmməd buradan Şama getmək istəyir. Amma səfər azuqəsi olmadığına görə fikrini dəyişir və Əhsa şəhərinə yola düşür. Oradan da Nəcd şəhərlərindən biri olan Hüreymilə şəhərinə səfər edir. Bu zaman, 1139 hicri ilində (1719 m. t.) atası Əbdül Vəhhab Üyeynədən bu şəhərə gəlir.

Məhəmməd burada atasının yanında qalır və bir çox dərsləri ondan öyrənməklə yanaşı, Nəcd əhalisinin əqidəsini inkar edir. Beləliklə, atası və Nəcd əhli Məhəmmədlə mübarizəyə başlayır bu mübarizə bir neçə il davam edir. 1153-cü ildə (1733) Əbdül Vəhhab vəfat edir.1

Şeyx Məhəmməd atasının vəfatından sonra xalqın əqidəsini inkar etməklə öz əməl və fikirlərini irəli sürür. Hüreymilə əhalisinin bir çoxu Məhəmmədin əqidəsinin ardındca gedir. Beləliklə, o məşhurlaşır.

Şeyx Məhəmməd Hüreymilədən Üyeynə şəhərinə qayıdır. O zaman Osman ibn Həmd həmin şəhərə rəhbərlik edirdi. Osman şeyxi hörmətlə qəbul edib ona kömək etmək niyyətində idi. Bunun müqabilində isə, Şeyx bütün Nəcd əhilisinin ona itaət edəcəyinə söz verir. Onların arasında baş verən bu söhbətdən Əhsa şəhərinin əmiri xəbərdar olur və Osmana məktub yazır. Məktubun nəticəsində Osman şeyxi yanına çağırır və ona kömək edə bilməyəcəyi üçün üzr istəyir. Şeyx Məhəmməd cavabında deyir ki, əgər mənə kömək etsən, Nəcd şəhərinin rəhbəri olarsan. Lakin Osman buna etiraz edir, onu Üyeynə şəhərindən qovur. Şeyx Məhəmməd 1160-cı ildə (1740) Üyeynə şəhərindən qovulduqdan sonra Nəcdin tanınmış şəhərlərindən olan Dəriyyəyə yola düşür. O zaman bu əraziyə Məhəmməd ibn Səud (Ali-Səudun əcdadı) rəhbərlik edirdi. O, şeyxin görüşünə gedir və səmimiyyətlə onu qarşılayır. Şeyx də öz növbəsində bütün Nəcd şəhərinə rəhbərlik etməyi Məhəmməd ibn Səuda söz verir. Beləliklə, şeyxlə Ali-Səud arasında sıx əlaqə yaranır.2 Bu zaman Dəriyyə əhalisi aclıq və yoxsulluq içərisində əziyyət çəkirdi. Şeyx Məhəmməd Dəriyyə şəhərinə gəlib Məhəmməd ibn Səudla ittifaq bağlayan zaman oranın camaatı aclıq və yoxsulluq içərisində əziyyət çəkirdi.

Alusi İbn Bişr Nəcdinin dilindən belə rəvayət edir:

“Mən Dəriyyə əhalisinin ağır güzəran keçirməyinin şahidi olmuşam. Sonralar bu şəhər Səudun vaxtında çox dəyişdi. Camaat çoxlu mal-dövlətə, bəzəkli əşyalara, cins atlara və bahalı paltarlara sahib olmuşdu. Bunu sözlə ifadə etməyə dilin qüdrəti çatmaz. Gözümlə şəhər bazarlarının birində kişilərin bir tərəfdə, qadınların başqa bir tərəfdə olduqlarını gördüm. Bu bazarda qızıl, gümüş, silah, dəvə, qoyun, at və hər növ ərzaq məmulatlarının satıldığının şahidi oldum. Bazarı satıcıların və alıcıların səs-küyü bürümüşdü. Biri “aldım”, digəri isə “satdım”–deyə, bal arısı kimi bir-birlərinə dəymişdilər.”1

Əlbəttə, İbn Bişr bu qədər mal-dövlətin və sərvətin necə əldə olunduğunu şərh etməyib. Amma tarixin gedişatından belə məlum olur ki, bu mal-dövlət Şeyx Məhəmmədin əqidəsinə tabe olmayan müsəlman qəbilələrinə və Nəcd şəhərlərinə hücumlar zamanı qarət nəticəsində əldə olunmuşdur. O, qazanılan qəniməti istədiyi kimi bölürdü. Bəzi vaxtlar bunların hamısını özünə götürər və yaxud iki-üç nəfər arasında bölərdi. Qənimətlərin hamısına şeyx nəzarət edərdi. Nəcd şəhərinin əmiri də onun icazəsi ilə özünə mal-dövlət götürərdi.

Şeyxin ən böyük cinayətlərindən biri də bu idi ki, onun puç və batil əqidəsini qəbul etməyən müsəlmanları “kafiri-hərbi” adı altında cəzalandırırdı, yəni müsəlmanlara zərrə qədər hörmət etmirdi. Bir sözlə, Əbdül Vəhhab onları batil bir tovhid yoluna dəvət edirdi. Hər kim qəbul etsəydi, o, təhlükədən kənara qalırdı. Əks təqdirdə, Şeyx Məhəmməd müsəlmanların mallarına, canlarına və namuslarına təcavüz etməyi özünə halal bilirdi.

Vəhhabilər Nəcd daxilində və xaricində (Yəmən-Hicaz-Süriya-İraq) apardıqları döyüşlərdə də eyni ilə bu hərəkəti davam etdirirdilər. Ələ keçirdikləri şəhərin mal-dövlətini özlərinə halal bilib, əhalini qarət edirdilər.

Şeyx Məhəmmədin əqidəsini qəbul edən şəxs ona tabe olmalı idi. hər kim onunla mübarizə aparsaydı, öldürülər və mal-dövləti bölünərdi. Onun tərəfdarları Əhsa şəhərinin Füsül qəsəbəsindən üç yüz kişini öldürüb, mal-dövlətini qarət etdilər.2

Şeyx Məhəmməd 1206-cı ildə (1786 m. t.) dünyasını dəyişdi.3

Əbdül Vəhhabın oğlunun (Şeyx Məhəmməd) əqidəsini onun vəfatından sonra davamçıları həyata keçirdilər. Məsələn, 1246-cı ildə (1786 m. t.) vəhhabi Səud əmiri iyirmi min nəfərdən ibarət qoşunla Kərbəlaya hücum etdi. O zaman Kərbəla çox əzəmətli şəhər idi, hər yerdən türk, iran və ərəb zəvvarları (ziyarət edənlər) Kərbəlanı ziyarət etməyə gəlirdilər. Onlar şəhəri mühasirədə saxladıqdan sonra şəhərə daxil olub çoxlu insan qətlə yetirdilər. Vəhhabilərin Kərbəla şəhərində törətdikləri vəhşiliyi deməklə qurtarmaz. Beş min nəfərdən çox (iyirmi min nəfərə kimi qeyd olunub) adam qətlə yetirildi. Döyüş qurtardıqdan sonra Səud əmiri İmam Hüseyn (ə)-ın hərəminin (məqbərə) xəzinəsinə göz dikərək oranı (mal-dövlət, qiymətli daş-qaş və s.) qarət etdi.

Kərbəla bu hadisədən sonra elə bir vəziyyətdə idi ki, şairlər bu şəhər üçün mərsiyyələr deyirdilər4 vəhhabilər on iki ildən çox arabir Kərbəlaya və Nəcd şəhərlərinə hücumlar edib, oranı talayırdılar. Bu hücumlar yuxarıda qeyd olunduğu kimi, ilk dəfə 1216-cı ildə (1796 m. t.) başlayıb. Bütün şiə yazıçılarının dediyinə görə, Kərbəlada bu hadisə “Qədir Xum”5 bayramı günü törədilib.

Mərhum əllamə Seyyid Məhəmməd Cavad Amili “Miftahül-kərəmə” adlı böyük fiqh kitabının yeddinci cildinin sonlarında belə yazıb: “Bu kitabın bir hissəsini 1225-ci ilin mübarət Ramazan ayının doqquzuncu gecəsi böyük nigarançılıq və həyəcan içində sona yetirdim. Çünki Üneyzə ərəbləri Nəcəfi-Əşrəf və Kərbəla şəhərlərini mühasirəyə almışdılar. Kərbəladan Nimeyi-Şəban6 ziyarətindən vətənlərinə qayıdan zəvvarların mallarını qarət edib, bir çoxlarını (ən çox iranlı zəvvarları) qətlə yetirmişlər. Demək olar ki, ölənlərin sayı yüz əlliyə yaxın idi. bəziləri yüz əllidən az olduqlarını da göstəriblər”.7

Şeyx Məhəmmədin və davamçılarının əqidələrini qəbul etməyənləri qətlə yetirirdilər. Vəhhabilər öz batil tövhidlərində Quran ayələrinin və hədislərin zahiri mənasından istifadə edib, Allahı cisim bilirdilər. Yəni Allah əl, qol, ayaq və s. üzvlərə malikdir.

Alusi bu barədə belə yazır:

“Vəhhabilər İbn Teymiyyənin ardıcılları kimi “Allahın göydən yerə gəlməsi” haqqında hədisi sənəd gətirərək belə ifadə edirdilər:

“Allah ərşdən (göydən) yerə gəlib deyəcək:

“Günahlarının bağışlanılmasını istəyən varmı?”

Və yaxud deyirlər:

“Allah Qiyamət günü “Məhşər” səhrasına gələcək. Çünki Allah özü “Fəcr” surəsinin 22-ci ayəsində buyurur: “Rəbbinin (əmri) gəlib, mələklər səf-səf duracaq”.

Allah hər bir məxluquna istədiyi kimi yaxın ola bilər. O özü buyurub: “Biz ona şah damarından da yaxınıq” (insanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur) /Qaf sürəsi, 16-cı ayə/.1

İbn Teymiyyə “ər-Rədd” kitabında Peyğəmbərin (s) qəbrini ziyarət etmək haqqında olan hədisləri saxta və qondarma adlandırıb. Hər kim Peyğəmbərin (s) vəfatından sonra onu həyatındakı kimi bilsə, böyük bir səhvə yol vermiş olur. Şeyx Məhəmməd və onun davamçıları bu kimi sözləri iddia edirlər.

Vəhhabilərin belə səhv fikirləri nəticəsində bir çoxları İslamı quru və heç bir zamana uyğun olmayan din adlandırıblar.

Lutorb Setodard deyir:

“Vəhhabilər inadkarlıqda həddi aşmışdılar. Bəzi tənqidçi adamlar da vəhhabilərin fikirlərinə əsasən İslamı zamanla uyğunlaşmayan və cəmiyyətin əhvali-ruhiyyəsinə zidd olan bir din adlandırıblar.”2 Şeyx Məhəmməd ibn Əbdül Vəhhab fikrini irəli sürdüyü vaxtdan bir çox böyük alimlər onun ideya və əqidəsinə qarşı çıxıblar. İlk dəfə olaraq, Hənbəli alimlərindən olan atası Əbdül Vəhhab və daha sonra qardaşı Şeyx Süleyman “əs-Səvaiqül-ilahiyyə fir-rəddi-ələl-vəhhabiyyə” adlı kitabında qardaşının əqidəsinin və fikrinin puç və batil olduğunu sübuta yetirdi.

İbn Zeyni Dəhlan deyir:

“Şeyx Məhəmmədin atası və qardaşı alim və saleh adamlar idi. Şeyx Məhəmməd Mədinə şəhərində oxuyarkən atası Əbdül Vəhhab və qardaşı Şeyx Süleyman onun fikir azadlığını və əqidəsinin puç olduğunu hiss etmişdilər. Elə buna görə də onu tez-tez danlayır və camaatı ondan uzaqlaşdırırdılar.3

Abbas Mahmud Əqqad deyir:

“Şeyx Məhəmmədin ən böyük müxalifi qardaşı, “əs-Səvaiqül-ilahiyyə” kitabının müəllifi Şeyx Süleyman idi. Şeyx Süleyman öz kitabında qardaşının fikir və əqidəsinin puç və batil olduğunu söylədikdən sonra belə deyir:

“Vəhhabilərin şirk və küfr kimi hesab edib, bu bəhanə ilə müsəlmanların qanını və malını halal bildiyi əməllər əslində peyğəmbər və imamların dövründə müsəlmanlar tərəfindən yerinə yetirilirdi.

Lakin İslam rəhbərləri bu əməllərin sahiblərini kafir və ya mürtəd adlandırmayıblar. Müsəlmanlara qarşı cihad hökmü verib onları qətlə yetirməyiblər. Heç bir müsəlman şəhərlərini “biladi-şirk” (müşrik şəhəri) və ya “darül-küfr” (kafir evi) adlandırmayıblar”4

Nəhayə bunu da, bilmək lazımdır ki, Şeyx Məhəmməd ibn Əbdül Vəhhab bu batil fikri və əqidəni özü yaratmayıb. Əksinə, əsrlərlə ondan qabaq yaşayan İbn Teymiyyət və şagirdi İbn Qeyyim kimi adamlar da belə bir fikrin və əqidənin sahibi olmuşlar. Lakin o vaxtlar bu fikir və əqidələr məzhəb şəklində formalaşmamış və onlar özlərinə çoxlu tərəfdar yığa bilməmişlər. Hənbəli alimlərindən olan, ibn Teymiyyə ləqəbi ilə tanınmış Əbdul Abbas Əhməd ibn Əbdül Həlim 728-ci hicri ilində (1308 m. t.) dünyasını dəyişmişdir. Onun əqidəsi bütün İslam məzhəblərinin əqidəsinə zidd olduğu üçün həmişə tənqidə məruz qalırdı. Bəzi tədqiqatçıların söylədiklərinə görə, Şeyx Məhəmməd və onun davamçıları İbn Teymiyyənin əqidəsini əsas götürərək, bu əqidəyə itaət edirlər. Yəni vəhhabilərin əqidəsinin əsasını İbn Teymiyyənin fikir və əqidəsi təşkil edir. İbn Teymiyyə öz əqidəsini aşkar edib, fikrini qələmə alaraq kitablar yazdığı zaman İslam alimləri, xüsusilə sünni məzhəbinin alimləri cəmiyyətdə fəsadın qarşısını almaq üçün iki əsas tədbir gördülər:

a) Onun əqidə və fikrinə etiraz əlaməti olaraq kitablar yazdılar. Biz bu kitablardan bir neçəsini qeyd etməyi lazım bilirik:

1. Təqiyyəddin Sübkinin “Şifaüs-siqam fi ziyarəti qəbri xeyril-ənam” və “əd-Dürrətül-muziətu fir-rəddi əla İbn Teymiyyə” adlı kitabları.

2. Maliki məzhəbinin qazısı Təqiyyəddin ibn Abdullah Əxnainin “Əl-Məqalətül-Mərziyyətu” adlı kitabı.

3. Fəxr ibn Müəllim Qürəşinin “Nəcmül mühtədi və rəcmül-müqtədi” adlı kitabı.

4. Təqiyyəddin Hüsnanın “Dəfüş-şübhəti” adlı kitabı.

5. Tacəddinin “əl-Tühfəiül muxtarətu fir-rəddi əla münkəriz-ziyarət” adlı kitabı.

Bu kitablar İbn Teymiyyənin əqidəsinə qarşı yazılmış əsərlərdir. Bununla da onun fikrinin əsassız olduğu sübuta yetirilir.

b) Sünni məzhəbinin böyük müfti və alimləri İbn Teymiyyəni kafir, bidətçi1 adlandırdılar.

İbn Teymiyyətin Peyğəmbərin (s) ziyarəti haqqında olan fikrini Misirin baş qazisi əl-Bədr ibn Cəmaətə yazdıqda o, vərəqin altında “rədd cavabı” olaraq yazır:

“Peyğəmbərin (s) ziyarəti böyük fəzilət və sünnət sayılır. Bütün alimlər bunu qəbul edir. Hər kim Peyğəmbərin (s) ziyarətini haram bilsə, o kəs cəzalanmalı və bu kimi fikirlərdən əl çəkməlidir. Əks təqdirdə həbs olunmalı və xalqa tanıtdırılmalıdır ki, müsəlmanlar onun ardınca getməsinlər.”

Təkcə Şafei məzhəbinin qazısı yox, hətta başqa üç məzhəbin (Hənbəli, Hənəfi, Maliki) qazı və alimləri də bu sözü təsdiq etmişlər. (Bu barədə daha geniş məlumat almaq üçün “Dəfüş-şübhə” / Təqiyyəddin Hüsna / kitabına müraciət edə bilərsiniz).

İbn Teymiyyənin müasiri olan, səkkizinci əsrin (Hicri qəməri tarixi) böyük və tanınmış rical və tarix alimi Zəhəbi ona məktub yazmış və bu məktubda onu tarixin ən mənfur adamı Həccac kimi fasid və yolunu azmış adlandırmışlar. Bu məktubu müəllif “Təkmilətüs-səyfil-siqən” kitabının 190-cı səhifəsində qeyd etmişdir. Həmçinin mərhum əllamə Əmini də bu məktubu “əl-Qədir” kitabının beşinci cildinin 87-89-cu səhifələrində qeyd etmişdir.

İbn Teymiyyənin fəaliyyəti 728-ci ildə Şam şəhərinin (Suriya) zindanında ölümü ilə sona yetdi. Sonra onun tanınmış şagirdi İbn əl-Qeyyim öz ustadının ideyalarını yaymağa başladı. Bir müddətdən sonra bu mövqedən danışan belə olmadı və həmin fikilər zehnlərdən silindi.

Lakin sonralar Əbdül Vəhhabın oğlu onları reallaşdırmaq üçün öz fəaliyyətinə başladı. Elə bu vaxt Nəcd şəhərində öz imarətini möhkəmlədən Ali-Səud əlində gələni ondan əsirgəmədi. Beləliklə, İbn Teymiyyənin miras qalmış əqidəsi yenidən zehnlərdə canlanmağa başladı. Çox əfsuslar olsun ki, “tövhid” adı altında, kafirlərə və müşriklərə qarşı cihad ünvanı ilə minlərlə günahsız müsəlman kişi, qadın və uşağı qətlə yetirdilər. Yenidən müsəlman cəmiyyətində təzə bir firqə və məzhəb yarandı. Təssüf olsun ki, “Hərəmeyni-Şərifeyn”2 bu firqənin əlinə düşdü. Nəcdli vəhhabilər Britaniya və o vaxtkı qüdrətli dövlətlərlə saziş bağlayıb Osmanlı imperatorluğunun dağıldığı və ərəb ölkələrinin parçalandığı bir vaxtda Məkkə və Mədinəni ələ keçirdilər. Vəhhabilər qəbirləri, müqəddəs yerləri, tarixi abidələri və evləri viran etmək üçün əllərindən gələni əsirgəmədilər.

Elə bu zaman şiə alimləri sünni alimləri ilə çiyin-çiyinə vəhhabilərə qarşı mübarizəyə başladılar. Hər iki məzhəb (sünni və şiə) çox gözəl surətdə məntiqi və elmi cihada başladılar.

Sünni alimləri tərəfindən vəhhabilərə qarşı yazılan ilk kitab “əs-Səvaiqül-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyə” əsəridir. Bu əsərin müəllifi Süleyman ibn Əbdül Vəhhabdır (Məhəmməd ibn Əbdül Vəhhabın qardaşı). Şiə alimləri tərəfindən yazılan ilk kitab isə, “Minhacür-Rəşad” əsəridir. Bu əsərin müəllifi mərhum Şeyx Cəfər 1228-ci ildə (1808) vəfat etmişdir. O bu kitabı Ali-Səud əmiri Əbdül Əziz ibn Səudun göndərdiyi risaləyə cavab olaraq yazıb. Əbdül Əziz bu risalədə Məhəmməd ibn Əbdül Vəhhabın bütün ideyalarını toplamışdır. Kitab (Minhacür-Rəşad) 1343-cü il hicri ilində (1923) Nəcəf şəhərində çap olunub. Bundan sonra da vəhhabilərin əməllərinə qarşı bir çox alimlər tərəfindən elmi məqalə, kitab və sair əsərlər yazılmışdır. Bu kimi elmi əsərlərin bir çoxu çap olunub. Vəhhabilər Ali-Səudun saysız-hesabsız gəlir və sərvətinin hesabına güclənirdilər.

Onlar müsəlmanların birliyindən həddən artıq qorxduqları üçün Səuda verilən neftin pulundan bir hissəni bu birliyin dağılması işinə sərf edir. Beləliklə, İslam düşmənləri müsəlman birliyini pozmaq, onları bir-birinə düşmən etmək üçün əllərindən gələni əsirgəmədilər. Biz bu kitabda onların əqidəsi barədə bəhs edib, qələmlə şübhə pərdələrini yırtaraq aydınlaşdırırıq ki, bütün dünya müsəlmanlarının əqidəsi, prinsip və ideyaları Qurandan və sünnədən götürülmüşdür. Lakin vəhhabilərin (fitrətinin əksinə olan) əqidə və fikirləri Quranın və Peyğəmbərin (s) sünnəsinə zidd və müxalifdir. Biz bu kitabda hər bir mətləbi çox qısa şəkildə izah etməklə kifayətlənirik.

1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə