Birinci fəsil



Yüklə 1.62 Mb.
səhifə3/40
tarix08.12.2016
ölçüsü1.62 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

İkinci fəsil

Vəhhabilər və Allah dostlarının1 qəbirlərinin təmiri


Vəhhabilərin daha çox diqqət yetirdiyi məsələlərdən biri də qəbirləri təmir etmək və peyğəmbərlərin, Allah dostlarının məzarları üzərində məqbərə2 düzəltməkdir. İlk dəfə İbn Teymiyyə və onun şagirdi İbn əl-Qeyyim qəbir tikməyi haram etdilər və bu kimi qəbirləri uçurtmağa hökm verdilər.

İbn əl-Qeyyim “Zadül-məad fi hüda xəyril-ibad” adlı kitabında deyir:

“Tikilmiş qəbirləri viran etmək vacibdir. Viran etməyə qüdrəti olan şəxs qəbri bir gün də belə tikili saxlaya bilməz” /Zadül-məad 661-ci s./

1344-cü hicri ilində Səudilər Məkkəyə və Mədinəyə hökmranlıq etdikləri zaman Bəqi qəbiristanlığını, xüsusilə Peyğəmbər (s) ailəsinin və səhabəsinin qəbrini viran etmək fikrində idilər. Onlar Mədinə alimlərindən fitva və hökm almaqla bu işi icra etmək istəyirdilər. Çünki Hicaz əhli bu mənfur əmələ razı deyildi. Elə bu səbəbdən də baş qazı Süleyman ibn Büləyhəd istənilən hökmü alimlərdən öyrənmək üçün Mədinə şəhərinə göndərilir. Süleyman ibn Büləyhəd elə suallar hazırladı ki, vəhhabilərin nəzəriyyəsinə uyğun cavablar bu sualların içində yerləşdirilmişdir. Bununla da müftilərə bildirdi ki, əgər verdiyiniz cavablar bu sualların cavabları ilə uyğun gəlməsə, müşrik sayılırsınız və əgər tövbə etməsəniz, qətlə yetiriləcəksiniz.

Bu sual-cavablar 1344-cü ildə (1924) Məkkədə “Ümmül-Qüra” qəzetinin şəvval ayındakı nömrəsində çap olunmuşdur.3 Bu qəzet nəşr olunandan sonra bütün müsəlmanlar, o cümlədən sünni və şiə alimləri etiraz səslərini ucaltdılar. Çünki hökmün hədə-qorxu ilə alınmasına baxmayaraq, İslam rəhbərlərinin məzarlarının dağılıb viran qalması hamıya bəlli idi. Mədinə və Hicaz alimlərinin on beş nəfərindən rəy alındıqdan sonra şəban ayının səkkizi bütün Əhli-beyt və Peyğəmbərin (s) səhabələrinin məqbərə və qəbirləri viran edilib dağıdıldı. İmamların məqbərə və ziyarətgahlarının4 zinəti (qızıl-gümüş) və sair qiymətli əşyaları qarət olundu. Bəqi qəbiristanlığı xarabalığa çevrildi. Hal-hazırda insan bu mənzərəni görəndə dəhşətə gəlir. Biz bu suallardan bir neçəsini burada qeyd etməklə cavabların bu suallar içərisində necə yerləşdirilməsini siz oxuculara aydınlaşdırmaq istəyirik. Bunların məqsədi sual-cavab deyil, əksinə nadan camaat arasında özlərinə bəraət qazanmaqla müqəddəs yerləri viran etmək idi. Əgər əsas məsələ həqiqəti öyrənmək idisə, ondan əvvəldən cavabların hazırlanması mənasız idi. Çünki, bu sual-cavablar qabaqcadan hazırlanmışdı. Yalnız Mədinə alimlərinin illərlə müqəddəs yerlərin keşiyində durub, onları qoruduqlarından belə bir işə imza atmalarına ehtiyac duyulurdu. Belə olan halda, ola bilərdi ki, bu alimlər birdən-birə həmin yerlərin dağılmasına hökm versinlər?

Süleyman ibn Büləyhəd öz sualında deyir:

“Mədinə alimlərinin – (Allah onların elm və düşüncələrini artıq eləsin) –qəbrin üzərində tikinti aparmaq və məscid tikmək haqqında fikirləri nədir? Bu iş düzgündürmü? Əgər düzgün deyilsə, onda bu, İslamda birdəfəlik qadağan olunmalıdır. Belə məqbərələrin yanında namaz qılmağın qarşısını almaqla, bunları viran və xarab etmək vacibdirmi? Bəqi kimi vəqf olunmuş bir yerdə məqbərə və tikinti işləri tikməklə başqalarının yeri qəsb olunur. Bu yerin qəsb olunması ilə kimə isə zülm olunacaq. Bacardıqca həmin yerləri öz haqqına çatdırmaq lazımdır. Yəni bu məqbərələr dağıdılmalıdır.”

Mədinə alimləri qorxaraq Süleymana belə cavab verdilər:

“Qəbirlərin üstündə tikinti işi aparmaq qadağandır.” Bir çox hədislər bunu təsdiq etdiyi üçün alimlər qəbirləri dağıtmaq haqqında hökm verdilər. Onlar Əbil Həyyacın Həzrət Əlidən (ə) nəql etdiyi hədisə əsaslanırdılar. Əli (ə) Əbil Həyyaca demişdi:

“Mən sənə bir şey tövsiyə edirəm. vaxtı ikən bu işi Peyğəmbər (s) mənə tövsiyə etmişdi. Harda rəsm əsəri gördün, onu məhv et. Harda qəbir gördün, onu yerlə yeksan et.” Şeyx Nəcdi “Ümmül-Qüra” qəzetinin 1345-ci il cümadəyəs-sani ayında çap olunmuş nömrəsində deyir:

“Qəbir üzərində məqbərə tikmək, ümumiyyətlə tikinti işləri aparmaq hicrətin beşinci əsrindən başlanıb.”

Bu kəlmələr vəhhabilərin qəbir haqqında söylədikləri sözlərdən bir neçəsinin nümunəsidir. Vəhhabilər bu məsələdə iki dəlilə əsaslanırdılar:

1. İslam alimlərinin verdikləri haram hökmünə.

2. Əbil Həyyacın Əmirəl-möminin Əlidən (ə) və buna oxşar söylədikləri hədislərə.

Hələlik biz qəbirlərin təmiri haqqında danışırıq. Qəbirləri ziyarət etmək haqqında ayrıca bəhs edəcəyik.

Biz bu mətləbin məzmununu işıqlandırmaq üçün dörd əsas məsələyə işarə edirik:

1. Quran bu haqda nə deyir? Quranda “Qəbrin təmir edilməsi haramdır” və bu kimi hökmlər haqqında ayələr nazil olubmu?

2. İslam ümməti bu işin haram olmasına bir münasibət bildiribmi? Peyğəmbərin (s) və onun dostlarının zamanında qəbri təmir edib onun üzərində tikinti işləri aparıblarmı?

3. Vəhhabilərin istifadə etdikləri “Əbil Həyyac” hədisində əsas məqsəd nədir?

1. Cabir, Ümmü Sələmə və Naimin hədislərindən əsas məqsəd nədir?

a) Qəbirlərin təmiri haqqında Quranda nə buyurulur?

Quranda bu hökmün əleyhinə ayrılıqda işarə olunmayıb. Lakin Qurana nəzər salsaq, bütövlükdə bu mövzu haqda bir neçə hökm əldə etmək olar:

1) Allah dostlarının qəbirlərinin qorunub saxlanması və təmiri İlahi şəairə ehtiram etmək deməkdir. Quranda İlahi şəairə ehtiram etmək iman və təqva kimi qiymətləndirilib. Allah taala “Həcc” surəsinin 32-ci ayəsində – (“Ey insanlar, sizə əmr etdiyim) budur: Hər kəs Allahın mərasiminə (Həcc əməllərinə, yaxud qurbanlıq heyvanlarına) hörmət etsə, bu (hörmət) şübhəsiz ki, qəlblərin təqvasıdır (Allahdan qorxmasındadır)” – deyə buyurur.

İlahi şəairə ehtiram etməkdə məqsəd nədir? “Şəair” ərəb sözü olub “şəirə” sözünün cəmidir. “Şəairə” əlamət və nişan mənasındadır. Ayədə Allahın vücudunun nişanəsindən söhbət getmir. Çünki bütün aləm Onun vücudunun nişanəsidir. Həmçinin bütün aləmdə hər bir şeyə ehtiram etmək iman və təqva əlaməti deyil. Əksinə, Allahın dininə ehtiram etmək təqvalı və imanlı olmaq deməkdir. Təfsir alimləri də bu ayəni belə təfsir ediblər: “Məalimü dinillah”, yəni Allahın dininin əlamətləri.1

Əgər Quranda Səfa və Mərvə dağları2, Mina dağında qurbanlıqda kəsilən dəvə3 Allahın nişanələri adlanırsa, bu Həzrət İbrahim Peyğəmbərin dininin əlamətləri olduğundandır. Əgər Müzdəlifə səhrası4 “Məşər” adlanırsa, demək, bu səhra Allahın nişanəsidir. Deməli, bu səhrada dayanmaq Allahın dininə itaət etmək deməkdir. Əgər bütövlükdə həcc mərasimi Allahın nişanəsi sayılırsa, demək, bu tovhid dininin əməllərindəndir.

Ümumiyyətlə, hər hansı bir şey Allahın nişanəsi və əlaməti adlanırsa, ona əməl etmək iman, təqva və haramdan çəkinmək əlamətidir. Şübhəsiz ki, peyğəmbərlər və kəramət sahibləri İlahi dinin açıq-aşkar əlamətləridir. Çünki bu müqəddəs adamlar ömür boyu dini təbliğ edənlərdən olmuşlar.

Heç bir insaflı şəxs peyğəmbər və imamların ilahi əlamət və müqəddəs İslam nişanələri olmasını inkar etməz. Çünki müqəddəs adamlar Allahın və İslamın müqəddəs əlamətləridir. Onlara ehtiram əlamətlərindən biri də budur ki, qəbirləri, ziyarətgahları və məqbərələri qorunub saxlanılsın. Lakin ziyarətgahları viran qoymaq onlara qarşı edilən hörmətsizliyə ən yaxşı nümunədir.

Allah dostlarının məzarlarına ehtiram etmək bu iki dəlillə aydın olur.

a) Allah dostları, xüsusən İlahi yolda canlarından keçənlər Allal və İslam dininin əlamətləri və nişanələridirlər.

b) Belə insanlara vəfatından sonra edilən ehtiramlardan biri də onların yolunu davam etdirməkdən əlavə, məqbərələrinin qorunub saxlanılmasıdır. Elə buna görə də, bütün millətlərdən böyük siyasi və dini şəxsiyyətlərin qəbir və məqbərələrinin ucaldılması, onların ideyalarının davam etdirilməsi kimi qəbul olunur. Belə adamlar elə bir yerdə dəfn olunur ki, həmişəlik qorunub saxlanılsın. Onların məzarlarını qoruyub saxlamaq özlərinə ehtiram etmək deməkdir. Nəhayət, onlara hörmət isə həmin şəxsiyyətlərin ideya və məktəbini davam etdirmək deməkdir. Bu həqiqəti dərk etmək üçün “Həcc” surəsinin 36-cı ayəsini sözbəsöz araşdırmaq zəruridir. Allah evini (Kəbəni) ziyarət edənlərdən bəziləri qurbanlıq üçün özləri ilə dəvə aparırlar. Qurbanlıq əlaməti olaraq heyvanın boynundan zınqırov asırlar. Bununla da həmən dəvəni başqa dəvələrdən ayırırlar. Bundan sonra bu dəvə Allahın nişanələrindən hesab olunur. Ayədə buyurulduğu kimi, Allahın nişanələrinə ehtiram edilməlidir. Məsələn, qurbanlıq üçün ayrılmış dəvədən minik heyvanı kimi istifadə etmək olmaz. Vaxtlı-vaxtında suyunu və otunu vermək lazımdır. Əgər bir nəfər Məkkədə Allah evinin yanında qurbanlıq üçün dəvə kəsirsə, bu dəvəyə özünə layiq (suyunu, otunu vermək, minik heyvanı kimi istifadə etməmək və s.) ehtiram edilirsə, nəyə görə Allahın ən yaxın bəndələri və nişanələri sayılan, canlılardan keçmiş, dinə xidmət etmiş, Allah və bəndələr arasında vasitə olmuş peyğəmbərlərə, imamlara, alimlərə, şəhidlərə və başqalarına vəfatından sonra ehtiram edilməsin? Əgər, həqiqətən, mahiyyəti cansız təbiət olub daşdan və gildən ibarət olan Kəbə, Səfa, Mərvə, Mina və Ərəfat dağlarına Allahla sıx əlaqəli olduqlarına görə ehtiram olunursa və Allahın nişanələri sayılırsa, bəs nə üçün peyğəmbərlər, kəramət sahibləri, dini təbliğ edib, qoruyub saxladıqları halda Allahın nişanələri adlanmırlar?

Biz vəhhabilərin vicdanını və insafını hakim qərar verərək onlardan soruşuruq:

Siz Peyğəmbər (s) və Allah dostlarını Allahın nişanələri kimi qəbul edirsinizmi? Bu müqəddəs adamların əsərlərini qoruyub saxlamaq, qəbirlərini təmir etmək, dəfn olunduqları yerdə təmizliyə riayət etmək, oranın toz-torpağını silmək ehtiram əlaməti sayılır, yoxsa bu kimi yerləri viran edib xarabalığa döndərmək?!

2) Quran Peyğəmbər (s)-ə, onun yaxınlarına və qohumlarına ehtiram etməyi bizlərə göstəriş vermişdir. Allah “Şuəra” surəsinin 23-cü ayəsində buyurur:

“Ya Məhəmməd! De: – “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində yaxınlarıma (Əhli-beytimə) qarşı məhəbbətdən başqa bir şey istəmirəm.”

Bu ayənin məzmunu bütün insanlara xitab olunur. Peyğəmbərin (s) ailəsinə ehtiram etmək yalnız qəbri təmir etmək deyildir. Bundan əlavə, başqa xeyirxah işlər də nəzərdə tutulub. Çünki bu əməl bütün millətlər arasında adət və ənənə şəklini almışdır. Hamı bunu qəbrin sahibinə bir növ ehtiram əlaməti hesab edir. Elə buna görə də, tanınmış siyasət və elm xadimləri kilsələrdə və yaxud fəxri xiyabanlarda dəfn edilirlər. Məzarın ətrafında güllər və ağaclar əkilir, yaşıllıqlar salınır.

3) Keçmiş ümmətlərdə qəbrin təmiri və iman əhlinin qəbirlərinə ehtiram edilməsi Quran ayələrindən açıq-aşkar bəlli olur. Allah taala Əshabi-Kəhf haqqında buyurur:

Camaat Əshabi-Kəhf əhvalatından xəbərdar olduqdan sonra mağaraya girib onların dəfni üçün iki fikir irəli sürdü:

Bəzisi dedi: “Onların məzarı üzərində məqbərə tikin.”

Bu işdə üstün gəlmiş dəstə isə dedi: “ – Onların məzarı üzərində Allaha ibadət etmək məqsədi ilə bir məscid tikəcəyik.” (Kəhf surəsi, 21-ci ayə)

Quran bu iki fikri heç birinə tənqidi münasibət bəsləmədən nəql edir. Hər halda, Allah dostlarının, kəramət sahiblərinin qəbirlərinin qorunması bu iki nəzəriyyədən aydın olur. Hər üç ayəyə diqqət yetirsək, görərik ki, Allah dostlarının, kəramət sahiblərinin məzarlarını tikmək və təmir etmək heç də haram və məkruh iş deyil. Əksinə, Allah nişanələrinə bir növ ehtiram əlamətidir.

4) Xüsusi evlərin tikilib ucaldılması.

Quran çox gözəl, incə bir məsələni müzakirə etdikdən sonra Allah nurunu içində çıraq olan taxçaya bənzədir. Bu ifadə Quranda “Allah yerlərin və göylərin nurudur” kəlməsi ilə başlayıb və “Allah hər şeyi biləndir” kəlməsi ilə tamamlanır. Bu məsələnin müzakirəsindən sonra deyilir:

“(Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam onu təsdiq edib şəninə təriflər deyərlər.” (Nur surəsi, 36-37-ci ayələr).

Bu ayəni açıqlamaq üçün ilk növbədə iki məsələni aydınlaşdırmaq lazımdır:

a) “Evlər” kəlməsində məqsəd nədir?

b) “Ucaltmaq” dedikdə nə nəzərdə tutulur?

“Evlər dedikdə yalnız “məscidlər” nəzərdə tutulmur. Məscidlərlə yanaşı Peyğəmbər (s)-in, Allah dostlarının və kəramət sahiblərinin də evləri qeyd olunub. Bu məqsədlə də “ev” sözü cəmdə “evlər” şəklində işlənmişdir. Bu evlər Allah nurunun mərkəzi sayılır. “Ev” dedikdə məscid nəzərdə tutulmur. Çünki dörd divardan və tavandan ibarət olan mülk “ev” adlanır. Əgər “Kəbə” Allah evi adlanırsa, bu ona görədir ki, dörd divar və bir tavandan ibarət olan müqəddəs evdir. Lakin məscidlər tavansız da ola bilər. İndinin özündə də, “Məscidül-Həram” tavansız bir məsciddir. Quran ayələrindən də bəlli olur ki, tavanlı tikiliyə “ev” deyilir.Zuxruf surəsinin 33-cü ayəsində Allah taala buyurur:

“Əgər insanların (müşriklərin cah-cəlal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı olmasaydı, Rəhmanı inkar edənlərin (axirətdə əzabını daha da artırmaq məqsədilə) evinin tavanlarını gümüşdən edərdik.”

Hər halda “evlər” kəlməsi məsciddən başqasına və yaxud həm mənzilə, həm də məscidə şamil olur.

“Ucaltmaq” sözünün izahı:

Ayədə deyilir: “Allah bu evlərin ucaldılmasına izn verib.”

Ucaltmaqdan zahiri məqsəd divarları və sütunları hündür etmək, bunun əksi isə viran və dağıtmaqdır. Quranda “ucaltman” kəlməsinin zahiri mənası divarların hündür olması və təmiri mənasında işlənib. Bəqərə surəsinin 127-ci ayəsində deyilir:

“Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman.” Əgər “ucaltmaq” da mənəvi məna olsa, Allah belə evlərə yüksək qiymət verir, məqamını daha da ucaldır.

Əgər bu söz zahiri məna da daşısa, ayədə adı çəkilən “evlər” kəlməsi peyğəmbərin, övliyaların mənzillərinə aid olur. Çünki belə evlərin (Allah orada zikr oldunduğuna görə) təmiri və abadlaşması istər həyatda olduqları zaman, istərsə də vəfatlarından sonra layiq bir işdir. Yaşadıqları evdə (əziz İslam Peyğəmbəri (s), imam Hadi (ə) və imam Həsən Əsgəri (ə) yaşadıqları evdə dəfn olunduqları kimi) və yaxud başqa bir yerdə dəfn olunmasından asılı olmayaraq, bu kimi evləri, yaxud qəbirləri təmir edib abadlaşdırmaq və viran edilməsinin qarşısını almaq lazımdır.

Əgər “ucaltmaq” sözü mənəvi mənada işlənmişsə, yenə də Allah belə evlərə ehtiram edilməsinə icazə verib. Bu evlərə ehtiram, onları abadlaşdırmaq, təmiz saxlamaqdır.

Hər iki mənada (zahiri-batini) “ucaltmaq” buna görədir ki, övliyalar və peyğəmbərlər Allahın yaxın bəndələri və dostlarıdır. Quranda bu və bu kimi ayələrin olmasına baxmayaraq, vəhhabilər kişi və qadınların gecə-gündüz Allahı zikr etdiyi yerləri – imamların məqbərələri, Bəqi qəbiristanlığı və sair övliyaların məqbərələrini viran edib dağıtdılar. İnsanların cəmləşib dua və münacat etdikləri yerlər indi xarabalığa çevrilib. Bununla da öz keçmiş kin və küdurətlərini Peyğəmbərin ailəsi və onun səhabələrinə qarşı büruzə verdilər. Bu haqda əziz oxucunun diqqətini bir hədisə cəlb edirik:

Ənəs ibn Malik deyir:

“Əziz Peyğəmbər (s) bu ayəni oxudu (Nur surəsi, 36-37-ci ayələr və elə bu vaxt bir kişi yerindən qalxıb dedi:

–Hansı evləri deyirsiniz?

Peyğəmbər (s) buyurdu:

Peyğəmbərlərin evlərini.

Elə bu vaxt Əbu Bəkr dedi:

– Bu ev də (Əli və Fatimənin (ə) evinə işarə edərək) o evlərə aiddir?

Peyğəmbər (s) buyurdu:

– Bəli, bu ev o evlərin ən əhəmiyyətlisi və fəzilətlisidir.”

2) İslam ümməti və qəbirlərin təmiri.

İslam dini Ərəbistan yarımadasında inkişaf etdiyi və parlaq nuru orta Asiyanı əhatə etdiyi zamanda peyğəmbərlərin dəfn olunduqları yerlər və qəbirlər tanınmağa başlandı.

Elə o vaxtdan bu qəbirlərin bəziləri tam və yarımdairəvi şəkildə olan tavandan (günbəzdən) ibarət olmuşdur. Hal-hazırda bunlardan bəziləri öz əvvəlki vəziyyətində qalmaqdadır.

Məkkə şəhərində İsmailin və anası Hacərin qəbri otaqda, Şuş şəhərində Daniyel peyğəmbərin, İraq ölkəsində Hud, Saleh, Yunis və Zul-Kifl peyğəmbərlərin qəbirləri, həmçinin İbrahimi-Xəlil və oğlu İshaqın qəbirləri vardır. Yəqub və Yusif peyğəmbərlərin qəbirlərini Həzrət Musa Misir şəhərindən gətirib Beytül-Müqəddəs şəhərində dəfn etdi.

Hal-hazırda bu qəbirlər tikili və abadlaşmış vəziyyətdə olaraq qalır.

Həvvanın qəbri Ciddə şəhərindədir. Səudilər bu şəhəri əhatə etdikdən sonra bu qəbirdən heç əsər-əlamət qalmayıb. Deyilənlərə görə, Həvvanın qəbri orada olduğu üçün bu şəhər Ciddə, yəni “nənə” adlanıb. İslamın yeni yayıldığı zaman müsəlmanlar bu şəhəri fəth etdikdə həmin qəbirləri viran edib xaraba qoymurdular.

Əgər, həqiqətən, qəbirləri təmir edib, tikmək haramdırsa, müsəlmanlar fəth etdikləri İraq, İordaniya və s. ölkələrdə yerləşən qəbirləri nəyə görə uçurmadılar və bu qəbirlərin yenidən tikilməsinin nə üçün qarşısı alınmadı? Əksinə, keçmiş peyğəmbərlərin qəbirləri abadlaşdırıldı. On dörd əsrdir bu qəbirlər qorunub saxlanılır. Onlar məzarları qoruyub saxlamağı onun sahibinə ehtiram əlaməti hesab edib, bu işlə xeyirxah əməl sahibinə çevrilirdilər. İbn Teymiyyə “əs-Siratil müstəqim” kitabında deyir:

“Beytül-Müqəddəs fəth olunan zaman peyğəmbərlərin qəbirləri tikilmiş və məqbərə vəziyyətində idi. lakin dörd yüzüncü hicri ilinə kimi bu məqbərələrin qapıları bağlı olub.”1

Əgər, həqiqətən, məqbərə tikmək haramdırsa, nə üçün müsəlmanlar bu qəbirləri viran etmədilər? Sözsüz ki, bu iş haram olsaydı, istər məqbərənin qapısı bağlı olsun, istərsə də açıq, qəbirləri dağıtmaq vacib bir əməl sayılardı. Müsəlmanlar məqbərələrin bağlı olmasına baxmayaraq, onları külünglə belə dağıdıb viran edərdilər.

İslam rəhbərləri və alimlərinin gözlərinin qarşısında belə qəbirlərin olması və qorunub saxlanılması müqəddəs İslam dini tərəfindən bu işin icazə verilməsinə dəlalət edir.

1   2   3   4   5   6   7   8   9   ...   40


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə