Bitki sistematikası – taksomnomiya botanikanın ən qədim zamandan inkişaf edən sahələrindən (şöbələrindən) biridir. Hələ qədim insan yabanı bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etdikdə onları (bir-birindən fərqləndirmək üçün adlandırmışdır. Bitki sistematikası bitkilər aləmindəki müxtəlifliyi öyrənir və ayrı-ayrı bitki qruplarını onların bir çox xüsusiyyətlərinə görə təsnif edir. Bu təsnifatda, əsasən, müqayisəli morfologiya metodları tətbiq edilərək müxtəlif taksonomik vahidlər (növlər, cinslər, fəsilələr və s.) müəyyən edilir. Həmin vahidlərin bu və ya başqa əlamətlərinin bənzəyişinə və fərqinə əsasən, müxtəlif bitkilərin qohumluq münasibətləri və mənşələri göstərilir və nəhayət qeyd olunan məlumat əsasında bitki sistemləri tərtib edilir. Hər hansı bir növün təsviri verildikdə onun biologiyasına və təsərrüfat əhəmiyyətinə aid məlumatlar da verilir.
Bitki sistematikası bir neçə yarımşöbələrə bölünür:
Mikologiya – göbələklərin, alqologiya – yosunların, briologiya – mamırların, lixenologiya – şibyələrin, dendrologiya – ağac və kolların sistematikasını öyrənir.
Müasir taksonomiyanın əsas məqsədi təbii sistemin, yəni filogenetik sistemin tərtib edilməsidir.
Bitki morfologiyası geniş mənada bitki orqanizminin quruluşunu mühitlə bitkinin qarşılıqlı münasibətlərinin bir nəticəsi kimi öyrənir. Morfologiya bitki orqanizmində hər hansı bir quruluşun əmələ gəlməsinin və ümumiyyətlə dəyişməsinin səbəblərini aydınlaşdırmaqda tədqiqatçıya kömək edir. Morfologiya botanikanın sonradan inkişafa başlamış bir neçə şöbəsini birləşdirir. Əksər hallarda bitki morfologiyası orqanların ancaq xarici quruluşunu öyrənən elm mənasında işlənir. Orqanların daxili quruluşunu mikroskop vasitəsilə öyrənən elmə bitki anatomiyası adı verilir.
Bitki anatomiyası ilə aparılan tədqiqatın məqsədindən asılı olaraq bitki histologiyasına (əgər toxuma quruluşu öyrənilirsə) və sitologiyaya (əgər hüceyrənin quruluşu öyrənilirsə) ayrılır.
Bitki morfologiyasına – bitki embriologiyası da daxildir. Bitki embriologiyası cinsi və qeyri-cinsi çoxalma orqanlarının quruluşunu, onların əmələgəlmə və inkişaf qaydalarını, tozlanmanın və mayalanmanın gedişini, həmin orqanlarda quruluş dəyişkənliyini, rüşeymin inkişafını ontogenez müddətində öyrənərək, onlarda filogenetik əlamətlərin üzə çıxarılmasına xidmət edir, bununla da filogenetik sistemlərin tərtibi üçün lazımi məlumatları toplamış olur.
Bitki fiziologiyası. Bitkilərdə müxtəlif yaşayış proseslərini, tənəffüsün və assimilyasiyanın gedişini, yəni bitkilərdə davam edən müxtəlif mübadilə reaksiyalarının gedişini və onların nəticəsində toplanan maddələri, bitkilərin inkişafını, böyüməsini və bir çox başqa yaşayış proseslərini öyrənir. Bitki fiziologiyası son zamanlar iki yeni və sürətlə inkişaf edən elmi sahəyə başlanğıc vermişdir. Onlardan biri bitki biokimyasıdır; bu sahə bitkilərdə toplanan üzvi birləşmələri, onların xassələrini, törəmə şəraitini, bu birləşmələrin törəməsində davam edən reaksiyaları öyrənir. Onlardan ikincisi bitki biofizikasıdır. Bitki biofizikası mübadilə reaksiyasının gedişində, böyümədə və inkişafda toxumalarda və hüceyrədə müşahidə olunan fiziki dəyişkənlikləri bioloji proseslərlə əlaqədar surətdə öyrənir.
Botanikanın yuxarıda qeyd olunan 3 əsas sahəsi ilə yanaşı aşağıdakı şöbələri də vardır:
Bitki ekologiyası- bitkilərlə mühitin qarşılıqlı münasibətlərini, o cümlədən bitkinin mühitə uyğunlaşma qanunlarını, mühitin ayrı-ayrı amillərinin (su rejiminin, torpağın, temperaturun və s.) bitkiyə təsirini, eləcə də bitkinin mühiti dəyişdirmə xüsusiyyətlərini də öyrənir.
Bitki coğrafiyası-bitkilərin müasir dövrdə və keçmiş dövrlərdə yer kürəsinin müxtəlif ərazilərində yayılmasını və bu prosesdəki qanunauyğunluğu öyrənir. Bitki coğrafiyasının vahidi arealdır. Areal bir növün yer kürəsində əhatə etdiyi sahəyə deyilir. Bitki cöğrafiyasının görkəmli sahəsi fitosenologiyadır.
Dostları ilə paylaş: |