Bu dünya göRÜŞ yeriDİ



Yüklə 2.99 Kb.
Pdf просмотр
səhifə8/11
tarix18.05.2017
ölçüsü2.99 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

Bu dünya görüş yeridi 
 
 
163 
dən bəhrələnmişdir. İbtidai təhsilə doğma kəndində başlasa 
da,  orta  məktəbi  Bərdə  rayonundakı  Yeni  Daşkənd  məktə-
bində başa vurmuş, bir müddət sonra ali təhsil almışdır. 
1988-ci il Göyçəmizin ocaqlarını söndürdü. Yurdlar vi-
ran  qaldı,  insanlar  pərən-pərən  düşüb,  Azərbaycana  pənah 
gətirdilər.  Erməni  daşnaklarının  başımıza  gətirdikləri  mə-
şəqqətlər  hamı  kimi,  Aqil  İmanın  da  vücudunu  göynətdi, 
onun şair könlünə köz  basdı. Gənc şair vətən itkisinə dözə 
bilmirdi. Bir yandan da düşmənlərin Qarabağa hücumu onu 
müsəlləh əsgərə döndərdi. Leytenant rütbəsilə qanlı döyüş-
lərə atıldı, cəbhədən-cəbhəyə rəşadət göstərdi, amansız düş-
mənə dəfələrlə ağır zərbələr endirdi, neçə-neçə qaniçəni qa-
nına  qəltan  elədi.  Döyüşlər  getdikcə  genişlənir,  Vətən  tor-
paqları  əldən-ələ  keçir,  şəhər  və  kəndlərimiz  işğal  olunur, 
günahsız oğullarımız şəhid olurdular. Cəbhədə atəşkəs elan 
olunsa  da,  insanların  ürəyində  hələ  də  döyüşlər  gedirdi. 
Vətənin  iyirmi  faizi  amansız  düşmən  əlinə  keçmişdi.  Qa-
rabağ  qara  günlərini  yaşayır.  Cıdır  düzü,  İsa  bulağı,  xarı-
bülbül  matəm  libası  geyinmişdi.  Ağdamın  xoşbəxt  günləri 
əlindən  alınmış,  Cabbarın,  Xanın  zəngulələrinə  sükut  en-
miş, Qarabağ şikəstəsi Qarabağın şikəstinə çevrilmişdi. Ar-
xalı  düşmənin  vurduğu  yaraların  sızıltısı  ürəkləri  göyüm-
göyüm göynədirdi... 
Aqil  İman  müharibə  yarası  almasa  da,  sanki  ürəyində 
mərmi  qəlpəsi  gəzdirirdi.  O,  övladları  Qılmanın,  Orхanın 
baxışlarından  təsəlli  alır,  ötən  günlərini  onlara  həsr  edirdi. 
Aqil İmanın ürəyi  saza-sözə kökləndiyindən  ürəyindən ke-
çən  misraları  varaqlara  köçürür,  yanğılarını  bu  yolla  sön-
dürürdü.  Şair  taleyindəki  böyük  dərd  gəzdirən  İman,  ana 
Azərbaycanın  və  vətəni  Göyçənin  göynəkli  yarasını  ürəyi-

Aqil İman 
 
 
164 
nin başında gəzdirdiyi üçün günlərin bir günü ürəyi qanına 
boyandı. Qəbri qübrətdə qalan Həsən Xəyallının axirət dün-
yasına mələklər “qara kağız” çatdırdılar!... 
Aqil  İman  özündən  sonra  dəyərli  bir  ədəbi  irs  qoyub 
getmişdir. Xalq ruhunda yazdığı müxtəlif janrlı şeirləri de-
məyə əsas verir ki, o Göyçə ədəbi məktəbinin layiqli nüma-
yəndəsi  kimi  diqqətə  layiq  yaradıcılıq  yolu  keçmişdir.  La-
kin onun əsərlərində aparıcı meyar nisgil, həsrət, vətən dər-
didir: 
 
Oyan, a taleyim, a bəхtim, oyan! 
Sən mənə həyansan, mən sənə həyan. 
Nə vaхtdır gözümü yollarda qoyan, 
Görən harda qaldı, ölüm gəlmədi. 
və ya: 
İmanam, qələmi verdilər ki, yaz: 
Dünya qanlı qatil, həyat yaramaz! 
İstədim bəхtimə qarğıyam bir az, 
Dedim: günah olar, dilim gəlmədi. 
 
Aqil  İman  sözə  əyləncə  kimi  yanaşmır.  Fikir  və  his-
lərini bədiyyətə calayıb yazır. 
Fəlsəfi  düşüncələrini  mütəmadi  olaraq  önə  çəkir,  oxu-
cunu  intizarda  saxlamır.  O,  sözlərin  seçimini  elə  ustalıqla 
edir  ki,  əlavə  şərhə  ehtiyac  duyulmur.  Dilin  rəvanlığı,  sö-
zün lakonikliyi, misralararası bağlılıq, üslub gözəlliyi, fikir, 
məna  düzülüşü  zərrəbin  dəqiqliyilə  qələmə  alındığından 
şeirlərin  hamısını  bir  nəfəsə  oxumaq  istəyirsən.  “Dağlar” 
şeirinin hələ bir bəndinə baxın: 
 

Bu dünya görüş yeridi 
 
 
165 
Təbiət bəzəyib çölü-çəməni, 
Çiçəklər gəlibdi toyuna, dağlar. 
Dərənin dibindən zülal toplayıb, 
Bulaqlar bal qatıb suyuna, dağlar. 
 
Aqil İmanın şeirləri arasında fikrimi tarıma çəkən, ürə-
yimi sızıldadan biri haqda söz açmaya bilmərəm. Günlərin 
bir günü şair təsadüf nəticəsində Aşıq Ələsgərin soy qohu-
mu, tanınmış şairimiz mərhum İsmixan Didərginlə görüşür. 
Bu  görüş  onun  iç  dünyasını  topa  tutur,  ürəyini  sıxır,  göz-
lərini  ağladır,  bağrına  dağ  çəkir.  Baxanda  görür  ki,  İsmi-
xanın  Göyçəli  günlərindən  baxışlarında  heç  nə  qalmayıb. 
Danışanda kövrəlir, susanda  yazıq görkəmi alır. Aqil İman 
qara bulud kimi dolur. İsmixandan göz yaşı ilə ayrıldıqdan 
dərhal sonra “İsmixan dayı” şeirini yazır: 
 
Vətən adı çəkdim, göynəyib elə, 
Gözündən od tökdü İsmiхan dayı. 
Dedim: – göyçəliyəm, sizin elliyəm, 
Önümdə diz çökdü İsmiхan dayı. 
 
Görüşdük, nəfəsi Göyçə qoхudu, 
Sözdən dəstə tutdu, çələng toхudu. 
Ələsgərdən aşıq “dağlar” oхudu, 
Hey boynunu bükdü İsmiхan dayı! 
 
Bu  misraları  həyəcansız  oxumaq  qeyri-mümkündür. 
Misralar  arasında  fəryad  qoparan  zümzümələr  sanki,  ada-
mın qolundan yapışıb hönkür-hönkür deyir: “İnsanın ən bö-
yük düşməni qəriblik, ən amansız sözkəsəni qəm-qüssədir”. 
Elə İsmiхan da, Aqil İman da qəm-qüssənin, Göyçə həsrəti-

Aqil İman 
 
 
166 
nin  qurbanı  oldu.  Bu  yerdə  iki  bayatı  yaddaşımın  qapısını 
açdı: 
 
Əzizim, qazan ağlar, 
Od düşər, qazan ağlar. 
Qürbət eldə ölənin, 
Qəbrini qazan ağlar. 
 
Aşıq deyər, cəfası, 
Yoх dərdimin dəvası. 
Vətən dərdi qoхuyur, 
Qəribliyin havası. 
 
Şair  o zaman xoşbəxtdir ki,  yaratdığı  söz  aləminin ar-
xasınca gedir, necə dəyərlər sözdən zühur edir. Əsl şeiri il-
ham  pərisi  yaradır,  sirli-sehrli  əfsun  pərisi.  Hər  söz  yığını, 
fikir  bolluğu,  gəlmə  düzümü  poeziya  sayıla  bilməz.  Söy-
lənilən  hər  misra  oxucunu  ayağa  qaldırmırsa,  demək,  hələ 
şeir  yaranmayıb,  fikir  və  hiss  çiydir.  Bəziləri  sözləri  qa-
fiyələndirməklə  şair  olduqlarını  zənn  edirlər.  Bayağı  de-
yimlər,  ürəkbulandırıcı  fikirlər,  çeynənmiş  kəlmələr  şeir 
üçün  məna  kəsb  etmir.  Bu  baxımdan  Aqil  İmanın  şeir  çə-
ləngi rəngarəngdir, oxucu marağına xidmət edir. Yığcam və 
şalğamlıdır, dürüst və həssasdır, bir sözlə, şeirdə tələb olu-
nan  qayda-qanuna  cavab  verir.  Aşağıdakı  poetik  nümunə-
lərə nəzər salın:  
 
Dən ələyib bircə-bircə saçımdan, 
Neçə qara tük atıbdı həsrətin. 
Nə götürə, nə də çəkə bilirəm, 
Elə böyük yük atıbdı həsrətin. 

Bu dünya görüş yeridi 
 
 
167 
 
Dözmək olar, dözüləsi beş ilə, 
Beş – dedim qorхuram, bağrım deşilə!... 
Bu sevgini mən udanda “şeş” ilə, 
Gəlib sənin “yek” atıbdı həsrətin. 
 
Bu iki bənddə  yer alan tutumlu  misralar oturuşmuş bir 
şairdən xəbər verir. 
Ana  mövzusu  nakam  şairin  seçilən  əsərləri  arasında 
diqqət çəkir. Lakin bu şeirlərin mayasında da qəm öndədir:  
 
Yaş deyil, gözündən aхan seldi ki, 
Ürəyi qırılmış sarı teldi ki, 
“Vətən” deyə-deyə neçə ildi ki, 
Əlləri qoynunda qalıbdı anam. 
 
Aqil İman sağlığında çoxlu ziyalılarla dostluq əlaqələri 
yaratmışdır. Onu tez-tez Asif Atanın, Hüseyn Arifin, Rasim 
Kərimlinin  yanında  görər,  onların  əhatəsində  şeir  söylə-
məkdən  yorulmadığının  şahidi  olardın.  Şeirlərinin  əksəriy-
yətini əzbər bilən bu sinədəftər olduqca səmimi və təvazö-
kar  insan  olub,  heç  vaxt  heç  kimin  qəlbinə  toxunmayıb. 
Məhz buna görədir ki, sözlərindən özünü görmək mümkün-
dür.  Şair  var  ki,  şəxsiyyətilə  yaradıcılığı  ziddiyyət  təşkil 
edir, cəmiyyətdə başqa cür, ailədə isə tamam başqa qiyafə-
də görünür. Aqil İman qədər Vətən, torpaq, insan sevən az 
adam tapılar. Şairin “Göyçə” şeirinə diqqət ayırın: 
 
Həsrətindən alovlannam, 
Aç yolunu sönüm, Göyçə. 
Atam sənsən, anam sənsən, 
Qoy başına dönüm, Göyçə. 

Aqil İman 
 
 
168 
 
Qalıb qəmlər qucağında, 
Yanır hicran ocağında. 
Sənsiz ölüm yatağında, 
Keçir ömrüm, günüm, Göyçə. 
 
İman çəkir ahu-zarı, 
Gözü yolda qoyma barı. 
Düşəcəkmi sənə sarı, 
Görən bir də yönüm, Göyçə?! 
və ya 
Oğlu əsir, qızı girov düşübdü, 
Nə qohumu, yadı qalıb Göyçənin. 
 
Nakam  şairə  sağlığında  yaradıcılıq  himayədarlığı  gös-
tərən,  dövrünün  kifayət  qədər  sayılan-seçilən  şairi,  şeirləri 
çoxsaylı  oxucuların  dillər  əzbəri  olan,  aşıqların,  xanəndə-
lərin  repertuarında  geniş  yer  alan  qardaşı  Sərraf  Şiruyə  ol-
muşdur. Şiruyə müəllim onun Həsən Xəyallı ocağına layiq, 
Göyçə  ədəbi  məktəbində  fərqlənən  qələm  əhli  kimi  for-
malaşmasında  müstəsna  xidmətlər  göstərmişdir.  Aqil  İman 
az vaxt ərzində poetik  qoşquları ilə Azərbaycan oxucuları-
nın diqqətini cəlb etmiş, yadda qalan şair təsiri bağışlamış-
dır.  Onun  öz  yaradıcılıq  üslubu  var,  heç  kimə  bənzəmir, 
mövzu seçimində sərbəstdir. Bir qayda olaraq sözün işığın-
da görünür. Aşağıdakı poetik nümunəyə diqqət edin: 
 
Yaşıl çəmənlərdən şirə toplayıb, 
Arının könlünə bal düşür: bəh-bəh! 
 

Bu dünya görüş yeridi 
 
 
169 
Bu cür nümunələrin sayını daha da artırmaq olar. Lakin 
şairin daha çox nəzərimi çəkən bir şeirini olduğu kimi hör-
mətli oxucuların diqqətinə təqdim edirəm: 
 
Əzizim, soruşma bəхti, iqbalı, 
Bəхt ulduzum parladı da, söndü də. 
Ömrüm-günüm ötdü qəmdə, qüssədə, 
Dəli könül seçdi, sevdi, döndü də. 
 
Zəmanə dəlitək oynatdı məni, 
Gah çəkdi qoynuna, gah atdı məni. 
Tale dilə tutub aldatdı məni, 
Tərəqqiyə ucaldı da, endi də. 
 
İmanam, nə vaхtdır artıb zillətim, 
Qurğuşun bağlayıb canda möhnətim. 
Bir zamanlar aşıb-daşan şöhrətim, 
Mənzilinə toхundu da, çöndü də. 
 
Aqil  İman,  deyildiyi  kimi,  bir  çimir  yuxu  boyda  ömür 
yaşadı.  Yaşasaydı  neçə-neçə  daha  sanballı  əsərlər  ortaya 
qoyacaqdı. Təəssüf, min təəssüf! Onun saralmış vərəqlərdə 
çapını gözləyən bir çox şeirləri var. Bu irili-xırdalı əsərlərin 
hər birini nakam şairin özü kimi dəyərləndirir, onun ölməz 
ruhunun sınmaz qanadı hesab edirəm. 
Bu  günlərin  söhbətidir:  Gecə  telefonum  zəng  çaldı. 
Dəstəyi  götürdüm.  Danışan  Aqil  İmanın  böyük  övladı,  is-
tedadlı  şair  Qılman  İman  idi.  Hiss  edirdim  ki,  xeyli  həyə-
canlıdır. Utancaq bir səslə dilləndi: Atamın şeirlərini ayrıca 
kitab  şəklində  buraxdırmaq  qərarına  gəlmişəm.  İstəyirəm 

Aqil İman 
 
 
170 
ruhu  sevinsin,  ailəmiz,  qohumlarımız,  onu  sevənlər  rahat-
lansın.  Əlavə  etdi  ki,  yeni  şeirlərini  də  əldə  eləmişəm,  söz 
verənlər  də  var...  Bu  gözlənilməz  şad  xəbərdən  Qılmanın 
özü qədər sevindim!  
Bəlkə, o gecə Aqil İmanın ruhu da bizi göylərdə dinlə-
yirdi.  Nə  bilim,  bir  onu  bilirəm  ki,  ömrümüzü,  günümüzü 
amanatlayan fani adlanan qoca dünya hər şeyə toxunsa da, 
sözə  toxunmur.  Yaşadacaq  da.  Çünki  söz  onu  yaradandan 
gəlir. 
Nakam  şairin  yaradıcılığı,  bütövlükdə  yaralı  poeziya 
aləmi o qədər ruha yatan, qəlbə yaxındır ki, saralmış vərəq-
lərdə  boyun  bükən  misralardan  ayrılmaq  istəmirsən.  Bu 
yerdə Dədə Ələsgərdən fikrimi canlandıran iki misra gəldi: 
 
Onda vay halına yazıq Ələsgər, 
Özün getdin, sözün qaldı dünyada. 
 
Məzar evində Qarabağ dərdi, Göyçə nisgili ilə torpağa 
qarışan  Aqil  İmana  ulu  Tanrıdan  bir  diləyim  var:  Tanrım, 
onun axirət dünyasını qapalı eləmə! Günlü-günəşli elə! Söz 
ömrünü ömrünə cala! İnsanlara məzarını yox, özünü göstər! 
Bütün  günahlarını  sözlərinə  bağışla!  Aqil  də  sənsən,  İman 
da səndən gəlir! Sonuncu şeirinə özü nöqtə qoyub, Tanrım, 
sən  onun  ömrünə  nöqtə  yazma!  Amin!  Amin!  Yenə  də 
Amin! 
Nəhayət,  sönməz  şairin  əcəl  mürəkkəbi  ilə  yazdığı 
“Qurban  olaram”  gəraylısını  möhtərəm  oxucuların  maraq 
dünyasına  təqdim  edir  və  bu  yazıma  ürək  ağrısıyla  sonluq 
qoyuram:  
 

Bu dünya görüş yeridi 
 
 
171 
Ay çiçək, sənin əslinə, 
Soyuna qurban olaram. 
Bir səs eylə harayına, 
Hayına qurban olaram. 
 
Eşqini buta eylə sən, 
Eyb olmaz хəta eyləsən. 
Bir öpüş əta eyləsən, 
“Payına” qurban olaram. 
 
İstərəm canıyananlıq, 
Göstərəsən bircə anlıq. 
Ayağın altda qurbanlıq, 
Qoyuna qurban olaram. 
 
…Eşq məni İman eyləyib, 
Müşkülə güman eyləyib. 
Sən gedən gün qan eyləyib, 
Toyuna qurban olaram. 
“Bizim söz” qəzeti, 
10 oktyabr 2010-cu il 
 

Aqil İman 
 
 
172 
Maşallah ХUDUBƏYLİ 
 
YARIMÇIQ ÖMRÜN YADİGAR QAFİYƏLƏRİ 
 
“Bir gövdənin üç budağı”nın son xanəsinə yetirkən nə-
dənsə  ani  olaraq  fikrim  dumanlandı,  ürəyim  kövrəkləşdi. 
Bircə  hovur  içində  xəyalım  ellər  dolaşdı.  Dağlardan  aşıb, 
düzlərdən keçdi, bağçalar dolanıb, bağları gəzdi. Kökü tor-
pağın dərin qatlarına işləyən nəhəng bir ağac gəlib dayandı 
gözlərimin  qabağında.  İllərin  qoynunda  qat-qat  olub  dəmir 
kimi  bərkiyən,  qabığını  yarıb  göylərə  ucalan  üç  budaq 
gördüm  onun  üstündə.  Bu  budaqlar  gövdələşib  qol-qanad 
açarkən,  üçüncü  budaq  hələ  puçurlarını  açıb  ərsəyə  yet-
məmiş öz nazikliyində, kövrəkliyində qalırdı.  
Amma  inkişaf  etməsə  də,  nə  özü  qurumamışdı,  nə  də 
üstündəki bahar müjdəli yarpaqları.  
Kim  bilir,  hələ  neçə  belə  baharda  çiçəkləyəcək  onun 
tumurcuqları?! 
Və neçə yaz ağzında al-yaşıl donuynan bəzənib gözləri, 
könülləri oxşayacaq onun yarpaqları?! 
Həyatın  qəribə  qanunları  var.  Bəzən  təbiətlə  cəmiyyət 
arasındakı zahiri uyğarlıq onun fəlsəfi tərəflərinə də sirayət 
edir… 
Mən də, bax beləcə, bu düşüncələrlə “Mənim sazlı-söz-
lü dünyam”ın 2-ci sayındakı “Bir gövdənin üç budağı” fəs-
linin sonuncusunu qələmə alarkən ürəyimin kövrəkliyi çul-
ğadı köksümü. İstər-istəməz onun dedikləri düşdü yadıma:  
 
Bilirsənmi, fürsət yoxdu, 
Gündə yüz yol görəm səni
Təravətli çiçək kimi, 
Sinəm üstə hörəm səni. 
 

Bu dünya görüş yeridi 
 
 
173 
Ay, baхışı körpə ceyran, 
Mən bir ovçu, sənə heyran, 
Kaş qarşımdan qaçan zaman, 
Qovub-qovub yoram səni. 
 
Kaş yetəydim o xoş günə
Seviləydim, a yar, sənə. 
Aqil İman deyər, mənə, 
Kim buyurar haram səni?!  
 
İstədiyi el gözəlini gündə yüz yol görməyə fürsəti yox-
muş  onun.  Amma  arzuları  sonsuzmuş,  saya  gəlməzmiş. 
Gah  “dağ  çiçəyinə”,  gah  “marala”,  gah  da  “ceyrana”  bən-
zətdiyi  istəklisini  gündə  yüz  yol  görə  bilməsə  də,  ömrün 
tale  qismətiynən  ayın,  günün  hansı  çağındasa  vüsalına  ye-
tərmiş. 
Fəqət!… 
Bax,  elə  yazımın  bu  məqamında  Aqil  İmanın  əlimdə 
olan şeirlərini çək-çevir elədim ki, arasından  indiki  halıma 
uyğun  bir-iki  kövrək  misra  tapıb  onun  gözünə  qatım.  Am-
ma tapa bilmədim.  
Hansı qoşmasını oxudumsa, orada bir nikbinlik, nəsihə-
tamizlik,  məhəbbət  aləmində  sədaqətlə  yanaşı  vəfasızlara 
qeyzini gördüm.  
Hansı gəraylısına nəzər saldımsa, orada şuxluq, oynaq-
lıq, ömrün sabahına ürək dolu ümid, təsəlli gördüm. 
Və elə bil qəflət yuxusundan ayılıb öz-özümə dedim:  
–  Ruhun  şad  olsun,  Aqil  İman!  Məgər  insanın  ömrü 
təkcə onun bu dünyadakı sağlığıynanmı ölçülür?! 
Heç də yox! 

Aqil İman 
 
 
174 
Adam var ki, yüz il yaşasa da, gedəndən sonra bircə ar-
şın izi də qalmır… 
Adam  da  var  ki,  hələ  gəncliyindən  elin  mənəviyyat 
xəzinəsinə  bəxş  elədiyi  yadigar  zərrələriynən  anılır,  xatır-
lanır. 
Elə Aqil İmanın özü kimi, sözü, söhbəti kimi… 
  
Əslisi deyilsən mənim könlümün, 
Özünü odlara salmağın hədər. 
Mən sənə nə Məcnun, nə də Fərhadam, 
Mənasız хəyala dalmağın hədər. 
 
Gəl, belə ağlama boynunu büküb, 
Könlümdə yurd-yuva özgəsi tikib. 
Bu qədər işgəncə, iztirab çəkib, 
Hicranda, möhnətdə qalmağın hədər. 
 
Aqil İman deyər, qopsa qiyamət, 
Yenə də uyuşmaz bizim məhəbbət, 
Bəlkə də sevirsən, ancaq, ey afət, 
Oduma, közümə yanmağın hədər.  
 
Aqil İman haqqındakı yazımın bu yerində bir məsələni 
oxucuların nəzərinə çatdırmaq istərdim. 
El  sənətimizin  qədim  köklərindən  üzü  bəri  böyük  bir 
zaman  ölçüsünün  üç  cilddə  ilk  dəfə  işlənən  “Mənim  sazlı-
sözlü  dünyam”  kitablarına  təsadüflə  düşən  sənətkara  rast 
gəlinə  bilməz.  Müəllif  bu  kitablarda  klassiklərimizdən  tut-
muş  müasirlərimizə  qədər  kimin  barəsində  axtarış  aparıb, 
söhbət açıbsa, onların həyatı, yaradıcılığı ilə bağlı bu və ya 
başqa bir dəyərin ölçüsünü nəzərə alıb… 

Bu dünya görüş yeridi 
 
 
175 
Ulu Göyçənin ustad sənətkarı Həsən Xəyallının kökün-
dən  boy  atan,  Sərraf  Şiruyədən  dərs  alan  Aqil  İman  buda-
ğından söz açmağımız da bu qəbildəndir… 
Taleyin  alnına  yazdığı  yarımçıq  ömrü  mənalı  keçib 
onun.  1958-ci  ildə  Göyçə  mahalının  Daşkənd  kəndində, 
şair Həsən Xəyallının ailəsində dünyaya gəlib. Gözü görüb, 
ağlı  kəsdiyi  gündən  ata  müdrikliyi,  ata  öyüdü  gərəyi  olub. 
Soydan  gələn  istedadıynan  bu  eyliyin  vəhdəti  bəhrəsini 
verib. Orta məktəbi bitirəndən sonra ali təhsili alıb. Mühən-
dislik ixtisasına yiyələnib.  
Qəlbi  daim  xeyirxah  diləklərə  bağlı  olan  Aqil  İmanın 
həyat yollarında atdığı addımlar da əqidəsinə, amalına mü-
nasib olub. Qurub-yaratdığı hər xanənin özülünü qoyduqca 
ömrün sabahına ümidi artıb, gümanı çoxalıb. 
İnsanlara  özünün  yaxşılıq  etməyə  çalışdığı  kimi  özgə-
lərinə  də  bu  xoş  keyfiyyətə  qulluq  etmələrini  rəva  bilib. 
Mühəndis  əllərinin  yaratdıqları  adamların  estetik  zövqünə 
yaradıqca, şair qəlbinin kağızlara ələdiyi şeir qafiyələri eşi-
dənlərin ruhunu oxşayıb.  
Gənclik çağlarından belə qarışıb müdriklərin cərgəsinə, 
belə sayılıb əhli-ürfan məclisində! 
 
Bacarırsan hörmət eylə, 
Xeyir olar, ziyan olmaz. 
Yaxşılığın əvəzini  
Tanrı yerdə qoyan olmaz. 
 
Uzaq dolan kin-küdrətdən
İbrət götür nəsihətdən, 
Yaxşı sözdən, xoş ülfətdən, 
Ölənəcən doyan olmaz. 
 

Aqil İman 
 
 
176 
Qov qəlbindən dumanlığı, 
İşıqlandır qaranlığı, 
Acılığı, yamanlığı, 
Axıradək yeyən olmaz. 
 
Dünyada doğruluğu, düzlüyü öz varlığı qədər uca tutan 
Aqil  İmanın  hələ  cavanlığında  nəsihətamizliyə  meyil  et-
məsi  də  onun  soykökündən  gələn  irsi  əlamət  imiş.  Həsən 
Xəyallının  müdrik  kəlamlarını  əzbərinə  döndərə-döndərə, 
Sərraf  Şiruyənin  şair  kamalına  söykənə-söykənə  şairlik 
dünyasının  yollarında kövrək addımlarını atdığı gündən bu 
meyarı  özünə  ilkin  örnək  bilib.  Amma  bir  fərd  kimi  onun 
özünəməxsus dünyası varmış… 
Mətləb  içində  mətləb  anlatmaq,  xanədən-xanəyə  yeni 
mənalarla  qafiyələrini  bəzəmək,  hörmətinin  də,  şöhrətinin 
də  tərənnümünü  şeirlərində  mərdi-mərdanə  söyləmək  Aqil 
İmanın həmişəlik vərdişlərinə dönübmüş. 
Hamını, görüb tanıdıqlarını, eşidib bildiklərini, bir söz-
lə  bütün  yan-yörəsini  sözündə,  söhbətində,  əhdində,  ilqa-
rında, tutduğu bütün işlərdə düz görmək istərmiş o… 
Elə ki düşündüklərinin əksini gördü, bax onda  qələmi-
nə  sarılıb  bütün  şübhələrini  qafiyələrinin  oynaq,  axarlı  di-
liynən sinəsindən kağızlara köçürər, onu gözlərə, könüllərə 
yaymağa çalışarmış.  
Və bir daha belə hallarda üzünü ulu babalarımıza tutar, 
giley-güzarını,  nifrət  və  qəzəbini  onların  ayıq  ruhuna  söy-
lərmiş… 
 
Eşit, Sabir babam, Füzuli babam
Dövrandan, zamandan şübhələnmişəm. 
Hardasan, Nəsimi, yetiş köməyə, 
Məzhəbdən, imandan şübhələnmişəm. 

Bu dünya görüş yeridi 
 
 
177 
 
Ötmür kamanımın ədalət simi, 
Adət-ənənəmin sökülür himi. 
Günahsız kimsəyə günahkar kimi, 
Verilən fərmandan şübhələnmişəm. 
 
Bir  çox  məziyyətləriylə  bərabər  onun  vətənpərvərlik 
ideyaları da  yerindən imiş, sonradan keçmə deyilmiş. Hələ 
vaxtilə  ulu  Göyçəsindən  sarı  nigaranlığı  da  məhz  gənc-
liyindən beləcə dönübmüş onun gündəlik qayğılarına:  
 
Qəribliyə gedən köçə, 
Dağda çiskin, duman ağlar. 
Qürbət eldə sızıldayar,  
Qəlbim olar kaman ağlar. 
 
Yad adətə olar naşı, 
Daşdan daşa dəyər başı, 
Qurumaz gözünün yaşı, 
Hər gün çəkər aman ağlar. 
 
Həsrətindi bu qəm, qubar, 
Ürəkdə dərd, saçında qar. 
Göyçə deyin neçə ki var, 
İman ağlar, yaman ağlar. 
 
Məgər  Vətən  anlamı  bir  içim  sudan,  bir  ovuc  torpaq-
dan,  bir  parça  daşdan  və  nəhayət,  bir  neçə  addımlıq  qapı 
yerindən başlamırmı?  
Aqil İmanın da Vətən sevgisi, Vətən məhəbbəti doğma 
Göyçəsinin obalarından başlayıb  böyük  Azərbaycan elində 

Aqil İman 
 
 
178 
tamamlanarmış.  Göyçədən,  Bərdədən,  Xankəndindən,  Qa-
rabağdan,  Kəlbəcərdən  sarı  beləcə  narahat  idi,  qərarsız  idi 
İman.  
Əgər  belə  olmasaydı,  “Aqil”  təxəllüsünün  adına  gətir-
diyi yaraşığı bu qədər təbii alınmazdı onun.  
Çox  erkən  çağında  bir  ürək  yarasından  canını  Vətənə 
tapşırdı  Aqil  İman…  Amma  birdəfəlik  susmadı  onun  ürək 
döyüntüləri.  Yaxşını  yamandan  ayırmağı  bacaran  mənalı 
misralarının qafiyələrində qaldı bu döyüntülər.  
 
Yaxşını, yamanı duyub dərindən, 
Hər insan özündə qansa yaxşıdı. 
Bir anlıq həvəsə uymasın gərək, 
Saf eşqi, istəyi ansa yaxşıdı. 
 
Min bir töhməti var hər xəyanətin
Olmaz xilaf işi pak məhəbbətin. 
Aşiq öz sevdiyi nazlı afətin, 
Eşqinə sultansa, xansa yaxşıdı. 
 
Beləcə  cəmi  38  il  ömür  sürdü  Aqil  İman.  1958-ci  ildə 
ulu Göyçəsində açılan odlu-alovlu gözləri 1996-cı il avqust 
ayının 29-da qədim Qarabağda əbədi yumuldu. 
Özü  getdi  Aqil  İmanın,  amma  sözü,  söhbəti,  müdrik 
tövsiyəli, məhəbbət ətirli misraları elinə, obasına solmayan 
yarpaqlar kimi yadigar qaldı… 
 
“Mənim sazlı-sözlü dünyam – II” kitabı, 
“Elm və təhsil” nəşriyyatı, 2010-cu il 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə