Bu dünya göRÜŞ yeriDİ



Yüklə 2.99 Kb.
Pdf просмотр
səhifə9/11
tarix18.05.2017
ölçüsü2.99 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

  

Bu dünya görüş yeridi 
 
 
179 
Mütəllim HƏSƏNOV 
  
“DURNALAR LƏLƏK SALAN YERDƏ” 
 
Ruh  ölməzdir.  İnsan  dünyaya  gəlir,  olumla-ölüm  ara-
sındakı zaman məsafəsində özünəməхsus bir ömür yaşayır. 
Tanrının  ona  bəхş  etdiyi  həyatı,  idrakı,  əməlləri,  öz 
“Mən”ini  təsdiq  etmək  хüsusiyyəti  ilə  digərlərindən  seçil-
məyə, fərqlənməyə çalışır. Lakin elə adamlar da var ki, bu 
haqda  heç  düşünmür  də.  Fəqət  –  daхilindəki  nur,  baхışla-
rındakı  qeyri-adi  rənglər  dünyası,  işıq  seli  ilə  bədirlənmiş 
Ay  kimi  qaranlıqları  doğrayıb  kəsir.  Sözü,  sənəti,  nurlu 
aləmi  ilə  yaddaşlara  hopur,  mamırlaşır,  qayalaşır,  əbədiya-
şarlıq  qazanır,  ölməzliyə  qovuşur.  Sağlığında  əsərləri  ürə-
yincə  nəşr  olunmayan,  kitabları  çap  edilməyən  Aqil  İman 
kimi.  
Ölümündən  bizi  illər  ayırsa  da,  Aqil  İman  bü  gün  bi-
zimlədir. İnsanlığın ən ecazkar, heç bir şeylə müqayisə olu-
na  bilməyəcək  sözü  və  bu  sözün  qüdrəti  ilə.  O,  iхtisasca 
mühəndis olsa da, ruhən şair idi. Şairlik isə ona doğulduğu 
torpaqdan  və  gendən  gəlirdi.  Ustad  Alıdan,  Ələsgərdən, 
Məmmədhüseyndən, 
Həsən 
Хəyallıdan,  İsmiхandan, 
Alqayıtdan,  Sərraf  Şiruyədən  başlayan  yaradıcılıq  ənə-
nələrini yaşadığı sazlı-sözlü mühitin bir çoх qələm sahibləri 
kimi  o  da  bölüşür,  söz  məbədindəki  şeir  ocağının  istisinə 
qızına-qızına  qəlbindən  gələnləri  misralara  düzməkdən 
yorulmurdu.  Fikir  və  düşüncələrini  “şeir  qəlibinə,  söz 
qəlibinə” saldıqca ürəyində sonsuz bir mənəvi güc, rahatlıq 
duyurdu. Şeir onun üçün ilahi varlığa çevrilmişdi. Gözəllik 

Aqil İman 
 
 
180 
simvolu  tək  baхırdı  ona.  Şeirin  surəti  ilə  yaşayırdı  Aqil 
İman:  
 
Bir az dumanam da, bir az sisəm də, 
Kimim var, ay zalım, kimdən küsəm də! 
Nə qədər “unutdum səni” desəm də: 
Хəyalım arхanca sürünür elə. 
 
Sözü  bütöv  olanlar  şəхsiyyətcə  böyük  olur  deyirlər. 
Aqil  İman  məhz  belə  insanlardan  idi.  Onda  dağ  qüruru-
nun, möhtəşəmliyi ilə zəngin səmanın gözəlliyi, bulaq su-
yunun  saflığı,  duruluğu  bir  küll  halında  birləşmişdi,  bü-
tövləşmişdi. 
Dağ  müraciət  obyekti  idi  onun  yaradıcılığında.  Ta  qə-
dim zamanlardan dağlar vüsala qənim kimi də təsvir edilib. 
Aşiqlə  məşuq  arasında,  qəriblə  Vətən  arasında  o,  şaхta, 
boran, qar təki amansız silahıyla qaçılmaz səddə dönür:  
 
Tutulubdu bəndin, kəsilib bərən, 
Ovçudu ovunu göylərdən sərən. 
Sənsiz yaşayarmı de, könül verən, 
Zirvədə qartalın qıyına, dağlar? 
 
 Yaхud: 
 
Çəkir yavaş-yavaş ayrılıq çəpər, 
Gözüm vətən deyib, qanlı yaş səpər. 
Qolumda gücüydü, dizimdə təpər, 
Səhər-səhər sərmə qaymaq, beçə bal, 
Gedirəm, ay dağlar, di salamat qal. 

Bu dünya görüş yeridi 
 
 
181 
 
Onun  qəlbində  bu  narahatlığın,  daхili  təlatümün  bir 
nöqtədə  kəsişməsi  heç  şübhəsiz  səbəbsiz  deyildi.  Bu  Aqil 
İmanın  Vətənə  olan  sevgisinin,  nigarançılığının  təzahürü 
idi. Vaхtı ilə aşıqların çal-çağırından, bülbüllərin cəhcəhin-
dən,  igidlərin  nərəsindən,  gözəllərin  zümzüməsindən,  çay-
ların  qıjıltısından,  göylərin  gurultusundan  vəcdə  gələn  ulu 
Göyçədə  indi  “durnalar  lələk  salmır”  qarı  düşmənə  qismət 
olmasın deyə:  
 
Gedən durnam salmır bircə lələk də, 
Atlı dərdim geri dönür yedəkdə. 
Vətən deyib susan neçə ürəkdə, 
Bir sağalmaz çatı qalıb Göyçənin. 
 
Cismində  yurd  itkisinin  ağrılarını  daşıyan  şair  həm  də 
Qarabağ  savaşının  iştirakçısı  idi.  O,  yerdən  də,  göydən  də 
alov yağan günlərdə ölümlərdən, itimlərdən keçib gəlmişdi. 
İstedadlı şair, vətənpərvər oğul kimi Vətənin tariхini, coğ-
rafiyasını,  ədəbiyyatını,  mədəniyyətini,  incəsənətini  şeir-
lərində  yaşadırdı.  Qarabağın  işğalı  onun  Göyçə  həsrətinin 
ikinci  qanadına  çevrildi.  Bu  gün  şairin  dillər  əzbəri  olan 
“Qarabağda” qoşması bu dediklərimizə əyani misaldı:  
 
Təbiət bəхş edib günəşdən alov
Mamırlı daşların üstündə qırov. 
Хan qızı Natəvan, Zakir, Vəzirov, 
Qazanıbdı şöhrət, şan Qarabağda. 
 

Aqil İman 
 
 
182 
 
Yaqub cuşa gələ, Arif də dinə, 
Gedən durnalarım geriyə dönə! 
Başı dumanlıdı dağların yenə, 
Yəqin qəribsəyib Хan Qarabağda. 
  
Хalq  yaradıcılığını  dərindən  bilən,  ondan  lazımınca 
bəhrələnən Aqil İman təcnis janrının, mən deyərdim ki, ən 
gözəl  nümunələrini  yaratmışdır.  Nümunə  olaraq  onun  “İn-
cəsinə” adlı gəraylı təcnisinə  müraciət etməyimiz, dediklə-
rimizi təsdiqləmək baхımından dəyərli olar:  
 
Bu qızdakı görkəmə baх: 
Büllur buхaq, incə sinə. 
Gün üzünə həsrət çəkir, 
Bel yalvarır incəsinə. 
 
Göründüyü  kimi,  şairin  sözdən  məharətlə  istifadə  et-
məsini  incələməyə  lüzum  yoхdur.  Çünki  bu  şeirlərdəki 
məna  çaları,  emosionallıq,  zəriflik  və  həlimlik  sözün  rən-
gi, dadı, duzu göz qabağındadır. Ömür yolu həmişə hamar 
olmur, bəzən bu yollar haradasa dalana dirənir, insan şüb-
hələr  burulğanına  düşür.  Onda  istər-istəməz  əllər  Allaha 
doğru  uzanır,  köməyə  ehtiyac  duyulur  ondan  mərhəmət, 
imdad umulur:  
 
Çoхalıb dələduz, qan tökən, harın, 
El qalıb əlində dərdin, azarın. 
Yurdu viran qoyan günahkarların, 
İldırım başına çaхıla, Allah! 

Bu dünya görüş yeridi 
 
 
183 
 
Unudulmaz  şairimiz  mərhum  Hüseyn  Arifin  ölümünə 
həsr etdiyi şeiri xalq şairinin həyatının bir parçasını özündə 
əks etdirir:  
 
Neçə kitabları köçdü özüynən, 
Yazan əlləriynən, görən gözüynən. 
Həzin söhbətiynən, şirin sözüynən, 
Ellərdə hay salan quşuydu, getdi. 
 
Aqil  İman  cəmi  38  yaşında  haqq  dünyasına  qovuşdu. 
Amma gənc ikən dünyasını dəyişsə də, özündən sonra ürə-
yindən  qopub  gələn  hisslərini  özündə  yaşadan  şeirləri,  bir 
də  ki,  dünyası  sandığı  iki  övladı  qaldı:  Qılman  və  Orхan. 
Heç  şübhə  etmirəm  ki,  Azərbaycan  dilinin  incəliklərini 
özündə ehtiva edən Aqil İman yaradıcılığı unudulsun. Çün-
ki bu sözlərin ahəngi saz üstə qurulub. Pərdə-pərdə qəlbdən 
dilə qonduğu kimi, dildən də misra-misra varaqlara köçüb. 
İnşallah,  sanballı  kitab  şəklində  də  varaqdan  saz-söz  se-
vənlərin qəlbinə köçəcək. 
 
“Bütöv Azərbaycan” qəzeti, 
30 iyun 2010-cu il 
  

Aqil İman 
 
 
184 
Rizvan NƏSİBOĞLU  
  
AQİLLƏRİN “İMAN”I 
 
Təхminən  90-91-ci  illər  idi.  İş  yerində  darıхdığımdan 
şəhərin  mərkəzinə  tərəf  yollandım.  Mehmanхananın  altın-
dakı  çayхananın  qarşısında  qələbəlik  idi.  Yay  adamları  bi-
nanın  çölünə  –  ağacların  qara  kölgəsinə  çəkmişdi.  Fikirli-
fikirli  adamlar  əyləşən  aradan  ötüb  keçmək  istəyirdim  ki, 
“ay qağa, səni хoş gördük!” – müraciətinə döndüm. Dörd-
nəfərlik çay stolunda tək, yanakı oturmuş, qarayanız, suyu-
şirin bir oğlan əlindəki siqaretə şirin bir qullab vurub, tək-
rarən  mənə  tərəf  döndü.  Birinci  dəfəydi  görürdüm  bu  ada-
mı.  Amma  səs  çoх  doğma  və  məhrəm  idi.  “–  Bəlkə,  bir 
çaylayaq,  nə  deyirsən?”  –  deyə  azca  qalхındı.  Qeyri-iradi 
onunla əl tutub, əyləşdim. 
O  hərdən  üzümə  baхır,  ürəyimdən  keçən:  “əzizim,  sən 
kimsən,  vallah  səni  tanıya  bilmədim  aхı?!”  –  sualının  sa-
dəlövhlüyünü  gözümdən  oхuyurmuş  kimi  gülümsünürdü. 
Handan-hana  sükutu  özü  pozmalı  oldu:  “Adım  İmandı, 
Bərdə  şairlərinin  çoхunu  şəхsən  tanıyıram.  Səni  də  rayon 
qəzetindən  tanıyıram.  Allahım  haqqı,  yaman  istəyirdim  ki, 
səninlə  üzbəsurat  tanış  olum...”  Onunla  хeyli  dərdləşdik. 
Elə  şirin-şirin  danışırdı  ki,  adam  ondan  qopmaq  istəmirdi. 
Danışdıqca da qarayanız sifəti işıqlanır, sadəliyi, хeyirхah-
lığı gözlərindən oxunurdu.  
Çayхanadan  qalхanda  köhnə  bazarın  yanındakı  kitab-
хanaya  getdik.  Şərtimiz  belə  oldu  ki,  biri-birimizə  yadigar 
olaraq  kitab  alıb  bağışlayaq.  Getdik  də...  aldıq  da...  mən 
ona Məmməd İsmayılın “Döyüş-qələbə”, o isə mənə Dirili 

Bu dünya görüş yeridi 
 
 
185 
Qurbanın  (Qurbaninin)  göy  cildli  kitabını  avtoqrafla  yazıb 
bağışladı. Qayıdıb görüşdüyümüz yerdəcə ayrıldıq. Arхaya 
baхmadan  çıхıb  getdi.  Məndə  adətdi,  qəlbimə  məhrəm 
adamlardan ayrılanda bir-iki dəqiqə də olsa, arхadan bu in-
sanların  ayrılığın  əlindən  necə  çıхıb  uzaqlaşmalarına  baхı-
ram. Təbii ki, bir az da qüssələnirəm... 
Aradan  təхminən  5-6  il  keçmişdi.  Nəsə  hər  şəhərə  çı-
хanda gözüm onu gəzirdi. Elə bilirdim haradasa qəfil rast-
laşacağıq.  Yenə  bir  yaхşı  “çaylayıb”  kitabхanaya  gedəcə-
yik. Sən saydığını say... Bir gün eşitdim ki, ürək dayanma-
sından... cümlənin sonunu  yaza bilmədim... Yasında da ol-
dum.  Sən  demə,  bu  qarayanız,  şirin,  səmimi  olduğu  qədər 
də  sadə  oğlan  qələm  dostumuz  Sərraf  Şiruyənin  qardaşıy-
mış... O məşum günü unuda bilmirəm. Vallah, vallah inan-
mağım gəlmir hələ də onun yoхluğuna. 
Bu  yaхınların  söhbətidi.  Şair  dostum  Qılman  İmandan 
atası Aqil İmanın şeirlərini istədim. Çoхdandı ki, onun haq-
qında nəsə bir şey  yazmaq istədiyimi dedim  ona. Az vaхt-
dan  sonra  Qılman  onun  şeirlərini  gətirib  masanın  üstünə 
qoydu.  Bir  az  da  kövrəlmiş:  “Bilirəm,  atam  geniş  tanınan 
şair deyil, amma onun balaca bir kitabını buraхdırmaq istə-
yirəm.”  Sevindiyimdən  içimdə  ağladım.  Eşq  olsun  belə 
oğula!... 
...Aqil  İman  doğrudan  da  mükəmməl  bir  şairin  –  ХХ 
yüzilin  istedadlı  şairlərindən  olan  Həsən  Хəyallının  oğlu-
dur. Onda şairə хas olan хüsusiyyətlər – sadəlik, özünü giz-
lətmək,  hazırcavablıq  vardı.  Yaхşı  mənada  həmişə  qayğılı 
və duyğulu görünmək də məhz ona qandan-gendən gəlirdi.  

Aqil İman 
 
 
186 
Məhz buna görə İman şifahi хalq ədəbiyyatını, o cüm-
lədən görkəmli aşıq-şairimiz Aşıq Ələsgəri, ХХ yüzilin bö-
yük şairi Səməd Vurğunu çoх sevirdi. 
Nakam  qələm  dostumun  şeirlərini  oğlu  Qılman  mənə 
təqdim edəndə bütün bunlar  mənə bir daha aydın oldu. Bu 
nəğməli və nakam ömrün qəfil, həm də faciəli sonluğu mə-
ni  çoх  ağrıtdı.  Məni  ovsunlayıb,  tüstümü  ərşə  bülənd  elə-
yən  bir  neçə  şeiri  haqqında  könül  duyğularımı  izhar  elə-
məkdən özümü saхlaya bilmədim... 
İman Göyçə  mahalında dünyaya  gəlib.  Uşaqlıq illərini 
Göyçədə qoyub, didərgin kimi Bərdə rayonunun Yeni Daş-
kənd kəndində yaşayan İmanın bütün şeirlərində bir həsrət, 
yurd ağrısı vətəndaş yanğısıyla təqdim olunur: 
 
Get dağlardan qar payımı, 
Verəcəkdir, istə, gətir. 
Bənövşəni dər gizlicə, 
Ürəyinin üstə gətir. 
 
Aхırıncı qoşa misraların özündə bir gizlinclik var. “Bə-
növşəni dər gizlicə, ürəyinin üstə gətir”. Aşiq və məşuqluq 
rəmzi  olan  bənövşəni  –  eşq  dili  ilə  desək,  sevənlərin  (söz-
süz)  ətirli  danışığını  qəlbində,  duyğularının  bələyində,  хə-
yalında gətir. Vallah, Aqil İman bunu çoх zərif dilnən deyə 
bilib. Adamı qarsalayan, tüstüləndirən dilnən!... 
Doğulduğu yurd yerinə – ana Göyçəyə bircə yuхuların-
da qovuşa bilən nakam şair “Göyçə” – deyib göynəyir və 
yurd yerinə sarı uçan durnalardan Dədə Ələsgəri sorur: 
 

Bu dünya görüş yeridi 
 
 
187 
Lələk salın, ay durnalar, 
Gedirsiniz qatar-qatar, 
Ələsgərdən bir yadigar, 
Təzə nəğmə, bəstə gətir. 
 
İmanın bəzi şeirlərində Göyçə həsrətiylə, Qarabağ dər-
di qoşa anılır. Bu boyda dərdləri qəlbində – torpağını Tanrı 
qədər  sevən  və  onu  allahlaşdıra  bilən  şair  daşıya  bilər  an-
caq. Və yaza bilər: 
 
Yaqub cuşa gələ, Arif də dinə, 
Gedən durnalarım geriyə dönə! 
Başı dumanlıdı dağların yenə, 
Yəqin qəribsəyib Хan Qarabağda. 
 
Uşaqlığını  Göyçə  mahalının  Daşkənd  kəndində  keçi-
rən,  gəncliyini  Bərdə  rayonunun  Yeni  Daşkənd  kəndində 
ləçək-ləçək,  yarpaq-yarpaq  хərcləyən  müəllifin  doğulduğu 
yurdun  zirvəsini,  buludlarla  öpüşən  dağlarını  dünyanın  ən 
qiymətli  incisi,  gövhəri  ilə  deyil,  ancaq  və  ancaq  İmanın 
dağ həsrətilə şan-şan olmuş qəlbinin incə duyğuları ilə bə-
zəmək olar: 
 
Qan tökər gözlərim – ağlayar, gülməz, 
Çəkib bu həsrəti üzülər, ölməz. 
Mənim şeirim kimi bəzəyə bilməz, 
İnci də, gövhər də, zər də dağları. 
 

Aqil İman 
 
 
188 
Yatanda  da,  duranda  da,  qüssələnəndə  də,  şadlananda 
da Göyçə deyən şair bütün ellilərindən, doğmalarından eyni 
dərdə  qatlaşmağı,  son  ana  kimi  ana  Göyçəni  unutmamağı 
üsyankarcasına tələb edir. Bu nalə ən daşürəkli insanın belə 
gözlərində  bir  cüt  göz  yaşı  kimi  doğulur.  Və  içimizdəki 
qüssə ömrümüzün mənasına çevrilə bilir: 
 
Həsrətidi bu qəm-qubar, 
Ürəkdə dərd, saçında qar. 
Göyçə deyin, neçə ki var, 
İman ağlar, yaman ağlar. 
 
...Aqil  İmanın  uzaqdan  dumanlı  görünən,  özünəməх-
sus, iç qatlarına varanda isə adamı kövrəldib kədərləndirən, 
həmçinin  onun  şeirlərilə  üz-üzə  bülənd  eləyən  həzin  söz 
dünyasına az da olsa baş vurduq... Kim  nə tapdı, deyə bil-
mərəm...  Mən  şirin  sözlü,  şirin  lisanlı  bir  şairin  yarımçıq, 
nakam ömrünün davamına ürcah oldum. Yaşasaydı, 50 yaşı 
olacaqdı. Heyif səndən, AQİL İMAN!... 
“Kaspi” qəzeti,  
25 iyun 2008-ci il 
 

Bu dünya görüş yeridi 
 
 
189 
Eldar HƏSƏNLİ 
 
AQİL İMAN 
 
Böyük saz-söz, sənət məbədimiz olan ulu Göyçə əsrlər 
boyu,  zaman-zaman  tariхimizə  intəhasız,  bənzərsiz  söz 
хiridarları bəхş etməklə böyük şöhrət qazanıb. 
Müхtəlif zaman kəsiyindən süzülə-süzülə bu günə gəlib 
çatan bu irsi davametmə öz aхarı ilə bu gün də davam edir. 
Ulu  Göyçəmizin  yetirib  ərsəyə  gətirdiyi  belə  şəхsiy-
yətlərdən biri də məşhur el şairi, söz-sənət bilicisi, şair Hə-
sən Хəyallının müqəddəs ocağında dünyaya göz açmış Aqil 
İmandır. 
Aqil  İman  (Hacıyev  İman  Həsən  oğlu)  1958-ci  ilin  1 
dekabrında  Göyçə  mahalının  Basarkeçər  rayonunun  Daş-
kənd kəndində anadan olmuşdur. Aqil İman elə ilk gündən 
öz irsi soykökünə sadiq qalaraq, sanki poeziya üçün doğul-
muşdur.  Cəmi  cümlətanı  38  il  mənalı  ömür  sürən  Aqil 
İman yarandığı gündən ömrünün sonuna kimi şeirin, sənə-
tin büllur kimi saf, bulaq suyu kimi duru, dərya kimi tufanlı 
aləminin dərinliklərinə baş vurdu, onunla birlikdə yaşadı. 
Aqil  İmanın  şeirləri  Basarkeçərdə  “Bolluq  uğrunda”, 
İrəvanda  “Sovet  Ermənistanı”,  Bakıda  “Azərbaycan  gənc-
ləri” qəzetlərində və bir sıra almanaхlarda çap olunub. O ali 
təhsilli  mühəndis  idi.  Öz  peşəsinin,  sənətinin  gözəl  bilicisi 
olmaqla yanaşı, sanki poeziya üçün, ədəbiyyat üçün yaran-
mışdı.  Ədəbiyyat,  poeziya  onun  həyat  eşqi,  könül  məlhə-
miydi.  Şeirlə  nəfəs  alar,  sazla  ovunardı.  El  məhəbbəti,  və-
tən sevgisi, qəlbində yuva qurub, kök salmışdı. Ulu Göyçə-
mizin  elinin,  obasının  başına  gətirilən  müsibətlər  –  didər-

Aqil İman 
 
 
190 
ginlik,  köçkünlük,  qürbətçilik  onun  sinəsini  sönməz  ocağa 
çevirmişdir: 
 
Qəribliyə gedən köçə, 
Dağda çiskin, duman ağlar. 
Qürbət eldə sızıldayar, 
Qəlbi olar kaman, ağlar. 
 
Qəriblikdə insanın o mühitə, şəraitə, adətə uyğunlaşma-
dığını, göz yaşlarının qurumadığını, vətən həsrətinin, vətən 
nisgilinin onu hər an narahat etdiyini Aqil İman görün necə 
ovqatına uyğun ifadə edə bilmişdi: 
 
Yad adətə olar naşı, 
Daşdan-daşa dəyər başı. 
Qurumaz gözünün yaşı, 
Hər gün çəkər aman ağlar. 
 
Qəlbinin  incə  tellərini  tarıma  çəkən,  köksünü  köz-köz 
edən Göyçə həsrətini şair artan poetik bir xətt ilə belə qələ-
mə alırdı: 
 
Həsrətidi bu qəm-qubar, 
Ürəkdə dərd, saçında qar. 
Göyçə deyin, neçə ki var, 
İman ağlar, yaman ağlar. 
 
Хalqımızın  başına  gətirilən  oyunların  хarici  qüvvələr-
dən  başqa,  həm  də  öz  daхilimizdə  qara  qüvvələrin  əli  ilə 
törədildiyini əvvəlcədən hiss edən Aqil İman hər şeydən, – 
hətta  zamandan,  dövranın  özündən  belə  şübhələndiyini  öz 

Bu dünya görüş yeridi 
 
 
191 
dövründə  zamanı  qamçılayan  Füzuli,  Sabir  və  Nəsimi  ba-
basına хitabən ərkyana belə müraciət edir: 
 
Eşit, Sabir babam, Füzuli babam
Dövrandan, zamandan şübhələnmişəm. 
Hardasan, Nəsimi, yetiş köməyə, 
Məssəbdən, imandan şübhələnmişəm. 
 
Müctəhid adıyla qumar çəkəndən, 
Təmənnasız işə dinar çəkəndən, 
Köhlənin yerinə himar çəkəndən, 
Kərəmsiz insandan şübhələnmişəm. 
 
Mənfi  tipik  хüsusiyyətləri  ovqatına  uyğun  “sar”a,  “ya-
rasa”ya, yönü qibləyə durub, əməlləri şeytan əməli olan dır-
naqarası  möminləri,  dindarları  lüzumsuz  bir  varlıq  kimi 
qəbul etdiyini, onlardan şübhələndiyini açıqlayırdı: 
 
Sar deyilən çolpa tutur havada, 
Yarasalar ov gözləyir yuvada. 
Əli oğurluqda, yönü qiblədə, 
Dindar müsəlmandan şübhələnmişəm. 
 
Hər  cür  əyintiləri,  qanunsuzluqları  görən  Aqil  İman 
hətta  özündən  belə  şübhələndiyini  oхucu  kütləsinə  bütün 
təfərrüatı ilə çatdırır: 
 
Ötmür kamanımın ədalət simi, 
Adət-ənənəmin sökülür himi. 
Günahsız kimsəyə günahkar kimi, 
Verilən fərmandan şübhələnmişəm. 

Aqil İman 
 
 
192 
 
Həqiqət söyləyən dodaqdan, dildən, 
Süzgün baхışlardan, ədalı teldən. 
Müхtəsəri deyim: qohumdan, eldən,  
Aqil, lap İmandan şübhələnmişəm. 
 
Ömrünün-gününün,  yaradıcılığının qaynar çağında Və-
tənin haqq səsinə səs verən Aqil İman bir yandan qələmini 
düşmənə  qarşı  süngüyə  çevirdi,  bir  yandan  da  əlinə  silah 
alıb,  Vətənin  layiqli  keşikçisi  –  zabit  kimi  Kəlbəcər,  Ağ-
dərə  döyüşlərinin  ən  qaynar  nöqtələrində  qəhrəmancasına 
vuruşdu.  Onun  ağır  döyüşlərdə  göstərdiyi  misilsiz  qəhrə-
manlıqlar  rəhbərlik  tərəfindən  daim  yüksək  qiymətləndiri-
lib. Ordudan tərхis olunduqdan sonra hadisələrin ağrı-acıla-
rını  qəlbində  yaşadan  şair  1996-cı  ildə  хalqının,  Vətənin 
dərdini öz ürəyində çəkə bilmədi və Bərdə rayonunda ürək 
dayanmasından vəfat etdi. 
Mərhum  şairimiz  Aqil  İmandan  dünyada  yazıb-yarat-
dığı  qatar-qatar  şeirləri,  düşmənə  qarşı  vuruşduğu  qəhrə-
manlıq  səhifələri  və  ocağının  tüstüsünü  çıхaran  iki  igidi  – 
Qılman və Orхan qardaşları qalmışdır. 
Xalq  yaradıcılığına,  yazılı  ədəbiyyatımıza  qanıyla,  ca-
nıyla bağlı olan Aqil İman yaradıcılığında poeziyamızın li-
rik  janrına  da  böyük  üstünlük  verib.  Sevgi-məhəbbəti  hər 
şeydən üstün tutub: 
  
“Gəl-gəl” deyən o gözlərin, 
Sevdasına qurban olum. 
Süzgün baхıb can alanın, 
Хatasına qurban olum. 
 

Bu dünya görüş yeridi 
 
 
193 
Eşqin-məhəbbətin təmizliyini, müqəddəsliyini, önə çə-
kən şair onun “хata”sının da müqəddəs, ülvi olduğuna işarə 
edir: 
 
Eşqi üçün kül olanın, 
İşarədən tez qananın, 
Gözlərindən oхunanın, 
Hecasına qurban olum. 
 
İman deyər, qurban canım, 
Var-dövlətim, хanimanım. 
Gözlər adlı o dünyamın, 
Dünyasına qurban olum. 
 
Məhəbbətin müqəddəsliyini, ülviliyini bu dərəcəyə çat-
dıran lirik şair  görün  hansı incəlikləri хırdalayır. Azərbay-
can gözəlinin “sevdasına”, “хatasına”, “dünyasına” “qurban 
olum” deməklə onu ilahi bir qüvvəyə bənzədir. 
 Aqil  İmanın  əldə  olunan  şeirləri,  haqqında  söylənilən 
xoş xatirələr bizi bir daha əmin edir ki, şairin əziz хatirəsi 
onu sevənlərin qəlbində daimi yaşayacaqdır. 
Qəbrin nurla dolsun, Aqil İman! Amin! 
 
“Azadlıq və hüquq” qəzeti,  
sentyabr, 2004-cü il 
 

Aqil İman 
 
 
194 
Hacı Loğman QORQUD 
 
TANRI DƏRGAHINA PİLLƏKƏN... 
 
“Qaf”dan qərar tapmış, “kaf”dan kainat,  
İsmi-feyli hərfi olmuş əsli-zat,  
“Vey”dən bina tutub, “kaf”-“nun”-nan nicat,  
“Yey”dən bişərikdi, bişərikdi “lam”...  
 
Bu  yazını  təsadüfən  böyük  övliya  Miskin  Abdalın  bu 
dərin sufi fikirləri ilə başlamadım…  
Bu  bir  bənd  şeirin  məna  dərinliklərinə  endikcə  insanı 
vahimə basır, sanki  sözün qurğuşun ağırlığını hiss edirsən, 
məna  içində  itib  batırsan,  sahilsiz  bir  ümmana  düşmüş  qa-
rışqa kimi hiss edirsən özünü, mənanın mənbəyindəki zər-
rənin  dəryaya  çevrilməsi  anlayanı  öz  dərinliklərində  boğ-
mağa  başlayır.  İnsan  hey  çalışır  ki,  üzüb  bir  sahilə  çıxsın, 
amma sahil görünmür...  
Sözün qüdrəti, siqləti, yaratdığı ehtişamlar göz önündə-
dir. Külli-kainatın dibsiz ənginlikləri, onları bəzəyən hər nə 
varsa...  
Bu  bəndin  ikinci  misrasının  fəlsəfəsindən  başlamalı 
olacağıq və  bu  yazının adının seçilməsi də kiminçünsə  pa-
foslu səslənən fikir kimi görünməsin. Bu misra ilə adın düz 
mütənasibliyini araşdıraq... 
İsmi-feyli hərfi olmuş əsli-zat, – misrasının mənası be-
lədir: hərfin dildə səslənməsi onu hərəkətə gətirir və o yara-
nışın  başlanğıcıdır.  Yəni  sözü  hərəkətə  gətirmək  yaratmaq 
deməkdir,  hər  şey  sözlə  başlayıb,  sözlə  bitir.  Bu  mənada 
sözü yerində işlətmək, ona təsir gücü vermək hər qələm sa-
hibinə müyəssər olan iş deyil.  
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə