Bu Qaydalar «Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası



Yüklə 62.33 Kb.
PDF просмотр
tarix04.06.2017
ölçüsü62.33 Kb.

Qəbul edilmişdir: 24 dekabr 2002-ci il, № 199. 

«Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 

667 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci, 6-cı, 8-ci və 10-cu abzaslarının icrasını 

təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. «Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi 

Qaydaları», «İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq 

məhsullarına adların verilməsi qaydaları barədə Əsasnamə», «Şərabçılıq 

məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması 

Qaydası», «Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası Qaydaları» 

təsdiq edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 

2002-ci il, № 12, maddə 751). 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il  

24 dekabr tarixli, 199 nömrəli qərarı ilə təsdiq edilmişdir 

Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi Qaydaları 

Bu Qaydalar «Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 

29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq 

məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydalarını müəyyən 

edir. 


Mülkiyyət formasından asılı olmayaraq, şərabçılıq məhsullarının yeni növləri və 

çeşidləri istehsala hazırlanarkən onların nümunələri aşağıdakı bu Qaydalara əsasən 

dequstasiyadan keçirilir və sənədləşdirilir: 

şərabçılıq məhsullarının keyfiyyətini qiymətləndirmək üçün orta nümunələr və 

aşağıda göstərilən sənədlər ərizə ilə birlikdə Azərbaycan Respublikasının Kənd 

Təsərrüfatı Nazirliyinə təqdim olunur;  

ərizədə aşağıdakılar öz əksini tapmalıdır: 

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, statistik kodu, 

hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, bankın adı, malın kodu və həcmi 

göstərilməklə fəaliyyət növü;  

fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında 

məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), malın kodu 

və həcmi göstərilməklə fəaliyyət növü; 

şərabçılıq məhsulu haqqında xüsusi məlumat (üzümün növü, istehsal tarixi və 



texnologiyası);  

məhsulun əsas fiziki-kimyəvi göstəriciləri haqqında (tündlüyü, şəkərliliyi, turşuluğu, 

uçucu turşuluğu, ekstraktı) laboratoriya arayışı;  

müəssisənin attestasiyadan keçməsi barədə verilmiş şəhadətnamənin surəti.  

Dequstasiyaya təqdim olunmuş sənədlərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı 

Nazirliyinin Mərkəzi Dequstasiya Komissiyası tərəfindən baxılır, çatışmazlıqlar üçün 

əsas olmadıqda xüsusi kitabda qeydə alınır və 10 gündən gec olmamaqla 

dequstasiyanın keçirilməsi üçün qərar qəbul olunur. 

Dequstasiyanın keçirilməsi vaxtı barədə dequstasiya ediləcək məhsulların sahiblərinə 

5 gün əvvəlcədən məlumat verilir. 

Dequstasiya zamanı birinci növbədə məhsulun rəngi, dadı, təravəti, təmizliyi, buketi, 

iyi və kənar qatışıqların olması müəyyən edilir. 

Dequstasiya otağı parlaq işıqlandırılmalı, açıq boya ilə rənglənməli, hazırlanmalı, 

xarici səsdən və iydən qorunmalı, otaqda havanın temperaturu 18-200C olmalıdır. 

Dequstasiya yeməkdən 1,5-2 saat sonra keçirilir. 

Bir dequstasiya prosesində 10-dan artıq məhsulu dequstasiyadan keçirmək olmaz. 

Dequstasiya həm açıq, həm də qapalı keçirilə bilər. Açıq dequstasiyada içkinin tam 

xüsusiyyətləri və istehsalçı barədə bütün məlumatlar göstərilir, qapalı (anonim) 

dequstasiyada isə ancaq nümunənin nömrəsi və hansı ilin məhsulu olduğu qeyd 

olunur. 


Dequstasiya üçün təqdim olunmuş orta nümunələrin miqdarı beş butulkadan az 

olmamalıdır. 

Hər bir adda şərabçılıq məhsulu dequstasiya edilərkən komissiya üzvü həmin 

məhsuldan 50 ml olmaq şərti ilə istifadə edə bilər. 

Şərabçılıq məhsullarının tipi onların buketinin xarakterinə uyğun olmalıdır. 

Oynaq və qazlaşdırılmış şərablarda güclü köpüklənmə, uzunmüddətli xırda 

qabarcıqlar və tez itən oynaqlar qiymətləndirilməlidir. 

Dequstasiya zamanı xüsusi dequstasiya qədəhlərindən istifadə olunmalıdır. 

Şərabçılıq məhsulları müəyyən ardıcıllıqla dequstasiyaya təqdim edilməlidir. Turş 

şərablar şirin şərablardan, az ətirlilər çox ətirlilərdən, cavan şərablar isə köhnə 

şərablardan əvvəl dequstasiya olunmalıdır. 

Oynaq şərablar və konyaklar (brendilər) ayrıca və yaxud müəyyən fasilədən sonra 

dequstasiya olunmalıdır. 

Oynaq şərablar dequstasiyaya şəkərlilik faizinə görə verilir. Belə ki, tam turş, 

turşaşirin və sairə, muskat şərablar isə dequstasiyaya axırda verilir. 

Konyak (brendilər) dequstasiyaya yetişmə müddətinin artması ardıcıllığı ilə verilir. 



Dequstasiya zamanı şərabçılıq məhsullarının ağızda çox saxlanması məsləhət deyil. 

Çünki bu zaman dadbilmə orqanlarının həssaslığı azalır. Dad və buketi 

qiymətləndirmək üçün 30 saniyə kifayətdir. 

Dequstasiya komissiyasının hər bir üzvü şərabçılıq məhsullarının orqanoleptik 

göstəricilərinə görə verdiyi qiyməti dequstasiya vərəqəsində qeyd edir və toplayıb orta 

balı müəyyənləşdirir. 

Şərabçılıq məhsullarının orqanoleptik göstəriciləri 100 bal sistemi üzrə aparılır. 

Dequstasiya komissiyasının iclasının qərarı protokol formasında rəsmiləşdirilir. 

Protokolu komissiyanın sədri və katibi imzalayır. 

Dequstasiya komissiyasının iclas protokolunda aşağıdakılar göstərilir: 

dequstasiyanın aparıldığı tarix və protokol nömrəsi;  

iclasda iştirak edən komissiya üzvlərinin vəzifəsi, soyadı və adı;  

dequstasiyaya təqdim olunan məhsulların və onların istehsalçılarının adları;  

dequstasiyanın nəticələrinin ballarla qiyməti;  

lazımi hallarda məhsulların keyfiyyət xarakteristikası;  

lazımi hallarda müəssisəyə məhsulların keyfiyyətini yaxşılaşdırmaq üçün kömək 

məqsədi ilə tövsiyələr və tədbirlər.  

Dequstasiyanın nəticələri barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı 

Nazirliyi tərəfindən 3 gün müddətində müəssisəyə məlumat verilir. 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən şərabçılıq məhsullarına 

gigiyenik sertifikat Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəyindən 

sonra verilir. 

İstehsalçı tərəf dequstasiyanın nəticəsindən razı qalmadıqda, komissiyanın sədrinə öz 

etirazını bildirmək hüququnu saxlayır. Məsələ mübahisəli qaldıqda isə Azərbaycan 

Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydası ilə həll olunur. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il  



24 dekabr tarixli, 199 nömrəli qərarı ilə təsdiq edilmişdir 

İstehsal mənşəyinə görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına 

adların verilməsi qaydaları barədə Əsasnamə 

Bu Əsasnamə «Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 

29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və istehsal mənşəyənə 

görə adlar verilən şərabların istehsalı və şərabçılıq məhsullarına adların verilməsi 

qaydalarını müəyyən edir. 

İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalı 


müvafiq inzibati-ərazi vahidinə və ya yerdə ərazinin relyefi, torpaq-iqlim və ekoloji 

şəraitin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən üzüm sortlarının xüsusi aqrotexniki 

üsullarla yetişdirilməsi əsasında həyata keçirilir. 

İstehsal mənşəyinə görə adlar verilən şərabların hazırlanması üçün üzüm istehsalının 

texnologiyası qüvvədə olan normativ sənədlərlə müəyyən edilir. 

Üzüm məhsullarının istehsalı müvafiq standartların tələblərinə, təsdiq edilmiş 

aqrotexniki və texnoloji təlimatlara, habelə sanitariya normalarına və qaydalarına 

uyğun olaraq həyata keçirilir. 

Üzüm məhsullarının tərkibində insan sağlamlığı üçün zərərli maddələrin yol verilən 

hədləri müvafiq normativ sənədlərlə müəyyən olunur. 

Bu şərablar müəyyən üzüm sortlarının yüksək keyfiyyətli üzümlərindən ənənəvi və ya 

orijinal texnologiyaların tətbiqi əsasında hazırlanır və onların istehsalında etil 

(yeyinti) spirtinin, saxarozanın, üzüm konsentratlarının, ətirli və süni boya 

maddələrinin, digər inqrediyentlərin istifadəsinə yol verilmir. 

İstehsal mənşəyinə görə şərablara adlar onların hazırlanmasında istifadə edilən üzüm 

sortlarının yetişdirildiyi inzibati ərazi vahidinin və ya yerin adına uyğun olaraq verilir. 

İstehsal mənşəyinə görə adlar verilən şərabları istehsal edən müəssisələrə məhsulun 

attestasiyasına dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 

şəhadətnamə təqdim edilir. İstehsal mənşəyinə görə adlar verilən şərabların 

attestasiyasının müddəti 5 ildir. Bu müddət qurtardıqdan sonra məhsulun attestasiyası 

yenidən aparılır. 

İstehsal mənşəyinə görə adlar verilmiş şərablar yalnız şüşə butulkalara və ya bədii 

tərtib edilmiş saxsı qablara süzülür, mantar tıxacları ilə kip bağlanır və müvafiq 

qaydada təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq etiketləşdirilir. Etiketlərdə 

şərabın istehsal olunduğu yer göstərilməklə, şərabın adının istehsal mənşəyinə görə 

verildiyi qeyd olunmalıdır. 

İstehsal mənşəyinə görə adlar verilən şərabçılıq məhsullarına Kənd Təsərrüfatı 

Nazirliyi tərəfindən 5 gündən gec olmayaraq baxılır və qərar qəbul olunur. 

Şərabçılıq məhsullarına (üzümdən hazırlanmış şərablara, şampan şərablarına və 

brendilərə (konyaklara) adların verilməsini Azərbaycan Respublikasının Kənd 

Təsərrüfatı Nazirliyi həyata keçirir. 

Ad almaq üçün istehsalçı şərabçılıq məhsullarının yeni növlərini və çeşidlərini 

istehsala hazırlayarkən onların nümunələrini tələb olunan sənədlərlə birlikdə Kənd 

Təsərrüfatı Nazirliyinə təqdim etməlidir. 

Yeni adlara təklif edilən şərabçılıq məhsulları oxşar məhsullardan tərkibinə, fiziki-

kimyəvi göstəricilərinə, habelə saxlanma şəraitinə və proseslərinə görə mütləq 



fərqlənməli, orqanoleptik göstəricilərinə görə isə oxşar olmalıdır. Belə məhsulların 

saxlanma texnologiyası məlum məhsul növlərinin istehsal texnologiyalarından 

fərqlənməyə bilər. 

Yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə 

ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər və materiallar təqdim 

olunur: 


məhsula dair annotasiya;  

məhsula ad verilməsi barədə əsaslandırma məktubu;  

məhsulun hazırlanma texnologiyasına dair təlimat;  

məhsulun tərkibi barədə reseptura məlumatları;  

məhsulun orqanoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı;  

məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə 

məlumatlar;  

məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən 

etiketlərin eskizləri;  

ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri.  

Şərabçılıq məhsulları müvafiq standartların tələblərinə, sanitariya normalarına və 

qaydalarına riayət edilməklə, təsdiq edilmiş texnoloji təlimatlara və resepturaya uyğun 

istehsal olunur və onların hazırlanmasında yalnız yeyinti məhsullarından alınan etil 

spirtindən istifadə edilir. 

Tərkibi, hazırlanma texnologiyası və saxlanma prosesləri məlum adlarla buraxılan 

məhsullara uyğun gələn şərabçılıq məhsullarına yeni ad verilməsinə yol verilmir. 

Qəbul edilmiş ərizə üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 

tərəfindən müvafiq təlimatlara uyğun olaraq məhsulun yeniliyinə görə ekspertizası 

aparılır. 

Ekspertiza nəticəsində məhsulun yeniliyi təsdiq olunarsa, Azərbaycan Respublikası 

Kənd Təsərrüfatı Nazirliyinin qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən 

təklif edilən xüsusi ad verilir. 

Xüsusi ad verilən şərabçılıq məhsulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı 

Nazirliyi tərəfindən 3 gündən gec olmayaraq dövlət reyestrində qeydiyyata alınır. 

Eyni ad altında məhsul buraxılmasına dair iki və ya daha çox ərizə daxil olarsa, 

ilkinlik hüququ birinci daxil olan ərizəyə verilir. 

Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun 

istehsalçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 

məhsulun attestasiyasına dair 15 gün müddətində şəhadətnamə təqdim edilir. 

Şəhadətnamə 5 il müddətinə verilir. 



«Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq 

edilməsinədək müxtəlif adlar altında dövriyyədə olan patentləşməmiş şərabçılıq 

məhsulları da qanunvericiliyə uyğun olaraq dövlət reyestrində qeydiyyata alınmalı, 

istehlak bazarına attestasiya edilməli və patentləşdirilməlidir. 

Yeni ad altında dövlət reyestrində qeydiyyata alınmamış, attestasiyasına dair 

şəhadətnamə təqdim edilməmiş və patentləşməmiş şərabçılıq məhsullarının 

sertifikatlaşdırılmasına yol verilmir. 

Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə 

uyğun olaraq məhkəmə qaydasında həll olunur.  

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il  



24 dekabr tarixli, 199 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına 



alınması Qaydası 

Bu Qayda «Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası Qanununun 

tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar 

tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq məhsullarının 

istehsalı üzrə texnoloji avadanlıqların dövlət qeydiyyatına alınması qaydasını 

müəyyən edir. 

Mülkiyyət formasından asılı olmayaraq, şərabçılıq məhsulları istehsal edən bütün 

müəssisələrdə quraşdırılmış texnoloji avadanlıqların (bundan sonra - avadanlıqlar) 

dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 

tərəfindən həyata keçirilir. 

Şərabçılıq məhsulları istehsal edən müəssisə balansında olan avadanlıqların hər 

birinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Kənd 

Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. 

Avadanlıqları almış müəssisə onları quraşdırdıqdan sonra 30 gün müddətində bu 

avadanlıqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Kənd 

Təsərrüfatı Nazirliyinə ərizə təqdim etməlidir. 

Avadanlıqların dövlət qeydiyyatına alınması üçün müəssisə tərəfindən verilmiş 

ərizəyə aşağıda göstərilən sənədlər əlavə edilməlidir: 

avadanlıqların inventarlaşdırılması barədə sənəd;  

dövlət standartları üzrə avadanlığın uyğunluq sertifikatı və pasportu;  

ölçü vasitələrinin tipinin təsdiqi barədə sertifikat və pasport.  

Şəhadətnamə almaq üçün müəssisə tərəfindən təqdim olunan ərizə və bu Qaydada 



nəzərdə tutulan sənədlər xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, təhlil edildikdən 

sonra çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 30 gündən gec olmayaraq 

şərabçılıq məhsullarının istehsalı üzrə avadanlıqların dövlət qeydiyyatına alınması 

barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 

şəhadətnamə verilir. 

Müəssisə tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar, qeyri-dürüst və təhrif 

olunmuş faktlar aşkarlandıqda, şəhadətnamə verilməsindən imtina edilir və bu barədə 

ərizəçiyə yazılı məlumat verilir. 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi avadanlıqların dövlət 

qeydiyyatına alınmasının və müvafiq olaraq şəhadətnamələrin verilməsinin dövlət 

reyestrini aparır. 

Müəssisə istifadə edilməyən və ya yararsız olduğu üçün balansdan çıxarılmış 

avadanlıqların şəhadətnamələrini, bu avadanlıqların silinməsi və tullantı kimi digər 

məqsədlər üçün istifadə edilməsi və ya müəyyən edilmiş qaydada başqa müəssisəyə 

verilməsi barədə tərtib olunmuş aktlarla bərabər 30 gün müddətində Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verməlidir. 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi göstərilən avadanlıqların 

dövlət qeydiyyatından çıxarılması haqqında dövlət reyestrində müvafiq qeyd aparır. 

Avadanlıqların yenidən qeydə alınması yalnız onun müəyyən edilmiş qaydada başqa 

müəssisəyə verildiyi halda aparılır. 

Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar, çənlər və ölçmə 

cihazları yeyinti sənayesində istifadəsinə icazə verilən materiallardan hazırlanmalı və 

örtülməlidir. 

Şərabçılıq məhsullarının istehsalı üzrə texnoloji avadanlıqlar mütləq qaydada 

spirtölçmə-nəzarət cihazları və spirtölçmə sayğacları və avtomatlaşdırılmış (say və 

həcm üçün) uçot sayğacları ilə təchiz edilməlidir. 

Spirtölçmə-nəzarət cihazları, spirtölçmə sayğacları və avtomatlaşdırılmış (say və 

həcm üçün) uçot sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, 

Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən plomblanmalıdır. 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il  



24 dekabr tarixli, 199 nömrəli qərarı ilə təsdiq edilmişdir 

 

Şərabçılıq məhsullarının istehsalı müəssisələrinin attestasiyası Qaydaları 



Bu Qaydalar «Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikası 

Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 



29 yanvar tarixli, 667 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şərabçılıq 

məhsullarının istehsalı müəssisələrinin attestasiyası qaydalarını müəyyən edir. 

Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 

tərəfindən şərabçılıq məhsulları istehsal edən müəssisələrdə, müstəqil sexlərdə, sınaq 

laboratoriyalarında və digər istehsal bölmələrində istehsal olunan məhsulların insanın 

həyatı və sağlamlığına, habelə ətraf mühitin mühafizəsinə zəmanət verən texniki, 

ekoloji, sanitariya və yanğın təhlükəsizliyi normaları və qaydalarına uyğunluğuna 

görə icbari attestasiya keçirilir və attestasiyanın nəticələri sənədləşdirilir. 

Şərabçılıq məhsulları istehsalı müəssisələrində məhsul istehsalı üçün nəzərdə 

tutulmuş vasitələrin (istehsal binaları, sexlər, avadanlıqlar, köməkçi materiallar, 

laboratoriyalar, yanğın təhlükəsizliyi vasitələri, kanalizasiya, su, enerji sistemləri) 

normativ təlimatlara uyğun olması attestasiya komissiyası tərəfindən araşdırılır və 

sənədləşdirilir. 

İstehsal olunan və istehlak bazarına çıxarılan hər növ şərabçılıq məhsullarının 

keyfiyyətinin və təhlükəsizliyinin, onların istehsalının, daşınmasının, saxlanmasının, 

qablaşdırılmasının, etiketləşdirilməsinin və satış şərtlərinin təlimatlara uyğun həyata 

keçirilməsi attestasiya zamanı müəyyən edilməlidir. 

Attestasiyadan keçirilməmiş və təsdiq edilməmiş texnoloji normalara uyğun üsullarla 

istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur. 

Attestasiya zamanı aşkar olunmuş pozuntular və nöqsanlar haqqında akt tərtib edilir 

və onların aradan qaldırılması yolları və müddəti göstərilir. 

Attestasiyanın nəticələri barədə akt tərtib edilir və bir nüsxəsi müəssisəyə verilir. 

Şərabçılıq məhsullarının istehsalı müəssisələrində attestasiya 5 (beş) ildə bir dəfədən 

az olmayaraq həyata keçirilir və şəhadətnamə verilir. 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi 

icazə alınmadan, müəyyən olunmuş müddətdə attestasiyadan keçirilmədən və təsdiq 

edilmiş texnoloji normalara uyğun üsullara, resepturaya və materiallara riayət 

edilmədən istehsal olunmuş şərabçılıq məhsulları saxta hesab olunur. 

İstehsal avadanlıqlarının yeniləri ilə əvəz edilməsi, texnoloji proseslərin 

dəyişdirilməsi, yanğından mühafizə vasitələrinin yenidən qurulması və aşkar olunmuş 

pozuntuların aradan qaldırılması zamanı şərabçılıq müəssisələrində attestasiyalar 

yenidən keçirilməlidir. 

Şərabçılıq müəssisələrində təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin 

ölçülməsini müəssisənin laboratoriyası həyata keçirir, bu proses müəssisənin 

laboratoriyasının bazasında mümkün olmadıqda, dövlət sanitariya-epidemioloji 

xidməti orqanlarının laboratoriyaları həmin işə cəlb edilə bilər. 



Şərabçılıq məhsullarının istehsalı müəssisələrində avadanlıqların insanların 

təhlükəsizliyi və sağlamlığı üçün mövcud olan təlimatların tələblərinə uyğun 

qurulması nəzərə alınır. 

Şərabçılıq müəssisələrində təhlükəli və zərərli istehsalat amillərinin faktiki 

göstəriciləri müəyyən edilir, qiymətləndirilir və eyni zamanda bütün texnoloji 

avadanlıqlar siyahıya alınır. 

Şərabçılıq müəssisələrində, sınaq laboratoriyalarında, digər müstəqil sexlərdə, 

şərabçılıq məhsullarının istehsalında, saxlanılmasında, keyfiyyətinin təyin 

olunmasında istifadə olunan avadanlıqlar, ölçü vasitələri metroloji cəhətdən 

attestasiya olunmalı və təyin olunmuş müddətdə dövlət yoxlanmasından keçməlidir. 

Şərabçılıq müəssisələrində yanğından mühafizə sisteminin mövcud normativ 

sənədlərə uyğun qurulmasına görə məsuliyyəti bilavasitə müəssisənin rəhbərliyi 

daşıyır. 

Şərabçılıq müəssisələrində istehsal olunan, istehlak bazarına çıxarılan ayrı-ayrı növlər 

üzrə şərab məhsullarının attestasiyası keçirilərkən texnoloji axın xətlərinin normativ 

sənədlərə uyğun olması nəzərə alınır. 

Bu Qaydalardan irəli gələn mübahisələr Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə