Təhsilin müəssisə (dövlət) modeli. Bu halda təhsil sisteminə xalq təsərrüfatının müxtəlif sahələrində sərbəst fəaliyyət göstərən dövlət hakimiyyətinin strukturu kimi baxılır. Təhsilin məzmunu, təhsil müəssisəsinin, tədris fənlərinin, bütövlükdə təhsil sisteminin nomenklaturasının və onun məqsədinin müəyyənləşdirilməsi mərkəzləşmiş qaydada, idarəçilik prinsipləri əsasında qurulur. Təhsil müəssisəsi birmənalı administrativ formada xüsusi qurum-lara tabe olur və onların fəaliyyətinə bu qurumlar tərəfindən nəzarət edilir. Belə struktur, fəaliyyət əhalinin müxtəlif təbəqələ-rinin təhsil sahəsində tələbatını təmin etməyə imkan verir.
Təhsilin ənənəvi modeli. Bu model qabaqcadan sistemləşdi-rilmiş akademik təhsil modeli olmaqla, gənc nəslə mədəniyyətin klassik elementlərinin verilməsini, yenidən hasil və ya təkrar istehsal edilməsini əsas götürərək, təhsil prosesini qurmağın xüsusi üsulu hesab edilir. Bu modelin tərəfdarları təhsilin əsas rolunu gənc nəslə sivilizasiyanın mədəni ənənələrinin saxlanıl-ması və ötürülməsində görürlər. Burada hər şeydən əvvəl həm insanın şəxsi inkişafı, həm də sosial nizamın saxlanılması üçün bilik, bacarıq və vərdişlərin, yüksək ideyalar və dəyərlərin müxtə-lifliyi, çeşidliliyi nəzərdə tutulur. Ənənəvi təhsil modelinin konsepsiyasına uyğun təhsil sistemi, mədəni təhsil ənənələri əsasında baza bilik, bacarıq və vərdişlərin formalaşması ilə bağlı elə məsələlərin həllinə üstünlük verir ki, qazanılmış bacarıqlar əsasında insan sərbəst olaraq yeni ranqda olan bilik və bacarıqlara yiyələnə bilsin.
Təhsilin rasionalizmə əsaslanan modeli. Bu model, hər şeydən əvvəl gənc nəslin mövcud cəmiyyətin ehtiyaclarını ödəmək məqsədilə tələb olunan bilik, bacarıq, vərdiş və praktik qabiliyyət-lərin formalaşmasını təmin etmək üçün elə təşkilati formalardan istifadə olunmasını nəzərdə tutur ki, onlar mövcud dünyanın tələblərinə cavab verə bilsin. Bu model çərçivəsində yalnız elə mədəni dəyərlər mənimsədilir və ötürülür ki, onlar gənc nəslə asanlıqla mövcud ictimai strukturlara inteqrasiya olmağa imkan versin. Bu modelin müasir ideologiyasının mərkəzi əsasını sosial mühəndisliyin bihevioristik (bihavior - əxlaq, davranış) konsepsi-yası tutur. Rasionalizmə əsaslanan modeldə yaradıcılıq, sərbəstlik, məsuliyyətlilik, fərdilik, təbiilik və s. kimi fəaliyyətlərə yer verilmir. Ona görə də, təhsil prosesinə, davranışa utilitarizm (eqoizmə, fərdiçiliyə əsaslanan cərəyan) ruhu gətirir və öyrədənə onun fəaliyyətinin dəyərlərini azaldan və mütəhərrik olmayan, təngə gətirən həyat tərzini məcburi qəbul etdirməyə çalışır. Bunun nəticəsində nəinki öyrənmənin, eyni zamanda tədris-təlim prosesinin də yaradıcı xarakteri müzakirə edilmir, proses səmərəliliyini itirir.
Təhsilin fenomenoloji modeli. Bu model öyrənənlərin şəxsi-psixoloji xüsusiyyətlərinə, onların istəklərinə və tələbatlarına ehtiyatla və hörmətlə yanaşılmasına, təhsilin şəxsi xarakter daşımasına üstünlük verir. Onun tərəfdarları məktəbə “təhsil konveyeri” kimi baxmağı inkar edirlər. Onlar təhsilə humanist nöqteyi-nəzərdən baxır, onun insan təbiətinə tam və adekvat olmasını əsas məqsəd kimi qarşıya qoyurlar. Hər bir öyrənənin özünütanımasına, təbii potensialını reallaşdırmasına, dinamik inkişafını təmin etməsinə müvafiq şərait yaradırlar.
Təhsilin qeyri-institusional modeli. Bu modelin tərəfdarları təhsilin təşkilini sosial institutlardan, xüsusi halda məktəb və ali təhsil müəssisələrindən kənarda təşkilinə üstünlük verirlər. Onun “təbiətin qoynunda”, internetin köməyilə, “açıq məktəb” şəraitində, distant təhsil yolu ilə və s. həyata keçirilməsini məqbul hesab edirlər.
Bu model əsasında təhsilin və ya konkret təhsil müəssisə-sinin tədris-təlim prosesinin təşkili ilə bağlı əsas funksiyalarını aşağıdakı kimi qruplaşdırmaq məqsədəmüvafiq hesab edilir: təhsilin məqsədi; təhsilin məzmunu; təhsil prosesinin təşkili formaları; təhsilalmanın vəsitə və üsulları; real təhsil prosesinin təlim, tərbiyə və insan inkişafı birliyinin təminatçısı olması; təhsil prosesinin subyektləri və obyektləri; təhsil mühiti; baxılan tədris müəssisə-sində tədris-təlim prosesinin nəticələri, başqa sözlə, öyrənənlərin təhsillik səviyyəsi.
(Daha ətraflı məlumat üçün bax: A.O.Mehrabov. Müasir təhsilin konseptual problemləri. Bakı, Mütərcim, 2010, səh. 34-116)
* * *
Araşdırmalar göstərir ki, XXI əsrin əsas kapitalı ölkələrin maliyyə imkanları və təbii resurslarının zənginliyi deyil, onların intellektual potensialı olacaqdır. Dünyanın aparıcı ölkələrinin inkişaf tendensiyası göstərir ki, intellektual potensialın formalaşması üçün təhsilin modernləşməsi aşağıdakı prioritet istiqamətlər üzrə aparılmalıdır:
-
millilik və bəşərilik;
-
qabaqlayıcı təhsilvermə;
-
universal biliklərə yiyələnmə;
-
bütün həyatboyu təhsilalma;
-
yeni maliyyələşmə modelinə keçid.
1. Millilik və bəşərilik probleminin həllinin labüdlüyünü əsas-landırmaq çətin deyil. Müasir dövrdə təhsilin əsas vəzifəsi vətəndaş cəmiyyətində yaşayacaq insanın formalaşmasının vasitə və yollarını müəyyənləşdirməyə, onun yüksək mənəvi ideallara və dəyərlərə yiyələnməyə, insan həyatının mənasını anlamağa və dərk etməyə, öz şəxsi həyatında daim nailiyyətlər əldə etməsi üçün səy göstərməyə hazırlamaqdır. Bu tələblərə cavab verən insan ilk növbədə milli dəyərlər əsasında tərbiyə almalıdır. Eyni zamanda unudulmamalıdır ki, inkişafa istiqamətlənmiş cəmiyyətin fəaliyyə-tini dünya mədəniyyəti və təhsilindən ayrı, təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün deyil. Qloballaşma dünya mədəniyyətinə və təhsil sisteminə inteqrasiyanı tələb edir.
2. Qabaqlayıcı təhsilvermə. Bu problemin labüdlüyü onunla şərtlənir ki, cəmiyyətin inkişafı böyük sürətlə və əsaslı dəyişikliklər şəraitində davam edir. Belə şəraitdə ictimai şüur dünyada baş verən ciddi qlobal dəyişikliklərdən xeyli geri qalır. Buna görə də aldığı təhsil insanları yaxın gələcəkdə cəmiyyətdə olacaq əsaslı dəyişikliklərə qabaqcadan hazırlamalıdır.
3. Universal biliklərə yiyələnmə. Qlobal problemlərin həlli yalnız beynəlxalq ictimaiyyətin birgə səyi ilə yerinə yetirilə bilər. Bu isə qloballaşan dünyamızda yaranmış problemlərdən baş çıxa-ran, bütöv, universal elmi dünyagörüşə malik, fundamental elmlərin son nailliyyətlərinə bələd olan, müasir təfəkkürlü gənclərin hazırlanmasını tələb edir. Hazırda alimlər və pedaqoqlar qarşısında duran ən mühüm vəzifə, hər bir fundamental elmin bütövlüyü və tamlığını müəyyənləşdirib, sonra təbiət elmlərinin, humanitar elmlərin daxili əlaqələrini nəzərə alaraq son mərhələdə fənlərin tədrisinin yeni fundamental, bütöv sistemini və məzmununu yaratmaqdır. XXI əsrdə pedaqoji, psixoloji yanaşmaların əsasını “təhsil alanlara nəyi isə ətraflı öyrətmək deyil, öyrənməyi öyrətmək” təşkil etməlidir.
4. Bütün həyat boyu təhsilalma. Cəmiyyətin inkişaf tenden-siyası insanları biliklərinin sərhəddini, ixtisasını dəyişmək məcburiyyətində qoyur. İndiki şərait tələb edir ki, insan özünü tez-tez kəskin şəkildə refleksiya etsin, imkanlarını (intellektual, mədəni, fəaliyyət) müəyyənləşdirsin, yeniliyin xüsusiyyətlərini anlamağa çalışsın, effektiv şəkildə kommunikativ və kooperativ əlaqələr qursun. Bu isə insandan bütün həyatı boyu təhsil almağı tələb edir. Ömür boyu fasiləsiz təhsilalmanın vacibliyi XXI əsrdə ixtisaslı kadrların yenidən hazırlanmasını, iqtisadiyyatın və cəmiyyətin tələbinə uyğun öz ixtisasını müntəzəm artırmasını, təkmilləş-dirməsini ön plana çəkir. XXI əsrin təhsil sistemi kifayət dərəcədə novator xarakterli, çevik və yaradıcı keyfiyyətlərə malik olmalıdır.
5. Yeni maliyyələşmə modelinə keçid. Hamının keyfiyyətli təhsil ala bilməsinin, təhsilin normal təşkili və inkişafa istiqamət-lənmiş olmasının əsas təminatı dövlətin hər adambaşına maliyyələş-dirmə öhdəliyini necə yerinə yetirməsindən xeyli dərəcədə asılıdır.
Məlumdur ki, təhsilin səmərəli təşkili onun mühüm prinsip-lərindən biridir. Təhsil sisteminin səmərəliliyinə aşağıdakıları yerinə yetirməklə nail olmaq mümkündür:
- təhsilin maliyyələşdirilməsinin yeni sisteminə keçilməsi (adambaşına normativlər əsasında xərclərin hesablanması);
- təhsilin inkişafına büdcədən ayrılan vəsaitin optimallaşdırıl-ması, investisiya layihələrinin reallaşdırılması, hər şeydən əvvəl tədris avadanlıqlarının yeniləşdirilməsi;
- təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsində ictimaiyyətin iştirakının genişləndirilməsi;
- idarəetmə sisteminin informasiya təminatının yüksəldilməsi;
- idarəetmə sahəsində işləyənlərin və təhsildə marağı olan tərəflərin daim maarifləndirilməsi;
- təhsil siyasətini hazırlamaq və ictimaiyyəti maarifləndirmək üçün ictimaiyyətlə əlaqə xidmətinin və təhsilə xidmət marketinqinin təşkili;
- tədris müəssisələri üçün avadanlıqların, əyani vəsaitlərin alınması, məktəb binalarının təmirinin təşkili ilə məşğul olan servis xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi.
Yuxarıda sadalanan elementlər blokunda həyata keçirilməsi ən çətin olan iş adambaşına ayrılacaq maliyyə normativlərinin qabaqcadan müəyyənləşdirilməsidir. Çünki, həmin normativ hər il dəyişir və dövlətin maliyyə imkanlarından asılı olur. Xarici ölkələrin təcrübəsi göstərir ki, təhsil müəssisələrində adambaşına maliyyələşmə normativinə keçilməsi aşağıdakı üstünlüklərə malikdir: 1) təhsil müəssisəsinin maliyyə problemləri tam aydınlaşır, maliyyə müstəqilliyi təmin olunur, ictimaiyyətdən, digər mənbələrdən əlavə vəsait almaq ehtiyacını müəyyənləşdirir və onu leqallaşdırır, yerləşdiyi bölgənin ona nə qədər maliyyə vəsaiti ayırmasını müəyyən etməyə imkan yaradır; 2) təhsil müəssisəsi iqtisadi cəhətdən qorunur, bütün uşaqların keyfiyyətli təhsil alması təmin edilir; 3) maliyyə resurslarının məktəblər üzrə paylanmasında yol verilən subyektiv amillər minimuma endirilir; 4) təhsil müəssi-sələrinin onun üçün ayrılan vəsaitlərdən səmərəli və qənaətlə istifadə etmək marağını artırır.
2. Azərbaycanda təhsilin əsas məqsədi
Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır, hansı ki, bunlar “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nda rəsmiləşdirilmişdir:
- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
- milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
-
humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
-
demokratiklik- təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;
-
bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;
-
millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;
-
keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin , cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
-
səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;
-
fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;
-
varislik - təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;
-
liberallaşma - təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
-
inteqrasiya - milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı.
4. Təhsil sistemi anlayışı
Bu anlayış özü ədəbiyyatda müxtəlif formada işlənmişdir: “maarif sistemi”, “xalq maarifi sistemi”, “təhsil sistemi”, “xalq təhsili sistemi”, “dövlət təhsil sistemi”. Müxtəliflik onunla izah edilir ki, ölkənin inkişafı ərzində tədris müəssisələri başqa-başqa idarə və nazirliklərin tabeliyində fəaliyyət göstərmişdir. Müasir dövrdə maarif nazirliyi ali və orta ixtisas təhsili nazirliyi və texniki peşə təhsili komitəsi bir nazirlikdə birləşsə də, bəzi başqa nazirliklərin tabeliyində olan tədris müəssisələri də vardır. Tədris müəssisələrinin hazırkı yerləşmə və idarəolunma vəziyyəti nəzərə alınarsa “təhsil sistemi” anlayışının işlənilməsi məqsədəuyğun sayılır (6).
Təhsil sistemi anlayışını üç əsas əlamət səciyyələndirir. Birinci əlamət təhsil sisteminin konkret ölkə ilə bağlılığıdır. Hər ölkənin özünəməxsus, özünün sosial-iqtisadi və mədəni-siyasi vəziyyətinə uyğun gələn təhsil sistemi vardır. İkinci əlamət tədris müəssisə-lərini nəzərdə tutur. Bu və ya digər ölkədə mövcud olan bütün tədris müəssisələri təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin mövcudluğuna işarədir. Mövcud tədris müəssisələri bu cür əlaqələr sayəsində sistem əmələ gətirir.
Göstərilən əlamətlərə istinad edərək təhsil sistemi anlayışına tərif vermək olar: bu və ya digər ölkədə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərən tədris müəssisələrinin məcmusu təhsil sistemidir.
Təhsil sistemi ölkənin iqtisadi- siyasi və mədəni səviyyəsi ilə əlaqədar təşəkkül tapır və inkişaf edir. Təhsil sistemləri tam eyniyyət təşkil edən ölkələr yox olur. Nəinki yüksək dərəcədə inkişaf etmiş ölkələrin, hətta inkişafa qədəm qoymuş ölkələrin təhsil sistemləri də bir-birindən fərqlənir. Bu fərqin səbəbi həmin ölkələrdə həyata keçirilən ictimai-iqtisadi siyasətin və mədəni inkişafın müxtəlifliyidir.
İctimai-iqtisadi quruluşun dəyişməsi və inkişafı ilə əlaqədar təşəkkül tapan və formalaşan təhsil sistemi öz növbəsində cəmiyyətin sonrakı inkişafına, sosial-iqtisadi və mədəni inkişafa təkan verir. Cəmiyyətin necəliyi, mənəvi sərvətin zənginlik dərəcəsi müəyyən mənada təhsil sisteminin necəliyindən asılıdır. Nəzərə alınmalıdır ki, cəmiyyətdə sosial-iqtisadi həyat dəyişdikcə təhsil sistemi də vaxtaşırı dəyişir.
Təhsil sisteminə aşağıdakılar daxildir:
- bütün təhsil müəssisələri, təlim-tərbiyə prosesi ilə məşğul olan və təhsil xidmətləri göstərən digər qurumlar, təhsil fəaliyyətini və onun inkişafını təmin edən elmi tədqiqat institutları və informasiya mərkəzləri, layihə, istehsal, kliniki, ictimai iaşə, tibbi-profilaktik və əczaçılıq strukturları, idman, istirahət və sağlamlıq kompleksləri, kampuslar, mədəni-maarif müəssisələri və təşkilatları, kitabxanalar, yataqxanalar, düşərgələr və digər infrastruktur obyektləri;
- təhsili idarəetmə orqanları və onların tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlar;
- təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, assosiasiyalar, cəmiyyətlər, elmi-metodik şuralar və digər qurumlar.
5. Təhsilin məzmununa
və təşkilinə dair ümumi tələblər
Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:
-
təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq;
-
öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;
-
təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;
-
yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;
-
cəmiyyətin yüksək səviyyəli və rəqabətqabiliyyətli kadr po-tensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;
-
təhsil müəssisələrində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.
Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və digər normativ hüquqi aktlarla tənzimlənir.
6. Təhsilin və təhsilalmanın formaları
Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təhsil formaları tətbiq olunur.
-
formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır;
-
qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
-
informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.
Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən), sərbəst təhsilalma formaları müəyyən olunmuş təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Fərdi təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
7. Təhsil müəssisəsi
Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə, özəl təhsil müəssisələri fəaliyyət göstərir.
Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir.
Təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən olunmuşdur:
-
məktəbəqədər təhsil müəssisələri (körpələr evi, uşaq bağçası, xüsusi uşaq bağçası);
-
ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr);
-
məktəbdənkənar təhsil müəssisələri (uşaq yaradıcılıq mərkəzləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri, ekoloji tərbiyə və təcrübə mərkəzləri, texniki yaradıcılıq mərkəzləri, turizm və diyarşünaslıq mərkəzləri, məktəbdənkənar iş mərkəzləri, estetik tərbiyə və bədii yaradıcılıq mərkəzləri və s.)
-
ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri, peşə liseyləri);
-
orta ixtisas təhsili müəssisələri (kolleclər);
-
ali təhsil müəssisələri (universitetlər, akademiyalar, institutlar və s.)
-
əlavə təhsil müəssisələri (universitetlər, institutlar, mərkəzlər və s.)
-
təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr;
Müxtəlif tipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. İbtidai və ümumi orta təhsil müəssisələrinin azkomplektli formada fəaliyyətinin təşkili mümkündür.
8. Təhsilin pillələri və səviyyələri
Azərbaycan Respublikasında məktəbəqədər təhsil, ümumi təhsil (ibtidai təhsil, ümumi orta təhsil, tam orta təhsil), ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil (bakalavriat, magistratura, doktorantura) pillələri və səviyyələri müəyyən olunmuş-dur. Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır. Təhsilalanın əvvəlki pillədə və səviyyədə əldə etdiyi nailiyyətlər növbəti pillədə və səviyyədə təhsilin davam etdirilməsində nəzərə alınır.
8.1. Məktəbəqədər təhsil
Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Məktəbəqədər təhsil müvafiq təhsil proqramı əsasında həyata keçirilir, məktəbəqədər təhsil üç yaşdan başlayır. Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir. Məktəbə hazırlığın təşkili qaydaları müvafiq icra orqanı tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrin arzusu ilə məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və ya ailədə həyata keçirilə bilər. Məktəbəqədər yaşlı uşaqları evdə tərbiyə edən ailələr üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq qaydada metodiki və diaqnostik məsləhət və əlaqələndirmə xidməti təşkil edilir.
8.2. Ümumi təhsil
Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır. Ümumi təhsil müvafiq təhsil proqramları əsasında həyata keçirilir. Azərbaycan Respublikasında ümumi təhsil, ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilir. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müxtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
İbtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. İbtidai təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
Ümumi orta təhsilin məqsədi təhsil alanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya svilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya- kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir və müvafiq təhsil proqramına əsasən həyata keçirilir.
Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsil alanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil səviyyəsində təhsil alanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tolerantlığın formalaşdırılması, müasir informasiya-kommunikasiya texnologiya-larından və digər texniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, xarici dillərdən birində, yaxud bir neçəsində ünsiyyət saxlaması və s. təmin olunur. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd-attestat verilir.
Dostları ilə paylaş: |