III. Təbliğat və maarifləndirmə ilə əlaqədar:
20) Kütləvi informasiya vasitələri və digər yollarla de-institutlaşdırma ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması.
IV. Monitorinqin aparılması üzrə tədbirlər:
21) Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların vəziyyətinin araşdırılması və monitorinqinin aparılması;
22) Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması;
23) Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövrü monitorinqinin aparılması.
Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı hüquqlarının qorunması və sosial müdafiəsi, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin sayının azalması, uşaq evləri və internat tipli müəssisələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdir.
Proqramın icrası istiqamətində atılmış əhəmiyyətli addımlardan biri dövlət uşaq müəssisələrində qiymətləndirmənin keçirilməsi və hər bir müəssisə, onun infrastrukturu, orada yaşayan uşaqlar, müəssisələrdə çalışan işçilər barədə hərtərəfli məlumatların yığılması və məlumat bazasının yaradılmasıdır.
Qiymətləndirmənin nəticələrinə əsasən aparılmış təhlillər əsasında “Dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Plan” tərtib olunmuş və hökumət tərəfindən qəbul edilmişdir.
Transformasiyanın həyata keçirilməsi üçün bütün zəruri meyarlar şərti olaraq iki qrupa bölünmüşdür:
Əsas meyarlar:
-
Müəssisənin yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi;
-
Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu;
-
Göstərilən xidmətlərin keyfiyyəti.
Əlavə meyarlar:
-
Müəssisədəki uşaqların sayı;
-
Yerləşdiyi ərazidən olan uşaqların çoxluq təşkil etməsi;
-
Hər il müəssisəyə qəbul olunan və müəssisəni tərk edən uşaqların sayı;
-
Müəssisənin tipi.
Transformasiya üzrə Baş Planda bütün dövlət uşaq müəssisələrinin transformasiya olunması nəzərdə tutulmuşdur. Belə ki, əksər müəssisələr rayon mərkəzlərində yerləşir, uşaqlar yaxın ərazilərdə yaşayır, zəruri xidmətlər müəssisələrə yaxın ərazilərdə yerləşir və müəssisələrin infrastrukturu qənaətbəxşdir ki, bu da transformasiya üçün əlverişli zəmin yaradır.
Planda pensiya yaşlı işçilər istisna olmaqla, qalan işçi heyətin yaradıcılıq alternativ qayğı xidmətlərinin təşkilinə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Bütün müəssisələr təhsil və sosial yönümlü müəssisələrə qısa (1 il), orta (3 il), uzun (5 il) müddət ərzində transformasiya olunmalıdır.
De-institutlaşdırma Proqramında uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq üçün risk qrupuna daxil olan uşaq və ailələrə alternativ xidmətlərin göstərilməsi də nəzərdə tutulur. Azərbaycanda alternativ xidmətlərin təşkili sahəsində ilk addımlar 1997-ci ildə QHT-lərin təşəbbüsü ilə atılmışdır. Son illərdə xüsusi qayğıya ehtiyacı olan və risk qrupuna daxil olan uşaqlar üçün alternativ xidmətlərin yaradılmasında bəzi müvəffəqiyyətlər əldə edilmişdir. Övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması istiqamətində atılmış əhəmiyyətli addımlardan biri yerlərdə xidmətlərin təşkil olunmasıdır. Bununla əlaqədar üç uşaq və ailəyə dəstək Mərkəzi və iki Günərzi qayğı Mərkəzi yaradılmışdır. Ölkəmizdə bu tip mərkəzlərin yaradılması ilk təcrübədir. İndiyədək ölkəmizdə belə mərkəzlər fəaliyyət göstərməmişdir.
De-institutlaşdırma və alternativ qayğı üzrə Dövlət Proqramının həyata keçirilməsində mövcud çətinliklərdən biri Azərbaycanda uşaq müdafiə sisteminin olmamasıdır. BMT tərəfindən qəbul edilmiş “Minilliyin məqsədləri”ndə , eyni zamanda 2007-ci ildə BMT-nin Baş Katibi “Uşaqlara qarşı zorakılığın öyrənilməsinə” həsr edilmiş araşdırmanın nəticələri barədə hesabatında qeyd etmişdir ki, uşaqlara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, onların müdafiəsini təmin etmək və hüquqlarını qorumaq məqsədi ilə hər bir ölkə Milli Uşaq Müdafiəsi Sisteminə malik olmalıdır. Bu sistem risk qrupuna daxil olan ailələrdəki uşaqların (valideyn himayəsindən məhrum olmuş, dövlət uşaq müəssisələrində tərbiyə alan, qanunla ziddiyyətdə olan, hərbi münaqişələrin qurbanı və küçə həyatına düçar olmuş uşaqlar) hüquqlarının təmin edilməsi, təhsildən yayınmış uşaqların təhsilə cəlb edilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqların qayğı ilə təmin olunması, erkən nikahların qarşısının alınması, uşaqlara qarşı bütün zorakılıq hallarının, kobud rəftarın və digər zərərli təsirlərin profilaktikası, uşaqların təhsili, sağlamlığı və müdafiəsi sahəsində fəaliyyət göstərən bütün dövlət və qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti qrumları və medianın səylərinin əlaqələndirilməsini özündə ehtiva edir. Bu barədə Azərbaycan müəllimlərinin XIII qurultayında da təkliflər irəli sürülmüş və bu məsələ Qurultayın qətnaməsində öz əksini tapmışdır.
Uşaq Müdafiə Sistemi qeyd edilən bütün hallardan uşaqları müdafiə etməklə yanaşı, bu cür hallarla qarşılaşa biləcək uşaqların müdafiəsini təmin etməlidir. Uşaq Müdafiə Sistemi ilə əlaqədar məsələlərin həlli üçün, dünya təcrübəsində olduğu kimi, xüsusi qurumun yaradılmasına ciddi ehtiyac vardır. Uşaq müdafiə Sistemi bu qurumun vasitəsi ilə icma, rayon və milli səviyyədə fəaliyyət göstərməli və uşaqlara qarşı baş verən hər hansı zorakılıq və hüquq pozuntusunun qarşısını almaq imkanına malik olmalıdır. Həmin Sistem uşaqların düşdüyü vəziyyəti, onların sosial durumunu və onlara təsir edən problemləri vaxtında müəyyənləşdirməli və bütün problemlərin kökünü axtarmalıdır. Buna nail olmaq üçün bütün aidiyyətli dövlət və qeyri-dövlət qurumları arasında əlaqələndirilmiş şəbəkə qurmalı, müvafiq təlimlərdən keçmiş mütəxəssislər hazırlanmalı və qanunvericilik bazasına dəyişikliklər edilməlidir.
Uşaqların ehtiyaclarının ödənilməsi, onların yaşadıqları ailə və ya müəssisədə təhlükəsizliyinin təmin edilməsi həm ailənin, həm icmanın, həm də dövlətin vəzifəsidir. Əgər uşaqlara qayğı göstərən böyüklər öz vəzifələrini yerinə yetirmirsə, onları tələb olunan qayğı ilə təmin edə bilmirsə, uşaqlara qarşı zorakılıq tətbiq edir və ya kobud rəftar edirlərsə, bu zaman lazımi tədbirlərin görülməsi də Uşaq Müdafiə Sisteminin birbaşa müdaxiləsi əsasında həyata keçirilməlidir. Uşaq Müdafiə sistemi tərəfindən həyata keçiriləcək tədbirlər və təklif ediləcək xidmətlər uşağın və onun ailəsinin üzləşdiyi problemdən, uşağa dəymiş zərərdən və ya onun normal yaşamasına, inkişafına, habelə ümumi təhlükəsizliyinə olan riskin həcmindən asılı olaraq müxtəlif ola bilər. Uşaq və onun ailəsinə təklif ediləcək xidmətlər dedikdə, ilk növbədə, davamlı xidmətlər nəzərdə tutulur. Xidmətlərin ümumi məqsədi uşağın və onun ailəsinin üzləşdiyi problemlərin və ya mövcud vəziyyətin yaranmasına gətirib çıxarmış amillərin aradan qaldırılmasıdır. Eyni zamanda xidmətlərin göstərilməsi yaranmış vəziyyətin gələcəkdə təkrar olunmamasına yönəldilməlidir.
Uşaq Müdafiə Sistemi ilk növbədə, uşağın məhz ailə mühitində tam inkişaf edə biləcəyinə əsaslanaraq, uşağın öz ailəsində böyüməsi üçün bütün mümkün tədbirlərin görülməsini nəzərdə tutur. Lakin ailə mühitində uşağın təhlükəsizliyinə və ya onun tam inkişafına zəmanət yoxdursa, onda uşağın ailədən kənarlaşdırılması zərurəti yarana bilər. Bununla əlaqədar Uşaq Müdafiə Sistemində çalışacaq sosial işçilərin hazırlanması vacib məsələ kimi nəzərdən keçirilməlidir. Proqram çərçivəsində 2005-ci ildən etibarən Bakı Dövlət Universitetində sosial iş üzrə magistr, 2008-ci ildən isə bakalavr səviyyəsində sosial iş ixtisası üzrə mütəxəssislər hazırlanmaqdadır.
12. Əlavə təhsil
Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Bu, bir tərəfdən müəllimin yaradıcı potensialının inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin və onun idarə edilməsinin müasirləşdirilməsi məqsədilə pedaqoji işçilərin və rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət edir.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların, cəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtərəfli ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz təhsilin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləşdirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, peşə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümumiyyətlə, müvafiq lisenziyası olan digər müəssisələrdə həyata keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir.
Müasir dövrdə əlavə təhsilin ixtisasartırma , təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirmişdir. Əlbəttə, bu istiqamətlərin hamısı barədə məlumat vermək imkanı olmasa da, bəzilərinə diqqət yönəltməyi lazım bilirik.
İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə ( və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o cümlədən yenilikləri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil almaları nəzərdə tutulur.
Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri biliklərin təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeçməyə dair ayrıca blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədilə elmi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər.
Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və metodika sahələri üzrə bilik və bacrıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə təhsilini təmin edir.
Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim kimi kateqoriyalı işçilərin əlavə təhsilidir. Bu cür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, tədris-sınaq stansiyaları aiddir.
Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə ehtiva edir: pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlim və informasiya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq, öz həmkarları ilə təcrübə mübadiləsi; distant ötürmə vasitələri ilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinin aparılması; aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nəticələrin təhlili; kadr hazırlığı, əlavə təhsil sahəsində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi; “öyrədənləri öyrədən” statuslu müəllim və metodistlərlə diskusiyaların keçirilməsi; daimi özünütəhsil.
Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yuxarıda göstərilən digər tərkib hissələrinə təkanverici proses xarakteri daşıyır, özünütəhsil formasında müəllim hazırlığının fasiləsizliyini təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi gələcək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqların aradan qaldırılmasını və onların hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi müəllimlərin və pedaqoji prosesin digər subyektlərinin dörd səviyyədə hazırlanması şəklində həyata keçirilir:
1) müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər pedaqoji kadrların praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılması və təkmilləşdirilməsi;
2) pedaqoji kadrların elmi tədqiqatçılıq fəaliyyəti sahəsində ixtisasının artırılması və təkmilləşdirilməsi;
3) pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ixtisaslar üzrə yenidən hazırlanması;
4) qısamüddətli təhsil proqramları üzrə təhsil səviyyəsinin və dərəcəsinin yüksəldilməsi.
Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi aşağıdakı modellər üzrə həyata keçirilir:
- ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər;
- təhsil müəssisəsi şəraitində treninqlər;
- kaskad modeli üzrə treninqlər (“öyrədən”lərin öyrədilməsi və müəllimlərin dayaq məntəqələri vasitəsi ilə ixtisasartırma və təkmilləşmə proseslərinə cəlb edilməsi);
- texnologiyalara əsaslanan treninqlər;
- distant təhsil;
- mentorluq;
- şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə;
- müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kənar keçirilən kurslar və treninqlər.
Ölkəmizdə əlavə təhsilin əsas istiqamətlərindən biri olan ixtisasartırma təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili üçün bir sıra problemlərin həlli vacibdir. Həmin problemlərdən biri məhz bu təhsilin strukturunun müasir tələbləri ödəməməsi ilə bağlıdır. Belə ki, ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif edilən proqramlar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun hazırlanmır, ümumiyyətlə, bu ehtiyacların dəqiq müəyyənləş-dirilməsi sahəsində etibarlı mexanizmlər işlənməmişdir.
İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq göstərir ki, dünyada bu sahədə fərqli müxanizmlər tətbiq olunur, ixtisasartırma təhsili modul-kredit sisteminə əsaslanaraq üç moduldan ibarət təşkil olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdirilir.
Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, ikinci modul tədris metodikası və təlim strategiyalarını, üçüncü modul isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin arzusuna uyğun təşkil ediləcək kursları əhatə edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiymətləndirilməsi), treninq proqramları da qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılır. Sonda isə yekun monitorinq aparılır (çıxış qiymətləndirilməsi). Modullar üzrə zəruri kreditləri toplayan müəllimlər sertifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyinin stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasartırma təhsilinin statusunu yüksəldir və ona marağı artırır. Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri və ictimaiyyət müəllimlərə verilən sertifikatlara inanır və onu qəbul edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin monitorinqi aparılır, həm “öyrədənlərin”, həm də “öyrənənlərin” fəaliyyəti dəqiq qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə mexanizmi işin daha da təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına imkan verir.
Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də bizdə olduğundan tam fərqlidir. Azərbaycanda ixtisasartırma təhsili üçün vəsait əsasən bu təhsili həyata keçirən müəssisələrə verilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmətin səviyyəsindən asılı olmayaraq, büdcə vəsaiti ixtisasartırma təhsili müəssisəsinə yönəldilir. Dünya təcrübəsində isə belə təhsil müəssisələri vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını elan edirlər, bu proqramlar akreditasiyasından keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin seçimi əsasında kurslar təşkil edilir və ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təşkil etdiyi proqramlar müəllimlər tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir. Bir fərq də ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət təhsil müəssisələrində həyata keçirilir, beynəlxalq təcrübədə isə dövlət müəssisələri ilə yanaşı, bu fəaliyyətlə daha çox özəl qrumlar, QHT-lər məşğul olurlar ki, bu da rəqabət mühitinin formalaşdırılmasına gətirib çıxarır.
Bu sahədə ən ciddi problemlərdən biri də “öyrədənlərin” hazırlıq səviyyəsinin müasir tələbləri ödəməməsi ilə bağlıdır. Vacibdir ki, daha çox sayda və səriştəli “trener”lər hazırlansın. Son illərdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində müsbət addımlar atılıb, bir sıra məzmun dəyişiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlər keçirilməsi üçün lazımi infrastruktur formalaşdırılıb.
Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişildiyindən bir dəfə alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə bilmir. Hətta ən mükəmməl təhsil sistemində əldə edilmiş biliklərin əksər hissəsi təhsil prosesi başa çatdıqdan bir müddət sonra öz aktuallığını itirir. Cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etmək üçün hər bir şəxsin peşə bilik və bacarıqlarının, şəxsi keyfiyyətlərinin kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirilməsi, zənginləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması zəruri tələbata çevrilir.
Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət inkişaf etdikcə təhsilə tələbat da artır və belə şəraitdə yaşlıların təhsili bir tərəfdən məqsədə, digər tərəfdən fəaliyyət obyektinə çevrilir. Cəmiyyətin inkişafı təhsil sistemi qarşısında yeni prioritetlər müəyyənləşdirir və hazırda dünyada həmin prioritetlərdən biri məhz yaşlıların təhsilidir. Digər tərəfdən, XIX əsr aqrar cəmiyyəti, XX əsr sənaye cəmiyyəti kimi xarakterizə olunurdusa, XXI əsr bilik, informasiya cəmiyyətinə çevrilmişdir. Bu səbəbdən Avropa Birliyi yaşlıların təhsilini “XXI əsrin qapılarını açan açarlardan biri” adlandırmışdır.
Dünya təcrübəsi göstərir ki, yaşlıların təhsili əlavə təhsilin tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir.
Avropa Birliyi tərəfindən vətəndaşlar üçün peşə bilik və bacarıqları ilə yanaşı, digər “Əsas kompetensiyaların” müəyyən edilməsi Avropada yaşlıların təhsilinə olan ciddi yanaşmanın göstəricisidir. Müəyyən edilmiş həmin kompetensiyalardan bəzilərini təqdim edirik:
-
ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;
-
xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;
-
riyazi və texniki kompetensiyalar;
-
İKT ilə bağlı kompetensiyalar;
-
öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kompetensiyalar;
-
siyasi və sosial (ictimai) kompetensiyalar;
-
təşəbbüskarlıq və sahibkarlıq səriştəsi;
-
çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dərki ilə bağlı kompetensiyalar.
Etiraf olunmalıdır ki, cəmiyyətimizdə yaşlıların təhsili barədə kifayət qədər məlumat yoxdur. Belə ki, bəzən yaşlıların təhsili ilə ahılların təhsili anlayışları eyniləşdirilir. Halbuki, yaşlıların təhsili ahılların təhsilini də özündə ehtiva etməklə daha geniş əhatə dairəsinə malikdir. Yaşlıların təhsili dedikdə, şərti olaraq 18 yaşdan yuxarı, müstəqil fəaliyyət təcrübəsi və bir çox hallarda peşəsi olan, bəzi hallarda isə heç bir peşəsi olmayan insanların təhsilə cəlbi nəzərdə tutulur. Yaşlıların təhsili ilə ənənəvi təhsil arasında fərq vardır. Əgər ənənəvi təhsil sisteminin vəzifəsi cəmiyyət üçün lazımi kadr hazırlamaqdırsa, yaşlıların təhsilinin vəzifəsi artıq ənənəvi təhsil sistemini keçmiş insanların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən dəyişikliklərə uyğunlaşdırılmasını təmin etməkdir. Qeyd olunduğu kimi, yaşlıların təhsili kontingentinə daxil olan insanlar artıq müəyyən bilik və bacarıqlara malik olduqlarından, onların ənənəvi metodlarla təlimi səmərəli nəticə verə bilməz. Bu səbəbdən yaşlıların təhsili sistemində yeni prinsip və metodların tətbiqi xüsusi aktuallıq kəsb edir. Eyni zamanda bu təhsil formasının təşkili zamanı təhsilalanların tələbatları və onların əvvəllər qazandıqları bilik və bacarıqlar maksimum dərəcədə nəzərə alınmalıdır. Təlim prosesi zamanı dinləyicilərin ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi, onlarda yeni bilik və bacarıqlar əldə etməyə motivasiyanın oyadılması da əhəmiyyətli məsələlərdəndir.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yaşlıların təhsili ilə məşğul olan mərkəzlər öz fəaliyyətlərində yerləşdiyi ərazinin xüsusiyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə almağa çalışırlar.
Təlm zamanı dinləyicilərə yalnız yeni peşə almaq imkanları deyil, həmçinin mövcud peşələrin spesifik xüsusiyyətləri və perspektivləri haqqında müfəssəl məlumat verilir. Belə ki, bəzən ənənəvi təhsil mühitində dinləyiciyə seçilən peşənin gələcək perspektivi haqqında geniş məlumat verilmir və bu da dinləyicidə gələcəyə ümidsiz baxışlar formalaşdırır. Ancaq yaşlıların təlimi zamanı təhsilalanlara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur.
Yaşlıların təhsili kontingentinə, əsasən, aşağıdakı sosial demoqrafik qruplar aid edilir:
- əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər və yeniliklərlə əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb edilən peşəkar əmək sahəsi işçiləri;
- məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxslər;
- uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qayıdanlar;
- peşəsi olmayanlar;
- yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər;
- hərbi xidmətdən tərxis olunanlar;
- məcburi köçkünlər və qaçqınlar, o cümlədən miqrantlar;
- şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini genişləndirmək arzusunda olan şəxslər və s.
Respublikamızda iqtisadiyyatın sürətli inkişafı, yoxsulluğun azaldılması və aparılan davamlı təhsil islahatları yaşlıların təhsilini prioritet səviyyəyə qaldırmış, insan resuslarının inkişaf aləti olan yaşlıların təhsilini dövlət siyasətində strateji istiqamətə çevirmişdir. Ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq bir sıra sahələr müəyyən dövrdən sonra öz prioritetliyini digər sahələrə verməyə məcbur olur. Belə şəraitdə həmin sahələrdə çalışan çoxsaylı işçilərin yeni peşə və ixtisaslar üzrə təhsil almasına ehtiyac yaranır. Ölkəmizdə yaşlıların təhsilini aktuallaşdıran məsələlərdən biri də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrinin geniş-ləndirilməsidir. Bu isə İKT-nin yeni tətbiq olunduğu müəssisə və təşkilatların əməkdaşlarının, ümumilikdə, əhalinin bu sahədə bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsini zəruri etmişdir.
Hər bir dövlət yaşlıların təhsilini öz təhsil sisteminin xüsusiyyətlərinə uyğun olaraq formalaşdırır. Bu zaman cəmiyyətin və əmək bazarının tələbləri nəzərə alınaraq müvafiq proqram və tədris materialları hazırlanır.
Həmin sənədlər elə hazırlanır ki, yaşından, dini və milli mənsubiyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziyyətindən, həmçinin cinsindən asılı olmayaraq bütün yaş qrupları əhatə edilsin. Eyni zamanda yaşlıların təhsilinin təşkili zamanı bir sıra amillər də nəzərə alınmalıdır:
-
yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşımamalı, əksinə, onun əsasında həyata keçirilməlidir;
-
yaşlıların təhsili, əsasən, kişilərə aid olan istehsalat sahələrində işləmək üçün qadınlara müvafiq kvalifikasiyalar verməlidir;
-
yaşlıların təhsili heç bir peşə və təhsili olmayan gənclərin müvafiq peşə almalarına şərait yaratmalıdır;
-
yaşlıların təhsilinə mane ola biləcək bütün amillər, o cümlədən qanunvericilik sahəsində boşluqlar aradan qaldırılmalıdır;
-
iş ilə təhsil arasında vaxt bölgüsü düzgün müəyyənləşdirilməli, yaşlıların təhsili üçün elmi cəhətdən əsaslandırılmış çevik təlim metodları və texnologiyaları işlənməlidir;
-
yaşlıların təhsili zamanı fərdi fəaliyyət təcrübəsi nəzərə alınmalı və ondan istifadə olunmalıdır;
-
bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdırılmalıdır;
-
təhsil sistemi onu əhatə edən sosial-mədəni və iqtisadi mühitə uyğunlaşdırılmalıdır;
-
təhsilə çəkilən xərclərin sosial həyata, mədəniyyətə və iqtisadiyyata çəkilən xərclərdən daha çox effekt verməsi nəzərə alınmalıdır;
-
inkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər nəzərdə tutulmalı, yaşlıların təhsili milli-regional sosial-iqtisadi inkişaf və təhsil proqramlarında nəzərdə tutulmuş məqsədlərə müvafiq olaraq istiqamətləndirilməli və koordinasiya edilməlidir;
-
yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri dövlət təhsil müəssisələrinə, təşkilatlara, cəmiyyətlərə müəyyən güzəştlər tətbiq edilməlidir.
Yaşlıların təhsilinin təşkilində əhəmiyyətli məsələlərdən biri də məzmunun müəyyənləşdirilməsidir. Belə ki, yaşlıların təhsili prosesində məzmun konkret vəziyyətə, şəraitə uyğun olaraq müəyyənləşdirilməli, cəmiyyətin və şəxsin (fərdin) inkişafına xidmət etməli, tutduğu vəzifəsindən və fəaliyyət dairəsindən asılı olmayaraq hər bir insanın ömür boyu təhsilinin (biliyinin) artırılmasına yönəlməli, əmək fəaliyyətinə təsir etməli, yaşlı insanları aktivləşdirməli, onları daha vacib və çevik qərarlar qəbul etməyə stimullaşdırmalıdır. Yaşlıların təhsili iqtisadi inkişafla əlaqələndirilməli, inkişaf proseslərini sürətləndirməlidir.
Fərdin hər hansı təhsil pilləsində, həmçinin fərdi və praktik yolla təhsil almasından asılı olmayaraq, onun bilikləri daim artırılmalı, texniki və peşəkar kvalifikasiya səviyyəsi yüksəldilməli, yeni bacarıqlar formalaşdırılmalıdır ki, o, müstəqil fəaliyyətini təmin edə bilsin. Bu baxımdan yaşlıların təhsili yalnız təhsil prosesi ilə məhdudlaşdırılmamalı, ömür boyu həyata keçirilməli, əldə edilmiş yeni bilik və vərdişlər daim inkişaf etdirilməklə şəxsiyyətin hərtərəfli inkişafına və fəaliyyətinə imkan yaradılmalıdır. Odur ki, yaşlıların təhsilinə fasiləsiz təhsil sisteminin mühüm tərkib hissəsi, gənclərin və bütün yaşlı insanların iştirak etdiyi təhsil prosesi kimi baxılmalıdır.
Yaşlıların təhsili dövlət və qeyri- dövlət, formal və qeyri-formal, informal təhsil sahələrini əhatə etməklə ciddi diqqət tələb edir. Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirilməsi zəruri məsələlərdəndir.
Dostları ilə paylaş: |