Tətbiq etmək qaydası
1. Müəllim şagirdlərə debatların necə keçirildiyini izah edir: bir qrup mövzusunu təsdiq edir və öz mövqeyini sübuta yetirir, digəri isə həmin mövzunu təkzib edir və öz sübutlarını təqdim edir.
2. Şagirdlər debatın keçiriləcəyi mövzu ilə irəlicədən tanış olurlar.
3. Sinif ya cütlüklərə, ya da cüt saylı qruplara, məsələn, hərəsində üç şagird olmaqla 8, yaxud 10 qrupa bölünür.
4. Müəllim şagirdlərə sinif otağının hər iki tərəfi boyu düzülmüş stullara əyləşməyi təklif edir və püşkatma yolu ilə hər qrupun üzvlərinin hansı nöqteyi-nəzəri müdafiə edəcəklərini müəyyənləşdirir.
5. Sinif otağının hər iki tərəfində əyləşmiş qruplar iki-iki yazılı dialoqa başlayırlar. Birinci qrupdan olan şagirdlərə öz dəlilinin formalaşdırılması üçün 5 dəqiqə vaxt verilir. Həmin dəlil kağız vərəqinə yazılır.
6. Sonra vərəqlər opponentlərə ötürülür və onlara öz tərəf-müqabillərinin dəlillərinə cavablarını formalaşdırmağa və yazmağa, eləcə də öz əks-dəlillərini şərh etməyə 8 dəqiqə vaxt ayrılır.
7. Bu cür mübadilə prosesi 2-3 dəfə təkrarlanır, özü də bu zaman hər şagird mütləq tərəf-müqabilinin dəlilinə cavab verməli və öz dəlilini də buraya əlavə etməlidir. Adətən 3-4 raund kifayət edir. Sonuncu raundda şagirdlərə nəticəni yazmaq imkanı verilir. Bundan sonra işlər yığılır (əgər A-4 formatlı kağızda yerinə yetirilmişsə), yaxud bunların təqdimatı keçirilir (əgər iş A-1 formatlı kağızda icra edilmişsə). Əgər qruplarda icra olunmuş işlərin təqdimatı keçirilirsə, dəlillər və əks-dəlillər iki şagird tərəfindən oxunur. Çox vacibdir ki, oxu zamanı müəllim şagirdlərin yalnız öz cavablarını oxumasına, mübahisəyə girişməməsinə, bir-birinin dəlillərini “saf-çürük” etməsinə göz yetirsin, çünki bunlar yazılı debatlardır və şagirdlər öz fikirlərini yazılı formada bildirirlər.
Əgər işlər A-4 formatında və cütlükdə yerinə yetirilibsə, onda həmin işlər toplanır və müəllim tərəfindən qiymətləndirilir.
8. Yekunlaşdırmanın ən yaxşı forması hər iki tərəfə ünvanlanmış aşağıdakı sual ola bilərdi: “Rəqibin ən yaxşı dəlilləri hansılar idi?”
Qar topası
Sxem 1.5
Sxem üzrə hərəkət edilir
1-ci mərhələ. Müəllimin qoyduğu suala şagirdlər fərdi şəkildə cavab verir, öz fikirlərini kağız vərəqində qeyd edirlər.
2-ci mərhələ. Qruplara bölünmə aparılır, uşaqlar elə həmin məsələ üzrə qrup işinə başlayır və öz rəyini ümumiləşdirirlər. Qrup öz rəyini vatman kağızı vərəqi üzərində qeyd edir, sonra öz işini təqdim edir.
3-cü mərhələ. Müəllim qrupların rəyini ümumiləşdirir, təqdim olunmuş işlərdəki oxşar bəndləri aşkar edir və bunları ayrıca vatman kağızı vərəqinə yazır.
Konkret hadisənin tədqiqi (situativ praktikum)
Məqsəd:
Konkret hadisənin tədqiqi, hadisənin təhlili, qavranılması, səhvlərin müəyyənləşdirilməsi və həlli vasitəsilə tənqidi təfəkkürü stimullaşdıran tədqiqata əsaslanmış bir üsuldur. Problemin həllində aktiv və səmərəli iştirak etmək ideyasını vurğulamaq üçün real situasiyalardan istifadə olunur. Müəllim şagirdlərə həyatda tez-tez baş verən maraqlı situasiyaları və ya sinifdə ciddi müzakirəyə ehtiyacı olan problemləri nəzərdən keçirməyi təklif edə bilər.
Bu üsulun vasitəsi ilə aşağıdakı bacarıqların formalaşdırılmasına nail olunur:
-
Hadisənin səmərəli həlli yollarını araşdırmaq;
-
Məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək: təhlil etmək, səhvləri müəyyənləşdirmək;
-
Hadisənin səbəbinin həlli vasitəsilə tənqidi təfəkkürü inkişaf etdirmək;
-
Tədqiqatçı bacarıqlarını aşılamaq;
-
Məlumatı sistemləşdirmək;
-
Nəticə çıxarmaq və əsaslandırmaq.
Alqoritm:
-
Müəllim tərəfindən hadisənin seçilməsi.
-
Müəllim nəzərdən keçirilən problemə dair situativ praktikumu hazırlamalıdır. O hər bir problemli vəziyyətə dair müzakirə üçün məqsədyönlü sualları öncədən düşünməli və hazırlamalıdır.
-
Vəziyyətlərdən hər biri ayrıca kartda yazıla bilər.
-
Şagirdləri hər biri 4-5 nəfərdən ibarət qruplara bölürlər. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə etməlidir.
-
Şagirdlər hadisəni tədqiq edir və öz münasibətini bildirir. Şagirdlərə kömək etmək üçün aşağıdakı sualları verin: Nə baş verdi? Mühüm elementlər hansılar idi? Faktların təqdimatında çatışmayan bir şey var idimi? Nə üçün maraqlı tərəflər bu cür hərəkət edirlər?
-
Bu mərhələdə iştirakçılar öz şəxsi və subyektiv qavrayışlarına əsasən həll yollarını ifadə edirlər. Şagirdlərdən ilk təəssüratlarını söyləməyi xahiş edin. Hər şagird hadisənin həlli yollarını göstərir. Bu həll yollarına hadisənin bütün elementləri daxil olmur. Bu səbəbdən də fikirlər müxtəlif və bir-birinə zidd ola bilər.
-
Müəllim konkret hadisəyə yenidən qayıdır, problemlə bağlı bütün məlumatları nəzərdən keçirir, onu konseptləşdirir, qaydaya salır və sistemləşdirir. Hadisənin həlli yolunda meydana çıxan lehinə/əleyhinə olan arqumentlərə münasibəti aydınlaşdırır. Müəllim belə suallar verə bilər: lehinə və əleyhinə olan cəhətlər hansılardır? Siz hansı arqumentləri dəstəkləyəcəksiniz? Digərinin nəticəsi nə ola bilər? Alternativlər hansılardır? Şagirdlər öz arqumentlərini gətirərək konkret hadisəyə istinad edir.
-
Şagirdlər konkret hadisə ilə bağlı son qərarı verməlidirlər. Əgər onların qərarı rəsmi həll ilə üst-üstə düşmürsə, eybi yoxdur.
-
Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə başlanır. Müzakirə mərhələsi aşağıdakı istiqamətlərə yönəldilməlidir:
-
Konkret hadisənin şəraiti və məzmunu ilə bağlı “arxaya baxmaq”;
-
Ümumiləşdirilə biləcək əməliyyat prinsipləri üçün “aşağıya baxmaq”;
-
Başqa oxşar situasiyalar üçün “ətrafa baxmaq”;
-
Bu cür hadisələri səmərəli şəkildə həll etmək istəyiriksə, öz şəxsi münasibətimizi dəyişmək üçün “irəli baxmaq”.
10. Sonda şagirdlər hadisənin həlli üzrə son qərar verirlər, başqa situasiyalar üçün də yararlı olan nəticələrə gəlirlər.
Şərtlər:
-
İş forması: böyük qruplarla iş, bütün siniflə;
-
Auditoriyanın bilik səviyyəsi (hadisə haqqında məlumat);
-
Vaxt: 35 dəqiqə;
-
Dərsin mərhələsi: tədqiqat, nəticənin çıxarılması (bütün mərhələlərdə);
Konkret hadisə meyarlara əsasən seçilir. Heç də bütün situasiyalar konkret hadisə olmur. Konkret hadisə olması üçün situasiyanın aşağıdakı xüsusiyyətləri olmalıdır:
-
Gerçək olmalıdır;
-
Dərhal müdaxilə tələb etməlidir: maraq doğura biləcək problemi vurğulamalıdır;
-
Qrupların maraqları ilə əlaqəli olmalıdır ki, hadisəni həll etməyə çalışan iştirakçılar lazımi informasiyaya malik olsunlar və həll yollarını tapsınlar;
-
Tam olmalıdır. Onun təqdimatında həlli üçün tələb olunan bütün detallar əks olunmalıdır.
Vasitələr: Lövhə, iş vərəqləri, kağız, flomaster, video, televizor (motivasiya mərhələsi üçün);
Yarana biləcək problemlər:
-
Hamının iştirak etməməsi;
-
Arqumentlərin inandırıcı olmaması;
-
Arqumentlərin qanunla əsaslanmaması;
-
Düzgün nəticə çıxarılmaması.
Anlayışın çıxarılması üsulu
Məqsəd: Yeni anlayışların müstəqil olaraq çıxarılması.
Hər hansı vacib anlayışın dərk edilməsi müəllimdən çox zaman böyük zəhmət tələb edir. Təklif olunan üsul anlayışın çıxarılması və daha dərindən mənimsənilməsini təmin edir. Bu üsul oyun-tapmaca formasında keçirildikdə şagirdlərdə həmişə yüksək fəallıq yaradır və onların həm məntiqi, həm də tənqidi təfəkkürü fəallaşır.
Alqoritm:
Addım 1. Lövhədə 3 müxtəlif rəngli dairəvi kartoçkalar asılır. Müəllim gizlənilmiş anlayışların altında onlara aid 2 və ya 3 yönəldici söz (anlayışların xüsusiyyətləri) yazır.
Müəllim: “Bu kartoçkaların arxa tərəfində 3 anlayış yazılıb. Siz bu sözləri tapmalısınız. Sizə kömək etmək üçün mən hər bir anlayışa məxsus olan 1 xüsusiyyət yazıram.”
Anlayışlar müvəqqəti olaraq ya nömrələnir, ya da öyrənilən anlayış “bəli” və ona əks olan anlayışı “xeyr” sözləri ilə adlandırılır.
Sxem 1.6
1 variant:
2 variant:
Addım 2. Şagirdlərdə ilk fərziyyələrin yaranması.
Müəllim: “Bu xüsusiyyətlərin əsasında siz gizlətdiyim sözləri tapa bilərsinizmi? Sizdə hər hansı fərziyyələr yarandımı?”
Addım 3. Müəllim tərəfindən gizlənilmiş anlayışlara aid yeni xüsusiyyətlərin təqdim edilməsi və şagirdlər tərəfindən onların təsnifatı (anlayışlara aid edilməsi).
Müəllim şagirdlərin cavablarını dinləyəndən sonra yeni xüsusiyyətləri səsləndirir və xahiş edir ki, şagirdlər bu xüsusiyyətləri öz fərziyyələrinə uyğun olaraq dairələrin (anlayışların) birinə aid etsinlər.
Addim 4. Şagirdlərdə yeni fərziyyələrin yaranması. Müəllim bu sözlərin düzgün olub-olmamasını qiymətləndirdikdən və şagirdlərin vasitəsi ilə onları lazımi dairələrə aid etdikdən sonra yenə bu anlayışların tapılmasını xahiş edir və fərziyyələri dinləyir.
Addım 5. Şagirdlər tərəfindən anlayışa (fərziyyəyə) uyğun olan yeni xüsusiyyətlərin təklif edilməsi və müəllim tərəfindən düzgün olub-olmamasının qiymətləndirilməsi.
Müəllim seçilən anlayışlara-fərziyyələrə aid olan daha çox yeni xüsusiyyətləri təklif etməyi şagirdlərdən xahiş edir.
Addım 6. Şagirdlər tərəfindən anlayışın çıxarılması və müzakirəsi. Şagirdlər öz xüsusiyyətlərini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-tapılmamasını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açır.
Addım 7. Anlayışın müəllim tərəfindən təsdiq və ya daxil edilməsi, onun tərifinin verilməsi. Müəllim xahiş edir ki, şagirdlər bu anlayışlara daha da geniş tərif vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər.
Şərtlər:
-
Anlayışlar təxminən, şagirdlərə tanış olmalıdırlar, lakin onların tam tərifi aydın olmamalıdır.
-
Müəllim tərəfindən seçilən xüsusiyyətlər şagirdlərə fərziyyələr irəli sürməyə imkan verməlidir, lakin anlayışı bir başa tapmağa qoymamalıdır.
-
Bu üsula təxminən 10-15 dəqiqə vaxt ayrılmalıdır.
-
Üsul bütün siniflə aparılır.
Vasitələr: Rəngli dairəvi kartoçkalar, anlayışın açıqlaması üçün xüsusiyyətlər.
Yarana biləcək problemlər:
-
Səs-küy;
-
Anlayışın çətin olması;
-
Müzakirənin uzanması.
KUB strategiyası
Kublaşdırma (Kovan E. və Kovan C., 1980) mövzunun hərtərəfli öyrənilməsi məqsədilə şagirdləri onu təsvir və müqayisə, əlaqələndirmə, təhlil, tətbiq və mübahisə etməyə istiqamətləndirir.
Məqsəd:
-
Mövzuya müxtəlif cəhətlərdən nəzər salmağın planlaşdırılması;
-
Məntiqi və tənqidi təfəkkürün inkişafı;
-
Cisim və ya hadisəyə hərtərəfli baxışın formalaşdırılması;
-
Qiymətləndirmə bacarığının formalaşdırılması;
-
Təhlil prosesinin inkişaf etdirilməsi;
-
Əməkdaşlıq vərdişlərinin formalaşdırılması;
Bu metod müəllim mövzusunu, situasiyanı və s. tədqiq etmək istədikdə istifadə olunur. Bununla da şagirdlər mürəkkəb və inteqrativ yanaşmalar üçün tələb olunan bacarıqları inkişaf etdirmək imkanı əldə edirlər.
Alqoritm:
-
Kub düzəltmək (kiçik, 15-20sm tili olan, kağızdan hazırlanır)
-
Kubun hər üzünə verilən altı qısa göstərişdən birini yazmaq: Təsvir et; Müqayisə et; Əlaqələndir; Təhlil et; Tətbiq et; Lehinə yaxud əleyhinə mübahisə et (cədvəl 1.3.)
5.Tətbiq et
Cədvəl 1.3
1.Təsvir et
2.Müqa-yisə et
3.Assosi-asiya yarat
4.Təhlil et
6.Lehinə və ya əleyhinə çıxış et
3. Müzakirə olunan cisim və ya hadisəni müəyyənləşdirmək;
4. Sinfi 6 qrupa bölmək və tapşırıq mövzuları vermək. Hər qrup kubun 1 göstərişi üzrə iş aparır.
5. Şagirdləri təlimatlandırmaq (nümunə, hər bir addımın izahı);
6. Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edir:
a) Təsvir etmək: rənglər, formalar, ölçülər və s.
b) Müqayisə etmək: oxşar və fərqli cəhətlər hansılardır?
c) Əlaqələndirmə (assosasiya yaratmaq): Bu sizi nə haqda düşünməyə vadar edir? Nəyi xatırladır?
d) Təhlil etmək: onun nədən və necə hazırlandığını təsvir et.
e) Tətbiq etmək: Sən onunla nə edə bilərsən? Sən ondan necə istifadə edə bilərsən?
f) Onun lehinə və ya əleyhinə çıxış et və öz mövqeyini dəstəkləmək üçün arqumentlər təqdim et: O yaxşıdır yoxsa pisdir? Niyə?
7. Təqdimat edirlər; İştirakçılar mövzu haqqında sonradan təqdim edəcəkləri bir-iki paraqraflıq təqdimata daxil edə biləcəkləri yeni ideyalar axtara bilərlər. İştirakçılar yekun paraqraflar ilə bölüşə bilərlər.
8. Nəticə çıxarırlar, ümumiləşdirmə aparırlar;
9. Yekun iş lövhədən və ya sinif otağının divarlarından asıla bilər.
Şərtlər:
-
Kiçik qruplar və bütün siniflə;
-
Bilik və bacarığının səviyyəsinin mövcudluğu;
-
20-25 dəqiqə (materialdan və yaş səviyyəsindən asılı olaraq);
-
Ümumiləşdirmə, inteqrativ blok dərs;
-
Dərsin mərhələləri – tədqiqat mərhələsində;
Vasitələr: lövhə, markerlər, iş vərəqləri, kağız, paylayıcı materiallar, tablolar – anlayışları açmaq üçün, ensiklopediya, dərslik, əlavə ədəbiyyat, maqnitofon, audiokaset, şəkillər, videofilm, qutular;
Yarana biləcək problem:
-
Vaxt çatışmazlığı;
-
Nəticə çıxarılmasında problemlər;
-
Tam əhatə olunmaması.
SUALLAR
Məqsəd:
Şagirdlərdə idrak fəallığının artırılması və həmçinin təfəkkürün inkişafı üçün bu tapşırıqların böyük rolu var. Biliyin əldə edilməsində və xüsusən tədqiqatın aparılmasında sualların böyük əhəmiyyəti var. O tədqiqat zamanı tədqiqat işinə təkan verən amil kimi çıxış edir.
Dəqiq sualı vermək və alınan məlumatları tutuşdurmaq bacarıqları, məntiqi və tənqidi təfəkkürü formalaşdırır.
-
Sual verməyin keyfiyyətini bilmək üçün aşağıdakı meyarlardan istifadə etmək olar:
-
Sualların sayı;
-
Məntiqi ardıcıllığı;
-
Orijinallığı;
-
Təsviri və ya “dərin” suallar;
-
Sualın məzmununun əhəmiyyətliliyinin dərəcəsi;
6. Açıq və qapalı suallar;
Təlimat: Bu tapşırıqları yerinə yetirərkən siz sualların təlim prosesində olan əhəmiyyətini daha da aydın hiss edəcək və sualların arasında olan fərqi dərk edəcəksiniz, çünki sualların çətinlik dərəcəsi fərqlidir. Hər tapşırığı yerinə yetirəndən sonra sizə verilən qiymətləndirmə meyarları əsasında onların yerinə yetirilməsinin səviyyəsini müəyyənləşdirə bilərsiz.
Tapşırıq 1. Sən nə öyrənmək istərdin?
Təlimat: Hansı suallara sən cavab tapmaq istərdin?
Qiymətləndirmə meyarları: 1) Aşağı: Sualların az miqdarı. Suallar stereotipdir
(oxşar və təkrarlanan).
2) Orta: Sualların çox olması. Suallar xüsusiyyətlərə, funksiyalara, növlərə və s. görə fərqlənir. Suallar faktoloji xarakter daşıyır: “Nə?”, “Harada?”, “Nə zaman?”
3)Yüksək: Sualların çox olması. Suallar əşyalar və hadisələr arasında əlaqələrin seçilib ayrılmasına yönəlib. (“Necə?”, “Nəyə görə?”, “Hansı əlaqə var?”)
Tapşırıq 2. Açar sözlərin köməyi ilə sual ver.
Təlimat: “Hansısa bir əşya və ya hadisə seç və bu əşya və ya hadisə haqqında hansısa yeni bir şey öyrənmək üçün açarların köməyi ilə sual ver”.
Tapşırıq 3. Şəkil üzrə sualları ver.
Təlimat: “şəkilə bax və bu şəkil üzrə hekayə qurmaq üçün sualları ver”.
Qiymətləndirmə meyarları: 1) Suallar xaotik xarakter daşıyır.
2) Suallar şəklin əsas anlarını qeyd edir.
Tapşırıq 4. Sualları başqa cür ifadə et.
Təlimat: “İlkin sualı necə dəyişdirmək olar?”
Məsələn: Siz yağışa necə yanaşırsınız?
Qiymətləndirmə meyarları: 1) Tapşırığın mənasını başa düşmür.
2)“Yağış yağanda Sizdə hansı hisslər oyanır?,
“Yağış zamanı Siz özünüzü necə hiss edirsiniz?” kimi suallar verir.
Tapşırıq 5. Sualların yaradıcı şəkildə dəyişdirilməsi.
Təlimat: “Qapalı” sualı “açıq” suala çevir.
Tapşırıq 6. Tədqiqata yönələn suallar: “Bu nədir?”
Təlimat: “Fotoşəklə baxın. Bunun nə olmasını başa düşmək üçün suallar verin. Daha çox müxtəlif suallar verməyə çalışın”.
Qiymətləndirmə meyarları: 1) “Bu nədir?”, “Harada?”, “Nə zaman?”, “Haraya Haradan?”, “Necə?”, “Nəyə görə?” suallar sistemsiz, xaotik şəkildə və ya əşyada olmayan əlamətlərini (xüsusiyyətlərini) qeyd edir; 2)“Bu nədir?”,”Necədir?”, “Harada?”, “Nə zaman?”,“Haraya?”,Haradan?”,“Necə?”,”Niyə?”, “Nəyə görə?” suallar sxemi üzrə verilir və həmçinin əşyaların əlamətlərini qeyd edir; 3) Suallar tədqiqatı və ümumiləşdirilmiş xarakter daşıyır, açar sözlərlə bağlıdırlar.
Məsələn:
-
Hansı növ hadisələrə aiddir?
-
Hansı xüsusiyyətlərə malikdir?
-
Hansı məna daşıyır?
-
Harada istifadə olunur?
-
Necə dəyişir?
-
Nəyə görə dəyişir?
-
Nəyə təsir göstərir?
-
Başqa hadisələrlə necə bağlıdır?
Tapşırıq 7. Problemi ifadə et.
Təlimat: “İnsanda təbiətlə bağlı yaranan bir neçə problemi adlandır”.
Qiymətləndirmə meyarları: 1) Problemlərin miqdarı çox deyil, standart məzmunludur. 2) Standart olmayan, orijinal problemlərin daxil edilməsi ilə onların miqdarı çox və müxtəlifdir.
Tapşırıq 8. Sərbəst mövzuya yönələn sualların verilməsi
Təlimat: “Açarları və mövzunu sərbəst seçərək “açar sözlər” dən istifadə edib sual qur”
Qiymətləndirmə meyarları:
1) Mövzu ilə əlaqədar açarların xaotik istifadə olunması. Mövzunun həm məlum, həm də naməlum aspektlərini əks etdirir.
2) Mövzunun əhəmiyyətli aspektlərini əks etdirən sualların sistem şəklində verilməsi.
MODELLƏŞDİRMƏ
Modelləşdirmə - ciddi problem qoyan hər hansı bir mücərrəd və ya uydurma hadisənin canlandırılması və bunun vasitəsilə problemin həllidir. Bu hadisə çox zaman real həyatda baş verən hadisənin sadələşdirilmiş lakin canlı nümunəsi olur. Problemi həll etmək üçün iştirakçılar həyatda və bu hadisədə rast gəldikləri müəyyən rolları ifa edirlər. Lakin rolların ifası tam sərbəstdir və onun nəticəsində alınan problemin həllini heç kəs əvvəlcədən proqnozlaşdıra bilmir. Nəticələr rolun ifasından asılıdır. Modelləşdirmə zamanı şagirdlərə bu rolun ifasında öz nöqteyi-nəzərindən çıxış etməyə icazə verilir.
Məqsəd:
-
Yaradıcı qabiliyyətləri və təxəyyülü inkişaf etdirmək üçün şagirdləri zəruri əsaslarla təchiz etmək;
-
Cütlük şəklində öz baxışlarını və dəyərlərini müzakirə etmək üçün şagirdlərə sərbəst diskussiya təklif etmək;
-
Şagirdləri problemi tapmağa və onu real həyatı modelləşdirən şəraitdə həll etməyə həvəsləndirmək;
-
Şagirdlərə təhlil aparmaq və alternativ hərəkətləri qiymətləndirmək bacarığını aşılamaq;
-
Şagirdləri ictimai və ya qrup fəaliyyətinin tərkib hissəsi olan qərarların qəbul edilməsi prosesinə cəlb etmək;
-
Məşğələ ərzində qəbul edilmiş qərarlara yenidən baxmaq və təhlil etmək, habelə uydurma situasiyanı gerçək vəziyyətlə müqayisə etmək üçün şagirdlərə imkan yaratmaq.
Modelləşdirməni əyləncəli və maraqlı edən onun qeyri müəyyənliyi, məchulluğudur, çünki ən yaxşı halda da nəticələri qabaqcadan yalnız qismən müəyyən etmək olur. Məhz bu bilinməzlik əsl həyata daha çox oxşayır, onu daha çox xatırladır ki, bu da nəticələri qəti müəyyən edilmiş tamaşalar və ya oyunlarla müqayisədə modelləşdirmənin xeyrinə çox əsaslı dəlil ola bilər.
Alqoritm: 1. Şagirdlər qarşısında ciddi dilemma və problem qoyulur. Onlara təklif olunur ki, bu problemi təklif edilmiş şəraitdə - sinif yoldaşları ilə birlikdə həyatda rast gəlinən müəyyən rolları oynamaqla həll etsinlər.
2. Hadisə bölünmüş rollar vasitəsilə inkişaf etdirilir. Beləliklə, sinif bir növ miniatür və ciddi tamaşaya çevrilir. Modelləşdirmədə müəyyən mənada oyunun və tamaşanın bir çox cəhətləri müşahidə olunur. Lakin oyundan və həqiqi tamaşadan fərqli olaraq, modelləşdirmənin maraqlı cəhəti qeyri müəyyənlik faizinin yüksək olmasıdır. Modelləşdirmə bu mənada sərbəstdir, belə ki, heç kəs əsl həqiqətdə son nəticəni görə bilmir, heç kəs deyə bilməz ki, əhvalat nə ilə bitəcək, çünki son nəticə əsasən rolların necə oynanılacağından asılı olur. Modelləşdirmə yalnız eskizi, rolun qısa təsvirini təklif edir, rolun ifaçısı bu müxtəsər məlumata əsaslanaraq, öz həyat duyumunu yaratmalı, öz nöqteyi-nəzərini inkişaf etdirməlidir.
3. Alınan tamaşanın müzakirəsi.
4. Nəticələrin çıxarılması və problemin həlli yollarının ümumiləşdirilməsi.
Şərtlər:
-
Mübahisə və diskussiyalar üçün mövzunu özündə daşıyan əhvalat seçilməlidir;
-
Modelləşdirmə gerçək həyatı əks etdirən problem üzərində cəmlənməlidir;
-
Mövzunu seçdikdən sonra bir neçə problemi müəyyənləşdirmək lazımdır, əks halda oyun maraqlı olmaması səbəbindən öz mənasını itirər;
-
Oyun onun yerli şəraitə uyğunlaşdırılması, rolların artırılması və ya ixtisar edilməsi, problemin əvəzlənməsi yolu ilə dəyişdirilə bilər.
Vasitələr: Əvvəlcədən hazırlanmış hadisələrin misalları. Bu cür əhvalat, nümunələri cari reportajlarda və digər mənbələrdə tapmaq olar.
Yarana biləcək problemlər:
-
Şagirdlər modelləşdirməyə başlayarkən, inanırlar ki, konkret məqsədə nail ola biləcəklər, lakin çox vaxt başları oyuna qarışdığından ilkin məqsədi unudur, qarşılarına yeni məqsədlər qoyurlar.
-
Rolların zəif oynanılacağı ehtimalı.
AUKSİON
Məqsəd:
-
Cisim və hadisələrin xüsusiyyətlərini öyrənmək;
-
Bilik və anlamanı müəyyənləşdirmək;
-
Bilikləri aktuallaşdırmaq;
-
Təhsil proseslərini inkişaf etdirmək;
-
Qiymətləndirmə prosesini inkişaf etdirmək;
-
Dinləmə mədəniyyətini inkişaf etdirmək.
(şagirdlərin keçmiş biliklərinin müəyyənləşdirilməsi, qaydaları izah etmək).
Alqoritm:
-
Müəllim öyrənilən cisim və ya hadisəni müəyyən edir;
-
Şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır:
-
Öyrənilən cisim və ya hadisənin xüsusiyyətlərini ardıcıl şəkildə adlandırmaq
-
Hamı növbə ilə cisim və ya hadisə haqqında fikir söyləyir, hər bir fikirdən sonra 2 sayılır. Bu zaman başqa iştirakçı təklif verə bilər.
-
Sonda sonuncu təklif qalib sayılır (Axırıncı cavabı verən udur)
-
Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Misal:
M: Lampanın xüsusiyyətlərini adlandırın!
Ş.:- İşıq saçır !
- Şüşə və metaldan düzəldilib !
- Üstünə vursan, səslənir !
- Formasına görə armuda oxşayır.
- Şəffafdır.
M.: Şəffafdır-bir, Şəffafdır-iki, və s.
Ş.: - Sınır
M.: Sınır-bir, sınır-iki, və s.
Dostları ilə paylaş: |