QRAFİK GÖSTƏRİCİLƏR
Tədris zamanı zehni prosesləri əyaniləşdirmək üçün qrafik göstəricilərdən istifadə edilir. Konseptual cədvəllər, T-sxemlər və Venn diaqramı qrafik göstəricilərin ən səmərəli formalarıdır.
KONSEPTUAL CƏDVƏL
Bu üsul üç və ya daha çox obyekt, yaxud cəhətin müqayisəsi nəzərdə tutulan zaman səmərəli sayılır. Cədvəli düzəltmək üçün vərəqin sol tərəfində, şaquli qrafada müqayisə ediləcək obyektlər, üfüqi qrafalarda isə onların müqayisə olunacaq xüsusiyyətləri göstərilir. Konseptual cədvəldən ədəbiyyat dərslərində surətləri, müxtəlif peşələri müqayisə edərkən istifadə etmək olar. Bu cədvəldən yazı işləri üçün hazırlıq mərhələsində, ibtidai sinifdə və dil-ədəbiyyat dərslərində də istifadə etmək olar.
Ədəbiyyat dərslərində müqayisə ediləcək cəhətlərə hansı aspektdən yanaşmağı müəllim aydınlaşdırmalıdır. Cədvəldə mövzu ilə əlaqədar dəyişiklik edə bilər.
T-SXEMLƏR
Müzakirə zamanı müsbət-mənfi cavablar üçün (razıyam, etiraz edirəm), yaxud müqayisəli fikirlərin qeyd edilməsi üçün T-sxemlər adlanan qrafik göstəricilərdən istifadə olunur. Müəllim müəyyən bir mətni şagirdlərə verir, onlar razıyam və ya etiraz edirəm prinsipi ilə oxuyurlar və aşağıdakı kimi cədvəl tərtib edirlər. (Yaxşı olar ki, mövzu Qarabağ hadisələri, qaçqınlar haqqında olsun, şagirdlərdə vətənpərvərliyi tərbiyə etmək üçün) (Sxem 1.7).
Sxem 1.7
Yuxarı Qarabağı Azərbaycandan ayırmaq olmaz (səbəblər)
|
Yuxarı Qarabağı Azərbaycandan ayırmaq olar (səbəblər)
|
1.Azərbaycanın tarixi ərazisidir.
2.Ermənilər bura köçürülüblər.
(XIX əsrin I yarısında) 3.və s.
|
1.
2.
3.
|
Cədvəl tərtibindən sonra iş cütlərlə gedir. 10 dəqiqə vaxt verilir ki, səbəblər yazılsın, birinci 5 dəqiqə ərzində cədvəlin sol tərəfində qoyulan suala cavablar yazılır, ikinci 5 dəqiqə ərzində isə cədvəlin sağ tərəfindəki sualla əlaqədar səbəblər yazılır. Sonra hər cüt özünə yaxın olan cütlə fikir mübadiləsi edir. Axırda müəllim yazı lövhəsində bütün sinif üçün T- sxemi tərtib edir, bütün cütlərin fikirlərini ümumiləşdirir və nəticə çıxarır.
SEMANTİK ƏLAMƏTLƏRİN TƏHLİLİ
Semantika fransızca “semantiq”ue, yunanca semantikos – işarə edən, “sema” işarə deməkdir, semantikanın tədqiqat obyekti işarənin (sözün) üçüncüsünün (işarələyən, denotat, işarələnən) vəhdətidir. İşarələyən (zahiri ünsür, səslərin yaxud qrafik işarələrin ardıcıllığı) denotat (adlandıran predmet və gerçəklik hadisələri) işarələnənlə (predmet və hadisələrin insan şüurunda əksi) bağlıdır. Bu üç əlaqə semantikanın məna kateqoriyasını təşkil edir.
Bu strategiyadan şagirdlərdə əsas biliklərin formalaşdırılması və inkişafı üçün istifadə etmək olar. Semantik əlamətlərin təhlili metodu şagirdlər üçün tanış olmayan mövzunun tədrisi zamanı daha əhəmiyyətlidir. Bu metodun tətbiqi zamanı keçilmiş mövzu ilə yeni mövzu müqayisə edilir.
Bunun üçün müəllim yazı lövhəsində sxem çəkir. Sxemin sol tərəfində yuxarıdan aşağıya üç müqayisə olunacaq obyektin adı yazılır. Kağızın yuxarı hissəsində, soldan sağa müqayisə olunan xüsusiyyətlər yazılır. Şagirdlər də bunu özləri üçün qeyd edirlər, uşaqlar iki və ya üç tanış obyekti müqayisə edərək, semantik əlamətlərin altında hər bir obyektə müvafik işarə və qeydlər qoyurlar. (“Hə” üçün +, “yox” üçün -, tam əmin olmadıqları üçün ? işarəsi qoyurlar). Məsələn, aşağıdakı cədvəldə göstərildiyi kimi (Cədvəl 1.8):
Cədvəl 1.8
Ölkələr
|
Harada yerləşir
|
Sərvətləri
|
Konsorsuma qoşulması barədə
|
Avropa
|
Asiya
|
Afrika
|
neft
|
qızıl
|
kömür
|
|
1.Azərbaycan
2.Türkiyə
3.Norveç
|
_
+
+
|
+
+
_
|
_
_
_
|
+
_
+
|
+
?
?
|
_
?
?
|
+
+
+
|
Bundan sonra şagirdlər mütaliə yolu ilə mətni öyrənməyə başlayırlar və müzakirə edirlər. Mətnlə tanış olduqdan sonra lazım gəlsə öz sxemlərində düzəliş aparırlar. Sonda müəllim özünün hazırladığı sxem üzərində şagirdlərin köməyi ilə düzəliş edir və ya cavabları təsdiq edir.
VENN DİOQRAMI
Venn diaqramı kəsişən iki və ya daha artıq çevrə üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə yazmaq üçün kifayət qədər yer olmalıdır. Həmin hissədə sözü gedən məsələnin oxşar yaxud ümumi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər coğrafiyadan və ya tarixdən iki ölkəni müqayisə edirlər. (Hər bir fənnə aid müqayisə olunan məsələ, obyekt ola bilər). Venn diaqramı vasitəsi ilə oxşar və ya fərqli cəhətləri vermək olar. Sinif qruplara bölünür, mövzuya aid mətn paylanılır. Müəllim qruplara tapşırır ki, mətnlə tanış olsunlar və onlara təqdim olunan ağ kağızlar üzərində Venn diaqramı qursunlar. Bu zaman müəllim diaqramı yazı lövhəsində qurur. Diaqramın kənar hissələrində (çevrələrin) fərqli cəhətlər, üst-üstə düşən hissədə isə oxşar cəhətlər yazılır. Qruplarda iş bitdikdən sonra hər qrup öz işini təqdim edir. Dərsin sonunda müəllim fikirləri ümumiləşdirərək lövhədə qurulmuş Venn diaqramında qeydlər edir və son nəticəni söyləyir. Bu diaqramdan bütün fənlərin tədrisi zamanı istifadə etmək əlverişlidir (Sxem 1.8).
Sxem 1.8
Venn diaqramından həm öyrədici, inkişafetdirici, həm də ümumiləşdirici dərsdə istifadə etmək olar.
Müqayisə olunacaq obyektin, məsələnin sayından asılı olaraq çevrələrin kəsiyini artırmaq olar. Məsələn aşağıdakı kimi (Sxem 1.9).
Sxem 1.9
Məqsəd:
-
Cisim və ya hadisələri müqayisə etmək və onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək;
-
Biliklərin aktuallaşması;
-
Təhlil proseslərinin inkişafı;
-
Qiymətləndirmə prosesinin inkişafı;
Alqoritm:
-
Müqayisə olunacaq cismin və hadisələrin müəyyənləşdirilməsi;
-
Kəsişən dairələrin çəkilməsi (ortada yazmaq üçün yer saxlamaq);
-
I və II dairədə müqayisə olunacaq obyektləri qeyd etmək;
-
Şagirdlərə təlimat vermək (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə deyilir);
-
Müqayisə olunan obyektlər təsvir olunur: fərqli cəhətlər sol və sağ tərəfə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur;
-
Müqayisə nəticəsində şagirdlər ümumiləşdirmə aparırlar;
Şərtlər: (hər cür ola bilər)
-
İş forması- böyük və kiçik qruplarda və cütlərdə;
-
Auditoriyanın bilik səviyyəsi – müqayisə olunacaq cisim və ya hadisələrin xüsusiyyətləri haqqında biliklər olmalıdır;
-
Vaxt – maksimum 15 dəqiqə (materiallardan asılı olaraq);
-
Dərs tipi – ümumiləşdirici dərs, bilik və bacarıqların formalaşdırılması;
-
Dərs mərhələsi – yeni materialın təqdimatı - motivasiya, tədqiqat mərhələsi, nəticələrin çıxarılması, tətbiq etmə;
Vəsaitlər: Lövhə, flomaster, kağız, əlavə ədəbiyyat və material;
Yarana biləcək problemlər:
-
Ümumi cəhəti müəyyənləşdirməkdə çətinlik;
-
Vaxtın uzanması;
-
Nəticənin çıxarılmasında çətinlik.
İKİ HİSSƏLİ GÜNDƏLİK STRATEGİYASI
Sinifdəki şagirdləri cütlərə ayırırıq. Hər birisinə tapşırırıq ki, “Vətən həsrəti nədir?” mövzusuna aid fikirlərini qısa şəkildə qeyd etsinlər. Hər iki yoldaş (cütlər) yazıb qurtardıqdan sonra fikirlərini bir-birilə bölüşürlər. Bütün siniflə müzakirə aparmaq üçün bir şagirdi qaldırır, öz fikirlərini soruşuruq və digər şagirdlər də deyilənlərə əlavələr edə bilərlər. Sonra şagirdlərə Almas İldırımın “Əziz Azərbaycanım” şerini oxumağı tapşırırıq, şeri oxuduqca onlar iki hissəli gündəliyə uyğun qeydlər etməlidirlər.
İki hissəli gündəlik tərtib etmək üçün şagirdlər ağ vərəqi şaquli xətlə iki yerə ayırırlar. Vərəqin sol tərəfində onlar mətndən yadda qalan, onlara çox təsir etmiş, nəyi isə xatırladan sitatları qeyd edirlər. Vərəqin sağ tərəfində isə onlar fikirlərini şərh edirlər: Niyə bu sitatı yazıblar?, Sitat onlarda hansı fikirləri oyadıb?, Bununla bağlı hansı suallar meydana çıxmışdır? (Cədvəl 1.9)
Cədvəl 1.9
Şerdən götürülən sitat
|
Verilən şərhlər. Nəyə görə bu sitatı yazıb?
|
1.
2.
3.
4.
|
1.
2.
3.
4.
|
Şagirdlər şeri oxuyub iki hissəli gündəlikdə qeydlər edirlər. Sonra müzakirəni bütün siniflə aparmaq lazımdır. Cütlərdən biri qaldırılır, yazdıqlarını söyləyirlər, digərləri isə öz fikirlərini əlavə edirlər. Müzakirə qurtardıqdan sonra müəllim şagirdlərdən xahiş edir ki, 10 dəqiqə ərzində “Vətən” mövzusuna aid düşüncələrini yazsınlar. (Bu metod 10 dəqiqəlik ESSE adlanır.)
Bu dərs zamanı müəllim proqramda verilmiş şeri sadəcə olaraq əzbər söyləmir, şagirdlərdən də həmin anda şeri evdə əzbərləməyi tələb etmir. Şagirdlərdə əsər üzərində apardıqları iş vasitəsi ilə maraq yaradır və sonra əzbərləməyi tapşırır.
KARUSEL STRATEGİYASI
Qruplara ayrılandan sonra müəllim hər qrupa sual yazılmış bir kağız və vatman verir. Qrupların sayı 4-sə 4 müxtəlif sual qoyulur. Hər qrupun üzvləri sualı oxuyur və ona cavab yazırlar. Sonra müəllimin köməkliyi ilə kağızları saat əqrəbi istiqamətində bir-birinə ötürürlər. İkinci dairə ilə gələn suala da cavab yazılır, yenə də qruplar kağızı dəyişdirirlər və beləliklə “karusel” kimi 1-ci qrupdakı kağız bütün digər qruplardan keçərək, axırda özünə qayıdır (eləcə də digər qrupların kağızları da digər qruplardan keçərək, axırda özünə qayıdır). Deməli hər qrup hər bir suala öz cavabını verir. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və sualların cavabları üzərində işləyirlər.
AKTİV OXU VƏ YAZI ÜSULLARI
Tətbiqi ilə dərslərdə iştirak edən şagirdləri fəallaşdıran, onları yaradıcı şəkildə inkişaf etdirən metodlar kimi aktiv oxu və yazı üsullarını göstərmək olar.
Aktiv oxu və yazı üsullarından istifadə edirik, ona görə ki:
-
Şagirdlərin fənlərə olan marağını inkişaf etdirməklə yanaşı əldə edilmiş bilik və bacarıqların səviyyəsini yaxşılaşdırırıq;
2. Bilik və bacarıqların əməkdaşlıq şəraitində əldə edilməsinə nail oluruq;
-
Praktiki olaraq şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdiririk;
-
Şagirdlərin qabiliyyətlərini inkişaf və formalaşdırmaqla elmlərin əsaslarını öyrətmək imkanı qazanırıq.
Aktiv oxu üsulları
Aktiv oxu üsullarından müvəffəqiyyətlə istifadə etmək üçün şagirdləri məlumatın axtarışına, toplanmasına, əldə edilmiş məlumatların qruplaşdırılmasına (klasifikasiya) və bu məlumatların qoyulmuş problemin həll etmək imkanını (qiymətləndirmə) üzə çıxarmağa hazırlamaq lazımdır.Yəni:
-
Şagirdlər kurikuluma uyğun mətnləri axtarırlar;
-
Ayrı-ayrı mətnləri birləşdirirlər;
-
Mətndən əldə etdikləri bilik və ya anlayışları formalaşdırırlar;
-
Əldə etdikləri bilik və anlayışları tətbiq etməyə səy edirlər.
Aktiv oxu üsulları o zaman faydalı olur ki:
-
Şagirdlər öyrənmə məsuliyyətini öz üzərlərinə götürmək üçün həvəsləndirildikdə;
-
Şagirdlər düşünməyə cəlb edildikdə;
-
Rəngarəng formalı aktiv oxu üsulları təklif edildikdə;
-
Hər bir şagird öyrənmədə şəxsən iştirak etdikdə;
-
Fəaliyyətlərini planlı şəkildə həyata keçirdikdə;
-
Problem ətrafında qrupdaxili müzakirə təşkil etdikdə;
-
Öz işlərini qiymətləndirdikdə.
Aktiv oxu və yazı üsullarından həm ibtidai, həm də yuxarı siniflərdə istifadə edilə bilər.
a) Sistemləşdirmə (ardıcıllaşdırma)
Effektiv üsuldur. Proqram üzrə keçirilməsi nəzərdə tutulan mövzu şagirdlərə bir neçə dəfə oxutdurulur. Mövzudakı hər bir cümlə ayrı-ayrı sətirlərdə yazdırılır (bu prosesə müəllim dərsdən qabaq hazırlıq görür). Cümlələr qayçı ilə kəsilərək bir-birindən ayrılır. Bu əməliyyatı şagirdlərin özlərinə həvalə etmək lazımdır. Cümlələr yazılmış hissələr qarışdırılaraq qruplara verilir. Təklif edilir ki, mətni əvvəlki kimi düzgün və ardıcıllıqla bərpa etsinlər. Sonda qruplar təqdimatla çıxış edirlər.
Məsələn, ibtidai siniflər üçün nəzərdə tutulmuş belə bir mövzuya diqqət yetirək:
Yay istirahətim
Babam kənddə yaşayır. Mən yay istirahətimi kənddə keçirməyi xoşlayıram. Ona görə də hər yay istirahətimi babamın kəndində keçirirəm. Babamın yaşadığı kənd yaşıl meşəli dağın ətəyində yerləşir. Kəndin hər iki tərəfindən çay axır.
Mən kəndə istirahətə gedəndə günümün çox hissəsini kənd uşaqları ilə keçirirəm. Onlar mənimlə oynamağı, mənim yanımda olmağı çox xoşlayırlar. Onlar həmişə mənim məsləhətimə, təkliflərimə, göstərişimə əməl etməyə çalışırlar. Kənd uşaqları ilə müxtəlif oyunlar oynayır, çayın kənarına gəzintiyə gedirik. Çayda daşlarla qabağını kəsdiyimiz göldə çimməyi bütün uşaqlar kimi mən də xoşlayıram. İstirahət günlərimin necə gəlib keçdiyini bilmirəm. Kənddən və kənd uşaqlarından təəssüf hissi ilə ayrılıram.
Şəhərə qayıtdıqdan sonra sinif yoldaşlarıma kənd təəssüratlarımdan sevinc hissi ilə danışıram. Onlar maraqla mənə qulaq asırlar.
Mətnin tələb olunan qaydada yazılış forması:
Yay istirahətim
Babam kənddə yaşayır.
Mən yay istirahətimi kənddə keçirməyi xoşlayıram.
Ona görə də hər yay istirahətimi babamın kəndində keçirirəm.
Babamın yaşadığı kənd yaşıl meşəli dağın ətəyində yerləşir.
Kəndin hər iki tərəfindən çay axır.
Mən kəndə istirahətə gedəndə günümün çox hissəsini kənd uşaqları ilə keçirirəm.
Onlar mənimlə oynamağı, mənim yanımda çox olmağı xoşlayırlar.
Onlar həmişə mənim məsləhətimə, təkliflərimə, göstərişimə əməl etməyə çalışırlar.
Kənd uşaqları ilə müxtəlif oyunlar oynayır, çayın kənarına gəzintiyə gedirik.
Çayda daşlarla qabağını kəsdiyimiz göldə çimməyi bütün uşaqlar kimi mən də xoşlayıram.
İstirahət günlərimin necə gəlib keçdiyini bilmirəm.
Kənddən və kənd uşaqlarından təəssüf hissi ilə ayrılıram.
Şəhərə qayıtdıqdan sonra sinif yoldaşlarıma kənd təəssüratımdan sevinc hissi ilə danışıram.
Onlar maraqla mənə qulaq asırlar.
Qrup şagirdləri ikinci formanı sətirbəsətir qayçı ilə kəsir, qarışdırır və başqa vərəqə ardıcıl olaraq yapışdırmaqla mətni bərpa edirlər. Qrupların təqdimatı ilə qiymətləndirmə aparılır.
b) Kloz.
Kloz öncəgörmə xarakterli üsuldur. Şagirdlərin öyrənəcəyi mətndəki sözlər müəyyən intervallarla silinir. Şagirdlərdən tələb olunur ki, silinmiş sözləri tapıb yerinə yazmaqla mətni əvvəlki kimi bərpa etsinlər. Bu zaman hazır mətn qruplarda olmamalıdır. Buraxılası sözlər əsas sözlər olmalıdır. Mətnin ilk iki və son iki cümləsindən söz buraxmaq məsləhət deyildir. Bu ona görə lazımdır ki, şagirdlər mətnin üslubunu və müəyyən dərəcədə məzmunu “tuta” bilsinlər.
Buraxılan sözlərin müxtəlifləşdirilməsi və həmin sözlərin verilmiş bir neçə söz arasından seçilə bilməsi imkanı yaratmaqla, bu üsuldan fərqli qabiliyyətlərə malik olan qruplar üçün fərqləndirilmiş formada istifadə etmək imkanı qazanılır.
Məsələn:
Bozdar
Əli baba kənddə yaşayırdı. O çoban idi. Onun Bozdar adında bir iti var idi. Əli baba qoyun sürüsünü yaylağa çıxaranda it onun köməkçisi olurdu. Əli baba bəzən çadırda istirahət edərkən Bozdar sürüyə nəzarət edir, sürünü qurd-quşdan qoruyurdu.
Günlərin bir günü Əli baba gördü ki, it kefsiz görünür. Günbəgün itin vəziyyəti ağırlaşır. İt hətta yemək də yemirdi. Əli baba başa düşdü ki, it ağır xəstələnmişdir. Bildiyi müalicə üsullarına əl atsa da iti sağalda bilmir. O kənd baytar həkiminə müraciət etməli olur. Baytar həkim yaylağa gəlir. İti diqqətlə müayinə edir. İtə keyləşdirici iynə vurduqdan sonra ağzını açır. Görür ki, itin boğazında sümük qalıb. Həkim sümüyü çıxarır.
Bir neçə gün sonra itin baxışında Əli baba ona qarşı olan məmnunluq hissini görür, sanki bununla it Əli babaya öz minnətdarlığını bildirirdi.
Əli babanın iti əvvəlki kimi onun köməkçisinə çevrildi.
Mətnin bəzi sözlər buraxıldıqdan sonrakı forması:
Bozdar
Əli baba .......... yaşayırdı. O çoban idi. Onun ....... adında bir iti var idi. Əli baba qoyun sürüsünü ........... çıxaranda it onun köməkçisi olurdu. Əli baba bəzən ........... istirahət edərkən Bozdar ........... nəzarət edir, sürünü .................... qoruyurdu.
Günlərin bir günü Əli baba gördü ki, it kefsiz görünür. Günbəgün itin vəziyyəti ağırlaşır. İt hətta ......... də yemirdi. Əli baba başa düşdü ki, it ağır xəstələnmişdir. Bildiyi ......... üsullarına əl atsa da iti sağalda bilmir. O kənd .......... həkiminə müraciət etməli olur. Baytar .......... yaylağa gəlir. İti diqqətlə .......... edir. İtə keyləşdirici ....... vurduqdan sonra ağzını açır. Görür ki, itin ............ sümük qalıb. Həkim .............. çıxarır.
Bir neçə gün sonra itin baxışında Əli baba ona qarşı olan ................ hissini görür, sanki bununla it Əli babaya öz ............................ bildirirdi. ........................... iti əvvəlki kimi onun köməkçisinə çevrildi.
Təlim fəaliyyətinin sonunda qruplar təqdimatla çıxış edirlər, qiymətləndirilirlər.
c) Vurğulama.
Bu üsuldan ayrı-ayrı sözləri, ifadələri, cümlələri və ya digər məlumatları seçmək üçün istifadə olunur. Vurğulanası sözlərin, anlayışların, ifadələrin altından kodlaşdırılmış rəngli xətlər çəkmək lazımdır. Bu zaman flamasterlərdən istifadə etmək olar. Vurğulamanı digər fəal oxu üsulları ilə (adlandırma, cədvəlləşdirmə və s.) birgə aparıldıqda – mətnlə əlaqədar istiqamətləndirilmiş çalışmanın həlli şagirdlər tərəfindən müvəffəqiyyətlə həyata keçirilə bilər.
Misal:
Beş çörək
Bir kişi hər gün bazara gedib beş dənə çörək alarmış.
Bir dəfə dostlarından birinə rast gəlir. Dostu ondan soruşur:
- De görək ki, sən nə üçün beş dənə çörək alırsan?
Kişi ona belə cavab verir:
- Birini mən özüm yeyirəm, ikisini borc verirəm, ikisini də borcuma verirəm.
-Başa düşmürəm, - deyə dostu dillənir. – Bir əməlli – başlı danış ki, səni başa düşə bilim.
-Məsələ belədir. Çörəyin birini mən özüm yeyirəm, ikisini uşaqlarıma verirəm, ikisini də atamla – anama.
Göstərilən mətn şagirdlərə təqdim edilir. Şagirdlər mətnlə tanış olduqdan sonra müəllim qruplara təklif edir ki, mətndəki aparıcı (əsas mahiyyət daşıyan) sözün altından qırmızı flamasterlə, növbəti əhəmiyyətə malik sözün altından göy flamasterlə və s. xətt çəksinlər. Misal kimi təqdim edilən mətndə əsas mahiyyət daşıyan söz kimi çörəyi, növbəti əhəmiyyətə malik söz kimi kişini götürmək olar. Belə seçim qrupların problemi həll etmək qabiliyyətindən asılı olduğu üçün müxtəlif nəticələr verə bilər. Təqdimatların təhlili sonda məqsədə uyğun nəticənin alınmasına səbəb olur. Bu üsulla mətndəki nitq hissələrini, sadə və mürəkkəb cümlələri; birinci və ikinci dərəcəli cümlə üzvlərini də müəyyənləşdirmək mümkündür. Bunlar müəllimin qruplar qarşısında qoyduğu problemlərdən asılıdır. Sonda qiymətləndirmə aparılır.
ç) Adlandırma.
Şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməyə imkan verən aktiv oxu üsullarından biridir. Qrup şagirdləri proqram üzrə verilmiş mətni bir neçə dəfə oxuyur, müzakirə edirlər. Mətnin ayrı-ayrı hissələrinin (bunlar abzaslar da ola bilər) məzmununa uyğun qrup şagirdləri “ad” müəyyən edirlər. Seçdikləri adı kiçik vərəqlərə yazaraq mətnin müvafiq yerinə yapışdırırlar. Üzərində ad yazılmış vərəqcik “yarlıq” adlanır. Yarlıqların həddindən çox olması məsləhət bilinmir. Lazım olarsa mətnin məzmununa uyğun cədvəllərdən, diaqramlardan istifadə etmək və ya hazırlamağı qruplara təklif etmək olar.
Nümunəyə diqqət yetirək. IV sinifdə L.Tolstoyun “Qartal” hekayəsini qrup şagirdlərinə bir neçə dəfə oxutduqdan sonra müəllim təklif edir ki, hekayənin ayrı-ayrı hissələrinə (bu hissələr abzaslar da ola bilər), məzmununa uyğun ad qoysunlar.
Məsələn, aşağıdakı kimi:
Qartal
(L.Tolstoy)
Qartal dənizdən uzaqda, dağda uca bir
ağacda yuva qurub bala çıxardı. Odunqıranlar Qartal yuvası
gördülər ki, qartal caynaqlarında yekə bir
balıq yuvaya uçdu.
Adamlar balığı görüb, ağacı dövrəyə aldılar.
Onlar qışqırdılar, qartala daş atdılar. Balıq uğrunda mübarizə
Qartal balığı aşağı buraxdı. Adamlar balığı
götürüb getdilər.
Qartal yuvanın yanına qondu. Balalar
başlarını qaldırıb cikkildəməyə başladılar.
Onlar yemək istəyirdilər.
Qartal yuvaya enib, qanadları ilə balalarının
üstünü örtdü, sığalladı ki, bir qədər gözləsinlər. Ac qartal balaları
Balalar ucadan cikkildədilər. Qartal ağacın ən
uca budağına qondu. Balaları şikayətlə daha
bərkdən cikkildədilər.
Qartal birdən qıy çəkdi, qanadlarını
qaldırıb, ağır-ağır dənizə tərəf uçdu. Qayıdanda Balıq ovu
caynaqlarında balıq var idi. Qartal balığı
parçalayıb balalarına yedizdirdi.
d) Sorğulama.
Qrup şagirdləri onlara verilmiş mətnlə tam tanış olurlar. Hər bir qrup mətnin məzmununa uyğun suallar hazırlayır. Bu suallar digər qrup şagirdlərinə verilir. Hər bir qrup həm suallar hazırlayır, həm də onlara verilmiş suallara cavab hazırlayırlar. Bütün qruplar sual və cavabları əvvəlcədən hazırlanmış qutuya salırlar. Qrupların özlərinə məxsus qutuları olması daha məqbuldur. Müəllim qutulardan sual və cavabları çıxarır, sinif şagirdləri ilə birlikdə müzakirə edərək nəticə çıxarır. Hər bir qrup digər qrupa verəcəyi sualların cavabını bilməlidir.
Aktiv yazı üsulları
Aktiv yazı üsulları şagirdləri fəallaşdırmaqla yanaşı onların yaradıcılıq qabiliyyətinin inkişaf etməsinə səbəb olur, onlarda yazı savadı formalaşdırır. Aktiv yazı üsulları aşağıda qeyd edilənlərə görə əhəmiyyət kəsb edir:
-
Aktiv yazı şagirdlərin fənlər üzrə düşünmə qabiliyyətlərini dəqiqləşdirməyə imkan yaradır;
-
Şagirdləri öz yazılarına məsuliyyətlə yanaşmağa vadar edir;
-
Fəal yazı şagirdləri öz ideyalarını düzgün ifadə etmək istiqamətində hazırlaşdırır;
-
Gəldikləri nəticələri başqalarına çatdırmaq imkanı verir;
-
Öyrəndiyi problemlə əlaqədar şəxsi hiss və rəyini ifadə etməyə imkan verir.
Fəal yazı vasitəsilə müəllim şagirdlərin (və ya qrupların) anlayış, elmi ideyalar və s. haqqında düzgün və ya düzgün olmayan məlumata malik olub-olmadığını müəyyənləşdirmək imkanı əldə edir.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərə qruplar tərəfindən təqdimatın gedişi zamanı diqqət yetirilməlidir.
Dostları ilə paylaş: |