"Quldurlar" pyesinin 1781-ci ildə Manheymdə tamaşaya qoyulmasından sonra, Şiller hərbi tribunala verilir və ondan bir daha yazmamaq tələb olunur. Şiller 1873-cü ildə Ştutqartdan qaçır. Qaçışdan əvvəl qələmə aldığı iki pyesi — "Fiesko" və "Məkr və məhəbbət" də Manheym teatrında səhnəyə qoyulur. 1787-ci ildə oxucularından birinin dəvəti ilə qonaq qaldığı Drezden şəhərini tərk edir və 1789-cu ilə qədər Veymarda yaşayır. Həmin il Yena Universitetində tarix və fəlsəfə fakültəsinə professor təyin edilir, 1790-cı ildə isə Şarlotta fon Lengefeld adlı qadınla evlənir. Bu nigahdan Şillerin iki oğlu və iki qızı dünyaya gəlir.
1799-cu ildə yenidən Veymara qayıdaraq yerli messenatların maliyyə dəstəyi ilə bir neçə ədəbi jurnalın nəşrinə başlayır. Məhz bu illərdə Şiller Höte ilə görüşür. Onlar tezliklə sonradan Almaniyanın ən aparıcı teatrlarından birinə çevriləcək Veymar teatrını yaradırlar. Şiller ömrünün sonuna qədər Veymarda qalır ömrünün son illərini ağır və üzücü xəstəliklərlə mübarizədə keçirir və 9 may 1805-ci ildə 45 yaşında vərəm xəstəliyindən vəfat edir.
Şairin 1785-ci ildə yazdığı "Şadlığa mədhiyyə" əsərinə sonralar dahi alman bəstəkarı Lüdviq van Bethoven musiqi bəstələyir. Bu musiqi əsəri hazırda Avropa İttifaqının rəsmi himnidir. Əsərləri