Vilayət Quliyev. "Cümhuriyyət naziri: Rəşid xan Kaplanov"
Polşa tatarı, milli ordumuzun ilk Baş qərargah rəisi, general-leytenant Masey Sulkeviç haqqındakı yazımda 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin türk soylarının, eləcə də Rusiya müsəlmanlarının seçkin nümayəndələrini maqnit kimi özünə çəkdiyini yazmışdım.
Bu elə mürəkkəb bir zaman idi ki, türk dünyası böyük sınaqlarla üzləşmişdi, Bir tərəfdə yüzilliklər boyu dünyanın üç qitəsinə hökm etmiş möhtəşəm Osmanlı imperiyası çökürdü. O biri tərəfdə-Qafqazın cənubunda isə əzablar və qanlar bahasına yeni cümhuriyyət qurulurdu. Bu çətin sınaq anında dini və milli mənliyini dərk etmiş hər türk-müsəlman üçün kiçik Azərbaycanın müstəqil dövlətçilik mücadiləsi yalnız bir xalqın hürr yaşamaq istəyi deyildi. Yeni Cümhuriyyət həm də türkləri tarix və siyasət səhnəsindən sıxışdırıb çıxarmaq niyyətinə düşənlərə cavab idi.
Türklük duyğusu ilə aşılanmış, milliyyətçi ruhlu insanlar bu cavabın altında öz imzalarının olmasına can atırdılar. Ona görə də çətinlik və məhrumiyyətlərdən çəkinmədən yoxdan üçrəngli bayraq yaratmaq, hürr və çağdaş dövlət qurmaq savaşı verən Azərbaycana öz təmənnasız xidmətlərini təklif edirdilər.
Onlar hazırın naziri olmağa gəlmirdilər. Əksinə, həyatlarını ciddi təhlükə qarşısında qoyaraq “ağ” və “qırmızı” Rusiyaya, türk düşməni Ermənistana, müstəqil Azərbaycanın varlığı ilə barışmağa çətinlik çəkən İrana sinə gərmiş bir xalqa və məmləkətə dayaq durmaq istəyirdilər.
Azərbaycan Cümhuriyyətinə canla-başla xidmət edən belə türk övladlarından biri də qardaş qumuq xalqının oğlu Rəşid xan Kaplanov (1885-1937) idi.
Sayları 450 min nəfərə çatan qumuqlar Şimali Qafqazın ən böyük türk etnosu sayılır. Qumuq dili türk dilləri ailəsinin qıpçaq qrupuna aiddir. Bu dilin diqqətəlayiq yazılı nümunələrindən biri məşhur azərbaycanlı şərqşünas-alim Mirzə Kazımbəyin 1850-ci ildə Peterburqda çap etdirdiyi “Dərbəndnamə” əsəridir. Yalnız tarix deyil, həm də diqqətəlayiq bir dil abidəsi olan “Dərbəndnamə”nin müəllifi XVII əsr qumuq alimi Məhəmməd Əvvabi idi. Əsrlər boyu türk yurdu kimi şöhrət tapmış Dərbəndin tarixi bu kitabda hətta orta səviyyəli Azərbaycan oxucusunun indi də çətinlik çəkmədən başa düşəcəyi aydın və anlaşıqlı dillə şərh olunurdu.
Qafqazdakı dil və din qardaşlarımız qumuqları bizə yaxınlaşdıran tarixi qohumluq əlaqələri də mövcuddur. Sonuncu Qarabağ hökmdarı Mehdiqulu xan Cavanşirin qızı şairə Xurşud Banu Natəvan (1832-1897) Rəşid xan Kaplanovun doğulduğu Aksay kəndindən olan knyaz, rus ordusunun general-mayoru Xasay xan Usmiyevlə (1808-1866) ailə qurmuşdu. Bu nikahdan doğulan və babasının adını daşıyan Mehdiqulu xan Usmiyev (1855-1900) təkcə rus ordusunun zabiti deyil, həm də “Vəfa” təxəllüsü ilə ana dilində lirik qəzəllər yazan şair kimi məşhurlaşmışdı.
Natəvanın ailə həyatını bəzən Qafqaz canişini knyaz M.S.Vorontsovun istəyi ilə bağlanan siyasi izdivac kimi də dəyərləndirirlər. Lakin istənilən halda seçim özü maraqlı idi və müəyyən ənənələrə əsaslanırdı. Çünki şairənin babası İbrahim Xəlil xanın qanuni arvadlarından biri qumuq əsilli idi. Qarabağ xanlığının hökmdarı nüfuzlu qumuq feodallarından Əli Sultan Cenqutaylının bacısıyla evlənmişdi...
Təbii ki, bu tarixi paralellərin Rəşid xana xüsusi bir aidiyyəti yox idi. Onu Azərbaycana gətirən əsas amal dili və qanı ilə bağlı olduğu millətin müstəqil dövlətçilik savaşına öz töhfəsini vermək istəyi idi.
Bakıya gələn Rəşid xan Kaplanov tezliklə baş nazir Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi dördüncü hökumət kabinəsində maarif və dini etiqadlar naziri (14 mart 1919–12 dekabr 1919), beşinci hökumət kabinəsində isə ticarət və sənaye naziri (24 dekabr 1919–1 aprel 1920) vəzifəsində çalışmışdı.
Onun Azərbaycan hökumətində tutduğu ilk nazir postu xüsusi ilə uğurlu olmuşdu. Təkcə iki faktı xatırlatmaq kifayətdir: qısa müddətli Cümhuriyyət dönəminin diqqətəlayiq hadisələrindən olan Bakı Universitetinin açılışı, habelə yüz nəfər azərbaycanlı tələbənin ali təhsillərini tamamlamaq məqsədi ilə Rusiya, Türkiyə və Avropa universitetlərinə göndərilməsi R.Kaplanovun ölkənin maarif sahəsinə rəhbərlik etdiyi dövrə təsadüf etmişdi. Əlbəttə, bu ilk növbədə Azərbaycan hökumətinin xidməti idi. Lakin hökumətin qarşıya qoyduğu vəzifənin yüksək səviyyədə həyata keçirilməsi üçün Rəşid xan da müvafiq sahəyə rəhbərlik edən məsul dövlət məmuru kimi az iş görməmişdi.
lll
Əvvəlcə Şimali Qafqaz Dağlılar Respublikası, sonra isə Azərbaycan hökumətində yüksək vəzifələr tutana qədər Rəşid xan Kaplanov da digər həmkarları və əqidə dostları kimi hadisələrlə zəngin mürəkkəb ömür yolu keçmişdi.
Onun mənsub olduğu nəsil öz şəcərə ağacını Həzrəti Məhəmmədin əmisi Həmzədən başlayırdı. İndi bu iddianın sadəcə ailə əfsanələrinə, yoxsa müəyyən qaynaqlara əsaslandığını söyləmək çətindir. Lakin qumuqların başqa bir əsilzadə nəsli-Tarkovski şamxalları (şair-tərcüməçi Arseni Tarkovski və oğlu, məşhur “Stalker” filminin yaradıcısı Andrey Tarkovski də həmin nəsildən idi-V.Q.) ilə yaxın qohumluq əlaqələrinə malik Kaplanovların tarixini XVI yüzillikdən etibarən mötəbər sənədlər əsasında izləmək mümkündür.
Rəşid xanın atası Zabit xan Kaplanov (1838-1914) Dağıstanın iri torpaq sahiblərindən sayılırdı. Eyni zamanda Dağıstan əsilzadələrinin əksəriyyəti kimi uzun illər çar ordusunda xidmət etmişdi. Zabit xanın üç övladı vardı. Kiçik oğlu İbrahim xan Kaplanov (1887-1948) atasının yolu ilə gedərək hərbi sahəni seçmişdi. Polkovnik rütbəsinə qədər yüksəlmişdi. Dağlılar Respublikasının müstəqillik savaşı apardığı 1918-ci ildə Qumuq süvari alayının komandiri olmuşdu. Lakin Rusiya inqilabı bir sıra ailələr kimi Kaplanov qardaşlarını da ayırmışdı. Ağ ordunun tərkibində bolşeviklərə qarşı vuruşan İbrahim xan mühacirətə yollanmış, uzaq Amerikada həyatını başa vurmuşdu. Rəşid və İbrahim xanın bacısı Nəcabət xanım kabardin əsilli rus generalı T.Bekoviç-Çerkasskiyə ərə getmişdi. İnqilab onu da əri ilə birlikdə vətəndən uzaq salmış, Polşa və Almaniyaya aparıb çıxarmışdı.
Ailənin ilk övladı Rəşid xan 1885-ci ildə (bəzi mənbələr bu tarixi 1883-cü il kimi də göstərir) doğulmuşdu. Evdə özəl müəllimlərdən dərs almış, Vladiqafqaz gimnaziyasında oxumuşdu. Sonra isə təhsilini tamamlamaq üçün daha uzağa-Fransa paytaxtındakı məşhur Sorbonna universitetinə yollanmışdı.
Maraqlıdır ki, həmin dövrdə bu universitetdə XX əsrdə öz millətinin tarixində mühüm rol oynayan daha iki qumuq gənci təhsil alırdı. Onlardan biri Heydər Bammat (1890-1965), digəri isə Cəlaləddin Qorxmazov (1877-1937) idi.
Çarizmin süqutu ərəfəsində Tiflisdə, Qafqaz Canişinliyində xüsusi tapşırıqlar üzrə məmur vəzifəsində çalışan Heydər Bammat 1917-ci ildə öz seçimini etmiş, Şimali Qafqaz Dağlılar Respublikasının qurucuları sırasında yer almışdı. 1919-cu ildə Denikin hücumları nəticəsində siyasi mövcudluğunu itirən bu respublikanın xarici işlər naziri kimi Parisə, Versal Sülh konfransına yollanmışdı. Sonra isə təxminən yarım əsrə qədər çəkən mühacir həyatı yaşamışdı. Siyasi publisist kimi geniş və səmərəli fəaliyyət göstərmişdi. Berlində və Parisdə rus dilində “Kavkaz” jurnalını nəşr etmişdi. Mühacirət illərində eyni taleni yaşayan Ə.Topçubaşovun ən yaxın dostlarından, məsləkdaşlarından birinə çevrilmişdi. Təsadüfi deyil ki, Əlimərdan bəyin zəngin epistolyar irsində adı ən çox və müsbət planda çəkilən müasirlərindən biri Heydər Bammat olmuşdu.
Sorbonnada təhsil alan ikinci qumuq gənci C.Qorxmazov isə sonralar Dağıstanın ilk sovet rəhbərlərindən biri, mətin inqilabçı, ictimai-siyasi xadim və fikir adamı kimi tanınmışdı. 1917-ci ildə dağlı xalqlarının hər iki tarixi qurultayında iştirak etsə də, az sonra milli qüvvələrdən uzaqlaşmış, Temirxanşurada Dağıstan Sosialist qrupunu yaratmışdı. Qrup qarşısına Dağıstanda sosialist inqilabını hazırlayıb həyata keçirmək məqsədi qoymuşdu. C.Qorxmazov tezliklə RKP(b) Qafqaz ölkə komitəsi MK-nın üzvü seçilmiş, Müvəqqəti İnqilab şurasına rəhbərlik etməyə başlamışdı. Bolşeviklərin gəlişindən və Dağıstan MCCR-nın təşkilindən sonra (1921) muxtar respublika XKS-nın ilk sədri olmuşdu. C. Qorxmazov bolşevik rəhbərləri arasında az təsadüf edilən həqiqi intellektuallardan idi. O, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayın həmsədrlərindən olmuşdu. 1928-ci ildə yaradılan Ümumittifaq Yeni Əlifba Komitəsinin sədr müavini (sədr M.İ.Kalinin idi) kimi qurumun fəaliyyətinə rəhbərlik etmişdi. Firdovsinin 1000 illik yubileyi münasibəti ilə yaradılan Sovet Təşkilat komitəsinə (1934) sədrlik də C.Qorxmazovun üzərinə düşmüşdü. Onun dostları sırasında Jan Jores, Emil Zolya, Anatol Frans, Romen Rollan, Anri Barbüs və b. məşhurlar vardı. 1925-ci ildə C.Qorxmazovla görüşən məşhur Norveç qütb tədqiqatçısı, Nobel mükafatı laureatı Fritof Nansen yazırdı:
“Qorxmazov Mahaçqala yaxınlığındakı Kumtorqala adlı qumuq kəndindəndir. Daha çox avropalıya bənzəyir. Ziyalı sifəti və geniş alnı var. Saçları bəyaz və dalğalıdır. Onun ana dili türk-qumuq dilidir. Bu dil Dağıstanda çox geniş yayılıb. Rus dili ilə birlikdə ümumi ünsiyyət vasitəsidir. Qorxmazov çox ağıllı adamdır. Gözəl təhsil alıb. Əsas peşəsi hüquqşünaslıqdır, lakin mütaliə dairəsi həddindən artıq genişdir. İnqilabdan əvvəl uzun müddət siyasi mühacir kimi Parisdə yaşayıb”.
Parisdə Cəlaləddin Qorxmazov gənc həmvətənin həm ictimai-siyasi baxışlarının formalaşmasına, həm də şəxsi həyatına ciddi təsir göstərə bilmişdi. 1907-ci ildə o, Polşa inqilabçısının qızı, sonralar özü də inqilabi mübarizə tarixində silinməz izlər qoymuş Mariya Skakovskaya (1886-1937) ilə ailə qurmuşdu. Bəlkə də bu romantik evliliyin təsiri altında Rəşid Kaplanov da Mariyanın yaxın rəfiqəsi, yəhudi əsilli Olqa Arşon ilə evlənmişdi.
Bu xəbər 70 yaşlı atanı-knyaz Zabit Kaplanovu xeyli hiddətləndirmişdi. O, hətta oğlu ilə bütün əlaqələri kəsmək qərarına gəlmişdi. Qoca knyazı yəhudi düşmənçiliyində təqsirləndirmək doğru olmazdı. Sadəcə, köklü-köməcli bir nəsil başçısı kimi tarixi yüzilliklərlə ölçülən ailənin qan və gen yaddaşını yad təsirlərdən qorumağı özünün müqəddəs borcu sayırdı. Kaplanovlar soyunun sonrakı taleyi Zabit xanın həyəcan və əndişələrinin əbəs olmadığını göstərdi.
1910-cu ildə Sorbonna universitetində hüquq təhsilini başa vuran Rəşid xan Rusiyaya deyil, İstanbula yollanmışdı. İki il əvvəl burada gənc türklər inqilabı qələbə çalmışdı. Onun Parisdən tanıdığı “İttihad və Tərəqqi” partiyasının bir sıra üzvləri yeni hökumətdə mühüm vəzifələr tuturdular. Onlarla birlikdə üzərində düşündükləri islahatları həyata keçirmək, bütün türk-müsəlman dünyasının böyük ümidlə baxdığı yeganə türk müstəqil dövlətini mümkün qədər müasirləşdirmək, inkişaf və tərəqqiyə qovuşdurmaq imkanı yaranmışdı.
Onu İstanbula bağlayan başqa amil əmisi oğlu Əhməd Səid Kaplanovun Osmanlı paytaxtında, xüsusən də gənc türklərin liderləri arasında tanınmış simalardan biri olması idi. Əhməd Səid (1859-1920) Qafqaz canişininin mühafizə alayının zabiti, polkovnik Əbu Müslim Kaplanovun oğlu idi. Kadet korpusunu bitirdikdən sonra Rusiyada böyük perspektivləri olsa da, çox güman ki, imperiyanın türk-müsəlman xalqlara ögey münasibəti ilə barışmayaraq 1888-ci ildə Osmanlı təbəəliyini qəbul etmişdi. Qafqazın tanınmış türk ailələrindən birinin övladı kimi tezliklə Sədrəzəmin (baş nazir) şəxsi yavəri vəzifəsinə yüksəlmişdi. Sədrəzəm Qazi Əhməd Muxtar Paşa bir müddət sonra Misirə, Osmanlı sarayının ali təmsilçisi vəzifəsinə təyin olunanda Əhməd Səidi də özü ilə aparmışdı. O tezliklə öz rəisini də “gənc türklərə” rəğbətlə yanaşanların sırasına çəkə bilmişdi.
Əhməd Səid 1899-1902-ci illlərdə Qahirədə “Sancaq” (“Bayraq”) qəzetini nəşr etmişdi. Qəzet ardıcıl surətdə Osmanlı imperiyasında ümumi islahatlar aparılması və 1876-cı il Konstitusiyasının yenidən bərpasına çağırırdı. 1908-ci il inqilabından sonra Ə.S.Kaplanov İstanbula dönmüşdü. Burada yenidən mətbuat sahəsində çalışmaqla bir sırada həm də İstanbul universitetinin professoru idi.
Nəhayət, Cəlaləddin Qorxmazovla Mariya Ckakovskaya da artıq iki ildən bəri İstanbulda yaşayırdılar. Onlar Rusiyadan gələn mühacirlər üçün pansionat təşkil etmişdilər. 1909-cu ildən isə C.Qorxmazov ilk rusdilli türk mətbu orqanının-“Ctambulskie novosti” qəzetinin nəşrinə başlamışdı. Rusiyanın İstanbul səfiri N.V.Çarıxov xarici işlər naziri A.P.İzvolskiyə məktubunda redaktoru “mötədil görüşlərə malik çox istedadlı adam”, qəzeti isə “Türkiyə ilə iqtisadi və mədəni zəmində yaxınlaşmaya xidmət edən nəşr” adlandırmışdı.
Cəmi 33 sayı çıxan bu qəzet gənc türklər inqilabından sonrakı Türkiyəni rus ictimaiyyətinə tanıtmaq baxımından mühüm rol oynamışdı. Bir sıra türk ziyalıları onun səhifələrində həvəslə çıxış edirdilər. Qəzet Osmanlı-Rusiya savaşlarının təsiri altında əsrlər boyu ruslarda yaranmış türk düşmənçiliyi düşüncəsinin tədricən aradan qaldırmaq amalına xidmət edirdi. “Stambulskie novosti”nin müəllifləri sırasında Rəşid xan Kaplanov da var idi. “İttihad və Tərəqqi”də on sənə” adlı memuarların müəllifi, tanınmış türk ictimai-siyasi xadimi və publisist Mühitdin Birgenin (1885-1952) məlumatına görə həyatının İstanbul dövründə Rəşid xan rəsmi partiya orqanı sayılan “Tənin” qəzetində də yaxından iştirak etmişdi. Həm Türkiyə, həm də Rusiya və Avropa həyatına, ictimai-siyasi fikrinə yaxından bələdlik onu inqilabçı partiya ətrafına toplaşan intellektuallar arasında öncül mövqelərə çıxarmışdı.
İstanbulda yaşadığı üç il ərzində R.Kaplanov ölkənin Ədliyyə nazirliyi nəzdində fəaliyyət göstərən qanunvericilik islahatları komissiyasında çalışmış, Mülkiyyə məktəbində dövlət hüququndan, Siyasi elmlər məktəbində isə anayasa hüququndan mühazirələr oxumuşdu. İmperiyanı idarə edən Triumviratla (Tələt Paşa, Ənvər Paşa, Camal Paşa) ilə tanışlıq və əlaqələri yaranmışdı.
1913-cü ildə Rəşid xan Kaplanov atasının təkidi ilə vətənə dönmüşdü. Növbəti il Zabit xanın vəfatından sonra ailənin geniş torpaq mülkiyyətinə sahiblik hüququ onun üzərinə düşmüşdü. Rəşid xan 1913-1917-ci illərdə həm də Vladiqafqaz şəhərində andlı müvəkkil kimi məhkəmə sistemində çalışmışdı, yalnız qumuqların deyil, bütünlükdə Dağıstanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdi. Oğlu, kosmik texnologiya sahəsində S.Korolyovun yaxın silahdaşlarından biri kimi tanınan sovet alimi, professor, iki dəfə SSRİ Dövlət mükafatı laureatı Murad Kaplanov (1915-1980) da Vladiqafqaz şəhərində dünyaya göz açmışdı.
lll
Fevral inqilabı Rusiya imperiyasının digər milli ucqarları kimi Qafqazda da geniş əks-səda doğurmuşdu. Çarizmə qarşı çoxillik silahlı müqavimət ənənələri ilə tanınan dağlı xalqları inqilabın yaratdığı imkandan yararlanaraq öz dövlətlərini qurmaq əzmində idilər. Bu dəfə mübarizənin əsas ağırlığı hərbçilərin deyil, ziyalıların üzərinə düşmüşdü. Onlar yeni tarixi şəraitdə dini, etnik və dil fərqlərini aradan qaldıraraq Şimali Qafqaz və Dağıstan xalqlarını “dağlı” ideologiyası əsasında birləşdirmək istəyirdilər.
Peterburqda inqilabın əks-sədası başa çatmamış, 1917-ci il martın 5-6-da dağlı ziyalıları Vladiqafqazda bir araya gələrək Birləşmiş Dağlıların Müvəqqəti Mərkəzi Komitəsini yaratmışdılar. Quruma balkar maarifçisi və ictimai xadim Basiyat Şaxanov rəhbərlik edirdi. Müvəqqəti MK rus inqilabının açdığı imkanlardan istifadə edərək Qafqaz dağlılarının maraq və mənafelərini qoruyan bir qurum kimi geniş siyasi, idarəçilik və maarifçilik fəaliyyəti aparmağı planlaşdırırdı.
1917-il 1(14)-8(21) may tarixlərində Vladiqafqaz şəhərində özünün ilk qurultayına toplanan Birləşmiş Dağlıların Müvəqqəti MK-sı Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı kimi formalaşdı. Həmin ilin sentyabrında keçirilən növbəti qurultayda Abxaziyanın da İttifaqa qoşulması nəticəsində sonra qurum Şimali Qafqaz, Dağıstan və Abxaziya İttifaqı kimi tanınmağa başladı.
Birinci qurultaya müxtəlif Şimali Qafqaz və Dağıstan xalqlarının 340 nəfər nümayəndəsi qatılmışdı. Qurultayda Azərbaycanı tanınmış ictimai-siyasi xadim, Parlamentin gələcək başçısı doktor Həsən bəy Ağayev təmsil edirdi. Bu da yeni siyasi reallıq şəraitində dağlıların, eləcə də Rusiyanın digər türk-müsəlman xalqlarının Azərbaycanı özlərinin təbii müttəfiqi saymaları ilə əlaqədar idi. Yeri gəlmişkən, ilk dağlı qurultayının işinin maliyyələşdirilməsində Bakı milyonçuları H.Z.Tağıyev, M.Muxtarov (onun xanımı osetin əsilli idi-V.Q.) və Ş.Əsədullayev yaxından iştirak etmişdilər. Azərbaycan hələ milli dövlətçilik yolunda nəzərə çarpan addım atmasa da, H. Ağayev öz təbrik nitqində dağlıları müstəqil dövlətçilik forması kimi respublika quruluşunu tərcih etməyə çağıraraq demişdi:
“Yalnız milli-ərazi prinsipinə əsaslanan demokratik respublika islam dininə sitayiş kimi şərəf və xoşbəxtliyə nail olmuş xalqların milli-siyasi inkişafını ən uğurlu bir şəkildə təmin edə bilər. Yalnız belə bir respublika quruluşu şəraitində tam milli, mədəni və siyasi tərəqqi əldə oluna bilər. Yalnız belə olduqda islam bir zamanlar nuru ilə bütün Avropanı işıqlandırdığı, son dövrlərdə isə məhrum edildiyi dəyərləri yenidən bəşəriyyət xəzinəsinə bəxş edə bilər”.
Rəşid xan Kaplanov həmin qurultayın işində “qumuqların, qaranoqayların və Stavropol quberniyası türkmənlərinin” nümayəndəsi kimi iştirak edirdi. Amma təbii ki, çıxışları sadəcə belə dar milli dairə ilə məhdudlaşmamışdı. Əksinə, qurultayda yalnız dil deyil, din fərqlərini də aradan qaldırmağa çalışan “dağlı” ideologiyasının əsas müəlliflərindən biri R.Kaplanov idi. Onun haqlı qənaətinə görə islam dini faktorunun qabarıqlaşdırılması əhalisinin yarısı müsəlman, digər yarısı isə xristian olan Osetiyanın Şimali Qafqaz dağlıları ittifaqında özünə problemsiz yer tapmaq məsələsinə maneə törədə bilərdi. Məhz yüksək siyasi taktına və mütərəqqi baxışlarına görə çoxmillətli mühitdə xüsusilə həssas və ağrılı mövzuya çevrilən təşkilati məsələlərlə bağlı əsas məruzə də Rəşid xanın üzərinə düşmüşdü. M.Əbdülqədirov (Balkariya) torpaq məsələsinə, Ə.Əfəndiyev (Dağıstan) dini islahatlara, S.Qabiyev (Dargin) məktəb və təhsil məsələləri ilə bağlı qurultay iştirakçıları qarşısında çıxış etmişdilər.
Mayın 5 (18)-də qurultay R.Kaplanovun məruzəsi ətrafında müzakirələri başa çatdıraraq Dağlılar İttifaqının yaradılması haqqında qərar qəbul etmiş və İttifaqın idarə şəkli ilə bağlı irəli sürdüyü layihəni bəyənmişdi. Mayın 7(20)-də qəbul olunan Dağlılar İttifaqının Konstitusiyası, siyasi platforması və proqramı kimi mühüm sənədlər də R.Kaplanov tərəfindən, yaxud onun rəhbərliyi altında hazırlanmışdı.
1917-1920-ci illərdə Şimali Qafqaz və Dağıstanda biri-birinə müvazi şəkildə dörd hökumət fəaliyyət göstərmişdi. Bunlar Terek-Dağıstan hökuməti, Çeçenistan və Dağıstanın Dağlı hökuməti, Şimali Qafqaz Əmirliyi (Çeçenistan) və Şimali Qafqaz imamlığı (Dağıstan və Çeçenistanın bəzi hissələri) idi. Rəşid xan Kaplanov 1917-ci il dekabrın 14-də 1918-ci il martın 8-nə qədər Terek-Dağıstan hökumətinin sədri olmuş, eyni zamanda xarici əlaqələr sahəsin nəzarət etmişdi.
“Qafqaz mayı” kimi məşhurlaşan 1918-ci il mayın 11-də Birləşmiş Dağlılar İttifaqının MK-sı üç Cənubi Qafqaz respublikasını qabaqlayaraq Şimali Qafqaz Dağlıları Respublikasının yarandığını bəyan etdi. Respublika öz qarşısına regiondakı qüvvələri birləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədi qoymuşdu. Rəşid Kaplanovun da qumuq xalqının təmsilçisi kimi qatıldığı bu hökumətin başında çeçen milyonçusu Əbdülməcid (Tapa) Çermoyev dayanırdı. Yardım üçün Almaniyaya və Osmanlı imperiyasına müraciət olunmuşdu. Real maddi və mənəvi yardım isə mayın 28-də öz dövlət müstəqilliyini elan edən Azərbaycan Cümhuriyyətindən gəlmişdi.
Rəşid xan Kaplanov 1919-cu ilin yanvarında Xasavyurd dairəsindən 27 nəfərdən ibarət Dağlı Parlamentinə üzv seçilmişdi. 1918-ci il dekabrın 12-dən isə Pşemaxo Kotsevin rəhbərlik etdiyi Dağlı hökumətində daxili işlər naziri vəzifəsini tuturdu. Yeri gəlmişkən həmin hökumətdə xalq maarifi naziri Azərbaycan əsilli pedaqoq və ictimai xadim Nurməhəmməd Şahsuvarov (1885-1948) idi. Bütün Şimali Qafqazı bürümüş xaos və anarxiya şəraitində vəziyyətə nəzarət edə bilməyən Kotsev hökuməti 1919-cu il martın 5-də tam tərkibdə istefaya getdi. R.Kaplanovun rəhbərliyi ilə yeni hökumət kabinəsi formalaşdırmaq niyyəti də baş tutmadı. O, “ağ Rusiya” və Denikinlə əməkdaşlıq yolunun tutulmasında, Dağıstanın yenidən rus süngülərinin nəzarəti altına keçməsində hər hansı şəkildə iştirak etmək istəmirdi. P.Kotsevin ikinci hökuməti yalnız ay yarım duruş gətirə bildi. 1919-cu ilin mayında Dağıstanı ələ keçirən Denikin hakimiyyəti çar generalı Mustafa Xəlilova verdi.
Lakin Rəşid xan uzun müddət işsiz qalmadı. Azərbaycan Cümhuriyyəti rəhbərliyinin dəvəti ilə Bakıya gəldi. P.Kotsev hökumətinin süqutundan doqquz gün sonra, martın 14-də Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi dördüncü hökumət kabinəsində xalq maarifi və dini etiqadlar naziri oldu. Eyni zamanda “Əhrar” partiyasının üzvü kimi ölkənin siyasi həyatında yaxından iştirak etməyə başladı. Milli dövlətin mövcudluğunun ilk günlərindən ordu quruculuğu qədər prioritet istiqamət sayılan xalq maarifi sahəsinin R.Kaplanova etibar edilməsi rəsmi dairələrdə ona bəslənən inam və etibardan xəbər verir. Təsadüfi deyil ki, yeni təyinata qədər bu sahəyə Azərbaycan hökumətinin ən təmiz, bəlkə də idealist ruhlu dövlət məmurlarından olan baş nazir N.Yusifbəyli özü rəhbərlik etmişdi.
Təhsilə verilən əhəmiyyətə gəldikdə isə, 1918-ci il dekabrın 26-da üçüncü hökumət kabinəsinin rəhbəri kimi Parlament qarşısında çıxış edən baş nazir Fətəli xan Xoyski onu yeni hökumətin ən mühüm fəaliyyət sahələrindən biri adlandırmışdı: “Burada Xalq Təhsili Nazirliyi haqqında bir neçə söz demək istəyirəm. Bu nazirlik dövlətin və ictimai həyatın bünövrəsini təşkil edən bir qurumdur. Sizinlə ünsiyyət zamanı üzləşdiyim çətinliklər ana dilini bilməməyin necə kədərli nəticələrə gətirib çıxardığını aydın göstərir. Özümüzə məqbul saymadığımız vəziyyəti başqa nillətlərə də rəva görməməliyik. Hər kəsin öz ana dilində təhsil almaq haqqı vardır”.
Dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni gözlə baxan Azərbaycan hökuməti mövcudluğunun ilk günlərindən təhsil şəbəkəsini daha da inkişaf etdirmək və genişləndirmək, yeni təhsil ocaqları yaratmaq, xaricdən, ilk növbədə Türkiyədən müəllim və dərsliklər gətirməklə bir sırada ali məktəb-universitet açmaq barəsində də düşünürdü.
Belə bir imkan hökumətin siyasi və maliyyə vəziyyətinin nisbətən stabil şəkil aldığı 1919-cu ildə yarandı. Şübhəsiz, digər amillərlə yanaşı Xalq Təhsili Nazirliyinin prinsipial mövqeyi də niyyətin reallaşmasında mühüm rol oynamışdı.
Bakı Universitetinin təşkili ilə bağlı məsələ ilk dəfə Parlamentin gündəliyinə 1919-cu il avqust ayının 21-də çıxarılmışdı. Maraqlı və simptomatik haldır ki, həmin gün iclasın sədri bütün həyatını Azərbaycan təhsilinin inkişafına həsr etmiş görkəmli maarif xadimi Sultan Məcid Qənizadə idi. Məsələ ilə bağlı məruzə isə görkəmli publisist və ictimai xadim Mehdi bəy Hacınskiyə həvalə olunmuşdu.
Təbii ki, məsələ ali qanunverici orqanın müzakirəsinə çıxarılana qədər bir sıra mərhələlərdən keçmişdi. Maarif Nazirliyi universitetin 72 maddədən ibarət nizamnaməsini hazırlayıb hökumətə təqdim etmişdi. Hökumət öz növbəsində Bakıda universitet ideyasının tərəfdarlarından biri, professor Razumovskinin sədrliyi ilə komissiya yaratmışdı. Komissiyanın tərkibinə daha iki professor, habelə Bakı şəhər bələdiyyəsinin, Neft Şurasının və Maarif Nazirliyinin nümayəndələri daxil idilər. Öz növbəsində işin əsas ağırlığı sonuncu qurumun üzərinə düşmüşdü.
Universitet təsisi ilə bağlı parlamentdə fikirlər haçalanmışdı. “İttihad” və “Əhrar” fraksiyalarının bəzi deputatları hətta məsələnin gündəliyə salınmasına etiraz etmişdilər. Onlar prinsip etibarı ilə belə bir ali təhsil müəssisəsinin təşkilinə qarşı çıxmasalar da, ölkədə ilk növbədə ibtidai və orta təhsil şəbəkəsi yaratmaq, ana dilində oxumağa və tədris etməyə qadir kontingent formalaşdırmaq və yalnız bundan sonra universitet açmaq fikrinə tərəfdar çıxırdılar. Narahatçılıq doğuran başqa bir həssas məqam Rusiya əsarətindən yenicə xilas olmuş Azərbaycanın ilk universitetinin rus alimləri tərəfindən və rus dilində açılması idi.
Yalnız M.Ə.Rəsulzadənin işə qarışması və elmin beynəlmilləlliyi fikrini qüvvətli dəlillərlə, o cümlədən, Peyğəmbərin kəlamları ilə əsaslandırması nəticəsində məsələ Parlamentin 21 avqust iclasının gündəliyindən çıxarılmamışdı. Həmin iclasda deputatlardan S.Kravçenko (Vasili ata, “Slavyan-Rus cəmiyyəti”), Q.Qarabəyov (“İttihad”), Y.Əhmədov (Bitərəflər), S.Vonsoviç (“Milli azlıqlar”), A.Əfəndizadə (“Əhrar”), S.Ağamalıoğlu (“Hümmət”), Ə.Qarayev (“Hümmət”), M.Mixaylov (“Slavyan-Rus cəmiyyəti”), M.Mahmudov (“Müsavat”) müzakirələrdə çıxış edərək universitet təsisi ilə bağlı fikirlərinin bölüşmüşdülər.
İclasda iştirak edən xalq maarifi naziri R.Kaplanov millət vəkillərinin mülahizə və təkliflərinə öz münasibətini bildirmişdi. Nazirin çıxışı onun məsələyə kifayət qədər dərindən bələd olduğunu, ilk gündən başlayaraq universitet ideyasının qızğın tərəfdarlarından biri kimi tanındığını göstərirdi.
“Biz darülfünun açılması üçün gec davrandıq və çox vaxt qeyb etdik. Əgər biz Qarabəyin (Q.Qarabəyov-“İttihad” fraksiyasının rəhbəri-V.Q.) təklifini qəbul edər, layihəni bərayi-tədqiq fraksiyalara göndərərsək vaxt qayıb olacaq, əmin olun ki, darülfünun bu sənə açılmayacağı kimi gələcək sənə də açılmayacaqdır”- deyə sözünə başlayan R.Kaplanovun qətiyyəti ilk Universitetinin Azərbaycan Cümhuriyyəti dövründə aşılmasında, onun adı ilə bağlanmasında mühüm rol oynamışdı.
O, universitetin məqsəd və vəzifələrinə də kifayət qədər mühüm meyarlarla yanaşırdı. Xalq maarifi nazirinin təsəvvüründə universitet sadəcə mütəxəssis hazırlığı mərkəzi deyil, elm və mədəniyyət mərkəzi, millətin, onun iradəsinin və intellektual gücünün simvollarından biri kimi ortaya çıxmalı idi: “Biz darülfünunu yalnız açıqda qalmış bir kaç müəllimi, bir kaç tələbəni hazırlamaq üçün açmayırıq. Bilirsiniz ki, hər bir mədəni millət və qövm darülfünun haqqındakı fədakarlıqdan çəkinməz. Bu mühüm və müqəddəs vəzifəni şayani-şərait təhtində (müvafiq şərait yarandıqda-V.Q.) qəbul və ifa edir. Və yenə də məmləkətimiz daxilində açılacaq olan darülfünun mövcudiyyəti ilə biz vətənimizi daha başqa bir surətdə Avropaya göstərəcək və hürr yaşamağa layiq bir millət olduğumuzu da bu surətlə ədd və isbat eədəcyik”.
R.Kaplanovun fikrincə, universitet yeni, hürr və müstəqil Azərbaycanın mədəni dünyaya göndərdiyi mühüm mesajlardan biri olmalı idi. “Biz məsələni dövlətin mənafeyi nöqteyi-nəzərindən tədqiq və mülahizə etməliyik,-deyə o, universitetin sadəcə müəllim, yaxud həkim hazırlığı üçün açıldığını düşünən millət vəkillərinin fikri ilə razılaşmayaraq əlavə edirdi: –Biz cahana elan edirik ki, hürr yaşamağa haqlı müstəqil bir millətik. Bunu yalnız elanımız kafi deyildir. Təzahürati-milliyyəmizi daha ziyadə təhqiq etmək və onu gələcəyə hazırlamaq lazımdır. Biz millətin ruhunu bu surətlə yüksəldərsək, əmin olalım ki, istiqbalda bütün fənalıqların önünü almış və millətimizi sahili-səlamətə sövq ilə fəlakətdən və fənalıqlardan qurtarmış oluruq”. Onun fikrincə, universitet yalnız tədris deyil, daha çox milli-mənəvi mərkəzi kimi fəaliyyət göstərməli, buradakı elmi personal Azərbaycanı öz qədim tarixi, mədəniyyəti, zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyaya tanıtmalı idi.
Məhz bu səbəbdən də xalq maarifi naziri kimi Rəşid xan Kaplanov hələlik xaricə tələbə göndərmək, universitet təşkilini isə daha müsaid vaxta saxlamaq təklifi ilə razılaşmırdı. Onun fikrincə, bu ilk növbədə maliyyə baxımından özünü doğrultmurdu: “Yaxında Avropaya bərayi-təhsilə göndərilən yüz əfəndinin bir sənəlik xərcinin nə qədər böyük yekun tutduğunu görəcəksiniz”-deyə universitet təsisi üçün 5 milyon manat ayrılmasına tərəddüd edən millət vəkillərini ayıq salmağa çalışırdı. Nazir bu ideyaya əks çıxmasa da, eyni məbləğə Bakı universitetində üç yüz tələbənin təhsil almaq imkanı qazanacağını da unutmamağı xahiş edirdi.
Rəşid xan Kaplanov kifayət qədər realict idi. Berlin, yaxud Paris universitetinin verdiyi təhsillə, həmin şəhərlərin elmi-mədəni mühiti ilə Bakı universitetinin imkanlarının bir olmayacağını yaxşı başa düşürdü. Lakin nəyin bahasına olursa olsun, ilk addımı atmaq, universiteti açmaq lazım idi: “Darülfünunumuz olursa, bütün istəyimiz və diləyimiz hasil olur. Bu darülfünun rus və qeyri lisanda olsun, əgər layiqli professorlar təhti-idarəsində olsa, bizim dövlətimizə xidmət edəcək!”
“Yoxdan bir bayraq yaradanlar” bütün başqa ciddi təşəbbüslər kimi universitet təsisinə də əslində quru yerdə başladıqlarının fərqində idilər. Lakin onlar qurmaq istədikləri halal və demokratik sistem nəticəsində bütün digər müsbət başlanğıclar kimi universitet ideyasının da uğuruna inanırdılar: “Boylə darülfünunu açdıqdan sonra get-gedə bizim tələbələrimiz çoxalacaq və 5-6 sənə təhsil dəvamından sonra bizim də icab edilən alimlərimiz mükəmməl surətdə oradan çıxacaqdır və bəlkə də professorlarımız da kəndimizdən olacaqdır”- deyə hətta universitet məsələsinin Parlament gündəliyinə salınmasının tərəddüd doğurduğu 21 avqust 1919-cu ildə Rəşid xan Kaplanov gələcəyə belə qəti ümidlə baxırdı.
O, Azərbaycan türklərinin təbiət etibarı ilə nəcibliyinə, humanizm və xeyirxahlığına, ürək genişliyinə inanırdı. Odur ki, rus professorların rus dilində təhsil verəcəkləri universitetdə “xristian tələbələr əksəriyyət ilə bizim tələbələrin əqəliyyətinə qalib gələcəklər”-tipli fikirlərə etirazını bildirirdi: “Mən də deyirəm iki-üç sənədən sonra bizim tələbələrimiz əksəriyyət kəsb edəcəklər. Mən zənn edirəm ki, biz türklərə bu kimi mülahizat ilə hissiyyata tabe olmaq lazım deyil. Əgər biz böyük qövm isək alicənabanə bir tərzdə kəndimiz üçün istədiyimiz və kəndimiz malik olduğumuz hüququ başqalarına da bəxş etməliyik”.
Universiteti qutsal ibadətgahlarla bir tutan R.Kaplanov müzakirələrin ilk günündəki çıxışını aşağıdakı sözlərlə bitirmişdi: “Biz müsəlmanlar məscidin müqəddəs yer olduğunu nəzərə alaraq ora daxil olanda ayaqqabılarımızı soyunuruq. İstərdim ki, darülfünuna da eyni münasibət bəslənilsin. Yəni bu elm məbədinə girərkən mülahizəti-şəxsiyyə, siyasiyyə və firqə nizalarını unudaraq girməlidir. Əminəm ki, bu darülfünunə istiqbali-milliyyəmizi (millətimizin gələcəyini-V.Q.) təmin edici bir məbədi-elm məzəri ilə baxacağıq”.
Bakı Universitetinin təşkili ilə bağlı müzakirələr Parlamentin 25 avqust, 28 avqust, 1 sentyabr, 18 sentyabr 1919-cu il tarixli iclaslarında da müzakirə edilmiş, qanun layihəsi ikinci və üçüncü oxunuşdan keçirilərək qəbul olunmuşdu. Həmin iclaslarda daha çox təşkilati-texniki məsələlər – universitet üçün bina və avadanlıqlar əldə edilməsi, ilkin büdcənin müəyyənləşdirilməsi, dekan və rektor seçkisi, təhsil ocağının muxtariyyət statusu və s. müzakirəyə çıxarılmışdı. R.Kaplanov təhsil naziri kimi Parlament müzakirələrinin bu hissəsində də yaxından iştirak etmiş, problemlərlə bağlı öz münasibətini bildirmiş, həll yollarını göstərmişdi.
O dövr Bakısındakı iki ən münasib tikilinin – Bakı Kommersiya Məktəbi (indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universiteti) və Birinci Gimnaziya (indiki İqtisad Universiteti) binalarının Bakı Universitet üçün ayrılmasında nazir R.Kaplanovun sona qədər dirəniş göstərməsi mühüm rol oynamışdı. Universitetin ilkin maliyyələşdirilməsində tərəddüd keçirən bir sıra Parlament üzvlərini inandırmaq baxımından da onun əsaslı təhlil və dəlilləri yerinə düşmüşdü. Nəticədə ilkin mərhələ üçün 5 milyon manatlıq büdcə formalaşdırmaq mümkün olmuşdu. Həm də smeta hələ universitet nizamnaməsindən əvvəl qəbul edilmişdi.
Bakı Universiteti başdan-başa qeyri-türk professuranın nəzarətində olsa da, Parlament ilk ali məktəbə muxtar özünüidarə statusu verməkdən çəkinməmişdi. R.Kaplanov yalnız bir məsələyə-tələbələrin rektor seçkisində iştirakına öz etirazını bildirmişdi. Dövrün şərtlərini, tələbə gəncliyin sosialist ideyalara böyük rəğbətini, hər yerdə “bütləri sındırmaq” əhvali-ruhiyyəsinin mövcudluğu nəzərə alınarsa, bu tamamilə təbii və anlaşıqlı yanaşma tərzi idi. Təsadüfi deyil ki, həmin məsələdə M.Ə.Rəsulzadə və Rəşid xan Kaplanovun opponenti bolşevik Ə.Qarayev idi...
Əlbəttə, R.Kaplanovun Parlamentdəki çıxışlarından gətirdiyim bu sitatlar ilk universitetimizin yaradılması ideyasını yalnız onun adı və fəaliyyəti ilə bağlamaq təsəvvürü yaratmamalıdır. Universitet Azərbaycanın qabaqcıl oğullarının kollegial iradəsinin və istəyinin bəhrəsi idi. Təsadüfi deyil ki, ilk rektor V.İ.Razumovski 25 avqust 1919-cu il tarixli iclasda Parlament üzvləri qarşısındakı çıxışında bu cəhətə diqqət yetirərək demişdi: “Gördüyünüz böyük tarixi iş həqiqətən də çox diqqətli yanaşma tələb edir. Xoşbəxtəm ki, burada partiyaların hamısının son dərəcə vicdanlı münasibətinə şahid oluram. Tək Azərbaycan deyil, bütün müsəlman dünyası üçün böyük tarixi hadisənin baş verdiyi bu anlarda Parlament üzvləri ilə birlikdə ictimaiyyətin təmsilçilərini də burada görmək məni hədsiz sevindirir”. Vətəndaşların öz evlərindən hələ mövcud olmayan universitet kitabxanası üçün kitab gətirmələrini də professor Razumovski Azərbaycan xalqının elm və təhsil təşnəliyi ilə izah edirdi.
Bir sözlə, ilk universitetimizin təsisi Azərbaycan ictimai-mədəni fikrinin və Azərbaycan dostlarının əlbir səylərinin bəhrəsi idi. Qardaş qumuq xalqının oğlu Rəşid Kaplanovun da bu sıraya qoşulması bəlkə də onun lazımi məqamda lazımi yerdə olması ilə izah edilə bilər. Amma insanlar belə məqama xoşbəxt təsadüf yox, bütün həyatları boyu çəkdikləri zəhmət bahasına gəlib çıxırlar. Düşünürəm ki, universitet açmaq xoşbəxtliyi qazanan Rəşid xan da bu mənada istisna təşkil etmirdi. 1919-cu ilin noyabrında müsəlman Şərqinin ilk Avropa tipli universiteti kimi öz qapılarını çoxmillətli müəllim-tələbə kontingentinin üzünə açan Bakı Universitetinin ideyadan gerçəyə çevrilməsində onun da xidmətləri vardı.
Çox ehtimal ki, 1919-cu ildə Azərbaycan hökumətinin dəvəti ilə türk müəllimlərinin ilk dəstəsinin Bakıya gəlməsində də maarif naziri R.Kaplanovun keçmiş əlaqələrinin müəyyən təsiri olmuşdu. 1919-1921-ci illərdə Şəkidə müəllimlik etmiş gələcəyin görkəmli türk tarixçisi və ictimai xadim Şövkət Sürəyya Aydəmir özünün “Suyu arayan adam” adlı xatirələrində “Dağıstan sultanı” kimi təqdim etdiyi Rəşid xanla görüşündən ayrıca söz açmışdı...
*****
Hökumətin tam tərkibdə istefası ilə əlaqədar R.Kaplanov 1920-ci il aprelin 1-də ticarət və sənaye naziri vəzifəsindən getmişdi. Yeni kabinədə təmsil olunub-olunmayacağını bilmirdi. Lakin Bakını tərk etməmişdi. Görünür, gələcək həyatını ona bu qədər etibar və etimad göstərmiş Azərbaycandan kənarda təsəvvürə gətirmirdi.
Bolşevik işğalından sonra əksər əqidə dostları kimi o da təqiblərə məruz qalmışdı. Yeni ideologiya və hakimiyyət nöqteyi-nəzərindən aristokrat ailəsinə mənsubluğu, Fransada-Sorbonnada təhsil alması, Türkiyədə “İttihad və Tərəqqi” partiyasının öndərləri ilə əlaqələri, Dağlılar Respublikası və Azərbaycan Cümhuriyyəti hökumətində mühüm vəzifələr tutması kimi faktların hər biri ayrı-ayrılıqda ən ağır cəza üçün yetərincə əsas verirdi.
Belə şəraitdə XI Qırmızı ordu siyasi şöbəsinin milli hökumət təmsilçiləri arasında keçirdiyi həbslər dalğası ondan da yan keçməmişdi.
Tiflisdə keçmiş Dağlılar Respublikasının mətbu orqanı kimi çıxan “Azad dağlı” (“Volğnıy qoreü”) qəzeti 1920-ci il 1 iyul tarixli sayında Bakı şəhərinin rəisi (qradonaçalnik) rotmistr Qudi Qudiyevin və Terek-Dağıstan hökumətinin keçmiş başçısı Rəşid xan Kaplanovun iyunun 28-də Bakıda həbs edildiklərini yazırdı.
Burada adı çəkilən Qudi Əmiyeviç Qudiyev (1880-1920) milliyyətcə inquş idi. Rus-yapon və Birinci Dünya müharibəsi cəbhələrində şəxsi şücaəti ilə fərqlənmişdi. Port-Artur qəhrəmanları Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski onu yaxşı tanıdıqlarından paytaxta qayda-qanun yaradılması kimi mühüm bir işin çar ordusunun keçmiş rotmistrinə tapşırılmasına zəmanət vermişdilər.
Eyni qəzet sentyabrın 6-da həbs olunanların ikisinin də güllələndikləri haqda xəbər yaymışdı. Xəbər müəyyən dərəcədə həqiqətə uyğun idi. Q.Qudiyev həqiqətən də tələm-tələsik keçirilən məhkəmədə bolşevik Əli Bayramovun qətlində və özünü suçlu bilmədiyi digər cinayətlərdə ittiham edilərək güllələnmişdi. R. Kaplanov isə ilk qarşılaşmada bolşeviklərin cəngindən xilas ola bilmişdi.
Rəşid xanı 1908-ci ildən, İstanbuldan yaxşı tanıyan, 1921-ci ilin qışında Moskvada təxminən iki ay müddətində onunla birlikdə eyni mənzildə yaşayan türk siyasətçisi və publisist Mühitdin Birgən dostunun həbsi və xilası ilə bağlı fərqli versiya səsləndirirdi. M.Birgenin yazdığına görə Stalin 1920-ci ilin iyulunda təkcə M.Ə.Rəsulzadəni deyil, əvvəldən tanıdığı R.Kaplanovu da Bayıl həbsxanasından çıxarıb özü ilə birlikdə Moskvaya gətirmiş, burada RSFSR Xalq Maarif Komissarlığında işlə təmin etmişdi.
Türk publisistinin “İttihad və Tərəqqidə on sənə” adlı memuarlarında oxuyuruq: “Rastlaşdığım şəxs Dağıstan xanlarından Rəşid Kaplanov idi. İstanbulda təhsil alan, bir ara “Tənin” qəzetində çalışan Rəşid Kaplanov çox səmimi, elm sahibi, ağıllı və söhbətcil adam kimi tanınırdı. Siyasi görüşləri baxımından sosial-demokrat idi. Bir müddət Şimali Qafqazda qurulan qısa ömürlü cümhuriyyətin baş naziri, sonra Azərbaycanın maliyyə naziri olmuşdu. Bakının işğalı zamanı haqq-hesab çəkilmək üçün həbsxanaya salınmışdı. Müsavat lideri Rəsulzadə Əmin də eyni vəziyyətdə imiş. O arada Bakıya gələn Stalin vəziyyəti araşdırdığı zaman 1905-ci ildə hər ikisi ilə həbsxana yoldaşı olduğu bu şəxsləri ölümdən qurtarıb özü ilə Moskvaya gətirmiş, orada işlə təmin etmişdi”.
Memuar müəllifinin bu versiyanı R.Kaplanovun öz dilindən eşidilməsi istisna edilməməlidir. Hər halda belə ciddi məlumat sadəcə Mühitdin Birgenin fantaziyasının məhsulu ola bilməzdi. Üstəlik də türk müəllif Moskvada təkcə Rəşid Kaplanovla deyil, Məmməd Əminlə də ünsiyyət saxlayırdı. Yəni məlumatın dəqiqliyini yoxlamaq imkanına malik idi.
Lakin Birinci rus inqilabı zamanı Rəşid Kaplanovun Rusiyada, üstəlik də Bakıda olması (həmin dövrdə o, Sorbonna universitetində təhsil alırdı) və inqilabçılarla əməkdaşlığı haqqında məlumatların yoxluğu bu versiyaya tam inamla yanaşmağa imkan vermir.
Bir sıra Dağıstan mənbələri isə cümhuriyyət nazirinin həbsdən xilas olmasını Cəlaləddin Qorxmazov və Nəriman Nərimanovun adı ilə bağlayırlar.
1919-cu ildə Azərbaycan təhlükəsizlik orqanları C.Qorxmazovu Bakıda həbs etmişdilər. O, bolşeviklərlə iş birliyində günahlandırılırdı. Ürəyiyumşaq Azərbaycan hökuməti belə məsələlərə görə heç kimi ağır cəzalandırmasa da (hətta əks-kəşfiyyatın əməkdaşı Lavrenti Beriya bu münasibətlə öz rəisi M.Şeyxzamanova etirazını bildirmiş, yersiz humanistliyin ölkənin müstəqilliyinə ciddi təhlükə törətdiyini söyləmişdi. Və sonralar “yad fikirlilərlə” nə cür mübarizə aparmaq lazım olduğunu əyani surətdə göstərmişdi) Rəşid xan dostunun yardımına tələsmişdi. Həmin dövrdə Bakı möhkəmləndirilmiş hərbi rayonunun rəisi vəzifəsini yerinə yetirən çərkəz əsilli general Murad Gəray Tlexasın (1874-1920) yardımı ilə C.Qorxmazovu həbsdən çıxarmaq və Dağıstana göndərmək mümkün olmuşdu.
1920-ci ilin yayında R.Kaplanov XI Qırmızı ordu siyasi idarəsi tərəfindən Bakıda həbs olunanda Dağıstan İnqilab Komitəsinin sədri C.Qorxmazov “borclu borclunun sağlığını istər” prinsipi ilə hərəkət edərək dost və eloğlusuna yardım əli uzatmışdı. Onun Azərbaycan XKS sədri N.Nərimanova, habelə Qafqaz Hərbi-İnqilab Komitəsinin üzvü S.Orconikidze və Azərbaycan MİK sədri İ.Naneyşviliyə müraciətləri faydasız qalmamışdı. Xüsusən N.Nərimanovun prinsipiallığı nəticəsində tezliklə keçmiş naziri həbsdən azad etmək mümkün olmuşdu.
Bəlkə bütün bu işlər Stalinin Bakıda olduğu dövrə təsadüf etdiyindən Rəşid xanın azadlığa çıxmasında onun da müəyyən rol oynaması təəssüratı yaranmışdı.
R.Kaplanovun 1921-ci ildə Buynakskda yenidən həbsə düşməsi də onun Stalinin diqqətində olmadığını göstərir. İkinci həbs daha çox xəbərdarlıq xarakteri daşıyırdı. Çünki onu ilk dəfə Bakıda bolşevik məhbəsindən azadlığa buraxan zaman qarşısına qoyulan əsas şərt Qafqazı həmişəlik tərk etmək tələbi olmuşdu.
Məcburi surətdə Moskvaya döndükdən sonra Rəşid xan Kaplanov yenidən on il əvvəlki həyatına qayıtmış, türk stixiyasına düşmüşdü. Həmin dövrdə “İttihad və Tərəqqi” hökumətinin aparıcı simalarından olan keçmiş hərbi nazir Ənvər Paşa Moskvada idi. Leninlə görüşən Ənvər Paşa bolşevik inqilabı ideyalarını Şərqdə, ilk növbədə Əfqanıstan və Hindistanda yaymaq təklifi almışdı. Bu məqsədlə əsas qərargahı Moskvada olmaq şərti ilə İnqilab Cəmiyyətləri Birliyi adlı beynəlxalq cəmiyyət qurulmuşdu. Rəsmi dairələrdə Əli bəy adı ilə tanınan Ənvər Paşaya Kremlin yaxınlığında, Moskva çayının sahilində dəbdəbəli iqamətgah ayrılmışdı. Özünə və əməkdaşlarına hər cür şərait yaradılmışdı. R. Kaplanovu hələ 1908-ci ildən tanıyan Ənvər Paşa Rusiyanın hökumət dairələri ilə daha etibarlı əlaqə saxlamaq üçün onu öz yanına dəvət etmişdi. Təbii ki, yaradılan şərait müqabilində bolşeviklərin də tələblər vardı. Onlar Ənvər Paşanın islam dünyasındakı nüfuzundan istifadə edərək Əfqanıstan və Hindistan müsəlmanlarını Britaniyaya qarşı mübarizəyə qaldırmaq və bu yolla da Sovet Rusiyasına basqıları zəiflətmək istəyirdilər.
Ənvər Paşa isə öz növbəsində bolşeviklərə göstərəcəyi xidmət müqabilində onların yardımı ilə yenidən Türkiyədə hakimiyyətə qayıtmaq barəsində düşünürdü. Sovet liderləri isə Mustafa Kamal Paşanın rəhbərliyi ilə günü-gündən genişlənən Qurtuluş Savaşına loyal münasibət bəsləməklə yanaşı ehtiyat variant kimi Ənvər Paşanı da əldə saxlamaq istəyirdilər. Və burada, yuxarıda da qeys etdiyim kimi əsas amil keçmiş hərbi nazirin hüdudsuz hakimiyyət ehtirası idi.
Rəşid xan bir türk vətənpərvəri kimi bu planlardan məmnun deyildi. Fikirlərini özünə yaxın saydığı Mühiddin Birgənlə bölüşərək demişdi: “İslam ölkələrini ingilislərlə fransızlar əleyhinə mübarizəyə qaldıracaq Cəmiyyətin mükəmməl üsyan halında olan məmləkətin (Qurtuluş Savaşı verən Ankara hökuməti nəzərdə tutulur-V..Q.) işlərinə müdaxilə edərək bişmiş aşa soyuq su qatmasının nə mənası var? Moskvadan Batuma getmək qərarı verdikdən sonra məncə onun (Ənvər Paşanın-V.Q.) yeganə düşüncəsi Anadoluya keçmək və yenidən Türkiyədə birinci şəxs olmaqdır. Qalan nə varsa, hamısı boş danışıqdan başqa bir şey deyildir”.
Onun fikrincə, keçmiş “İttihad və Tərəqqi” mənsublarının başlıca vəzifəsi İstiqlal Savaşına yardım göstərmək idi. Bunu istəmədikləri, yaxud bacarmadıqları halda isə sadəcə bir tərəfə çəkilib hadisələrin sonunu gözləməli idilər.
Lakin Ənvər Paşa Rusiya, Türkiyə və Avropanı kifayət qədər yaxşı tanıyan siyasət adamı kimi Rəşid Kaplanovun nüfuz və yardımına arxalansa da, həmişə onun məsləhətlərinə əməl etməmişdi. Nəticə isə ilk növbədə özü üçün acınacaqlı olmuşdu. İmpulsivliyi ilə tanınan Ənvər Paşa müsəlman dünyasını Avropa imperializminə deyil, bolşeviklərə qarşı mübarizəyə qaldırmaq fikrinə düşmüşdü. Orta Asiyaya yollanaraq basmaçı hərəkatının liderlərindən biri kimi sovetlərə qarşı vuruşmağa başlamış və qeyri-bərabər döyüşdə həlak olmuşdu.
R.Kaplanov isə yeni şəraitə uyğunlaşmağa çalışaraq Moskvada yaşamağa başlamışdı. Bioqrafiyası ilə bağlı son dərəcə məhdud məlumatlar Bakıdan Moskvaya qayıtdıqdan sonra onun RSFSR Xalq Maarifi Nazirliyində çalışdığını, habelə Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində dərs dediyini, nəhayət Moskva Şərqşünaslıq İnstitutunda orta əsrlər və yeni dövr türk tarixi üzrə mühazirələr oxuduğunu söyləməyə əsas verir. Hətta 1923-cü ildə Moskvada “Türkiyə tarixi üzrə mühazirələr” kitabı litoqrafiya üsulu ilə çap olunmuşdu. Kitabda XX əsrin ilk iki onilliyində Türkiyə tarixi ilə bağlı yer alan materiallar öz yeniliyi və şəxsi müşahidələrlə zənginliyi ilə seçilirdi. 1930-cu ildə Rəşid xanı Moskvada üçüncü dəfə həbs olunmuşdu. Lakin “atalar üçdən deyib” – misalı bu dəfə özünü doğrultmamışdı. Baş Siyasi İdarə əməllərində cinayət tərkibi tapa bilmədiyindən tezliklə onu həbsdən buraxmışdı. Həmin dövrdə R.Kaplanov Ümumittifaq Yeni Əlifba komitəsində hüquq məslətətçisi vəzifəsində çalışırdı. Komitənin sədr müavini C.Qorxmazova ünvanladığı məktub onun yeni əlifba ideyasına necə mürəkkəb və ağrılı proses kimi yanaşdığını aydın şəkildə göstərməkdədir. Nəhayət, yüz minlərlə sovet insanının, xüsusən də müxtəlif millətlərdən olan ziyalıların həyatının faciəli dönüş nöqtəsinə çevrilən 1937-ci il gəlib çatdı. Represiyya dalğası ilk növbədə həmin dövrdə SSRİ Mİllətlər Soveti sədrinin müavini vəzifəsində çalışan və üç yüz minlik qumuq xalqının qeyri-rəsmi lideri sayılan C.Qorxmazovu yaxaladı. Onu 1937-ci il iyunun 22-də həbs etdilər. Həmin il sentyabrın 27-də ənənəvi 20 dəqiqəlik mühakimədən sonra “üçlüyün” qərarı ilə ölüm cəzasına məhkum olundu. Hökm eyni gün yerinə yetirildi. 1956-cı ildə, Sov.İKP-nin tarixi XX qurultayından sonra təmiz adı özünə qaytarıldı. Oktyabrın 8-də növbə həmin dövrdə Özbəkticarət müvəkkilliyinin Moskvadakı daimi nümayəndəliyində hüquq məsləhətçisi vəzifəsində çalışan Rəşid xan Kaplanova çatdı. Həbs olunduqdan sonra əvvəlcə Lefortovo, sonra isə Butırka həbsxanasında saxlandı. Dördüncü həbs-həm də sonuncu oldu. İki ay iki gün sonra-1937-ci il dekabrın 10-da “üçlük” R.Kaplanovu RSFSR Cinayət Məcəlləsənin 58-1a, 8 və 11-ci maddələri (əksinqilabi hərəkatda və antisovet millətçi terror təşkilatında fəal iştiraka görə) ilə təqsirli bilərək güllələnmə cəzasına məhkum etdi. Hökm eyni gün yerinə yetirildi. Cəsədi Moskva vilayətinin Kommunarka qəsəbəsində, adsız kollektiv məzarda dəfn olundu. Yalnız Sovet İttifaqının süqutu ərəfəsində-1991-ci il aprelin 29-da SSRİ Prokurorluğu əməllərində heç bir cinayət tərkibi olmadığına görə R.Z.Kaplanova bəraət verdi. Otuz il əvvəlki “Paris üçlüyünün” sonuncu nümayəndəsi Mariya Skakovskaya 1937-ci il oktyabrın 17-də həbs olundu. Sovet kəşfiyyatçısı kimi Fransa və Polşadakı müstəsna xidmətləri nəzərə alınmadı. Özünə qarşı irəli sürülən ittihamların heç birini qəbul etməsə də, R.Kaplanovla eyni gündə-dekabrın 10-da haqqında çıxarılmış ölüm hökmü yerinə yetirildi. 1992-ci ildə bəraət aldı. lll R.Kaplanovun həbs və edam edildiyi 1937-ci ildə oğlu Murad Kaplanovun 22 yaşı vardı. Moskva Energeika İnstitutunun elektrofizika fakültəsini bitirmişdi. Stalinin təbliğat maşını “oğul atasına görə cavabdeh deyil”- mifini yaysa da, 1938-ci ildə valideyninin cinayət əməllərindən xəbərdar olduğu halda müvafiq orqanlara xəbər vermədiyinə görə M.Kaplanov həbs edilmişdi. İslah-Əmək düşərgələrində “tərbiyə olunmuş”, sonra isə sıravi əsgər kimi müharibənin sonuna qədər cəbhədə vuruşmuşdu. Tərxis olunduqdan sonra yalnız poçt indeksi ilə tanınan məxfi şəhərciklərdən birində raket texnologiyası sahəsində çalışmağa başlamışdı. S.P.Korolyovun yaxın silahdaşlarından biri olmuşdu. “Molniya-1” adlı raket qurğularının hazırlanmasında mühüm xidmətləri vardı. Keçmiş xalq düşməninin oğlu iki dəfə SSRİ Dövlət mükafatı almış, ən başlıcası isə atasının bəraətinə şahid olmuşdu. Onun hadisələrlə zəngin həyat yolu rus publisisti P.E.Çertokun “Raketlər və insanlar” kitabında öz əksini tapmışdı. Professor Murad Kaplanov da yəhudi əsilli qadınla-Liliana Rambaxla evlənmişdi. Bu nikahdan doğulan yeganə övladına atasının adını vermişdi. Rəşid Kaplanov-nəvə (1949-2007) tarixçi-alim idi. 1971-ci ildə MDU-nun tarix fakültəsini bitirmiş, Portuqaliyanın müasir siyasi sistemi haqqında namizədlik dissertasiyası müdafiə etmişdi. Poliqlot kimi tanınırdı. Həmkarlarının yazdıqlarına görə müxtəlif dil ailələrinə mənsub olan 36 dildə sərbəst danışırdı. Ötən əsrin əvvəllərində knyaz Zabit xan Kaplanov oğlu Rəşid xanın Parisdə yad dinə və yad millətə mənsub qızla evlənməsinə öz nəslinin qədim tarixə malik ənənələrinə təhlükə kimi baxmışdı. Uzaqgörən knyazın hiss etdiyi bu təhlükə elə həmin əsrin sonlarında nəticəsi Rəşid Kaplanovun simasında gerçəyə çevrilmişdi. Rus alimi Rəşid Kaplanovu müasirləri “Knyaz” adlandırırdılar. O, həqiqətən də sonuncu qumuq knyazı idi. Heç vaxt ailə qurmadığından vərəsəsi yox idi. Lakin sonuncu Kaplanov, sonuncu qumuq knyazı özünü yəhudi sayırdı. Ötən əsrin 80-ci illərinin ortalarından etibarən yəhudi tarixinin müxtəlif aspektləri ilə maraqlanmağa başlamışdı. 1992-ci ildə Moskvadakı Yəhudi Tarixi Cəmiyyətinin rəhbərliyinə seçilmişdi. 1995-ci ildən ömrünün sonuna kimi “Yəhudi Universiteti Xəbərləri” jurnalının baş redaktoru, 1997-ci ildən Ümumdünya İudaika Asossasiyasının üzvü, 2002-2006-cı illərdə Avropa İudaika Asossasiyasının prezidenti olmuşdu. “Sefer” İudaika Akademiyasının təsisçilərindən biri idi. Tələbəsi Mixail Nosonovskinin yazdığı kimi, “Qumuq knyazları müsəlman idilər. Məhəmməd Peyğəmbərin nəslindən sayılırdılar. Lakin taleyin istehzasına bax ki, sonuncu qumuq knyazı Rəşid Kaplanov yəhudi oldu. Onu iudey ayinlərinə uyğun surətdə Malaxovkadakı (Moskva) yəhudi məzarlığında torpağa tapşırdılar. Bu, hamımız üçün əvəzsiz itki idi...”
Budapeşt-Bakı Sentyabr 2010-cu il
Dostları ilə paylaş: |