D Ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix31.01.2017
ölçüsü1,82 Mb.
#6968
  1   2   3   4   5   6   7   8   9   ...   26

D Ə D Ə  Q O R Q U D
a r a ş d ı r m a l a r ı
• Folklor, Mifologiya və Etnoqrafiya 
• Onomastika, Dialektologiya və Etimologiya
• Pedaqogika, Fəlsəfə və Psixologiya
Bakı- 2013
ADPU-nun nəşriyyatı
2

Azərbaycan Dövlət Pedaqoji Universiteti
“Dədə Qorqud elmi-tədqiqat mərkəzi”
R E D A K S İ Y A     H E Y Ə T İ:
Yusif Məmmədov, AMEA-nın müxbir üzvü, f.-r. üzrə e. d., prof. (sədr)
Vilayət Əliyev, fil. üzrə e. d., prof. (sədr müavini)
Ramazan Qafarlı, fil. üzrə e. d., prof. (məsul redaktor)
Buludxan Xəlilov, fil. üzrə e. d., prof.
Əzizxan Tanrıverdi, fil. üzrə e. d., prof. 
Fərrux Rüstəmov, ped. üzrə e. d., prof.
Himalay Qasımov, fil. üzrə e. d., prof. 
İbrahim Bayramov, fil. üzrə e. d., prof. 
İramin İsayev, prof.
Qəzənfər Paşayev, fil. üzrə e. d., prof. 
Muxtar Kazımoğlu (İmanov), fil. üzrə e. d., prof. 
Məhərrəm Qasımlı, fil. üzrə e. d., prof. 
Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof. 
Nizami Xudiyev, fil. üzrə e. d., prof. 
Rəfail Hüseynov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof.
Seyfəddin Rzasoy, fil. üzrə e. d.
Tərlan Novruzov, fil. üzrə e. d., prof. 
Zahid Xəlil, fil. üzrə e. d., prof. 
Cavad Heyət (İran)
Faiq Çələbiyev, sənətşünaslıq doktoru, prof. (Rusiya)
Fikrət Türkmən, doktor-prof. (Türkiyə)
Osman Sərtqaya, doktor- prof. (Türkiyə)
Pərixanım Soltanqızı, filologiya üzrə fəlsəfə doktoru
Aynurə Əliyeva, elmi işçi
Mehriban Sərdarova, elmi işçi (məsul katib)
Dədə Qorqud araşdırmaları - II, - Bakı, ADPU-nun nəşriyyatı, 2013. - 317 s. 
“Dədə Qorqud elmi-tədqiqat mərkəzi”nin yeni dərgisinin ilk buraxılışında türk mədə-
niyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə həsr olunan apaşdırmalar toplanmışdır. 
© Dədə Qorqud araşdırmaları - II, Bakı - 2013

3
FOLKLOR, 
ETNOQRAFIYA VƏ 
MIFOLOGIYA

4
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«Xronotoplar  nəzəriyyəsi»ndə  zamanla 
məkan vəhdətdə götürülür. İlk dəfə Eynşteynin 
işlətdiyi  termini  (yunan  mənşəli  «xronotop» 
sözünün hərfi mənası «zaman-məkan» demək-
dir) bədii yaradıcılığa tətbiq edən M.M.Baxtin 
zamanla məkan arasındakı qarşılıqlı əlaqənin 
fikrin  obrazlı  əksində  oynadığı  rolu  göstər-
mişdir.  Onun  təlimində  zamanın  məkandan 
ayrılmazlığı bədii mətnlərin şərti-məzmun kateqoriyası hesab edi-
lir. Ümumiyyətlə, insanın metaforik düşüncəsində zaman və məkan 
əlamətləri iki halda bir-birinə qarışır, daha doğrusu, biri digərini 
tamamlayır. Birinci halda, insanın iradəsindən asılı olmayaraq baş 
verir, zaman yığcamlaşdırılır, «bədii görüntülü olur; məkan isə in-
tensivləşir, zamanı hərəkətə gətirir, süjetin, hadisənin inkişafı ilə ge-
nişlənir. Zamanın əlamətləri məkanla açıqlanır, məkan isə zamanın 
ölçülməsi ilə dərk olunur» [22,10]. İkinci halda düşünülmüş şəkildə 
insanların özləri tərəfindən zaman məkanla birləşdirilir.
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru, professor
MİFOLOJİ KONTİNUUM* (MƏKAN-ZAMAN
SİSTEMİ) DAXİLİNDƏ VƏHDƏT - XRONOTOPLAR**
*«Kontinuum» sözü latın dilindən («Continuum») götürülüb, mənası «fasiləsiz», 
«davamlı» deməkdir. Bütün real rəqəmlərin sistemi kimi anlaşılır. İlk dəfə fəlsəfi 
termin olaraq A.F.Losevin antik yunan estetikasına həsr olunan əsərlərində işlədil-
mişdir. Bax: Лосев А.Ф. История античной эстетики. Ранняя классика. — М.: 
«Высшая школа», 1963; «АСТ», 2000.
**«Xronotop» yunan dilindəki  «xronos» («zaman») və «topos» («məkan») söz-
lərindən yaranmışdır, zaman-məkan əlaqələrinin qanunauyğun bağlılığı demək-
dir. Bax: Бахтин М. М. Формы времени и хронотопа в романе. Очерки по 
исторической поэтике // Вопросы литературы и эстетики. : Сб. — М.: Худож. 
лит, 1975. — С. 234-407.

5
Folklor, mifologiya, etnoqrafiya
Zaman-məkan vəhdətinin mifoloji görüşlərdə əksinin də iki for-
ması müəyyənləşdirilmişdir: 
1)  Mifoloji  və  bədii  düşüncədə  sosial-ədalət  kateqoriyalarının 
(məqsədəçatma, haqq-ədalət, bütövləşmə, cəmiyyətin və insanların 
harmonik vəziyyətləri və s.) məhdudlaşdırılması keçmişlə gələcəyin 
eyniləşdirilməsindən irəli gəlir. Məsələn, cənnət, Qızıl dövr, qəhrə-
manlıq əsri, qədim həqiqətlər zamanı kimi ideyaların yaranması və 
yeri keçmişlə əlaqələndiyi halda arzulanan gələcək şəklində çatdı-
rılır. «Biri var idi, biri yox idi» mifik qənaətində dünyada hələ heç 
nəyin start götürmədiyi məqamlarda zamanla məkanın bünövrəsinin 
vəhdətdə qoyulmasından bəhs olunur. Kainatda durğunluq hökm sü-
rür. Xaos hələ parçalanmamış, ünsürlərə ayrılmamışdır. Çünki «za-
manın hərəkəti başlamayıbsa, deməli, məkan və zamanın anı da yox-
dur» (M.M.Baxtin). Misalda «var olmaq» gələcəyin, «yox olmaq» 
isə keçmişin nişanəsidir. «Bir diyarda bir padşah var idi» təsdiqi ilə 
hərəkət meydana gətirilir və zamanla məkanın vəhdəti baş tutur, dur-
ğunluq aradan götürülür. Bundan sonra isə arzulanan gələcəyə çatma 
yolları axtarılır. 
2)  Məkanla  zamanın  vəhdəti  esxatologizmə  əsaslanır.  Zaman-
la-məkan vəhdətinin mifoloji dərkinin bu formasında gələcək işıq-
lı deyil, hər şeyin sona çatması, məhvi şəklində təsəvvürə gətirilir. 
M.M.Baxtin yazırdı ki, «bu münasibətdə dünyanın sonunun fəlakətlə 
və təmiz dağılmaqla, ya yeni xaos, ya da İlahi hakimliklə nəticələn-
məsinin heç bir əhəmiyyəti yoxdur, - əsas odur ki, bütün mövcudatın 
sonu vardır və bu son çox yaxındır» [22,77]. Beləliklə, insanın mə-
kan və zaman haqqında mifik görüşləri ilə bağlı problemlər müxtə-
lif aspektli olduğu üçün araşdırılmasında çətinliklər meydana çıxır. 
Lakin xarakterik və tipik cəhətlərini ümumi şəkildə göstərməklə də 
olsa,  dünyanın  mənzərəsini  canlandıran  kateqoriyalardan  ikisinin 
(məkan  və  zaman)  özünəməxsusluğunu  və  mühümlüyünü  nəzərə 
çatdırmaq mümkündür. 

6
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Türk-oğuz eposunda 
mifoloji kontinuum (zaman-məkan sistemi)
V.M.Jirmuniskiyə əsaslansaq, söyləyici tərəfindən eposda Bayın-
dır xan, Salur Qazan və Qorqudun çağı Oğuz tayfalarının törədicisi 
Oğuz xanın mifik zamanı ilə müqayisədə guya tarixi əsaslarla çatdı-
rılır. Lakin «Dədə Qorqud»da göstərilən «oğuz əsri» oğuzların heç 
bir məhdud tarixi ilə uyğun gəlmir: «burada bütöv xalqın tarixi keç-
mişi monumental ölçüdə, epik ideallaşdırılma formasında əks olu-
nur» [25, 526].
Epik  mətndə  zaman  və  məkanın  təsviri  məsələsinə  toxunanda 
aydınlaşır ki, dastanda konkret vaxt və yer aydın, anlaşıqlı olmaqla 
bərabər, həm də (çox hallarda) mücərrəd və qaranlıqdır. Şübhəsiz, 
boyların hər birinin bünövrəsi müəyyən bölgədə və bir xalq çərçivə-
sində qoyulmuşdur, sonra başqa türk elləri yaşayan geniş ərazilərdə 
yayılaraq,  demək  olar  ki,  bəşər  oğlunu  ümummədəni  dəyərlər  sə-
viyyəsinə  yüksəlmişdir.  Özül  kökdə  olduğundan  eposun  əsas  ob-
raz və motivləri həmin kökdən pöhrələnən digər millətlərin də epik 
ənənəsində dərin izlər buraxmışdır. Bu səbəblərdən də abidənin guya 
kənarda düşünülüb guya bilinməz səbəbə görə yazıya alındığı ərəfə-
də Azərbaycana gətirilməsi haqqındakı qənaətlər əsassızdır. «Dədə 
Qorqud» kökdən mayalansa da, V.V.Bartoldun müşahidə etdiyi kimi, 
bütün hallarda yerli materiallarla, Qafqaz bölgəsində [21, 120] türk-
dilli  əhalinin  qədim  tarixi,  etnoqrafiyası,  coğrafi  şəraiti,  mifoloji 
görüşləri  ilə  yoğrulmuşdur.  O,  mayasını  nə  Orta Asiya,  nə  də Al-
taydan almışdır. Köçərilər vasitəsilə Azərbaycana, yaxud Antaliyaya 
gətirilərək [19, 321] yazıya köçürüldüyünü irəli sürmək isə ən azı 
Qafqaz  və Ön Asiya türklərinin kökünü dədə-baba yurdundan ayır-
maq deməkdir.
Eposun  boylarında  zaman  və  məkan  anlayışlarına  münasibət 
bir daha təsdiqləyir ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının 
doğma  yurdudur.  Onlar  nə  köçəri-gəlmədirlər,  nə  də  ötüb-gedən-

7
Folklor, mifologiya, etnoqrafiya
dirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir. 
Qonşularına – Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara və 
Trabzoniçi yunanlara münasibətdən hiss olunur ki, Qafqaz oğuzları 
turukların,  sakların,  midiyalılaran,  massagetlərin,  albanların  varis-
ləridirlər. Eyni kökdən olduqları üçün Şimallı qıpçaqlarla (Beyrək 
qıpçaq qalasında 16 il əsir qalsa da), Orta asiyalı türkmənlərlə (Qan-
turalı «cici-mici»
1
 [10, 85] türkmən qızlarını bəyənməsə də) daha 
çox qaynayıb qarışmış, osmanlılarla siyasi dövlət idarəçiliyi və din 
arasında  ikitirəliyin  yaranmasından  müəyyən  çağlarda  uzaqlaşma 
meyilləri yaransa da, mənəvi dəyərlərə, adət-ənənələrə, ozan və aşıq 
sənətlərinə bağlılıq bu sapınmalardan hər iki qardaş xalqı xilas et-
mişdir. Bu məsələdə tarix meydanında keçmiş nüfuzunu itirmiş fars-
lar, ərəblər və xristian dünyası od rolunu oynasa da, qopuza, saza 
sığınan oğuz nəslini kökündən, soyundan ayıra bilməmiş, qardaşın 
biri «həpimiz», digəri «hamımız», biri «sultanım», «paşam», digəri 
«xanım»,  «bəyim»  desə  də,  türklüyünə  qayıtmışdır.  Çünki  bayatlı 
Dədə Qorqudun söylədiyi kimi, «gəlimli-gedimli dünyada qarı düş-
məndən dost olmaz». Və dar günlərdə yenə ulu ozanın sözlərini yada 
salıb bir-birilərinə bağlılıqlarını nümayiş etdirmişlər:
Ağzın üçün ölüm qardaş!
Dilin üçün ölüm, qardaş! [10,  211]
Mifoloji-arxaik qəhrəmanlıq və tarixi qəhrəmanlıq dastanlarında 
zamanın əsas çıxış fərqləri, tədqiqatçılar tərəfindən aşağıdakı şəkildə 
müəyyənləşdirilmişdir:
1. Eposlarda zamanın ilkin mühüm əlaməti ondan ibarətdir ki, 

V.V.Bartoldun  dediyi  kimi,  dastandakı  oğuzlar  türkmənlər  olsaydılar,  «Qanlı 
Qoca  oğlu  Qanturalı  boyu»nda  bu  sözlər  əsas  qəhrəmanın  dilindən  çıxardımı? 
«Pəs  varasın,  bir  cici-bici  türkman  qızını  alasan,  nagahandan  tayanım,  üzərinə 
düşəm, qarnı yırtıla?..»//«Bəs gedəsən, bir cici-mici türkmən qızını alasan, birdən 
sürüşüb üzərinə düşəm, qarnı yırtıla?..» Mətndəki «cici-mici» indiki dildə «incə-
mincə» şəklində işlənən söz mənasında başa düşülməlidir.

8
DƏDƏ QORQUD ARAŞDIRMALARI
təsvir «başlanğıc»la – «dünyanın uşaqlıq» çağlarıyla  və hər hansı 
bir etnosun əsasını qoyan ilk nümayəndə ilə əlaqəli şəkildə – sonrakı 
inkişaf mərhələlərində təbəqələşərkən yaranan bütün müxtəlifliklər 
nəzərə alınmaqla verilir (Propp V.Y., Neklyudov S.Ö., Koroğlı X.Q., 
Şarakşinova N.O.,  Kudiyarov A.V.). Bu dövrü ümumiləşmiş halda 
«mifik zaman» kimi işlətmək daha düzgündür. «Oğuz kağan» dasta-
nında zamanın çıxışı məhz bu şəkildədir:
UYĞUR OĞUZNAMƏSİNİN
TRANSKRİPSİYASI
AZƏRBAYCAN TÜRKCƏSİNƏ
ÇEVRİLMİŞ QARŞILIĞI
«Bolsunğıl deb dedilər. 
Anun anağusu oşbu turur. Takı 
mundan son sevinc tapdılar. 
Kenə günlərdən bir Ay kağannun 
közü yarıb bodadı, erkək oğul 
toğurdı».
«Qoy olsun dedilər. Onun 
görünüşü, bax budur... Bundan 
sonra sevinc tapdılar. Günlərdə bir 
gün Ay kağanın gözü parladı, erkək 
oğul doğdu» [17, 10]
     2. Zamanın eposlarda ikinci xarakterik epik şəraiti onunla şərtlə-
nir ki, birincinin əksinə olaraq hadisələr «fantastik yozumda deyil, 
həqiqətən baş vermiş kimi qəbul edilir» [28, 229]. 
Dinləyənlər  onlara  müəyyən  tarixi  dövrün  ciddi  qaynaqlarıtək 
yanaşırlar. Bu, eposlarda «emprik zaman»ın əksi hesab edilir. «Kita-
bi Dədə Qorqud»da rastlaşdığımız ilk təsvirə diqqət yetirək: «Rəsul 
əleyhissəlam zəmanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, 
bir ər qopdı. Oğuzın, ol kişi təmam bilicisiydi, - nə diyərsə, olurdı. 
Ğaibdən dürlü xəbər söylərdi. Həq təala anın könlinə ilham edər-
di...» [10, 31] 
Eposda  tarixi  zamanın  bütün  əlamətləri  özünə  yer  tapmışdır. 
Belə ki: a) tarixə bəlli dövrə – Məhəmməd peyğəmbərin yaşadığı 
zamana, b) məlum tayfaya – Bayat boyuna, Oğuz elinə işarə vardır. 
Lakin həmin fikirlərin özündə arxaik dünyagörüşünün izləri də qo-

9
runub saxlanmışdır – Qorqud ata gələcəkdən xəbərlər verir, Allah 
onun könlünü ilhamlandırır. 
«Dədə  Qorqud»  oğuznamələrinin  spesifikliyini  şərtləndirən 
amillər əsas hadisələrə – boylara keçməzdən əvvəl özünü göstərir. 
Ancaq bu təkcə arxaikliklə (mifikliklə) tarixiliyin eyniləşdirilməsi 
ilə bağlı deyildi. Əslində mifik zamanı emprik zamanın içərisində 
əridən ozanlar türkün tarixinin uzaqlığını, ilkinliyini təsdiqləyirdilər. 
Dədə Qorqudun eposda zamanın özünü – hadisələrin yekununu, nə-
ticəsini müəyyənləşdirən şəxs kimi təqdimi göstərir ki, ilk cümlədə 
onu konkret dövrlə bağlamaq olduqca şərti xarakter daşıyır. Çünki 
belə edilməsəydi, onun zamanı qabaqlayan kəlamlarına inam azalar-
dı: «Qorqud ata ayıtdı: «Axır zamanda xanlıq gerü – Qayıya dəgə, 
kimsənə əllərindən almıya. Axır zəman olıb qiyamət qopınca bu di-
digi Osman nəslidir. İşdə sürilib gidəyürir...» [10, 31] Yazıya alındı-
ğı (ya da üzünün köçürüldüyü) dövrdə oğuznamələrin müqəddimə-
sində katiblər tərəfindən Osmanlı sarayının xeyrinə xeyli dəyişiklik 
edildiyi göz qabağındadır. Birincisi, «Kitab»ın adında və boylarda 
«Dədə» kimi təsdiqlənən Qorqud burada «ata» şəklindədir. İkincisi, 
səlcuqların  tarix  səhnəsindən  çıxarıldığı  ərəfədə  türkün  başqa  qo-
lunun dirçəlməsi ideyasının məhz gerçəklik kimi formalaşdırılması 
müəyyən dövrün möhürünün sonradan vurulması deməkdir. 
Başlanğıcda  üç  dəfə  «ata»  kimi  verilən  Qorqud  müdrikliyini, 
ululuğunu təsdiqləyən kəlamlara keçiləndə «dədə»ləşir, əslində öz 
adına  qaytarılır.  Çünki  artıq  katiblər  məqsədlərini  həyata  keçirib 
türkün səlcuqlarla bitib-tükənmədiyini çatdırmışdılar. Bu, çox incə 
məsələdir.  Ancaq  faktdır:  müqəddimədə  də  dörd  abzasdan  üçün-
də ata (Kiçik Asiya türklərinin tələffüzünə uyğun) kimi çıxış edən 
Qorqud dördüncü və əsas hissədə (ona görə əsas hissədir ki, əvvəl-
ki  abzaslarda  onun  haqqında  qısa  məlumat  verildiyi  halda  burada 
yaratdıqlarına  üz  tutulur)  «Dədə»  şəklində  təqdim  olunur:  «Dədə 
Qorqut soylamış...» [10, 32]. 
Folklor, mifologiya, etnoqrafiya

10
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Bu hal təsadüfi xarakter daşısaydı, müqəddimə mətnində Qorqu-
dun sonrakı təqdimlərində bir yerdə də olsa, təzədən «ata»ya qayıdış 
nəzərə çarpardı. Halbuki bir daha onun bu tələffüzü yada düşmür. 
Özü  də  S.Əlizadənin  müşahidəsinə  görə,  Drezden  nüsxəsində  bu 
sözlər hər dəfə qalın hərflərlə yazılıb nəzərə çarpdırılmışdır: «Dədə 
Qorqut bir dəxi soylamış». Yaxud: «Dədə Qorqut soylamış, görəlim, 
xanım,  nə  söylamış»  [10,  32].  Dədə  Qorqudun  dilindən  söylənən 
aforizmlər əslində katiblər tərəfindən onun xalq arasında gəzib-dola-
şan əsl müdrik kəlamlarına uyğunlaşdırılaraq yazılmış, mətnə əlavə 
edilmişdir. Burada məqsəd İslam mühitində eposun yazılı mətninin 
geniş yayılmasına şərait yaratmaq idi. Lakin əvvəlki üç abzasdakı fi-
kirlərin aşılanmasındakı qayə ilə heç bir əlaqəsi olmadığı üçün «ata» 
kimi deyil, əslində olduğu şəkildə saxlanılmışdır.
Eposun  müqəddiməsinin  sonunda  qadınlarla  bağlı  Ozanın  qə-
naətləri müstəqil əsər, yaxud mətn təsiri bağışlayır. Çünki orada söy-
lənən fikirlərin nə Dədə Qorquda aid aforizmlərlə, nə oğuz-səlcuk, 
nə oğuz-osmanlı adətləri ilə, nə də boylarla səsləşməsi var. Zaman 
və məkan baxımından da olduqca fərqli detallar nəzərə çarpır. Elə-
cə də ayrı-ayrı boylarda emprik zaman kimi götürülən epik təsvirdə 
bəzən konkret məkan göstərilir: «Bir gün Qam ğan oğlı xan Bayındır 
yerindən turmışdı. Şami günligi yer yüzünə dikditrmişdi. Ala seyvanı 
göy yüzinə aşanmışdı. Bin yerdə ipək xalça döşənmişdi». [10, 34] 
Həmin təsvir tarixi zaman və məkan baxımından məlum dövrlə 
səsləşir. Oğuzların başçısı ildə bir dəfə böyük bir məclis düzəldib 
görülən işləri yekunlaşdırar, bəyləri xidmətlərinə görə mükafatlan-
dırar, gələn il üçün tədbirlərini söyləyər, təklifləri dinləyib müzakirə 
edərdi. 
Türk tarixində «toy», «qurultay» adı ilə tanınan məclis idarəçi-
likdə  ilk  demokratik  institutlardan  biri  idi.  Dastanda  həmin  tarixi 
mərhələ  ümumiləşdirilir,  bədii  formaya  salınıb  aşağıdakı  mətndə 
emprik zamanın illə müəyyənləşən kiçik dövrünə  aid (il ərzində bir 

11
dəfə təkrarlanan) hal kimi təqdim olunur: «Xanlar xanı xan Bayındır 
yildə bir kərə toy edib, Oğuz bəglərini qonaqlardı. Genə toy edib, 
atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı». 
Öncə məkanın təsvirinin konkretləşməyə doğru meyilli olduğu 
müşahidə  olunur.  Lakin  arxaik  qəhrəmanlıq  eposlarında    olduğu 
kimi,  burada da zaman üç çadır şəkilli mifik dünya modelinin təsvi-
ri ilə yekunlaşır. Ona görə də xan məclislərini tarixiliyin əlamətitək 
götürüb  oğuzların  Azərbaycanda  oturaq  həyata  başladıqları  çağla 
əlaqələndirmək mümkün olmur. Mənbələrdə də bu hal daha əvvəlki 
çağlarla əlaqələndirilir. 
Herodot skiflərdən danışanda onların bir adətinin təsvirini verir 
ki, eposdakı Bayındır xanın məclisini xatırladır. Belə bir sual doğur: 
mətndə hadisələr ilin hansı mərhələsində başlayır? Axı, tarixi-qəh-
rəmanlıq eposlarında zaman bəzən ən kiçik hissəsinə qədər (saatla, 
günlə, ayla, fəsillə, bədii dilin imkanlarından istifadə edildikdə isə 
«yellər əsəndə, gün doğanda» şəklində) konkret göstərilir. «Dirsə xan 
oğlu Buğac...» boyunda hadisələrin zamanı poetik fiqurların mətnə 
ustalıqla daxil edilməsi ilə müəyyənləşir. Belə ki, toy məclisinə çağ-
rılan Dirsə xan səhər tezdən – «alar sabah qalqubanı yerindən uru 
turıb, qırq yigidi boyına alıb Bayındır xanın söhbətinə gəlir». 
Bu epizodun məhz yaz girən ərəfədə baş verdiyi isə dolayı şəkil-
də təqdim olunur:
«Salqum-salqum tan yelləri əsdigində,
Saqallu boz ac turğay sayradıqda,
Saqalı uzın tat əri banladıqda,
Bədəvi atlar issini görüb oğradıqda,
Aqlı, qaralı seçən çağda,
Köksi gözəl qaya tağlara gün dəgəndə,
Bəg yigitlər cılasınlar bir-birinə 
 
 
qoyulan çağda» [10, 34]
Folklor, mifologiya, etnoqrafiya

12
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Xronotopun  belə  geniş,  konkret  şəkildə  təsvirinə  ancaq  yazılı 
ədəbiyyatda rast gəlmək mümkündür. Şifahi epik ənənədə isə nadir 
hal kimi nəzərə çarpır. Doğrudur, birbaşa hansı zamandan bəhs açıl-
dığı qeyd edilmir. Lakin poetik ifadələrin arxasında gizlənən anlam-
lardan anlaşılır ki, yazın gəlişindən söhbət gedir. Çünki qışın soyuğu 
torpağın  üstündən  əlini  tamam  götürməmişdi,  «salxım-salxım  dan 
yelləri əsir», «boz torağaylar» ona görə ac ötürlər ki, hələ təbiətdə 
tam oyanma baş verməyib, bitkilər cücərməyib, yeməyə bir şey tap-
mırlar. «Bədəvi atların yiyəsini görüb kişnəməsi»nə də səbəb odur 
ki, artıq isti-soyuq yuvaları tərk etmək zamanı gəlib çatmışdır. Eləcə 
də Novruz yaxınlaşdığı üçün «saqqalı uzun tat kişilər azan çəkir»lər, 
Qalın Oğuzun «gəlini-qızı axır çərşənbədə bəzənib-düzənir», günün 
«ağlı», yəni işıqlı, gündüzlü və «qaralı», yəni gecəli, qaranlıq çağları 
bir-birindən seçilir. Nəhayət, yaz girəndə «köksü gözəl böyük dağla-
ra gün dəyir», igid bəylər, qəhrəmanlar meydanlara axışıb bir-biriləri 
ilə güləşir, döyüş sirlərini mənimsəyirlər.
Diqqət çəkici faktdır ki, boyda bir ilin dairəsindən çıxıb müxtə-
lif dövrlərə düşən başqa hadisələrin də çıxışı baharla əlaqələndirilir. 
Bayındır xanın maraqlı adətindən bəhs açılanda iki kiçik zaman mər-
hələsinə işarə olunur: onun əmri ilə «bir yazda, bir də payızda buğa 
ilə buğranı savaşdırardılar». Lakin ozanlar mətndə on beş il ötürül-
müş vaxtı (uşaq nəzir-niyazla dünyaya gələndən sonra on beş yaşına 
girənədək nə hadisə baş verdiyi buraxılır) boyun başladığı zaman və 
məkana uyğun şəkildə davam etdirirlər. Adama elə gəlir ki, bu elə 
Bayındır xanın toy qurdurub Qalın Oğuzun bütün bəylərini yanına 
topladığı həmin bahardır: bir yerdə ağ, bir yerdə qırmızı, bir yerdə də 
qara otaq qurulub... Çünki buraxılmış, «sıxışdırılmış zaman» ərzin-
də əslində ancaq bir şey dəyişmişdi. Dirsə xan tək deyildi, oğlu ilə 
birlikdə məclisə qədəm qoyurdu. Qalan məsələlər əvvəlki kimi qa-
lırdı. Yenidən əhatəli təsvirə yer verilir və hadisələr əfsanəvi məcra-
dan çıxarılıb (yəni Buğacın nəzir-niyaz, alqışla möcüzəli doğuşunun 

13
nəticəsi olaraq onun qeyri-adi varlıqlarla mücərrəd məkan və zaman 
çərçivəsində mübarizəsinə həsr olunmur), xalq adət-ənənələrinin fo-
nunda ailə-məişət səviyyəsinə endirilir.
Böyük  dövrün  sıxışdırılmasından  sonra  hadisənin  yenə  yazla 
başlaması zaman ardıcıllığı baxımından həm də boyun birtipliliyi-
ni təmin edən vasitədir. Struktur baxımından yazda əsası qoyulub 
düyünlənən hadisə bir növ həmin nöqtədən – yaz vaxtından da da-
vam etdirilir. Burada on beş illik fərq bir də ona görə hiss edilmir 
ki, zamanı öz arxasınca aparan əsas obraz meydana gətirilir və o, 
qəhrəmanlıqla ad-san qazanır: «Məgər, sultanım, genə yazın buğayı 
saraydan çıxardılar. Üç kişi sağ yanında, üç kişi sol yanında dəmür 
zəncirlə buğayı tutmışdılar. Gəlüb meydan ortasında qoyu verdilər. 
Məgər, sultanım, Dirsə xanın oğlancığı, üç dəxi ordı uşağı meydanda 
aşuq oynarlardı. Buğayı qoyu verdilər, oğlancıqlara «qaç» dedilər. 
Ol üç oğlan qaçdı, Dirsə xanın oğlancuğı qaçmadı. Ağ meydanın 
ortasında baxdı - turdı».
Boyda üçüncü mühüm hadisənin də çıxışı yazla əlaqələndirilir. 
Bunlar  təsadüfi  xarakter  daşıyırmı,  yoxsa  hansısa  sistemə,  inama 
bağlanır? 
Azərbaycan  türklərinin  məişətində  bahar  fəslinin  mühüm  əhə-
miyyət kəsb etməsi danılmazdır. Yazla hər şey təzələnir, xeyirliyə 
doğru atılacaq addımlar üçün zəmin hazırlanır. Hətta küsənlər ba-
rışırlar.  Eposda  ata-oğul  (şər-xeyir,  qış-yaz)  qarşılaşmasının,  daha 
doğrusu, toqquşmasının bünövrəsi ikincinin ad-san qazandığı gün-
dən qoyulur. Lakin birincinin tam şərləşməsi üçün növbəti yaza qə-
dər vaxt sərf olunur. Çünki şərxislətlilər qışın sazağını atanın ürəyinə 
ötürməli idilər. Yayda başlanan fitnə-fəsad yayda, payızda bəhrə verə 
bilməzdi. Bu halda Buğacın qayıdışı (ölümcül yaralanandan sonra 
Xızırın  yardımı  ilə  sağalması)  mümkün  deyildi.  Beləcə  il  ərzində 
Dirsə xanın nökərlərinin fitnəkar hərəkətlərinin təsvirindən sonra ov 
səhnəsi gəlir. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin