İnanılmış bir təşkilat yarada bilməyən bir millət azad yaşaya bilməz.
(S. C. Pişəvəri).
Bugünkü Milli Hərəkatın əksəriyyətini gənclər təşkil edir. Gəncliyin də önünə bir kimsə keçə bilməz. Gənclik elə güclü bir fırtınadır ki, onun qarşısında heç bir qüvvə dayana bilməz. Fəqət gənclik də həyatını Azərbaycanın istiqlalına sərf edən orta və yaşlı nəslin nümayəndələrinin tarixi təcrübələrindən yararlanmağa, onların dəyərli fikir və mülahizələrinə ciddi əhəmiyyət verməyə çalışmalıdırlar. Bunun üçün:
- Milli Hərəkatçılar ilk öncə liderlik iddialarından uzaq olmalı, vahid ideologiyaya yiyələnməli, sistemli fəaliyyət göstərməli, təmkinli davranmalı, planlı dirəniş göstərməli, müdafiə hazırlıqları görməli, düzgün siyasət yürüdərək Milli Hərəkatın federalistlərə, mədəni muxtariyyətçilərə, sağçılara, solçulara bölünməsinə əsla yol verməməlidirlər. Çünki, bu oyun xalqımızın düşmənlərinin görünməyən əlləri ilə oynanılır.
- Milli Hərəkatçılar şəxsi “mənləri”ni yox, milləti təmsil etdikləri üçün millətlə ayaqlaşmalı, onunla birgə yürüməli, zamanı düzgün dəyərləndirməli, Hərəkatı düzgün istiqamətləndirməli, “mümkün qədər özlərini qorumalı, heç bir cəza maddəsi olmayan milli haqları açıqca tələb etməli, hüquqa əsaslanan bu istək və tələbləri ölkəyə gələn Beynəlxalq təşkilatların araşdırma qruplarının raportlarına salmağa” çalışmalıdırlar.
- Milli Hərəkatçılar hər hansı bir gizli fəaliyyətdən, bu günkü vəziyyətdə silahlı mübarizədən çəkinərək rejimə hər hansı bir bəhanə verməməli, azad və açıq demokratik mübarizə üsullarından yararlanaraq öz müqəddəratını həll etməyə çalışmalıdırlar. Milli Hərəkatçı Əlirza Fərşi bəyin də söylədiyi kimi: “Biz (40 milyonluq Güney Azərbaycan Türkləri nəzərdə tutulur - A. M.) azlıqda qalan bir xalq deyilik ki, silahlı mübarizə aparaq”. Lakin onlar Azərbaycanın ən qədim dövlətlərinin məskəni olmuş və bu gün də Azərbaycan Türklərinin çoxluq təşkil etdiyi Urmiya bölgəsinə çox həssas yanaşmalı, “Batı Azərbaycan Müdafiə Komitəsi”nin fəaliyyətinə hər yönlü dəstək verməli, həmçinin digər bölgələrdən fərqli olaraq bu bölgədə keçirilən bütün seçkilərə ciddi yanaşmalı, seçkilərdə yerli Türklərin fəal iştirakını və az namizədlə təmsil olunmalarını təşkil etməlidirlər ki, səslər parçalanmasın. Unudulmamalıdır ki, bölgənin səsvermə hüququ olan 490116 seçicisinin 85 faizi Türkdür. Bunu nəzərə alaraq bölgə üçün İran parlamentinə nəzərdə tutulan 3 millət vəkili yerinin 3-nü də Türklərin qazana bilməsinə səy göstərməlidirlər ki, bu da ilk növbədə fars şovinizminin anti-Azərbaycan siyasətinə vurulan ən ciddi zərbə olar və həmçinin beynəlxalq dairələrdə Kürd təbliğatını puça çıxarar, daxildə isə Milli Hərəkata inamı artırar, Milli Hərəkatın gücünü yüksəldər, Urmiyanın Türk əhalisini mütəşəkkilləşdirər.
- Milli Hərəkatçılar ağırlıq mərkəzini Tehrana və digər fars bölgələrinə keçirməli, fars şovinistlərinin diqqətini o bölgələrə, xüsusilə mərkəzə yönəltməli, içlərinə yerləşdirilmiş yalançı millətçilərin fitvalarına uymamalı, heç bir vəchlə Güney Azərbaycan bölgələrində qarşıdurmalara yol verməməli, düşmən dəyirmanına su tökən heç bir dağıdıcı, bölücü, parçalayıcı şüarlara yer verməməlidirlər. Unudulmamalıdır ki, daxilimizə nifaq salmaqla bizi həmişə özümüzlə əzdirmiş və bu gün də bundan istifadə edirlər.
- Milli Hərəkatçılar İran İslam Respublikasında gedən prosesləri və bu proseslərdə xarici və daxili amillərin rolunu düzgün dəyərləndirərək Güney Azərbaycan Türklərinin sağ və solunun bir araya gətirilməsinə səy göstərməli, Azərbaycan Mərkəzli Türkçü Düşüncə Sisteminin ideyalarını əsas götürərək xalqı Milli Hərəkat ətrafında sıx birləşdirməyə çalışmalı və bütün gücü Güney Azərbaycan Milli Hərəkatının güclənməsinə yönəltməlidir.
- Milli Hərəkatçılar bütün dünyadakı Azərbaycan milli təşkilatlarının vahid proqram əsasında fəaliyyət göstərməsinə çalışmaqla gələcək Ümummilli Hərəkatın bünövrəsini qoymalıdır. Bu işdə Güney Azərbaycan Milli Hərəkatçılarına Dünya Azərbaycanlıları Konqresi, Quzey Azərbaycan milli təşkilatları da həryönlü köməklik göstərməli, Quzey Azərbaycan Türklərinin istər xalqı, istərsə də dövləti və hökuməti beynəlxalq hüquq normaları çərçivəsində hər vəchlə Güney Azərbaycan Milli Hərəkatını müdafiə etməli, ona həryönlü köməklik göstərməlidir. Unudulmamalıdır ki, fars şovinizmi və onların idarə etdiyi bugünkü İran İslam Respublikası təkcə Güney Azərbaycan üçün deyil, Quzey Azərbaycan üçün də təhlükəlidir. Çünki, Quzey Azərbaycan SSRİ-nin müstəmləkəsi olduğu dövrdə ruslardan qorxan fars şovinistləri buna cəsarət etmədikləri halda Quzey Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra onlar bunu həzm edə bilmir və hər vəchlə Quzey Azərbaycana təzyiq göstərməyə başlayıblar. Ona görə də millətimizin mübarizəsinin ana hədəfi fars şovinizmini diz şökdürmək olmalıdır ki, bu da yalnız və yalnız birliklə mümkündür. Bunun üçün ilk növbədə Quzey Azərbaycan radio və televiziya verlişlərini milli və demokratik dəyərlərlə zənginləşdirib güclü antenna və imkan daxilində peyk vasitəsilə Güney Azərbaycanda yayılmasına nail olunmalıdır.
- Bu gün Güney Azərbaycanda “Babək qalasına yürüş”, “Azərbaycan tələbə günü”, “Ana dili günü”, “Sulduz həftəsi” və s. kimi günlərin qeyd edilməsi Milli Hərəkatın uğurlarından sayıla bilər. Bütün bunları davam etdirməklə yanaşı yeni-yeni milli məslələrlə bağlı günlərin qeyd edilməsinə çalışılmalı, bu işləri böyüdərək Güney və Quzey Azərbaycan gəncləri, xüsusilə millətimizin gələcəyini müəyyənləşdirən bugünkü tələbə gəncləri arasında yaxın əlaqə yaratmaq, hər iki Azərbaycanın gələlcəyi üçün müəzzəm bir Tələbə Hərəkatı formalaşdırmaq Milli Hərəkatçıların ən ümdə vəzifələrindən biri olmalıdır. Çünki, gənclərin formalaşacaq bu Hərəkatı Milli Hərəkatın gücünü qat-qat artırar, fars şovinizminin onurğa sütununu qırar, onu birdəfəlik tarixə gömər. Tələbə Hərəkatı ilk öncə böyük siyasi məsələlərə qarışmadan yalnız dil, ədəbiyyat, tarix, mədəniyyət və bütövlükdə humanitar sahədə fəaliyyət göstərməlidir. Bu Hərəkatın özəl şüarları “Azərbaycanımıza sahib çıxaq”, “Gələcək bizimdir”, “Güc birlikdədir” olmalıdır.
- Milli Hərəkatçıların heç bir ədəbi ziyalısı farsca əsər yazmamalı, fars dilinin inkişafına yardımda bulunmamalıdır. Unudulmamalıdır ki, fars dilini zənginləşdirənlər fars əsilli deyil, Xaqani, Nizami, Saib Təbrizi, Şəhriyar və s. kimi Türk əsilli sənətkarlar və Türk siyasi iqtidarları olmuşlar. Böyük Məmmədəmin Rəsulzadənin göstərdiyi kimi: “Fars dili əlil və can verməkdə olan bir çocuğa bənzəyirdi. Türk siyasi iqtidarları (və dahi sənətkarları-A.M.) bu əlil çocuğu sağlamlaşdırıb Türk dilini həzm edən bir canavara dönüşdürdülər” (M.Ə. Rəsulzadə, Azərbaycan şairi Nizami).
- Milli Hərəkatçılar bu həqiqəti qəbul etməlidirlər ki, indiki anda Güney Azərbaycan Azərbaycan Türklərinin real vətəni deyil, düşüncə vətənidir. Güney Azərbaycan o zaman Azərbaycan Türklərinin real vətəni olacaq ki, Güney Azərbaycan öz müstəqilliyini əldə etsin və sonda Güneyli Quzeyli Azərbaycan birləşib tarixi ədalətsizliyə son qoysun, Vahid Azərbaycanı Azərbaycan Türkləri birlikdə müdafiə etsinlər.
- Güney Azərbaycanın müstəqilliyini istəyən Azərbaycan din xadimləri də fars millətçiliyi və şiə fanatizmindən arınmış İslamın özünə uyğun inanc sistemini gəlişdirərək Milli Hərəkatçıların dini dünyagörüşünə qatqıda bulunmaq missiyasını öz üzərlərinə götürməlidirlər.
- Milli Hərəkatçılar BMT-nin raportunda Güney Azərbaycan Türklərinin sayının 30 milyon (Buraya özünü fars dilli sayan Türkləri də əalavə etsək onda bu rəqəm daha da artmış olar - A.M.) olaraq göstərildiyini, BMT-nin İnsan Haqları Komissiyasının İran üzrə xüsusi təmsilçisi olmuş Maurice Coptronun şovinist fars molla rejimi tərəfindən Azərbaycan Türklərinin assimilyasiyaya məruz qaldıqlarını, öz dillərindən məhrum edildiyini, onların öz övladlarına Türkcə adlar verilməsinə imkan verilmədiyini, Türkcə yer adlarının farsca dəyişdirildiyini, tələbələrə təcavüz edildiyini, Azərbaycan Türkcəsində nəşr olunan qəzet və dərgilərin qapadılamsını və s. qeyd etdiyini nəzərə alaraq imzalar toplayıb aşağıdakı məzmunda müraciəti BMT-yə təqdim etməlidirlər:
İran İslam Respublikası:
- Qəbul etdiyi Konstitusiyasına və imza atdığı Beynəlxalq sənədlərə hörmətlə yanaşsın;
- Qırx milyonluq Azərbaycan Türkünün assimilyasiyaya uğradılmasına son qoysun;
- Qırx milyonluq Azərbaycan Türkünün ana dilinə qadağa qoymasın, onun ana dilində təhsil almasına, ana dilində azad mətbuatının, radio və televiziyasının fəaliyyət göstərməsinə şərait yaratsın;
- Əlli milyonluq Azərbaycan Türkünün tarixini danmasın, onun yaratdığı maddi-mədəniyyət nümunələrini farsların adına çıxmasın;
- Tarixə öz milli və mənəvi möhürünü vurmuş, dünya mədəniyyətinə öz unikal töhvələrini vermiş qırx milyonluq Azərbaycan Türkünü fars şovinizminin girovuna çevirməsin;
- Qırx milyonluq Azərbaycan Türkünün öz müqəddəratını təyin etməsinə əvvəllər olduğu kimi bu gün də dünyada analoqu olmayan vəhşilik göstərməsin;
- İran İslam Respublikasının iqtidarına anladılsın ki, qırx milyonluq bir xalq öz ana dilində oxumaq, yazmaq, məktəblər, univrsitetlər açmaq, öz milli tarixini, milli mədəniyyətini öz dilində öyrənmək, öyrətmək, öz milli musiqisini inkişaf etdirmək, öz siyasi təşkilatını yaratmaq, sərbəst toplaşmaq azadlığı, öz milli sərvətinə sahib çıxmaq və bu sərvətdən özü yararlanmaq, özü-özünü idarə etmək, öz istədiyini iqtidara gətirmək, öz müqəddəratını özü təyin etmək, bir sözlə, öz Müstəqil Dövlətini yaradıb müstəqil yaşamaq istəyir.
- Güney Azərbaycan Türklərinin müstəqillik tələbi müasir dünyanın demokratik tələblərinə tamamilə uyğundur.
- Milli Hərəkatçılar tarixi xətalarımızı təkrar etməkdən çəkinərək heç bir vəchlə ipin ucunu kimsənin əlinə verməməli, xalqımızın iradə və gücünə güvənməklə BMT-nin “Ümumi Bəyannaməsi”ndə öz əksini tapmış “Millətlərin öz müqəddəratını təyin etmə hüququ”nu və digər Beynəlxalq dəstəklə Güney Azərbaycanın Milli Müstəqilliyini əldə etməsinə çalışmalıdırlar. Bunun üçün onlar Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Demokratik Milli Birlik Şurası, Bütöv Azərbaycan Birliyi və s. bu kimi sırf Güney Azərbaycanla məşğul olan təşkilatlar və Strateji Araşdırma Mərkəzləri ilə sıx əlaqə yaratmalı, Güney Azərbaycanla bağlı elmi araşdırmaları sistemləşdirməli və vahid proqram şəklində xalqa çatdırmalıdırlar.
Milli Hərəkat qarşısında qoyulan bu tələblər birdən-birə yox, mərhələ-mərhələ, həm obyektiv və həm də subyektiv şərtləri nəzərə alaraq həyata keçirilməlidir. Bu işdə adı çəkilən digər təşkilatların da üzərinə müəyyən vəzifələr düşür. Belə ki, Dünya Azərbaycanlıları Konqresi Beynəlxalq təşkilatlarda vaxtaşırı Güney Azərbaycan məsələsinin gündəmdə saxlanılmasına, Güney Azərbaycan probleminin tarixi kökləri, mövcud durumu haqqında dünyanın demokratik dövlətlərini tam məlumatlandırmasına, Azərbaycan və Azərbaycan Türklərinin ikiyə bölünmüş ölkə və xalq olduğunu dünya ictimaiyyətinə çatdırmaqla ikiyə bölünmüş xalq statusunun əldə edilməsinə, Azərbaycanın bütövləşməsi üçün dünyanın mütərəqqi dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlardan, strateji tərəfdarlardan və dünyanın nüfuzlu şəxslərindən yararlanmağa çalışmalıdır.
Bütün bu təşkilatlar milli təşkilatlanmanı gücləndirmək üçün birgə vahid milli proqram hazırlamalı, Güney, Quzey və xaricdəki milli təşkilatları əlaqələndirərək Elçibəyin irəli sürdüyü “Üçbucaqlı vahid milli təşkilat” sistemini yaratmalıdırlar.
Biz birgə Güney və Quzey Azərbaycanda xalqın milli kimlik şüuruna həryönlü yiyələnməsinə nail olmalı, xalqı milli-siyasi ideallar ətrafında birləşdirməyə, Azərbaycanın əsas problemlərini 50 milyonluq xalqın ümummilli işinə çevirməyə və milli gücü vahid bir ideya ətrafında cəmləşdirməyə, bütün vətəndaşlarımızın demokratik dəyərlərə yiyələnməsinə, insan haqları, vətəndaş hüquqları və azadlıqlarının qorunmasına çalışmalıyıq.
Bəllidir ki, azadlıq idealist bir məfkurənin məhsuludur. Azadlıq insan ruhunun qurtuluşudur. Azadlıq mənəvi tələbatdır. Azadlıq başqasının köləsi olmamaq, öz düşüncə və əməllərini istədiyin kimi sərbəst gerçəkləşdirməkdir. Doğrudur, biz indiki halda rəsmi və ruhi olaraq 50 milyonluq bir xalqıq, lakin siyasi-ideoloji baxışlarımız hələ yaxınlaşıb tam bir vəhdət təşkil etməyib. Çünki, ideoloji-siyasi baxışların yaxınlaşıb tam vəhdət təşkil etməsi ictimai bir hadisədir. İctimai hadisələr isə zamanla formalaşır. Çağdaş dünyada silahlı mübarizə yolu çox da təqdir olunmur. Adətən təkamül və islahatlar yolu ilə istəyə çatmağa çalışılır. Çünki, bu yollarla mübarizə aparmaq qan tökməkdən, kütləvi insan qırğınlarından daha məqbuldur.
Bu gün millətlərin milli kimlik şüurunun formalaşması, özünüdərki tarixin tələbidir. Özünü dərk edən millətimiz də çalışacaq ki, bütün milli istəklərini həyata keçirmək üçün Müstəqil, Milli, Demokratik, Bütöv Azərbaycan Dövlətini yaratsın. Bütöv Azərbaycan Dövlətinin yaranması birbaşa Güney Azərbaycanın müstəqil olmasından asılıdır. Bütöv Azərbaycan Dövlətinin yaranmasını Ümummilli Hərəkat, Güney Azərbaycanın müstəqilliyini isə Güney Azərbaycan Milli Hərəkatı yerinə yetirəcək. XX əsrin əvvəllərində yaranmış “Turançılıq” ideyası Türkçülüyü qələbəyə ulaşdırdığı və əsrin əvvəllərində “Quzey Azərbaycan” və “Türkiyə” Cümhuriyyətlərini, əsrin sonunda isə yeddi Türk Cümhuriyyətini bəxş etdiyi kimi “Bütöv Azərbaycan” ideyası da ilk öncə Güney Azərbaycanın müstəqilliyi, sonda isə hər iki Azərbaycanın birləşməsi ilə nəticələnəcək.
Bütün Türk dünyası anlamalıdır ki, onun dünyada söz sahibi olması Güney Azərbaycanın müstəqilliyindən asılıdır. Ona görə də bu gün bütün Türk dünyası Güney Azərbaycan Milli Hərəkatına həryönlü köməklik göstərməlidir.
Yaşasın Güney Azərbaycan Milli Hərəkatı!
Tanrı Güney Azərbaycan Milli Hərəkatçılarına qüvvət versin! Amin!
Dostları ilə paylaş: |