Tətbiq edildiyi nahiyədə hissiyatın -ilk növbədə ağrı hissinin müvəqqəti olaraq itməsinə səbəb olan dərman maddələri yerli anesteziyaedici dərman maddələri, yaxud yerli anestetiklər adlanır (an-olmamaq, aesthaesis-hiss, duyğu deməkdir), Bu dərman maddələri bilavasitə hissi sinir uclarına və hissi sinirlərə təsir göstərərək oyanmanın əmələ gəlməsinə (reseptorlarda) ve ötürülməsinə (sinirlərdə) mane olur.
Yerli anesteziyaedici dərman maddələrinin təsir mexanizmi onların natrium ionları kanallarını blokadaya almaları ilə əlaqədardır. (İon kanalları — hüceyrə membranında olan və müxtəlif ionların seçici olaraq hüceyrəyə və hüceyrədən mühitə keçməsini təmin edən məsamələrdir).