Ders-2. İnformasiya anlayışı, onun formaları və xassələri
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio» sözündən yaranmışdır. İnformatikada informasiya ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.
İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur. İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür.
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli informasiyaların köməyilə fəaliyyət göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları daşıyır. Bu tipli informasiyanı analoq informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir — biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı iki bulud görə bilmərik.
Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək olar. Bu formada təsvir edilən informasiya rəqəmli informasiya adlanır.
Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu sayından istifadə edilir.
Analoq informasiyanın rəqəmli şəkildə təsviri analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın olar.
Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi informasiyadır və kodlarla ifadə olunur.
rəqəmli və analoq informasiya
İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik, 5) təzəlilik və s. kimi xassələri vardır.
İnformasiya yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt «verilənlər» sözü ilə ifadə olunur. «Verilənlər» (ing. data) texniki vasitələrlə (məsələn, kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir edilən (kodlaşdırılan) məlumatdır. «Verilən» termini latınca «datum» (fakt) sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.
Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada istifadə edilir.
Tipinə görə verilənləri 4 qrupa ayırırlar:
— hesabi (və ya rəqəm tipli);
— mətn (və ya simvol tipli);
— məntiqi tipli;
— göstərici tipli.
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., «yaşı-28»).
Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., «qırmızı rəngli»).
Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., «18 ədədinin tək ədəd olması doğru deyil»).
Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur.
Qeyd edək ki, proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, ölçüsünə görə də xarakterizə edilir.
Dostları ilə paylaş: |