Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 2.85 Kb.
PDF просмотр
səhifə1/13
tarix26.05.2017
ölçüsü2.85 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

 
HÜMBƏTOV  H. S. HÜSEYNOV A. R. 
 
 
 
 
 
 
 
 
 
 
YEM  OTLARI 
(dərs vəsaiti) 
 
 
 
 
 
Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il 
tarixli  323 saylı əmrinə əsasən dərs vəsaiti  kimi təsdiq edilib qrif 
verilmişdir 
 
 
 
 
 
 
 
 
BAKI   “Elm və təhsil”   2013 
Yemçiliyin inkişafında əvəzsiz 
xidmətləri olan gözəl alim        
T. M. Tağıyevin xatirəsinə 
ehtiramla.  
 


 
Elmi redaktor: Azərbaycan Elmi -Tədqiqat Yemçilik, Çəmənçilik 
və  Otlaqlar  institutunun    (Az.ETYÇOİ)  Seleksiya  və  genetik ehtiyatlar 
şöbəsinin müdiri  Qasımov  H. Y. 
 
 
 
Rəy verənlər:  
 
Az.ETYÇOİ -nin Otlaq və biçənəklər şöbəsinin  müdiri Zeynalov  R. N.  
GDPU-nin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, 
əməkdar elm xadimi, professor  Novruzov V. S. 
ADAU-nun  Heyvandarlıq  və  balıq  məhsulları  istehsalı  texnologiyası 
kafedrasının müdiri, k/t. e. d. professor, Rusiya Aqrar Təhsil  Akademi-
yasının akademiki  Abdullayev Q. Q. 
AzETHİ-nin direktoru,  k/t  üzrə elmlər doktoru  Balakişiyev  M. Q. 
 
 
Hümbətov  H. S., Hüseynov A. R. Yem otları,  Bakı: “Elm və 
təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi 2013, 184 s. şəkilli 
 
Vəsaitdə əsas taxıl, paxlalı və qeyri ənənəvi yem bitkilərinin təsər-
rüfat əhəmiyyəti,  botaniki-morfoloji və   bioloji xüsusiyyətləri, becəril-
mə  texnologiyası,  inkişaf  tarixi,  heyvan  yemlərin    istehsal  formaları, 
mövcud  yem  otlarının  məhsuldarlığı,  kimyəvi  tərkibi,  seleksiyası,  to-
xumçuluğu, yem tədarükü, yem otlarının əkildiyi sahələrin inkişaf pers-
pektivləri bir sözlə,  yem istehsalının bütün sahələri üzrə əsas prinsipial 
məsələlərə dair ətraflı məlumat verilmişdir.  
Dərs  vəsaiti  əsasən  ali  və  orta  ixtisas  məktəblərinin  biologiya, 
ekologiya,  aqronomluq  ixtisaslarının  bakalavr  və  magistr  pilləsində 
təhsil alan tələbələr, bu fənlərin tədrisi ilə məşğul olan müəllimlər, flora 
və  bitkiçiliklə  məşğul  olan  digər  şəxslər  üçün  nəzərdə  tutulmuşdur. 
Lakin,  ondan  aqronomlar,  fermerlər,  zootexnuklər,  yem  istehsalı  sahə-
sində çalışanlar, eləcə də yem məhsulları istehsalı ilə maraqlanan hər bir 
oxucu faydalana bilər.     
 
 
2013
098
11
3701000000


N
 qrifli nəşr           © Hümbətov, Hüseynov 2013  
 


 
GİRİŞ 
Yem istehsalının artırılması, biçənəklərin, otlaqların və ot əki-
ni sahələrinin genişləndirilməsi və məhsuldarlığının artırılması öl-
kəmizdə  heyvandarlığın  inkişaf  etdirilməsi  və  onun  məhsuldar-
lığının artırılmasında başlıca şərtdir. 
Heyvandarlıq məhsullarının artırılması isə, hər şeydən əvvəl, 
ölkəmizdə  yemçiliyi  inkişaf  etdirmək  və  möhkəm  yem  bazası 
yaratmaq  yolu  ilə  təmin  edilə  bilər. Bu  mühüm  məsələni  müvəf-
fəqiyyətlə həll etmək üçün yeni yüksək keyfiyyətli və məhsuldar 
yem  bitkiləri  sortları  yaratmaqla  yanaşı,  ayrı-ayrı  elmi-tədqiqat 
müəssisələri tərəfindən əldə edilmiş  müxtəlif  yem bitkisi sortları 
Azərbaycanın  iqlim-torpaq  şəraitində  sınaqdan  keçirilməli,  onla-
rın  bioloji  və  təsərrüfat  xüsusiyyətləri  öyrənilməlidir.  Bundan 
başqa perspektiv sortların təsərrüfatda becərilməsinə, onların əkin 
sahələrinin  genişləndirilməsinə  və  yemçiliyin  inkişafına  mane 
olan nöqsanlar aradan qaldırılmalıdır.  
Yem  olmadan  heyvandarlığı  inkişaf  etdirmək,  yüngül  səna-
yenin,  əhalinin  heyvandarlıq  məhsuluna  artmaqda  olan    tələbini 
ödəmək və insanların sağlamlığını qorumaq mümkün deyildir.  
Azərbaycanda  yem  istehsalının  tarixi  çox  qədimdir.  Qeyd 
etmək  lazımdır  ki,  XVII-XVIII  əsrlərdə,  xüsusilə  XIX  əsrin 
axırlarında Azərbaycanla dünyanın bir sıra ölkələri arasında olan 
ticarət  əlaqələrinin  genişlənməsi  istehsalın  başqa  sahələri  kimi, 
yemçiliyə də müəyyən dərəcədə müsbət təsir göstərmişdir. 
Tarixi məlumatlara görə  o dövrdə Azərbaycandakı bəzi yem 
bitkilərinin  toxumu  qiymətli  əkin  materialı    kimi    xaricə  göndə-
rilir, bəzi bitkilərin toxumu isə Azərbaycana gətirilirdi. 
Beləliklə,  bəzi  təsərrüfatlarda  çox  ibtidai  formada  olsa  da, 
yem  bitkilərinin  toxumçuluğuna  aid  (toxum  istehsalı,  tədarükü, 
təmizliyi, saflığı, məhsuldarlığı, onların zərərverici və xəstəliklər-
dən qorunması, sağlamlığı, toxumluq sahələrin vaxtında ayrılması, 
toxumun  toplanması,  onların  yazda  və  payızda  səpilməsi,  əkin 
sahələrinin əvvəlcədən hazırlanması, səpinin vaxtında keçirilməsi 
və s.) bir sıra tədbirlər hazırlanıb həyata keçirilirmiş. 


 
Bu  dövrdə  toxumçuluğa  aid  müəyyən  tədbirlərin  görülməsi 
bəzi yem bitkisi çeşidlərinin əsrlər boyu təsərrüfatlarda saxlanma-
sına  səbəb  olmuş,  xalq  seleksiyası  tərəfindən  yaradılmış  bir  sıra 
qiymətli bitki çeşidlərinin nəsildən-nəslə verilməsinə imkan yarat-
mışdır. 
Yemçiliyin  tarixi  iki  əsas  dövrə  ayrılır.  Birincisi,  sadə  yem 
istehsalı tarixi; ikincisi, mədəni yem istehsalı tarixidir. 
Sadə yem istehsalı tarixi qədim maldarlığın meydana gəlməsi 
ilə əlaqədardır. Yem istehsalının bu formasının  yaranmasında bir 
sıra  təbii-tarixi  hadisələrin  və  ictimai  yaradıcı  amillərin  böyük 
rolu olmuşdur. Məsələn, təbii-bioloji qanuna əsasən qədim insan-
ların əsas qidasını ətin təşkil etməsi, odun kəşfi, ətin odda bişirilib 
yeyilməsi, vəhşi heyvanların əhliləşdirilməsi və s. sadə yem isteh-
salının yaranma prosesinə böyük təsir göstərmişdir. 
Qədim insanların ikinci ən böyük nailiyyəti  olan çörəyin əldə 
edilməsi  yemçiliyin  inkişafında,  xüsusilə  mədəni  yem  istehsalı 
formasının yaranmasında böyük rol oynamışdır. 
Qədim insanların əsas qidasını təşkil edən bu iki təbii nemət, 
yəni ət və çörək sonralar kollektiv əməkdə böyük dönüş yaratmış, 
nəticədə  qəbilə  və  tayfaları  maldarlıq  və  əkinçiliklə  daha  ciddi 
məşğul olmağa məcbur etmişdir. 
Mədəni  yem  istehsalı  tarixi  yem  istehsalının  əkinçiliklə  əla-
qələndirildiyi, yəni yem əhəmiyyəti olan bitkilərin əkinçiliyə daxil 
edildiyi və becərildiyi  vaxtdan başlayır.  Maldarlıq sürətlə inkişaf 
etdiyindən  təbii  yem  mənbələri  daha  heyvandarlığın  tələbatını 
ödəmirdi.  Buna  görə  də  maldarlar  və  əkinçilər  yeni  mənbələr 
axtarmaq  və  bol  yem  ehtiyatı  yaratmaq  fikrinə  düşür,  müxtəlif 
tədbirlərə  əl  atmalı  olurlar.  Bu  işdə  heyvandarlıqda  olduğu  kimi, 
bitkiçilikdə də kortəbii, süni seçmə nəticəsində əldə edilmiş bitki 
növlərinin  böyük  əhəmiyyəti  olmuşdur.  Həmin  bitkiləri  insanlar 
əkib-becərərək, süni çəmənliklər yaratmağa, bu çəmənliklərin otu-
nu toplamaqla yem istehsalının yeni formasına - mədəni yem is-
tehsalına” başlamışlar ki, bu da yemçiliyin tarixində ən böyük dö-
nüş  hesab  olunur.  Beləliklə,  yem  istehsalını  insanlar  əkinçiliklə 
əlaqələndirmiş olurlar. 
 


 
Məhz buna görə də mədəni, yem istehsalının tarixi onun əkin-
çiliklə əlaqələndirildiyi, yəni yem əhəmiyyəti olan bitkilərin əkin-
çiliyə daxil edildiyi dövrdən başlayır. 
Əsas  yem  mənbələri iki cürdür. Birinciyə, təbii  yem  mənbə-
ləri, yəni təbii biçənəklər və otlaqlar daxildir. İkincisi, əkinçiliklə 
əlaqədar  olan  yem  mənbələridir.  Buraya  yem  əhəmiyyəti  kəsb 
edən  və  müxtəlif  növə  mənsub  olan  birillik  və  çoxillik  bitkilərin 
əkin sahələri, habelə süni biçənəklər aiddir. 
Müxtəlif  fəsilələrə  mənsub  olan  bir  sıra  ot  bitkiləri  qiymətli 
yem olmaqla yanaşı, bir sıra müsbət  təsərrüfat və bioloji xüsusiy-
yətlərinə  görə  istehsalatda  geniş  yer  tutmuşdur.  Məsələn,  paxla-
lılar  fəsiləsinə  aid  olan  yem  bitkiləri  torpağın  strukturunu  yaxşı-
laşdırmaq, münbitliyini artırmaq və onu humusla zənginləşdirmək 
qabiliyyətinə malikdirlər. 
Başqa  bitkilərdən  fərqli  olaraq,  paxlalı  yem  bitkiləri  kök 
yumruları  və  kök  qalıqları  hesabına  torpaqda  azotun  toplanılma-
sına əhəmiyyətli dərəcədə təsir göstərirlər. 
 
Aparılan hesablamalar 
göstərir ki, suvarma şəraitində inkişafın birinci ilində orta hesabla 
hər  bir  yonca  bitkisinin  kökündə  18-19,  xaşanınkında  25-26, 
lərgəninkində 23, çöl noxudununkunda 20-yə qədər kök yumrusu 
əmələ gəlir. 
Hər  kök  yumrusunun  içərisində  milyonlarla  bakteriya  olur. 
Bu  bakteriyalar  bitkiləri  havanın  sərbəst  azotu  ilə  təmin  edir  və 
torpağın azotla zənginləşməsinə səbəb olur. 
Yem  otlarının  bəzi  növləri  bostan,  tərəvəz,  taxıl  və  texniki 
bitkilər üçün gözəl sələfdirlər. 
Bəzi ot bitkiləri (xüsusilə yonca və xaşa) becərildikləri torpa-
ğın fiziki-kimyəvi xüsusiyyətini yaxşılaşdırmaqla bərabər, eroziya 
prosesinin və şoranlaşmanın qarşısını alır. 
Yem  bitkilərinin  elə  növü  vardır  ki,  onlar  (xaşa  nəzərdə  tu-
tulur) kök ifrazı vasitəsi ilə torpaqda çətin həll olunan  maddələri 
asan həll olunan və bitkilərin tez mənimsəyə bildiyi formaya salır. 
Bəzi yem bitkiləri (xüsusilə çoxilliklər) turş torpaq və bataq-
lıqlardan başqa, hər cür torpaqlarda böyüyüb inkişaf edirlər, isti-
yə  davamlı  olduqları  kimi  soyuğa  da  dözürlər.  Soyuğa  davam-


 
lılığın  nəticəsidir  ki,  yem  bitkilərinin  bəzi  növləri  şimal  rayon-
larında belə müvəffəqiyyətlə becərilir. 
Başqa  bitkilərə  nisbətən  paxlalı  bitkilərin  bəzi 
 
növləri  tez 
çiçək  açır,  çiçəklərində  çoxlu  nektar  olduğu  üçün  arılardan  ötrü 
əsas balverən bitki hesab olunurlar. Ona görə də, arıçılıqla məşğul 
olan təsərrüfatlar əsas yem bitkisi kimi paxlalı bitkiləri seçirlər. 
Qabaqcıl  arıçıların  təcrübəsi  sübut  etmişdir  ki,  orta  hesabla 
hər  hektar  xaşa  və  yoncanın  ot  əkini  sahəsində  saxlanılan  arı 
ailələri  100  kiloqrama  qədər  bal  toplaya  bilir.  Həm  də  xaşa  və 
yoncanın çiçəyindən hazırlanan bal daha keyfiyyətli və tamlı olur. 
Buna  görə  kənd  təsərrüfatının  mühüm  sahəsi  olan  arıçılığın 
inkişafı paxlalı bitkilərin becərilməsi ilə üzvi surətdə əlaqədardır. 
Yaşayış məntəqələrinin yaşıllaşdırılmasında ot bitkilərinin ro-
lu böyükdür. Məsələn, xaşa, yonca və çobantoxmağı qiymətli bə-
zək  materialıdır.  Bu  bitkilərdən  bağların,  parkların,  zavod-fabrik 
həyətlərinin,  istirahət  meydançalarının,  yol  kənarlarının,    kəndlə-
rin və şəhərlərin yaşıllaşdırılması işində geniş istifadə olunur.  
Yem  bitkilərinin  faydalı  cəhətlərindən  biri  də  onların  otlaq 
əhəmiyyətidir.  Otlaqların  məhsuldarlığını  artırmaqda,  bitki  örtü-
yünü  zənginləşdirməkdə  və  yaxşılaşdırmaqda  yem  bitkilərinin 
əhəmiyyəti  böyükdür.  Məsələn,  yoncanı,  xaşanı  və  çobantoxma-
ğını xalis və müxtəlif növ yem bitkiləri ilə qarışıq səpdikdə otlaq-
ların məhsuldarlığı artır və bitki örtüyü zənginləşir. Səpin aparıl-
mış sahələr təkcə süni otlaq kimi deyil, eyni zamanda süni biçənək 
kimi də istifadə edilir. 
Yem bitkilərinin müsbət əlamətlərindən birn də
 
ondan ibarət-
dir  ki,  respublikamızda  bu  bitkilər  yağıntıların  illik  miqdarının 
450-550 mm-ə çatdığı dağlıq zonada məhsul verir, dəmyədə yetiş-
dirildikdə  elə bir yem bitkisi yoxdur ki, o, yonca və xaşa ilə rəqa-
bətə girib onlar qədər ot məhsulu versin. 
Qeyd  etmək  lazımdır  ki,  yem  bitkiləri  planetimizdə  azot 
balansını nizama salan təbii fabrik rolunu oynayırlar. 
Yem  otlarının  istehsalının  artırılması  heyvandarlığın  inkişaf 
etdirilməsinə  əhalinin  heyvandarlıq  məhsullarına  getdikcə  artan 
tələbatının  lazımınca  ödənilməsinə  imkan  verir.  Məhz  buna  görə 


 
də respublikamızda son dövrlər qəbul olunmuş qanun və fərman-
larda  (2008-2015-ci  illərdə  Azərbaycan  respublikasında  əhalinin 
ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı; 
2008-2015-ci  illərdə  Azərbaycan  respublikasında  yoxsulluğun 
azaldılması və davamlı inkişaf Dövlət Proqramı; Azərbaycan res-
publikası  regionlarının  2004-2008  və  2009-2013  -  cü  illərdə  so-
sial-iqtisadi  inkişafı  Dövlət  Proqramı)  yem  bitkilərinin  yetişdiril-
məsi, onlardan yüksək məhsul götürülməsi  və onlarla heyvanların 
qidalandırılması  fermer  təsərrüfatları  qarşısında  ən  zəruri  vəzifə 
kimi qoyulmuşdur. 
 2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin 
ərzaq  məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramında 
dənli  bitkilərin  əkin  sahələrini  900  min  hektara,  məhsuldarlığını 
3,2  ton/ha-ya,  ümumi    istehsalını  2,8  milyon    tona,  ət  istehsalını 
340 min  tona, süd və süd məhsulları istehsalını 2,4 milyon tona, 
sənaye üsulu ilə illik quş 
əti istehsalını  80 min tona, yumurta  is-
tehsalını 1,3 milyard ədədə, kartof  istehsalının həcmini 1,12 mil-
yon tona, tərəvəz və bostan məhsulları  istehsalını 1,72 milyon to-
na, meyvə istehsalını  800 min tona, yağlı  bitkilərin əkin sahələri-
ni 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hek-
tara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sa-
hələrini 500 min hektara, yüksək keyfiyyətli balanslaşdırılmış  qa-
rışıq  yem  istehsalını  ildə  2  milyon  tona  çatdırmaq  kimi  mühüm 
vəzifələr qarşıya qoyulmuşdur. 
Buna cavab olaraq Azərbaycanda 2010-cu ildə 3 908 600 ton 
ot tədarük edilmişdir ki, bunun da 9700 tonu birillik otların, 2 217 
600 tonu isə çoxillik otların payına düşür. Birillik otların məhsul-
darlığı (quru ot hesabi ilə) 35,3  s/ha, çoxillik otların məhsuldar-
lığı isə 61,3 s/ha təşkil etmişdir. Bundan başqa  təbii  və yaxşılaş-
dırılmış biçənəklərdən 1 581 300 ton ot istehsal olunmuşdur, biçə-
nəklərin məhsuldarlığı isə 46,9 s/ha təşkil etmişdir. 
 
 
 
 


 
I FƏSİL.  BİRİLLİK  TAXIL  OTLARI 
 
Taxıl  otları  MDB  ərazisində  ot  örtüyünün  əsasını  təşkil  et-
məklə 129 cinsdə toplanan 1000 - ə qədər növü əhatə edir. Ancaq 
səpin üçün 27 cinsi əhatə edən 41 növü istifadə edilir.  
Birillik  taxıl  otlarından  Azərbaycanda  ən  çox  əkilib-becəri-
lənlərinə  misal  olaraq  sorqo  cinsinin  sudanotu  növünü  (Sorghum 
sudanense  Pers.),  Setaria  cinsinin  moqar  yarımnövünü  (Setaria 
italica ssp. mocharium Alef.) və birillik qaramuğu (Lolium multi-
florum Lam. var. westervoldicum) göstərmək olar. Bu bitkilər qu-
ruluşca dənli- taxıl bitkilərinə oxşardır. 
 
1. 1. Sudanotu 
 
Əhəmiyyəti.  Sudanotu  quru  ot  və  yaşıl  kütlə  məhsulu  verir. 
Məhsuldarlığına  görə  sudanotu  bütün  birillik  taxıl  otlarını  ötüb 
keçir. Yaxşı aqrotexniki fonda sudanotu hektardan 50-70 və hətta 
100 sentnerə qədər quru ot məhsulu verir. 
Tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  kövşənlik  əkinlərində 
suvarılan  rayonlarda  sudanotu  uzun  müddət  hektardan  250-280 
sentner yaşıl kütlə məhsulu vermişdir.  
Sudanotunun  bir  kq  yaşıl  kütləsində  65-80  mq  karotin,  quru 
otunda  9-10%  zülal  var.  Tərkibində    60%    həzm  olunan  protein, 
45% yağ,  73%  azotsuz ekstraktiv maddələr, 70% sellüloz vardır. 
Vətəni Sudan ölkəsidir. 
Botaniki təsviri. Sudanotu (Sorghum sudanense Pers.) güclü 
inkişaf etmiş, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m 
dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudano-
tunun  aşağı  gövdə  buğumlarından  6-8  sm  uzunluğunda  dayaq, 
yaxud hava kökləri əmələ gəlir. 
Gövdəsi silindir şəkilli, içərisi məsaməli ağ parenxim hücey-
rələrlə doludur. Gövdədə buğumaralarının miqdarı sortdan və sor-
tun vegetasiya  müddətinin uzunluğundan asılıdır. Gövdənin  hün-
dürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 
buğumarası olur (şəkil 1). 


 
Ümumi kollanmasına görə sudanotu üç qrupa bölünür: 
1. zəif kollanan - 12 ədədə qədər budaq əmələ gətirən, 2. orta də-
rəcədə  kollanan  -12-25-ə  qədər  budaq  əmələ  gətirən,  3.  şiddətli 
kollanan - 25- dən yuxarı budaq əmələ gətirən. 
Kolun formasına görə sudanotu dikduran, zəif dağınıq, dağı-
nıq,  yarıməyilmiş  və  əyilmiş  formalara  bölünür.  Ən  çox  yayılan 
formalar dikduran və zəif dağılandır. 
Yarpaq,  yarpaq  ayası  və  yarpaq  qınından  ibarətdir.  Yarpaq 
səthi geniş şırımlı, çılpaq, düz, kənarları girintili-çıxıntılı və uzun-
luğu  60  sm-ə  qədərdir.  Yemlik  dəyərinə  görə  daha  artıq  inkişaf 
etmiş orta yarus yarpaqları çox qiymətlidir. Yarpaqlanma dərəcə-
sinə görə Sudanotu 3 qrupa ayrılır:  
1. Zəif  yarpaqlanan – əsas gövdədə 6 - ya qədər yarpaq olur. 
2.  Orta  dərəcədə  yarpaqlanan  –  əsas  gövdədə  yarpaqların 
miqdarı 6-9 ədəd olur. 3. Yaxşı yarpaqlanan – yarpaqların miqdarı 
9 ədəddən yuxarı olur. 
Çiçək  qrupu  çox  sünbüllü  süpürgədir.  Süpürgənin  uzunluğu 
40  sm-ə  çatır.  Sünbülcüklər  süpürgənin  nəhayətində  yerləşir. 
Meyvəsi sünbülcük pulcuğu ilə kip bağlanmış dəndir. Hər süpür-
gədən 4-5 qram dən alınır. Dənin mütləq kütləsi 10-15 qramdır.  
Bioloji  xüsusiyyətləri.  Sudanotu  istilik  sevən  bitkidir.  To-
xumların  minimal  cücərmə  temperaturu  8-10 
0
C,  optimal  isə  20-
30 
0
C-dir. Faydalı temperaturun cəmi sortun tam inkişafı və yetiş-
mə müddətindən asılı olaraq 2200-3000 
0
C arasında tərəddüd edir. 
Mənfi  3-  4 
0
C  şaxtada  bitkinin  cücərtiləri  məhv  olur.  Orta  gün-
dəlik temperatur 10 
0
C keçdikdə bitki intensiv inkişaf edir. 
Güclü  kök  sistemi  və  vegetasiya  müddətinin  uzun  olmasına 
görə sudanotu quraqlığa davamlıdır. Əsasən torpağın dərin qatla-
rındakı nəmlikdən istifadə edir. Onun səpinlərini növbəli əkin tar-
lasına  da  yerləşdirərkən  bu  vəziyyətini  nəzərə  almaq  zəruridir. 
Məsələn, günəbaxan  bitkisi  sudanotu kimi torpağın 1 m və daha 
artıq dərinliyindəki nəmlikdən istifadə edir. Ona görə də bu bitkini 
sudanotundan  sonra  yaxud  əksinə,  sudanotunu  günəbaxandan 
sonra suvarılan bölgələrdə yerləşdirmək arzuolunmazdır. Bu bitki 
suvarılmaya  yaxşı  reaksiya  göstərir,  quru  ot  yaxud  yaşıl  kütlə 

10 
 
məhsulu kəskin artır. Artıq nəmliyə dözmür. 
Sudanotu  qısa  gün  bitkisidir.  Uzun  gündə  inkişafı  bir  qədər 
zəifləyir.  
Qaratorpaq  və  şabalıdı  torpaqlarda  yaxşı  inkişaf  edir.  Zəif 
turşuluğa dözməsinə baxmayaraq şoran torpaqlarda bitmir. Qum-
sal və açıq-şabalıdı torpaqları sevmir.  Bir ton quru maddə yarat-
maq üçün sudanotu torpaqdan 25-30 kq azot, 6-7 kq fosfor və 15-
17 kq kalium elementi aparır. Sudanotu zəif inkişaf edərək səpin-
dən 5-6 həftə sonra 4-5 yarpaq əmələ gətirir. Kollanma fazası 5-ci 
yarpaq əmələ gəldikdə başlayır. Bu dövrdə gündəlik boy artımı 5-
10  sm-ə  çatır.  Gövdənin  böyüməsi  çiçəkləmə  fazasında  dayanır. 
Sudanotu  biçindən  sonra  gövdədə  qalan  gözcüklərdən,  yaxud 
kollanma buğumundan yeni budaqlar əmələ gətirərək inkişaf edir. 
Bəzən də gövdədə saxlanılmış boy  nöqtəsi hesabına inkişaf  edir. 
Bir ildə çoxlu biçimlər verir.  
Əsas  gövdədən  süpürgələrin  çıxması  adətən  cücərtilər  alın-
dıqdan  6-7  həftə  sonra  baş  verir  və  2-3  həftə  müddətinə  davam 
edir.  Çiçəkləmə  süpürgənin  yuxarı  hissəsində  başlayır  və  aşağı 
budaqcıqda  yerləşən  axırıncı  çiçəkdə  qurtarır.  Tozlanması  ane-
mofildir. Vegetasiya müddətinin uzunluğu 100-120 gündür. 
 Sortları:  Sudanotunun 20 - dən artıq sortu rayonlaşdırılmış-
dır. Ən çox yayılan sortları Brodskaya-2, Çernomorka və s. - dir.  
Azərbaycanda  (2010)  Şirokolistnaya  -  2  sortu  rayonlaşdırıl-
mışdır. Bu sort Kabardin- Balkar Dövlət k/t təcrübə stansiyasında 
1977-ci ildə yaradılmış orta yetişən sortdur. 
Növbəli əkində yeri. Sudanotu dənli-paxlalı bitkilər, payızlıq 
taxıllar,  qarğıdalı,  çoxillik  otlar  və  s.  tarla  bitkilərindən  sonra 
növbələnir.  Sudanotu  torpağın  dərinliyindəki  nəmlikdən  və  məh-
sul  əmələ  gətirmək  üçün  çoxlu  asan  mənimsənilən  azotdan  isti-
fadə  etdiyinə  görə  ondan  sonra  kök  sistemi  torpağın  dərin  qat-
larına  gedən  bitkiləri  növbələndirmək  olmaz  (şəkər  çuğunduru, 
günəbaxan və s.).  
Gübrələmə.  Hektara  15-20  ton  peyin  verdikdə  sudanotunun 
quru  ot  məhsuldarlığı  20-25%  artır.  Sudanotu  sələf  bitkisi  altına 
peyin verilməsinə yaxşı reaksiya göstərir. Əkinlərə təsir edici ma-

11 
 
ddə  hesabı  ilə  hektara  45  kq  azot  verdikdə  quru  ot  məhsuldarlığı 
12-15  sentner  artır.  Kalium  gübrəsi  qumluca  torpaqlarda  müsbət 
təsir  göstərir.  Məsləhət  görülür  ki,  əkinlərin  hər  hektarına  orta 
hesabla kimyəvi çəkidə 45-50 kq azot, 30-45 kq fosfor və 30-45 
kq kalium gübrəsi verilsin. 
Torpağın becərilməsi və səpin. Torpağın sudanotu üçün be-
cərilməsi  darı  bitkisində  olduğu  kimidir.  Üzləmə  və  erkən  şum-
lama bitkinin aqrotexnikasında böyük əhəmiyyət kəsb edir. Səpin 
qabağı  erkən  yazda  sahə  iki  iz  malalanır  və  iki  dəfə  kultivasiya 
çəkilir.  Birinci  kultivasiya  8-10  sm  dərinliyində,  ikinci  isə  səpin 
qabağı 4-5 sm dərinliyində aparılır, eyni dərinlikdə xırda toxum-
ları basdırmaq və effektli çıxışlar almaq üçün torpaq səpinqabağı 
sıxlaşdırılır. Yaz quraq keçdikdə birinci kultivasiyadan sonra tor-
pağın  sıxlaşdırılması  faydalıdır.  Bu  halda  torpaqda  nəmlik  yaxşı 
saxlanılır və cücərmiş alaqlar ikinci kultivasiyada məhv edilir. 
Sudanotunun səpininə torpağın 10 sm-lik qatında  temperatur 
10-12 
0
C olduqda başlanılır. Ot  məqsədi üçün səpin başdan-başa, 
toxum məqsədilə gencərgəli üsulla aparılır. Toxum ağır torpaqlar-
da  3-  4  sm,  yüngül  torpaqlarda  isə  6-8  sm-ə  qədər  dərinliyə  bas-
dırılır. Səpindən sonra tarlada tapanlama (kipləşdirmə) aparılır. 
Məhsulun yığılması. Quru ot üçün sudanotunu boruya çıxma 
fazasının  sonu  və  süpürgələmə  fazasının  başlanğıcında  biçməyə 
başlayırlar.  İkinci  və  üçüncü  biçimləri  də  30  günlük  fasilələrlə 
aparılır.  Biçinin  hündürlüyü  torpaq  səthindən  7-8  sm  olmalıdır. 
Biçinin  nisbətən  alçaqdan  aparılması  cavan  budaqların  inkişafını 
və yaşıl kütlə məhsuldarlığını aşağı salır. 
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə