Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5.43 Mb.
Pdf просмотр
səhifə5/13
tarix26.05.2017
ölçüsü5.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   13

2. 8. Çoxçalımlı qaramuq 
 
Çoxçalımlı qaramuq (Lolium multiflorum Lam.) tarla ot əkin-
lərində, otlaq   və biçənəklərin yaxşılaşdırılmasında istifadə edilən 
seyrəkkollu,  üst  mərtəbəli  taxıl  otudur.  Qışadavamlılığının  zəif 
olması və quraqlığa az davamlı olması ilə seçilir. Ona görə də qışı 
isti, yayı yağmurlu olan regionlarda becərilir. Tarla növbəli əkin-
lərində  təkrar  səpin  üçün,  paxlalı  otların  seyrəkliyini  aradan  qal-
dırmaq  üçün,  eləcə  də  birillik  otların  qarışığında  istifadə  edilə 
bilər. O, yaxşı bitir və çox tez məhsul formalaşdırır. 
Bu  növün  daxilində  ikiillik  qaramuqdan  başqa  həyatın  bir  il 
davam  etdirən  növmüxtəliflikləri  məsələn,  vestervold  qaramuğu 
(L. multiflorum var. vestervoldicum E. Br.) da vardır (birillik taxıl 
otları  bölməsində  bu    bitki  haqqında  məlumat  verilmişdir).  Bu 
növmüxtəlifliyi çoxillik otların örtüyünə səpmək üçün əlverişli he-
sab olunur.  Yemlik dəyəri yüksəkdir. 

61 
 
Hektardan 70-80 sen. quru ot, 7-10 sen. toxum verə bilər. Or-
ta quru ot məhsuldarlığı 40 - 45 sen., toxum məhsuldarlığı isə 4 - 
5 sen.- dir. 
Bitki 0,5-1,2 m hündürlükdə yaxşı yarpaqlanan (45%) ot tipli 
kol əmələ gətirir. Generativ gövdələrində sünbüldən aşağı hissəsi 
tüklü olur.  Yarpaqları uzun, 4-10 mm enində, tüksüz, parlaq-yaşıl 
rəngli,  alt  tərəfi  parlaqdır.  Dilçəsi  qısadır  (1-2  mm).  Çiçək  qrupu 
30  sm-ə  qədər  uzunluqda  yastı  sünbüldür.  Sünbülcükləri  sünbül 
oxunun  ensiz  tərəfinə  birləşməklə  iki cərgədə  düzülmüşdür.  Sün-
bülcüyündə 9-20 çiçək  olur. Meyvəsi (səpin materialı)  bozumtul 
rəngli,  örtüklü  dəndir.  Meyvəsi  çəmən  topalının  meyvəsinə  oxşa-
yır,  qılçıqlıdır.  Sünbül  oxu  əsasında  trapesşəkillidir.  1000  dənin 
kütləsi 1,7-2,3 qr-dır. Çarpaz tozlanır (şəkil 15). 
 Adi  cərgəvi  üsulla  hektara  4-5  mil.  (11-13  kq)  gencərgəli 
üsulda 3-4 mil. (7-8 kq) dən səpilir. Quru ot üçün tam sünbülləmə 
fazasında,  toxum  üçün  isə  mum    yetişmə  fazasının  əvvəlində 
hissə-hissə yığılır. 
 
2. 9. Kökümsovgövdəsiz ayrıqotu 
 
Kökümsovgövdəsiz ayrıqotu (Elymus trachycaulon Gould et. 
Shinners)  çoxillik  ot  tipli  yem  bitkisidir.  Otlaq-çəmən  təsərrüfat-
larında,  tarla  ot  əkinlərində  yonca  və  xaşa  ilə  qarışıq  səpinlərdə 
istifadə  olunur.  Ukraynanın  cənubunda,  Orta  və  aşağı  Volqabo-
yunda, Şərqi və Qərbi Sibirdə və Qazaxıstanda becərilir. 
Kökümsovgövdəsiz   ayrıqotunun quru otunun tərkibində 10-
12% protein, 100 kq-da 54 yem vahidi vardır. Yarpaqları bərk ol-
duğundan bir qədər qaba yem hesab olunur. Məhsuldarlığını 4-5 il 
saxlayır, biçildikdən sonra zəif inkişaf edir. 
Hektardan  90-100  sen.  quru  ot,  5-7    sen.  toxum  verə  bilir.  
Orta  quru  ot  məhsuldarlığı  30-40  sen.,  toxum  məhsuldarlığı  isə 
2,5- 4,0 sen-dir. 
Üst  mərtəbəli,  seyrəkollu  taxıl  otları  qrupuna  daxil  edilir. 
Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 1m-ə qədər 
dərinliyinə işləyir. 

62 
 
Gövdələri  nazik,  0,7-  0,8  m  hündürlükdə,  dik  duran,  yaxşı 
yarpaqlanan, ot tiplidir (şəkil 16).  
Çiçək qrupu  sünbüldür. Sünbülü seyrək, iki  cərgəli, çox çi-
çəkli  sünbülcüklərdən  təşkil  olunmuşdur.  Çarpaz  tozlanır.  Mey-
vəsi küləşi - sarı rəngli, örtüklü dəndir. Meyvənin uzunluğu 8-11, 
eni  1,2-2,5  mm  olmaqla  nəhayəti  qılçıqlıdır  (2  mm-ə  qədər). 
Sünbül  oxu  sıx  tükcüklüdür.  Yan  tərəfdən    bir-birinə  keçirilmiş 
qarmağı xatırladır. 1000 dənin  kütləsi 2,2-3,8 qr-dır.  
Soyuğa və qışa davamlılığı yüksəkdir. Adi cərgəvi səpinlərdə 
hektara  4-5  milyon  (14-16  kq)  gen  cərgəli  səpinlərdə  isə  2-3 
milyon (7-8 kq)  cücərmə qabiliyyətli toxum səpilir. Quru ot üçün 
sünbülləmə  fazasında,  toxum  üçün  isə  tam  yetişmə  fazasında 
birbaşa kombaynla yığılır. Hektardan 600 kq-a qədər toxum verir.  
 
2. 10. Sibir ayrıqotu (Sibir tüklücəsi) 
 
Sibir  ayrıqotu  (Elymus  sibiricus  L.)  tarla  ot  əkinlərində,  qır-
mızı  üçyarpaq  və  yonca  ilə  qarışıq  səpinlərdə  istifadə  edilən 
çoxillik  ot  tipli  yem  bitkisidir.  Payızlıq  formaları  mədəni  çəmən 
bitkisi kimi yararlıdır. 
Qışı həddən artıq soyuq olan yerlərdə becərmək mümkündür. 
Ona  görə  də  o  Sibirdə,  Uzaq  şərqdə  və  Qazaxıstanda  becərilir. 
Quru  otu  yüksək  qidalılıq  dəyəri  ilə  seçilir.  Tərkibində  12-15% 
xam protein vardır ki,  bunun  da 80 %-i  həzm olunandır. Ancaq, 
çiçəkləyəndən sonra qabalaşır.  
Birinci biçində yarpaqlanması 40%, ikinci isə 50% təşkil edir. 
Bu  göstəriciyə  görə  Sibir  ayrıqotu  daraqsünbül  və  kökümsov-
gövdəsiz ayrıqotundan üstündür. 
Sibir  ayrıqotu  kserofit  bitkidir.Quraqlığa  davamlılığı  daraq-
sünbül ayrıqotuna yaxındır. Yazda tez inkişaf etməyə başlayır. Bi-
çildikdən sonra  yaxşı inkişaf edir. Xora vermə qabiliyyəti daraq-
sünbül  və  daraqvari  ayrıqotundan  və  qılçıqsız  tonqalotundan  üs-
tündür.  
Sibir  ayrıqotunu  yazlıq  dənli-taxılların  örtüyünə  və  yaxud  da 
örtüksüz səpirlər. 

63 
 
Hektara 5 mil. (12 kq)cücərmə qabiliyyətli toxum səpilir. To-
xumları 1-3 sm dərinliyinə basdırılır. 
Hektardan 70-80 sen. quru ot, 8-10 sen. toxum verə bilir.  Or-
ta  quru  ot  məhsuldarlığı  30-40  sen.,  toxum  məhsuldarlığı  isə  3-4 
sen.- dir. 
Üst mərtəbəli, seyrəkkollu taxıl otları qrupuna aid edilir. Yax-
şı inkişaf etmiş, güclü saçaqlı kök sistemi var. Kökü torpağın  1,0-
1,5 metr dərinliyinə gedə bilir. 
Gövdəsi düz, hamar, yaxşı yarpaqlanan, tez qabalaşan olmaq-
la 0,4-1,2 m hündürlükdə olur (şəkil 17).  
Yarpağı enli (1 sm-ə qədər), yastı, kələ-kötür, yuxarı tərəfdən 
qabırğalıdır. Çiçək qrupu ensiz, 8-25 sm uzunluqda, qılçıqlı  sün-
büldür, yetişdikdə əyilir, sünbülü və  qılçığı qabalaşır. Bu qılçıqlar 
ota qarışdıqda otun keyfiyyətini pisləşdirir. Sünbülcüyü çoxçiçək-
lidir (5-7 ədəd), çarpaz tozlanır. 
Meyvəsi  (səpin  materialı)  bozumtul  -  küləşi  və  yaxud  yaşı-
lımtıl rəngli, əyri qılçıqlı,  örtüklü dəndir. 
Qılçıqları dəndən 1,5-2,0 dəfə uzun olur.  Meyvəsinin uzun-
luğu 8-12, eni 1,5-2 mm olur. 1000 dəninin kütləsi 2,7-3,5 qr-dır. 
Səpilməsi zəifdir.Səpindən qabaq qılçıqları təmizlənməlidir. Təsə-
rrüfatlarda  Sibir  ayrıqotunun  junceus  (E.  junceus  Fiseh.)  nö-
vündən də istifadə edilir. 
Quru  ot  üçün  sünbülləmə  fazasında  biçilir.  Toxumları  mum 
yetişkənlik  fazasında  hissə-hissə,  tam  yetişkənlik  fazasında  isə 
birbaşa kombaynla yığılır. 
2. 11. Tarlaotu  
 
Tarlaotu (çöl buğdası)  (Agrostis alba L.) qırtıckimilər fəsilə-
sinə (Poaceae) daxil olan çoxillik ot tipli yem bitkisidir. Otlaq və 
biçənəklərin  ot  qarışığında  davamlı,  yaxşı  yem  keyfiyyətli  bitki 
hesab  olunur.  Nəm  torpaqlarda  otlaq  və  çəmənliklərin  bərkidil-
məsi işində digər otlarla qarışıq halda və qazonların yaradılmasın-
da istifadə edilir. Yaxşı xora verir, torpağa az tələbkardır, ot əkin-
lərində 8-10 il qala bilir. Meşə və meşə-çöl zonalarında yayılmış-
dır. 

64 
 
Hektardan  50-60  sen.  quru  kütlə  5-6  sen.  toxum  verə  bilir. 
Orta quru kütlə məhsuldarlığı 25-30 sen., toxum məhsuldarlığı isə 
2-3 sen.-dir. 
Kök sistemi yaxşı inkişaf etmişdir. Kökümsovlardan və nazik 
kökcüklərdən  təşkil  olunub.  Torpağın  0,5  m-ə  qədər  dərinliyinə 
gedir (şəkil 18). 
Yarpaqları  yastı,  hamar,  3-11  mm  enində,  kənarları  girintili-
çıxıntılı, tünd yaşıl və göyümtül rənglidir, qulaqcığı olmur. Dilçəsi 
uzun olur, yuxarıdan daralır. Cavan yarpaqları eşilmişdir. Genera-
tiv budaqları 0,3-1,2 m hündürlükdə, nazik, yaxşı yarpaqlanandır. 
Çiçək  qrupu  7-30  sm  uzunluqda  çəhrayı  rənglidir.  Sünbülcükləri 
iriçiçəkli,  xırda,  yalnız  bir  çiçəyi  məhsuldardır.  Meyvəsi  xırda, 
örtüklü,  bozumtul  -  bürüncü  rəngli,  parlaq,  qılçıqsız,  töküləndir. 
1000 ədədinin kütləsi 0,14 qr-dır. 
 
2. 12. Çəmən qırtıcı 
 
Çəmən qırtıcı (Poa pratensis L.) Qırtıckimilər (Poaceae) fəsi-
ləsinə  daxil  olan  çoxillik,  alt  mərtəbəli,  kökümsovgövdəli-sey-
rəkkollu otlaq, çəmən və qazon bitkisidir. Yüksək qidalılığa, yaxşı 
yeyilməsinə  görə  seçilir.  Yaxşı  xora  verir,  otarılmaya,  tapdalan-
maya,  şaxtaya  davamlı,  uzun  ömürlüdür.  Quru  ot  məhsuldarlığı 
40-60 sen/ha, toxum məhsuldarlığı isə 2-7 s/ha-dır. 
Kök sistemi yaxşı inkişaf etmişdir. Sürünən kökümsovlardan 
və  nazik  kökcüklərdən  təşkil  olunmuşdur.  Torpağın  üst  qatında 
yerləşir. Bitki çoxlu sayda  qısa, yaxşı yarpaqlanan vegetativ bu-
daq,  az  sayda  düz  və  yaxud  dirsəkşəkilli  əyri  generativ  budaqlar 
əmələ  gətirir.  Gövdələri  hamar,  nazik,  dairəvi  və  ya    bir  qədər 
yastılaşmış kimi, 30-100 sm hündürlükdə olur. 
Vegetativ budaqların yarpaqları uzun enli (2-6 mm) tünd göy, 
yaşıl,  parlaq,  qılcıqsız,  yumşaq,  yuxarı  hissəsi  kütləşmiş,  dilçəsi 
qısa olur (şəkil 19). 
Çiçək qrupu dağınıq, uzadılmış və yaxud piramidal formada, 
25  sm  qədər  uzunluğu  olan  süpürgədir.  Süpürgənin  budaqcıqları 

65 
 
tüklüdür.  Sünbülcükləri  xırda,  yumurta  formalı  4-6  mm  uzun-
luqda, 2-5 çiçəkli, yaşıl və ya bənövşəyi rənglidir. 
Meyvəsi  xırda,  üçkünc,  açıq-qəhvəyi  rəngli  əsası  tüklü,  2,4-
3,4 mm uzunluğunda, 0,6-1,0 mm enində, 0,5-0,8 mm qalınlıqda 
örtüklü dəndir. 1000 dənin kütləsi 0,3 qr olur. 
 
2. 13. Çəmən tülküquyruğu 
 
Çəmən  tülküquyruğu  (Alopecurus  pratensis  L.)  qırtıckimilər 
(Poaceae)  fəsiləsinə  daxil  olan  çoxillik,  üstmərtəbəli,  kökümsov-
gövdəli-seyrəkkollu  çəmən  və  otlaq  bitkisidir.  Nəmliyin  müvəq-
qəti  artıqlığı  şəraitində  də  bitmə  yerlərində    yaxşı  bitir.  Erkən 
qidalı  yem  verir  ki,  bunu  da  bütün  heyvanlar  yaxşı  yeyirlər.  Bir 
sahədə 10-15 il qala bilir və biçildikdən sonra yaxşı inkişaf edir. 
Quru  ot  məhsuldarlığı  40-60  sen.,  toxum  məhsuldarlığı  isə 
1,5-3  s/ha-dır.  Kök  sistemi  saçaqlıdır,  torpağın  üst  qatında  yer-
ləşir. Başqa taxıl otlarına nisbətən kök sistemi zəifdir. Kökləri qısa 
(10  sm-ə  qədər)  kökümsovlarla  birlikdə  sıx  çim  qatı  əmələ 
gətirirlər. 
Çəmən  tülküquyruğu  qısa  və  uzun  (40-110  sm)  vegetativ 
gövdələr, yumşaq, düz və ya zəif əyilmiş, yarpaqlanmış generativ 
gövdələr əmələ gətirir. 
Yarpaqları xətvari, uzun, 0,4-1,0 sm enində, qulaqcıqsız, tük-
süz, qabarıqlı, üstü kələ-kötür, alt hissəsi bir qədər parlaq, bozum-
tul-yaşıl rəngdə olur (şəkil 20). 
Cavan  budaqların  yarpaqları  bükülmüşdür.  Dilçəsi  qısa  (1-2 
mm), küt, bəzən isə cırılmış kimidir. 
Çiçək qrupu sıx, silindrik,  2-10 sm uzunluğunda, 0,6-1,0 sm 
enində,  yaşılımtıl-boz  rəngli  yalançı  sünbüldür  (sünbüləbənzər 
süpürgə). Çiçək qrupu çəmən pişikquyruğunun çiçək qrupunu xa-
tırladır.  Ancaq,  uzun  və  nazik  qılçıqları  olduğuna  görə  bir  qədər 
yumşaq görünür. Süpürgənin axırıncı budaqcıqları çox qısa,  əsas 
oxa  sıxılmış,  və  3-4  sünbülcüklü  olur.  Sünbülcükləri  bir  çiçəkli, 
ellipsşəkilli, yanlardan yastılaşmış, 6 mm-ə qədər uzunluqda,  qı-
sa, sınan qılçıqlı və yumşaq tüklü olur. 

66 
 
Səpin  materialı  çətin  səpilməsi  ilə  seçilir.  Meyvəsi  örtüklü, 
ağımtıl- boz rəngli, yumurta formalı, qılçıqlı dəndir. Dənin uzun-
luğu 3,5-6  mm, eni  1,4-2,0 mm, qalınlığı 0,3-0,9  mm olur. 1000 
ədədinin kütləsi 0,9 qr-dır. 
Seleksiya yolu ilə alınmuş sortları  əkilib becərilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

67 
 
III FƏSİL. BİRİLLİK  PAXLALI   OTLAR 
 
Birillik  yem  otları  təyinatı  və  istifadəsinə  görə  müxtəlifliyə 
malikdir.  Kifayət  qədər  nəmlik  olan  bölgələrdə  bu  otlar  yaxşı 
herik bitkisidirlər. Məsələn, gülül-vələmir qarışığı ilə dincə qalmış 
məşğullu  herik  tarlası,  çoxlu  əla  yem  almağa  və  vaxtlı-vaxtında 
payızlıqların əkini üçün tarlanı azad etməyə imkan verir. 
Uzun  müddət  aparılmış  altıtarlalı  yemçilik  növbəli  əkinində 
gülül-vələmir qarışığı ilə dincə qalmış məşğullu herik tarlası ildə 
hektardan 250 sentner yaşıl kütlə məhsulu vermişdir.  
Birillik taxıl otları kövşənlik əkinlərdə və ot çalımı qismində 
istifadə olunur. Kifayət qədər istilik və nəmlik olan ərazilərdə ta-
xılların yığımından sonra, gülül-vələmir və noxud-vələmir qarışığı 
hektardan 150 sentner yaşıl kütlə məhsulu alınmasına imkan verir. 
Birillik yem otlarının içərisində elə növlər var ki, inkişafının 
başlanğıcında  yavaş-yavaş  böyüyürlər  və  kifayət  qədər  yüksək 
kölgəliyə dözmək qabiliyyətinə malikdirlər. Təcrübədə bu bioloji 
xüsusiyyətdən  istifadə  edilməklə  otların  üçqat  qarışığı  səpilir. 
Xüsusən yazlıq gülülün vələmir və Sudanotu ilə əkini müvəffəqiy-
yətlə  uyğunlaşır.  Belə  uyğunlaşmada  birinci  biçinin  yaşıl  kütləsi 
gülül və vələmirdən, lakin ikinci və növbəti biçinlərdə Sudanotu-
nun gövdəsi və yarpaqlarından ibarət olur. 
Birillik otlar vegetasiya müddətlərinin qısa olması ilə fərqlə-
nirlər, bu cür əlamət, uzun dövr ərzində heyvanları yaşıl yemlə tə-
min etmək üçün onların müxtəlif müddətlərdə səpilməsinə  imkan 
verir. Qısa və uzun vegetasiya dövrləri olan yem bitkilərinin becə-
rilməsi  eyni  zamanda  heyvandarlıqda  yaşıl  yemlərdən  istifadə 
müddətinin  uzadılmasını  təmin  edir.  Bir  sıra  birillik  ot  növləri 
(yazlıq  gülül,  səpin  lərgəsi,  yem  paxlası)  tərkibində  çoxlu  miq-
darda zülal və əvəzedilməz amin turşuları (xüsusən lizin) olan yü-
ksək dən məhsulu verirlər.  
Birillik otlar suvarma şəraitində daha çox məhsul vermək qa-
biliyyətinə malikdirlər.  
Azərbaycanda heyvandarlığı inkişaf etdirmək üçün möhkəm, sabit 
yem bazasının yaradılmasında çoxillik ot bitkiləri ilə yanaşı biril-

68 
 
lik  yem  bitkilərinin  rolu  olduqca  böyükdür.  Çünki,  birillik  yem 
bitkiləri yalnız  yüksək keyfiyyətinə görə deyil, eyni zamanda, bir 
sıra müsbət bioloji və təsərrüfat xüsusiyyətlərinə görə müvəffəqiy-
yətlə becərilir. 
 
3. 1. Yazlıq gülül 
 
Əhəmiyyəti. Gülül Azərbaycanda həm yazda, həm də payız-
da becərilir. Gülülün yaşıl kütləsi, quru otu heyvanlar üçün yüksək 
qidalı  yemdir.  Onun  otunda,  yaşıl  kütləsində  və  dənində  zülali 
maddələr  çoxdur.  Gülülün  quru  otunda  11,5-19,0%  xam  zülal, 
yaşıl kütləsində 69%, quru otunda isə 66% protein vardır. Yemin 
tərkibi  karotinlə  zəngindir.  1  kq  yaşıl  kütləsində  56,0-78,0  mq, 
quru otunda isə 37 mq. karotin vardır. 
Toxumun  tərkibində  28-30%  protein  vardır  ki,  bu  da  vələ-
mirdən  3  dəfə  artıqdır.  Gülülün  toxumlarından  qüvvəli  yemlərin 
hazırlanmasında  istifadə  olunur.  Vegetasiya  müddəti  qısa  oldu-
ğundan yaşıl konveyerdə istifadə etmək mümkündür. 
Botaniki təsviri. Gülülün 85 növü mövcuddur. Əsasən 2 nö-
vü yazlıq və payızlıq gülül becərilir. Yazlıq gülülün (Vicia sativa 
L.)  üzərində çoxlu kökcükləri  olan mil kökü vardır. Kökcüklərdə 
çoxlu  rizobium  var.  Gövdəsinin  hündürlüyü  50-60  sm,  hətta  100 
sm-ə  çatan  nazik,  çoxüzlü  və  yerəyatandır.  Yarpaqları  lələkvari-
dir. Hər lələkdə 4-8 cütə qədər yarpaq olur. Yarpağın nəhayəti cüt 
yarpaqcıqla  yaxud  da  bığcıqla  qurtarır.  Çiçəkləri    yarpaq  qoltu-
ğunda cüt-cüt yerləşir. Çiçəyinin quruluşu digər paxlalılarda oldu-
ğu kimidir və rəngi bənövşəyidir. Öz-özünü tozlayandır. Meyvəsi 
paxladır, dalğavari və əyilmiş formada olur. Paxlanın uzunluğu 6-
7  sm-ə  çatır.  Paxlanın  rəngi  qonuru  və  qara  olur.  Toxumları  şar-
şəkilli, sarımtıl, qara və qoz rəngində olur. Paxlada 7-9-a qədər to-
xum olur. Dənin mütləq kütləsi 45-55 qr-a qədərdir (şəkil 21). 
Bioloji  xüsusiyyətləri.  Gülülün  toxumları  2-3 
0
C  tempera-
turda cücərməyə başlayır. Cücərtilər – 6-7 
0
C şaxtalara dözür. İsti-
liyə  tələbkar  deyildir.  Vegetativ  orqanların  əmələ  gəlməsi  üçün 
optimal temperatur 12-16 
0
C-dir. Toxumun yetişməsi üçün isə 16-

69 
 
20 
0
C-dir. Cücərtilər alındıqdan 5-6 gün sonra əsas gövdənin aşağı 
hissəsində budaqlar əmələ gəlir. Bitki möhkəmləndikdən sonra bu 
budaqlar məhv olur. Gülülü yem üçün becərdikdə faydalı tempe-
raturun cəmi 900 
0
C, toxum üçün isə 1900 
0
C-yə bərabərdir. 
Gülül  nəmliyə  tələbkar  bitkidir.  Suya  maksimum  tələbatı  çi-
çəkləmə fazasında başlayır. İllik yağıntıların miqdarı 450-500 mm 
olan bölgələr gülül becərilməsi üçün əlverişli hesab olunur. 
Vegetasiyanın birinci mərhələsində gülül nisbətən zəif inkişaf 
edir. Lakin, qönçələmə, və çiçəkləmə fazalarında çox intensiv bö-
yüyür. Gövdəsi uzun müddət bərkimir. Ona görə də mal-qara onu 
iştaha ilə yeyir. Gülül 40-60 gündə çiçəkləyir, 55-70 gündə biçilir, 
toxumu 75-120 günə yetişir. 
Gülül bir ton quru ot məhsulu vermək üçün torpaqdan  15-17 
kq kalium, 6 kq fosfor aparır. Başqa paxlalılar kimi o da torpaqda 
kifayət  qədər  bor  və  molibden  olmasını  tələb  edir.  Bu  bitkini 
müxtəlif  torpaqlarda  becərmək  mümkündür.  Nəmliklə  təmin 
olunmuş  torpaqlarda daha yaxşı inkişaf edir. Torpağın reaksiyası 
pH  5,0-  6,5  olduqda  gülül  üçün  əlverişlidir.  Gülül  uzun  gün 
bitkisidir.  Günün  uzunluğu  13  saatdan  az  olduqda  generativ 
orqanların əmələ gəlməsi dayanır. Eyni zamanda bitkinin boyu da 
qısalır. 
Növbəli  əkində  yeri.  Yemlik  növbəli  əkinlərdə  gülül  digər 
bitkilər  üçün  yaxşı  sələfdir.  Köklərində  yaşayan  fır  bakteriya-
larının  hesabına  torpağı  azotla  zənginləşdirdiyinə  görə  əlverişli 
sələf hesab olunur.  Gülül + vələmir qarışığından sonra tarla  alaq 
otlarında təmiz qalır və torpaq azotla zənginləşir.  
Gülüldən  sonra  növbələnmiş  pambıq  əkinlərində  məhsuldar-
lıq  hektardan  2-3  sentner  artır.  Qarğıdalı  bitkisinin  də  hektardan 
yaşıl kütlə və dən məhsuldarlığı gülüldən sonra xeyli artır.  
Gülül payızlıq dənli bitkilər və yazlıq cərgəarası becərilən bit-
kilərdən sonra əkildikdə daha yaxşı nəticə verir. 
Torpağın becərilməsi. Gülül və onun digər bitkilərlə qarışıq 
əkinləri  üçün  torpağın  becərilməsi  yazlıq  bitkilərdə  olduğu 
kimidir. Sələf bitkisindən sonra sahə üzlənir, sonra ön kotancıqlı 
kotanla 20-25 sm dərinliyində şum qaldırılır. Yazlıq səpinlər üçün 

70 
 
nəzərdə  tutulmuş  sahələr  payızdan  dondurma  şumu  edilməlidir. 
Yazda malalama aparılır, kultivasiya çəkilərək yenidən malalanır.  
Gübrələmə. Yazlıq gülül fosfora böyük ehtiyac göstərir. Fos-
for gübrəsini sahəyə hissə-hissə verdikdə (dondurma şumu altına, 
səpinqabağı  və  vegetasiya  müddətində)  bitkinin  quru  ot  məhsul-
darlığı hektardan 8-10 sentner artır. Fosfor fır bakteriyalarının fəa-
liyyətini artırır və azotun mənimsənilməsini sürətləndirir. 
Səpin. Səpin üçün yaxşı hazırlanmış tarla cücərmə qabiliyyəti 
95% olan toxumlar götürülməlidir. Yaxşı olar ki, toxumun təmiz-
liyi 98%-dən aşağı olmasın. Səpin üçün iri toxumlar seçilməlidir. 
Səpindən qabaq toxumlar rizotorfin (nitragin) və molibdenlə işlə-
nilməlidir.  
Səpin  cərgəvi  üsulla  aparılır.  Cərgəaraları  7,5;  15;  30  sm 
götürülür. Səpin norması hektara 70-100 kq olmalıdır (2-2,5 mln. 
toxum).  Vələmir  və  çovdarla  qarışıq  əkildikdə  toxum  norma-
larının  nisbətindən  asılı  olaraq  yemdə  proteinin  miqdarı  dəyişir 
(cədvəl  1).  
Cədvəl  1 
Müxtəlif  nisbətlərdə qarışıq əkinlərdə proteinin miqdarı 
 
Gülülün 
toxum 
normasının 
vələmir 
toxumuna nisbəti 
Proteinin  miqdarı 
s/ha 
1:1 
3,75 
2:1 
5,32 
3:1 
5,76 
         
Gülül toxum almaq üçün becərildikdə əkin yerinə xüsusi fikir 
vermək  lazımdır.  Sahə  düz  və  hamar  olmalı,  səpin  üçün  toxum 
materialı  yüksək  keyfiyyətli  olmalıdır.  Toxumluq  sahə  payızda 
səpilməlidir. 
Yüksək yem vahidi əldə etmək üçün gülülün toxum norması 
vələmirə nisbətən daha çox olmalıdır.  
Əkinə  qulluq.  Gülül  əkinləri  o  qədər  də  güclü  qulluq  tələb 
etmir. Gülülün qarışıq əkinləri alaq otlarını yaxşı məhv edir. 
Ən  çox  yayılmış  zərərvericiləri  yonca  sovkası,  noxud  mənə-

71 
 
nəsi,  çəmən  kəpənəyi,  yonca  uzun  burunu  və  s.-  dir.  (2-3  kq/ha 
dendrobatsilin, entobakterin).  
Xəstəliklərdən ən çox pas, unlu şeh, bakterioz, askoxitoz, pe-
ronosporioz  və  s.-  dir.  Mübarizə  tədbiri  yonca  bitkisində  olduğu 
kimidir. Mübarizə  məqsədilə kimyəvi preparatlardan istifadə olu-
nur. 
Sortları. Azərbaycanda (2010) Lqovskaya 31-292, Nemçinov-
skaya - 72, Orlovskaya - 4 sortları rayonlaşdırılmışdır.  
Məhsulun yığılması. Quru ot məqsədilə yığım apararkən bit-
kinin morfoloji  quruluşuna (botaniki təsviri)  fikir vermək lazım-
dır.  Əgər  qarışıq  əkinlərdə  gülül  üstünlük  (çoxluq)  təşkil  edirsə, 
yığıma  paxlaların əmələ gəlməsi dövründə, vələmirin süpürgələ-
diyi dövrdə biçmək lazımdır. Biçinin gecikdirilməsi yemin keyfiy-
yətini aşağı salır.  
Toxumluq  gülülün  yığımı  gecikdirilsə  aşağı  yaruslardakı  to-
xumlar tökülə bilər.  Qınların (paxlaların) 2/3 hissəsi  yetişən kimi 
yığıma başlanılmalıdır. Bu dövrdə aşağı yaruslardakı dənlər mum 
fazasında olur. Otbiçən maşınla gülül biçilməli 3-4 gündən sonra 
biçilmiş gülül səhər-səhər СК-3 markalı kombaynla döyülməli və 
ОС-1 markalı toxumtəmizləyəndə təmizlənməlidir.  
Döyüldükdən  sonra  toxumun  nəmliyi  14-15%-ə  çatdırılmalı, 
dezinfeksiya olunmalı və havalı anbarlarda saxlanılmalıdır. 
 
3. 2. Payızlıq gülül 
 
Respublikamız ərazisində payızlıq gülülün yabanı formalarına 
dəniz səviyyəsindən 2500-2800 m  yüksəklikdə təsadüf edilir. Bu 
bitki taxıl əkinlərinin arasında daha çox olur. Payızlıq gülül yaşıl 
ot, silos, quru ot və  heyvanları otarmaq  üçün istifadə  edilə bilər.  
Yemlilik  keyfiyyətinə  görə  digər  paxlalı  bitkilərdən  üstündür. 
Yoncada  14%,  yazlıq  gülüldə  15%  zülal  olduğu  halda  payızlıq 
gülülün quru otunda 15-20% xam zülal vardır. Zülaldan əlavə 1,4-
2,4% yağ, 17-29% azotsuz ekstraktiv maddələr vardır.  


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə