§3 DÜNYA VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ.
ŞUMERAKKAD MƏDƏNİYYƏTİ
Hər bir ictimai-iqtisadi formasiya özünə müvafiq mədəniyyət
tipi yaratmışdır. Həmin formasiyalar bir-birini əvəz etdikcə
mədəniyyətin tipləri də dəyişmişdir. Bu proses-müxtəlif xalqlarda və
ölkələrdə bir-birindən fərqli olmuşdur.
İkiçayarası (Mesapotomiya) ən qədim mədəniyyət
ocaqlarından biridir. İkiçayarası mədəniyyətini şumerlər yaratmışlar.
Özünəməxsus inkişaf yolu keçmiş bu mədəniyyət Yaxın Şərqin bir
çox xalqlarının mədəniyyətinə öz təsirini göstərmişdir.
İkiçayarasında yaranan əfsanələr şifahi xalq yaradıcılığının
ilkin nümunələrindən hesab olunur. Bu əfsanələr Şumer və Akkadlar
tərəfindən yazıya köçürülmüşdür. Dünyanın və insanın yaranması
haqqında əfsanələr, bu yaranışla əlaqədar allahların əməlləri Şumer
və Akkad əsatirlərinin əsasını təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, əfsanələr sinifli cəmiyyətdə
formalaşmış və insan cəmiyyətinə aid olan qayda-qanunlar onlarda
(əfsanələrdə ) öz əksini tapmışdı.
Babil əfsanələrinin birində deyilir ki, dünyanı və insanları
Marduk adlı allah yaratmışdır. Guya, allahlar Kainat okeanında olan
dəhşətli əcdahalarla mübarizədə gücsüz imişlər. Bu əcdahalara
qorxunc dəniz ilahəsi Tiamat başçılıq edirmiş və allahlar ona qarşı
çıxmağa cürət etmirmişlər. Kiçik allahlardan olan Marduk Tiamata
qarşı çıxmağı
17
qərarlaşdırır və bunun müqabilində allahlar tərəfindən ona ali
hakimiyyət vəd olunur. Tiamata qalib gələn Marduk onu iki yerə
parçalayaraq bir hissəsindən göyü, o biri hissəsindən isə yeri yaradır,
planet və ulduzları yerləşdirir. Gecə və gündüzü Ay və Günəş
arasında bölür. Tiamatın sərkərdəsi Kinqunu öldürərək, onun qanını
gilə qatmaqla insan düzəldir, ancaq onlara əbədi həyat vermir.
Şumer əfsanəsində də buna bənzər çalarlar vardır. Orada isə
allah Enlilə
1
insanı iki sənətkar Allahın qanından gillə yoğurmaq
təklif olunur. Sonralar isə dünyanın və insanın yaranması ilə bağlı bu
əfsanələr kiçik dəyişikliklə müxtəlif dini mənbələrdə öz əksini
tapmışdır.
Şumerlər arasında yazı təxminən 5 min il bundan əvvəl
meydana gəlmişdir. Ən qədim yazı növü piktoqrafiya (şəkli yazı)
olmuşdur. Şəkil və şərti işarələrdən ibarət olan bu yazı vasitəsilə fikri
tam şəkildə ifadə etmək mümkün deyildi. Piktoqramların köməyi ilə
yalnız sadə sənədlər tərtib olunurdu. Bunlar əsasən təsərrüfat
sənədləri idi. Gəlir hesablamalarında ancaq əşyanın, rəqəmlərin və
anbarın işarələri qeyd olunurdu. İlk dövrlərdə bu yazı özlüyündə
əhəmiyyətli idi. Lakin zaman keçdikcə dövlət quruluşunun bərqərar
olması yeni yazı növünə təlabat yaratdı. Və şumerlər yeni ixtira
etdikləri yazını “mixi yazı” adlandırdılar. Misirdə olan daş və papirus
Mesapotomiyada olmadığı üçün şumerlər bu yazıları gil üzərinə həkk
edirdilər. Gildən müxtəlif formalarda (əsasən dördbucaqlı) lövhələr
düzəldərək onun üzərində çubuqla şəkil-sözlər yazırdılar. Qədim
Şumer yazıları Misir heroqliflərinə bənzəyir. Şumerlərlə qonşu olan
bir çox xalqlar şumer yazılarından istifadə etmişlər.
Ümumiyyətlə, 500-dən artıq işarəyə malik olan bu yazı
sistemini oxumaq olduqca çətindir. Bir çox alimlər bu sahədə
1
Şummer əsatirlərində hava allahı Enlil əsas yer tutur. Şummerlər onu allahların atası, yerin
və göyün hakimi, bütün kainatın hökmdarı adlandırmışlar.
18
illərlə fəaliyyət göstərmişlər. Mixi yazıları oxumaq üsularını ilk dəfə
alman fıloloqu Qrotefend Georq Fridrix kəşf etmiş, sonralar ingilis
alimi Ruulinson bu yazını əsaslı şəkildə müəyyənləşdirmişdir.
Ön Asiya xalqları mixi yazını müəyyən qədər öz dil
xüsusiyyətlərinə uyğunlaşdırmışlar. Mixi yazılar üç min il dövr
etmiş, e.ə. I minilliyin sonunda sıradan çıxmışdır. Həmin minilliyin
əvvəlində İki çay arasında samidilli arami tayfalarının gətirdiyi arami
əlifbasından istifadə olunmağa başlanmışdır.
Şumerlər müxtəlif bədii əsər növləri də yaratmışlar. Şumer
ədəbiyyatı e.ə. III-II minilliyin əvvəllərində inkişaf mərhələsinə
qədəm qoymuşdur. O dövrə aid olan təxminən 150 ədəbiyyat
nümunəsi aşkar olunmuşdur. Buraya yazıya alınmış şifahi xalq
yaradıcılığı nümunələri, o cümlədən
əfsanələr (əsasən
“Tufan”əfsanəsi) allahların və hökmdarların şərəfinə deyilmiş
himnlər, atalar sözü və zərbi-məsəllər, təmsillər, qəhrəmanlıq
dastanları (Tarixi hadisələri əks etdirən 9 belə dastan məlumdur. Bu
dastanlarda iştirak edən qəhrəmanlardan bəziləri, məsələn, I Uruk
sülaləsinin hökmdarları Enmerkar, Luqalbanda və Gilqamış tarixi
şəxsiyyətlərdir), məhəbbət nəğmələri və s. daxildir.
Şumerlərdən əvvəl akkadlar da müxtəlif ədəbiyyat nümunələri
yaratmış, şumer ədəbi nümunələrini akkad dilinə çevirmiş, hətta
bəzən onların bir çoxlarını təkmilləşdirmişlər.
Elmi, biliyi yüksək qiymətləndirən şumerlər ana dilini bilməyi
hər şeydən üstün tutmuşlar. Bir şumer ibarəsində deyilir: “Bu necə
mirzədir ki, şumer dilini bilmir!” (Bu ibarə bu gün bizim ana
dilimizi, adət-ənənəmizi bilməyən bəzi ziyalılarımıza da aiddir.)
İkiçayarası ədəbiyyatı bir çox Şərq xalqlarının ədəbiyyatına
(hetlərin, yəhudilərin, aramilərin və s.), ümumiyyətlə antik dünya
mədəniyyətinə öz təsirini göstərmişdir.
19
Göy cisimlərinin hərəkətini öyrənən elmin, yəni
astronomiyanın əsası Şumer və Babil kahinləri tərəfindən
qoyulmuşdur. Onlar göydə ulduzların necə yerləşməsinə və hərəkət
istiqamətlərinə yaxşı bələd olduqları üçün nə zaman daşqın olacağını
müəyyənləşdirə bilirdilər.
Babil ili 12 aydan, ay isə yeddi günlük 4 həftədən ibarət idi.
Həftənin hər gününə göy allahlarından birinin adı verilmişdi.
Sonralar Şərq ölkələrini zəbt edən romalılar Babil təqviminin
əsaslarını götürmüş və bu əsaslar başqa xalqlara romalılardan
keçmişdir.
Qədim şumerlərin təsərrüfata dair məlumatları bəzi əsərlərdə
əks olunmuşdu. Bu əsərlərə nümunə olaraq, “Əkinçi təqvimi” və
“Bağçılıq” kitablarını göstərə bilərik. Bu kitablarda əkin, suvarma və
biçinin başlanması, bağların becərilməsi, suvarma kanallarının
təmizlənməsinə dair məlumatlar verilir.
Sənədlərə əsaslanaraq “Babil və Xald tarixi” əsərini yazan ilk
İkiçayarası tarixçisi Bersol olmuşdur. O, e.ə. IV-III əsrlərdə Babil
şəhərlərində yaşamışdır.
İkiçayarasında başqa sahələr kimi, memarlıq və heykəltəraşlıq
da inkişaf etmişdir.
Yuxarıda şumer yazılarından danışarkən göstərdiyimiz kimi,
ikiçayarasında təbii ehtiyatlar çox az idi. Ona görə də, yazıda olduğu
kimi, memarlıqda və heykəltaraşlıqda da gildən daha çox istifadə
olunurdu. Tikinti işlərində çiy kərpic əhəmiyyətli rol oynayırdı. E.ə.
III minillikdə şumer şəhər dövlətlərinin mərkəzində ibadət üçün
tikililər -məbədlər inşa olunur və onların ətrafına xüsusi divarlar
çəkilirdi. Bununla yanaşı İkiçayarası memarlığına məxsus olan
qülləli məbədlər (zikkurat) də yaradılırdı.
Qəbir memarlığı əsasən hökmdar məqbərələrindən ibarət idi.
Tədqiqatlar nəticəsində bu qəbirlərdə çoxlu incəsənət nümunəsi aşkar
edilmişdir.
20
İkiçayarasının e.ə. III minilliyə aid heykəltəraşlığına qısa, ağır
çəkili fiqurlar daxildir. Bu üslubda hökmdar Qudeanın və
Hammurapinin heykəlləri hazırlanmışdır. Belə heykəllər içərisində
ucaboylu heykəllərə də təsadüf olunur.
İkiçayarasında müxtəlif tətbiqi incəsənət növləri - zərgərlik,
silahqayırma, daşdan əşyalar hazırlama və s. geniş tərəqqi etmişdi.
Zərgərlikdə müxtəlif rəng çalarları əks olunurdu. Bu çalarlar göy,
açıq yaşıl, sarı, qırmızı rənglərdən ibarət idi.
Ümumiyyətlə, İkiçayarasında yaşayan xalqların yaratdıqları
mədəniyyət nümunələri dünya mədəniyyətinin inkişafına müəyyən
təsir göstərmişdir.
Dostları ilə paylaş: |