215
Bizim uca dağların
sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan,
bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə
yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın
bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!