Dərs vəsaiti Bakı-2003 Elmi redaktor: Sabir Əliyev



Yüklə 1.52 Mb.
səhifə1/9
tarix10.06.2017
ölçüsü1.52 Mb.
  1   2   3   4   5   6   7   8   9

c:\users\user\desktop\без имени-1.jpg




c:\users\user\desktop\без имени-1.jpg
c:\users\user\desktop\heca vəzni.jpg


c:\users\user\desktop\без имени-1.jpg

SƏDNİK PAŞA PİRSULTANLI

HECA VƏZNİNİN BAYATI



QOŞMA MÖCÜZƏLƏRİ

(Dərs vəsaiti)


Bakı-2003
Elmi redaktor: Sabir Əliyev

Filologiya elmləri doktoru,

professor
Redaktor: Ramiz Təmkin

Sədnik Paşa Pirsultanlı
Heca vəzninin bayatı



qoşma möcüzələri”
Azərbaycan Respublikası “Təhsil” mərkəzi
Filologiya elmləri doktoru, professor, Republikanın Əməkdar mədəniyyət işçisi Sədnik Paşa Pirsultanlı Azərbaycan milli şeirinin ana vəzni olan heca vəzninin inkişaf prosesi haqqında xeyli vaxtdır ki, şifahi xalq poeziyası kontekstində araşdırmalar aparır. O, bunula bağlı “Heca vəznli şeir və mənzum ata sözləri” (2000), “Heca vəznli tapmacaların inkişafı” (2001) kitablarını nəşr etdirmişdir. Bunlar “Azərbaycan xalq şeirinin inkişafı” adlı kitabın ayrı-ayrı fəsilləri olacaqdır. “Heca vəzninin bayatı və qoşma möcüzələri” adlanan bu kitab isə girişdən, iki fəsildən və nəticədən ibarətdir.
S M-001094 Qrifli nəşr.

700122



Giriş

Biri var anadilli şeirin yaranması, biri də var ana dilində heca vəznli şeirin təşəkkül və təkamülü. Bunların biri digərinin davamı olsa da özlüyündə yazılı poeziyanın inkişafı tarixində hər biri xüsusi mərhələ təşkil edir.1

Heca vəzninin inkişaf tarixi haqqında Əmin Abid, Hənəfi Zeynallı, Araz Dadaşzadə və başqaları müxtəlif şəkildə olsa da bəhs etmişlər. Lakin bunların hamısı heca vəzninin inkişafını yazılı ədəbiyyatda, xüsusən, də aşıq yaradıcılığında axtarmışlar.2

“Heca vəznli şeir və mənzum ata sözləri” əsərində bizdən əvvəl heca vəzninin inkişaf tarixindən, bu sahənin araşdırıcılarından geniş bəhs olunduğu üçün burada müxtəsər şəkildə sözümüzü deyib keçəcəyik. Bizim məramımız xalq poeziyasında heca vəzninin inkişafını ardıcıl olaraq araşdırmaq və “Azərbaycan xalq şeirinin inkişafı” adlı elmi monoqrafiyanı tamamlamaqdır.

Biz bundan ötrü ilk növbədə mənzum atalar sözlərini tədqiqata cəlb etmişik.

Mənzum atalar sözü əsasında birinci “Heca vəznli şeir və mənzum ata sözləri” adlı tədqiqat əsərini nəşr etmişik. (Gəncə, “Əsgəroğlu”, 2001)

Məlumdur ki, mənzum atalar sözləri beyt-beyt qafiyələnir. Lakin mənzum tapmacalar Azərbaycan milli şeirinin təbiətinə uyğun olaraq hər bəndi 4 misradan ibarət olur.

“Heca vəznli tapmacaların inkişafı” (“Agah”-2001) əsərində mənzum tapmacalara dair geniş araşdırmalar aparılmışdır. Bu araşdırmalardan aydın olmuşdur ki, mənzum tapmacaların daxilində bayatı-tapmaca, sonra isə bayatı-bağlama yaranmışdır. Bunları bir-birindən fərqləndirən odur ki, bayatı-bağlamalar cinaslar üzərində qurulur. Bir çox bayatı-tapmacalar və bayatı-bağlamalar barədə ikinci kitabda geniş nümunələr əsasında təhlillər aparıldığından geniş təfərrüata varmırıq. Lakin təzəcə əldə edilmiş bir bayatı bağlamanı burada nümunə veririk:


Mən aşiqəm ustakar,

Nədən olsun usta kar?

Süd istər, məmə istər,

Şagird laldı, usta kar.


Bu bayatı-bağlama- ana ilə uşaq haqqında düzəldilmiş bayatı-bağlamadır.

Uşaq acıb məmə istəyir, süd istəyir. Lakin şəyird olan körpənin dili açılmamışdır. O, laldır. Usta olan ana isə yatdığı üçün kardır. Xalq nəyi yaradırsa, düşünüb yaradır və hər bir folklor nümunəsinə bədii kamillik bəxş edir.

Əlbəttə, bayatı janrı özü xüsusi bir sahədir və heca vəzninin inkişaf tarixində onun özünəməxsus yeri vardır.

İstər musiqi sahəsində, istərsə də epik-lirik planda yaradılmış bayatılı hekayət və dastanların, o cümlədən türk xalqları arasında geniş yayılmış “Arzu-Qəmbər”, “Yaxşı-Yaman” və “Aşıq və Yaxşı” dastanları bayatılı dastan janrının möcüzələridir.

7 hecalı bayatılar xalq mahnılarının yaranmasına rəvac vermişdir. 11 hecalı qoşmaları isə heca vəznində saz yaratmışdır. Ona görə də üçüncü kitab “Heca vəzninin bayatı və qoşma möcüzəsi” adlanır. Bu üç kitabın üçü də “Azərbaycan xalq şeirinin inkişafı” adlı elmi monoqrafiyanın ayrı-ayrı fəsillərində ixtisaslaşmış şəkildə özünə yer tapacaq və hər janr haqqında xüsusi mənzərə yaradacaqdır. Oxucular, tədqiqatçılar və ali məktəb tələbələri Azərbaycan xalq şeirinin inkişafını tam izləyə biləcəklər.

I Fəsil
Heca vəzninin bayatı möcüzəsi

Şifahi və yazılı poeziyamızda yəqin ki, on bir hecalı ana şeirimiz formalaşıb meydana çıxana qədər Azərbaycan xalq şeiri azhecalılıqdan çoxhecalılığa doğru uzun bir yol gəlmiş, böyük inkişaf prosesi keçmişdir.

“Heca vəznli şeir yazılı ədəbiyyatımızdan çox-çox əvvəl şifahi xalq ədəbiyyatı daxilində bizcə, öz təkamülünü keçirmiş, inkişaf etmiş və kamala çatmışdır.

Heca vəznli milli şeirimizin tarixini yazılı poeziyamızla müəyyənləşdirmək düz olmaz”.3

Quşların dilindən deyilən, azhecalılıqdan çoxhecalılığa doğru yol alıb gələn nümunələrə bir anlığa diqqət yetirək:
Hop-hop,

Gül-top.
Və yaxud:

Qaranquşam, qaranquş,

Quyruğum ayrıc-ayrıc.

Məni vuran bay oğlu,

Qan qussun ovuc-ovuc.


Başqa bir misal:

Anaların oxşamasında:


Dağda meşəlik,

Gül bənövşəlik.


Mən həmişəlik

Bu balama qurban.


Mərasim nəğmələri, düzgülər, laylalar, oxşamalar. Mənzum atalar sözləri və tapmacalar, yanıltmaclar, bir sözlə heca vəznli şeirin formalaşmasında və təkmilləşməsində xalq poeziyası nümunələri bir küll halında iştirak etmişdir.

Müşahidələrimiz, apardığımız araşdırmalar təsdiq etdi ki, yuxarıdakı xalq şeiri nümunələri içərisində mənzum atalar sözləri çoxluq təşkil edir. Eyni zamanda, atalar sözünün şeiriyyət çox güclüdür.

Tədqiqata cəlb etdiyimiz mindən artıq mənzum atalar sözlərindən doqquzu iki, otuz ikisi üç, səksən altısı dörd, yüz iyirmi səkkizi beş, qırx beşi altı, iki yüz otuz beşi yeddi, səksən üçü səkkiz, otuz səkkizi doqquz. Iyirmisi on, iyirmi beşi on bir, yeddisi on iki, beşi on üç, altısı on dörd, ikisi on beş, üçü on altı, üç yüz on altısı isə qeyri-bərabər hecalıya (yəni bir beytdəki misralarda hecaların sayı bərabər olmayan) aiddir. Bu mənzərədən aydınca görünür ki, qeyri-bərabər mənzum atalar sözlərinin sayı daha çoxdur. Yeddi hecalı olanlar öz çoxluğuna görə az və çox hecalılardan qat-qat artıqdır. Xalq şeirinin daha lirik, oynaq, kütləvi nümunəsi olan bayatılarla ölçüləri birdir.

Cəsarətlə demək olar ki, bayatıların daş-divarı doğrudan da atalar sözləri ilə hörülmüşdür. Üçüncü yerdə beşhecalılar durur ki, bunların ölçüsü də xalq mərasim nəğmələrinin heca ölçüsünə çox yaxındır. On bir hecalı olanlar isə saz simli çalğı alətinin Şah pərdəsinə bağlı yaranan qoşmalara daha uyğundur.4

Atalar sözlərinin elə kamil formaları var ki, onlar şeirin bütün texniki tələblərinə tam cavab verir, min misradan ziyada atalar sözlərini araşdırdıqda aydın olur ki, burada heca vəznli şeirə məxsus qafiyə sistemi (daxili, ön və son qafiyələr), bölgülər, rədiflər, ahəngdarlıq, məntiqi vurğu və digər ölçü vahidləri yerli-yerindədir.5

Nümunələrə diqqət yetirək:



İki hecalı:

Yüz ölç,


Bir biç.
Üç hecalı:

El gücü,


Sel gücü.
Dörd hecalı:

Aydan arı,

Sudan duru.
Beş hecalı:

Kasıbın sözü,Ülgünün közü.


Altı hecalı:

Ata yumaqlanar,

Oğul budaqlanar.
Yeddi hecalı:

Aşı bişirən yağdı,

Gəlinin üzü ağdı.
Səkkiz hecalı:

Qışın çəni qar gətirər,

Yazın çəni bar gətirər.


Doqquz hecalı:

Arsız adam güləyən olar,

Südsüz heyvan mələyən olar.
On hecalı:

Arvad var- buğda unun daş eylər,

Arvad var-arpa unun aş eylər.
On bir hecalı:

Evlərə baxıram- şükür edirəm,

Evlərə baxıram-fikir edirəm.
On iki hecalı:

Gəlinim paltar yusun üzü bozarsız,

Qızım çörək bişirsin üzü qızarsın.
On üç hecalı:

Yaxşılıq eyləyən göydə uçan durnadı,

Pislik eyləyən qanadı qırıq qarğadı.
On dörd hecalı:

Mərd ilə yoldaş oldum-dağlar qədər ucaldım,

Namərdlə yoldaş oldum- bircə gündə qocaldım.
On beş hecalı:

Arxalıya arxa olma- deməsinlər yamaqdır,

Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır.

On altı hecalı:

Gətirəndə: el gətirər, yel gətirər, sel gətirər,

İtirəndə: el itirər, yel itirər, sel itirər.
Qeyri-bərabər hecalı:

Toyuq ölsə bir çəngə tükdü,

Dəvə ölsə bir eşşəyə yükdü.

Və yaxud:


Qurd getdi yazıya,

Meydan qaldı tazıya.


Mənzum atalar sözünün hər biri ayrılıqda bir şeir parçasıdır. Lakin atalar sözləri beyt-beyt, iki misra- iki misra qafiyələnir. Azərbaycan şeiri isə əsasən dörd misralıdır. Bu təkamül atalar sözləri içərisində də özünü biruzə verir. Məsələn:
Bağda ərik var idi,

Salam Məlik var idi,

Bağdan ərik qurtardı,

Salam Məlik qurtardı.


Aydınca görünür ki, bu yol gələcək bayatı binalarını qurmağa gedən yoldur. Lakin bu yol tapmacalara qədər gələ bildi. Mənzum tapmacalar atalar sözlərinin məzmununu müəyyən qədər özündə yaşatsa da, özünə fərqli yeni forma, yeni köynək qazandı.

“Xalq poeziyasında heca vəznli şeirin təkamülündə, formalaşmasında və inkişafında mənzum tapmacalar atalar sözlərindən az əhəmiyyətli olmamışdır”.6

İraq-Kərkük folklorunda bu araşdırma ilə bağlı səsləşən elə örnəklər var ki, onların yanından biganə keçmək olmur.
Nə bahardı, nə də küz,

Hardan gəldi bu nərgiz.


Və yaxud:

Dövlətinin düşgünü,

Yazlıq geyər qış günü.
Bütün bu deyilənlərlə yanaşı bilmək lazımdır ki, dördlük şeir forması mənzum atalar sözləri daxilində deyil, mənzum tapmacaların ana qoynunda özünü geniş mənada kəşf və təsdiq etmişdir. Əvvəlcə məzmunu tapmaca, forması bayatı olan dördlüklər, yəni tapmaca-bayatılar; sonra məzmunu cinaslardan qurulmuş, forması bayatı olan bayatı-bağlamalar yaranıb meydana çıxmışdır.

Qanunauyğun bir inkişaf prosesi olaraq əvvəlcə məzmunu tapmaca, forması bayatı olan tapmaca-bayatı, bundan sonra bayatı-bağlama meydana gəlmişdir.

Tapmaca-bayatı ilə bayatı-bağlamaları fərqləndirən odur ki, bayatı-bağlamalar cinaslar üzərində qurulur. Məsələn: Bayatı-tapmacalardan bir nümunə:
Qah-qah balası var bunun,

Qan piyalası var bunun.

Yumurtamır, çalxamır,

Uçan balası var bunun. (Arı)


Bayatı-bağlamalar, hər şeydən əvvəl, bir poetik forma kimi tapmacalardan, bayatı-tapmacalardan fərqli olaraq böyük sənətkarlıqla yaradılır. Burada heca vəzninin bütün qayda-qanunlarına tam əməl olunur.

Eyni zamanda bayatı-bağlamalar örtülü, mübhəm, təzadlı ifadə və fikirlərlə dolu olması ilə də seçilir. Burada fikir, mətləb bircə sözdə, sözlə söz arasında elə gizlənə bilir ki, adam kiçik bir bədii parçanı təhlil edib aydınlaşdırmaq üçün bəzən saatlarla, günlərlə vaxt itirməli olur. Sözlərin yaratdığı rənglər, lövhələr göz qamaşdırır, heyrət doğurur, sadə bir fikir beyində mürəkkəbləşir, əsl mətləb cinaslarda, bədii boyalar içərisində birdən-birə yoxa çıxır, itir, batır, tapılmaz olur.

Lakin bayatı-bağlamalar nə qədər çətin qurulsa, onu açmağa, meyl, maraq, həvəs bir o qədər güclü olur, insan öz zehnində təbiəti, cəmiyyəti, məişəti, bir sözlə, onu əhatə edən aləmi araşdırır, qəribə-qəribə nəticələrə gəlir, xəyalı yaxın-uzağı gəzir, nəticəni bildikdə isə xalqın dühasına, müdrikliyinə, bayatı-bağlamaları necə ustalıqla, sənətkarlıqla yaratdığına heyran qalmaya bilmir.

Çox zaman epitetlər, bədii təsvir vasitələri təbiətdən alınır, lakin təbiətin kiçik zərrəsi belə həmişə cəmiyyətlə, insanla əlaqədar vəhdətdə verilir.


Mən aşiq, qoyun dərdi,

Çobanın qoyun dərdi.

Bağban bir gül üzüncə,

Çoban bir qoyun dərdi.


Bu bayatı-bağlama “qoyun” cinası üzərində qurulmuşdur. Birinci misra mətləbi açmağa hazırlıq görür, ikinci misrada həqiqətən çobanın qoyun-quzu dərdindən, qayğısından danışır. Üçüncü misrada mənanı açmağa açar verilir. Belə məlum olur ki, bağban bağdan, güllükdən bir gül üzməmiş, çoban bir qoyun-qoltuq, bir qucaq gül yığmışdır. Burada bir incə mətləb də var. Bağban gülü bir-bir üzür. Hətta gülü üzməyə əli də gəlmir. Çoban isə nə varsa, tələm-tələsik dərməyə çalışır.7

Bütün bura qədər şəkillənən, biçimlənən bitkin şeir janrına çevrilən bayatının meydana gəlməsində mənzum atalar sözünün, mənzum tapmacaların oynadıqları roldan bəhs olunmuşdur.

Eyni zamanda hər iki tədqiqat əsərində mənzum ata sözləri və tapmacalarla yanaşı, heca vəzninin meydana qoyduğu hər misrası yeddi hecalı, dörd misralı bitkin xalq şeiri olan bayatılara da münasibət bildirilmişdir.8 Məsələn:
Gülabı güldən allam,

İyin bülbüldən allam.

Bağda bülbül can versə,

Qanını güldən allam.


Xalq şairimiz Rəsul Rza “Uzaq ellərin yaxın töhfələri” adlı elmi yazısında Kərkük maniləri-bayatıları içərisindən bundan da qiymətli bir inci seçib nümunə vermişdir:
Bülbül kişidi gəldi,

Dərdə tuşudu gəldi.

Bülbül gül havasına,

Hələ qış idi, gəldi.


Bayatının təsiri hörmətli şairimizin duyğularını təlatümə gətirmiş, hisslə həyəcan düşüncə ilə birləşərək, insanı valeh edərək elə qənaətlər yaratmışdır ki, bunları yalnız şairin öz sözləri izah edə bilər: “Bülbül niyə gəlib?”, 0, “gül havasına gəlib”. Gül sorağına deyilsəydi bu qədər qüvvətli çıxmazdı. Hava sevda mənasında olduğundan əlavə, hadisəyə bir incəlik verir, ikinci bir məna kəsb edir. Bülbül yarının qoxusunu havadan almışdır. Bülbül, “hələ qış idi, gəldi”. Hələ bu söz nə yeni, nə də dərin məna ilə dolu sözdü. Lakin burada, belə bir yerdə onun necə işləndiyinə diqqət verin! Görün dörd səsdən yaranmış bir söz nələr ifadə edə bilər. Bir anlığa hələ sözünü burdan götürün. “Qış idi gəldi”. Amma, qışda bülbül gəlməz. Onun gülə olan məhəbbəti nə qədər böyükdür ki, bülbülü qışda gəlməyə məcbur etmişdir.9

Heca vəznli Azərbaycan xalq şeiri bayatılarımızın timsalında özünü təsdiq etmiş, bayatının lirik növünə daxil olan bir janr kimi nə qədər böyük bədii imkanlara malik olduğunu əyani şəkildə göstərmişdir. Bayatı kiçik lirik şeirdir. Lakin bu lirik şeir öz bədii imkanlarına malik olduğunu əyani şəkildə göstərmişdir. Bayatı kiçik lirik şeirdir. Lakin bu lirik şeir öz bədii tutumu, məzmunu, lirizmi, emosionallığı və estetik gücü ilə Azərbaycan xalq şeir nümunələri içərisində möcüzələr yaratmışdır.

Bayatı bir söz-termin kimi həm “köhnə, boyat” kəlməsi əlaqələndirilmiş, həm totem adı kimi mənalandırılmış (Mahmud Kaşğari) həm də Oğuz xanın nəvəsi, Gün xanın ikinci oğlu Boyatın, sonralar isə əski azərbaycanlıların soy kökündə əhəmiyyətli rol oynamış eyni adlı qəbilə, tayfa, elin adı ilə bağlanmışdır. (Salman Mümtaz). Bayatıların ən qədim növlərindən olan Saya isə eyni zamanda el nəğməkarı, aşığın əcdadı, ulu babası sayılmış, bu ifaçı-sənətkar bir çox soylar, boylar, dastanların yaradıcısı, müəllifi kimi dəyərləndirilmişdir.10

Hazırda Azərbaycanın Ağdam, Ucar və Şamaxı rayonlarında, eləcə də Dərbənddə Boyat adlı kəndlərin mövcud olması da bu fikir həqiqətə yaxınlaşdırır.



İnsanın qüdrəti
Əzizim, qurud aşı,

Yeməyə qurud aşı.

İnsanın könlü olsa,

Göyərdər quru daşı.


Gözəlin təsviri
Əzizim, səksəndi gün,

Ay doğdu, səksəndi gün.

Camalın bədirləndi,

Ay doğdu, səksəndi gün.


Bayatı-yanıltmac
Əzizim, kimsə yada,

Tor qurub kim səyyada?

Nə kimin kimsəsiyəm,

Nə salır kimsə yada.


Mən aşiqəm azalmaz,

Xotkar payı az olmaz.

Aşıq bir şam görübdü,

Yanar, yağı azalmaz.


Oxşama

Söyüdün göyü balam,

Dibinin şöyü balam.

Boyunda gözüm qaldı,

Tez ol, bir böyü balam.
Getdikcə bayatıların quruluşunda bir mürəkkəblik özünü göstərir. Elə laylaların özündə nəqarətin əlavəsi ilə misraların sayı artır, bayatının yeni bir şəkli-laylalar meydana çıxır. Məsələn:
Ay belə tək-tək doğar,

Gün belə tək-tək doğar.

Sənin kimi oğulu,

Analar tək-tək doğar.

Laylay, balam, a laylay,

Laylay, gülüm, a laylay.


“Haxışta” sözünün əlavəsi ilə, rəqslə bağlı bayatının əsasında yeni şeir forması yaranmışdır. Bayatı janrının yeni bir qolu olan “Haxıştalar” bilavasitə rəqslə-oyunla bağlı şəkildə meydana çıxmışdır:

Yoldakı quş üzümü, haxışta,

Yola dikdim gözümü, haxışta.

Gözlərəm, yarım gəlməz,

Öldürərəm özümü, haxışta.
“Ay gülüm ey”də rəqslə-oyunla bağlı şəkildə, həm də “haxışta”lardan fərqli şəkildə formalaşmışdır. Məsələn:
Arxalığın dizdən yar,

Gülüm ey, ay gülüm ey.

Gəl qapıda gizlən yar,

Gülüm ey, ay gülüm ey.

Anam sənə nə dedi?

Ayaq kəsdin bizdən, yar.

Gülüm ey, ay gülüm ey.
Bayatı lirik janrdır. Lakin bayatıların da epik şəklinə rast gəlirik.
Mən aşiqəm, don qara,

Qofta yaşıl, don qara.

Ay Allah, sənə qurban,

Yaxşını yaxşıya yaz,

Donqarı da donqara.
Heca vəzninin bayatı möcüzəsi təkcə bunlar deyil. Heca vəzninin bayatı möcüzəsi neçə-neçə bayatılı hekayət və dastanlar yaratmışdır. Bayatılı hekayətlərdən bir nümunə:

İki dost olur. Bunlar küçədə-bayırda görüşürlər. Bir gün bunlardan biri arvadını və yeniyetmə oğlunu götürüb dostunun evinə qonaq gedir. Dostunun özü və ailəsi qonaqları mehribanlıqla qarşılayır. Onların gəlişi münasibətilə ev sahibəsi çilov hazırlayır. Xörək qabağa gəlir. Adamlar əllərini çilova atırlar. Elə bu vaxt ev sahibinin qızı qapıdan içəri daxil olur. Oğlan həyəcanlanır, özünü ələ ala bilmir, bədahətən deyir:


Əzizinəm, çilovlar,

Çil kəkliklər, çilovlar,

Gözə tərlan göründü,

Əldə qaldı çilovlar.


Qız da oğlanı cavabsız qoymur, bədahətən deyir:

Əzizinəm, çilovdan,

Çil kəklikdən, çilovdan,

Tərlan özgə malıdı,

Ac qalma, ye çilovdan.
Akademik Ağamusa Axundov yazır: “Şeir vəznləri hər şeydən əvvəl milli dilin xüsusiyyətləri ilə əlaqədar olaraq yaranır”.11 Dilin zənginliyi sayəsində poetik biçimli şeir şəkillərinin meydana çıxması üçün yeni imkanlar açılır. Bayatı getdikcə daha məzmunlu, şəkli cəhətdən bitkin olur və yeni-yeni qolların, şaxələrin yaranmasına səbəb olur. Qızılgül kolu kimi sağa-sola qol-budaq atır. Baytılı hekayətlərdə getdikcə bayatıların da sayı artır. “Nərgizlər” hekayəti buna misal ola bilər.

Nişanlı qız və oğlan çəmən seyrinə çıxırlar. Yazbaşı olur, bənövşələr, nərgizlər bir-birinə göz vurur. Oğlanla qızın görüşüb söhbət etdiyi yerdə kəndlərindən olan bir kişi bura gəlir. Qız tez altı taxta tumanı oğlanın başına atıb, onu gizləyir. Bunu görən kişi bir bayatı çəkir:


Əzizinəm, nərgizlər,

Top-top bitər nərgizlər.

Əsrəmiş maya gördüm,

Qoltuğunda nər gizlər.


Qız görür ki, çuğul kişi kəndə tərəf xəbərə qaçır. Qız tez oğlanı tumanın altından çıxarır. Kişini geri çağırır və bir bayatı çəkib bildirir ki, bu özgəsi yox, nişanlımdır:
Gedən, getmə, dayan, dur,

Hər iş mənə əyandır.

Nə çox tənə vurursan,

Öz nərim, öz mayamdır.


Qız bununla belə, çuğul kişinin bayatısını da cavabsız qoymur:
Əzizinəm, nərgizlər,

Top-top bitər nərgizlər.

Sənin kimi çuğulu,

Torpaq alar, yer gizlər.


Bu bir içim su qədər boy-buxunu olan bayatılar hadisələrə yovuşaraq, epik yaradıcılıqla birləşərək dastan yaradıcılığına doğru gedir. “Torpaq alar, yer gizlər” misrası “Dədə Qorqud” oğuznamələrinin sonundakı “Cahannamə” yarpaqlarını xatırladır. “Dədə Qorqud” çeşməsindən lirik-epik janrlarımızın hamısı öz qədərincə sərbəst içmişdir.

Bayatıların epik-lirik yaradıcılığa qoşulması “Yaxşı-Yaman” (Lələnin dastanı), çoxvariantlı “Arzu-Qəmbər”, “Aşıq və Yaxşı” (Sarı Aşığın dastanı) kimi bitkin, yetkin bayatılı dastanların yaranmasına rəvac vermişdir.

“Arzu-Qəmbər”in Şamaxı variantında on beş, Gəncə variantında on, Bakı variantında yeddi, Qarayazı variantında doqquz bayatı vardır.12 Azərbaycan “Arzu Qəmbəri”inin süjetlərində müəyyən fərqli fikirlər olduğu kimi, bənzərsiz bayatılar da mövcuddur. Hətta bu bayatılar İraq-Kərkük “Arzu-Qəmbər”indəki, krım-tatar folkloruna aid edilən variantlardakı “Arzu-Qəmbər” dastanındakı bayatılardan da xeyli fərqlənir. Bizim üçün maraqlı olan odur ki, Qaqauz folklorunda da tək-tək “Arzu-Qəmbər” dastanları ilə səsləşən bayatılar özünü mühafizə edib saxlaya bilmişdir. Məsələn:

Ay da var, ambar kibi,

Ortası çember kibi.

Kız, ben sana aşk oldum,

Harzı ilə Kamber kibi.13
Bu faktın özü sübut edir ki, “Arzu-Qəmbər” dastanı vaxtı ilə türk xalqları arasında geniş yayılıbmış.

Biz, hətta Qaqauz maniləri-bayatıları içərisində deyişmələrə də rast gəlirik:



Sual: - Maniçi başı cəvahir misin, taşı misin?

Bir kaç mani soylesam,

Cibində taşım misin.
Cavab:- Maniçi başıyım da,

Cəvahir taşıyım da.

Bir kaç mani söyləsən,

Cibimde taşıyım da.


Birinci şəxs qarşısındakından soruşur ki, sən mani (mani söyləyənlərin) başısanmı, sən cəvahir daşısanmı, əgər bir mani söyləsəm, məni qiymətli daş kimi cibində gəzdirərsənmi?

Qarşıdakı cavab verir ki, mən özüm mani (bayatı) söyləyənlərin başçısıyam, özüm cəvahir daşıyam. Lakin sən bir mani söyləsən, onu cibimdə daşıyaram. Anlaşılır ki, bu iki gənc qızın deyişməsidir. Son yetmiş ildə türk xalqlarının özünün genetik (qan yaddaşı), tipoloji əlaqələrini qoruyub yaşatsa da, mədəni əlaqələri, follor əlaqələri qırılmış, bir-birinə qaynayıb-qarışa bilməmişdir. Lakin aydınca hiss olunur ki, bu əlaqələr əski çağlarda daha möhkəm olmuşdur. Hətta, Krım-Tatar və Azərbaycan “Arzu-Qəmbər”lərində elə şeir şəkillərinə rast gəlirik ki, artıq o nümunələr bayatı məcrasından çıxmış kimi görünür. Məsələn: Dastanın Gəncə variantında toy zamanı Qəmbər Arzunun atının cilovunu çəkir, at Qəmbərin dabanını ayaqlayıb yaralayır. Qəmbər buna etiraz edir və deyir:


Al geyirsən, əsdirirsən,

əmim qızı,

Səbri-qərarım kəsdirirsən,

əmim qızı.

Çərpəndimi basdırırsan,

əmim qızı.


Arzu cavab verir:
Çərpəndini basdırram,

əmi oğlu,

dastanın Bakı variantında həmin şeir bir az fərqli şəkildədir:
Qəmbər deyir:

Əsdirirsən, əsdirirsən,

Tellərini kəsdirirsən,

Tələsirsən getməyə,

Ayağımı basdırırsan.
Arzu cavabında:

Əsdirmirəm, əsdirmirəm,

Tellərimi kəsdirmirəm.

Tələsmirəm getməyə,

Ayağını basdırmıram.
İraq-Kərkük “Arzu-Qəmbər”ində həmin deyişmə bayatı aşağıdakı şəkildədir:
Qəmbər:
Hannan, Qəmbərim hannan,

Məhəbbətü çıxmaz cannan.

Diz kinüü çəkərək tut,

Dabanım doldu qannan.


Arzunun cavabı:

Hannan, Qəmbərim, hannan,

Məhəbbətü çıxmaz cannan,

Dabanundan gələn qan,

Gəlsin mənim gözümnən.14
Türk xalqlarının tələffüzündə, ifadə tərzində müəyyən fərqlər olsa da, mətnlərdə əsasən məzmun qalır, lakin bənzərsizliklər də göz önündədir. Azərbaycan şeirində təkamül daha qabarıq şəkildə özünü göstərir ki, bu hər şeydən əvvəl xalq şeirinin azhecalılıqdan çoxhecalılığa doğru bir inkişaf prosesi keçirdiyini, yəni forma və şəkillər qazandığını sübut etməkdədir. Azərbaycan xalq şeirini hər şeydən öncə, dilimizin ahəng qanunu tənzimləyir.

Daha mükəmməl bayatılı dastanlarımızdan biri də bayatı yaradıcısı Lələnin həyat və yaradıcılığını özündə təcəssüm etdirən “Yaxşı-Yaman” dastanıdır. “Yaxşı-Yaman” dastanında on səkkiz bayatı vardır. Bu bayatıların çoxu poetik biçimli, lirik bədii parçalardan ibarətdir. Lirik planda:


Evləri gün aşanda,

Xalları gün nişanda.

A Yaxşı, sən də yaxşı,

Sən handa, Günəş handa?


Və ya:
Eləmi, çalma yeri,

Çal yeri, çalma yeri.

Günəşin özü gözəl,

Yaxşının çalma yeri.


Lakin bəzi bayatılar epik planda verilir və hadisə danışılır.

Eləmi, ya qar-qar,

Ötər qarğa, ya qar, qar.

Yaxşının gül üznə,

Utanmaz, yağar qar.15
Bayatılar hadisəyə, süjetə qovuşduqca, dastana çevrildikcə lirik-epik istiqamətdə inkişaf edir, yeni boyalar, rənglər, çalarlar qəbul edir, bədii-estetik dəyərini artırır.

Bizim üçün ən maraqlısı odur ki, bayatı ustası Lələnin adı İraq-Kərkük bayatı-tapmacalarında tez-tez çəkilir:


Lələm deyər: düz durdum,

Əgri yatdım, düz durdum.

Yüz il ər qucağında,

Gəlin yatdım, qız durdum.

(Xurma ağacı)
Və ya:
Lələm deyər: quş uşdu,

Uşdu dəryahi keşti.

Bir ağacda beş alma,

İkisinə gün düşdü.



(Beş vaxt namaz)
Dili bir, dini bir, etnik xüsusiyyətləri bir, coğrafi məkana görə bir-birindən ayrı olan İraq türklərinin xoryatlarından-bayatılarından ürək dolusu danışan hörmətli şairimiz Rəsul Rza yazır: “...bu gün Şimali İraqda, Kərkük, Ərbil, Mosul dolaylarında, xalq arasında məşhur olan bəzi xoryatların-bayatıların Füzuliyə aid olduğunu söyləyirlər.
Gülə naz,

Bülbül eylər gülə naz,

Girdim dost bağçasına,

Ağlayan çox, gülən az.


Bu xoryat bizdə məlum olan “Əziziyəm, gülə naz” sətri ilə başlayan bayatıların azca dəyişmiş ekizi olduğu aydındır. Hansı illər, hansı yellər, hansı tellər xalq yaradıcılığının bu nadir incisi diyar-diyar gəzdirib Füzuli qürbətgahına salmışdır?”.16

İstedadlı şairimiz bu bayatılar sərgisinə baxıb heyran qalır, heyrətini gizlədə bilmir, coşğun duyğuları sinəsində baş qaldırır, qəlbini təlatümə gətirir, şair ilham ilə yazır:

“Xoryatlar-bayatılar ən qısa formada ifadə olunmuş insan duyğusu, insan fikridir. Bu forma yığcamlıqda Xəyyam rübailəri ilə rəqabət edə bilən bir dolğunluğa, ifadə qüvvəsinə malikdir. Onları oxuduqca oxumaq istəyirsən. Düşündükcə düşünürsən. Şirini var, acısı var”.17

Niyə məhz Rəsul Rza bayatıları rübailərlə yanaşı tutur. Məlumdur ki, rübailər də bayatı kimi qafiyələnir. Burada da rübailərin birinci, ikinci, dördüncü misraları həmqafiyə olur, üçüncü misrası isə sərbəst .

Rübailər, tuyuqlar bu şəkildə qafiyələnsələr də, onlar əsasən əruz vəznində olurlar. Bəzi tədqiqatçılar tuyuqları heca vəzninə aid edirlər, lakin belə deyil.

Qazi Bürhanəddində (XIII əsr), Nəbatidə (XIX əsr) gördüyümüz tuyuqlar əruzun müəyyən bəhrlərində yaradılmışdır. Mən bu qədər axtarışlarım zamanı xalqın əzbərində, ağız ədəbiyyatında, xalq poeziyasında tuyuqlara rast gəlməmişəm. Lakin bir-birindən qiymətli rübailərə rast gəlmişəm.


Məsələn:
Pərvanə özünü oda yandırar,

Günəş göl qurudar, ada yandırar.

Günəşdən istidir qucağın, ana,

Fəqət nə qaraldar, nə də yandırar.


Və yaxud:
Sevgim zər üzükdə dürr qaşa bənzər,

Sevib seçən könlüm nəqqaşa bənzər.

Sevgisiz, duyğusuz, yarsız bir insan,

Üstə yovşan bitmiş bir daşa bənzər.


Bayatı ilə rübailəri bir-birindən fərqləndirən misralardakı hecaların sayıdır. Bayatı misralarında hecaların sayı yeddi, rübainin misralarında isə hecaların sayı on birdir.

Şəmistan Mikayılov heca vəznindən bəhs edərək yazır: “Azərbaycan şeirində heca vəzninin işlənmə tarixi daha qədimdir. Ədəbiyyatımızın ən qədim abidələri olan “Avesta” və “Dədə Qorqud”dakı şeirlər heca vəznindədir.

Heca vəzni Azərbaycan dili üçün ən oynaq, yüngül, ahəngdar şeir ölçüsüdür. Şifahi xalq yaradıcılığının nəzmlə olan nümunələri bu vəzndədir. Ona görə də bu vəzn Azərbaycan xalqının milli şeir ölçüsü hesab edilir.

Heca vəznində yaranmış şeirlərdə ahəngin birinci əsas şərti misralarda hecaların sayıdır. Başqa sözlə, bu vəzndə hecaların sayı əsas götürülür”.18

“Kitabi-Dədə Qorqud”un müqəddiməsində oxuyuruq:

“Hecəsinlən düz oxünsa yasin görklü”. 19 təkcə burada heca vəznindən yox, həm də onun vurğusu, bölgüsü və avazı ilə düzgün oxunmasından söhbət gedir. Bu cür düzgün oxunsa, yasin görklü, yəni müqəddəs və gözəl olar.

Akademik Ağamusa Axundov heca vəznindən söz açaraq yazır: “Məlumdur ki, heca vəzninin iki mühüm şərti var: ölçü və bölgü. Bunlardan birincisi misralardakı hecaların sayının bərabərliyinə; ikincisi isə misralardakı hecaların sayının bərabərliyinə; ikincisi isə misralardakı heca mikroqruplarının uyğunluğuna əsaslanır”.20 Əlbəttə, bizi daha çox maraqlandıran heca vəzninin Azərbaycan xalq şeirinin inkişafındakı tarixi roludur. Bayatıları bu qədər rəngarəng və çoxşaxəli edən, zənginləşdirən, ürəyə yatımlı edən amillərdən biri də onun musiqi ilə bağlılığıdır.

Ə.Haqverdiyev yaslarda yuğçuların iki simli “qobuz”la ağı oxuduqlarını qeyd edir.21

“Bayatı-Qacar”, “Bayatı-Şiraz”, “Bayatı-İsfahan”, “Sallama bayatı”, “Çoban bayatısı”, “Köç bayatısı” bayatının musiqi ilə əlaqəsindən yaranmışdır.

Ə.Dəmirçizadə yazır ki, “Ədəbi və elmi dildə işlənən “Bayatı”, “Əfşar”, “Varsağı”, “Qaytağı” və bu kimi bir sıra folklor-musiqi terminləri mənşəcə oğuz tayfalarının adı ilə bağlıdır”.22

Bayatı termini hər cəhətdən Boyat qəbiləsinin adı ilə əlaqələndirilir. “Kitabi-Dədə Qorqud” epos-dastanının müqəddiməsinin ilk cümləsi belə başlayır. “Rəsul əleyhüssəlamın zamanına yaxın Bayat boyundan Qorqud Ata derlər bir ər qopdu”.23

Məşhur türk folklorşünası, “divani-lüğət-it türk” əsərinin araşdırıcısı prof. Dr. Saim Sakoğlu yazır: “Divani-lüğət-it-türkə” şeir kəlməsi ilə ilgili olaraq aşağıdakı terminlər keçməkdədir. Qoşuq: şeir, qəsidə qarşılığı olaraq qullanmışdır”.

Folklorşünas-alim İsrafil Abbasov yazır: “Hələ əsrin ikinci yarısında tərtib olunmuş “Divani-lüğət-it-türk”də bir sıra el ədəbiyyatı inciləri ilə yanaşı, bayatı-mani səpkisində nümunələr də özünə yer tapmışdır”.24
İtil suyu aza durur,

Qaya dibi qaqa durur,

Balıq təlim baqa durur,

Gölüng təki küşerür.


(İtil suyu axar durur,

Qaya dibini döyər durur.

Bütün balıqlar baxar durur,

Gölü daha daşırır).25


Azərbaycan xalq şeiri azhecalılıqdan çoxhecalılığa doğru təkamül yolu keçdikcə, inkişaf etdikcə, dil baxımından daha da durulur, həmçinin yeni-yeni şəkillər meydana çıxarır.

Hələ bayatı şəkilli, yəni bayatı kimi qafiyələnən rübailərdən öncə Azərbaycan xalq şeiri içərisində səkkiz hecalı oxşamalar tək-tək özünü göstərmişdir. Məsələn:

Mənim qızım xana gedər,

Yırğana-yırğana gedər.

Qabağından yellər əsər,

Telləri hər yana gedər.


Mənim qızım xana gedər,

Sallana-sallana gedər.

Sığal çəkir tellərinə,

Əllərində şana gedər.

Mənim qızım xana gedər,

Bağı-gülüstana gedər.

Başında ay toxaması,

Təbrizə, Tehrana gedər.


Klassik Azərbaycan xalq yazılı poeziyasında sənət vəsiqəsi almış əruz vəzni müəyyən dərəcədə şifahi xalq şeirinə də öz təsir gücünü göstərə bilmişdir. “Mənim qızım xana gedər” adlı səkkiz hecalı oxşamanın özündə də sezilməz dərəcədə əruzun təsiri duyulmaqdadır.

Araşdırıcı Kamil Hüseynoğlunun elmi mülahizəsi bu baxımdan maraq doğurur. O, yzır: “bütün tarixi inkişafı boyu türk yazılı şeiri daima xalq poeziyası ilə qarşılıqlı təmasda olmuşdur. Bu əlaqənin nəticəsində xalq şeiri heca bərabərliyinin sabitləşməsində və qafiyə sisteminin zənginləşməsində əruz şeirindən bəhrələndiyi kimi, türk əruzunda bir növ “heca-əruz” vəzni xüsusiyyətləri əldə etmişdir”.26

Bununla belə, Azərbaycan xalq şeiri qanunauyğun olaraq, tarixən öz axarı ilə davam etməkdədir.

Vaxtı ilə qürbət ellərə aparılan qızlar öz fəryad səslərini bayatılarda ifadə edirdilər:

Apardı tatar məni,

Qul edib satar məni.

Vəfalı yarım olsa,

Axtarıb tapar məni.


Artıq gənc oğlan və qızların fəryadı, ahı, vətən həsrəti tək-tək bayatılara sığmırdı, çoxbəndli gəraylılar və qoşmalar yaranırdı.o qoşma və gəraylılar maddeyi-tarixdir, öz dövrünün tarixi salnaməsidir. Eyni zamanda həmin nadir şeir örnəkləri Azərbaycan xalq şeirinin inkişaf tarixinə işıq tutur, şahidlik edir. Yeddi bəndlik “Durna, yara salam eylə” şeiri buna misal ola bilər. Bu şeiri heç kəs həyəcansız oxuya bilməz. “Ayrılıq ölümdən betər”, “Üzüyüm apar nişana” misraları insanın qəlbini şan-şan edir. Şeirin bir misrasını, bir bəndini belə ixtisar etmədən burada nümunə veririk:
Durnam gedər qatar-qatar,

Cığasan boynundan atar,

Ayrılıq ölümdən betər,

Durna, yara salam eylə.


Durnam gedər Qaradaşa,

Qarlı dağlar aşa-aşa .

Həm qohuma, həm qardaşa,

Durna, yara salam eylə.


Durnam, gedirsən Kaşana,

Quma döşənə-döşənə,

Üzüyüm apar nişana,

Durna, yara salam eylə.


Durnam, gedirsən Bağdada,

Yollar üstə yata-yata,

Ayaqların gülə bata,

Durna, yara salam eylə.


Durnam, gedirsən Vətənə,

Bac vermirsən hər yetənə,

Bir iltimasım var sənə,

Durna, yara salam eylə.


Durnam gedər bəhri-bozlar,

Laçın vurar, tükün tozlar,

Yolum gözlər gözəl qızlar,

Durna, yara salam eylə.


Durnam gedər düzüm-düzüm,

Boynu qanadından uzun,

Budur sənə axır sözüm,

Durna, yara salam eylə.


Nə üçün bayatılarımızda bu qədər qəm-kədər olduğunu akademik M.Arifin aşağıdakı sətirlərindən çox aydın başa düşmək olar: “Bu torpaqdan kimlər keçməmişdir! Bu yerdən axan çayların, bulaqların suyundan kimlər içməmişdir!

Qəzəbli hökmdarların, istilaçı orduların hücumuna, qanlı müharibələrinə meydan olan bu ölkəyə, əsrlərdən bəri çox ağır zərbələr dəymişdir. Yadellilər dumduru suyumuzu dönə-dönə bulandırmış, atlarının nalı ilə daşlarımızı yaralamışlar. Bunların izi torpağımızda, mənəvi abidələrimizdə, o cümlədən qədim bayatılarımızda qalır və qalacaq. Bunlar ulularımızdan bizə miras qalmış, qəlbimizdə, hissimizdə, həyəcanlarımızda yaşayır və bundan sonra da yaşayacaqdır”.27

Dörd misralı milli heca vəznli şeirimizin özəyi, ən mükəmməl nümunəsi bayatılar, gəraylılar və qoşmalardır. Bunların üçü də Azərbaycan xalq şeirinin ana qoynunda göz açıb sənət dünyasına gəlmiş və özlərinə həyat vəsiqəsi almışlar.

Akademik H.Araslı əlyazmalarının birində Qulam Məmmədlinin rast gəldiyi, yad ölkələrə əsir aparılan qızların dilindən bir qoşmanı ürək yanğısı ilə bizlərə çatdırır.

Göydən ötən bölük-bölük durnalar,

Bizdən salam olsun əcəm elinə!

Yaşıl geymiş, sarı telli durnalar,

Bizdən salam olsun əcəm elinə!


Bizi ayırdılar ata-anadan,

Yarəbbim, sən qurtar bu qəmxanadan!

İstambul şəhrindən- Qəstəntinodan,

Bizdən salam olsun əcəm elinə!


Beş qız idik bir arada, bir yerdə,

Ya İlahi, dərman eylə bu dərdə!

Canım durna, hər Vətəndən ötəndə,

Bizdən salam olsun əcəm elinə!


Budur, gəldi əsirlərin karvanı,

Çağıraram, ya mövlana, ya qəni!

Qara geydi Əcəm pirü-cəvanı,

Bizdən salam olsun Əcəm elinə!


Bizi keçirdilər şahi-cisirdən,

Rum ölkəsi varı doldu yesirdən,

Ol Şamü-Hələbdən, şəhri-Misirdən,

Bizdən salam olsun Əcəm elinə!28


Bu təkcə lirik bir qoşma deyil, böyük bir dövrün salnaməsidir, qara hərflərlə, göz yaşları ilə yazılmış bir tarixdir. Bütün bu sızıltı bayatılar, gəraylılar, qoşmalar saza can atmış, sazla qovuşmuş, səs-səsə verərərk, eli-obanı bir olmağa çağırmış, qəmdən soyumuş ürəklərə istilik, dünyadan əlini üzmüş insanlara təpər gətirmiş, hünər bəxş etmişlər. Budur, sözün-sazın möcüzəsi.

Abdulla Şaiq yazır: “...saf və səmimi duyğuları tərənnüm edən qoşmalar lirik ədəbiyyata nümunə olaraq ən gözəl parçalardır. Bunlardan başqa saz şairlərinin yaratmış olduqları ədəbiyyat tarixşünaslarımız və lisançılarımızın çalışa bilməsi üçün ən geniş bir sahə və ən dəyərli materialdır. Hələ bu günkü şairlərimiz üçün dilin, təbiətin və fikrin zənginliyini tərənnüm edən bu ədəbiyyatın iqtibasən qələmə alınacaq nə qədər qiymətli mövzular vardır”.29 Bu çağırış biz tədqiqatçıların da qarşısında yeni vəzifələr qoyur.


  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə