Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3,72 Mb.
səhifə23/47
tarix28.11.2016
ölçüsü3,72 Mb.
#313
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

9.3. Əlavə təhsil
Yuxarıda vurğuladığımız kimi, müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf et­dirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas mü­əssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətən­da­şın fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Bu, bir tərəfdən müəllimin yaradıcı po­ten­sialının inkişaf etdirilməsinə, di­gər tərəfdən təhsilin və onun idarə edilməsinin müasirləşdirilməsi məq­sədilə pedaqoji işçilərin və rəh­bər pedaqoji kadrların peşə ha­zır­lı­­ğının, elmi-pedaqoji qabiliy­yət­lərinin və peşəkarlıq səviyyəsinin müx­təlif yollarla inkişaf etdi­rilməsinə xidmət edir.

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pe­da­qoji kadrların, cəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtə­rəf­li ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil proq­ramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz təh­si­lin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin in­ki­şa­fından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləş­di­­ril­məsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, pe­şə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümu­miyyətlə, müvafiq lisenziyası olan digər müəssisələrdə həyata ke­çirilən müxtəlif yönümlü təhsil proqramları daxildir.

Müasir dövrdə əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, staj­­keçmə, yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi isti­qa­mət­ləri müəyyənləşdirmişdir. Əlbəttə, bu istiqamətlərin hamısı ba­rə­də məlumat vermək imkanı olmasa da, bəzilərinə diqqət yönəlt­mə­yi lazım bilirik.

İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pe­da­qoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müd­dət pe­daqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq pe­şə­karlıq sə­viyyəsini, peşə ustalığını, elmi-nəzəri, pedaqoji, psixoloji biliklərini artırmaq məqsədi ilə yeni­lik­lə­ri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil al­maları, ixtisaslarını artırmaları nəzərdə tutulur.

Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə, ixtisas kafedra­la­rın­da yüksək ixtisaslı mü­tə­xəssislərin rəhbərliyi altında nəzəri biliklərin təcrübi bacarıq və vər­diş­lərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas müəssisələri üz­rə pedaqoji heyətin ixtisasının artırılması üçün nə­zərdə tutulan təd­ris plan və proqramlarına, lazım gəldikdə, staj­keç­mə­yə dair ay­rı­ca blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq plan­laşdırıl­ma­dan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədilə el­mi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bi­lər.

Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və me­to­dika sahələri üzrə bilik və bacarıqların artırılması ilə tamamla­na­raq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə təhsilini tə­min edir.

Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili mü­əssisələrində çalışan professor-müəllim, pedaqoji kadr, mü­hən­dis-müəllim kimi kateqoriyalı işçilərin əlavə təhsilidir. Bu cür təhsil şə­bəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma mü­əssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və is­teh­salat müəssisələri, tədris-sınaq stansiyaları aiddir.

Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir pro­ses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi da­şı­­yır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə eh­ti­va edir: pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərs­lik­lərdə, eləcə də tədris plan və proqramlarında, təlim və infor­ma­siya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq, öz həm­kar­ları ilə təcrübə mübadiləsi; distant ötürmə vasitələri ilə yeni ma­te­ri­alların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinin apa­rıl­­ma­sı; aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mü­tə­xəs­sislərin dayaq məntəqələrinə dəvət olunması, problem möv­zular ət­rafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret meto­di­kanın aprobasiyası, nəticələrin təhlili; kadr hazırlığı, əlavə təhsil sa­həsində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi; “öyrə­dən­ləri öyrədən” statuslu müəllim və metodistlərlə dis­ku­siyaların ke­­çi­rilməsi; daimi özünütəhsil.

Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yu­xa­rıda göstərilən digər tərkib hissələrinə təkanverici proses xarakteri da­şıyır, özünütəhsil formasında müəllim hazırlığının fasiləsizliyini tə­min edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi gə­ləcək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır, mü­əllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqla­rın aradan qaldırılmasını və onların hazırlığının keyfiyyətcə yüksək sə­viyyədə olmasını təmin edir.

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi mü­əl­limlərin və pedaqoji prosesin digər subyektlərinin dörd səviyyədə ha­zırlanması şəklində həyata keçirilir:

1) müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər pe­da­qo­ji kadrların praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırıl­ma­sı və təkmilləşdirilməsi;

2) pedaqoji kadrların elmi tədqiqatçılıq fəaliyyəti sahəsində ix­tisasının artırılması və təkmilləşdirilməsi;

3) pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ix­ti­sas­lar üzrə yenidən hazırlanması;

4) qısamüddətli təhsil proqramları üzrə təhsil səviyyəsinin və də­rəcəsinin yüksəldilməsi.

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi aşa­ğı­dakı modellər üzrə həyata keçirilir:

- ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində tre­ninqlər;

- təhsil müəssisəsi şəraitində treninqlər;

- kaskad modeli üzrə treninqlər (“öyrədən”lərin öyrədilməsi və müəllimlərin dayaq məntəqələri vasitəsi ilə ixtisasartırma və tək­mil­ləşmə proseslərinə cəlb edilməsi);

- texnologiyalara əsaslanan treninqlər;

- distant təhsil;

- mentorluq;

- şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə;

- müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kə­nar keçirilən kurslar və treninqlər.

Ölkəmizdə əlavə təhsilin əsas istiqamətlərindən biri olan ix­ti­sas­artırma təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili üçün bir sı­ra problemlərin həlli vacibdir. Həmin problemlərdən biri məhz bu təh­silin strukturunun müasir tələbləri ödəməməsi ilə bağlıdır. Belə ki, ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif edilən proq­ram­lar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun ha­zır­lan­mır, ümumiyyətlə, bu ehtiyacların dəqiq müəyyənləşdiril­məsi sa­həsində etibarlı mexanizmlər işlənməmişdir.

İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq gös­tərir ki, dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ix­ti­sasartırma təhsili modul-kredit sisteminə əsaslanaraq üç modul­dan iba­rət təşkil olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdi­ri­lir.

Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, ikin­ci modul tədris metodikası və təlim strategiyalarını, üçüncü mo­dul isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin ar­zu­suna uyğun təşkil ediləcək kursları əhatə edir. Xüsusi vurğu­la­maq la­zımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl hər bir mü­əllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiy­mə­t­lən­­dirilməsi), treninq proqramları da qiymətlən­dirmənin nəti­cə­lə­rinə uy­ğunlaşdırılır. Sonda isə yekun monitorinq aparılır (çıxış qiy­mət­lən­dirilməsi). Modullar üzrə zəruri kreditləri toplayan müəl­lim­lər ser­tifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə etdiyi ba­carıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əmə­yi­nin sti­mullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisas­ar­tırma təh­silinin statusunu yüksəldir və ona marağı artırır. Burada bir əhə­miy­yətli cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri və ictimai­y­yət müəllimlərə verilən sertifikatlara inanır və onu qəbul edirlər. Çün­ki bu sənədi almamışdan əvvəl kursun, treninqin moni­to­rinqi apa­rılır, həm “öyrədənlərin”, həm də “öyrənənlərin” fəaliy­yəti dəqiq qiy­mət­ləndirilir. Eyni zamanda bu monitorinq və qiy­mət­ləndirmə me­xanizmi işin daha da təkmilləşdirilməsi üçün təkliflərin ha­zır­lan­ma­sına imkan verir.

Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliy­yə­ləş­di­ril­mə­si də bizim ölkəmizdə olduğundan tam fərqlidir. Azərbaycanda ixtisasar­tır­ma təhsili üçün vəsait əsasən bu təhsili həyata keçirən müəssisələrə ve­rilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmə­tin səviyyə­sin­dən asılı olmayaraq, büdcə vəsaiti ixtisasartırma təh­sili müəssisə­si­nə yönəldilir. Dünya təcrübəsində isə belə təhsil müəs­sisələri vəsaiti öz­ləri qazanırlar, yəni öz proqramlarını elan edirlər, bu proqramlar ak­reditasiyasından keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin se­çimi əsasında kurslar təşkil edilir və ixtisasartırma üçün nəzərdə tu­tul­muş vəsait həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təş­kil etdiyi proqramlar müəllimlər tərəfindən seçilməzsə, onda həmin mü­əssisə vəsait əldə edə bilmir. Bir fərq də ondan ibarətdir ki, ölkə­miz­də ixtisasartırma təhsili yal­nız dövlət təhsil müəssisələrində hə­ya­ta keçirilir, beynəlxalq təc­rü­bədə isə dövlət müəssisələri ilə ya­na­şı, bu fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər məşğul olurlar ki, bu da rəqabət mühitinin formalaşdı­rılmasına gətirib çıxarır.

Bu sahədə ən ciddi problemlərdən biri də “öyrədənlərin” ha­zırlıq səviyyəsinin müasir tələbləri ödəməməsi ilə bağlıdır. Vacibdir ki, daha çox sayda və səriştəli “trener”lər hazırlansın. Son illərdə Azər­baycan Müəllimlər İnstitutu tərəfindən əlavə təhsilin tək­mil­ləş­dirilməsi istiqamətində xeyli müsbət addımlar atılıb, bir sıra məzmun də­yi­şiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlərin keçirilməsi üçün lazımi infrastruktur formalaşdırılıb, innovasiya və İKT-dən geniş istifadə olunur.

Qloballaşan dünyada bilik və məlumatlar sürətlə dəyişil­di­yin­dən bir dəfə alınmış təhsil insanın ömür boyu inkişafını təmin edə bil­mir. Hətta ən mükəmməl təhsil sistemində əldə edilmiş biliklərin ək­sər hissəsi təhsil prosesi başa çatdıqdan bir müddət sonra öz aktu­al­lığını itirir. Cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fə­al iştirak etmək üçün hər bir şəxsin peşə bilik və bacarıqlarının, şəx­si keyfiyyətlərinin kəmiyyət və keyfiyyət baxımından daim yeni­ləş­dirilməsi, zənginləşdirilməsi və zamanın tələblərinə uy­ğunlaş­dı­rıl­ması zəruri tələbata çevrilir.

Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət inkişaf et­dik­cə təhsilə tələbat da artır və belə şəraitdə yaşlıların təhsili bir tə­rəf­dən məqsədə, digər tərəfdən fəaliyyət obyektinə çevrilir. Cəmiy­yə­tin inkişafı təhsil sistemi qarşısında yeni prioritetlər müəyyən­ləş­di­rir və hazırda dünyada həmin prioritetlərdən biri məhz yaşlıların təh­silidir. Digər tərəfdən, XIX əsr aqrar cəmiyyəti, XX əsr sənaye cə­miy­yəti kimi xarakterizə olunurdusa, XXI əsr bilik, informasiya cə­miy­yətinə çevrilmişdir. Bu səbəbdən Avropa Birliyi yaşlıların təh­silini “XXI əsrin qapılarını açan açarlardan biri” adlandırmışdır.

Dünya təcrübəsi göstərir ki, yaşlıların təhsili əlavə təhsilin tər­kib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisa­diy­yat­da d­a­im baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məq­sədilə çe­vik tədris proqramları əsasında həyata keçi­rilən təh­sil prosesidir.

Avropa Birliyi tərəfindən vətəndaşlar üçün peşə bilik və ba­ca­rıq­ları ilə yanaşı, digər “Əsas kompetensiyaların” müəyyən edilməsi Av­ropada yaşlıların təhsilinə olan ciddi yanaşmanın göstəricisidir. Mü­əyyən edilmiş həmin kompetensiyalardan bəzilərini təqdim edi­r­i­k:


  • ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;

  • xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;

  • riyazi və texniki kompetensiyalar;

  • İKT ilə bağlı kompetensiyalar;

  • öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kom­pe­ten­siyalar;

  • siyasi və sosial (ictimai) kompetensiyalar;

  • təşəbbüskarlıq və sahibkarlıq səriştəsi;

  • çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyərlərin dər­ki ilə bağlı kompetensiyalar.

Etiraf olunmalıdır ki, cəmiyyətimizdə yaşlıların təhsili barədə ki­f­ayət qədər məlumat yoxdur. Belə ki, bəzən yaşlıların təhsili ilə ahıl­ların təhsili anlayışları eyniləşdirilir. Halbuki, yaşlıların təhsili ahıl­ların təhsilini də özündə ehtiva etməklə daha geniş əhatə dai­rə­si­nə malikdir. Yaşlıların təhsili dedikdə, şərti olaraq 18 yaşdan yu­xa­rı, müstəqil fəaliyyət təcrübəsi və bir çox hallarda peşəsi olan, bəzi hal­larda isə heç bir peşəsi olmayan insanların təhsilə cəlbi nəzərdə tu­tulur. Yaşlıların təhsili ilə ənənəvi təhsil ara­sında fərq vardır. Əgər ənə­nəvi təhsil sisteminin vəzifəsi cəmiyyət üçün lazımi kadr hazır­la­­maqdırsa, yaşlıların təhsilinin vəzifəsi artıq ənənəvi təhsil sis­te­mi­ni keçmiş insanların cəmiyyətdə və iqtisadiyyatda daim baş verən də­yişikliklərə uyğunlaşdırılma­sı­nı təmin etməkdir. Qeyd olunduğu ki­mi, yaşlıların təhsili kontin­gen­tinə daxil olan insanlar artıq müəy­yən bilik və bacarıqlara malik olduqlarından, onların ənənəvi me­tod­larla təlimi səmərəli nəticə verə bilməz. Bu səbəbdən yaşlıların təh­sili sistemində yeni prinsip və metodların tətbiqi xüsusi aktuallıq kəsb edir. Eyni zamanda bu təhsil formasının təşkili zamanı təh­sila­lan­ların tələbatları və onların əvvəllər qazandıqları bilik və ba­ca­rıq­lar maksimum dərəcədə nəzərə alınmalıdır. Təlim prosesi zamanı din­lə­yicilərin ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi, onlarda ye­ni bilik və bacarıqlar əldə etməyə motivasiyanın oyadılması da əhə­miy­yətli məsələlərdəndir.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yaşlıların təhsili ilə məşğul olan mərkəzlər öz fəaliyyətlərində yerləşdiyi ərazinin xü­su­siyyətlərini, adət və ənənələrini, dinləyicilərin maraqlarını nəzərə al­mağa çalışırlar.

Təlim zamanı dinləyicilərə yalnız yeni peşə almaq imkanları de­yil, həmçinin mövcud peşələrin spesifik xüsusiyyətləri və pers­pek­tivləri haqqında müfəssəl məlumat verilir. Belə ki, bəzən ənə­nə­vi təhsil mühitində dinləyiciyə seçilən peşənin gələcək perspektivi haq­qında geniş məlumat verilmir və bu da dinləyicidə gələcəyə ümid­siz baxışlar formalaşdırır. Ancaq yaşlıların təlimi zamanı təh­si­l­­a­lan­­lara ümumi biliklərlə yanaşı, sahibkarlıq fəaliyyəti, müstəqil işin qurulması barədə bacarıqların aşılanması da nəzərdə tutulur.

Yaşlıların təhsili kontingentinə, əsasən, aşağıdakı sosial de­moq­rafik qruplar aid edilir:

- əmək funksiyalarının məzmununda baş vermiş dəyişikliklər və yeniliklərlə əlaqədar ixtisasartırma və yenidənhazırlanmaya cəlb edi­lən peşəkar əmək sahəsi işçiləri;

- məşğuliyyət sahəsini və ya peşəsini dəyişmək fikrində olan şəxs­lər;

- uzunmüddətli fasilədən sonra peşəkar əmək fəaliyyətinə qa­yı­danlar;

- peşəsi olmayanlar;

- yeni peşəyə yiyələnməyə və ya ixtisasını artırmağa ehtiyacı olan işsizlər;

- hərbi xidmətdən tərxis olunanlar;

- məcburi köçkünlər və qaçqınlar, o cümlədən miqrantlar;

- şəxsi keyfiyyətlərini inkişaf etdirmək və ya bilik dairəsini ge­niş­ləndirmək arzusunda olan şəxslər və s.

Respublikamızda iqtisadiyyatın sürətli inkişafı, yoxsulluğun azal­dılması və aparılan davamlı təhsil islahatları yaşlıların təhsilini pri­oritet səviyyəyə qaldırmış, insan resurslarının inkişaf aləti olan yaş­lıların təhsilini dövlət siyasətində strateji istiqamətə çevirmişdir. Öl­kənin sosial-iqtisadi inkişafına uyğun olaraq bir sıra sahələr müəyyən dövrdən sonra öz prioritetliyini digər sahələrə verməyə məc­bur olur. Belə şəraitdə həmin sahələrdə çalışan çoxsaylı işçilərin ye­ni peşə və ixtisaslar üzrə təhsil almasına ehtiyac yaranır. Ölkə­miz­də yaşlıların təhsilini aktuallaşdıran məsələlərdən biri də infor­ma­siya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrinin geniş-lən­dirilməsidir. Bu isə İKT-nin yeni tətbiq olunduğu müəssisə və təş­kilatların əməkdaşlarının, ümumilikdə, əhalinin bu sahədə baca­rıq­­la­rının artırılması məqsədilə təlimlərin keçirilməsini zəruri et­miş­di­r.

Hər bir dövlət yaşlıların təhsilini öz təhsil sisteminin xü­su­siy­yət­lərinə uyğun olaraq formalaşdırır. Bu zaman cəmiyyətin və əmək ba­­zarının tələbləri nəzərə alınaraq müvafiq proqram və tədris ma­te­ri­alları hazırlanır.

Həmin sənədlər elə hazırlanır ki, yaşından, dini və milli mən­su­biyyətindən, dünyagörüşündən, ilk təhsilindən və sosial vəziy­yə­tin­dən, həmçinin cinsindən asılı olmayaraq bütün yaş qrupları əhatə edil­sin. Eyni zamanda yaşlıların təhsilinin təşkili zamanı bir sıra amil­lər də nəzərə alınmalıdır. Bunlara aşağıdakıları aid etmək olar:



  • yaşlıların təhsili baza təhsilini əvəz etmək məqsədini daşı­ma­malı, əksinə, onun əsasında həyata keçirilməlidir;

  • yaşlıların təhsili, əsasən, kişilərə aid olan istehsalat sahə­lə­rin­də işləmək üçün qadınlara müvafiq kvalifikasiyalar verməlidir;

  • yaşlıların təhsili heç bir peşə və təhsili olmayan gənclərin mü­vafiq peşə almalarına şərait yaratmalıdır;

  • yaşlıların təhsilinə mane ola biləcək bütün amillər, o cüm­lədən qanunvericilik sahəsində boşluqlar aradan qaldırılmalıdır;

  • iş ilə təhsil arasında vaxt bölgüsü düzgün müəyyənləşdiril­mə­li, yaşlıların təhsili üçün elmi cəhətdən əsaslandırılmış çevik tə­lim metodları və texnologiyaları işlənməlidir;

  • yaşlıların təhsili zamanı fərdi fəaliyyət təcrübəsi nəzərə alın­ma­lı və ondan istifadə olunmalıdır;

  • bir təhsil pilləsi və səviyyəsindən digərinə keçid asanlaşdı­rıl­malıdır;

  • təhsil sistemi onu əhatə edən sosial-mədəni və iqtisadi mü­hitə uyğunlaşdırılmalıdır;

  • təhsilə çəkilən xərclərin sosial həyata, mədəniyyətə və iqt­i­sa­diyyata çəkilən xərclərdən daha çox effekt verməsi nəzərə alın­ma­lı­dır;

  • inkişaf proqramlarında yaşlıların təhsili ilə əlaqədar tədbirlər nə­zər­də tutulmalı, yaşlıların təhsili milli-regional sosial-iqtisadi in­ki­şaf və təhsil proqramlarında nəzərdə tutulmuş məqsədlərə müva­fiq olaraq istiqamətləndirilməli və koordinasiya edilməlidir;

  • yaşlıların təhsili ilə məşğul olan dövlət və qeyri dövlət təhsil mü­əs­sisələrinə, təşkilatlara, cəmiyyətlərə müəyyən güzəştlər tətbiq edil­məlidir.

Yaşlıların təhsilinin təşkilində əhəmiyyətli məsələlərdən biri də məzmunun müəyyənləşdirilməsidir. Belə ki, yaşlıların təhsili pro­sesində məzmun konkret vəziyyətə, şəraitə uyğun olaraq mü­əy­yən­ləş­dirilməli, cəmiyyətin və şəxsin (fərdin) inkişafına xid­mət etməli, tutduğu vəzifəsindən və fəaliyyət dairəsindən asılı olma­ya­raq hər bir insanın ömür boyu təhsilinin (biliyinin) artırılmasına yö­nəlməli, əmək fəaliyyətinə təsir etməli, yaşlı insanları aktivləş­dir­məli, onları daha vacib və çevik qərarlar qəbul etməyə stimullaş­dır­m­a­lıdır. Yaşlıların təhsili iqtisadi inkişafla əlaqələndirilməli, inkişaf proseslərini sürətləndirməlidir.

Fərdin hər hansı təhsil pilləsində, həmçinin fərdi və praktik yol­la təhsil almasından asılı olmayaraq, onun bilikləri daim artırıl­ma­lı, texniki və peşəkar kvalifikasiya səviyyəsi yüksəldilməli, yeni ba­carıqlar formalaşdırılmalıdır ki, o, müstəqil fəaliyyətini təmin edə bil­sin. Bu baxımdan yaşlıların təhsili yalnız təhsil prosesi ilə məh­dud­laşdırılmamalı, ömür boyu həyata keçirilməli, əldə edilmiş yeni bi­lik və vərdişlər daim inkişaf etdirilməklə şəxsiyyətin hərtərəfli in­k­işafına və fəaliyyətinə imkan yaradılmalıdır. Odur ki, yaşlıların təh­silinə fasiləsiz təhsil sisteminin mühüm tərkib hissəsi, gənc­lə­rin və bütün yaşlı insanların iştirak etdiyi təhsil prosesi kimi baxıl­ma­lı­dı­r.



Yaşlıların təhsili dövlət və qeyri-dövlət, formal və qeyri-for­mal, informal təhsil sahələrini əhatə etməklə ciddi diqqət tələb edir. Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının səy­lərinin birləşdirilməsi zəruri məsələlərdəndir.
***
Pedaqoji ədəbiyyatda “kompetensıya”, “səriştə” və “səla­hiyyət” sözlərinin işlədilməsində müəyyən yanlışlığa yol verilməsi ilə rastlaşırıq. “Competence” sözü “to compete” felindən əmələ gəlmiş, "yarışmaq" mə­na­sını verir, daha dəqiq desək, “yarışmaq baca­rığı” kimi tərcümə olunur. Həm­çinin rus dilində “kom­pe­tent­nıy” sifəti Azər­baycan dilinə 1) “bi­likli”, “səriştəli”, 2) “səlahiy­yətli” söz­ləri kimi tərcümə olunur. Tərcümə nət­icəsində müəyyən olunan sözlərin məna yüklərinin müxtəlifliyinin nəticəsidir ki, bəzi alimlər “kompetensiyalı” sözünün qarşılığı olaraq “səriştəli” sözünü işlətməyi lazım bildiyi halda, bəziləri “səlahiyyətli” (“kom­petensiya” əvəzinə “səlahiyyət”) sözündən istifadə edirlər. İkinci möv­qeyi seçənlər göstərirlər ki, inkişaf etmiş Avropa ölkələrinin təcrü­bəsində kompetensiyanın (səlahiyyətin) mühüm istiqa­mət­lə­rindən biri in­sanın cəmiyyətin həyatında öz vəzifələrini başa düş­məsi və müvəf­fəqiyyətlə yüksək keyfiyyətdə həyata keçirməsidir. Səlahiyyət – müəyyən fəaliyyətlərin, proseslərin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün şəxsiyyətin bir-birilə əlaqəli keyfiyyətlərinin (biliklər, baca-rıq­lar, vərdişlər və fəaliyyət üsulları) iş prosesinə tətbiqi deməkdir. Fikrimizcə, “şəxsiyyətin bir-birilə əlaqəli keyfiyyətlərinin iş prosesinə tət­biqi” ilə daşınan əməl “səlahiyyət” sözündə yox, “səriştə” sözündə eh­ti­va olunur. “Kompe­tensiyanı” şəxsiyyətin yeniləşmiş tədris-təlim pro­se­sin­də və praktik fəaliyyətində aktivləşən, formalaşan və inkişaf edərək müəy­yən edilmiş qaydada düzgün istifadə olunan və ölçülə bilən inteqrativ xarakteristikalarının (psixoloji, anadangəlmə şəxsi keyfiyyətlər, müəyyən sahədə bilik, bacarıq və vərdişlər) məcmusu kimi anlayırıqsa, qəbul ediriksə, onu “səriştə” sözü kimi işlətmək daha doğru hesab edilməlidir. Bizim subyektiv anlamımız belədir. Kompetensiya sözü dilimizə yad olsa da belə, bəlkə də onun tərcüməsindən irəli gələn sözlər əvəzinə özündən istifadə olunması daha məqbul olar, ən azı dolaşıqlığa səbəb olmaz.

Mətləbdən yayınmayaq, yəqin ki, söylədiklərimiz yetərin­cə­dir. Burada şərhi veriləcək əsas məsələ təhsilin qarşısında olan mühüm məqsədlərin həyata keçirilməsi ilə bağlıdır. Ona görə də, müəyyən edilmiş kompetensiyalar sisteminin tətbiqi nəticəsində bilikli, bacarıqlı, müstəqil düşüncəli, özünüdərketmə qabiliyyətli şəxslərin yetişdirilməsi ilə əlaqəli məsələlərin şərhinə və onların reallaş­dı­rıl­ması yollarına diqqət çəkməyi lazım bilirik. Müəy­yən­ləş­dir­məliyik: öyrənənlərdə hansı kompetensiyalar forma­laş­­dırıl­ma­lı­dır ki, o müasir cəmiyyətdə öz yerini tutması üçün tələb olunan bacarıqları əldə edə bilsin? Bu problemin həlli yolunu özündə saxlayan yanaşmanın təbiətində başlıca cəhətlər hansılardır? Arzuolunan təbiətli təhsil sistemini idarə edən, öyrədən tərəf funksiyasını daşıyan mütəxəssis hansı kompetensiyalara yiyələnmiş olmalıdır? Təhsil fəaliy­yə­tinin müxtəlif mərhələlərində əsas kompetensiyalar qrupunun tərkibi necə olmalıdır? Ümumitəhsilin kurikulumunun tələblərinə uyğun müxtəlif bilik sahələrinin baza kompetensiya­la­rının formalaşmasına, analitik, məntiqi, təfəkkür, dil və danışıq qa­biliy­yətinə yiyələnməyə və s. (fənlər üzrə ixtisaslaşmış kompetensi­ya­lara, ümumi kompetensiyalara) təhsillənmə prosesinin ümum­təhsil mərhələsində necə nail olmaq mümkündür? və sair pedaqoq alimlərin, həm də praktik təhsil işçilərinin idrakını narahat edən suallardır.

Ümumtəhsili başa vurmuş şagird daimi dəyişən dünyada həyati bacarıqlara yiyələnməli, əmək bazarında öz yerini tutmağa hazır olmalı, öyrənmənin vacibliyini daim başa düşməli, zamanın tələblərinə uyğun müvafiq bilik, bacarıq və vərdişləri qazanmağı bacarmalıdır. Öyrə­nən­lərdə elə bacarıqlar formalaşdırılmalıdır ki, birinci növbədə insanın fəaliyyətində xüsusi rol oynayan aşağıdakı kompetensiyaları əldə etmək mümkün olsun:

  • mürəkkəb yazılı mətnləri başa düşmək üçün savadlılıq;

  • ədədlər və ölçülən kəmiyyətlərlə işləmək, onları saymaq və on­lar üzərində müxtəlif əməliyyatları yerinə yetirmək üçün ədədi savadlılıq;

  • müxtəlif şəraitdə düzgün həyat mövqeyinin seçilməsi və yaşayış tərzinin formalaşdırılması üçün müvafiq bilik, bacarıq və vərdişlərin qazanılması;

  • akademik biliklər sisteminə yiyələnmə;

  • ana dilində ünsiyyətlə bağlı kompetensiyalar;

  • xarici dillərdə ünsiyyətlə bağlı kompetensiyalar;

  • texniki kompetensiyalar;

  • İKT ilə bağlı kompetensiyalar;

  • öyrənməyi öyrənmək, ömür boyu öyrənməklə bağlı kom­petensiyalar;

  • çoxmədəniyyətli cəmiyyətdə yaşayış, mədəni dəyər­lərin dərki ilə bağlı kompetensiyalar;

  • təşəbbüskarlıq və sahibkarlıq üzrə kompetensiyalar.

Sosial-iqtisadi dəyişikliklər peşə, ailə və ictimai həyatda fəal idrakı təmin edən zəruri baza biliklərinin, bacarıq və vərdişlərinin yeni top­lu­munu tələb edir. Fasiləsiz Təhsil Haqqında Avropa Birliyinin Lissabon sammitinin yekun sənədləri (23-24 mart 2000-ci il) belə vərdişlərə kom­pyuter savadlılığı, xarici dilləri, texno­lo­gi­ya mədəniyyətini, sahibkarlığı, sosial vərdişləri aid edir.

Görkəmli təhsilşünas prof. A.O.Mehrabov xüsusi olaraq vurğulayır ki, müasir cəmiyyətdə ahəngdar fəaliyyət üçün insanlar konseptual konpetensiyalara malik olmalıdırlar. Belə kompeten­si­yalara – pro­se­du­ra, motivasiya və fəaliyyətlə bağlı məsələləri daxil etmək olar. Pro­sedura kompetensiyalar insana konkret şəraitdə öz bacarıqlarını tətbiq etməyə imkan verir. Mühitlə səmərəli qarşılıqlı ünsiyyətə, əlaqəyə, hadisələrə münasibətlərin formalaşması məsələ­lə­rində motivasiya ilə bağlı kom­petensiyalar xüsusi rol oynayır. Konkret məsələlərin həlli ilə bağlı praktik və psixoloji hazırlığın, tənqidi təfəkkürün, istənilən situasiyada strategiya və taktikanın seçil­mə­sin­də isə fəaliyyətlə bağlı kömpetensiyaların rolu əvəzedil­məz­dir. Bun­lar eyni zamanda praktik və praqmatik (müasir fəl­sə­fə­də ger­çəkliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət kimi qəbul edən cərəyan) intellektin xüsusi rolu ilə bağlıdır.

Fəaliyyət sahəsində əsas açar (xüsusi) rolunu oynayan kom­pe­ten­­siyaları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • mürəkkəbliyin reproduksiyalılığı (yenidən hasil edilməsi);

  • fərasətlilik, ağıllılıq, gözüaçıqlıq;

  • normallıq, dürüstlük;

  • koorperasiyalılıq (bir çox insanın əməkdaşlığı, birgə işlə­məsi əsa­sında qurulmuş əmək fəaliyyəti forması);

  • tarixilik.

Məlum olduğu kimi, mürəkkəbliyin reproduksiallığı və ya yenidən hasil edilməsi praktik bacarıqlarla müəyyən edilir. Bu halda insan “nə etməli” anlayışına dair biliklərə malikdir və bunu “necə yerinə yetirməyi” başa düşür və özünün bilik və bacarıq­la­rı­nın tətbiq etmək üçün imkanlar axtarıb tapır. Deməli, mürəkkəbliyin yenidən hasil edilməsi, “nə”dən “necə”yə doğru istiqamətlənmiş pedaqoji prosesin hərəkət dinamikasını müəyyənləşdirir. Fəra­sət­li­liyi, ağıllılığı, gözüaçıqlığı intuisiya ilə problemin həllinin mümkün­lüyü kimi başa düşmək lazımdır. Bu tip kom­petensiyalar ən çox anadangəlmə, fitri istedadla bağlı olur. Normallıq, dürüstlük – həlli tələb olunan problemi dərk edərək özünün bacarığını, qabiliyyətini adekvat qiymətləndirməklə bağlıdır. Bu tip kom­peten­siyalar insana öz qüvvəsinin, bacarığının qəbul olunmuş normalara uyğunluğunu müəyyən etməyə imkan yaradır. Başqa sözlə, insan qoyulmuş prob­lemin başqalarına nisbətən özünün daha yaxşı həll etmə bacarığını identi­fika­siya edir. Koorperasiallıqla bağlı kom­peten­si­ya­lar bəzən kommunikativ kompetensiyalar da adlandırılır. Kom­­mu­ni­kativ kompetensiyalar şəxsiy­yətin anadan­gəlmə, fitri keyfiy­yətləri və ətraf mühitin dərk olunması ilə əlaqədar oldu­ğun­dan, onun formalaşdı­rıl­ması müəyyən çətinliklərlə bağlıdır. Məktə­bin, təhsil müəssisə­si­nin əsas məqsədi öyrənənlərə kom­munikativ bacarıq və vərdişlər aşı­lamaqdan başqa, eyni zamanda müxtəlif situasiyalarda və müx­tə­lif mədəni ənənələrə malik cəmiyyətdə özlərini aparmaq qabiliy­yətlərini də tərbiyə etməklə bağlı olmalıdır. Tarixilik kompetensi­yalarının müvafiq bacarıqların formalaş­dırılmasında normal­lıq kompetensiyalarına oxşarlığı vardır. Belə kompeten­si­yalar insanın konkret vəziyyətinin tarixi aspektdə aydın­laş­­dırıl­masına, təsvir etməsinə tələb olunan vaxtı azaltmaqla, tarixi plan­da prosesə uyğun epizodun tapılmasına və onun müvafiq qay­dada qiymətləndiril­mə­sinə istiqamət­lən­miş qabiliyyətlərlə bağlıdır.

Əsas, açar rolunu oynayan kompetensiyalara sosial kom­pe­ten­si­­yaları da daxil etmək lazımdır. Sosial kompetensiyalar siyasi nə­za­kət, sosial sahədə ədəbli fəaliyyət, özünün hüquq və mənafeyini qo­rumaq kimi qabiliyyətlərin öyrənənlərdə formalaş­ma­sını təmin edir.

İnformasiya cəmiyyətinə – biliklərə əsaslanan cəmiyyətə doğ­ru hərəkətimiz boyu təhsil və öyrənmə haqqında anlayışlarımız da də­yişir. Təhsil texnologiyaları daha çox istifadəçiyönümlü olur. Öy­rə­­nən artıq informasiyanın passiv resipiyenti olmur. Bunlar təbii pro­­seslərdir və metodologiya sahəsində fəaliyyət göstərən peşə­kar­ların məqsədyönlü işi ilə onları əhəmiyyətli dərəcədə sürət­lən­dir­mək olar.

Müəllim peşəsi bütövlükdə öz ilkin mənasını dəyişir. Müəl­limlər daha çox məsləhətçilərə, təlimatçılara və vasitəçilərə çev­ri­lirlər ki, onların da vəzifəsi – öyrənənə öz təhsilini özü qur­maq­da və bu­nun üçün öz şəxsi məsuliyyətini dərk etməkdə kömək gös­tərməkdir. Məntiqi olaraq qənaətə gəlinir ki, təhsil üsulları – şəxsi motivasiya prioritetinə, tənqidi təfəkkürə və öyrənmək bacarığına doğru dəyişməlidir.

Elmi-tədqiqat işlərindən belə ümumiləşmə etmək olar ki, pedaqoji və metodik işləmələrin səmərəliliyi ilə səciyyələnən tədris-tə­lim pro­se­sində öyrənənlərdə tənqidi təfəkkürün formalaşması müəl­limin fəaliy­yətindən, onun istifadə etdiyi metodların, yanaş­ma­la­rın səmərəliliyindən çox asılıdır. Tənqidi təfəkkürün forma­laş­ma­sın­da istifadə olunan pedaqoji vasitələrə, yanaşmalara aşağıdakı­ları daxil etmək mümkündür:

  • ağılın, zəkanın tənqidiliyini təmin etmək üçün ümum­təh­si­lin fənn kurikulumlarına nəzəri (həm də tənqidi) təfəkkürü inkişaf etdirməyə imkan verən materialların daxil edilməsi;

  • professional kompetensiyaların məntiqi və tənqidi düşün­məyə cavabdehlik daşıyan, bacarıq və vərdişlərin seçilməsinə im­kan verən şəraitin yaradılması;

  • məntiqi və tənqidi təfəkkürün formalaşmasına dair metod və yanaşmaların əsasını bilən, professional kompetensiyalara malik müəl­lim­lərin hazırlanmasının təmin edilməsi;

  • tənqidi təfəkkürün inkişafı ilə bağlı çap olunmuş əsərlərin, keçi­rilmiş konfransların, seminarların, xüsusi layihələrin və in­no­va­si­yaların koordinasiya olunması.

Aydın məsələdir ki, bu mürəkkəb vəzifənin öhdəsindən yeni idarə-etmə mədəniyyətinə yiyələnmiş təhsil menecerləri gələ bilər. Məhz onlar təhsil fəaliyyətinin idarə olunmasının yeni elmi metod­la­rına yiyələnmiş mütəxəssislərdir. Kompetensiyaların inkişaf model­lərinin qurulmasında əsas yanaşmaların müəyyənləşdirilməsi üçün onların formalaşması və aktiv­ləşməsinin təbiətini düzgün başa düşmək tələb olunur. Təhlillər göstərir ki, kompetensiyalara şəxsin fəaliyyət sahəsində effektiv istifadə etdiyi, insan şəxsiyyətinin dayanıqlı baza keyfiyyətləri kimi baxmaq lazımdır. Bu dayanıqlı baza keyfiyyətlərin fəaliyyət prosesində motivasiya, psixo-fizioloji xüsusiyyətlər, “Mən – konsepsiyası”, biliklər sistemi, vərdişlər ilə bağlı tiplərini bir-birindən ayırmaq tələb olunur.

Təhsil prosesində təhsil alanda elə sosial-peşəkar xarakterli key­fiyyətlər formalaşdırılmalıdır ki, onlar gələcəkdə peşə ilə bağlı istənilən məsələlərin həllinə müsbət təsir göstərsin, eyni zamanda insanlarla qar­şılıqlı münasibətlər qurmağa imkan versin. Bu key­fiy­yət­lər insanın bütöv sosial və peşəkar kompetensiyaları kimi qəbul olunur. Belə “ideal-laşdırılmış modelin” baza əsasını aşağıdakı müd­dəa­lar təşkil edir:

- sosial və peşəkar kompetensiyalar müəyyən mərhələdə intellektual bacarıqların və təfəkkürün inkişafı əsasında formalaşır;

- insanın peşəkar fəaliyyətində reallaşdırılması tələb olunan zəruri məsələlərin səmərəli həlli onun şəxsi xüsusiyyətləri ilə müəyyən edilir.

Təhsil alanlarda kompetensiyanın (şəxsiyyətin yeniləşmiş təd­ris-təlim prosesində və praktik fəaliyyətində aktivləşən, formalaşan və inkişaf edərək müəyyən edilmiş qaydada düzgün istifadə olunan və ölçülə bilən inteqrativ xarakteristikaların məcmusu) formalaş­ma­sın­da aşağıdakı məz­munu özündə əks etdirən anlayışlardan düzgün is­tifadə etmək lazımdır:

  • kompetensiya dəqiq hansı fikri ortaya qoyur;

  • onun təməlini, baza əsasını nə təşkil edir;

  • hansı amillər ona təsir göstərir;

  • harada özünü göstərə bilir;

  • hansı funksiyaları yerinə yetirir və onlar hansı parametr­lər­lə xa­rakterizə olunur.

A.V.Xutorskoy öyrədənlərlə bağlı yeddi baza təhsil kompeten­si­yalarının formalaşdırılmasını əsas məqsəd kimi qarşıya qoymuşdur:

  • dəyər və məna ilə bağlı kompetensiyalar;

  • ümummədəniyyətlə bağlı kompetensiyalar;

  • təhsil və dərketmə ilə bağlı kompetensiyalar;

  • informasiya ilə bağlı kompetensiyalar;

  • kommunikativliklə bağlı kompetensiyalar;

  • sosial və əməklə bağlı kompetensiyalar;

  • şəxsin özünütəkmilləşdirməsi ilə bağlı kompetensiyalar .

Müəllim professionallıq baxımından hazırdır” anlayışı təh­sil­də keyfiyyətin əldə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ru­siyada nəşr edilmiş ensiklopedik lüğətdə təsdiqlənir ki, “professional hazırlıq” an­layışı “ümumi və xüsusi” kompetensiyaların cəmi olub, müəyyən ixtisas üzrə fəa­liy­yətin müvəffəqiy­yət­li həllini tələb edir. Təcrübə gös­tərir ki, əgər müəllim ali mək­təb­də oxuyarkən lazımi vərdişləri əl­də edirsə və müstəqilliyə təminat verən pedaqoji usta­lığa yiyələnirsə, o, məktəbdə key­fiyyət əldə etməkdə çətinlik çəkmir.

Fənlərin məzmunu ixtisas xarakteristikasından asılıdır. O, is­la­hatlar prosesində, xüsusən həyata keçirilən təhsil kuriku­lum­la­rı­nın tət­biqində daha da təkmilləşməlidir. Bu zaman müəllimə aid olan aşa­ğıdakı on qrup kompetensiyalardan söz gedə bilər. Onlar ali mək­­təbdə tədris prosesində, sonralar isə məktəbdə iş prosesində for­ma­­laşdırılır və həyata keçirilir. Bunlar aşağıdakılardır:

  1. Planlaşdırma, dərsin hazırlanması, keçirilməsi və təhlili;

  2. Məktəbdə tətbiq edilən eksperimentlərdən tədris məqsədləri üçün istifadə etmək;

  3. Şagirdləri həyati bacarıqlara yiyələndirmək, çətin mə­­sə­­­­lə­­lərin həllinə yönəltmək;

  4. Fənn kabinetini yaratmaq və onun işini təşkil etmək;

  5. Uşaqları layihələşdirmə fəaliyyətinə cəlb etmək;

  6. Ekskursiyaları planlaşdırmaq və həyata keçirmək;

  7. Sinifdənxaric və məktəbdənkənar işləri planlaşdırmaq və həyata keçirmək;

  8. Tədris prosesində təlimin texniki vasitələrindən, xü­su­sən infor­masiya-kommunikasiya texnologiyalarından isti­fa­­də etmək;

  9. Qiymətləndirmənin növlərini, məqsədini və qiymət­lən­dir­mə vasitələrini bilmək və tətbiq etmək, monitorinqdən istifadə etmək;

  10. Məktəbdə tədris olunan fənlərin təliminin təşkili mexaniz­minə yiyələnmək.

Ümumfənlərlə bağlı kompetensiyalar texnologiyaların mənim­sə­nil­məsi və öyrədənlər üçün çox vacib olan aşağıdakı key­fiy­yət­lərin for­malaşması ilə bağlıdır:

  • insanlarla qarşılıqlı münasibətlərdə mədəni kom­mu­ni­ka­si­ya­lardan istifadə;

  • peşəkarlıq sahəsində informasiyanı qəbul etmək bacarığı və ondan özünütəhsil prosesində istifadə;

- əldə olunmuş zəruri informasiyanı başqalarına ötürmə ba­carı­ğı.

Təhsil sisteminin strukturunun müasirləşdirilməsi və məzmu­nu­nun modernləşdirilməsində böyük elmi və praktik əhəmiyyət daşıyan ya­naşmalar içərisində kompetensiyalı (səriştəli) yanaşma xüsusi yer tutur. Yüksək səviyyədə səriştəlilik geniş bilik, bacarıq və vərdişlər sisteminin formalaşmasında şəxsi, instinsional və ictimai inkişafın əsas amili kimi, tədris-təlim prosesinin səmə­rəliliyinin yüksəldilməsinə imkan verən əsas göstərici hesab edilir. Ona görə də insanların səriştəlilik səviyyəsinin yüksəl­dil­mə­sini və onun aktuallığını əmək bazarında daim artan tə­ləblərin, çox böyük sürətlə dəyişən texnoloji yanaşmaların, eyni za­manda akademik və əmək mobilliyinin yüksəlməsi ilə də şərtləndiyini qəbul etmək lazımdır. Hazırda təhsildə kompetensiyalı yanaşma təlim-tərbiyə prose­sinin keyfiyyətinin yüksəldilməsi vasitəsi olub, dünya təhsil sferasında təhsil sisteminin modernləşdirilməsinin əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilir. Təhsil prosesini inno­vatik proses kimi təcəssüm etdirən səriştəli yanaşma inkişaf etmiş ölkələrin əksəriyyəti tərəfindən qəbul edilmiş, təhsil standartlarının ümumi konsepsiyasına uyğun, təhsilin məzmununun layihələndiri­lməsi və onun keyfiyyətinə nəzarət sisteminə keçidlə bağlı olan məsələləri sistemli həll etməyə imkan verir. Kompeten­si­yalı yanaş­ma modelinin müxtəlif komponentləri (məntiqi, funksional, məna (semantik), texnoloji) arasındakı qarşılıqlı əlaqələrin xarakterik xüsusiyyətlərinin nəzərə alınması onun səmərəliliyini müəyyən edir.

Kompetensiyalı (səriştəli) yanaşmaya yönəlmiş təhsil Ameri­kada keçən əsrin yetmişinci illərindən formalaşmağa başlamışdır. 1984-cü ildə C.Ravenin (London) "Müasir cəmiyyətdə səriştəlilik" əsərində birinci dəfə səriştəliliyin psixoloji təbiətinə, ayrı-ayrı insanlarda müxtəlif yaş dövrlərində onun formalaşma prob­lem­lərinə münasibət bildirilmişdir. C.Ravenin modelinə əsasən səriş­təliliyin müxtəlif növləri fərqli situasiyalarda müəyyən səriştəliliyin komponenti kimi və tərsinə çıxış edə bilər. Səriş­təliliyin bu komponentləri koqnitiv (məqsədə çatmaq yolunda əngəllərin aradan qaldırılması), affektiv (məqsədə yönələn işdən zövq alma) və iradi (inadkarlıq, qətiyyət, əzm) kimi hissələrə bölünür. Polşa alim­ləri belə qənaətə gəlmişlər ki, müxtəlif səviyyələrdə fəaliyyət gös­tərən insanlarda səriştəliliyin inkişafi yaş dövrü ilə əlaqələn­dirilməlidir. Şəxsiyyətin həyat boyu optimal inkişafı, onun aktiv genişlənməsi və müxtəlif həyati bacarıqların əldə olunması, onlarda zamandan asılı olaraq müxtəlif növ səriştəliliyin formalaşmasına əsaslanır.

Elmi-pedaqoji mənbələrdən məlum olur ki, müxtəlif ölkələrdə təhsil sisteminin əsas məqsədi öyrənənlərdə müxtəlif kompeten­si­yaların inkişaf etdirilməsinə yönəldilmişdir. Azərbaycan təhsil sistemi də bu baxımdan istisnalıq təşkili etmir.

Sözügedən kompetensiyalara aşağıdakıları aid etmək olar:

  • strateji – gələcəyə dair bacarıqların inkişaf etdirilməsi ilə bağlı;

  • sosial-kommunikativ-əməkdaşhq bacarıqlarının, tən­qi­din və əks-əlaqənin qəbul olunması ilə bağlı;

  • normativ-mədəni-peşəkar münasibətlərin motivasiyası və nəticəyə çatmağa hazır olmaqla bağlı;

  • şəxsiyyətin özünüreallaşdırma bacarığı ilə bağlı;

  • sosial yönümlü bacarıqlarla bağlı;

  • müəyyən fəaliyyət sferası ilə bağlı;

  • yaradıcılıq yönümlü qabiliyyətlərin inkişafı ilə bağlı.

Səriştəli yanaşma modelinin əsaslandığı fundamental ideya­la­ra öyrənənlərlə bağlı aşağıdakı əsas prinsipləri daxil etmək müm­kün­dür:

  • öyrənənlərin dərketmə, qavrama maraqlarına istiqamət­lən­­mə. Sə­riştəli yanaşma modelinin əsasında yaradıcılıqla bağlı pro­ses dur­du­ğundan və yaradıcılığı xarici tezislərlə birbaşa bağla­maq mümkün olma­dı­ğın­dan, o yalnız daxili tələbat, yəni səmərəli dərketmə əsasında for­ma­laşa bilər;

  • sərbəst seçim və şəxsi təlimə məsuliyyət. Yalnız bu halda təhsil şəx­siyyətin şəxsi məqsədlərinə adekvat ola bilər;

  • biliklərin onun verilmə metodları ilə birgə mənim­sə­nilməsi. Müəyyən informasiyanın qəbul olunması ilə yanaşı, yeni bilik­lərin alınma qaydalarını (yollarını, metodlarını) da mənim­səmək əhəmiyyətlidir;

  • informasiyaların sərbəst axtarılması ümumi bacarıqların for­ma­laşmasının əsasını təşkil edir. Müasir təhsilin əsas məsələsi, yəni bilik­lər sisteminin səmərəli mənimsənilməsinin inkişafı üçün tələb olunan bilik və bacarıqların onların özü tərəfindən sərbəst əldə olunması istiqamətində yönəldilmişdir. Yalnız bunun əsasında qazanılmış biliklər, öyrənənin dünyanı yaradıcılıqla dərk etməsi üçün onun əsas alətinə çevrilə bilir. Bu halda öyrənən sadəcə olaraq mü­hüm informasiyadan istifadə etmir, özü yeni bilik və məlumat sis­temini yaradır, səmərəli və reproduktiv təlim metodlarını əlaqələndirir.

Araşdırmalar göstərir ki, kompetensiyalı yanaşmada öyrənən­lərin yaradıcılıq qabiliyyətinin inkişafı üçün onlar tədqiq olunan prosesə dair xüsusi bilik, bacarıq və vərdişlərə yiyələn­mə­li­dirlər. Bunları aşağıdakı kimi qruplaşdırmaq lazımdır:

  • problemin dərk olunması;

  • sualları qoyma bacarığı;

  • hipotezanın irəli sürülməsi ilə bağlı bacarıqlar;

  • təsnifatlaşdırma (siniflərə, şöbələrə, dərəcələrə ayırma sistemi) bacarığı;

  • təcrübələrin aparılması;

  • nəticəçıxarma və yekunlaşdırma bacarığı;

  • öyrənilən materialın strukturlaşdırılmasına dair bacarıqlar;

  • öz fikrini, ideyasını izah, isbat və müdafiə etmək bacarığı.

Təhsilşünaslar səriştəliliyin müxtəlif növlərini aşağıdakı kimi qrup­laşdır­mağın məqsədəmüvafiq olduğunu müəyyənləşdirmişlər:


  • dəyərlərin daha aydın başa düşülməsi üçün müxtəlif ten­den­­si­ya­lar və dəqiq məqsədlərlə bağlı bacarıqlar;

  • öz fəaliyyətini nəzarətdə saxlamağa dair qabiliyyət və tenden­si­ya­lar;

  • fəaliyyət prosesinə emosiyaların cəlb edilməsi bacarığı;

  • sərbəst öyrənməyə hazırlıqla bağlı bacarıqlar;

  • əks əlaqənin axtarışı və istifadəsinə dair bacarıqlar;

  • özünə əminlik, inamlılıqla (arxayınlıq) bağlı bacarıqlar;

  • özünənəzarət bacarığı;

  • gələcək haqqında düşünməyə, adaptasiya və abstrak­laş­ma­ya dair bacarıq və vərdişlər;

  • qoyulmuş məqsədə çatmaqla bağlı problemlərə diqqətli münasibət;

  • təfəkkürün sərbəstliyi, orijinallığı;

  • tənqidi (nəzəri) təfəkkürün inkişafı;

  • mürəkkəb məsələlərin həllinə hazır olma bacarığı;

  • hər hansı mübahisəli və narahatçılıq doğuran məsələlərin həllinə hazır olma;

  • ətraf aləmin imkanlarının və ehtiyatlarının (həm material, həm də insan ehtiyatları) aşkarlanması üçün tədqiqatlar aparma bacarığı;

  • fatalizmin (qəzavü-qədərə, təqdirə, qismətə inanma) yox­lu­ğu;

  • məqsədə çatmaq üçün yeni ideyalardan və innovasi­ya­lar­dan istifadə bacarığı;

  • cəmiyyətin innovasiyalara xeyirxah münasibətinə əminlik;

  • inadkarlıq, sözünün üstündə durma bacarığı;

  • ehtiyatlardan istifadə bacarığı;

  • etibar, inam, etimadla bağlı keyfiyyətlər;

  • arzuolunan və istənilən əxlaq qaydalarına münasibət bil­dir­­mə bacarığı;

  • şəxsi məsuliyyət;

  • məqsədə çatmaq üçün birgə işə qatılmaq bacarığı;

  • qoyulmuş məqsədə çatmaq üçün başqa insanlarla birgə işləməyə həvəs oyatma bacarığı;

  • başqa insanları dinləmək və onların fikirlərinə hörmətlə yanaş­maq bacarığı;

  • əməkdaşların şəxsi potensialını subyektiv qiymət­lən­dir­­məyə can atmaq bacarığı;

  • ixtilafların həlli və fikir ayrılıqlarının, münaqişə vəziy­yə­ti­nin yumşal­dıl­ması ilə bağlı bacarıqlar;




  • tabelik şəraitində səmərəli, effektiv işləmək bacarığı;

  • ətrafdakıların müxtəlif yaşayış tərzinə münasibətdə dö­züm­­lülüyün təbliği ilə bağlı bacarıqlar;

  • plüralistik siyasətin anlanılması ilə bağlı bacarıqlar; _^

  • təşkilati və ictimai planlaşdırma ilə məşğul olmağa hazırlıq və s.

Kompetensiyalı (və ya səriştəli) yanaşma özünün hərtərəfli məna tutumunda və dəyərlərində təhsildə modernləşdirmə prose­si­nin əsas mə­qamlarının dərin nəzəri və pedaqoji aspektlərini əks etdirir. Ona görə də:

  • səriştəli yanaşma istehsal sferasının inkişafı ilə bağlı ehti­yac­lara dair problemlərin həllinə köməklik göstərir;

  • səriştəli yanaşma sosial-iqtisadi reallıqların dəyişməsi ilə bağlı təhsilin məzmununun yeniləşdirilməsinə müsbət şərait yaradır;

  • səriştəli yanaşma insanın qabiliyyət və bacarıqlarının ümumi inkişafının mənbəyi kimi tədrisin məzmununun yeni­ləş­di­ril­məsi ilə bağlı effektiv hərəkət etməyə imkan verir;

  • səriştəlilik modernləşmənin radikal vasitəsi kimi çıxış edir;

  • səriştəlilik qabaqcadan müəyyən şəraitdə formalaşan baca­rıq­la­rın, qabiliyyətlərin yeni şəraitə uyğunlaşdırılması imkan­la­rı ilə xa­rak­terizə olunur;

  • səriştəlilik “mütəxəssisin fəaliyyət sahəsinə uyğunlaş­mas­ı­na ha­zır olması” və ya gələcək yeni peşəkar fəaliyyətə hazırlığın atributu kimi müəyyən edilir .

Səriştəli yanaşmaya çoxlu sayda bir-birinə münasibəti olan anla­yış­lar (korrelyat) kimi, yəni aşağıdakı ənənəvi yanaşmaların məcmusu kimi də baxmaq olar:

  • kulturoloji yanaşma;

  • elmi-maarifləndirici yanaşma;

  • didaktik-sentrist yanaşma;

  • funksional-kommunikativ yanaşma və s.

Bütün bunları nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, təhsildə sətiştəli yanaşma modelinin tətbiqini genişləndirərək, ümumtəhsil mək­təb­lərində ayrı-ayrı fənlərin dərindən öyrədilməsi metodikalarından təd­ri­cən imtina etməklə, həyati bacarıqların formalaşdırılması, öyrənənə istiqamətlənmiş, nəticəyönümlü tədris-təlim prosesinin əsas prinsipi olan inteqrasiya olunmuş biliklər sisteminə yiyələnmiş, yüksək intellektli, sağlam düşüncəli, məntiqi təfəkkürlü kamil insanın – şəxsiyyətin yetiş­di­rilməsini tədris pro­se­sinin əsas məqsədinə çevirmək təhsilimiz qarşısında duran baş­lıca vəzifələrdəndir.

İnsanın inkişafı ilə bağlı texnologiyalar antropo­tex­no­lo­giyalar adlanır. Bu mənada istənilən pedaqoji sistemə təhsil stan­dart­ları tələb edən güclü fəaliyyət, antropotexnologiya, müx­təlif peşə sahələri ilə bağlı texnologiya və ya texnologiyalaş­dı­rılmış incəsənət kimi də baxmaq olar.

Müasir pedaqogika, “antropotexnologiya” kimi öyrədənin xü­su­si texniki və sosial mədəniyyətə, yəni, eyni bir fəaliyyətin mü­cər­rəd və konkret təsvirini fərqləndirmək mədəniyyətinə malik ol­ma­­sını, yeni pedaqoji yanaşmalardan, interaktiv təlim metod­larından səmərəli istifadə bacarıqlarının formalaşdırılmasını ön plana çəkir.
Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin