Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3,72 Mb.
səhifə5/47
tarix28.11.2016
ölçüsü3,72 Mb.
#313
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   47

1. Məqsədyönlülük. O, yalnız seçilmiş obyekt üzərində mü­şa­­hidənin istiqamətliliyinin üstünlüyü ilə deyil, həm də onların təsvirinin müəyyən pedaqoji konsepsiyası aləminə keçirilməsi, onun anlaşılan terminoloji sistemi ilə bağlıdır. Müşahidəçi əşyanın tarixi, inkişafı və strukturu haqqında müəyyən təsəvvürə malikdir. Bu müşahidənin yalnız qavranılanın sadəcə qeydə alınması deyil, əksinə zəruri olan seçmə vasitəsi, müşahidə aparanın başa düşdüyü şəkildə ilkin şərhi qaydası kimi aparılmasına imkan verir.

2. Təhlil xarakterikliyi. Müşahidəçi ümumi mənzərədən ar­tıq müşahidənin gedişində təhlil olunacaq, qiymətləndiriləcək və izah ediləcək ayrı-ayrı cəhətləri, elementləri, əlaqələri ayırır.

3. Komplekslilik. Bu əlamət pedaqoji bütövlüyü, tamlığı xa­rakterindən irəli gəlir və baxış dairəsindən onun heç bir mühüm cəhətini və ya əlaqələrini buraxmamağı tələb edir.

4. Sistematiklik. Bu əlamət müşahidə olunanın bir dəfə “şəklini çəkməklə” məhdudlaşmamağı, az-çox davamlı müşa­hidə əsa­sında statistik davamlı əlaqələri və münasibətləri, müəyyən dövr ər­zində müşahidə olunanlarda baş verən dəyişiklikləri, inkişafı aşkara çıxarmağı tələb edir.”

L.İ.Novikova, A.T.Kurakin müşahidə zamanı aşağıdakıları nəzə­rə almağı məsləhət görür:

a) müşahidə olunan pedaqoji prosesin baş verdiyi şərait, ümumi yol;

b) müəllimin fəaliyyəti, onun metod və priyomları, şagirdlərə təsir qaydaları, müəllimin şagirdlərə münasibəti;

c) şagirdlərin fəaliyyəti, əməli, hərəkəti, ətraf şəraitə, işə, bir-birinə münasibəti, müəllimin işlətdiyi metod və priyomlara reaksiya.

Professor Y.Ş.Kərimovun fikrincə, bunlardan əlavə aşağıda­kı­ların da nəzərə alınması vacib və faydalıdır:

a) şagirdlərin yaşı (sinif), materialın məzmunu, xarakteri;

b) müəllimin nəzəri hazırlığı, şagirdlərin müəllimə mü­na­sibə­ti;

c) şagirdlərin müstəqil fəaliyyətə meyli .

Pedaqoji tədqiqatlarda müşahidə metodunun müxtəlif növ­lə­rindən istifadə olunur. Bəzi halda tədqiqatçı müşahidə aparan qru­pun üzvü olur, bəzilərində isə kənardan müşahidə aparır. Müşahidə açıq və gizli, geniş və məhdud, sistematik və epizodik ola bilir. Geniş (və ya bütöv) müşahidə adətən obyekti tam əhatə edir. Bu zaman müşahidəçi müvafiq qanunauyğunluğu çıxarmaq üçün daha çox məktəbi, sinfi, şagirdi əhatə etməli olur. Məhdud müşahidə bir növ seçmə xarakter daşıyır. Məsələn, şagirdlərin idrak fəaliyyətinin müşahidəsi. Sistematik müşahidə uzunmüddətli müşahidədir. O, xey­li müddət davam edir. Epizodik müşahidə dövrü xarakter daşıyır və ona nisbətən az vaxt sərf olunur. Bəzi hallarda müşahidə metodu baş vermiş müəyyən bir hadisənin, öyrəniləcək təlim-tərbiyə məsə­lə­sinin səbəbini aşkar etmək üçün (şagirdin dərsə hazır gəlmə­məsinin, ev tapşırığını həll etməməsinin, sinifdə nizam-intizamın pozulması və s. səbəbini öyrənmək üçün) əlverişli olmur. Ona görə də müsahibə me­todundan istifadə olunur.



Müsahibə. Bu metodun köməyi ilə hər hansı pedaqoji fakt və hadisəyə müəllimlərin, şagirdlərin və valideynlərin münasibəti mü­əyyən olunur, müəyyən təlim-tərbiyə hadisəsi başqaları ilə söhbət etmək vasitəsilə öyrənilir. Pedaqoji müsahibəni planlaş­dır­maq tələb olunur. Müsahibənin kimlərlə və nə məqsədlə aparılacağı, hansı sual­ların və nə üçün məhz həmin sualların veriləcəyi əvvəlcədən ətraflı ölçülüb biçilir. Bu metod əsasən informasiya əldə etmək və ya müşahidə zamanı aydın olmayan məsələləri aydın­laşdırmaq məq­sədilə aparılır. Tədqiqat metodu kimi müsahibə daha canlı və təbii səciyyə daşıyır. Müsahibənin dörd növü vardır:

  1. Ümumi müsahibə (qabaqcadan mövzusu müəyyən olun­muş müsahibə);

  2. Müəyyən problem üzrə aparılan müsahibə;

  3. Qabaqcadan müəyyən olunmuş suallar üzrə aparılan müsahibə;

  4. İntervü (əvvəlcədən planlaşdırılmış suallar əsasında apa­rı­lır və alınan cavablar yazılmaqla aparılır) [9].

Müsahibənin müəyyən növü olan intervü özünəməxsus xü­susiyyətə malikdir. Əgər müsahibə qarşılıqlı informasiya xarak­teri daşıyırsa, intervüdə biri digərindən soruşur, müsahibin fikrinə təsir etməmək məqsədilə ona şəxsi fikirlərini demir. İntervü fərdlə və qrupla keçirilə bilər. Qrup şəklində intervü şagirdlər, həmin sinifdə dərs deyən müəllimlər, uşaqların valideynləri ilə keçirilə bilər. Pedaqoji tədqiqatlarda intervünün iki növündən istifadə olunur: bu və ya digər hadisəyə insanların münasibətinin aydın­laş­masına yö­nəlmiş fikir bildirən; fikir və hadisəni dəqiqləşdirən sənədli intervü. N.V.Kuzmina intervünü standart, yarımstandart və qeyri-standart olmaqla üç növə ayırır .

Başqa tədqiqat metodları ilə müqayisədə müsahibə daha çox qeyri-müəyyən quruluşa, təşkilat formasına, nəticəyə malikdir. Ona görə də tədqiqatçı müsahibə aparmaq bacarığına yiyələnməlidir. Müsahibə o vaxt əsil tədqiqat metodu funksiyasının daşıyıcısı olur ki, müəllim-eksperimentator hər hansı problemlə əlaqədar faktik mate­rial toplamaq məqsədilə bu metoda müraciət edir. Həmin vaxt ortaya atılan məsələ ətrafında fikir mübadiləsi baş verir. Müsa­hibənin mükəmməl keçirilməsi müəllimdən, eksperi­men­ta­tordan yüksək nə­zə­ri, pedaqoji-psixoloji hazırlıq, onu aparma səriştəsinə yiyə­lən­mək bacarığı tələb edir. Müsahibə zamanı xoşa gəlməyən həyə­can ya­rada biləcək hallardan qaçmaq lazımdır. Müsahibə təbii mühitdə (ailə şəraitində, sinifdə şən əhval-ruhiyyə yarandıqda, eks­kur­siya, gə­zinti, əyləncə, istirahət zamanı) apa­rıl­ma­lıdır. Müsahibə zamanı yad ada­mın, şagirdlərin iştirakına (və ya digərləri, hansı ki, tədqiqata cəlb olu­nan tərəfdir), maqnitofondan, diktofondan istifadə olunmasına yol verilməməlidir. Tədqiqatçı müsahibəni, xüsusilə fər­ziyyənin yoxlan­ma­sına xidmət edən cavabları yadda sax­la­ma­lıdır.



Anketləşdirmə. Anketləşdirmə metodu mahiyyəti etibarilə müsahibə metodunun yazılı şəklidir. Bu metodun tətbiqində başlıca məsələ anketin məzmunlu, dəqiq tərtib edilməsidir. Anketləşdirmə müsahibəyə nisbətən sərt məntiqi konstruksiyaya malikdir. Anket üçün suallar əvvəlcədən seçilir və mümkün olan yazılı cavablar da müəyyənləşdirilir. Anket sorğusu həmişə eksperimentatorun respon­dent­lərlə üzbəüz ünsiyyətdə olmasını tələb etmir. Bu metod təd­qi­qa­ta daha çox şagirdi cəlb etmək imkanı verir. Anketləşdirmə ehti­mal­la­ra əsaslanır. Tədqiqatın məqsədinə uyğun verilən suallara şagird­lərin cavabları təhlil olunur, kütləvi materialla ilkin tanışlıq həyata keçirilir. Hazırda pedaqoji tədqiqatlarda açıq və gizli, adlı və adsız və s. anket sorğularından istifadə olunur.

Anket sorğusu müstəqil tədqiqat metodu olmaqla yanaşı, həm də digər tədqiqat metodlarına xidmət edir. Anketdə mahiyyət yaxşı açılmalı, o, cavab verənin işini asanlaşdırmalıdır. Hər bir suala yazı­lı şəkildə birmənalı dəqiq cavab vermək imkanı təmin edilməlidir. Anket tədqiqatın fərziyyəsi ilə əlaqədar informa­si­ya­ların alınmasına xidmət etdiyindən məqsədyönlü və dəqiq olmalıdır. Anketdə şagird­lərin (respondentlərin) diqqətini yayındıran, mənfi emosiya yaradan ikincidərəcəli, o qədər də əhəmiyyətli olmayan yüngül epizodik mə­sə­lələrə yer verilməməlidir. Sual elə qoyul­malıdır ki, respondentlər əsaslandırılmış şəkildə axtarılan informa­siyanı tapa bilsinlər. Anket tərtib edərkən respondentlərin həmin suallara dəqiq elmi cavab verə bilib-bilməyəcəkləri, onların ürəkdən cavab verib-verməyəcəkləri, sualların onların əhval-ruhiyyəsinə necə təsir edəcəyi nəzərə alın­ma­lıdır. Anketdə qapalı və açıq suallar verilir. Anketdə hər hansı suala mümkün olan cavabın bütün variantları əhatə olunursa, sual qa­palı hesab olunur. Bu zaman təklif olunan bir sıra formalaş­dı­rıl­mış sualdan bir və ya bir neçə cavabın seçilməsi nəzərdə tutulur. Be­lə sualla rastlaşan respondent öz biliyinə uyğun variantı seçir. Qa­palı anketin suallarında təd­qi­qat­çı seçimi əvvəldən qoyulmuş ca­vab variantlarının sayı ilə məh­dud­laş­dırılır. Açıq sualda cavabların xarakteri, sayı, növləri və for­ma­ları əvvəlcədən nəzərdə tutulmur. Standart olmayan belə intervüdə yal­nız açıq suallardan istifadə olunur. Açıq suallar o qədər də dərin dü­şüncə, ciddi araşdırma tələb etmir. Ona görə də respondentlər açıq suallara daha böyük həvəslə cavab verir. Bu zaman çətin sual­dan qaçmaq, cavab verməkdən yayınmaq imkanı olur.

Anketləşdirmə tədqiqat obyektini ölçmə, qiymətləndirmə va­si­təsi rolunda da çıxış edir. Hər hansı tədqiqat metodu kimi an­ket­ləşməni də universal hesab etmək olmaz. Bu metod bəzən həlledici, bəzən köməkçi rol oynayır, bəzən isə heç lazım olmur.

Pedaqoji eksperiment. Pedaqoji eksperiment pedaqoji təd­qiqat prosesində öyrənilən hadisənin effektliyini müqayisəli şəkildə, sübutedici yolla aşkara çıxaran, düzgün, dəqiq, mötəbər nəticəyə gəl­məyə imkan verən xüsusi növ empirik metoddur. Pedaqoji eks­pe­riment tədqiqatın məqsədinə uyğun olaraq yeni şərait yaratmaq yolu ilə pedaqoji hadisəyə fəal təsir göstərir. Eksperiment təlim-tərbiyə prosesinin gedişində planlaşdırılmış şəkildə məqsəd­yönlü də­yişikliklər aparmağa, pedaqoji faktorların təsiri ilə xüsusi yara­dılmış ictimai-tərbiyəvi mühitdə şəxsiyyətin tərbiyəsinin bu və ya digər cəhətini öyrənməyə imkan verir. Eksperimentin gedişində ha­di­­sələri daha əlverişli şəkildə öyrənmək üçün süni yolla məq­səd­yönlü dəyişmək, yaxud yenidən yaratmaq mümkün olur. Beləliklə, hadisə prosesə nəzarət edilən və idarə olunan şəraitdə öyrənilir.

Pedaqoji eksperiment planlaşdırılarkən aşağıdakılar nəzərə alın­­­malıdır: 1) eksperimentin məqsədi; 2) eksperimentin həcmi; 3) eks­­­perimentdə iştirak edən şəxslərin xarakteristikası; 4) eks­pe­riment üçün istifadə olunan materialın təsviri; 5) eksperimentin ke­çi­rilmə metodikası; 6) eksperimentin keçirilmə yeri və vaxtı; 7) eks­pe­ri­mentin nəticələrinə təsir göstərə biləcək əlavə dəyişənlərin təs­viri; 8) eksperimentin gedişi üzərində müşahidənin təsviri; 9) eks­peri­men­tin nəticələrinin təsviri; 10) eksperimentin yekun­laş­dı­rıl­ması qaydası.

Tədqiqatçı eksperimentin planını elə tərtib etməlidir ki, ki­fayət qədər hazırlıqlı hər hansı şəxs onun əsasında müvəf­fə­qiy­yətlə eksperiment apara bilsin. Pedaqoji ədəbiyyatda göstərilir ki, obyek­tiv nəticənin alınması üçün kənar təsirlərə yol verilməməli, aşa­ğı­dakı şərtlər gözlənilməlidir:

1) Eksperimenti təşkil edənin məsləyə münasibəti, ümumi-nəzəri, pedaqoji, psixoloji hazırlığı, bu sahədə səriştəsi və bacarığı mükəmməl olmalıdır.

2) Eksperimentin aparılacağı təhsil müəssisələrinin növü (məktəbəqədər müəssisə, ibtidai siniflər, orta məktəb, peşə təhsili sistemi, xüsusi məktəb və s.) müəy­yən­ləş­di­ril­məlidir.

3) Eksperimentin təhsil alanlar, yaxud təhsil verənlərlə aparı­la­cağı (Adətən, təhsil alanların öyrənilməsi, inkişafı ilə əla­qə­dar sınaqlar keçirilir. Tərbiyəçi və müəllimlərin fəaliyyəti, onların yeni təlim texnologiyalarından istifadə etmə baca­rıqlarının inkişafı üzrə də tədqiqat aparmaq mümkündür.).

4) Eksperimentə cəlb ediləcək subyektin sayı müəyyən olun­malıdır. Eksperimentə kiçik bir qrup, yoxsa sinif, məktəb, kurs, fakültə, universitet və s. cəlb olunacaq? Yeri gəl­miş­kən qeyd edək ki, 2-3 nəfərdən başlanmış yüzlərlə adamı eks­perimentə cəlb etmək olar. Eksperimentə həddən çox adamın cəlb edilməsinə də yol veril­mə­məlidir. Belə hal­larda onların bir qismini əhatə etmək mümkün olma­dı­ğın­dan nəticədə dəqiqlik gözlənilmir.

5) Eksperimentin aparılmasının coğrafiyası üzərində də dü­şün­­mək lazımdır. Eksperimentin yalnız şəhərdəki, yoxsa ra­yon mərkəzindəki, kənddəki təhsil müəssisələrində, ölkəmizin şimalın­dakı, cənubundakı, qərbindəki, yoxsa bütün bölgələrindəki təhsil müəssisələrində aparılması, təbiəti kasıb və ya zəngin olan yerlərdə aparılması üzərində düşünmək lazımdır.

6) Eksperimentin aparıldığı sosial mühit – iri şəhərlərdə, ra­yon mərkəzində, kənddə, azsaylı xalqların toplum ha­lın­da yaşadıq­ları yerlərdə aparılması nəzərə alınmalıdır.

7) Təhsil müəssisələrinin maddi bazası, tədris avadanlığı, yeni təlim texnologiyalarından istifadə imkanları nəzərə alınmalıdır.

8) Eksperimentə cəlb olunan şagirdlərin (tələbələrin) cinsi, yaşı, sağlamlığının vəziyyəti, intizamı, oxumağa müna­si­bə­ti, mara­ğı, meyli, qabiliyyəti diqqət mərkəzində saxlanılmalıdır.

9) Eksperimentdə istifadə olunan didaktik metodlardan (müşa­hi­­də, müsahibə, anket sorğusu, intervü, yoxlama işi, testlər və s.) ay­rıca və ya kompleks şəkildə istifadə olunması da nəzərə alınmalıdır.

10) Eksperimentə rəhbərlik imkanlarının (vaxtaşırı bütün ob­yekt­də olmaq, frontal, diferensial və fərdi iş aparmaq, şifahi və yazılı anketlərlə sorğu keçirmək, hər bir mərhələni ümumiləşdirərək apa­rıcılara istiqamət vermək və s.) nəzərə alınması son dərəcə vacibdir.

11) Eksperimental tədqiqatların əksəriyyətində müqayisə yolu ilə effektivliyini sübuta yetirməyə imkan verən alternativ tə­rəfin (çox hallarda kontrol siniflər və məktəblərin) olması təmin edil­məlidir. Bu məqsədlə bilavasitə eksperimentin aparılacağı siniflərin (məktəblərin) və onlarla müqayisə olunacaq kontrol siniflərin (mək­təb­lərin) təxminən bəra­bər­səviyyəli olması zəruridir.

12) Eksperimentin bir və ya bir neçə təsir göstərən faktorlarla əlaqədar olması nəzərə alınmalıdır. Qrupların bərabər­ləş­di­rilməsi, əsa­sən, şagirdləri və müəllimləri düzgün seçməklə mümkündür. On­la­rın hazırlığı, qabiliyyətlərinin səviyyəsi diqqətlə öyrənil­məlidir. Vurğulamaq yerinə düşər ki, bu göstəricilərin ölçülməsi qaydası hələ kifayət qədər işlə­nil­məmişdir. Ona görə də kontrol və eksperimental qrupları tam bərabərləşdirmək çətindir.

Obyekti təbii şəraitdə öyrənən metodlardan fərqli olaraq eks­pe­riment, hadisənin mahiyyətini dumanlandıran, az əhəmiyyətli fakt­ları təcrid etməklə onu öyrənir: istənilən nəticəni almaq üçün şə­ra­iti planauyğun şəkildə dəyişir, kombinə edir, müxtəlif variantlar dü­zəldir, sonra şəraiti nəzərə almaqla tədqiq olunan hadisəni yeni­dən yaradır.

13) Eksperimental qruplar (siniflər, məktəblər) üçün ekspe­ri­men­tatorun hazırladığı sistem təlim-tərbiyə prosesinə yeni amil daxil edir. Bu yeniliyin metodikası təlimati seminarda eksperi­men­tin aparıcılarına çatdırılmalıdır.

14) Eksperimental və kontrol siniflərin hamısında şərait eyni olmalıdır. Eksperimental və kontrol siniflərin hər ikisində tədris materialı (eksperimental amildən – sınaqdan keçirilən hadisədən başqa) eyni olmalıdır.

15) Eksperimental siniflərin işinə başqalarının müdaxilə etmə­lərinə, kənar təsirlərə yol verilməməlidir.

16) Eksperimentin dəqiqliyi üçün müəyyənedici eks­pe­ri­mentə cəlb olunmuş məktəb (sinif, şagird qrupu) onun yekun­laş­dı­rılmasınadək dəyişdirilməməlidir. Eksperimentin xarakterindən asılı olaraq eksperimentator tədqiqatı müəyyən müddət (bir neçə gün, bir neçə ay, bir neçə il) ərzində eyni obyektlə aparmalıdır.

Eksperiment vaxta görə qısamüddətli və uzunmüddətli ola bi­lər. Nəzəri cəhətdən qısamüddətli eksperiment laborator şəraitdə bir-iki saat ərzində reallaşdırıldığı halda, didaktik eksperiment uzun­­müddətli olur. Pedaqoji eksperimentlər yerinə yetirdiyi vəzifə­lərə görə üç növə ayrılır: müəyyənləşdirici (diaqnostik), öy­rə­dici, yoxlayıcı.

Müəyyənləşdirici, öyrədici və yoxlayıcı (kontrol) eks­pe­ri­mentin hər biri ümumi eksperimentin bir mərhələsi olmaqla biri di­gəri üçün zəmin rolunu oynayır, biri digərini tamamlayır. Bunların hər birinə nəzər salaq.



Müəyyənləşdirici eksperiment. Bu eksperimenti təşkiledici eksperiment də adlandırırlar. Pedaqoji-psixoloji tədqiqatlarda müəy­yənedici eksperiment xüsusi mərhələ kimi yüksək qiymətlən­dirilir. Müəyyənedici eksperimentdə tədqiqatçı yalnız araşdırılan pedaqoji sistemin vəziyyətini öyrənir, faktların əlaqəsini, hadisələr arasındakı asılılıqları müəyyənləşdirir. Pedaqoji tədqiqatın başlan­ğıcı, ilk pilləsi məhz müəyyənedici eksperimentdir. Bu prosesdə təlim-tərbiyənin mövcud sistemi yoxlanır, pedaqoji-psixoloji diaq­nos­tika aparılır.

Müəyyənedici eksperimenti bəzən məktəb təcrübəsinin öyrə­nil­məsi və ümumiləşdirilməsi ilə qarışdırırlar. Adından məlum ol­du­ğu kimi, müəyyənedici eksperiment hər hansı fərziyyənin yox­lan­­masına, tədqiqat obyektinin vəziyyətinin öyrənilməsinə xidmət edən ilkin mərhələdir. Bu mərhələdə eksperimentator bir müddət bərabər səviyyəli şagirdlər (siniflər, məktəblər və s.), müəllimlər sorağında olur. Lazım gəldikdə səviyyənin belə bərabər­ləş­di­ril­məsində bilavasitə iştirak edir. Bu mərhələdə təxminən bərabər səviyyəli siniflərdən (məktəblərdən, rayonlardan) kontrol sinif mü­əy­yən edilir. İstər eksperimental, istərsə də kontrol siniflərdə möv­cud və-ziy­yət eyni yolla aşkara çıxarılır və sənədləşdirilir. Bu isə o qədər də asan məsələ deyildir.

Eksperimentə cəlb olunacaq siniflərin səviyyəsini müqayisəli öyrənmək məqsədilə müxtəlif işlər görülür. İstər eksperimental, is­tərsə də kontrol siniflərdə şagirdlərin fiziki və psixi inkişafının ümumi səviyyəsi müəyyənləşdirilməli və bərabər səviyyəli siniflər götürülməlidir. Eksperimentator çalışmalıdır ki, bütün siniflərə ve­ri­lən mövzu, tapşırıqların sayı və həcmi, onların yerinə yetirilməsi üçün sərf olunan vaxt, cədvəl üzrə məşğələlərin sayı və s. eyni olsun. Burada yeganə fərq variativ ola bilər. Eyni mövzu üzrə eyni səviyyəli məsələlər, tapşırıqlar seçməklə bunu təmin etmək müm­kündür. Eksperiment iki-üç paralel sinifdə təşkil olunduqda eyni müəllimin dərs deməsini təmin etmək mümkündür.

Öyrədici eksperiment. Öyrədici eksperiment adından məlum olduğu kimi, eksperimental siniflərin şagirdlərinə tədqiqatçının hazır­ladığı yeni sistemi, yeni materialı, qaydanı, fəaliyyət növünü öyrətməyi nəzərdə tutur. Bu zaman şagirdlərin şəxsi keyfiy­yət­lə­ri­nin yaxşılaşdırılması, formalaşdırılması üzrə iş gedir. Ona görə də formalaşdırıcı eksperiment hesab olunur. Öyrədici eksperiment yaradıcı, yaxud kökündən dəyişən də adlandırıla bilər. Bu zaman yeni təlim sistemi eksperimental yolla sınaqdan keçirilir. Bu sistem eksperimentin fərziyyəsinə müvafiq şəkildə qurulur. Öyrətmək təlim təcrübəsi olduğundan onu təcrübi-eksperimental iş də adlan­dır­maq mümkündür. Bu təcrübi-eksperimental iş daha təkmil pe­da­qoji prosesin modeli ola bilər. Bunun sayəsində tərbiyə və təlimin ən yüksək effektinə nail olmaq mümkündür. V.V.Krayevski çox doğ­ru qeyd etmişdir ki, sözün ciddi mənasında eksperiment idraki tədbirdir.

Öyrədici eksperimentin metodikası əvvəlcədən işlənilir. Nələ­rin hansı ardıcıllıqla təqdim olunacağı, necə öyrədiləcəyi müəy­yənləşdirilir. Eksperimentator metodikanı eksperimental sinif­lərin müəllimlərinə çatdırır. O, öyrədici eksperimentə başla­mazdan əvvəl müəllimlərlə treninq keçirir. Treninq bir daha müəllimlərin səviy­yəsini, eksperimental tədqiqata həvəsi və bacarığı eksperi­men­tə qoyulan ideya, fərziyyə, yeni sistemin xa­rakteri, əvvəlkindən fər­qi, üstünlüyü, onun təcrübədə müvəf­fəqiyyətlə sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş çalışmaların növləri, məzmunu haqqında mə­lumat verir. Həmin çalışmalar da sistemin tətbiqi prosesində la­zım olacaq əyani vəsait, didaktik materiallar, testlər, şagirdlərin uğur­larının öyrənilməsi və ona nəzarətlə bağlı məsələlər açıqlanır, lakin işin gedişində bir neçə sinifdə müşahidə zamanı müəyyən situasiyada qarşıya çıxan çətinliklər, yeni ideyalar metodikada (iş sistemində) müəyyən dəyişikliklərin, korrektlərin aparılmasını diktə edə bilər. Eksperimentator belə faktları qeydə almalı və bütün siniflərə göstəriş verməlidir.

Müəllimlər eksperimentin gedişində ideyanı, sistemi dəyiş­mə­dən situasiyanı, çalışmanı azacıq dəyişməklə işi davam etdirə bilər­lər. Bəzən şagirdlərin fəaliyyəti nədə isə müəyyən dəyişikliyin apa­rıl­masını diktə edə bilər. Belə dəyişikliklər müqayisəli fikir söy­ləməyə, nəticə çıxarmağa imkan verir. Belə­liklə, eksperi­men­tator müəllimlərə eyni çalışmalar sistemini yerinə yetirməyi təklif edir və müxtəlif hazırlıqlı qruplarda öyrədilmə prosesində qarşıya çıxan fərqləri nəzərə almağı tapşırır. Ekspe­ri­mentatorun təqdim etdiyi metodika əsasında yerli şəraiti, imkanları nəzərə almaqla hər bir müəllim öz metodikasını hazırlaya bilər.

Eksperimentator və müəllim öyrətdiyi yeni sistemin necə qav­ranılması üzərində müntəzəm müşahidə aparmalı, müvafiq şərai­tin yaranmasına nail olmalı, əvvəlkindən (adət etdiyindən) fərqli olaraq hansı halların yarandığını izləməli, təli­min keyfiyyətinin ne­cə yük­səldiyinə inanmalıdır.

Bəzən eksperiment mürəkkəb problem üzrə qoyulduqda sis­te­min iki-üç variantı sınaqdan keçirilə bilər. Tədqiqatçı onların içə­ri­sindən daha az vaxt, vəsait, qüvvə itirməklə alınan ən yaxşı nəticəni seçməklə sistemin optimallaşdırılmasını təmin edir. Seçil­miş va­ri­antı hazırlığı bərabər səviyyəli siniflərdə tətbiq etməklə üstünlüyünü bir daha sübut edir.

Yoxlayıcı eksperiment. Eksperimental tədqiqatın nəticələrinin obyektivliyi onun necə yoxlanmasından da asılı olur. Eksperimental tədqiqatın nəticələri qiymətləndirilərkən didaktik prosesin kom­po­nentləri – müəllim, şagird, dərslik, dərs vəsaiti, didaktik material, iş şəraiti və s. nəzərə alınmalıdır.

Yoxlayıcı eksperiment ayrı-ayrı faktların alınması və ya də-qiq­­ləşdirilməsi üçün zəruri olan güman və fərziyyənin yoxlan­ma­sı məqsədini daşıyır.

Yoxlayıcı eksperimentdən sonra eyni xarakterli dəqiqləşdirici eks­perimentin aparılması da vacibdir. Belə təkrar eksperiment za­manı ideya və fərziyyə yeni şəraitdə yoxlanır. Əvvəlki və təkrar yox­la­­yıcı eksperimentlərin nəticələrinin müqayisəsi fərziyyənin doğ­ru­lu­ğu haqqında dəqiq və etibarlı fikir irəli sürməyə imkan verir. Eks-perimentin birinci mərhələsində – müəyyənedici eksperiment zama­nı bərabər səviyyəli eksperimental və kontrol siniflərin hamısın­da sorğu eyni suallar əsasında aparılır. Onların hamısına eyn­i mətn üzrə yazı, eyni məsələ və misallar, eyni çalışmalar və s. verilir. Eksperimentdə dəqiq ölçmə və riyazi aparatdan bir vasitə kimi isti­fadə olunur. Didaktik tədqiqatların göstəricilərinin etibar­lılığı şagird­lərin tam və aydın xarakteristikaları ilə bağlıdır. Bu gün uşaq pe­da­qoji proseslərin mərkəzində durur. Ona görə də sinfin xarak­teristikasını tərtib etmək lazımdır. Şagirdlərin inkişafının hər­tərəfli ölçülməsi üçün etibarlı standart ekspertiza metodikası işlə­nil­məlidir.

Didaktik eksperimentin (didaktik eksperimentdən fərqli olaraq metodik eksperiment bilavasitə tədris fənni sisteminə daxil olmaqla frontal xarakter daşıyır, didaktik eksperiment bəzən laborator ekspe­rimentlə məhdudlaşır) ən faydalı növlərindən biri çarpaz eksperi­ment­dir. Mümkün olan amillərin eksperimentə təsirini aradan qal­dır­­maq və alınan nəticənin tam obyektivliyini təmin etmək məq­sə­dilə çarpaz (çarpazlaşan) eksperiment tətbiq olunur: paralel sinif­lərdə (məktəblərdə) tətbiq olunan iş tərzinin yerləri dəyişdirilir və eksperiment davam etdirilir. Y.Ş.Kərimov yazır ki, çarpaz eks­pe­rimentin yüksək obyektivliyini təmin etmək üçün onu bəzən bir sinifdə, bir dərs ərzində aparmaq məsləhət görülür. Bu zaman müəllim sinfi iki qrupa ayırır, yaxud eyni partada əyləşənlərin biri (bir sıra) eksperimental, digəri (o biri sırası) kontrol hesab olunur. Belə eksperimentdə şagirdlərə bütün materiallar yazılı verilir. Müəllim heç bir qrupa izahat vermir. Bununla da müəllimin pedaqoji ustalığının, əhval-ruhiyyəsinin təsirinin qarşısı alınır .



Məktəb sənədlərinin öyrənilməsi. Pedaqoji prosesin xarak­terizə edilməsində məktəb sənədlərinin öyrənilməsi mühüm yer tutur. Tədqiqatçı üçün sinif jurnalları, yığıncaqların və iclasların protokolları, dərs cədvəli, daxili intizam qaydaları, müəllimlərin təqvim-tematik planları, dərslərin icmalları və s. zəngin informasiya mənbəyidir. Tədqiq olunan pedaqoji fakt və hadisələr arasındakı səbəb-nəticə asılılıqlarını və qarşılıqlı əlaqələri müəyyən etməkdə, obyektiv məlumatlar almaqda həmin sənədlər ilkin və qiymətli mən­bədir. Ancaq məktəb sənədlərinin öyrənilməsi mütləq başqa metodlarla əlaqələndirilməlidir.

Şagirdlərin yaradıcılıq məhsullarının öyrənilməsi. Fəaliyyət məhsulları da pedaqoji təcrübənin öyrənilməsinə xidmət etmək im­ka­nına malikdir. Şagirdlərin müxtəlif formalı işlərinin nəti­cələrini nəzərdən keçirən tədqiqatçı nəinki şagirdlərin qabiliy­yətləri barədə, bu və ya digər fənn üzrə proqram materiallarını nə dərəcədə mənim­sədikləri barədə, habelə onlara pedaqoji rəhbərliyin vəziyyəti barədə müəyyən məlumat əldə edir.

Qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi. Bu metod qabaqcıl məktəblərin və müəllimlərin iş təcrübəsini öyrən­mək və nəzəri cəhətdən ümumiləşdirmək məqsədi daşıyır. Bəzən müəl­limlər empirik yolla (təcrübə yolu ilə) yenilik xarakteri daşı­yan, pedaqogikaya bəlli olmayan vacib metodiki uğur qaza­nırlar. Təlim-tərbiyə işində qabaqcıl pedaqoji təcrübənin nəzəri cəhət­dən ümumiləşdirilməsi həmin yeniliyi pedaqoji elmin siste­minə daxil etməyə imkan verir.

Modelləşdirmə. Bu, modellərin yaradılması və tədqiqi meto­dudur. Didaktikada modelləşdirmə aşağıdakı məsələləri uğurla həll etmək üçün tətbiq olunur:

1) tədris materiallarının strukturunu optimallaşdırmaq; 2) təd­ris prosesinin planlaşdırılmasını yaxşılaşdırmaq; 3) idrak fəaliy­yə­tini idarə etmək; 4) təlim-tərbiyə fəaliyyətini idarə etmək; 5) təlimi diaq­nozlaşdırmaq, proqnozlaşdırmaq və layihələşdirmək.



Tarixi müqayisəli tədqiqat üsulu. Azərbaycanda təhsilin, tə­lim və tərbiyə məsələlərinin, habelə pedaqoji fikrin tarixini və ya xarici ölkələrdə müxtəlif təhsil sistemlərinin xüsusiyyətlərini müqa­yisəli şəkildə öyrənmək zərurəti meydana çıxanda tədqiqatın bu üsulu tətbiq olunur.

Formallaşdırma və ekstrapolyasiya metodu əldə edilmiş elmi nəticələrin dəqiq ifadəsi (ən çox riyazi düstur şəklində), bu ifadə zəminində yeni sahələrin, obyektlərin öyrənilməsi ilə bağlıdır. For­mal­laşdırma, əsasən düsturla bağlıdırsa, ekstrapolyasiya az say­da faktlara əsaslanaraq ümumi nəzəri nəticələr çıxarmaq və həmin nəticələri hələ tədqiq olunmamış faktlara şamil etməkdir.

Aksiomatik metod bəzi fikirləri isbatsız olaraq doğru hesab edir və həmin fikirlərə əsaslanaraq yeni nəticələr çıxarır. Pe­daqo­gikanın aksiomları (isbatsız qəbul edilən həqiqətləri) və teoremləri hələ dəqiq müəy­yən­ləşdiril­məmişdir.

Pedaqoji tədqiqatda riyazi üsullar. Pedaqoji tədqiqatda riyazi üsullar, adətən, digər üsulların tərkibində tətbiq edilir və bu zaman iki əsas məqsəd güdür: a) toplanmış pedaqoji faktlarda baş verən keyfiyyət dəyişikliklərini dəqiqləşdirmək; b) həmin faktlar arasın­dakı kəmiyyət asılılığını təyin etmək.

Nəticə etibarilə riyazi üsullar pedaqoji qanunauyğunluqların elmi cəhətdən dəqiq ifadə olunmasına şərait yaradır və tədqiqatın elmiliyini yüksəldir.

Pedaqoji tədqiqatda istifadəsi faydalı olan riyazi üsullar çox­dur. Orta riyazi göstəricilərin hesablanması, dispersiya əməliy­yatı, orta kvadrat sanmanın müəyyənləşdirilməsi, variantlıq əmsalı­nın tapılması və s.

Təlim və tərbiyə problemlərinin öyrənilməsi zamanı daha ge­niş istifadə edilən sadə riyazi üsullar bunlardır: qeydəalma, nizam­la­ma və qiymətləndirmə.



Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin