Qədim Hindistan tarixi iki əsas dövrə bölünür: dravidari və buddizm. Burada b.e.ə. III minillikdə mövcud olmuş mədəniyyəti protodravit və dravidlər yaratmışlar. Məktəb təhsili o dövrün mədəniyyət mərkəzi olan Harappa şəhərində meydana gəlmişdir. Burada təhsil haqqında ən qədim sənəd (upanişadlar) b.e.ə. VIII-VII əsrlərə aid edilən müqəddəs nəsihətlər hesab olunur. Hindlilərin qədim eposu olan “Mahabharata” dastanında krişna cəsur döyüşçü kimi təsvir olunur, xeyir naminə ədalətli döyüş aparır, hərbi bacarıq və qabiliyyət nümayiş etdirir. Digər qəhrəman Rama da Krişna kimi ideal tərbiyənin daşıyıcısıdır. O, alimlikdə, tərbiyədə və müdriklikdə hamını ötüb keçmişdir. Həmişə yaxşılıq edərək heç vaxt lovğalanmaz, başqalarında nöqsan axtarmazdı. Bhaqavadqita (b.e.ə. I minillik) qədim hindlilərin müqəddəs, eyni zamanda tədris kitabı idi. Bu kitabda tərbiyə və təhsilin məzmunu ilə bağlı nümunələr verilirdi. Bu kitab müdrik müəllimin öz şagirdi ilə söhbəti formasında yazılmışdır. Burda müəllimlərin evində təlim qaydası çox hallarda ailə münasibətləri tipində qurulurdu: şagird ailənin üzvü hesab edilirdi, təhsil almaqla yanaşı, birgəyaşayış qaydalarını da mənimsəyirdi. Tədris məşğələləri keçmək üçün xüsusi bina yox idi. Təlim açıq havada keçirilirdi. Müəllimin evi - qurukula təlim almaq üçün ən münasib yer idi. Sonralar ailə məktəbləri yarandı ki, burada gənclərə şihafi yolla bilik verilirdi. Şagirdlər veda mətnləri dinləyir, əzbərləyir və təhlil edirdilər. Təlim səs-heca üsulu ilə aparılırdı. Hindistanda palma yarpaqları üzərinə yazırdılar ki, bunları da çox az müddət saxlamaq mümkün idi. Ona görə də yazıya nisbətən şifahi sözə daha çox üstünlük verilirdi. Şifahi şərh biliklərin verilməsində daha etibarlı üsul hesab olunurdu. Vedaların əsas hissəsi arxaik dildə səslənirdi. Buna görə də təlim fənləri sırasında qrammatika, fonetika və etimologiya xüsusi yer tuturdu. Şagirdlərin vəzifələri təkcə vedaları əzbərləməklə bitmirdi, onlar ev işlərinə kömək etməli, pəhriz saxlamalı, nəfslərini boğmalı idilər.
Tərbiyənin və məktəb təhsilinin inkişafında buddizmin mühüm rolu olmuşdur. Buddizm təliminin əsasını 4 “nəcib həqiqət” təşkil edirdi. 1) Həyat özü şərdir, çünki əzab-əziyyətlə doludur; 2) əzab-əziyyət səbəbsiz deyil, bu kef çəkmək, hakimiyyətə, ağalığa və var-dövlətə sahib olmaq arzusundan doğur; 3) Əzab-əziyyətə son qoymaq üçün arzu və nəfsdən imtina etmək lazımdır; 4) Əzab-əziyyətə son qoymaq üçün insan özünü mənəvi cəhətdən təkmilləşdirməli, pis hərəkətlərdən çəkinməli, arzularını boğmaq üçün daxili müvazinətini itirməməli, düz danışmalı, yalan və böhtandan imtina etməli, pak əməl sahibi olmalıdır.
Qədim Hindistanda mütəşəkkil tərbiyə və təlim uzun bir inkişaf yolu keçmiş, təlim proqramı tədricən praktik həyata yaxınlaşmış, nisbətən sadələşdirilmiş, təhsilə cəlb olunanların sosial dairəsi genişlənmişdir. Burada elmin müxtəlif sahələri inkişaf etmişdi. Riyazi biliklər sahəsində müəyyən nailiyyətlər qazanılmışdır. 1-9 rəqəmlərini hindlilər kəşf etmiş, Pifaqor teoremini bilmişlər.
Dostları ilə paylaş: |