Sağlam bədən, sağlam sinir, sağlam beyin..”
Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir. Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu aradan qaldırır, iş qabiliyyətini bərpa edir.
Fiziki tərbiyə insanları Vətəni müdafiə etməyə hazırlayır. Bunun üçün təlim müəssisələri xüsusi proqram əsasında fəaliyyət göstərir. Fiziki tərbiyə həmçinin əqli inkişaf vasitəsidir. Belə ki, fiziki cəhətdən zəif və nöqsanlı insanların əqli inkişafında da çatışmazlıq və ya nöqsanlar mövcud olur. Bu nöqteyi nəzərdən H. Zərdabi fiziki tərbiyəni hərtərəfli və harmonik şəxsiyyət formalaşdırmanın əsas şərtlərindən biri hesab edirdi. Onun fikrincə, fiziki tərbiyə əqli və əxlaq tərbiyəsinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir
Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir.
Görkəmli fizioloq P.F. Lesqaft fiziki tərbiyəni yüksək qiy-mətləndirmiş, onu iradə və xarakterin formalaşmasında, əxlaq tərbiyəsində, əqli qabiliyyətlərin, fikri fəallığın, bədii zövqün inkşafında mühüm amil, vasitə hesab etmişdir.
Göründüyü kimi, fiziki tərbiyə şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır.
Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
1) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
2) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;
3) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;
4) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;
5) böyüyən nəsildə təlim, əmək və vətən müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. kimi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.
Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.
Fiziki tərbiyənin vasitələrinə təbii amillər, fiziki təmrinlər, gigiyenik amillər daxildir.
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər təbiətin sağlamlaşdırıcı qüvvələridir. Bura günəş, hava, su daxildir. İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Təmiz hava insan orqanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti üçün zəruridir. Çirkli hava (karbon qazı) beyni yorur, orqanizmin müqavimət gücünü zəiflədir, belə havada mikrob çox olur.
Günəş həyat mənbəyidir. Günəş şüası mikrobları məhv edir, qan damarlarını genişləndirir, orqanizmin müqavimətini artırır. Günəş düşməyən evdə insan tez xəstələnir.
Su da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini təmizləyir, tənəffüsü yaxşılaşdırır, əsəbləri sakitləşdirir.
Dostları ilə paylaş: |