A.S.Makarenkonun tərbiyə haqqında fikirləri. A.S.Makarenkonun pedaqoji sisteminin əsas tələbi-kollektivdə, kollektiv vasitəsi ilə, kollektiv üçün tərbiyə prinsipidir. O, deyirdi ki, bizim tərbiyənin əsas vəzifəsi kolektivi ilk öncə təşkil və tərbiyə etməkdir. Kollektiv adamların təsadüfi toplanışı deyil, ümumi məqsədə çatmaq üçün müəyyən səlahiyyət, məsuliyyət hiss edən adamların birliyidir.
Kollektiv-mütəşəkkil şəxslərin, kollektiv orqanlara malik şəxsiyyətlərin məqsədə yönəlmiş kompleksidir. Kollektiv canlı ictimai orqanizmdir, ona görə orqanizmdir ki, onun orqanları vardır, burada vəkalət, məsuliyyət, hissələr arasında nisbət, asılılıq vardır; bunlar olmazsa, kollektiv də ola bilməz, sadəcə qurum və ya yığım ola bilər.
A.S.Makarenkonun tərbiyə sistemində “paralel təsir” prinsipi mühüm yer tutur. Bu prinsipə görə, kollektiv üzvinə şəxsən pedaqoji təsir etməklə yanaşı, həm də kollektiv vasitəsi ilə də təsir edilməlidir. Onun tərbiyə sistemində əsas məsələlərdən biri humanizmdir, insanlara qayğıdır. O deyirdi ki, insandan mümkün qədər daha çox tələb etmək və ona olduqca ehtiramla yanaşmaq lazımdır.
A.S.Makarenkonun tərbiyə sistemində digər əsas məsələlərdən biri “perspektiv xətlər sistemi”dir. Görkəmli pedaqoq qeyd edirdi ki, insan öz gələcəyində sevindirici bir şey görməsə, dünyada yaşaya bilməz. İnsanın həyatının əsil stimulu sabahkı sevincdir. Pedaqoji prosesdə bu sabahkı sevinc çox mühüm əhəmiyyətə malikdir.
Odur ki, qarşıya hər zaman yeni-yeni məsələlər qoyulmalı və onların əldə edilməsi uğrunda mübarizə aparılmalıdır. Bu sistem uşaqları həmişə fərəhli və gümrah saxlayır, onları yaradıcılıqla işləməyə, dayanmadan irəli getməyə alışdırar. Bu çox ciddi, düşü- nülmüş, planlı iş üsuludur.
A.S.Makarenko insanın tərbiyə və yenidəntərbiyə edilməsində əməyin rolunu yüksək qiymətləndirirdi. O, deyirdi ki, intizam tərbiyənin təkcə vasitəsi deyil, həm də tərbiyənin nəticəsidir.
Pedaqoqun fikrincə, günahkar və intizamsız adamları cəzasız buraxmaq olmaz. Əsas məsələ cəzanı necə tətbiq etməkdədir. Cəza sistemsiz, mənəvi cəhətdən təhqiredici və tələsik olmamalıdır, cəza fərdi səciyyə daşımalı və günaha müvafiq verilməlidir. Cəza verməzdən əvvəl izahat işi aparılmalıdır.
A.S.Makarenko intizam tərbiyəsində cəzalandırma ilə yanaşı, rəğbətləndirmənin böyük əhəmiyyət kəsb etdiyini əsaslandırmışdır. O, rəğbətləndirməyə müəllifin tərifini, yoldaşların ehtiramını, əmrlə təşəkkür verməyi, uşaqlara məsul işlər tapşırmağı aid edirdi.
A.S.Makarenko uşaqlara təsir göstərən tədbirlər sırasında ictimai rəyin, şəxsi nüfuzun və nümunənin, sərəncamın, inandırma və izahatın, ənənə və rejimin əhəmiyyətini xüsusi vurğulayırdı.
A.S,Makarenko yazırdı: “Normal uşaqlar və normal vəziyyətə gətirilmiş uşaqlar tərbiyənin daha çətin obyektləridir. Onların xasiyyəti çox yumşaq, tələbləri müxtəlif, mədəniyyəti dərin, münasibətləri müxtəlifdir. Onlar sizdən güclü iradə, yüksək həyəcan deyil, yüksək texnika tələb edirlər”.
A.S.Makarenko koloniya və kommunada işləyərkən fiziki tərbiyənin gəzinti, turizm, oyun, idman, gimnastika vasitələrindən geniş istifadə etmiş, bədii tərbiyəni əqli, əxlaqi, fiziki tərbiyə ilə əlaqələndirmişdir.
Dostları ilə paylaş: |