§ 4. A.R.JAK TYÜRQONUN İQTİSADİ BAXIŞLARI VƏ FİZİOKRATİZMİN İNKİŞAFI
Fiziokratlar məktəbinin tarixi inkişafında Ann Rober Jak Tyürqonun (1727-1781) xüsusi xidmətləri olmuşdur.
Elmi cəhətdən Tyürqo novator, dərin biliyə və tərəqqipərvər ideyalara malik idi. Onda incə müşahidəçilik və əsl nəzəri qabiliyyət vardı. Tyürqo ensiklopedistlər və fiziokratlar ilə yaxınlaşaraq "Ensiklopediyada" məqalələr çap etdirir və iqtisadi məsələlərə dair bir çox əsər yazır.
1766-cı ildə "Sərvətin yaranması və bölüşdürülməsi haqqında düşüncələr" adlı əsərini yazır və əsəri 1776-cı ildə kitab şəklində çap etdirir.
Çox maraqlı olan bu əsərdə Tyürqo fiziokratların doktrinalarını əks etdirir, lakin bir çox əlavələr və şərhlər də fiziokratların fikirlərinə əlavə edir. Məsələn, Tyürqo qət edir ki, ticarətin özünün mövcud olması torpağın qeyri-bərabər bölüşdürülməsinin nəticəsidir. Əgər torpaq bərabər bölüşdürülsəydi onda hər kəs özünə lazım olan yemək şeyləri əldə edə bilərdi. Eyni zamanda muzdlu əmək sistemi də olmazdı, əgər hamısı bərabər olsaydı heç kim digəri üçün işləyə bilməzdi. Tyürqo belə bir ideya irəli sürürdü ki, torpaq bölüşdürülməmişdən əvvəl becərilməyə başlanmışdır, becərilmə başlanandan sonra torpaq insanlar arasında bölüşdürülməyə məruz qalmış. Bu səbəbdəndir ki, sonralar torpaq üzərində olan mülkiyyət qanunları da yaranmışdır.
Sonralar, torpağın müxtəlifliyi və tələbatların çoxluğu, Tyürqoya görə, mübadiləni yaratmışdır. Tyürqo göstərirdi ki, işçilərin arasında olan rəqabət minimum dərəcədə məhdudlaşdığına görə həyat minimumu yaranır, yaşayış vasitələri istehsal edilir və əmək haqqı meydana çıxır. Beləliklə, sahibkarlarla fəhlələr arasında seçmə üsulu tətbiq edirlər və kim ən az əmək haqqı ilə işləməyə razılıq verərsə onları işə götürürlər. Torpaq isə əksinə, adamlardan asılı olmayaraq və onların bir-birləri ilə razılığı olmadan işçilərə bilavasitə əməklərinin qiymətini verir. Torpaq adamlarla ticarət etmir, onları məcburiyyətə çəkmir. Torpaq adamların alacaqları əmək haqqı barədə onlarla razılığa girmir. Digər tərəfdən, torpağın verəcəyi hər hansı bir məhsul qabaqcadan torpaqla razılaşdırılmır və insanların gündəlik əməklərini torpaq qiymətləndirmir. Torpağın insanlara bəxş etdiyi nemətlər torpağın fiziki münbitliyinin nəticəsidir. Adamların əldə etdikləri öz səylərinin və əmək haqqından artıq olan torpağın xalis bəxşeyişidir.
Beləliklə, torpaq sahibi asılı olmayan sərvət əldə edir ki, bunun da nəticəsində istehsalı təşkil edir. Bu göstərdiyimiz fikirlər əsasında Tyürqo cəmiyyəti iki əsas sosial qrupa ayırmışdır. Birinci qrupa Tyürqo istehsal edənləri və ya torpaq sahiblərini, ikinci qrupa isə aylıq məvacib alanları, yəni sənətkarları daxil edir. Birinci qrupa daxil edilən sosial qrup sərvət yaradır, ikinci qrupa daxil olanlar isə şeylərə lazımi forma verirlər.
Tyürqonun fikrincə "ilkin vaxtlarda mülkiyyətçilərlə əkinçilər arasında fərq olmamışdır, sonra torpaq üzərində mülkiyyətçilər yaranmağa başlayır. Beləliklə, insanlar arasında bərabərsizlik meydana çıxır. Çünki insanlar güclüdürlər, əməksevərdirlər və qənaətcillik, ehtiyatlılıq göstərib mühüm torpaq sahələrini tutmuşlar, nəticə etibarilə borc verənlərə çevrilmişlər. Bu proseslərin nəticəsində icarə münasibətləri yaranır. Torpağın məhsuldarlığının nəticəsi əkinçilər və sahibkarlar arasında bölünməyə başlayır ki, bu da xalis məhsul yaradır. Həmən bu xalis məhsul və ya gəlir, Tyürqoya görə, sahibkarların verəcəkləri əmək haqqı və ödəyəcəkləri xərclər çıxıldıqdan sonra qalan hissəsidir.
Nəhayət, Tyürqo iddia edir ki, cəmiyyəti üç sinfə bölmək zərurəti yaranır. O, belə bir sxema irəli sürür ki, cəmiyyət aşağıdakı siniflərdən ibarətdir: məhsuldar sinif, əmək haqqı yaradanlar sinfi və sərbəst sinif. Belə bir şəraitdə öz əməyinə görə əkinçilər də mükafatlandırılırlar, yəni əmək haqqı alırlar (sənətkarlar kimi). Əkinçiliklə məşğul olanlar və sənətkarlar çox istehsal edirlər.
Tyürqo göstərirdi ki, sənətkarlar özləri və başqaları üçün heç bir gəlir yaratmırlar. Tyürqo torpaqdan əldə edilən gəlirin beş üsulunu izləmişdir: muzdlu əmək sisteminin müxtəlifliyi, köləlik, təhkimçilik, yarılığa işləyənlər, qeydə alınan icarədarlıq.
Dəyərlilik təhlilinə xüsusi diqqət verərək Tyürqo göstərirdi ki, puldan gəlir əldə etmək və ya faiz götürməklə əməksiz və torpaqsız varlı olmaq olur. O, mübadiləni tələbatların qarşılıqlı olması ilə əsaslandırırdı. Qızılı və gümüşü adi əmtəə kimi izah edən Tyürqo, qeyd edirdi ki, hər bir əmtəə pulun ikili keyfiyyətinə malikdir. Çünki pul vasitəsilə əmtəələrin dəyərliliyi ölçülür, pul vasitəsilə əmtəələrin dəyərliliyi ifadə olunur.
Lakin öz keyfiyyətliliyinə, bölünmə qabiliyyətinə görə qızıl və gümüş pul rolunu oynamışlar. Bu proses şeylərin təbiəti ilə baş vermiş və burada razılıqlar və qanunlar heç bir rol oynamamışdır.
Tyürqoya görə əmtəənin nisbi dəyərliliyinin minlərlə səbəbi var. Lakin belə bir nəticəyə də gəlirdi ki, mübadilə olunan hər bir şeyin dəyərliliyi başqa ölçüyə gələ bilməz, ancaq razılaşma, istehlak və arzu şeyin dəyərliliyinə təsir edə bilər. Məsələn, o göstərirdi ki, dəyərlilik insanların arzularının razılığı ilə müəyyən oluna bilər. Tyürqo qeyd edirdi ki, rəqabət qiymətləri bərabərləşdirir və onların bazar səviyyəsini yaradır, satıcılar və alıcılar da bununla razılaşırlar.
Tyürqonun əsərində kapital problemi xüsusi yer tutur. Feodal rejiminin böhranında və feodalizmin iflası şəraitində Tyürqo çalışırdı ki, mənfəət və faiz əldə edən kapitalistlərin hüquqlarını əsaslandırsın. O göstərirdi ki, hərəkət edən sərvətin olması qazanc əldə etmək üçün irəlicədən müəyyən olunmuş zəruri şərtdir. Tyürqo belə bir dəlil göstərirdi ki, torpaqdan istifadə etmək üçün avadanlıq, qoşqu alətləri, mal-qara yerləşdirmək üçün yer və s. lazımdır.
Tyürqoya görə, torpağın alınması kapitalın ilkin mənimsənilməsi demək idi. Torpağın qiymətini torpaqdan alınan gəlirə bərabər tuturdu. Mənfəət əldə etmək məqsədilə sənaye müəssisələrinə sərf edilən kapitalı o ikinci hadisə hesab edirdi. Onun fikrincə, kapitalist öz əməyinə görə əmək haqqı almalıdır. Buna görə də kapitalist qayğıkeş olmalı, risk etməli və nəhayət öz bacarığını göstərməlidir. Əgər bu belə olmazsa onda kapitalist öz əməyinə görə gəlir əldə edə bilməyib yaşaya bilməz. Mənfəətin əldə edilməsi Tyürqoya görə zəruridir ki, kapitalist istehsal alətləri alır və bu alətlər sonradan aşınırlar, mal-qara-qoşqu alətləri saxlanılmalıdır, xammala xərc çəkilməlidir.
Əgər kapital çatışmazlığı olarsa onda kapitalistlər torpağı kəndlilər vasitəsilə becərməlidirlər. Məhz buna görə də Tyürqo belə bir nəticəyə gəlirdi: ancaq kapital iri əkinçiliyi yarada bilər, torpağa daima "muzdlu dəyərlilik" verər və sahibkara çoxlu gəlir gətirər.
Tyürqo hesab edirdi ki, mənfəətin bütün formaları - kapitalistin əmək haqqı, risk və bacarıq əvəzinə ödəmələr, renta xarakterli gəlirlər torpağın yetişdirdiyi məhsulun qiymətindən irəli gəlir. İri kənd təsərrüfatı istehsalının təşkilini Tyürqo kapital tətbiqinin üçüncü üsulu hesab edirdi. Ticarətin verdiyi qazancı dördüncü üsul adlandırırdı.
Merkantilistləri tənqid etməyinə baxmayaraq Tyürqo ticarət mənfəətini qəbul edirdi. Lakin burada da o, əmək, risk və bacarıq fərqlərini görürdü.
Tyürqo kredit əməliyyatını kapital tətbiqinin beşinci üsulu adlandırırdı. Tyürqoya görə bu doğru hal idi. Borcun qiymətini və ya faizi o, tələb və təklifdən asılı olaraq təhlil edirdi. Məlumdur ki, faiz borc kapitalının gətirdiyi mənfəətin səviyyəsi ilə müəyyən olunur. Borc məsələlərində Tyürqo heç bir cinayət görmürdü. O göstərirdi ki, əgər borc müqaviləsi hər iki tərəf üçün əlverişlidirsə bu ədalətlidir.
Tyürqo pul ilə kapitalı fərqləndirirdi. O yazırdı ki, bazara çıxarılan pul borc kimi xərclənmir. Kapital isə müəyən formada dəyərlilik amili kimi yığıla bilər. Əgər pulun qiyməti ticarət dövriyyəsində metalın qiymətindən asılı olursa, faizin səviyyəsi yığılmış kapitalın miqdarı ilə müəyyən edilir.
Tyürqo kapitalı yaradan amillər barədə məsələ qoymuş və qənaətçilliyə geniş yer vermişdir. O, pulun oynadığı böyük rolu inkar etmirdi, çünki bütün qənaətcilliklər, əmanətlər pul formasında həyata keçirilir. Fiziokratlar kimi Tyürqo da qət edirdi ki, bütün kapitallar torpaqdan yaranır və ya kapital torpağın yaratdığı dəyərlərin bir hissəsinin yığılmış formasıdır. Tyürqo tərəfindən torpağın məhsulu "sərbəst gəlir" kimi qəbul edilirdi. O, eyni zamanda göstərirdi ki, "sərbəst gəlir" yığımın ilkin mənbəyidir.
Eyni zamanda, onun fikrincə, bu gəlirin yaranmasında torpağın alınmasına sərf edilən kapital əsas rol oynayır. Tyürqo göstərirdi ki, əgər torpaq alınmasa idi daha çox gəlir verərdi. Onun belə bir fikri fiziokratların ideyaları ilə üst-üstə düşürdü ki, hər bir torpaq sahibi kapitalistdir. Ona görə ki, hər cür torpaq müəyyən kapital ilə eyni gücə malikdir.
Tyürqo qeyd edirdi ki, gəlir faizin səviyyəsinə enərsə, bu çox qorxuludur. Çünki bunun ardınca əmək fəaliyyəti dayana bilər, torpaqdan istifadə zəifləyər, sənayenin və ticarətin iflici başlayar.
Belə bir cəhəti də qeyd edək ki, Tyürqo maliyyə siyasəti barədə olan fiziokratların fikirlərinə şərik çıxırdı. O yazırdı ki, pul faizi üzərində kortəbii vergi qoymaq olmaz. Əgər bu belə olarsa kapitalist öz pulunu geri götürər, yəni borc verməz, müəssisə də borcsuz öz fəaliyyətini davam etdirməz.
Tyürqonun iqtisadi fikirlərinin təhlili göstərir ki, o fiziokratların mövqeyində dayanmışdır. Çünki Tyürqo əkinçiliyin müstəsna məhsuldar sahə olması barədə əlavə dəlillər gətirməklə fiziokratizmi inkişaf etdirmişdir. Lakin Tyürqonun gətirdiyi dəlillər fiziokratizmin zəif tərəflərilə üst-üstə düşür və fiziokratların sübutları ilə eyniyyət təşkil edir.
Məlumdur ki, həm F.Kene, həm də Tyürqo iddia edirdilər ki, xammal və ərzaqla təmin etdirənlərdən asılı olan sənətkarlar və məhsul istehsal edən bu zümrə səmərəsiz sinif adlandırılırdı. Aclıqdan əziyyət çəkən və tələbatını ödəmək üçün, ailəsinin minimum yaşayışını güclə təmin edən və sənayedə məşğul olan əməyin nümayəndələri də səmərəsiz sinifə daxil edilirdi.
F.Kenenin xalis məhsul haqqında olan təliminə Tyürqo heç bir yenilik gətirməmişdi. Kene xalis məhsul barədə öz təlimini möhkəm elmi əsaslar və dəlillər üzərində yaratmışdı. Fiziokratların ideyaları çərçivəsindən kənara çıxa bilməyən Tyürqo isə digər iqtisadi problemlər haqqında siyasi iqtisada öz yeni fikirlərini gətirə bilmişdir. F.Keneyə nisbətən Tyürqo kapitalizmin yaranması, bərabərsizliyin və siniflərin meydana gəlməsi barədə dəyərli elmi fikirlər irəli sürmüşdür. Tyürqo düzgün hesab edirdi ki, kapitalizmin yaranması prosesində xalq kütlələrinin yoxsullaşması, torpaqdan məhrum olmaları mühüm rol oynamışdır. Tyürqoya görə, məhz kəndlilərin torpaqdan və istehsal alətlərindən məhrum edilməsi onları muzdlu əmək səviyyəsinə gətirib çıxarmışdır. Əgər XYIII-XIX əsrlərdə kəndlilərin təsərrüfatı kütləvi surətdə ləğv edilməsəydi göstərdiyimiz dövrdə kapitalizm öz nüfuzunu Avropada yaya bilməzdi.
Tyürqoya görə iqtisadi inkişaf torpaq bölgüsündən çox asılı olmuşdur. Bu bölgüdən asılı olaraq müxtəlif siniflərin yaranması mövcud olmuşdur. Bu vəziyyətin düzgünlüyünü feodalizmin tarixi inkişaf taleyi də təsdiq edir.
Fiziokratlar üçün xarakterik xüsusiyyət kəsb edən cəmiyyətin sinfi quruluşu haqqında olan fikirləri Tyürqo öz tədqiqatlarında daha da dərinləşdirmişdir. Tyürqo sənayeçilər və fermerlər arasında kiçik təsərrüfat sahiblərini və muzdlu işçiləri fərqləndirirdi. Məlumdur ki, Kene cəmiyyətin üçsinifli modelini vermişdi. Tyürqo isə onu beşsinifli edir. F.Kenenin əksinə olaraq Tyürqo sosial statusu olan kapitalistlərlə muzdlu işçilərin əksliklərini açıqlamışdır. O, cəmiyyətin sinfi quruluşuna dərindən nüfuz edirdi. Beləliklə, Tyürqo iqtisadi nəzəriyyəni müəyyən mənada irəliyə apara bilmişdi.
Fiziokratlara nisbətən Tyürqo əmək haqqı qanunu haqqında dərin məna kəsb edən fikirlər irəli sürmüşdü. O, düzgün izah edirdi ki, "əməkçi" adamların torpağı yoxdur, muzdlu işçilər arasında olan rəqabət və kapitalistlərin hüquqları şərait yaradır və imkan verir ki, mövcud olan iş qüvvəsindən ən ucuzunu kapitalistlər seçə bilsin və onları işlə təmin etsin.
Tyürqonun iqtisadi baxışlarında qiymətli cəhətlərdən biri də ondan ibarətdir ki, o, pulla əmtəə dünyası arasında olan əlaqələri açmış və belə bir nəticəyə gəlmişdir ki, pulun özünün də əmtəə təbiəti vardır.
F.Kene kapitalın formalaşmasını nəzərə almırdı və göstərirdi ki, sənayeçilər və tacirlər torpaq sahiblərindən məvacib alırlar. Tyürqo isə kapital yığımı prosesinin aktivləşməsini vurğulayırdı və kapitalizmin genişlənməsini izah etməyə çalışırdı. Hərəkət edən sərvətin yığılmasını o, iqtisadi proseslərin vacib şərti hesab edirdi.
Tyürqo kapitalı hərəkət edən dəyərlərin yığımı kimi izah edirdi. Bununla da fiziokratlarda olan naturalizmi o aradan qaldırırdı. Onun bu baxışları kapital haqqında olan qiymətli fikirlər idi.
Tyürqo öz iqtisadi baxışlarının bir hissəsini dəyər probleminə həsr etmişdir. Ancaq dəyər problemlərini axıra kimi həll edə bilməmiş və bu məsələdə müəyyən nöqsanlara yol vermişdir. Bu da onun yaşadığı dövrün məhdudluğundan irəli gəlirdi.
Tyürqo belə bir fikir irəli sürürdü ki, muzdlu əməkdən istifadə edən kapitalist-fermer öz kapitalı üçün fabrik sahibi qədər mənfəət, üstəlik də renta kimi torpaq sahibkarına verməli olduğu müəyyən artıq məhsula malik olmalıdır.
Tyürqo kapital tərəfindən yaradılan məhsulun dəyərinin nədən ibarət olduğunu aydınlaşdırmağa çalışırdı. O qeyd edirdi ki, məhsulun dəyərindən kapital xərci, o cümlədən fəhlələrin əmək haqqı ödənilir. Yerdə qalan hissəsi üç yerə bölünür. Birinci hissə kapitalistin "heç bir əməksiz", pul kapitalının sahibkarı kimi ala biləcəyi gəlirə bərabər olan mənfəətdir. Bu, mənfəətin borc faizinə bərabər olan, uyğun gələn hissəsidir. Mənfəətin ikinci hissəsi öz pullarını fabrikə və ya fermaya digər istehsal sahələrinə qoymaq qərarına gələn kapitalistin "əməyini, riskini və məharətini" ödəyir. Bu, sahibkar gəliridir. Üçüncü hissə torpaq rentasıdır. Bu hissə yalnız əkinçiliyə qoyulmuş kapitallar üçün mövcuddur.
Sözsüz ki, Tyürqonun bu qeyd etdiyimiz baxışları iqtisad elmində yeni fikirlər idi.
Dostları ilə paylaş: |