§4. MAKROİQTİSADİ TƏNZİMLƏNMƏ PROQRAMI. MULTİPLİKATOR KONSEPSİYASI
İqtisadiyyatın makro səviyyədə tənzimlənməsi əsasında onun səmərəliliyinin yüksəldilməsi sahəsində bütün bazar sistemli ölkələr üçün ən uğurlu nəzəriyyə, Keynsin irəli sürmüş olduğu proqram oldu. Özünün qeyd etdiyi kimi cəmiyyət həyatında etmək istədiyi inqilab həqiqətən baş verdi. Nəzəriyyədə edilən bu inqilab sadəcə iqtisadi siyasəti dəyişdirmədi, eyni zamanda gələcək dövrlər üçün makroiqtisadi tənzimlənmə sahəsində təkmilləşdirmə aparma işinin əsasını qoydü. Bununla belə, Keyns elə bir əsərin müəllifidir ki, "hamı ondan sitat gətirir, lakin heç kim onu oxumur".75
Keynsin makroiqtisadi tənzimlənmə sahəsindəki irəli sürmüş olduğu proqramdan əsasən aşağıdakı istiqamətləri qeyd etmək lazımdır.
Birincisi, faiz dərəcələrinin tənzimlənməsi ilə pul-kredit siyasətinin həyata keçirilməsi. Kreditlər üçün alınan faiz dərəcələrinin azaldılması ilə kredit alanların sayının artmasına olan meylini gücləndirmək. Belə şəraitdə kreditlərin dəyəri ilə kapital qoyuluşlarından gözlənilən mənfəət arasındakı fərq və "kapitalın son səmərəliliyi" yüksələr. Beləliklə, sahibkarlar pul vəsaitlərini qiymətli kağızlara deyil, istehsalın yüksəldilməsinə yönəldəcəklər. Lakin faiz dərəcələrinin aşağı salınmasını yeganə yol hesab etməyən Keyns göstərirdi ki, praktiki olaraq elə bir vəziyyət yarana bilər ki, pul kütləsi təklifinin artımı ilə faiz dərəcələrini aşağı salmaq dayanar. Bununla da likvidlik əmələ gələr. Yəni ucuz kreditlər üçün nəzərdə tutulan faiz dərəcələrinin həddindən artıq aşağı olması pul sahiblərini daha ehtiyatlı tərpənməyə sövq edəcəkdir.
İkinci istiqamət kimi, büdcə siyasətini qeyd etmək olar. Səmərəli tələbin baş verməsi üçün, eləcə də onun stimullaşdırılması üçün Keyns dövlət xərclərinin artırılmasını təklif edidi. Bu xərclərin tərkibində əsasən dövlət investisiyasının və əmtəələrin alınması üçün dövlət sifarişinin verilməsinin başlıca yer tutması nəzərdə tutulurdu. Eyni zamanda vergilərin də məbləğinin azaldılması təklif olunurdu. Lakin xərclərin yüksəldilməsi ilə vergilərin azaldılması prinsipində üstünlüyü Keyns büdcənin xərc hissəsinə verirdi. Beləliklə də hesab edilirdi ki, büdcənin xərc hissəsinin artımını gələcəkdə yeni vergiyə cəlb olunma mənbələri ilə ödəmək yolu ilə tə"min etmək olar. Yeni vergilərin mənbəyi istehsalın genişləndirilməsi və məşğulluğun artırılması olacaqdır.
Dövlətin investisiyanın təşkilinə görə əsas məsuliyyəti öz üzərinə götürməsi, ictimai məqsəd və vəzifələrdən irəli gələn bir sıra işlərin görülməsini zərurilşdirəcək. Yəni kommunal işlərin görülməsi, yolların salınması, yeni resurs mənbələrinin mənimsənilməsi imkanı genişlənəcək.
Tələbin səmərəliliyinin artırılması ilə əlaqədar dövlətin iqtisadiyyatın tənzimlənməsi sahəsində iki, pul-kredit və büdcə istiqamətlərini fərqləndirən Keyns, üstünlüyü ikinciyə verirdi. O göstərirdi ki, istehsalın aşağı düşdüyü şəraitdə pul-kredit siyasətinin əsasında duran faiz norması iqtisadiyyata heç bir müdaxilə edə bilmir. Deməli, belə şəraitdə əsas diqqət faiz dərəcələrinin aşağı düşməsinə deyil, büdcənin xərclənməsinə yönəldilməlidir. Dövlətin elə xərclərini artırmaq lazımdır ki, onlar firmalarda investisiyalaşmanı stimullaşdırırlar.
Keynsin irəli sürdüyü tənzimləmə proqramından belə nəticəyə gəlmək olar ki,mənfəət normasının yüksəldilməsi üçün faiz səviyyəsinin aşağı həddini saxlamaqla, dövlət xərclərini investisiya olunmaq istiqamətində yüksəltmək və bu əsasdan da istehsalın miqyasını və məşğulluğun kəmiyyətini genişləndirmək lazımdır.
Keyns dövlətin iqtisadiyyatın tənzimlənməsində büdcə siyasətini birbaşa, pul-kredit siyasətini isə dolayı metod hesab edirdi.
Keynsin tənzimlənmə istiqamətində üçüncü cəhd kimi tam məşğulluq siyasətini də qeyd etmək lazımdır. Müəyyən işsizliyin saxlanılması ilə tam məşğulluğun həyata keçirilməsini Keyns sosial təminat sisteminin əsas xətti hesab edirdi. Həddindən artıq işsizliyin böyük bəlaya çevriləcəyi və onun aradan qaldırılması zəruriliyi qeyd olunurdu. Bununla əlaqədar uzunmüddətli kreditlərin verilməsi sisteminin inkişaf etdirlməsi, yardımların ödənilməsi proqramının işlək mexanizmindən istifadə olunması tövsiyə edilirdi.
Nəhayət, dövlət tənzimlənməsinin sonuncu istiqaməti kimi, onun ədalətlilik funksiyası ilə bağlı olan məsələnin həyata keçirilməsidir. Son dərəcə aşağı gəlir əldə edən əhali qrupunun mənafelərinin qorunması üçün gəlirlərin yenidən bölgüsü mexanizmindən istifadə məsələsinin də ön plana çəkilməsi tövsiyə edilirdi. Gəlirlərin yenidən bölgüsü siyasəti də aşağı tə"minatlı əhalinin də tələbini yüksəldə bilər. Nəhayət, ümumiyyətlə bütün alıcıların pula olan tələbatları yüksələr. Bu da cəmiyyətdə istehlak yönümlülük meylini gücləndirər.
Keynis nəzəriyyəsinin tərkib hissəsi olan multiplikator76 konsepsiyası iqtisadi fikrin, (xüsusən investisiya ilə bağlı) formalaşmasında müstəsna rol oynamışdır. Multiplikator, investisiya vasitəsilə iqtisadi proseslərin yüksəldilməsi istiqamətini xarakterizə edir. Məqsədyönlü səmərəli tələbin əldə olunması üçün investisiyanın, ümumi məşğulluğun artımında xüsusi rol oynayır. Çünki investisiyanın və məşğulluğun səviyyəsi cəmiyyətdəki istehlak tələbatını artırmalıdır. Keyns istehsalın genişlənməsinin investisayanın artımı vasitəsilə həyata keçirilməsini, bunun da əlavə işçilərin cəlb olunmasına səbəb olacağını göstərməklə məşğulluğun, milli gəlirin və istehlakın yüksəlməsi prosesini şərh etmişdir. Belə ki, məşğulluğun ilkin yüksəldilməsi yeni investisiyaların tətbiqi ilə baş verir. Sonradan əlavə cəlb olunan işçilərin tələbinin ödənilməsi, əlavə məşğulluğun artımı baş verir. Əlavə məşğulluğun artımı əmsalını Keyns multiplikator adlandırmışdır. Multiplikator investisiyanın artımı ilə məşğulluq və gəlir arasındakı nisbəti əks etdirir. Bu yolla əldə olunan səmərə, multiplikator səmərəsi adlanır. Yəni investisiyanın artımı, özünün ilkin tətbiqi həcmindən çox məbləğdə milli gəlirin artımına səbəb olur.
Keyns multiplikator formulasını belə şəkildə göstərmişdir:
K= Üw/ Yw
Burada K-multiplikator əmsalı,
Üw-gəlirin artımı,
Yw-investisayanın artımı.
Multiplikator konsepsiyasına xüsusi diqqət yetirən Keyns qeyd edirdi ki, bu termini iqtisadi nəzəriyyəyə 1931-ci ildə R.F.Kan daxil etmişdir.
Lakin, R.F.Kanın xarakterizə etdiyi "məşğulluq multiplikatoru nəzəriyyəsi" idi. Bu da mikro səviyyədə başlıca olaraq investisiyaya cəlb olunmuş sahə daxilində, aparılan məcmu məşğulluğu əks etdirirdi. Keyns özünün "investisiya multiplikatoru" adlandırdığı konsepsiya vasitəsilə ümumi investisiya məbləğinin artımı ilə gəlirin məbləğini və onun hər K dəfə investisiyanın artımından üstün artığını göstərdi.
Multiplikator səmərəsini ilkin olaraq ictimai işlərin təşkil olunması ilə məşğulluğun yüksəldilməsi timsalında göstərmişdi.
İctimai işlərin genişləndirilməsi ilə məşğulluğun artımının ictimai işlərə cəlb olunacaq işçilərin artımından qat-qat üstün artacağı müşahidə olunur. Bu isə sahələrarası qarşılıqlı əlaqənin mövcud olmasından asılıdır. Məsələn, dəmir yollarının salınması üçün cəlb olunmuş işçilərin istehlak şeylərinə olan tələbatları artacaqdır. Bu da öz növbəsində həmin sahələrdə istehlak şeyləri istehsalını genişləndirməklə əlavə məşğulluğa və həmin sahənin digər sahələrin məhsullarından asılı olduğu üçün orada istehsalın və əlavə məşğulluğun artmasına səbəb olacaq. Bu zəncirvari qarşılıqlı əlaqənin gedişatı ilkin multiplikator səmərəsindən asılıdır.
İnvestisiyanın artımı ilə gəlirlərin yüksəlməsi arasındakı qarşılıqlı əlaqə multiplikatorun ölçüsünü müəyyən edir.
Keyns multiplikatorun ölçüsünü "Son istehlak yönümü ilə" əlaqələndirirdi. "Son istehlak yönümü" isə istehlaka olan xərclərin gəlirlərin artımına olan nisbəti kimi müəyyən edilir.
Keyns göstərirdi ki, "nə qədər son istehlaka olan meyl" çox olarsa, bir o qədər multiplikator yüksək olar. Deməli, nəticə etibarilə məşğulluğun səviyyəsi yüksələr.
Yuxarıda göstərilən formula vasitəsilə Keyns ABŞ-ın iqtisadiyyatı üçün aparmış olduğu hesablamalara əsasən belə qənaətə gəlmişdir ki, burada multiplikator əmsalı 2,5-ə bərabərdir. Bu o deməkdir ki, gəlirin artımı 2,5 dəfə investisiyanın artımından çox olacaqdır.
Aparılan elmi tədqiqatlar sübut edir ki, dünyanın inkişaf etmiş ölkələrində multiplikator əmsalı 2 və 3 arasında tərəddüd edir. 80-cı illərdə ABŞ iqtisadiyyatında investisiyaların artımı 2,5 dəfə milli gəlirin artımına səbəb olmuşdur./Km = 2,5/77
Keyns ideyasının həyatiliyini çox misallarla sübut etmək olar. Sadəcə olaraq onun multiplikator konsepsiyasının dolğunluğu, onun iqtisadi inkişaf sahəsində oynadığı rolun inkar edilməzliyinə dəlalət edir.
Keyns göstərirdi ki, "Biz elə qoyulmuş qanun hesab edə bilərik ki, onun vasitəsi ilə bilavasitə investisiya ilə əlaqədar olan məşğulluğun artımı baş verir. Bununla da istər-istəməz istehlakçı üçün istehsal edən sənaye sahələri stimullaşdırılmalıdır. Beləliklə, bu da ümumi məşğulluğun artımına gətirib çıxarmalıdır.78
Multiplikator səmərəsinin baş verməsi üçün bir sıra müəyyən şəraitin olması vacibdir. Hər şeydən əvvəl o, özünü istifadə olunmayan istehsal avadanlıqlarının və sərbəst işçi qüvvəsinin mövcudluğu şəraitində göstərir. Bundan əlavə, iqtisadiyyatın sahə, ərazi, təkrar istehsal strukturunun nəzərə alınması. Nəhayət, iqtisadi artımın mövcud olması. Bir qayda olaraq, multiplikator səmərəsi iqtisadiyyatın tənəzzülü şəraitində deyil, artdığı şəraitdə baş verir.
Multiplikator səmərəsini Keyns, ilk növbədə dövlət büdcəsi ilə əlaqələndirərək, onun ictimai işlərə xərclənməsi hissəsi ilə əlaqələndirirdi. Lakin burada hər cür məşğulluq xatirinə deyil, səmərə verə biləcək istiqamətdə ictimai xərcləri artırmaq lazımdır. O göstərirdi ki, ola bilər ki, xəzinədarlar köhnə boş butulkalara banknotları doldurub, fəaliyyət göstərməyən kömür şaxtalarına doldursunlar. Üstünə də şəhərin zibilliyini salsınlar.
Sonra şəxsi bir təşəbbüskarlıq nəticəsində ən yaxşı üsullarla həmin banknot tutumlarını ordan çıxartmaq işi irəli sürülsə, ola bilsin ki, birbaşa işsizlik tamamilə aradan qalxsın.
Dolayı tərəfdən isə cəmiyyətdə real gəlirləri artıra bilər, kapitalın həcmini, əvvəlkilə müqayisədə daha çox yüksəldər. Ona görə də yaşayış evlərinin və s. tikilməsi daha məqsədəuyğundur.
Keynsin multiplikator konsepsiyası əsasında müasir şəraitdə iqtisadiyyatın dövlət tənzimlənməsinin həyata keçirilməsi üçün iqtisadi siyasətlər müəyyənləşdirilir. Multiplikator səmərəsinin mahiyyətini dərk etmək, onun çoxsaylı qarşılıqlı əlaqələr prinsipinin nəzərə alınması, iqtisadi inkişafını təmin etmək istəyən hər bir ölkə üçün vacib əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |