DərsliK İqtisad elmləri doktoru, professor


FƏSİL 19. AZƏRBAYCANDA İQTİSADİ



Yüklə 0,6 Mb.
səhifə108/121
tarix11.03.2022
ölçüsü0,6 Mb.
#53615
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   121
referat 921

FƏSİL 19. AZƏRBAYCANDA İQTİSADİ

FİKRİN İNKİŞAFI
§I. XIX ƏSRİN İKİNCİ YARISINDA AZƏRBAYCANIN

İQTİSADİ FİKRİ
XIX əsrin ikinci yarısında yaşamış mütəfəkkir və yazıçıların əsərlərində maarifçilik və milli dirçəliş ideyaları üstünlük təşkil edir. Bu ilk növbədə M.F.Axundovun, H.B.Zərdabinin, N.B.Vəzirovun və başqalarının iqtisadi görüşlərində özünü büruzə verir. Həmin dövrün mütəfəkkirləri öz zəmanəsinin tələblərinə uyğun olaraq Azərbaycanın iqtisadiyyatında və mədəniyyətində geriliyin səbəblərini araşdırır, milli dirçəliş yollarını tapmağa və göstərməyə çalışırlar. Bu dövrün mütərəqqi ziyalıları qəzet məqalələrində ("Əkinçi qəzeti"), fəlsəfi və ədəbi əsərlərində İslam Şərqinin, o cümlədən Azərbaycanın ictimai-iqtisadi həyatındakı geriliyin, primitivliyin, vaxtı keçmiş qaydalara aludəçiliyin başlıca səbəblərini xalqın savadsızlığında, xurafat və cəhalətin beyinlərdə kök salmasında və s.-də axtarırdılar.

Bununla yanaşı həmin dövrdə Azərbaycanın görkəmli maarifçi xadimləri milli şüurun və milli iqtisadiyyatın yüksəldilməsi üçün mühüm nəzəri və əməli təkliflər yürütmüşlər. Onlar Avropanın qabaqcıl iqtisadiyyatına və texnikasına yiyələnməyi tövsiyə edir, əkinçiliyin, maldarlığın, ticarətin yeni üsullarla qurulmasını və idarə edilməsini təbliğ edirdilər.

M.F.Axundov və N.B.Vəzirov Qərb iqtisadçılarının əsərlərindəki nəzəri fikirlərdən istifadə etmiş, onların Azərbaycanda da inkişaf etdirilməsinin tərəfdarları olmuşlar. Bu "İqtisadiyyat" və onun əhatə etdiyi hadisə və proseslərdə öz əksini tapmışdır. Buna baxmayaraq o dövrdə çar imperiyasının müstəmləkəçilik siyasəti və onun acı nəticələri ən çox Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafında və onun malik olduğu zəngin resursların sorulub aparılmasında özünü göstərirdi.

XX əsrdə baş verən ictimai-siyasi hadisələr isə Azərbaycanda xeyli jurnal, qəzet və sair mətbuat orqanlarının yaranmasına, milli partiya və cərəyanların meydana çıxmasına təkan vermişdir. Bu dövrün zəngin mətbuatının, böyük mütəfəkkir, alim, şair, yazıçı və ictimai xadimlərinin gördüyü işləri, irəli sürdükləri ideya və fikirləri iqtisad elmi və onun tarixi baxımından araşdırmaq, öyrənmək tələb olunur.

Azərbaycanda iqtisadi fikrin inkişafına həsr olunan bu mövzuda XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikri, XX əsrin əvvəllərində və sonrakı illərdə marksist iqtisadi təliminin Azərbaycanda yayılması və iqtisadi ədəbiyyatda şərhi, başa vurduğu XX əsrin 50-60-cı və 70-80-cı illərində Azərbaycan iqtisadçıları tərəfindən iqtisadi qanunların fəaliyyəti və istifadə mexanizminin tədqiqi, habelə XX əsrin 90-cı illərində və bazara keçid dövründə Azərbaycanın iqtisadi fikrindəki dəyişiklik, onun iqtisadi ədəbiyyatda, dövlət siyasətində əksi məsələləri şərh edilir.

XIX əsrin ikinci yarısında Azərbaycan xalqının həyatında iqtisadi fikir və ideyalar məzmunca zəngin, miqyasca daha ətraflı olmuşdur. Azərbaycan xalqının həyatının rəngarəngliyi iqtisadi fikrin özünün rəngarəngliyinə və zənginliyinə səbəb olur. Bu da bütövlükdə iqtisadi fikrin müxtəlif cərəyan və istiqamətlərə bölünməsində əks olunur. Deməli, bu haqda olan mənbələrə82 əsasən iqtisadi fikir və cərəyanları aşağıdakı üç qrupa bölmək olar:

birinci qrupa, iqtisadi fikrin antifeodal istiqaməti və cərəyanları;

ikinci qrupa, iqtisadi fikrin klassik burjua, xırda burjua cərəyan və istiqamətləri;

üçüncü qrupa isə marksist-leninçi iqtisadi fikir və cərəyanlar aid edilməlidir.

XIX əsrin ikinci yarısında Azərbaycanın iqtisadi fikiri M.F.Axundov (1812-1878), H.B.Zərdabi (1837-1907), N.B.Vəzirov (1854-1926) və başqa görkəmli mütəfəkkirlərin adı ilə bağlıdır. Onlar ölkədə sənayenin inkişaf etdirilməsi, kooperativ birliklər və kənd təsərrüfatı banklarının təşkili, istehsal və həvəsləndirmə metodlarının yaxşılaşdırılması, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsinə dair sırf iqtisadi səciyyəli ideyaların müəlliflərindəndirlər.

XIX əsrin ikinci yarısından Azərbaycan mütəfəkkirlərinin iqtisadi-sosial fikirləri başlıca olaraq demokratik səciyyə ilə özünü nümayiş etdirir. Bu öz növbəsində həmin dövrdə yaşamış mütəfəkkir və yazıçıların əsərlərində maarifçilik və milli dirçəliş ideyalarında üstünlük təşkil edirdi. Bu baxımdan da M.F.Axundovun, H.B.Zərdabinin və N.B.Vəzirovun iqtisadi fikir və baxışları xüsusi əhəmiyyət kəsb edir.

Bu dövrün mütəfəkkirləri qəzet və məqalələrində ("Əkinçi" qəzeti), fəlsəfi və ədəbi əsərlərində ən çox Azərbaycanın iqtisadi inkişafının fikir və ideyalarını tərənnüm edərək o dövrdə istehsal (məhsuldar) qüvvələrin artırılması, xalqın və onun müxtəlif zümrələrinin böyük əksəriyyətini təşkil edən kəndlilərin həyat səviyyəsi, xalqın həqiqi azadlığı naminə söylənilən iqtisadi-sosial fikirlər, xalqın mütərəqqiliyə doğru tərəqqisini ifadə edən ideyalar idi.

Bunların hamısı barədə söylənilən iqtisadi-sosial fikirlər obyektiv səviyyəyə və keyfiyyətə malikdir. Yeri gəlmişkən bir daha qeyd edək ki, həmin mütəfəkkirlər iqtisadiyyat üzrə mütəxəssislər olmadıqları üçün onlardan bu sahənin peşəkarlığı səviyyəsində tələbkarlıq etmək düzgün olmaz. Şübhəsiz onlar həmin dövrün ictimai inkişafının iqtisadi qanunauyğunluqlarını bu sahənin peşəkar mütəxəssisləri kimi verə bilməzdilər. Lakin bununla belə onlar cəmiyyətin iqtisadi-sosial həyat hadisələrini və proseslərini izləyir, yeri gəldikcə onları öz əsərlərində məharətlə əks etdirmişlər. Onların əsərlərində çoxlu terminlərin, iqtisadi kateqoriyaların adı çəkilir. Həm də bunlar sadəcə olaraq qeyd olunmur, daşıdıqları məna əksər hallarda ətraflı izah olunur.

Bunlardan iqtisad elmi, o cümlədən siyasi-iqtisad, məhsuldar qüvvələr, mülkiyyət münasibətləri, natural təsərrüfat, istehsalın məqsədi, həyat səviyyəsi, tələbat, istehsal, əmək, əmək bölgüsü, kollektiv əmək, dəyər, kapital, əmtəə, bazar, tələb və təklif, faiz, ssuda (borc), maliyyə, böhran, iflas, vergi, mənfəət, rəqabət, qənaət, istismar və s. bir çox iqtisadi anlayışları göstərmək olar.

Azərbaycanın məşhur yazıçı - dramaturqu, filosofu və ictimai xadimi olan M.F.Axundov 1812-ci ildə Şəki şəhərində anadan olmuş, 1878-ci ildə Tiflisdə vəfat etmişdir. O, 1834-cü ildə Tiflisdə Qafqaz canişininin dəftərxanasında tərcüməçi vəzifəsində işləməklə bərabər, eyni zamanda Azərbaycan və fars dillərində dərs deyir və ədəbi yaradıcılığa başlayır. 1850-1856-cı illər arasında 6 komediya yazıb-yaradıb. Dahi mütəfəkkir bu əsərlərdə Azərbaycanın sosial-iqtisadi həyatını bu və ya digər dərəcədə əks etdirmişdir.

M.F.Axundov "Sərgüzəşti-mərdi-xəsis" ("Hacı Qara") komediyasında bəzi qiymətli iqtisadi fikirlər yürüdür. O, 1857-ci ildə yazdığı "Aldanmış Kəvakib" povestində Azərbaycanda feodal-patriarxal münasibətlərinin dağılması prosesinə və dövlət qurumunun demokratikləşdrilməsinə dair ideyalar irəli sürür. Onun çoxsaylı əsərləri sırasında "Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və Cəlalüddövlənin ona göndərdiyi cavab məktubu" (qısa adı "Kəmalüddövlə məktubları") traktatı xüsusi ilə ayrılır. Bu və başqa əsərlərində o, dərin, fəlsəfi ideyalar nümayiş etdirməklə bərabər, o dövrün sosial-iqtisadi fikirlərinin işıqlandırılması sahəsində qiymətli töhfə vermişdir.

M.F.Axundov əhalinin, bütövlükdə ölkənin yoxsulluq və dilənçiliyini kütlələrin mədəni geriliyində və savadsızlığında, ölkənin təsərrüfat həyatının pozulduğunda, iqtisadiyyatın müxtəlif sahələrinin idarə edilməsinin yaramaz şərait və üsullarında görürdü. O, kənd təsərrüfatı, əkinçilik, ticarət, maldarlıq, bostançılıq və s. işlər haqqında düzgün təsəvvür olmadığına görə, təsərrüfatı yaxşı idarə etməyə kömək edə bilən kitabların yoxluğuna acıyırdı.

"Üç məktub"un müəllifi ölkənin iqtisadi inkişafı üçün yolların qaydaya salınmasına böyük əhəmiyyət verirdi. Bu haqda o yazırdı: "... millət və rəisi - millət hərgiz dərk edə bilmir ki, məmləkətin abad olmağa və ticarətin rəvacı və millətin fəqrdən azad olmağı üçün təmiri-türüq əlzəm və sailin birisidir".83

Maddi nemətlərin istehsalı üçün ictimai əməyin düzgün bölgüsü və ölkənin əmək ehtiyatlarından tam istifadə edilməsinin zəruriliyi haqqında məsələ M.F.Axundovun diqqətindən yayınmamışdır. Onun fikrincə, İranda iqtisadi gerilik nəticəsində, buna görə də əmək ehtiyatlarından tam istifadə etməyin mümkün olmaması nəticəsində bir çox adamlar qazanc dalınca başqa ölkələrə getməyə və "yad ölkələrdə alçaldıcı həyat keçirməyə" məcbur olurlar.

M.F.Axundov özünün "İnsan tələbatları haqqında" adlı əsərində ictimai əməyin düzgün bölgüsü məsələsini ictimai əməyin müxtəlif sahələri arasında müəyyən proporsiyanın nəzərə alınması məsələsi ilə bağlayırdı. O, düzgün olaraq belə hesab edirdi ki, bu prinsipin pozulması zəruri olan yaşayış vasitələrinin bəzilərinin çox, digərlərinin isə az istehsal edilməsinə səbəb olur.

M.F.Axundovun iqtisadi tədqiqatı sübut edir ki, o, kapitalizmdə istehsalla istehlak arasındakı ziddiyyəti başa düşür və onun fikrincə burjua ölkələrində istehsal edilən əmtəələrin miqdarı xalq kütlələrinin tələbindən artıq olur ki, bu da mütləq böhrana gətirib çıxarır. Özünün "Hekayət" əsərində yazır ki, "Altmış il bundan əqdəm Firəngistanda, xüsusən ingilis məmləkətində... xalq biaram karxanalar yapmağa və sənaye işlətməyə iqdəm edib az müddətdə külli - aləmin ehtiyaclarına kafi miqdardan bəməratib ziyadə əqmişə və əmtəə hazır edib, Firəngistanda və sair əqalimdə hərə şəhərin bazar və karvansaralarını ənva və əqsam əşya ilə doldurdular. Və bu aləmin məalından saf qafil idilər və hərgiz xəyallarına xütur etmirdi ki, bu işin nəticəsi aqibət ərbabi-tənxahın iflasına bais olacaqdır".84

Lakin kapitalizmin inkişaf qanunları haqqında məlumatı olmadığına görə, o, ifrat istehsal böhranlarının əsas səbəbini aça bilməmişdir. Onun fikrinə görə bu böhranlar sadəcə olaraq istehsalla istehlak arasında uyğunsuzluq nəticəsində meydana gəlmişdir.

M.F.Axundovun əsərlərində cəmiyyətdə bərabərlik ideyası mühüm yer tutur. Adamların yoxsulluq və məhrumiyyətlərinin səbəbini zəhmətkeşlərin mülkiyyətinin müstəbidlər tərəfindən mənimsənilməsində görür və bu işdə varlı sinfin sadiq xidmətçiləri kimi ruhaniləri günahlandırırdı. Onun fikrincə müstəbid və ruhanilər zorakılıq və xalq malını talan etməyə qadirdilər. Bu səbəbdən də o, zəhmətkeşlərin ruhən və cismən azad edilmələri zəruriyyətini tələb edirdi. Lakin M.F.Axundovun ictimai inkişafın qanunlarını dərk etmək sahəsində dünyagörüşünün məhdudiyyəti ona, zəhmətkeşlərin mülkiyyət hüququ ideyalarını necə və hansı əsaslar üzərində həyata keçirməyi başa düşməyə imkan verməmişdir. Bununla belə, həmin məsələnin qoyuluşunda onun böyük xidməti olub və Azərbaycanda ictimai-iqtisadi fikrin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.

1860-cı illərin ortalarından başlayaraq rus inqilabçı demokratlarının və Qərbi Avropa maarifçilərinin qabaqcıl ideyalarının qüvvətli təsiri altında dahi mütəfəkkir zəhmətkeş kütlələr üçün xalis maarifpərvər və müdrik hökmdarın insanpərvərliyinə inamı haqqında öz əvvəlki ideyasını rədd edir. O, öz ideyalarında daha prinsipial olur. Əgər "Aldanmış Kəvakib"in meydana çıxdığı dövrdə o, zülm edənlərlə zülmkarlar arasında sazişə gəlməyi mümkün hesab edirdisə, "Üç məktub" əsərində isə o, bu məsələdə daha kəskin və düzgün mövqe tutur.

Beləliklə, Axundov özünün 1871-ci ildə Mirzə Yusif Xana məktubunda yazırdı ki, "zülmü yox etmək üçün iki vasitə vardır: ya zülmkar zülm etməkdən əl çəkməli, ya da məzlumlar zülmə dözməyərək özləri onu məhv etməlidirlər. Ağıl söyləyir ki, zülmü yox etmək üçün başqa yollar yoxdur... on min illərlə mütəfəkkirlər, alimlər, şair zülmkarlığı yox etmək üçün zülmkara nəsihət etməyi və məsləhət verməyi kifayət görürdülər. lakin çoxlu təcrübə göstərir ki, belə cəhətlər faydasızdır və bu yolla yer üzündə zülmü məhv etmək olmaz... Deməli, zülmü yox etmək üçün zalıma nəsihət vermək lazım deyil, əksinə, məzluma demək lazımdır ki, nə səbəbə sən qüvvə və bacarıqda zülmkardan qat-qat üstün olduğun halda, ona acizanə dözürsən? Oyan və zülmü alt-üst et".85

M.F.Axundov patriarxal - feodal quruluşunun az ömür sürəcəyinə möhkəm inanır və zəhmətkeşlərin qanını soranlara müraciət edərək, zülm edilən xalqın kəskin intiqamı ilə onları qorxudurdu. Nəcib ideyalarla ruhlansa da o, yenə xalq işinə hansı sinfin rəhbərlik edəcəyini göstərə bilmirdi. Bütün bunlar göstərir ki, dahi mütəfəkkir özünün şər və haqsızlığa qarşı çoxillik mübarizəsi nəticəsində "üç məktub"un yarandığı dövrdə demokratik-maarifçi cəbhəsində duran böyük mütəfəkkirdir.

Beləliklə, XIX əsrin ikinci yarısında Azərbaycanın ictimai-iqtisadi geriliyi dahi mütəfəkkirə iqtisadi fikir və ildeyaları tam aşkarlamağa imkan vermirdi. M.F.Axundovun iqtisadi baxışlarının məlum tarixi məhdudiyyətləri ona, ictimai ideyaların xarakterinin ictimai varlıq tərəfindən müəyyən edildiyini və bu ideyaların yaranması mənbəyini cəmiyyətin maddi istehsal şəraitində axtarmaq lazım gəldiyini başa düşməyə imkan verməmişdir. Məhz buna görə də o, özünün parlaq ideyalarına və mütərəqqi cəhdlərinə baxmayaraq, zəmanəsinin bir çox vacib ictimai-iqtisadi problemlərini düzgün həll edə bilməmişdir.

M.F.Axundovun ardıcılı və müasiri olan H.B.Zərdabi Azərbaycanın maarifpərvər demokratı, publisisti və ictimai xadimi kimi əsərlərində, məqalələrində xalqımızın iqtisadi-sosial həyatına dair çoxlu qiymətli fikirlər söyləmişdir.

XIX əsrin ikinci yarısında Azərbaycan xalqının iqtisadi fikrini dərindən öyrənmək üçün M.F.Axundovla yanaşı, görkəmli maarifçi, ictimai xadim, publisist və pedaqoq H.B.Zərdabinin iqtisadi görüşləri böyük əhəmiyyət kəsb edir. O, 1865-ci ildə fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirdiyi Moskva Universitetinin yetirməsidir. H.B.Zərdabi Rusiyada inqilabi hərəkatın gücləndiyi və Çernışevskinin xalqı qüdrətli səsi ilə üsyana çağırdığı illərdə ideyaca möhkəmlənmişdir.

H.B.Zərdabi iqtisadi inkişaf və burjua münasibətlərinin sürətlə genişləndiyi və cəmiyyətin ziddiyyətlərinin son dərəcə kəskinləşdiyi bir şəraitdə yaşayıb yaratmışdır. O, 1842-ci ildə Zərdabda anadan olmuş və 1907-ci ildə Bakıda vəfat etmişdir. 1866-cı ildə Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin ədəbiyyat şöbəsini bitirmişdir. O, məşhur demokratik "Əkinçi" qəzetinin banisi və redaktoru olmuşdur. Bu qəzetin 1875-1877-ci illərdə, yəni qısa müddətdə, cəmi üç il fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanın mədəni həyatında çox böyük rolu və əhəmiyyəti olmuşdur. O bir neçə vaxt "Kaspi" qəzetinin redaktoru da olmuş və "Həyat", "Dəbistan" (Bakı), "Obzor", "Novoe obozrenie" (Tiflis), "Zemledelçeskaya qazeta" (Peterburq), və başqa qəzet redaksiyaları ilə fəal əməkdaşlıq etmiş, çoxsaylı məqalələr çap etdirmişdir. Bu məqalə və yazılarında o, özünün hərtərəfli biliyini və demokratik görüşlərini parlaq surətdə təcəssüm etdirmişdir.

Bu dövrdə Bakı sürətlə Qafqazın ən böyük sənaye mərkəzinə çevrilirdi ki, həmin illərdə sənayeinin yaranması və neftçilər ordusunun inqilabi hərəkatının artması H.B.Zərdabinin iqtisadi görüşlərinin formalaşmasına və inkişafına bilavasitə təsir göstərmişdir. Öz dünyagörüşü etibarilə maarifçi demokrat olan H.B.Zərdabi bütün şüurlü fəaliyyəti dövründə xalqın maariflənməsi uğrunda və Azərbaycanda iqtisadiyyatın, mədəniyyətin inkişafı uğrunda gərgin mübarizə aparmışdır. Onun elmi fəaliyyətinin mərkəzində zəhəmtəkeşlərin ağır ictimai-iqtisadi vəziyyəti və bu vəziyyətdən çıxış yollarını axtarmaq məsələsi olmuşdur.

H.B.Zərdabinin iqtisadi görüşləri əsasən onun çıxardığı və redaktoru olduğu "Əkinçi" qəzetinin səhifələrində öz əksini tapmışdır. O dövrdə ölkədə ictimai-iqtisadi geriliyin əsas səbəbini o, Azərbaycanın sənaye cəhətdən geriliyində görürdü. Onun göstərdiyi kimi doğma ölkə iqtisadi cəhətdən əcnəbi dövlətlərdən asılıdır. Bu da ölkədə istehsal edilən ipəyin, pambığın, yunun tacirlər tərəfindən ucuz qiymətə əcnəbilərə satılmasına və xaricdə isə əcnəbi müəssisələrdə həmin xammallardan hazır məhsul istehsal olunmasına, sonra həmin məhsulların Azərbaycanda satmaq üçün qaytarılmasına və baha qiymətə satılaraq əcnəbilərin böyük mənfəət götürməsinə şərait yaradırdı.

Bakının sənaye müəssisələrinin sürətlə əcnəbilərin öz əllərinə keçirmələri faktı da H.B.Zərdabinin diqqətindən yayınmamışdır. O, 1906-cı ildə "Həyat" qəzetinin beşinci nömrəsində nəşr edilmiş məqaləsində həyəcanla qeyd edirdi ki, ticarət sahəsində ağalıq edən əcnəbilər onun vətənin bir çox müəssisələrini də öz əllərinə keçirmişlər. Əcnəbi inhisarlarının Bakı neft mənbələri sahəsində həyata keçirdikləri işğalçı siyasətlərini nəzərdə tutaraq o, acı hisslərlə yazırdı: "Mədəni qonşular hər gün irəliyə addımlayaraq bizim mülk və malımızın ağaları olurlar. Tezliklə biz onların rəncbərləri və mallarını daşıyan arabaçılar olacağıq".86

Həmin illərdə Nobel, Rotşeld, Vişad və b. əcnəbi sahibkarlar Sabunçu, Suraxanı, Balaxanı və s. neft sahələrini daha çox öz əllərinə keçirirdilər. Onlar bu yerlərdə yaşayanları öz arabaçı və qara fəhlələrinə çevirirdilər. Əcnəbilərin qul ağalığından vətəni azad etmək üçün o, öz həmvətənlərinə (milli sahibkarlara) və fabriklər, zavodlar açmağı təklif edirdi.

H.B.Zərdabi təsərrüfatın bütün sahələrində, o cümlədən əkinçilikdə maşınlı texnikanın tətbiq edilməsi arzusu ilə yaşayırdı. O, texnikaya əməyi yüngülləşdirən və onun məhsuldarlığını artıran mühüm amil kimi baxırdı. Buna görə də o Bakı-Tiflis dəmir yolu tikintisinin böyük iqtisadi əhəmiyyətini düzgün qiymətləndirmişdir.

H.B.Zərdabi Azərbaycanın iqtisadi inkişafı üçün Avropa ölkələrinin təcrübəsindən istifadə etməyin böyük əhəmiyyətini göstərmişdir. O, yerli tacir və sənayeçiləri avropalılar kimi müxtəlif şirkətlər yaratmağa dəvət edirdi. Bu halda o yazırdı: "Əcnəbi tacirlər elm ilə ticarət etdiyinə külli nəfhilər götürürlər. Məsələn, böyük şirkətlər və kompaniyalar bina edib külli dadisətədlər edərlər, buxar gəmiləri və qeyri-saxlarlar, maşınlar bina edirlər".87

H.B.Zərdabi kəndin ağalarını və kənd təsərrüfatının normal inkişafına böyük bəla olan möhtəkir və sələmçilərin barışmaz düşməni idi. O, möhtəkirlərə böyük nifrət bəsləyərək yazırdı: "Elə ki, kənd təsərrüfatı məhsullarının yığımı başlayır, möhtəkirlər quzğun kimi kəndlərə daraşır, məzənnə qoyur və məhsulları almağa başlayırlar: borclular müqavilə üzrə öz borclarını ödəmək üçün məhsullarını onlara məzənnə ilə verməli olurlar. Heç olmasa onların özlərinin müəyyən etdiyi məzənnə ilə alver vicdanla düzgün olsa idi yaxşı olardı. Lakin burada ölçüdə, çəkidə hesabda nə qədər istəsəniz fırıldaq var".88

Kənd əkinçilərinin həyatını yüngülləşdirmək üçün H.B.Zərdabi onlara məsləhət görürdü ki, barama, pambıq və b. məhsulları möhtəkirin xidməti olmadan, münasib qiymətə satmaq üçün müxtəlif şirkətlər təşkil etsinlər. O, kəndlilərə məsləhət görürdü ki, sələmçilərə qarşı mübarizə etmək üçün pay qoymaqla ipotek bankları yaratsınlar. O, öz əsərlərində kooperasiyanın müxtəlif formalarının üstünlüyündən danışarkən kənd əkinçilərini birgə əməyə dəvət edirdi. H.B.Zərdabi heç yerdə torpaq və istehsal vasitələri üzərində xüsusi mülkiyyətin ləğv edilməsi və onların ictimailəşdirilməsi zərurətindən bəhs etməmişdir. O, sadəcə olaraq zəhmətkeşləri birgə istifadə etmək üçün öz istehsal vasitələrini birləşdirməyə dəvət edirdi. Buna görə də kollektivizm haqqındakı ideyaları onun bazar təsərrüfatına müsbət münasibət bəslədiyini göstərirdi.

H.B.Zərdabinin iqtisadi görüşlərində kollektiv əmək və təsərrüfatın birgə idarə edilməsi haqqındakı fikri mühüm yer tutur. O, əmək və istehsalın ictimai xarakterini qeyd edərək maddi nemətlər yaradılmasının əsas şərtlərini insanlar arasındakı ünsiyyət, birlik və qarşılıqlı razılıqda görürdü. O göstərirdi ki, əks-təqdirdə, insanların yaşaması üçün vəsait əldə etmək mümkün deyildir. H.B.Zərdabi insanlar arasında ictimai əmək bölgüsünün təşkilinə yüksək qiymət verir və hesab edirdi ki, bunsuz bu və ya digər istehlak predmetlərinin istehsalını lazımi dərəcədə qaydaya salmaq mümkün deyildir. Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə və adamların işlə təmin olunmasına, ölkədə köçərilərin oturaq həyata keçirilməsi problemlərinə müstəsna dərəcədə böyük əhəmiyyət verirdi. Onun fikrincə oturaq həyat tərzinə keçmək cəhdlərində köçərilər dövlət torpaq idarələri tərəfindən hər cür maneələrə rast gəlirlər.

Beləliklə, H.B.Zərdabi əsərlərində irəli sürülmüş bir sıra qiymətli nəzəri müddəalar içərisində onun tələbin səviyyəsi ilə əmtəələrin qiymətləri arasındakı qarşılıqlı əlaqə haqqındakı fikri böyük elmi maraq doğurur. Otkup sisteminin ləğvindən sonra Bakı neftinin qiymətinin kəskin dəyişilməsini və neft yataqları olan torpaqların azad satılmasına keçidi şərh edərək göstərirdi ki, tələbin səviyyəsi əmtəələrin qiymət səviyyəsini müəyyən edir. O, həm də dəyər qanunu, hərəkət mexanizmi məsələlərinə toxunur və onu düzgün başa düşdüyünü nümayiş etdirir.

XIX əsrin II yarısında Azərbaycanda iqtisadi fikrin görkəmli nümayəndələrindən biri də N.B.Vəzirovdur. H.B.Zərdabi kimi o da vətən sənayesinin inkişaf etdirilməsi, kooperativ birliklər və kənd təsərrüfatı banklarının təşkili, istehsal və həvəsləndirmə üsul və metodlarının yaxşılaşdırılması, işçilərin ixtisas səviyyəsinin yüksəldilməsinə dair sırf iqtisadi səciyyəli ideyaların müəlliflərindən biri hesab edilir.

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycanın görkəmli maarifçilərindən, dramaturq və publisist olan N.B.Vəzirov 1854-cü ildə Şuşa şəhərində anadan olmuş və 1926-cı ildə vəfat etmişdir. O, 1878-ci ildə Petrovski-Razumovski adına Moskva Əkinçilik Akademiyasını (indiki Tmiryozev adına Kənd Təsərrüfatı Akademiyasını) bitirmişdir.

O, çoxlu sayda dram əsərləri yazmışdır ki, bu əsərlərdə N.B.Vəzirov o dövrdə Azərbaycan kəndində feodal-patriorxal münasibətlərinin qalıqlarından bəhs etmiş və ona qarşı fikrini bildirmişdir. O, tüfeylilərin, xalqı soyanların Bakı neftini vəhşicəsinə soyub aparanların həyatını, bəzi iqtisadi münasibət məsələlərini real təsvir etmişdir. O, iqtisadi təmayüllü "Əkinçi" (1875-1877) qəzetinin səhifələrində siyasi iqtisadın bir çox problemlərinə diqqət yetirmiş və hətta bu elmin predmetinə tərif vermişdir.

H.B.Zərdabi siyasi iqtisadı "elmi dadistel" (kommersiya haqqında elm) hesab etmişdirsə, N.B.Vəzirov "bəhrəm zəhmətlik elmi" (həmzəhmətlik elmi), "elmi qənaət pometiki" (vaxta qənaət sənətkarlığa dair elm) adlandırmışdır.

Azərbaycanın digər görkəmli maarifçi xadimləri kimi N.B.Vəzirov da mili şüurun və milli iqtisadiyyatın yüksəldilməsi üçün mühüm nəzəri və əməli təkliflər də irəli sürmüşdür. O, Avropanın qabaqcıl texnologiyasına və texnikasına yiyələnməyi tövsiyə edərək, əkinçiliyin, maldarlığın, ticarətin yeni üsullarla qurulmasını və idarə edilməsini təbliğ etmişdir.

M.F.Axundov kimi o da öz əsərlərində Qərb iqtisadçılarının əsərlərindən, nəzəri fikirlərindən istifadə etmiş, onların Azərbaycanda da inkişaf etdirilməsinin tərəfdarı olmuşdur. Onun əsərlərində "İqtisadiyyat" elminin öyrəndiyi predmet və onun əhəmiyyəti də öz əksini tapmışdır.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin