7.4.5. Tranzit rejimi
Gömrük Məcələsinə görə, malların tranziti - malların gömrük nəzarəti altında ölkənin iki gömrük
orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və
mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.
Tranzit beynəlxalq mal mübadiləsinin obyektiv zərurətindən doğan və ölkələrin coğrafi mövqeyi,
geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat əlaqə kateqoriyası olub, beynəlxalq ticarət qədər
qədim tarixə malikdir.
Tranzitin hüquq mexanizmində nəqliyyat vasitələrinin tranzitində və malların tranzitində meydana gələn
iki növ münasibət nəzərdə tutulur.
Xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsində
nəqliyyat vasitələrinin trazitinin
reqlamentləşdirilməsi özünəməxsus yer tutur, çunki nəqliyyat vasitələri beynəlxalq mal mübadiləsi sistemində
aralıq təsir həlqəsidir və bir qayda olaraq xarici ticarət tənzimlənməsinin bilavasitə obyekti deyil. Bu səbəbdən
Gömrük Məcəlləsinin gömrük tranzit rejiminə həsr edilmiş müddəaları yalnız mallara aid edilir.
Şərh edilən rejimin əsas xüsusiyyətləri aşağıdakılardır:
1) mallar Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, gömrük nəzarəti altında daşınır və bu
zaman onların xarici dövlətin ərizisindən keçməsinə yol verilir (məsələn, Rusiya sərhədindəki Xaçmaz
gömrükxanası ilə Naxçıvan Respublikasındakı, eyni zamanda Türkiyə ilə sərhəddə yerləşən Sədərək
gömrükxanası arasında tranzit xarakterik misaldır).
2) tranzit-gömrük rejimində malların yerdəyişmə hərəkəti gömrük rüsumları və vergilər tutulmadan
həyata keçirilir, bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmir.
66
Tranzit-gömrük rejiminin nizamlanma qaydaları, həmçinin Azərbaycan Respublikasının beynəlxalq
sazişləri, Nazirlər Kabinetinin qərarları, DGK-nın normativ aktları ilə də müəyyən edilə bilər.
“Malların tranziti - gömrük rejimi haqqında” Əsasnamə DGK sədrinin əmri ilə təsdiq edilmiş və
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 05.05.1999-cu il tarixində qeydə alınmışdır (qeydiyyat N 160).
Hüquqi-tənzimləmə mənbələrinin və gömrük-tranzit rejiminin tətbiqi sahəsinin xarakterindən asılı
olaraq onun aşağıdakı formaları seçilir:
a) beynəlxalq konvensiyaların müddəaları ilə və ya beynəlxalq sazişlərin (məxsusi bu məsələyə aid
olmayan) ayrı-ayrı müddəaları ilə istifadəsi reqlamentləşdirilən beynəlxalq tranzit;
b) milli qanunvericilik əsasında həyata keçirilən tranzit.
Tranzit-gömrük rejimi bu rejim altında yerləşdirilə bilən malların nomenklaturasına, miqdarına və
təyinatına aid olan heç bir xüsusi məhdudiyyət müəyyən etmir. Tranzit rejimində də o biri rejimlərin tətbiqində
nəzərdə tutulan, Gömrük Məcəlləsinin 19-cu maddəsi ilə müəyyən edilən, gömrük sərhədindən keçirilən
malların ayrı-ayrı kateqoriyalarına qadağan və məhdudiyyət nəzərdə tutulur. Gömrük Məcəlləsi tranzit-gömrük
rejimi altında yerləşdirilmiş malların daşınma formalarından istifadəni məhdudlaşdıran xüsusi şərtlər müəyyən
etmir və eyni zamanda qanunvericilikdə nəzərdə tutulmayan hallarda yol və istiqamətlərin seçilməsində
sərbəstlik verir. Bununla bərabər Gömrük Məcəlləsi malların tranzitinin məhdudlaşdırılması hallarını da nəzərdə
tutur və bu xüsusiyyəti “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlər və
onların ittifaqlarının Azərbaycan şəxslərinin mənafeyinə toxunan ayrı-seçkilik və ya digər aksiyalarına qarşı
cavab tədbiri kimi” müəyyən edir.
Malların kateqoriyasından asılı olaraq və müəyyən daşınma üsullarından istifadə zamanı YGB-dən
istifadə edilməklə aparılan gömrük rəsmiləşdirilməsinin ümumi qaydası tətbiq edilməyə bilər. Bəzi hallarda
YGB əvəzinə digər sənəd formalarından istifadə edilməsinə yol verilir. Beynəlxalq Yük Daşımaları
Konvensiyasının müddəaları əsasında daşınan mallar üzrə bu konvensiya ilə müəyyən edilmiş beynəlxalq
gömrük sənədləri formaları - BYD kitabları (TİR karnetləri) istifadə olunur. Malların bu rejim altında
yerləşdirilməsinin şərtləri 2 qrupa bölünür:
1) mallara, daha doğrusu onların bu rejimdə vəziyyətinə aid olan şərtlər;
2) daşıyıcıya, yaxud onun nəqliyyat vasitəsinə aid olan şərtlər.
Tranzit rejimində daşınan mallar aşağıdakı tələblərə cavab verməlidir:
1) mallar dəyişilməz halda qalmalıdır (təbii aşınma və təbii itgilərdən başqa);
2) tranzitdən başqa, digər məqsədlər üçün istifadə olunmamalıdır;
3) gömrük orqanının daşınmanın şərtlərindən asılı olaraq müəyyən etdiyi müddət ərzində
göndərən malları təyinat gömrükxanasına çatdırmalıdır (hazırda bu müddət DGK-ın Təlimatı ilə
Azərbaycan ərazisində iki gün müəyyən edilmişdir).
Malların tranziti üçün “daşıyıcı” - faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin
istifadəsi üçün məsul olan şəxsdir. Tranzit-gömrük rejiminin xarakteri və iqtisadi məqsədləri nəzərə alındıqda,
bu hal tamamilə qanunauyğundur. Digər tərəfdən, bu imkan verir ki, daşınan mal sahibinin, göndərəninin və
alıcısının kim olmasından asılı olmayaraq daşıyıcıya bilavasitə benefisar kimi baxılsın. Daşıyıcının belə
statusunu nəzərə alaraq gömrük qanunvericiliyi bəzi əlavə tələblər irəli sürür. Belə ki, gömrük orqanlarında
daşıyıcının və ya onun nəqliyyat vasitələrinin məcəllə ilə nəzərdə tutulan şərtləri yerinə yetirilməsinə riyaət
olunmasına zəmanət verə bilməyəcəyi fikri yaranarsa, malların tranzit-gömrük rejimi altında yerləşdirilməsinə
icazə nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsindən sonra verilə bilər. Bu zaman
daşıyıcının çəkdiyi xərclər dövlət orqanları tərəfindən ödənilmir.
Mallar tranzit daşınmasının bütün müddəti ərzində gömrük nəzarəti altında olur. Ümumi qaydaya görə
tranzit gömrük rejimi altında yerləşdirilmiş mallara gömrük nəzarəti:
a) mallar Azərbaycan Respublikasına gətirildiyi zaman onların Azərbaycanın gömrük sərhədini
keçdiyi andan;
b) mallar Azərbaycan Respublikasından aparıldığı zaman gömrük orqanı tərəfindən gömrük
bəyannaməsinin qəbul edildiyi andan başlayır.
Tranzit-gömrük rejimi malların və nəqliyyat vasitələrinin (və onların sənədlərinin) müəyyən edilmiş
müddətdə təyinat gömrükxanasına çatdırıldıqdan və müvafiq gömrük əməliyyatları aparıldıqdan sonra başa
çatmış hesab edilir. Tranzit rejimi bitdikdən sonra mallar öz ilkin məqsədlərindən asılı olaraq ya Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara çıxarılmalı, yaxud da digər gömrük rejimi altında yerləşdirilməlidir.
Malların tranzitinə görə məsuliyyət daşıyıcının üzərinə qoyulur. Əgər tranzit zamanı mallar:
- gömrük orqanının icazəsi olmadan kiməsə verilmişsə;
- tranzit daşınması zamanı itirilmişsə;
- təyinat gömrükxanasına çatdırılmamışsa, daşıyıcı sərbəst dövriyyəyə buraxılma və ya idxal-gömrük
rejimi altında rəsmiləşdirilən mallar üçün nəzərdə tutulmuş məbləğdə gömrük ödənişləri ödəməlidir.
67
7.4.6. Rüsumsuz ticarət mağazası rejimi
Gömrük Məcəlləsinə görə, Rüsumsuz ticarət mağazası - mallardan gömrük rusumları, vergilər
alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük
ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları
tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət
gömrük rejimidir.
Bu rejimin istifadə edilməsi imkan verir ki, xarici malların ölkənin gömrük ərazisində, gömrük nəzarəti
altında, gömrük vergiləri və iqtisadi siyasət tədbirləri tətbiq edilməmək şərti ilə satışı təşkil edilsin. Rüsumsuz
ticarətin spesifikası o biri rejimlərlə müqayisədə aşkarlanır. Rüsumsuz ticarət mağazası rejimi gömrük anbarı
rejimindən ilk növbədə onunla fərqlənir ki, bu rejimdə məqsəd malların müəyyən müddət ərzində saxlanması
deyil, onların tezliklə satılmasıdır. Xarici malların Azərbaycan Respublikasının gömrük ərazisində, gömrük
ödənişləri ödənmədən və iqtisadi siyasət tədbirləri tətbiq etmədən satılması halı rüsumsuz ticarət mağazası
rejimini idxal-gömrük rejimindən fərqləndirən başlıca xüsusiyyətdir. Potensial alıcıları belə mağazalara cəlb
edən əsas şərt gömrük vergilərinin malın satış qiymətinə əlavə edilməməsidir. Gömrük vergiləri xarici malların
qiymətini yerli mallara nisbətən nəzərə çarpacaq dərəcədə yüksəldir, xüsusilə də aksizlərin tətbiq edilməsi daxili
bazarda onların rəqabət qabiliyyətini azaltmış olur.
Rüsumsuz ticarət mağazasının obyekti kimi həm xarici mallar, həm də yerli mallar ola bilər. Hər iki tip
mallar Azərbaycan gömrük ərazisini tərk edən fiziki şəxslər üçün nəzərdə tutulmuşlar. Beləliklə, rüsumsuz
ticarət mağazasından alınmış malların Azərbaycan gömrük ərazisindən kənara aparılması bu gömrük rejiminin
başlıca şərtidir. Bu şərtə riayət edilməsinə nəzarət məqsədi ilə belə mağazanın işçiləri malların alınması barədə
müştərilərin gediş-gəliş sənədlərində qeydlər apara bilərlər. Bu cür qeydlərin forması gömrük orqanları ilə
razılaşdırılmaqla mağazanın sahibi tərəfindən müəyyən edilir.
Rüsumsuz ticarət mağazaları rejimində hüquqi tənzimləmə obyektləri, öz növbəsində həyata keçirilməsi
inzibati və maliyyə xarakterli hüquq normaları ilə tənzimlənən mal əməliyyatlarıdır. Bu hüquqi təqdimatlara
ciddi riayət edilməsi ticarətin xüsusi gömrük rejiminin istifadə edilməsi məsələsinin müsbət həllində zəruri
şərtdir.
Gömrük qanunvericiliyi rüsumsuz ticarət mağazalarında satıla biləcək mallar barəsində bir sıra
məhdudiyyətlər müəyyən edir. Ümumi qaydaya görə, Azərbaycan Respublikasına gətirilməsi, Azərbaycan
Respublikasından aparılması, həmçinin Azərbaycan Respublikası ərazisində satışı qadağan olunan mallar, o
cümlədən siyahısı DGK tərəfindən müəyyən olunan mallar istisna edilməklə, istənilən mallar rüsumsuz ticarət
mağazası gömrük rejimində satıla bilər. Bununla bərabər bu məhdudiyyətlərə aşağıdakıları da əlavə etmək
lazımdır:
- digər dövlət orqanlarının nəzarətindən keçməli olan və bu orqanların icazəsinin olmadığı mallar;
- istehsal-texniki təyinatlı və digər fiziki şəxslər tərəfindən şəxsi istifadə və onların tələbatı üçün nəzərdə
tutulmadığı aşkar bilinən mallar;
- ağır çəkili və böyük həcmli mallar;
- müəyyən edilmiş hallarda idxal rüsumu tətbiq edildikdə belə rüsuma cəlb edilən və icazə alınan
mühüm xammal növləri.
Bununla bərabər qeyd etmək lazımdır ki, adı çəkilən malların bir qismi (bəzən) alqı-satqı obyekti də ola
bilər. Məsələn, pərakəndə satış üçün qablaşdırılmış yağ və sürtkü materialları, əczaçılıq məhsulları (həkim
resepti tələb olunmursa), zərgərlik məmulatları və s.
Rüsumsuz ticarət mağazalarında satış pərakəndə üsulla və vasitəçilərsiz həyata keçirilir. Alınmış mala
görə hesablaşma yalnız nəğd pul və ya kredit kartı ilə aparılır. Mağazada satılan bütün mallar gömrük orqanları
ilə razılaşdırılmış qaydada markalanmalıdır. Gömrük rejiminin spesifikası alıcılara ənənəvi kommersiya
xidmətləri satılan malların nümunələrə görə satılması, qabaqcadan sifariş, ödənişin təxirə salınması, evə
çatdırılması və s. göstərilməsini istisna edir. Yalnız malların satışqabağı hazırlanmasına, qablaşdırılmasına və
yenidən qablaşdırılmasına icazə verilir.
Bir qayda olaraq rüsumsuz ticarət mağazaları xaricə gedən sərnişinlər üçün nəzərdə tutulan gözləmə
zallarında, beynəlxalq sərnişin daşınması üçün açıq olan hava və dəniz limanlarındakı tranzit sərnişinlər üçün
zallarda, fiziki şəxslərin dövlət sərhədini keçdiyi buraxılış məntəqələrində yaradılır. Mağaza gömrük nəzarəti
xəttinin arxasında, yəni fiziki şəxslər Azərbaycan gömrük sərhədini keçərkən malların gömrük rəsmiləşdirilməsi
aparılan yerlərin hüdudlarından kənarda yerləşməlidir. Eyni zamanda rüsumsuz ticarət mağazasının
yerləşdirilmə prinsipi Azərbaycan ərazisinə gələn şəxslərin daxil olması imkanını istisna etməlidir.
Ticarət zallarının, köməkçi otaqların və mağazanın anbarının quruluşu malların gömrük nəzarətindən
kənar gətirilməsinə və aparılmasına imkan verməməli, kənar şəxslərin daxil olma imkanını istisna etməlidir.
Gömrük orqanı - onun fəaliyyət zonasında yerləşən rüsumsuz ticarət mağazasının quruluşuna, avadanlığına və
bölmələrinin yerinə görə konkret tələblər müəyən edə bilər.
68
Rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi
icraatının yeri, yalnız mağazanın anbarı ola bilər. Bu anbara mallar gömrük orqanının vəzifəli şəxsinin iştirakı
və ya icazəsi ilə yerləşdirilə bilər. Malların rüsumsuz ticarət mağazası gömrük rejimi altında yerləşdirilməsinə
görə müvafiq gömrük yığımı tutulur.
Rüsumsuz ticarət mağazası sahibinin hüquqi statusu onun əsas vəzifələri ilə müəyyən edilir. Bu
vəzifələrin xarakteri - birncisi, rüsumsuz ticarət rejimi şəraitində sahibkarlıq fəaliyyətinin spesifikası ilə, ikincisi
isə gömrük nəzarəti zonasının rejiminə riayət etməyə yönəldilmiş qanunvericiliyin tələbləri ilə şərtləndirilir.
Rüsumsuz ticarət mağazası sahibinə yönəlmiş tələblər aşağıdakılardır:
1) rüsumsuz ticarət mağazasına daxil olan malların gömrük nəzarətindən kənar götürülməsinə yol
verməmək;
2) bu gömrük rejimi altında daxil olan malların uçotunu aparmaq və bütün əməliyyatlar barədə müəyyən
edilmiş qaydada gömrük orqanlarına məlumat vermək. Bu məqsədlə mağaza sahibi, axırıncı yazının qeyd
edildiyi gündən etibarən 3 (üç) il müddətində saxlamağa borclu olduğu uçot kitabı aparmalıdır. Uçot kitabının
aparılması, hətta mağazada avtomatlaşdırılmış uçot sistemindən istifadə edildiyi halda da işlənməlidir. Bu kitab
ilk tələbdə gömrük orqanlarının vəzifəli şəxslərinə təqdim edilir.
7.4.7. Sərbəst gömrük rejimi zonası
Sərbəst gömrük zonası - xarici mallardan gömrük rüsumları və vergilər alınmadan, həmçinin
göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların müvafiq ərazi sərhədlərində və ya
binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsindən, Azərbaycan mallarının isə bu məcəllə ilə müəyyən
edilən qaydada ixrac- gömrük rejiminə müvafiq olaraq malların aparılmasına tətbiq edilən şərtlərlə
yerləşdirilməsi və istifadə olunmasından ibarət gömrük rejimidir.
Gömrük-tarif tənzimlənmələri tədbirləri baxımından sərbəst gömrük zonası xarici mənşəli malların
gömrük rüsum və vergiləri ödənilmədən saxlanılması, satılması və alınması mümkün olan rüsumsuz ticarət və
anbar ərazisi kimi qəbul edilir. Belə ki, vergi rejimi nöqteyi-nəzərindən mallara gömrük sərhədindən kənarda
yerləşdirilmiş kimi baxılır. Belə ərazidən kənarlıq təkcə gömrük-tarif tənzimlənmələrinə - yəni vergi rejiminə
deyil, həm də xarici ticarət münasibətlərinin inzibati rejiminə - yəni qeyri-tarif tənzimləmələrinə də aiddir.
Gömrük anbarı rejimindən fərqli olaraq sərbəst gömrük zonası rejimi malların saxlanılma müddətini
məhdudlaşdırmır. Sərbəst gömrük zonasının gömrük ərazisindən kənar hesab edilməsi Gömrük Məcəlləsinin 3-
cü maddəsinin ikinci hissəsində öz əksini tapır:
“Azərbaycan Respublikası ərazisində sərbəst gömrük zonaları yerləşə bilər. Məcəllədə və gömrük
işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən edilən hallar istisna
edilməklə, sərbəst gömrük zonalarının əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən
kənarda yerləşən ərazidir”.
Göründüyü kimi, sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetri gömrük sərhədidir. Öz
inzibati-hüquqi statusuna görə daxili sərhədlər xarici sərhədlərə bərabər tutulur: sərbəst zonanın ərazisi sərhəd
zonası kimi baxılır və oraya giriş-çıxış xüsusi nəzarət buraxılış məntəqələrindən buraxılış vərəqləri əsasında
həyata keçirilir. Daxili sərhədlərin qorunması gömrükçülərlə sərbəst zona rəhbərliyinin birgə səyləri ilə təmin
edilir. Sərbəst gömrük zonası rejiminin cəlbediciliyi ondadır ki, bu fəaliyyət sərbəst iqtisadi zonaların
yaradılmasında ilk mərhələ kimi təqdirəlayiqdir. Sərbəst gömrük zonalarının fəaliyyəti imkan verir ki, sərbəst
iqtisadi zonaların idarə edilməsi məsələsi üçün təcrübə toplansın və eyni zamanda xarici investorlar bu
məsələlərdə hökumətin iqtisadi siyasətinin əsas prinsipləri ilə tanış olub ölkəyə kapital qoyuluşunun təminatı
aspektlərini dəqiqləşdirsinlər.
Hər hansı sərbəst zona üçün əlverişli coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir. Adətən sərbəst
gömrük zonaları xarici ticarət fəaliyyəti ilə bağlı xidmətlərin ixracı üzrə ixtisaslaşırlar. Sərbəst gömrük
zonalarının yaradılması yerli istehsalçıların xarici iqtisadi fəaliyyətə cəlb edilməsinə imkan verir.
Sərbəst gömrük zonası gömrük rejimlərinin əsas qayəsi ondan ibarətdir ki, bu rejimlərdə xarici mallar
müəyyən edilmiş ərazi sərhədləri daxilində və ya binalarda (yerlərdə) gömrük rüsum və vergiləri alınmadan,
həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, Azərbaycan malları isə ixrac gömrük rejimi ilə
müəyyən edilən şərtlər daxilində yerləşdirilir və istifadə edilir.
Bu gömrük rejimləri altında Azərbaycan Respublikası ərazisinə gətirilməsi və aparılması qadağan
olunmamış mallar yerləşdirilə bilər.
Azərbaycan Respublikası Qanunvericiliyinə riayət edilməsini təmin etmək məqsədi ilə, malların
xarakterindən asılı olaraq, sərbəst gömrük zonalarında mallarla aparılan əməliyyatlara qadağanlar və
məhdudiyyətlər qoyula bilər. Bu cür qadağanları və məhdudiyyətləri gömrük zonası barəsində AR Nazirlər
Kabineti müəyyən edir.
69
Bu gömrük rejimindən istifadə etdikdə, gömrük ödənclərinin ödənilməsi üçün məsuliyyəti, malları
sərbəst gömrük zonasına gətirən və ya sərbəst anbara yerləşdirən şəxs daşıyır.
Rejimlərin təyinatından göründüyü kimi, xarici və Azərbycan mallarının yerləşdirilməsi üçün gömrük
rüsum və vergiləri tutulmur. Əgər mallar sərbəst gömrük zonasından Azərbaycan Respublikasının gömrük
ərazisinə gətirilirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənara aparılırsa nəzərdə tutulmuş rüsum
və yığımlar ödənilməlidir.
Sərbəst gömrük ərazisində yerləşdirilərkən, mallar ixrac üçün nəzədə tutulmuşsa, gömrük rüsum və
vergilərindən azad edilir və ya ödənilmiş məbləğlər geri qaytarılır. Bu şərtlə ki, mallar vergi və rüsumlardan
azad edildikdən və ya tutulmuş məbləğlər qaytarıldıqdan sonra 6 ay ərzində mallar faktiki çıxarılmış olsun.
Əgər ixrac üçün nəzərdə tutulmuş mal sərbəst gömrük zonasından respublikanın gömrük ərazisinə
qaytarılarsa, gömrük rüsum və vergiləri, həmçinin Milli Bank tərəfindən müəyyən edilmiş kreditlər üzrə
dərəcələrə görə faiz ödənilir.
7.4.8. Məhv etmə rejimi
Malların məhv edilməsi xarici malların gömrük nəzarəti altında gömrük rüsum və vergiləri
alınmadan, həmçinn mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən məhv edildiyi gömrük rejimidir.
Məhv edilmə prosesinin özü malların tam məhv edilməsi, yəni yandırılması, dağıdılması, basdırılması
və s. yolu ilə, həm də onların istifadəyə yararsız hala gətirilməsi, yəni sökülməsi, parçalanması, mexaniki
zədələnməsi və s. yolu ilə həyata keçirilə bilər.
Axırıncı halda gömrük orqanları diqqət etməlidirlər ki, mexaniki zədələnmələr məhv edilən malların
yenidən bərpası və ilkin halında istifadə edilməsi imkanını istisna etsin. Rejimin özünün tətbiqinə o zaman yol
verilir ki, malların məhv edilməsi üçün seçilmiş üsul sayəsində onlar öz istehlak qabiliyyətlərini (xassələrini) və
dəyərini itirmiş olsun.
Məhvetmə rejiminin əsas xüsusiyyəti odur ki, bu rejim altında yalnız Azərbaycan gömrük ərazisinə
faktiki olaraq gətirilmiş xarici mallar və nəqliyyat vasitələri yerləşdirilə bilər. Qeyd etmək lazımdır ki,
məhvetmə rejimindən fərqli olaraq, dövlətin xeyrinə maldan imtina rejimi xarici mallarla birgə Azərbaycan
mallarına da şamil edilə bilər.
Məhvetmə rejimini malın sahibi, yaxud gömrük brokeri bəyan edə bilər. Nəqliyyat vasitəsinin məhv
edilməsi barədə yalnız daşıyıcı elan edə bilər.
Malların məhv edilməsi rejiminin seçilməsi, çox hallarda malların gömrük sərhədindən keçirilməsindən
sonra keyfiyyətini itirməsi və ya saxlama müddətinin (istifadəyə yararlılıq) bitməsi ilə bağlıdır (gömrük
anbarında mallar uzun müddət qalanda da belə hallar olur).
Belə malları gömrük nəzarəti altında məhv edərək, iş adamı eyni zamanda bu malların gömrük
ərazisindən çıxarılması üçün çəkiləcək nəqliyyat xərclərindən və gömrük rüsum və vergilərinin ödənilməsindən
azad olur.
Malların məhv edilməsi gömrük rejimi sərgi işlərində də tətbiq edilir: stendlərin geri aparılma xərcləri
onların özünün, reklam avadanlığının və hətta bəzi eksponatların dəyərindən çox ola bilir ki, bu da onları
gömrük nəzarəti altında məhv etməyə və ya dövlət mülkiyyətinə verməyə təhrik edir.
Bu əşyaları sərgi, yaxud yarmarka iştirakçısı sadəcə olaraq qoyub gedə bilməz, çünki onları Azərbaycan
gömrük ərazisinə gətirərkən geri aparılacağı barədə öhədəlik vermiş olur. Buna görə də əgər yüklər Azərbaycan
gömrük ərazisindən geri aparılmazsa, onların sahibi (deklarant) tələb olunan gömrük rüsum və yığımlarını
ödəməlidir. Yükün geri aparılmaması və həm də bu zaman gömrük rüsum və vergilərinin ödənilməməsinin
yeganə qanuni yolu gömrük orqanına müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş malların məhv edilməsi barədə
aktın, yaxud dövlət xeyrinə maldan imtina edilməsi barədə aktın təqdim edilməsidir.
Məhvetmə rejimi altında malların yerləşdirilməsi üçün maraqlı şəxs gömrük orqanına YGB, ərizə və
lazım olduqda digər (qaimələr, konosament, hesab-faktura və s.) sənədlər təqdim edir. Bu rejimin tətbiqində
maraqlı şəxs ərizəsində məhv edilməsi lazım olan əşyanı (malın adı, miqdarı və yeri) dəqiq müəyyən etməli,
malın dövriyyədən çıxarılmasının səbəbini, məhvetmənin üsulunu, gününü və yerini bildirməli, məhvetmə
nəticəsində əmələ gələn qalıq və tullantılar barədə məlumat təqdim etməlidir. Bundan başqa ərizəçi məhvedilmə
barədə aktın müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməsi üçün öhdəlik götürür. Məhvedilmə
aktı YGB ilə birlikdə gömrük orqanında qalır. Məhvedilmə aktı sərbəst formada tərtib edilir, lakin aşağıdakı
məlumatların əhatə edilməsi məcburidir:
1) tərtib edilmə tarixi;
2) mal və nəqliyyat vasitələrinin adı, fərdi əlamətləri, miqdarı;
3) məhvedilmənin üsulu, tarixi və yeri;
4) əmələ gələn qalıqların (tullantıların) adı, fərdi əlamətləri və miqdarı;
5) məhvetmə zamanı iştirak edən şəxslərin siyahısı.
70
Gömrük orqanı məhvetmənin yalnız gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə aparıla bilməsi
barədə qərar qəbul edə bilər. Bu halda deklarantın ərizəsində xüsusi qeydlər edilir.
Məhvetmə aktı malları keçirən şəxsin səlahiyyətli nümayəndəsi, həmçinin gömrük orqanının vəzifəli
şəxsi tərəfindən imza və möhürlə təsdiq edilir.
Məhvetmə rejimində gömrük rəsmiləşdirilməsinin yeri:
a) gömrük anbarı, rüsumsuz ticarət mağazası, gömrük ərazisindən kənarda emal, gömrük nəzarəti
altında emal, müvəqqəti idxal, sərbəst gömrük zonası, sərbəst anbar, təkrar ixrac rejimləri altında yerləşdirilmiş
mallar üçün - bu malları şəxsin sərəncamına seçilmiş rejimə uyğun olaraq vermiş gömrük orqanının yerləşdiyi
yer;
b) Azərbaycanın gömrük ərazisinə gətirilən mal və nəqliyat vasitələri, gətirilmiş və tranzit gömrük
rejimi altında yerləşdirilmiş və ya gömrük nəzarəti altında daşınma qaydaları ilə gömrük ərazisində bir yerdən
digərinə aparılan mallar üçün - bu tip malların və nəqliyyat vasitələrinin xidmət zonasında olduğu gömrük
orqanının yeri.
Mal və nəqliyyat vasitələrinin məhvetmə gömrük rejimi altında yerləşdirilməsi üçün icazə verilməsi
qərarını müvafiq gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs qəbul edir. Belə qərarın qəbul edilməsində
gömrük orqanının rəhbəri gömrük qanunvericiliyini əsas tutur.
Məhvetmə rejiminin hüquqi tənzimlənməsinin spesifikası tullantıların (qalıqların) əlahiddə gömrük
rəsmiləşdirilməsi qaydasında özünü büruzə verir. Bütün tullantılar (qalıqlar) bu vəziyyətdə Azərbaycanın
gömrük ərazisinə gətirilmiş xarici mallar kimi gömrük rəsmiləşdirilməsindən keçməlidir.
Tullantıların gömrük rəsmiləşdirilməsinin yerini məhvetmə rejiminə icazə vermiş gömrük orqanı öz
mülahizələrinə görə müəyyən edir. O, müəyyən edə bilər ki, tullantılar müvəqqəti saxlanc anbarında
yerləşdirilsin. Gömrük bəyannaməsinin təqdim edilmə müddəti, adətən, malların faktiki məhv edilmə tarixindən
7 günədək müəyyən edilir.
Aşağıdakı hallarda gömrük rüsumu, vergisi və s. tutulmur:
Dostları ilə paylaş: |