16.3.2. Gömrük orqanlarının əməliyyat bölmələrinin əməliyyat-axtarış fəaliyyətinin istiqamətləri
Müasir mərhələdə gömrük işi sahəsində əməliyyat-axtarış üsulunun tətbiqi və təşkilatlanma
mexanizminin formalaşması prosesi çox ağrılı keçir. Bu gömrük orqanlarına qarşı keçmiş sovet
münasibətlərinin hələ də aradan qaldırıla bilməməsi ilə bağlıdır. Hələ də gömrük orqanlarını, hüquq-mühafizə
orqanı kimi çox “qısqanclıqla” qəbul edirlər.
Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası gömrük orqanları, gömrük xidmətinin
inkişaf etdirilməsinin real tələblərinə cavab vermək üçün əməliyyat-axtarış fəaliyyətini aşağıdakı istiqamətlərdə
aparırlar:
1) gömrük orqanlarının şəxsi təhlükəsizliyini təmin etmək üçün aparılan əməliyyat-axtarış
fəaliyyəti;
2) gömrük işi sahəsində qaçaqmalçılıq və digər cinayətlərlə mübarizə məqsədi ilə aparılan
əməliyyat-axtarış fəaliyyəti.
Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin və Naxçıvan MR Gömrük Komitəsinin müvafiq idarələri məşğul olur.
Gömrük orqanlarında şəxsi təhlükəsizliyi qoruyan bölmə aşağıdakı funksiyaları yerinə yetirməlidir:
a) gömrük işi qaydaları və onların həyata keçirilməsinə qarşı cəhdləri zərərsizləşdirmək;
b) gömrük işi aparılan yerlərə cinayətkar fikirlər daşıyan və ya cinayətkarların əlaltılarının daxil
olmasının (daxil olmağa cəhd göstərilməsinin) qarşısını almaq;
v) gömrük orqanı işçilərinin və onların ailə üzvlərinin, həmçinin əməliyyat-axtarış fəaliyyətində
iştirak edən vətəndaşların təhlükəsizliyinə qəsd hərəkətlərinin qarşısını almaq;
q) informasiya təhlükəsizliyini təmin etmək və məlum dərəcədə qorunan məxfi məlumatların
ötürülməsinə qarşı mübarizə aparmaq;
d) digər hüquq-mühafizə orqanlarının əməliyyat bölmələri ilə qarşılıqlı əməkdaşlıq və
koordinasiya təşkil etmək və həyata keçirmək (şəxsi təhlükəsizlik maraqlarını təmin etmək üçün).
Əməliyyat bölməsinin əməkdaşları şəxsi təhlükəsizliyi təmin etmək üçün, ayrı-ayrı gömrük orqanı
işçilərinin vəzifədən sui-istifadə məqsədlərinin qarşısını alır və onlara xəbərdarlıq edilir. Əgər gömrük
orqanında çalışan şəxs, yenə də öz əməlindən əl çəkməzsə, onun gömrük orqanlarından kənarlaşdırılması üçün
rəhbərliyinə yazılı müraciət edir.
145
Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə, gömrük orqanı işçilərinin həyatı və sağlamlığı
üçün təhlükə törənəndə xüsusi vasitələr (əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr və s.) və odlu
silah tətbiq olunmasına icazə verilir.
Gömrük pozuntuları ilə mübarizə üzrə bölmələr gömrük işi sahəsində qanunun pozulmasına edilən
cəhdlərdən vaxtında xəbər tutmaq, onları aşkar edib, qarşısını almağa xidmət edirlər. Bunun üçün hərtərəfli
informasiya axını təşkil etmək tələb olunur. Bu məlumat toplanıb analiz olunmalı, qaçaqmalçılıq və baş verəcək
digər cinayətlərin hazırlanmasından xəbər verən informasiyalar bir daha yoxlanmalı və cinayətin vaxtında
qarşısının alınması üçün adekvat tədbirlər hazırlanmalıdır.
Mövzu 17. Gömrük orqanlarında idarəetmənin əsasları
17.1. İdarəetmə anlayışı
Ayrı-ayrı icraçılar və ya insanlar qrupu şəklində insan amilindən ibarət hər bir sistemin səmərəli
fəaliyyəti yalnız onu idarə edən - təşkiledici başlanğıc olduqda mümkündür. Gömrük orqanlarının bütün
əməkdaşlarının hərəkət birliyinə nail olunması gömrük orqanlarında idarəetmə sisteminin başlıca məqsədidir.
Sistem bir istiqamətdə işləməli və qarşısında qoyulmuş vəzifələrin həllini təmin etməlidir. Bunun üçün onun
daxilində dəqiq idarəetmə tələb olunur.
Təcrübə göstərir ki, xüsusi idarəçilik biliyi olmadan idarəetmə bəzən gömrük orqanlarında əməliyyat
xidməti fəaliyyətində xeyli səhvlərlə nəticələnir, dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsi və onun
iqtisadi mənafelərinin qorunması işinə müəyyən ziyan vurur.
Azərbaycan Respublikası gömrük orqanlarının üzərinə qoyulmuş vəzifələrin və funksiyaların yerinə
yetirilməsini optimal təşkil etmək üçün idarəetmənin mahiyyət və məzmununu açan əsas nəzəri müddəaları
bilmək zəruridir.
İdarəetmə dedikdə nə başa düşülməlidir? Ədəbiyyatda gömrük orqanlarının da aid olduğu sosial-iqtisadi
sistemlərlə “idarəetmə” anlayışının çoxsaylı tərifləri vardır. Gömrük orqanlarında idarəetməyə xas olan
əlamətləri nəzərə alaraq müxtəlif fikirləri ümumiləşdirməklə ona aşağıdakı tərifi vermək olar.
İdarəetmə - gömrük orqanları əməkdaşlarına elə fasiləsiz informasiya təsiri prosesidir ki,
idarəçilik qərarlarının qəbul olunması və həyata keçirilməsi vasitəsilə dəyişən xarici və daxili şəraitdə
onların məqsədyönlü davranışını təmin edir.
Məcmu halda idarəetmə subyekti, idarəetmə obyekti və onlar arasında qarşılıqlı əlaqələr gömrük
orqanlarında idarəetmə sistemini əmələ gətirir.
Gömrük orqanlarında idarəetmə subyektlərinə idarəetmə qərarları qəbul etmək, tabeliyindəki
əməkdaşlara və kollektivlərə tapşırıq vermək və onların icrasını tələb etmək səlahiyyəti olan bütün rəhbərlər,
yəni məqsədyönlü təsiri həyata keçirən gömrük postunun, gömrükxananın, gömrük idarəsinin və Dövlət
Gömrük Komitəsinin bütün elementləri və yarımsistemləri aiddir.
İdarəedən yarımsistemin qərarlarının, əmrlərinin, tapşırıqlarının icraçıları, gömrük işi mütəxəssisləri,
gömrük kollektivləri, təşkilati strukturlar, texnoloji gömrük proseduraları, eləcə də gömrük orqanlarının üzərinə
qoyulmuş funksiyaların həyata keçirilməsi üzrə bütün fəaliyyət növləri, gömrük fəaliyyəti resursları və s.
gömrük orqanlarında idarəetmə obyektləri kimi çıxış edir.
İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici mühit haqqında
informasiya alır. Bu informasiya idarəetmə subyekti tərəfindən işlənir ki, bunun da nəticəsi olaraq qərar qəbul
edilir. Məzmunu birbaşa əlaqə kanalı üzrə idarəetmə obyektinə ötürmək üçün həmin qərara idarəçilik qərarının
formalarından (əmr, göstəriş, qətnamə və s.) biri verilir. Bu qərarın icrası haqqında informasiya və eləcə də
idarəetmə obyektinin (idarəedilən sistemin) yeni vəziyyəti haqqında informasiya yenidən əks əlaqə kanalı üzrə
idarəetmə subyektinə daxil olur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir. Gömrük orqanları tərəfindən
idarəetmənin fasiləsiz xarakteri onlardan keçən informasiya proseslərinin daimiliyi və arasıkəsilməzliyi ilə
şərtlənir.
İdarəetmə prosesinin fasiləsizliyi onun dövriliyi haqqında, yəni müxtəlif idarəetmə həlqələri tərəfindən
və müxtəlif formalarda icra edilən eyni növ idarəçilik işlərinin və ya idarəetmə mərhələlərinin icra edilməsinin
müəyyən ardıcıllığı və təkrarlanması haqqında danışmağa imkan verir.
Gömrük orqanlarında idarəetmə sistemi aşağıdakı komponentlərdən ibarətdir: idarəetmə mexanizmi,
idarəetmə strukturları, idarəetmə prosesi və idarəetmə sisteminin təkmilləşdirilmə mexanizmi.
İdarəetmənin mexanizmini aşağıdakılar təşkil edir:
- idarəetmə qanunları;
- prinsipləri;
- məqsədləri;
- metodları;
146
- funksiyaları.
İdarəetmə orqanları, idarəetmə kadrları və texniki idarəetmə vasitələri idarəetmənin strukturuna daxildir.
İdarəetmə prosesi - idarəetmənin məqsədlərinə çatmaq üçün bütün idarəetmə həlqələrinin
göstərdiyi fəaliyyətdir.
İdarəetmə sisteminin təkmilləşdirilmə mexanizmini idarəetmə obyektinin inkişafı nəticəsində ona edilən
dəyişikliklər təşkil edir.
Gömrük orqanlarında idarəetmə həm obyektiv iqtisadi qanunlara və idarəetmə qanunlarına, həm də
onların əsasında formalaşan əməliyyat-xidmət fəaliyyətinin bütün iştirakçılarının ictimai, kollektiv və şəxsi
maraqlarının vahid sisteminə əsaslanır. İdarəetmənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, o, gömrük
fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində yaradıcı rol oynayır.
17.2. İdarəetmə qanunları
İdarəetmə qanunları idarəetmə sistemi elementləri və yarımsistemləri, onda baş verən proseslər və xarici
mühit arasında ümumi, əhəmiyyətli və zəruri əlaqələrin əks etdirir. Onlar obyektivdir və insanların şüurundan və
iradəsindən asılı deyildir. İdarəetmə qanunlarını bilmək idarəetmə sistemlərinin yaradılmasında və onların
fəaliyyətinin təşkil edilməsində idarəetmə qanunlarının tələblərini nəzərə almağa imkan verir.
Onlara aşağıdakılar aiddir:
- idarəetmə sisteminin vahidliyi qanunu;
- mütənasiblik (proporsionallıq) qanunu;
- idarəetmə funksiyalarının mərkəzləşdirilməsinin optimal nisbəti qanunu;
- idarəedən və idarə olunan sistemlərin nisbəti qanunu və s.
İdarəetmə sisteminin vahidliyi qanununun təsiri dövlət idarəetmə sisteminin yuxarı orqanlarından
onun aşağı həlqələrinə qədər idarəetmə münasibətlərinin qırılmaz zəncirində; idarəetmə prosesinin bütün
səviyyələrinin, əməliyyatlarının və mərhələlərinin arasıkəsilməzliyində, ritmikliyində və uzlaşmasında;
insanların qlobal məqsədlərinin və mənafelərinin bütün tərkib hissələri ilə idarəetmənin vahidliyində; idarəetmə
funksiyalarının və və metodlarının vahidliyində; idarəetmə aparatı əməkdaşlarına tələblərin vahidliyində təzahür
edir.
Professional (peşə) fəaliyyətin və idarəetmənin mütənasibliyi (proporsionallığı) qanunu müəyyən
edir ki, idarəetmənin ən mühüm vəzifəsi idarə edən və idarə olunan sistemlərin fəaliyyətinin optimal
proporsionallığını təmin etmək, sistemin tərkib hissələrinin fasiləsiz əlaqəsini təşkil etməkdir. Mütənasiblik
(proporsionallıq) onunla ölçülür ki, sistemin əsas fəaliyyəti - gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti,
digər funksiyaların həyata keçirilməsi idarəetmə ilə nə dərəcədə tam və dəqiq təmin olunur ki, minimal mümkün
məsrəflərlə lazımi effekti (səmərəni) versin.
Mərkəzləşdirmənin optimal nisbəti qanunu elə idarəetmə sisteminin qurulmasını və onun
fəaliyyətinin elə təşkilini nəzərdə tutur ki, bu zaman gömrük orqanlarının hər bir aşağı həlqəsinin mərkəzi
idarəetmə orqanlarına arasıkəsilməz və kifayət qədər sabit tabeliliyi mövcud olsun.
Mərkəzləşdirilmiş idarəetmə sistemin bütün həlqələrinin fəaliyyətini son dərəcə sərt nizamlamaq demək
deyildir. Sistemin hər bir inkişaf mərhələsi üçün özünün optimal mərkəzləşdirilmə səviyyəsi mövcuddur ki,
onunla idarəetmənin mərkəzləşdirilmiş formalarının sistemin inkişaf səviyyəsini ifadə edən real tələbatlara
maksimum uyğunluğu nəzərdə tutulur.
İdarə edən və idarə olunan sistemlərin nisbəti qanununun mahiyyəti idarə edən sistemin idarə
olunanla uyğunluğunun təmin edilməsi tələbindən ibarətdir.
Bu nisbətin dəyişməsi müxtəlif, başlıca olaraq, təşkilati və iqtisadi amillərin təsiri ilə baş verir. Hər
şeydən öncə, idarə edən sistemin inkişaf və fəaliyyət səviyyəsi idarə olunan sistemin əməliyyat-xidmət
fəaliyyəti səviyyəsinə uyğun gəlməlidir.
Qanunlar vasitəsilə idarəetmə nəzəriyyəsinin məzmunu, idarəetmə prosesinin əsas funksiyaları,
metodları və strukturları, eləcə də xüsusiyyətləri üzrə çıxarılır. Buna görə də, sistemli yanaşma idarəetmə
qanunlarının istifadəsində əsasdır. Sistemli yanaşma onların tələblərini sistemli şəkildə ifadə etməyə və bütün
sistemin optimal fəaliyyət və inkişaf variantını müəyyən etməyə imkan verir.
Gömrük orqanlarında idarəetmə həm idarəetmənin obyektiv qanunlarına, həm də onların əsasında
formalaşan vahid prinsiplər sisteminə əsaslanır.
17.3. İdarəetmənin prinsipləri
İdarəetmənin prinsipləri dedikdə idarə edən sistemin əsaslandığı rəhbər ideyalar, qaydalar, əsas
müddəalar və davranış normaları başa düşülür.
İdarəetmə təcrübəsində gömrük orqanları tərəfindən ümumi, xüsusi və təşkilati-texnoloji prinsiplər
tətbiq edilir.
147
İdarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalarıdır və onlar gömrük orqanlarının bütün
sahələrində və yarımsistemlərində fəaliyyət göstərir. Lakin onlar hər bir idarəçilik sistemində spesifikdir. Hətta
idarəetmənin əsas ümumi prinsiplərinin sadalanması (məsələn, sistemlilik, əks əlaqə, informasiyanın kafiliyi,
optimallıq, bərabər tabelik və b.), eləcə də onların gömrük orqanlarında idarəetmə sisteminə dialektik təsiri
bunu təsdiq edir.
Sistemlilik idarəetmənin aparıcı prinsipidir. Gömrük orqanlarının idarə edilməsində sistemlilik sistemin
struktur və funksional vahidliyini təmin edir və təkmilləşdirir.
Gömrük orqanları qarşısında dayanan vəzifələr nə qədər mürəkkəbdirsə, sistemin əks əlaqə prinsipi bir o
qədər böyük əhəmiyyət kəsb edir. İnformasiya idarəetmə subyektinə, sistemə təsir etmək və idarəçilik
qərarlarının icrasını təmin etmək məqsədilə hər bir zaman anında sistemin vəziyyəti haqqında, qoyulmuş
məqsədin əldə edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir.
İnformasiyanın kafiliyi prinsipi o deməkdir ki, gömrük sistemində, o cümlədən idarəçilik sistemində
informasiya həcmlərinin görünməmiş dərəcədə artması şəraitində informasiya proseslərinin intensivləşdirilməsi
olduqca böyük əhəmiyyət kəsb edir.
Qarşıya qoyulmuş məqsədin mümkün olan daha qısa müddətlərdə ən az maddi, maliyyə və əmək
məsrəfləri ilə əldə edilməsi gömrük orqanlarında idarəetmənin optimallığı prinsipinin mahiyyətini təşkil edir.
İdarəetmənin optimallığı gömrük sistemində müxtəlif metodlarla və vasitələrlə təmin edilir. İdarəetmənin digər
ümumi prinsipləri də gömrük sistemində mühüm əhəmiyyət kəsb edir.
Gömrük orqanlarında idarəetmənin xüsusi prinsipləri iki böyük qrupa bölünür: gömrük fəaliyyətinin
iqtisadi, sosial-siyasi və mənəvi sahələrində tətbiq edilən prinsiplər və Azərbaycan Respublikasının iqtisadi
təhlükəsizliyini öz səlahiyyətləri çərçivəsində təmin edən dövlət hüquq mühafizə təşkilatı olaraq gömrük
orqanları sistemində mövcud olan prinsiplər.
İdarəetmənin xüsusi prinsiplərinə aşağıdakılar aid edilir:
- qanunçuluq;
- səmərəli (məntiqəuyğun) mərkəzsizləşdirmə ilə birgə mərkəzləşdirmə;
- fasiləsizlik;
- operativlik;
- çeviklik;
- məsuliyyət;
- varislik;
- son nəticəyə istiqamətlənmə və s.
İdarəetmənin təşkilati-texnoloji prinsipləri gömrük orqanları rəhbərlərinin təşkilati-sərəncamverici və
inzabati-icraedici fəaliyyətinin əsasında dayanır. Onlara aşağıdakı idarəetmə prinsipləri aiddir:
- vahid rəhbərlik;
- konkretlik;
- əməyin bölgüsü, skalyar;
- iyerarxiya (xidməti vəzifələrin tabeçilik qaydasında yerləşdirilməsi);
- sərəncamvermənin vahidliyi və tək rəhbər;
- səlahiyyətlərin ötürülməsi;
- idarəetmə diapozonu və s.
Vahid rəhbərlik (təkbaşınalıq) prinspinin əhəmiyyəti xüsusi olaraq qeyd edilməlidir. Bu prinsip, bir
tərəfdən, idarəetmənin kollegiallığını, digər tərəfdən, isə icraedici funksiyalara görə ciddi fərdi məsuliyyətin
müəyyən edilməsini nəzərdə tutur. Kollegiallıq tapşırılan işə görə hər bir gömrük əməkdaşının məsuliyyətini
istisna etmir, əksinə onun üçün şəxsi məsuliyyət nəzərdə tutur.
Vahid rəhbərlik prinsipi üzrə gömrük orqanları sisteminə DGK-nın Sədri rəhbərlik edir. Gömrük işinə
rəhbərliyin ən mühüm məsələləri DGK kollegiyasının iclaslarında baxılır. Kollegiyanın iclaslarında qəbul
edilən, DGK-nın Sədrinin əmri ilə rəsmiləşdirilən qərarların bütün gömrük orqanları və əməkdaşları tərəfindən
icra edilməsi məcburidir.
DGK-nın tabeliyindəki digər təşkilatların rəhbərləri vahid rəhbərlik (təkbaşçılıq) prinsipi üzrə fəaliyyət
göstərirlər. Gömrükxanaların və gömrük postlarının rəisləri öz idarəçilik fəaliyyətində vahid rəhbərlik prinsipini
həyata keçirirlər.
İdarəetmənin konkretliyi prinsipi situasiyanın konkret təhlilini tələb edir ki, bunun üçün idarəetmə
sistemi haqqında və onun xarici mühiti haqqında keyfiyyətli elmi informasiya lazımdır.
Əməyin bölgüsü prinsipində nəzərdə tutulur ki, idarəetmənin təşkili üzrə bütün fəaliyyət icrası
idarəetmə sisteminin konkret həlqələrinə tapşırılan ən sadə əməliyyatlara ayrılır. Gömrük orqanı idarəetmə
sisteminin hər bir həlqəsinin dəqiq, konkret vəzifəsi olmalıdır.
148
İyerarxiya prinsipi aşağı əməkdaşın və ya bölmənin yuxarıdakına tabe olmalı olduğunu nəzərdə tutur.
İnzibati iyerarxiyanın hər bir əməkdaşı yuxarıdakının qarşısında təkcə özününkü yox, həm də özünün
tabeliyində olan bütün əməkdaşların qərarlarına və hərəkətlərinə görə cavab verir.
Sərəncamvermənin vahidliyi və vahid rəhbər prinsipi müəyyən edir ki, hər bir əməkdaş yalnız bir
rəhbərdən əmr və sərəncamlar alır, çünki bu fəaliyyət birliyinin zəruri şərtidir və heç bir əməkdaş özündən daha
yuxarı birdən artıq rəhbərə məruzə etməməlidir.
Səlahiyyətlərin ötürülməsi (verilməsi) prinsipi nəzərdə tutur ki, rəhbərin fəaliyət sahəsindən vəzifənin
tabe şəxsə verilməsi zamanı onun həlli üçün hüquqlar da verilməli, tabe şəxs isə onlara görə məsuliyyəti öz
üzərinə qəbul etməlidir.
İdarəetmənin dipozonu prinsipi yuxarı vəzifəli şəxsin ciddi müəyyən olunmuş, optimal sayda şəxslərin
fəaliyyətinə görə məsuliyyət daşımalı olduğunu nəzərdə tutur.
17.4. İdarəetmənin funksiyaları
İdarəetmənin funksiyası - həyata keçirilməsi üçün müəyyən idarəçilik işləri (əməliyyatları) tələb
olunan konkret idarəçilik fəaliyyəti növüdür.
Gömrük orqanlarının idarə edilməsində idarəetmə funksiyaları çox mühüm yer tutur, çünki onlar bütün
səviyyələrdə idarəçilik fəaliyyətinin mahiyyətini və məzmununu açıqlayır və idarəetmə sahəsində vəzifələrin
bölgüsünü əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə etmək üçün onların həyata keçirilməsi zamanı müəyyən
növbəlilik və fəaliyyət birliyi tələb edir.
Gömrük orqanları sistemində idarəetmə funksiyalarını təsnif etməklə, onları idarəetmə prosesinin
mərhələlərini əks etdirən ümumi idarəetmə funksiyalarına və gömrük orqanlarının əməliyyat-xidmət
fəaliyyətinin konkret növlərinin spesifik (konkret) idarəetmə funksiyalarına bölmək olar.
İdarəetmənin ümumi funksiyaları idarəetmənin mahiyyətini üzə çıxarır: onlar istənilən obyektin idarə
edilməsi prosesini xarakterizə etdiyinə görə universaldır.
İderəetmənin ümumi funksiyalarının tərkibini müəyyən edərkən onların dialektik vahidliyi, eləcə də
idarə edən və idarə olunan sistemlərin vahidliyi nəzərə alınmalıdır. İdarəetmə funksiyalarının tərkibi idarə
olunan sistemin vəziyyətinin istənilən dəyişmələrini idarə edən sistemin reaksiya göstərməsinin effektivliyini
təmin etməlidir.
İdarəetmənin ümumi funksiyalarına aşağıdakılar aiddir:
1) Əməliyyat-xidmət şəraitinin təhlili və proqnozlaşdırılması;
2) Planlaşdırma;
3) Təşkiletmə;
4) Tənzimetmə;
5) Uçot və nəzarət.
Gömrük əməliyyat-xidməti şəraiti dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və digər şərtlərlə
(faktorlarla) dialektik inkişafda olan, gömrük fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edən qarşılıqlı əlaqəli
elementlər məcmusu nəzərdə tutulur.
Gömrük əməliyyat-xidməti şəraitinin əsas elementləri bunlardır:
- xarici iqtisadi fəaliyyətin (XİF) xidmət edilən iştirakçıları - Azərbaycan və xarici fiziki və hüquqi
şəxsləri, gömrük orqanının fəaliyyət zonasında mal axınının (hərəkətinin) növləri, həcmləri və
istiqamətləri, onların zaman, məkan (yer), nəqliyyat növləri üzrə bölgüsü;
- gömrük qanunvericiliyini qəsdən pozan XİF iştirakçılarının və onların köməkçilərinin;
qaçaqmalçıların və onların köməkçilərinin; gömrük orqanlarına mənfi təsir göstərməyə cəhd edən
gömrükətrafı kriminal strukturların və onların köməkçilərinin olması; gömrük qaydalarının pozulması
və cinayətlərin törədilməsində onların məqsədləri, planları, niyyətləri, vaxtı, yeri, strategiya və taktikası
haqqında məlumatlar;
- gömrük orqanlarının qüvvə və vəsaitləri, onlara həvalə edilmiş funksiyaların və vəzifələrin icra
edilməsində onların imkanları;
- Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təminatının və iqtisadi mənafelərinin
qorunmasının ümumdövlət tədbirləri;
- gömrük orqanlarının fəaliyyət zonsında qaçaqmalçılıqla və gömrük qaydalarının pozulması
üzrə digər hüquq-mühafizə orqanlarının, idarələrin və təşkilatların olması, gömrük orqanları
vəzifələrinin həlli üçün onlardan istifadə imkanları;
- gömrük fəaliyyətinin həyata keçirildiyi mühit.
Planlaşdırma idarəetmənin elə əsas funksiyasıdır ki, onun vasitəsilə gələcək fəaliyyətin təşkilati
başlanğıcı işlənib hazırlanır. Planlaşdırma vasitəsilə sistemin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir,
mövcud problemləri realizə edilməsi vasitəsi olan metodlar işlənib hazırlanır, sistemin inkişaf tempi müəyyən
edilir. İdarəetmə subyekti icraçıların gələcək fəaliyyət planını tutur, planda göstərilən məqsədlərə çatmağın
yollarını, üsullarını, vasitələrini və müddətlərini əsaslandırır.
149
Təşkiletmə dedikdə, idarəetmənin elə əsas funksiyası nəzərdə tutulur ki, onun reallaşdırılması vasitəsilə
planlaşdırma prosesində işlənib hazırlanmış planların yerinə yetirilməsi üçün şərait yaranır. Bu funksiyanın
mahiyyəti qüvvə və vasitə yaradılmasından, icraçılar arasında zəruri əlaqə və münasibətlərin qurulmasından,
onların fəaliyyətinin rasional (səmərəli) forma və metodlarının müəyyənləşdirilməsindən ibarətdir. Bu
funksiyanın reallaşdırılması prosesində idarəetmə subyekti tərəfindən qəbul olunmuş qərarların, o cümlədən
təsdiq edilmiş planların uğurlu həyata keçirilməsi üçün zəruri olan şərait yaradılır.
Tənzimetmə dedikdə idarəetmənin elə əsas funksiyası başa düşülməlidir ki, onun vasitəsilə tabelikdə
olan şəxslərin fəaliyyətinin səmərəliliyi yüksəlir və ya planlşdırma zamanı verilmiş parametrlərdən
kənarçıxmalar aradan qaldırılır. Tənzimetmə əks əlaqənin nəticələri əsasında həyata keçirilir. O, ayrı-ayrı
əməkdaşların və kollektivlərin qarşılıqlı əlaqələrinin saxlanması, əlaqələn-dirilməsi, qüvvələrin (səylərin)
yenidən bölgüsü, eləcə də motivasiyası (əsaslar, sübutlar, səbəblər) və stimullaşdırılması yolu ilə reallaşdırıla
bilər.
Uçot funksiyasının mahiyyətini idarə olunan sistemin cari vəziyyəti haqqında onun hərəkət istiqamətləri
və templəri, əldə edilən nəticələr və dəyişən problemlər haqqında informasiyanın toplanması, sistemləşdirilməsi
və ilkin işlənməsi təşkil edir.
Planların yerinə yetirilməsinin düzgünlüyünü, onların icrasının şərait və nəticələrinin necə olduğunu
müəyyən etmək üçün nəzarət mövcuddur.
Nəzarət idarəetmənin elə əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük orqanlarının
vahid sisteminin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir, bu və ya digər zaman momentində
tabeçilikdə olanların fəaliyyətinin gedişi, şəraiti, vəziyyəti və nəticələri haqqında məlumatlar toplanır.
Qəbul olunmuş qərarların reallaşdırılmasına nəzarət gömrük fəaliyyətinin qoyulmuş vəzifələrə
uyğunluğunun üzə çıxarılmasına, şəraitin dəyişməsindən asılı olaraq əvvəl qəbul edilmiş qərarlara və təsdiq
olunmuş planlara vaxtında zəruri düzəlişlər edilməsinə istiqamətlənir.
Nəzarətin əsas vəzifəsi planlaşdırma zamanı verilmiş parametrlərdən kənaraçıxmaların üzə çıxarılması,
onları doğuran səbəblərin, eləcə də gələcəkdə inkişaf etdirilməsi gömrük orqanının bütün fəaliyyətinin
səmərəliliyini xeyli dərəcədə artırmağa kömək edə biləcək müsbət momentlərin ortaya çıxarılmasıdır.
Dostları ilə paylaş: |